"Əli və
Nino" əsərindən XXI əsrə baxış
Adətən hər hansı bir əsərdən danışanda önündə əsərin müəllifini qeyd edirlər. Mən sadəcə, "Əli və Nino" yazdım. Buna görə məni, yəqin qınamazlar. Müəllifinin ətrafında çox dolaşdığımızdan sanki təhlilinə tam vara bilməmişik.
"Əli və Nino" əsəri Azərbaycan ədəbiyyatının ən məşhur nümunələrindən biri olaraq, milli-mədəni dəyərlərimizi, Şərq və Qərb mədəniyyətlərinin qarşılaşmasını və fərqliliklərin harmoniyasını gözəl şəkildə əks etdirir. Ən əsası isə, Cənubi Qafqazın ictimai-siyasi proseslərini təqdim edir. Bu əsər təkcə tarixi bir sevgi romanı deyil, həm də çoxqatlı mənalarla dolu ictimai və fəlsəfi bir manifestdir. Müasir dövrümüzdə Əli xan və Nino vasitəsilə cəmiyyətimizin dəyərləri və qloballaşma fonunda bu dəyərlərin qorunması barədə düşünmək mümkündür. Azərbaycan tarixini, mədəniyyətini, siyasətini özündə daşıyan roman ictimai-siyasi bir əsər kimi bu günün də tarixi-siyasi proseslərini ehtiva edir.
Kitabın
yetim qalan uşaq kimi qəribə bir taleyi var. O dövrün
acı hökmünü sanki bu kitab da yaşayıb.
Hüseyn Cavidin "Telli saz"ı kimi, M.Ş.Vazehin
"Şərqilər"i, Almas İldırımın
şeirləri kimi. Mühacirət taleyindən də
keçib; ölkələr gəzib. Dünyanı fəth
edib və bestseller zirvəsinə yüksələrək qəhrəman
kimi öz ölkəsinə qayıdıb. Tarixi
yaddaşı özü ilə qaytarıb. O əsərdən
bu günümüzə baxdıqda, güzgü effekti
görürsən. Sanki o güzgüdən sənə baxan
tarix elə səni bir əsr sonra müasir bir donda əks
etdirir. Bəzən "tarix təkrarlanır" deyirlər.
Əslində tarix təkrarlanırmı? Bəlkə, insan
itirib təzədən qayıtmaq istədiyi
yaddaşının təkrarını yaşayır?! Bəlkə
də, insan yaddaşının inikasıdır bu. Beləcə
əsərin karvan izi ilə bir əsr o taya qayıdıb ədəbi
qəhrəmanlar, tarixi hadisələr ilə bu günə
baxırsan.
"Əli
və Nino" əsəri XX əsr tarixinin bir şəxsiyyət
prizmasından incələnməsidir. Əsər bizi XX əsrin
tarixi hadisələrınin içində çalxalayır.
Rus imperiyası və onun çöküşü,
Cümhuriyyətin qurulması və süqutu, Nuru
paşanın gəlişi, Birinci Cahan müharibəsi fonunda
Azərbaycanın, Bakının transformasiyası, Asiya və
Avropa sivilizasiyaları arasındakı çabası,
üç obrazın - Əli xan, Nino və Naxararyanın
timsalında Cənubi Qafqazda üç xalqın geosiyasi
mövqeyi və taleyi incələnir. Bir sözlə,
dünya dəyişikliyi çox maraqlı bir bədii həll
yolu ilə təqdim olunur.
Əsərdəki
tarixi şəxsiyyətlər, əsasən, o dövrün
sosial, siyasi və mədəni kontekstini daha yaxşı
başa düşməyimizə kömək edir. Bu şəxsiyyətlər
əsərdə həm tarixi hadisələrin dərk
olunmasına kömək edir, həm də bədii obraz olaraq
canlanır. Tarixi obrazlar əsas surətə çevrilmir,
tarixi hadisələrin dərkinə, mesajların
ötürülməsinə kömək edir. Zeynal ağa,
Ağa Musa Nağı, Şəmsi Əsədulla, Mirzə
Əsədulla, Xoylu Fətəli xan və b. belə
obrazlardandır.
Əsərdəki
regionun coğrafiyası, onun arxasındakı siyasi proseslər
də geniş təhlil və ayrıca məqalə
mövzusudur. Hadisələr Bakıda cərəyan edir, şəhərin
içəri və bayır hissəsini özünəməxsus
sivilizasiyaların müxtəlifliyi və harmoniyası ilə
verməklə müəllif yaşadığımız
coğrafiyanın xalqın taleyinə və onun
inkişafına təsirini təqdim edir. Qəhrəmanları
Şuşaya, Dağıstana, Gəncəyə, Tiflisə, Cənubi
Azərbaycana da təsadüfi gətirmir. Bu yerlərin Cənubi
Qafqazın taleyindəki rolunu vurğulayır.
Əsərin
əvvəlindən dərs səhnəsi ilk andan bizi əsas
konflikti anlamağa və gələcək həllə yönəldir.
Bu səhnə əsərin mərkəzində dayanan əsas
fəlsəfi və mədəni məsələlərin
başlanğıc nöqtəsidir. Burada müəllim Saninin
coğrafiya dərsində verdiyi sual və ona şagirdlərin
cavabları, əslində Şərq və Qərb
dünyalarının qarşıdurmasını və fərqli
dəyərləri əks etdirir. Həm də insanın
formalaşmasında təhsilin rolu "Anamın
kitabı"sayağı təqdim olunur. Saninin şagirdlərin
fikrini öyrənmədən Avropanı təbliğ etməsi,
onu Asiyadan üstün tutaraq proqressiv, Asiyanın isə geri
qaldığını təlqin etməsi ötürmək
istədiyi əsas fikirdir.
Əsərin
ilk səhifəsi bizi artıq əsas leytmotiv olan Şərq
və Qərb qarşıdurmasına hazırlayır. Müəllim
Saninin sinfə müraciət edərək dedikləri:
"Avropa
qitəsinin təbii sərhədləri şimalda Şimal
Buzlu okeanından, qərbdə Atlantik okeanından və cənubda
Aralıq dənizindən keçir. Avropanın şərq
hüdudları rus imperiyasının içərisindən
keçərək Ural boyunca aşağı enir. Xəzər
dənizini ikiyə bölür və Zaqafqaziyadan keçib
gedir. Bax, bu məsələdə elm hələ son
sözünü deməmişdi. Məsələn, bəzi
alimlər Qafqaz dağlarının cənubundakı ərazini
Avropaya daxil edirlər, başqaları isə belə fikirdədirlər
ki, bu ərazi də, xüsusilə, mədəni cəhətdən
inkişaf etdiyi üçün Avropaya aid olmalıdır.
Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə
qalmış Asiyaya aid olduğunu müəyyən etmək
sizin mövqeyinizdən asılıdır."
Bu
müraciət dərhal iki mədəniyyət
arasındakı sərhədi və eyni zamanda Azərbaycan
xalqının mənsubiyyət sualını gündəmə
gətirir. Azərbaycan coğrafi olaraq Asiya ilə Avropanın
qovşağında yerləşən bir ölkədir. Bu vəziyyət
xalqın tarixi, mədəniyyəti və düşüncə
tərzində də öz əksini tapır. Müəllimin
sualı əslində sadə coğrafi məsələ kimi
səslənsə də, çox dərin və fəlsəfi
xarakter daşıyır.
Şagirdlər
bu suala müxtəlif cavablar verirlər. Bəziləri Avropa,
bəziləri isə Asiya tərəfini seçir. Bu cavablar,
onların ailələrinin, tərbiyələrinin və
dünyagörüşlərinin təsiri ilə
formalaşmışdır. Bəziləri Avropanı
müasirlik, inkişaf və elm ilə eyniləşdirərək
avropalı olduqlarını irəli sürürlər. Digərləri
isə Şərqin mənəviyyatı, mədəniyyəti,
ənənələri və dini dəyərlərinə
bağlı olduqlarını bildirərək asiyalı
olduqlarını söyləyirlər.
Bu ziddiyyət
əsərin əsas qəhrəmanı Əli xanın daxili
dünyasına və onun mədəni mənsubiyyət məsələsinə
də işıq tutur. Əli xan özünü asiyalı
hesab edir və bu seçim onun milli kimliyinə və
torpağa olan bağlılığına əsaslanır. O,
Şərq ənənələrinin, müsəlman dəyərlərinin
və ailə bağlarının
üstünlüyünü təmsil edir. Bu ziddiyyət əslində
əsərin konflikti olaraq Əli xanın daxili aləmində,
Əli və Ninonun harmoniyasında, Bakının quruluşunda,
mədəniyyətlərin toqquşmasında, bir sözlə,
hər yerdə təzahür edir.
Əsərdə
Əli və Ninonun sevgi hekayəsi, iki fərqli mədəniyyətin
təmsilçiləri olan müsəlman Əli ilə
xristian Nino arasındakı əlaqə üzərindən təsvir
olunur. Şərq adət-ənənələri ilə Qərbin
açıqfikirliliyi arasındakı tarazlıq, müasir
dövrdə də aktuallığını qoruyur. Azərbaycan
bu gün də həm Şərq, həm də Qərb mədəniyyətlərinin
kəsişmə nöqtəsində yerləşən
ölkə kimi çıxış edir. Əsərdəki
harmoniyanın qorunması və mədəni müxtəlifliklərin
dialoqu müasir dövrdə də dövlət siyasəti və
sosial münasibətlərdə vacib amillərdir.
Əsərdə
Şuşadan qayıdan Əlinin dəvə karvanları ilə
qatarı müqayisə etməsi də
düşündürür. Obrazın daxılı təlatümünü
əks etdirir: "Qatar yanlış istiqamətə gedir. Mən
oraya, dəvələrə və onları aparan adamlara, qumlu
səhraya mənsubam... Qatar Qərbə gedə bilər. Amma
mən bütün ruhumla Şərqə məxsusam".
Əli
obrazı vasitəsilə milli kimliyin qorunması, torpağa
bağlılıq və ənənələrə sadiqlik
ön plana çəkilir. Nino isə yeniliklərə
açıq, dəyişikliklərə uyğunlaşa bilən
bir obrazdır. Onun Dağıstanda mühitə
alışması, Cənubi Azərbaycanda isə
çırpıntısı daxili azadlığının
ifadəsidir. Müasir dövrdə qlobal inteqrasiya prosesləri,
texnologiyanın inkişafı və urbanizasiyanın təsiri
ilə insanlar daha çox kosmopolit düşüncəyə
sahib olmağa çalışır. Bununla belə, milli-mədəni
dəyərlərin qorunması və gələcək nəsillərə
ötürülməsi çox önəmlidir. Əsərin
mesajı, köklərimizə bağlı
qaldığımız halda, yeniliklərə açıq
olmağın vacibliyini vurğulamaqdır. Əli və Ninonun
sevgisi də məhz bu ideyanı ifadə edir.
Əsərdə
Birinci Dünya müharibəsinin başlanması və onun cəmiyyətə
təsirləri təsvir olunur. Müharibə, yalnız
böyük dövlətlər arasındakı
qarşıdurma deyil, həm də fərqli ideologiyaların,
mədəniyyətlərin və dəyərlərin bir-birinə
toxunma nöqtəsidir. Azərbaycanın o dövrdəki
sosial vəziyyəti, insanların düşüncələri
və müharibənin fərdlərə təsiri dərinliklə
göstərilir.
Şuşa,
Azərbaycanın mədəni mərkəzlərindən biri
olmaqla, Şərq mədəniyyətini təmsil edir. Əli
burada tətilini keçirir, lakin Birinci Dünya müharibəsinin
başlanması ilə o, öz doğma şəhərinə
- Bakıya qayıdır. Qatar səfəri yalnız bir yol səyahəti
deyil, həm də Əlinin mədəni və emosional
keçidini ifadə edir. Bu səyahət zamanı Əli
öz dərin düşüncələri ilə Şərq
və Qərb arasında olan müharibənin fərdi və
ictimai təsirlərini dərk edir. Səyahət zamanı
Əli bir qoçu ilə dialoq qurur. Bu dialoq iki fərqli
dünyagörüşü, iki fərqli təbəqənin
müharibəyə münasibətini əks etdirir:
Qoçu
müharibəni yalnız qələbə və məğlubiyyətlə
ölçən bir obrazdır. O, müharibəni bir növ,
güc nümayişi kimi görür və bu, onun
üçün qəhrəmanlıq meydanıdır. Əli
isə müharibəni daha dərindən təhlil edir. Onun
dünyagörüşü yalnız güc və hakimiyyətlə
deyil, həm də mənəvi dəyərlərlə
bağlıdır.
Əslində
müəllif Əlinin timsalında yeni gəncliyin fərqli
baxışını təqdim edir. Atasının: "Sənin
babaların qəhrəman olublar, savaşdan
qaçmayıblar", - fikrinə "Özümü
düşmənin vətənimizə, şəhərimizə
və torpağımıza ayaq basdığı günə
hazırlayıram... Mənim bu müharibədə heç
kimin qarşısında vəzifəm və borcum yoxdur... mən
öz qılıncımı özüm istədiyim vaxt
sıyıracam. Bizim vətənimizin mənim
qılıncıma ehtiyacı var" - kimi cavab verərək,
məsələyə azad münasibətini bildirir. Əlinin
baxışı və düşüncəsi Azərbaycanın
müstəqilliyi ilə bağlıdır.
Ayrı-ayrı
şəxslərin müharibəyə münasibəti əsərin
geniş ideoloji xəttinin bir hissəsidir. Bu səhnə, cəmiyyətdəki
təbəqələşməni, fərqli ideoloji və mədəni
yanaşmalar arasındakı qarşıdurmanı
simvollaşdırır. Əlinin fikirləri, onun şəxsiyyətindəki
daxili gərginliyi və Azərbaycan cəmiyyətinin dəyişməkdə
olan xarakterini əks etdirir.
Müharibənin
başlanması həm də Əlinin şəxsi həyatına
və emosional vəziyyətinə bir dönüş nöqtəsi
gətirir. O, yalnız sevgi hekayəsinin təsiri altında
deyil, həm də cəmiyyətin dəyişən şəraitinə
uyğunlaşmaq məcburiyyətindədir. Bu səhnə,
Əlinin daha yetkinləşmiş və müharibənin
reallıqlarını dərk edən bir obraz kimi
inkişafına işarədir.
Əlinin
müharibə haqqında baxışları əsərin
tematik həcminə dərinlik qatır. Burada Azərbaycan cəmiyyətinin
ənənəvi və müasir təsəvvürləri,
müharibənin sosial-iqtisadi və mədəni təsirləri
geniş şəkildə təsvir olunur. Müəllif bu səhnə
vasitəsilə oxucuya yalnız tarixi hadisələri deyil, həm
də mədəniyyətlərarası dialoqu və dəyişən
cəmiyyətin problemlərini dərindən anlamaq
üçün bir yol təqdim edir.
Əli və
Ninonun sevgi hekayəsi həm də fərqliliklərə
hörmət, dialoq və sülhün simvoludur. Müasir
dövrümüzdə də mədəni və dini fərqliliklərin
ziddiyyətlərə deyil, zənginliyə səbəb
olduğunu dərk etməyimizdir. Beynəlxalq münaqişələrin
artdığı bir dünyada, "Əli və Nino" əsərinin
bu mesajı sülh və qarşılıqlı hörmət
üçün bir yol xəritəsi təqdim edir.
"Əli
və Nino" əsəri yalnız keçmişin hekayəsi
deyil, həm də bu günümüzün və gələcəyimizin
dərsləridir. Şərq və Qərbin qovuşduğu
bir ölkədə, mədəni müxtəlifliyi qoruyub
inkişaf etdirərək milli kimliyimizi gücləndirmək
üçün əsərin bizə təqdim etdiyi mesajlar
çox dəyərlidir. Əsərin oxuculara
çağırışı budur: fərqliliklərimizi qəbul
edərək, birlikdə daha güclü və harmonik bir cəmiyyət
qura bilərik.
Müəllif
azərbaycanlı və erməni münasibətlərində
maraqlı bədii həllərlə dövrün etnik
münaqişə problemini də qoyur. Bütün məqamlarda
erməni obrazlarını yalançı və xəyanətkar
kimi təqdim edir. Bununla da Əli və Naxararyan
obrazlarını qarşılaşdıraraq hər ikisini
öz xalqının ümumiləşdirilmiş obrazı
kimi təqdim edir. Müəllif Naxararyanı çirkin əməli
ilə ölümə məhkum edir. Şuşadakı erməni
faytonçunun yalan və uydurma fikirləri isə əslində
erməni xalqının sinfindən və
yaşadığı məkandan asılı olmayaraq
uşaqlıqdan formalaşan xəstə təfəkkürünün
təcəssümüdür. Bunu isə Əli xan qəbul
etmir. Ninonu öz avtomobili ilə qaçıran Naxararyana
Qarabağ atı ilə çatır. "Bu kilsənin 5 min
illik tarixi var", - deyən erməniyə isə
"Xristianlığın heç 2 min illik tarixi yoxdur ",
- deyərək cavabını verir; elmli, ayıq və
güclü olmağın həll yolu olduğu mesajını
ötürür. Şuşada erməni faytonçunun Əli
ilə olan dialoqu, əsərin mədəni və siyasi təhlilini,
həmçinin tarixi şəraitin fərdlərin münasibətlərinə
necə təsir etdiyini göstərir. Bu səhnə Azərbaycan
və erməni xalqları arasındakı əlaqələrin
mürəkkəbliyini əks etdirir.
Naxararyanın
Ninonu qaçırarkən söylədiyi: "Prinses, Şərq
və Qərb arasında heç bir körpü, hətta məhəbbət
körpüsü də yoxdur... Osmanlı
qılıncının təhlükəsi altında olan bizlər
gərək birləşək, əl-ələ verək. Biz
Avropanın Asiyadakı elçiləriyik", - fikri Cənubi
Qafqazın bütün tarixi dövrlərində ermənilərin
missiyasını açır, bədii həllini də
çox gözəl tapır.
Əli
xan özünü Demokratik Cümhuriyyətin qurulmasında
tapır. Onun yaşaması üçün əlindən gələni
edir, yeni bir Vətən qurur, Şərq və Qərbin
harmoniyasından doğulan övladının gələcəyini
düşünür. Vətən sevgisini bütün sevgilərdən
üstün tutur. Cümhuriyyətin doğuşu ilə
doğulub, süqutu ilə bərabər şəhidliyə
qovuşur. Son məqamda Cümhuriyyətin rəmzi təsiri
bağışlayır. Təlatümlərin, ziddiyyətlərin
içindən doğub qürub edən Vətən simvolu.
Beləcə,
XX əsrin əvvəllərində yazılan bədii əsərlə
XXI əsrə nəzər yetirməyə
çalışdıq. "Əli və Nino" bu gün də
gəncliyin milli kimlik dərsi olaraq üz tutacağı
örnək əsərdir", - deyə bilərik. Dönəcəyimiz
və hələ çox mətləbləri təhlillərlə
təqdim edəcəyimiz mütləq əsər. Bu
günü dünənlə görəcəyimiz əsər.
Mehriban
VƏLİYEVA
Ədəbiyyat
qəzeti.- 2024.- 20 dekabr, №50.- S.16-17.