"Min bir mini-esse dükanı" silsiləsindən

 

1. Selincer effekti

 

C.Selincer 9 hekayədən bir povestdən sonra ömrünün son gününəcən susub. Müsahibə verməkdən qaçıb. Qapalı həyat tərzi keçirib. Hamı nəsə yazdığını güman edib.

Meksika yazıçısı Xuan Rulfo da beş-altı hekayədən "Pedro Paramo" romanından sonra ömürlük susdu.

Görəsən, müasir Azərbaycan ədəbiyyatında "Selincer effekti" ilə yaşayan yazıçı, şair varmı?

Hamı görünməkdən, tanınmaqdan ötrü dəridən-qabıqdan çıxır. Sosial şəbəkədə bir gün görünməsə, mətbuatda bir gün adı çəkilməsə, həmin günü ömürdən-gündən saymayanlar var.

Azərbaycan nasiri Saday Budaqlı da çoxdandır, 90-cı illərdən bəri nəsə yazır. Bu arada xeyli tərcümələr edib. M.Bulqakovun "Ustad Marqarita" romanını gözəl tərcümə etdiyini deyirlər. Razıyam.

Bir xəbərçilik edim: Qazaxda, ata evində masasının üstündə əlyazmalarını gördüm. Marağımı görüb dedi ki, bir roman yazır. Dedim, qağa, hazır olanda ver, oxuyum. Sonra əlavə etdim ki, niyə çap etmirsən?

Susdu...

Amma gənc yazıçılar hələ onun köhnə povestlərini oxuyurlar - onu müasir nəsrimizin usta adları sırasında görürlər.

Bir rus yazıçısı var - Saşa Sokolov. Kanadada yaşayır. Son illər heç çap etmir. Onu Rus Selinceri adlandırırdılar; ədəbi gündəmdə olmağa heç bir ehtiyac duymur. Amma dediyinə görə, nəsə yazır. Çap üçün hazır mətnlər var...

Müsahibələrinin birində Saşa Sokolov bir hadisədən çox təsirləndiyini qeyd edir. Yunanıstanda bir xanım yazarla tanış olur. Həmin xanımın çox yazdığını, amma yazdıqlarını çapa vermədiyini eşidir. Rəflər yaşı əllini keçmiş bu xanımın əlyazmaları ilə dolmuşdu. Özü günün 12 saatını yazırdı, bu işdən ləzzət alırdı. O vaxtdan Saşa Sokolov bu üsuldan istifadə etməyə çalışır. Onun üçün ədəbi cameədə qətiyyən görünmək maraqlı deyildi...

Yazdıqlarını çapa verməmək bir sufi iradəsi, sufi davranışıdı düşüncəsindəyəm...

 

2. Qovaq yarpağı

 

Çində qəribə adətlər, rituallar çoxdur. Onlardan biri ayrılıq zamanı qovaq yarpağı bağışlamaqdır. Deyilənlərə görə, Tan dövrü şairləri ayrılarkən, xatirə olaraq bir-birinə söyüd qovaq yarpağı bağışlayırlarmış.

Çuvaş şairi Gennadi Ayqinin 1964-cü ildə yazdığı iki misralıq "Dostluq səhifələri" şeirini oxuyanda həmin adət yadıma düşdü. Şeirin məzmunu belədir ki, şair gəzinti zamanı yerə düşmüş yarpağın şeir kitabında iki səhifə arasına qoyulmasını xahiş edir.

1936-cı ildə Zadonskda Osip Nadejda Mandelştam cütlüyünün yaşadığı Karl Marks küçəsi, 8 nömrəli evin qabağında qoca qovaq ağacından çağdaş rus şairi Vladimir Aristov bir esse yazıb: "Mandelştamın qovağı". Həmin yazını internetdə axtarışa verib tapdım. Bu mövzuda "Mandelştamın söyüd qovaq yarpağını Du Funun kitabının arasına qoyaraq" adlanır (Şeirin bir parçasını rus dilindən sətri tərcümə etdim).

 

Zadonskda evinin qabağında -

K.Marks küçəsi, nömrə 8-də

məhz həmin,

daha doğrusu, həmin yeganə

söyüddən, həmin söyüddən qovaqdan

ovcumla qoparılmış yarpaq

Tan dövrü səkkizinci əsr

sənə bərabər olan yeganə şairin bioqrafiyasının

səhifələri arasına qoyulmuş...

 

Hüseyn Arifin ev kitabxanasında, Əhməd Cəmilin bağışladığı şeir kitabının arasında qurumuş qovaq yarpağını görənlər olub. Qovaq yarpağı Əhməd Cəmilin bu şeiri olan səhifənin arasına qoyulub:

 

Qoşa qovaq kölgəsində

Bir gəlin durmuş bayaqdan.

Sanki solğun bir yarpaqdı,

Külək salmış budaqdan.

 

Beləcə, bir qovaq yarpağı VIII əsr Çin şairi Du Funu, rus şairləri O.Mandelştamı, V.Aristovu, Azərbaycan şairləri Ə.Cəmili, H.Arifi, çuvaş şairi G.Ayqini bir yaddaş məkanında yaşada bilir...

 

3. Uzaqdan salamlaşmaq

 

Aleksandr Blok Puşkinin evinin yanından keçəndə həmişə şairin evinə salam verirmiş.

gizlədim, hər dəfə Gəncədən keçəndə Şeyx Nizaminin məqbərəsini salamlamağa "bir növ adətkərdə olmuşam".

H.Arif Fəxri xiyabanın yanından keçəndə S.Vurğunu salamlamağı ustadına bir ömürlük ehtiram borcu hesab edirdi:

 

göydən haray var, yerdən aman,

Sükuta bürünüb Fəxri xiyaban.

Yaz da, qışda da onun yanından

Bir dəfə salamsız ötmədim, ustad!

 

1989-cu ildə "Moskovskiy Komsomolets" qəzetində uşaq yazıçısı Yuri Kovalın bir müsahibəsi qarşıma çıxmışdı. Müsahibədə onun bir etirafı o qədər xoşuma gəldi ki, dəftərçəmə köçürdüm. Y.Koval deyir: "Mənim sevimli yazıçım Nikolay Vasilyeviç Qoqoldur. Hərdən düşünməyə belə qorxuram ki, əgər təsadüfən N.Vasilyeviçə rast gəlsəm, mən edərdim? Gözəl yazıçılar ilə - Anna Axmatova ilə, Mixail Zoşşenko ilə, Yuri Oleşa ilə mənə görüşmək nəsib olub. Amma Qoqola yaxınlaşmaq mümkündürmü? Uzaqdan salamlaşmaq - ən doğru yol budur".

Bir neçə dəfə İsmayıl Şıxlı qarşıma çıxıb. Salam verib özümü təqdim etmək şansım olub. Ən azından, bir kənddən olmağımı bəhanə edə bilərdim.

Amma böyük yazıçıya şəxsiyyətə uzaqdan salam vermək daha münasib idi. Çünki ədəbi əbədi Ruh ilə əl verib görüşəsi deyildim ki...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.24.