Hərdən darıxıram... Kiminçün?
Niyə?
Bəlkə dünənimdi, bəlkə sabahım?
Məni darıxmağa sövq eləyirsən,
Darıxmaq ən çətin işdi, Allahım.
Hərdən darıxıram... natamam kimi,
Deyirəm, yerinə oturar daşlar.
İçimdə yüzillik müharibələr,
Asilər, üsyanlar, qanlı savaşlar...
Dayanıb dünyanın tən ortasında,
Hərdən darıxıram sükut içində.
Nəyim var, nəyim yox, tək daşıyıram,
Mən tək daşıyıram, sakit, içimdə.
Ürəyin çəkilər olub-keçəndən,
Ürəyin şəklini çək darıxanda.
Hər kəsin dərdi var özünə görə,
Sanma ki, sən təksən, tək darıxanda.
Hərdən
darıxıram, a qara gözlüm,
Bir qullab siqaret, bir udum ömür.
Yüz
il ibadət et, min il elm oxu,
Həyat
öz sirrini demir ki, demir.
Mən nəyin
fikrini çəkirəm axı?
Bu dünya beşgünlük
deyilmi, dostum?
Sənli
xatirələr qurusun
deyə,
Göz yaşımla yudum, kiprikdən asdım.
***
Hər dəfə
yaxınlar çox uzaq olur,
Keçib dayanırsan xəyallarımda.
Sənin
saçlarının qoxusu
cənnət,
Hər gün oynayırsan xəyallarımla.
Səni
unutmağı kəşf edəmmədim,
Dünya
orbitinnən çıxsa
da, varsan.
Səndəmi həsrətə nəğmə
qoşursan?
Səndəmi dərdinə, qəminə
yarsan?
Qara
saçlarını küləklər öpür,
Yağışlar darayır... hansı fəsildi?
Zərif
həqiqətin məğlub
olmağa
Ürkək baxış kimi
çox tələsirdi.
Hardasan,
hayana üz tutum gəlim?
Qibləmi itirən zəvvar
kimiyəm.
Hələ də özümü
tapa bilmirəm,
Sənsizəm, səssizəm, divar
kimiyəm.
Sanki
nağıl idin... sonuncu görüş -
"Qış parkı"...
Suallar önündə nidan.
Bütün nağılların səbəbkarısan,
Saçından asılan sehrli qadın.
Mən
ola bilmədim Məlikməmmədin,
Çıxara bilmədim quyudan
səni.
Sənin
hörüklərin div əllərində,
Bu həsrət kökündən
qurudar səni.
Sən
sevən könlümün talan tərəfi,
Fikrimi əlimdən alan tərəfim...
Sevgi həqiqətin yalan tərəfi -
Şirin
nağıllarla uyudar
səni.
Söz
ölüb gedirsə, səs yox olursa,
Unudar bu dünya, unudar səni.
***
Bilirsən,
ayrılıq nə vaxt başladı,
Mən sözü sevirdim, sənsə özünü.
Sənin
arzuların tamam başqadı,
Mənim
arzularım qışın
uzunu.
Bilirsən,
ayrılıq nə vaxt başladı,
Ağlın ürəyini üstələyəndə.
Həyat
dəyişməyir şah
gedişini
Ki, mən istəyəndə,
sən istəyəndə...
Bilirsən,
bilməmiş olmazsan daha,
Bütün saf hisslərə
arxa çevirdin.
Bəlkə də yuxuydu gördüklərimiz,
Nə mən aşiq idim, nə sən sevirdin.
Mən gəldim,
qısaldı yollar, ləpirlər,
Qayıdıb gələrdin sevsəydin
əyər.
"Sonrakı peşmanlıq fayda gətirməz,
Daldan atılan daş topuğa dəyər".
Bilirsən,
ayrılıq nə vaxt başladı,
İlk gündən... üz-üzə... qəfil...
bir anlıq...
Bu sevgi əbədi yaşasın deyə,
Düşdü aramıza zülmət
qaranlıq.
Sənsiz
günlərimə günəş doğmadı,
Qaytara bilmədik geriyə vaxtı.
Həsrətə əyildi ahıl
ömrümüz,
Bahar gəncliyimiz bizdən uzaqdı.
İndi
xatirələr səni göynədir,
Cəzanı özün kəs,
fərman sənindi.
Burda bir ürək var, dərdi
köhnədi,
Sevginə məzardı, eşq
məskənindi.
Sən
getdin, dağıldı sevgi dünyası,
Payıza
bələndi sevgi yollarım.
Sənə yuva idi isti nəfəsim,
Sənə vətən idi
şeir qollarım.
Mən sənə
yazmıram şeirlərimi,
Adın
çiçəkləyir söz dodağımda.
Bir qıvrımsaçlı qız
qoyub gəlmişəm
Ömrün o tayında, gənclik
çağımda.
O
qıvrımsaçlı qız nağıla döndü,
Yollar gedənindi, gələn gedərmiş.
Qıvrım saçlarından əsər
qaldımı,
İndi anladınmı ömür
hədərmiş?
Mən sənlə
doğuldum, sənlə yaşadım,
Üç günmü, beş
günmü, nədirsə, odur.
Sənsizlik bürüyüb bütün
dünyamı,
Bütün şeirlərim sənsizlik
dadır.
İndi
bir arzudur səninlə olmaq,
Yolları geriyə kim qaytaracaq?
Bütün əzablardan xilas
olmağın,
Sadə
bir yolu var: UNUTMAQ,
ancaq!
Mən
uzun yazmazdım şeirlərimi,
Sən olan misralar tükənmək
bilmir.
Bizim sevgimizi dəfn eləyiblər,
Onu da bilirəm, ölən
dirilmir.
***
Kimsə
kimsədən üstün deyildir,
Çoban da birdir, sultan da birdir.
Birgədir Onun adı eşq ilə,
Bu can da birdir, bu tən də birdir.
Qoca
dünyadı, ixtiyarlanıb,
Səsi
karlaşıb, sözü
korlanıb...
Alan aldanıb, satan varlanıb,
Alan da birdir, satan da birdir.
Mələk
solunda, fələk sağında,
Tikanlar bitir sevgi bağında.
Papaq altında, fil qulağında,
Oyaq da birdir, yatan da birdir.
Ömür
şərbətin içən də insan,
Sirat körpüsün keçən
də insan...
Öz qismətindən qaçan
da insan,
Uduzan da
bir, udan da birdir.
Sevgidən
sözə axan işıqla,
Səmadan Yerə yağan
işıqla,
Şəfəq yerindən doğan
işıqla,
Qürub
yerində batan da
birdir.
***
Gedirsənsə,
sözüm yox,
Ruhumu dondur və get.
Zülmət elə dünyanı,
Günəşi söndür və
get.
Ayrıl
təndən can kimi,
Ən doğru yalan kimi.
Ardınca ilan kimi
Məni
süründür və
get.
Bu
eşq, bu əl, bu ətək,
Havasına oyna tək.
Sal əlindən aynatək,
Könlümü sındır və
get.
Kəs
sözün kələyini,
Tut arzu-diləyini.
Bu eşqin mələyini
Göylərdən endir və get.
Geyin sevgi
tacını,
Get, axtar əlacını.
İçimdəki acını,
Ağrını dindir və get.
Dünya
səssiz bir oda -
O da sənsiz dünyada.
Gedirsənsə, əlvida,
Yol gedənindir... Və get...
Bu sevgi
düşməz ələ,
Yarım
qalmışıq hələ.
Qayıtmaqla müjdələ,
Məni
sevindir və get.
***
Batan
Günəş kimi, doğan Ay kimi,
Çəkib aparırsan bütün
yolları.
Yolçusu olmuşam hər
səhər-axşam
Bu asan yolların, çətin yolların.
Canım əllərində,
bir div misalı,
Ürəyim döyünür daş
qəfəsində.
Min ilin yükü var,
iztirabı var
Həlim
baxışında, həzin
səsində.
Mən səni
hələ də oxuyammıram,
Daş üstə yazılan qara baxt kimi.
Eşqini
başıma tac eyləmişəm,
Könlümə qurmuşam qızıl
taxt kimi.
Ağ
atlı oğlanın ola bilmədim,
Tilsimi qırılmır nağılların
da.
Acı xatirələr, şirin xəyallar
Uyuyur çəkdiyin ağrılarında.
Ümidə
bələnər yolların sonu,
Hüzura
qərq olar qaranlıq oda.
Bir quru ad qalar,
bir də məhəbbət
Bu fani dünyada, yalan dünyada.
Kimsəyə
açmadım könül qapımı,
Sənə əllərimi uzatdığımtək...
Varlığın sonuncu ümidim
olsun,
Daha yoxluğunla barışam
gərək.
Batan
Günəş kimi, doğan Ay kimi,
Çəkib aparmısan bütün
yolları.
"Tanrıya ucalan minarə kimi,
Ardınca uzalı qalıb
qollarım".
***
Səndən
sonra çiçəklərin ətri yox,
Səndən sonra həyat qəmli kitabdı.
Ümidlərim çiliklənib güzgütək,
Xəyallarla yaşamağım əzabdı.
Səndən
sonra nə mənası rənglərin?!
Şeirdi
də, yazıram, baş qatıram.
Səndən sonra söykənəcək
kimsə yox,
Xatirələr dənizində batıram.
Bu sevgidə
kim ağıllı, kim dəli,
İllər aldı, qalmadı
ki, bir dəlil.
Nə fərqi var, hansı
aydı, hansı il?
Səndən sonra günü-günə
satıram.
Gizli-gizli
görüşlərin xatirə,
Baxışların, gülüşlərin
xatirə.
Gedişlərin, gəlişlərin xatirə,
Xatirələr qucağında yatıram.
***
Fərz
edək, mən səni sevmirəm daha,
Fərz
edək, hələ də qarşılaşmadıq.
Həsrətə, hicrana, kədərə,
aha -
Ayrılıq adında hər
sözə yadıq.
Fərz
edək, bilmirik ayrılıq nədir,
Fərz
edək, sən ayrı, mən ayrı kəsəm.
Eşqin
mərhəmətdir, qəmin
fitnədir -
Fikrimi dərdinə kölə bilməsəm...
Bəlkə
qanamazdı qara saçların,
Bu qanlı əllərim kama çatsaydı.
Ruhuma süzülən lal baxışların
Hələ deyilməyən söz
yaratsaydı.
İsbata
ehtiyac qalmazdı daha,
Sevgisiz bu dünya boşdu,
fərz edək.
Sevgiyə daş heykəl
qoyanlar bilər -
Sevməyən ürəklər daşdı,
fərz edək.
***
Yüklənir
söz üstə, hopur səs üstə
Sənin
tənhalığın, mənim
təkliyim.
Ah kimi doğulur hər nəfəs üstə
Sənin
tənhalığın, mənim
təkliyim.
Sözlərə
çəkirik qəmin ömrünü,
Toplayıb çıxırıq cəmin ömrünü.
Yaşadır bizlərə kimin
ömrünü,
Sənin
tənhalığın, mənim
təkliyim?!
Mən
ki, şükr edənəm yaxşı, pis günə,
Asi olmadım ki, dərdin
üstünə.
Məni
məftun edib sənin hüsnünə,
Sənin
tənhalığın, mənim
təkliyim.
Vətənsiz
qalmışıq vətənimizdə,
Biz qərib ruhlarıq bədənimizdə.
Yaşayır bu canda, bu tənimizdə
Sənin
tənhalığın, mənim
təkliyim.
Bəlkə
xilas edər möcüzə bizi,
Çıxarar yoxuşdan bir düzə bizi.
Sonradan gətirdi üz-üzə
bizi
Sənin
tənhalığın, mənim
təkliyim.
Bu
yağan yağışlar yağmadan əvvəl,
Bu yollar çay kimi axmadan əvvəl,
Bizi dost
eylədi, doğmadan əvvəl
Sənin
tənhalığın, mənim
təkliyim.
Həyat
yanımızda, amma uzaqdır,
Bir üzü qaradır, bir üzü
ağdır.
Bəlkə də ölçüdür,
nizamdır, haqdır,
Sənin
tənhalığın, mənim
təkliyim.
Faiq
HÜSEYNBƏYLİ
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.13.