Gələcəyin poeziyası
Ədəbiyyatın, incəsənətin
başqa növlərindən
fərqli olaraq poeziya öz stabilliyi, "yerində saymağı" ilə seçilir. Ədəbiyyatda
"izm"lər, "modernizm"lər
artsa da, bu gün də şeir yazmaq üçün əsas şərtlər: dil materialı - lüğət,
poetik mətnin qanunlarını bilmək,
qafiyə tutmaq... yetərli olaraq qalır. Bu ifadəyə
"qanad" versək,
dünyaca məşhur
ədəbiyyat şedevrləri
vur-tut, lüğətdən
səliqə ilə istifadə etmək bacarığıdır. Qulu
müəllim haqqında
yazmazdan əvvəl müəllifin yazı tövrü haqqında çox düşündüm.
Tanrı fərqli barmaq izlərindən başqa, bəndələrini
daha nə iləsə, nələrləsə
ayırır. Fərqli
də mükafatlandırır;
birini az, birini çox. Hərəyə bir qabiliyyət, bir istedad verir. Qulu Ağsəs barədə deyə bilərik ki, ona verilən pay nüsxədir,
eksklüzivdir. Bir də
görürsən, tərifli
bir qələm adamının tərifli əsərini oxuyursan, bitirəndən sonra oxumağa sərf etdiyin vaxtı müəllifdən geri tələb etmək istəyirsən. Əsərin
verdiyi, daha doğrusu, vermədiyi təəssürat qəlbində
belə bir iddia qaldırır. Q.Ağsəs tapdanmış yolla getmir, öz cığırını açır.
"Ədəbiyyat öz
yolu olanların yaradıcılığıdı, səsə yığışanların
deyil". Buna görə
də onu oxuyanda dayana bilmirsən, cığır
özü səni çəkib aparır...
Qulu Ağsəs Aqil Abbas haqqında
"janrını tapmaq
müşkül məsələdi"
deyir. Bəs özünün? Onun lirikasını janr xüsusiyyətlərinə görə
yapon poeziyasının analoqu
da hesab etmək olar. İki misralıq haykuda vacib şərt kimi 17 heca olur.
Aşağı-yuxarı, təxminən
belə:
Günəş meşənin üstündən
çəkdi
duman-pərdəni
öz şöləsiylə,
Quşlar
səhnəyə çıxdı
yarpaqların
alqış səsiylə...
Q.Ağsəs
Sevgiyə öz münasibəti
var, eşqi ən ali mərtəbə saydığı həqiqətdən
də üstün tutur: "Həqiqətə
aşağıdan yuxarı
qalxırsan, Eşqə
isə düşürsən
- Göydən"... İndi gəl, bunu təhlil elə!.. Q.Ağsəsin
poeziyası düşüncələrimizin
əhatəsini genişləndirir,
bilmədiyimiz nəsnələrə
açar salır.
Adi danışıq dili ilə poeziya dili arasında "münasibət" o qədər
də bəsit deyil. Söhbət əsnasında bir nəfər başqa biri haqqında "onun sözünü üç eləmə"
demişdi. Yəni, iki yox, üç...
Daha bir şans. Bu mənə çox maraqlı gəlmiş, fəlsəfəsinə
dalmışdım. Q.Ağsəsdə həm
fəlsəfə, həm
rəqəm oyunu var, onun üçün "sevgi bir adamlıqdı",
sevgidə üçüncü
yox, ikinci artıqdı. Türkiyəli
yazıçı İskəndər
Pala bu nəticəyə
belə qüvvət verir: "Eşq əslində ikinin bir olmasıdır, təktərəfli münasibətə
əsaslanır".
Nə olar, ayırmasın de, ikimizdən məni!
Getdin?.. sənə yaxşı yol, gəlməsən, gözlə
məni.
"Modernistlər" eksperimentlərə
nə qədər açıq olsalar da, ədəbiyyat həyatın
inikası olaraq qalır.
Q.Ağsəs şeirlərində
söz adamından çox, fikir adamı kimi çıxış edir.
Onun poeziyası fəlsəfə ilə yaxın "əqrəba"
deyil, iç-içədir.
"Cin atında gəzir", sözün
əyalətində deyil,
mərkəzində yaşayır,
onun fəlsəfəsində
dünyanın ovqatı
mötərizənin açılıb-bağlanması
arasında dəyişir,
"nökərin göz
yaşı üzündən
yox, kürəyinin arasından axır". Q.Ağsəsi oxuyanda "ayaqqabının
ütülü" olmağına
da inanırsan, fikirləşirsən
də ki, dəmdə
elə "şeir qazanı" olar... Məntiqində doqmaya söykənmir, onun üçün xırda şeylər daha böyükdür. 44 günü
30 ildən, 23 saatı
44 gündən böyük
sayır.
Dilin mücadiləsini aparır.
Ucuz "dilpərvər"liyə
qaçmır. Dili şərəfyab
edərək yazır.
Şeirlərini "dilin
qırağında" yox,
"dilin üstündə,
qatında" yazır...
Onun şeirlərində
(alt, üst, yan) məna o qədər çoxdur ki, hərəsi
bir tərəfə qaçır. Necə ki,
"bir şeir, yalnız o şeirə girən sözcüklər
deyil, bir də girməyən sözcüklərdən meydana
gəlir". Q.Ağsəsin dili obrazlı metaforalarla, idiomlarla, antiteza və simvollarla, fəlsəfi ümumiləşdirmələrlə
zəngindir. Təəccüb
də edirsən ki, bu qədər poetik bənzətməni necə tapır şair görəsən?
"Ulduzlar yanmır
ha... his eləyirlər"... Yaxud:
Allahın üstünə qaçanların
nidası,
Ovucda partlayan fişəngin əl vidası...
***
Ustanın əl işi - şəyirddi,
Davadan gələn xəbər -
şəhiddi.
"Millətin əlində-ovcunda
olan ən böyük dəyərlərdən
biri onun dilidir", - deyir. "Azərbaycanın dili həm də, Azərbaycan dilinə görə uzundur. Eyni zamanda... Azərbaycanın dili bu gün, həm
də, məhz onun dilinə görə qısalmağa
başlayıb" peşmançılıqla
dolu kəskin qənaəti də Q.Ağsəsə məxsusdur. Düşünürəm
ki, dilimizin vəziyyətini
bundan təsirli izah etmək olmazdı. Fikrin əvvəli necə qanadlandırırsa, ikinci
hissəsi təəssüf
doğurur, silkələyir,
sındırır, bizi
özümüzə tanıdır.
Dil millətin güzgüsüdür. Bu gün
həmin güzgüdən
başqalarının deyil,
elə özümüzün
sıxışdırdığımız,
yad sözlərlə korladığımız,
kütləvi informasiya
vasitələri tərəfindən
normaları pozulan, ləhcələşən dilimiz
bizə dil göstərir. Şair bundan narahatdır, lakin ruhdan da düşmür, dilin keşiyində durarıqsa,
hədəfə doğru-düzgün
gedəriksə, dilimizin
də bizə qucaq açacağına inanır...
Onun poeziyası xoş xasiyyətli, xoş məramlıdir (Söz sahibinə aid olur). Yeni gündən, açılan
sabahdan poeziyada çox deyilib, çox danışılıb.
Şəninə çox
bənzətmələr edilib.
Lakin səhərə "doğan
günəşin körpəsi"
deyən olmayıb, deyəsən...
"Güzgü qabağında
ağlayar gözəllik"...
Bundan dəqiq və kədərli necə ifadə etmək olar ölən gözəlliyi
görəsən? Gözəl
qadın iki dəfə ölür... Birinci dəfə gözəlliyi əlindən
çıxanda... "Gecələr
sürətini azaldar dünya", - deyir. Yəni yorulur. O da dincəlmək istəyir.
Mən belə yozdum... Peyğəmbərlikdən sonra
ən yüksək mərtəbə şəhidlik
sayılsa da, "öncə
vətən, sonra vətən" olsa da,
"hər gözünü
sıxanda şəhid
anası əri dişini sıxar", - deyir. Qədərin kədəri... Acının
rəsmən rəsmi.
"Qayğılar basdı
başımdan özümü
güclə atdım
zaman-maşından"... Şairin
düşüncələri, xəyalları özü
zaman maşınında dolaşır.
Gözlərini yum və
özünü burax onun ixtiyarına...
Q.Ağsəs yaradıcılığı
çox "kalibrli"dir;
hər mənada. Həm janr, həm də mövzu baxımından. Qələmi ədəbiyyatın
bütün əbədi
və "şah mövzularında" yazıb.
Vətən? Bu mövzulu
şeirlərin böyük
hissəsi həsrət,
nisgil, əlacsızlıq,
məğlubiyyət doludur.
Oxucuda ağır qüssə, səssiz hüzn buraxır. Birdən Q.Ağsəs
poeziyasının üstünə
gün doğur... "Ağ alınlı qızılı atların
vətəni" deyib
Ağdama Dədə Qorqud tərifi ucaldır. Azad olan günündə "sevincdən
ağlımız çaşıb
yüz min dəliynən
gəlirik" deyib fərdi konstitusiyasına uyuşmayan Koroğlu nərəsi çəkir.
Onun şeirlərini nəql etmək istəyirsən... Q.Ağsəsi oxuyanda
heç vaxt görmədiyim Ağdamı
görürəm. İndi viranəlikdən
dirçəlməyə başlayan,
xəcalətdən təzə-təzə
başını qaldıran
Ağdamı yox, tariximizə şahidlik edən memarlıq abidələri ilə zəngin, cənnətin bir payı, "yaxşı kişiləri,
yaxşı qadınları"
olan, "dünyanın
ən varlı şəhəri" Ağdamı.
Hissi-assosiativ, realist-romantik,
emosional təsvirlərlə...
"Özün dağ
başına qoyan şəhərin ayağın
xan kəndi yuyurdu". Bu misra necə ləzzət edirdi Şuşanı qaytarandan sonra. Ayaq yuyanlara yuxarıdan aşağı
baxanda. Şuşa əsirlikdə, biz də yaddaşımızın əsiri
olanda şair yazırdı: "Şuşa
tezliklə azad olacaq! Yaddaşların məngənəsindən"... Şuşanın qayıdışına
da şeirlə gözaydınlığı
verir: "Enək
İsa bulağına - təmizləyək
nisgilin, 28 bəlaya gəlmiş ilin". Ayrılanda da şeirlə
vidalaşmışdı: "Dağın dizləri əsdi bir may səhəri"; elə hamımızın.
Xanəndə Səxavət Məmmədova
həsr etdiyi şeir onun haqq dünyasına qovuşduğu günü
yadıma saldı.
1991-ci il payızın əvvəlləri
idi. "Azdrama" ilə üzbəüz səkidə yerləşən,
elə "Gözəllik"
adlanan gözəllik salonunda oturub növbəmi gözləyirdim.
Bir də gördüm,
salonda aləm bir-birinə dəydi, ağlaşma başladı:
"Səxavət ölüb"
dedilər... Mən onda Səxavəti tanımırdım. Bir neçə
dəfə olub ki, publik bir adamı
dünyasını dəyişəndən
sonra tanımışam.
Olur da... bir də görürsən, hamının bildiyi şeyi sən qaçırırsan. Bu hadisə
mənə çox təsir elədi. Sonra maraqlandım, axtardım, tanış oldum, dinlədim, baxdım və... heyrətləndim.
Q.Ağsəsin "Səxavətin şeiri"
həmin günün kədərli təfərrüatını,
təəssüfünü xatırlatdı...
Ona çox dedilər: - Özündən muğayat
ol!
Adamlar dil tökdü, ağaclar yarpaq,
Uzağa
getməsin deyə, yollar toz basdı.
Heç
kəsə qulaq asmadı,
özündən
muğayat olmadı,
Özündən muğamat oldu...
Q.Ağsəs kalamburlarında
omofonlardan məharətlə
istifadə edir və bu onda
gözəl alınır:
"Gecə Ona, gündüz
Ona, saat Ona işləyir!"
Q.Ağsəs nəsrdə
də üslubunu saxlayır, nəinki rənglərlə, "mimikalar"la,
leksik təkrarlarla, ironiya, sözaltı ilə də spontan improvizələr edir. "Bunu da Nəzakət xatirinə yazıram. Etika yox ha, Teymurova..." Söz oyunu, həm də fikir oyunu
kimi effektli ədəbi priyomlar həm poetik nitqi gözəlləşdirir,
ona yumor qatıb oxucunu əyləndirir, həm də paralel olaraq diqqəti ikinci mənaya yönəldir. Bu da, müəllifin
yaradıcılıq azadlığı,
iti ağlı, hazırcavablığından xəbər
verir. Sözünü
deyir, kimsəni yaralamadan... "Sözün
əllərini ocağa
tutub isidir. Sözün əllərinə
dağ basmır".
Yazmağın digər adı
onun üçün aclıq olsa da, çox yazmaqdan çəkinir, özünü
kəmiyyətdən qoruyur,
çünki sözünə
qiymət verir, məsuliyyətini anlayır,
"mayeyi-cövhərini" bilir. Onun sözünün
avtoriteti var.
Qulu müəllim komplekslərdən
azad bir insandı. Bir də görürsən, adam müəyyən adətindənmi,
fərqli davranışındanmı
deyim, utanır, çəkinir, gizlədir,
"amandır, kimsə
görməsin, duymasın"...
Q.Ağsəs isə açıq-aşkar
deyir ki, "psixoloqlar
iddia edir ki, özü ilə danışan adamların başı xarabdı. Mənsə, deyirəm ki,
elə o psixoloqların
özlərinin başı
işləmir". Bu, ilk növbədə,
şəxsin özünə
inam və sevgisindən, özünü
gözümçıxdıya salmamaq xüsusiyyətindən
qaynaqlanır. Öz-özünə
oxumaq, oynamaq olar, danışmaq olmaz? Əlbəttə ki,
insanın ən yaxşı həmsöhbəti
onun özü olmalıdır. İllah
da kı, bu insan yaradıcıdırsa...
Deyir, "özü-özü
ilə danışan adamdan heç kimə ziyan gəlməz". Bu, fərdin
daxili səsidi. Monoloq da deyil, daha çox dialoqdur, insanın öz-özüylə söhbəti,
səsli hesabatı, motivasiyasıdır. Adamın
həmişə onu tanıyan, başa düşən, tərəfini
tutan birinə ehtiyacı olur, bu adam da nəticə
etibarilə elə özümüz oluruq.
Yeni nəsil ədəbiyyatının
nümayəndəsi dünya
ədəbiyyatı anlayışını
da qəbul etmir...
"Ədəbiyyat dünyasında
olmaq istəyir",
"dünya ədəbiyyatında
yox..." Bu gün dünya ədəbiyyatında
tanınmağı ədəbi
başarı yox, siyasət, reklam, öhdəlik hesab edir.
Ona "tək"lərin şairi
deyirlər. Bu fikirlə
razı deyiləm. Bu qədər sevilən, oxunan, özünün auditoriyası olan şair niyə təklərin olsun ki? O başqa söhbət ki, bugünkü modern poeziyamızda
tək fiqurdu. O, ənənəvi klassikadan,
poetik ölçü
və formalardan modern şeirin xeyrinə imtina edir. Türk
mətbuatında oxuyuruq:
"Q.Ağses edebi alanda geleneksel
olmayan örnekler yaratır". Janr strukturunun genişliyi, analitik düşüncə,
mövzuya fəlsəfi
yanaşma onun yaradıcılığını fərqləndirən cəhətlərdir.
Onun şeirləri sadədir, lakonikdir, zövqlüdür, qeyri-adiliyin
adiliyidir. Hər şeiri yeni nəfəsdi,
səsdi, yerişdi. Obrazdı, roldu, ahəngdi, novelladı. Onun şeirlərində bir epik intonasiya
var. Q.Ağsəs
"ümidsiz" bir
novatordur, reformatordur. Tək fikir yeniliyi gətirmir, fikri tam yeni bir formada, öz bildiyi kimi, heç
kəsin demədiyi kimi ifadə edir. Hər nəsnəyə öz münasibəti var. "Mədəniyyət
sözünün bir mənası da "şəhər
salmaq"dı". Şəhərlər
onun nəzərində
bir institutdur, "ali məktəb, ali mətləbdi". Əlbəttə ki, bu hərfi mənada da belədi. Ərəb ölkələrində hər
şəhərin öz
"Mədinə"si var. Və bu Mədinə
həm ustalar şəhəridir, həm
sərgidir, yerli kulinar nümunələrinin
satışıdır, gəzinti
yeridir, ölkənin üzüdür, onunla tanışlıqdır. Xoşbəxtlik
haqqında düşüncələri
də "qəddar"dı,
"xoşbəxtlik kölələrin
nemətidi" - fikri
də onundu.
Onun poeziyasının əsas cəhəti müasirliyidir.
Modernist-şair kimi ətrafda olanlara, baş verənlərə,
gündəmə reaksiyası
gecikmir. "Covid-19", zəlzələ
kimi böyük savaşlardan da yan keçmir Qulu müəllim. 2023-cü ilin
fevralında yazırdı:
"Türkiyədəki dəhşətli
zəlzələ bəşəriyyətin
qapısından bir
elan asdı: özünüzü
bu evdə adam kimi aparın,
əziz kirayənişinlər!"
Qlobal məsələlərlə
yanaşı gündəmimizə
də diqqət edir, insan, cəmiyyət
problemlərinə öz
prizmasından baxır.
İndilərdə çox
aktual olan efir, müğənni mövzusuna özünün
baxışı var. "Oxuyanın
işinin adı Səsi çəkib bizə göstərməkdi"...
"Paltar-maşın-ev gördüsü"nə
çıxmaq deyil.
Q.Ağsəsin unikallığı
nədədir? O, həyatda
da, şeirlərində də,
özüdür. Necə
varsa. Düzgün, gözü-könlü tox, sadə,
səmimi, həssas, zarafatcıl. Ədəbi kimliyi də şəxsiyyətinin güzgüsüdür.
Parlaq, özünəməxsus,
dalğın, çərçivələrdən
uzaq. Allaha inanır, "Ona necə inanmamaq olar?" Verdiklərinə qanedir,
"olmayana da niyə
yoxdur?" demir. İnsan olanına şaddırsa, ondan varlı adam yoxdur.
Yumor - onun təkrarsız üslubunun ayrılmaz parçasıdır. Onun
arxasında satira da gizlənə bilir, ironiya da, fəlsəfə
də. Yumor da intellekt hadisəsidir, bu iki fenomen
bir-biri ilə bağlı məsələdir.
"Tənbəllərə hörmət eləyin, onlar yaltaqlanmağa da ərinirlər", - deyir
Q.Ağsəs. Yumorludu Qulu müəllim. Qədərində,
nazik. (Onda heç nə qədəri, ölçünü
aşmır). Amma təhkiyəçi
ciddiyyətini də qoruyur. Lətifə danışan özü gülməyəndə, müdaxilə
etməyəndə effekti
ikiqat artır. "Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim,
nə kitablarım..."
Hələ Siseron deyirdi: "Nitqini yumorla canlandır".
"Azərbaycan qadını"nda
işləyəndə jurnalın
adından müsahibə
verməkdən imtina edir. "Necə verim? Deyim, "Azərbaycan qadını"nın
əməkdaşı Qulu
Ağsəs? Belə şey olar?.." Belə səmimiyyət oxucuya təbəssüm qondurmaqla
yanaşı, müəlliflə
istiliyi artırır.
Qulu müəllim bu il Akademiyanın qarşısında keçirilən
ənənəvi kitab festivalında
çıxışı ilə
tədbirə bir şuxluq qatdı, bütün parkdakıları,
hətta yol keçənləri də
öz zərif, intellektual yumoruna bürüdü.
Q.Ağsəsin fəlsəfi-psixoloji
şeirlərində bir
İ.Brodski ruhu duyulur. Modernist Q.Ağsəsi
"nobelçi" Brodski
ilə zaman, janr müxtəlifliyi, üslub
ayırır. Amma ədəbiyyatın
da, yaradıcılığın da qiyməti, əhəmiyyəti
məhz bundadır, klassikadan, neoklassikadan bəhrələnməkdə, ruh
yaxınlığında, xəyal
gücündə... Və
əbəs yerə demirlər ki, müasirlik yenilənmiş köhnəlikdir,
həmişə retro dadı
verir. Pandemiyanın məcburi izolyasiyasında
Q.Ağsəs "evdəqal"mağa belə
çağırırdı:
Əgər doğrudan sevirsənsə,
şərtim budur:
Çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Çölə çıxma! Telefona
baxma! Darıxma!
İosif
Aleksandroviç 1970-ci ildə
yazırdı:
Aha, çıxma otağından,
çağırma sən
taksi də...
Gic olma! Ol, başqaları
ola bilmədiyitək.
Dön divar kağızına, qapan, barrikadalan,
xronosdan,
erosdan və virusdan daldalan.
Bəzən də Çexovvari
deyir: "Asacam özümü! - şərt
cümləsinin budağından..."
Çexovda belə ifadələrə çox
rast gəlinir, məsələn, fikri cəmləmək istəyəndə
deyirdi: "qulaqlarınızı
diqqətin mıxından
asın"... "Yaşamaq
səni sevmək kimi ciddi bir
işdi", - deyirdi
Nazim Hikmət. "Səni
sevməkdən də
vacib işlərim var
əlimdə, amma yenə səni sevirəm", - deyir Qulu Ağsəs. Klassik ədəbiyyat yenilənməkdən, yeni boyalarla
gəncləşməkdən "yorulmur"...
Onun yaradıcılığı çoxşaxəli,
çoxsəslidir. Bir də
publisist, esseçi Q.Ağsəs var. Qulu müəllimin şairliyi fonunda publisistikası axsamır.
Onun esseləri də, şeirləri kimi ürək döyüntüsü ilə
oxunur və ədəbiyyat elmimizi zənginləşdirir. Bu janrlarda
da Qulu Ağsəs aksenti seçilir və tanınır. "Görsən üşüyürsən,
yandır özünü..."
essesi hardasa avtobioqrafikdir. Həyatının
qısa kəsimi. Şair doğulduğu kənd haqqında məlumat verir. Bu elə bir yerdi
ki, "adamlar Günəşi
yandırıb işə
çıxır, söndürüb
yatırdılar". Əlbəttə,
şair elə belə yerdə doğulmalıydı, başqa
sözlə, belə yerdə doğulanın şair olmaması təəccüblü olardı.
Sonra gəlir uşaqlıq,
"nənələrə il uzunu şalvar dalı yamadan Sürüşəkdaş!!" - kənd peyzajı, şeirlə tanışlıq,
ədəbiyyat, varlıq,
yoxluq, Tanrı, həyat haqqında şairin düşüncələridir.
"Nabran novellası" kitabında biz onu nasir və dramaturq
kimi görürük.
Bu daha iki-üç misralıq şeirlər yazan Qulu Ağsəs
deyil. Novella, hekayə,
pyes müəllifi Ağsəs Quludu. Qulu müəllim burada da böyük formatdan uzaq durur, əsərlərini yükləmir, içini sözlə doldurmur. Minimalizm onun üslubunun əsas xüsusiyyətlərindəndir. Kitabın içindəkilər
4-5 səhifəni keçmir.
"Mənim anam"
səhifə yarım,
kitabın adı -
"Nabran novellası"
iki səhifə yarımdır. Poetik ad verdiyi "Qədir gecəsi"ni Qədir Rüstəmova həsr edib. Yerlisi və dostu Rəmiş haqqında da yazıb,
"Rəmişin bir
nəşəsi var idi,
o da gitarası..." "Nabrannamə"
isə Nabranın
"pasportu"dur.
Q.Ağsəsin şeirləri
sərhədi də adlayıb, rus, özbək, gürcü,
ukrayn və polyaklar, təbii ki, türklər də, onu öz dillərində
oxuyurlar. Qulu müəllim öz şeirlərini də gözəl səsləndirir,
gözəl oxuyur. Alışdığımız şair ədası (pafoslu, kürsünü titrədən) ilə yox, şeirlərinə uyğun sakit, ruha su səpən
titrək səslə,
bəzən bəmdən,
həm də başa salıb öyrədə-öyrədə. Məhz oxuyur. Sanki səsi musiqi olub sözləri müşayiət edir.
O vaxt şair olurlar ki, başqa cür bacarmırlar, mümkün olmur. Şairin özünün dediyi kimi, "yazmaq yaşamağın başqa bir əlamətidir". Qələmlə ikilikdə. Belə də davam...
Dilarə Adilgil
Ədəbiyyat
qəzeti.- 2024.- 20 dekabr, ¹50.- S.14-15.