Xəyal məhkumu
Hekayə
Şirkətin bənövşəyi rəngli uniformasını
geyinmiş xanım üzündəki təbəssümü
dəyişmədən dedi:
- Rasim bəy, növbə sizindi. Buyurun otağa.
Akvariuma
oxşayan ofis otağı binanın 24-cü mərtəbəsində
yerləşirdi. Burdan baxanda şəhərin mərkəzi
ayaq altda görünürdü.
Pəncərənin qarşısındakı
şəffaf stolun
arxasında üz-üzə əyləşdilər.
- Bütün hisslərim quruyub. Darıxıram. Hər yerdə. Hamının
yanında. Burdan şəhərə baxıram, təsəvvür
elədiyimdən də kiçikdi. Sıxır məni şəhər.
- Sizi anlayıram, Rasim bəy. Şirkətimiz sizlərə xidmət
üçün qurulub. - Stolun sol küncünə işarət
barmağını toxundurdu, planşet açıldı.
Xanım səhifə butonlarını göstərdi: - Hisslər
bölməsində xəyallar, arzulardı. Adamlar bölməsində
"Dostlar". Baxın, hər yaşda, hər
ölçüdə, cinsdə "dostlar"ımız
var. Kiraladığınız müddətdə
ağlınıza gələn münasibəti, rəftarı
göstərməkdə sərbəstsiniz. Məqsədinizə
uyğun gələni kiralaya bilərsiz. Bu bölmədə
heyvanlardı: Burda da seçim böyükdür...
- Seçim eləmişəm.
31-ci mərtəbədən gəlirəm.
- Deməli, hisslər...
- Xəyal kiralamaq istəyirəm. Bilmirəm, axırıncı
dəfə nə vaxt xəyalım olub.
- İndiki vaxtda ən münasib seçimdi.
- Qarışıq xəyal
istəyirəm. "Səfeh xəyalı"
mənə uyğun olar.
- Təbrik edirəm! Əla
seçimdi, Rasim bəy. Bu xanaları doldurun. Rəsmiləşdirmə
üç dəqiqədən az çəkəcək. 31-ci
mərtəbədə sizi qarşılayıb xəyal
otağına aparacaqlar. Bu xananı da doldurub ödənişi
təsdiqləyin. Bitdi. Buyurun, sağ lift, 31-ci mərtəbə...
Rasim bəyi 31-ci mərtəbədə
qarşılayan əməkdaş onu otağa gətirib
çəhrayı üzlü kresloda əyləşdirdi. Biləyindən
tutdu... "Bir neçə dəqiqəyə beyninizə
"səfeh xəyalı" yüklənəcək. Əməkdaş
xəbərdar edib proseduru başlatdı, otaqdan
çıxdı.
Rasim bəy yarıuzanılı
yuxarı baxırdı. Tavanın yerində
səma görünürdü. Rasim bəy əlini
uzatsaydı, buludlara toxunardı. Barmaqları göylərin nəmini
hiss eləyərdi. Buludların üstünə
çıxarsaydı, Günəş yandırardı...
Otağa
hansısa bitkilərin
məstedici ətri yayılırdı.
Uzaqda yarpaqlara düşən yağış
damcılarının səsi eşidilirdi. Otağın
işığı diqqət dağıtmadan rəngini dəyişirdi.
Rasim bəyin meyit gözləri göyə dirənmişdir.
"Bir adam kiralayıb döysəydim, bundan maraqlı
olardı. Cavan, cüssəlli, məndən güclü birini
yerə yıxıb təpikləmək... Bəlkə, həzz
alardım" ağlından keçirdi. "Həzz almaq necə
olurdu? Qıdıqlanmaq, yoxsa, ürpənmək?.."
"Dağ kiralamaq. İt də götürüb dağlara
getmək pis olmazdı. Getdim. Bəs sonra? ". "Xəyal
qurmaq... Bəlkə, bir arzu kiralayaydım? Nə, məsələn?
Arzulayardım ki... Arzulayardım... Arzum bu olardı ki, sonsuz
bir xəyal qurum. "Səfeh xəyalı". "Deyəsən,
axı şirkət müştərilərini aldadır.
Beynimə nə yüklədi bu əyrəmçə?
Tüstü məni zəhərləyir. Bu, sui-qəsddi."
Rasim bəy kreslodan sıçrayıb durdu. Qapıya gedib itələdi,
açılmadı. Tüstünün gəldiyi yeri
axtardı. Havalandırma jalüzlərini görmürdü.
İşıq hələ də aram-aram rəngini dəyişirdi.
Hiss elədi ki, indi bu rəngdəyişmələr onun sinirlərinə
toxunur.
- Açın qapını!
Açın deyirəm! Açın! - Qapını,
şüşə divarları döyəclədi. Dəhliz,
işıqlar, paraleldəki otaqların qapıları,
tünd şüşə divarları içəridən
görünsə də, çöldən içəri
görünmürdü. Rasim bəy liftdən
çıxıb dəhlizlə otağa gələnə qədər
buna fikir vermişdi.
Şüşəni sındırmağa
ağır, küt əşya
axtardı. Kreslo, bəlkə, şüşəni qıra bilərdi,
onu da yerindən tərpədə bilmədi.
- Eşidirsən məni.
Bilirəm. Aç qapını! Məni burda saxlamağa
heç kimin ixtiyarı yoxdu! Zəhərləyib
öldürmək... Yox! Bunu heç kim bacarmaz!
Şəhərə baxan şüşələri yumruqladı,
çiyinlə sındırmağın mümkün
olmadığını anlayanda çarəsiz dayanıb
baxdı. Alnını, qulaqlarının yanında
ovuclarını şüşəyə
yapışdırdı. Burnu əzilib üst dodağına dəyirdi.
Gözünü qırpanda kirpikləri şüşəyə
sürtünürdü. Aşağıda şəhərin
işıqları sayrışırdı. Rasim bəy hardasa
uzaqda binoklla baxan adama özünü göstərmək istəyirdi.
İstəyirdi qarşı binanın pəncərəsində
kim varsa, onu görsün. Özünü göstərmək
üçün şəkildən-şəklə
düşdü.
Hava qaraldıqca qarşıdakı
binanın pəncərələri
aydınlanırdı, otaqlarda çırpınan, özlərini
şüşələrə çırpan adamlar
görünürdülər. Yalqız adamlar, boş adamlar,
ölü adamlar... Binaların pəncərələri də
yaxın adamlar kimidi; yan-yana, alt-üst olsalar da, bir-birlərinin
içlərini görmürlər.
İçəri dolan bitkilərin
ətrindən başı
ağırlaşır, gicgahlarında döyüntülər
hiss edirdi. Kürəyi iki yerdən bıçaqla kəsilirmiş
kimi ağrıyırdı.
- Məni kim sifariş
verib? Aldatmaq! Yox! Belə asanlıqla məni öldürmək
olmaz!
Damcı
səsləri artırdı.
Saçında, dərisində iri damcıların nəmini
hiss eləyəndə başını qaldırıb
baxdı. Damcılar üzünə töküldü.
Gözünü qıydı. Bulud görünmürdü,
amma yağış getdikcə şiddətlənirdi. Su
topuğuna çatanda anladı ki, içəri divarlardan su
süzülür.
- Üzə bilirəm. Məni
çətin boğasız. Əvvəllər balıq
olmuşam. - Qəhqəhə çəkdi. - Yağ! Yağ!
Kürəyinin kəsikləri dəhşətli
dərəcədə qaşınmağa
başlamışdı. Yaş paltarlarını dartıb
başından çıxartdı. Kürəyini divarın
küncünə sürtdü. Ağ küncə qan
bulaşdı, yayıldı. Yağış yuyub
axıtdı. İçinə dolan doğuş
sancısından qıvrılıb bağırdı. Kürəyinin
kəsiklərindən şəffaf arı qanadları
qırışını xışıltıyla
açıb, şaxlandı. Taqəti kəsiləndə dizlərini
yerə qoydu. Su sinəsinə qədər
qalxmışdı. Qanadlarını tərpətmək istədi,
çalmağa çalışdı. Qanadlarının yerinə
qolları tərpənirdi. Durub yenə pəncərəyə
yapışdı. Qarşı pəncərələrdə
arılar uçuşurdu. Çölə dəlik
axtarırdılar.
- Mən uça bilirəm! Uçaram. Mən arıyam.
Arılar uçur. İndi uçaram. Uçaram...
Şalvarı cırıldı. Belini sıxan kəməri
açdı. Budunun başı şişdikcə
aşağı sallanırdı. Bədəni
ağırlaşırdı. Əllərini şüşəyə
yapışdırıb özünü ayaq üstə güclə
saxlayırdı. Yuxarı dartınır, uçmaq istəyirdi.
Yağış birdən dayandı.
Son damcı düşəndə otağın qurşağa qədər
qalxmış suyu bir anda çəkilib getdi.
- Qanadlarımı aça bilmirəm. Tərpənin!
Hə! Tərpənin!
Pəncərənin şüşəsində
əksini görürdü.
Qanadlarına güc verdikcə sinəsinin əzələləri yığılıb
boşalırdı, qolları
tərpənirdi, di gəl,
qanadına siqnal getmirdi.
- Mən arıyam. Qanadlarımı tərpətməliyəm.
Uçmalıyam. Burda
ölə bilmərəm.
Hiss elədi ki, səsi vızıltı kimi çıxır. İndi bu
vızıltıyla onu
heç kim başa düşməz. Arxası yerə dəyirdi. Ayaq üstə durmağa taqəti qalmadı. Yeriyə bilmədi. İməkləyə-iməkləyə gedib kresloya qalxdı. Dizlərinin, dirsəklərinin üstündə
durub çölə
baxdı. "Görəsən,
insanın qanadı olsa, uça bilərmi? Necə tərpədər qanadlarını?"
Ağlından keçirtdi.
"Görəsən, adamlar
da arılar kimi darıxır? Arılar kimi yalqızdılar?"
- Rasim bəy, xəyalınızın kirayə
vaxtı bitdi. - Əməkdaş onun yanında dayanmışdı.
Ucu iynəli naqilləri onun biləklərindən çıxarıb
kənara qoydu.
Bir müddət əməkdaşa
baxdı. Sonra otağa,
çevrilib pəncərəyə
boylandı. Durub yaxınlaşdı. Qarşı
binanın pəncərəsində
adamlar şüşələri
döyəcləyirdilər, şəkildən-şəklə düşürdülər...
- Rasim bəy, inanıram ki, xidmətimiz
ürəyinizcə oldu.
Başqa istəyiniz varmı?
- Əslində, xatırlamağı
yaxşı bacarmıram.
Təsadüfən yadıma
kəndimizin çölləri
düşdü. Uşaqlıq
illərindən bir səhnə. Şüşə
balona arını salıb qapağını
bağlayırdıq. Qapağın
deşiyindən siqaret
tüstüsünü içəri
üfürürdük. Gözləyirdik
görək çiçəklərin
ətrinə öyrəşmiş
arı tütün tüstüsündə nə
qədər yaşayar.
İndi sizdən şüşə
balona salınmış
arı kiralamaq istəyirəm.
- Siz bir işçi
arının xəyalındasız.
Gerçək olan arı bəydi.
- Bəsdi, bu ola bilməz. Yaxşı. Daha "Səfeh xəyalı" qurmaq istəmirəm. Buraxın
məni. Oyadın. Nə lazımdırsa, edin. Kəndimizin çöllərinə getmək
istəyirəm. Məni
həqiqətə qaytarın.
- Şirkətimiz sizə həqiqəti kiralamağı
təklif edir. İyirmi dördüncü
mərtəbəyə düşün.
Gözləmə zalında
əyləşin. Əməkdaşımız
sizə yaxınlaşacaq.
Şirkətin bənövşəyi rəngli uniformasını
geyinmiş xanım üzündəki təbəssümü
dəyişmədən dedi:
- Rasim bəy, növbə sizindi. Buyurun otağa...
Vüsal Nuru
Ədəbiyyat
qəzeti.- 2024.- 20 dekabr, №50.- S.19.