Canım Vətən,
səninlə
düz-əməlli kəlmə kəsməmişik
indiyətən,
kəssək, soruşardım:
yenəmi
Arazla suvarılır
ədəbiyyat zəmin,
niyə
süngülərin
yalın
ayaqla qalxdığı
Ruh yüksəkliyinə
hazır
maşınla çıxa
bilmir
heç
kəsin qələmi?!
Canım
Vətən,
adamların başına darısı,
bircə
bitkilər bilir fanidi həyat
diriykən torpağa basdırır
yarısın...
Canım
Vətən,
elə bilmə, görmədim,
şəhid evində
(bayraqdan başqa!)
hər şey köhnədi...
Canım
Vətən,
and olsun ikinizin canına,
burdan başqa heç harda yoxdu
göz dəyməsin deyə
şikəst balasının
başına duz çevirən
ana...
Səni
necə qurmuşuq,
canım
Vətən:
bir vətən daş altdan,
bir vətən daş üstdən!..
Hərdən aramız dəyir,
"niyə"sini indi deyirəm:
sən
vətənpərvər şeir istəyirsən,
mən
şeirpərvər vətən istəyirəm,
canım
Vətən...
Qulu
Ağsəs
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.15.