"Tərcümə
təcrübələri":
ədəbi-mədəni hüdudların ötəsinə körpü
Elmi
araşdırma
Tanınmış
ədəbiyyatşünas, tərcüməçi və
redaktor Seyfəddin Hüseynlinin yenicə işıq
üzü görmüş "Tərcümə təcrübələri"
kitabını müəllif imzası ilə əldə etmək
üçün bir axşamçağı yolumu "525-ci qəzet"in
redaksiyasından saldım. Əslində kitaba görə
AYB-nin "Bayatı" kitab mağazasına, yaxud Tariyel
Əliyevin "Papillon" Kitab Evinə də müraciət
edə bilərdim. Amma jurnalistikadakı 18 illik iş təcrübəmin
tən yarısı bu doğma redaksiyanın payına
düşür, deyə məhz "525"in redaksiyasına
üz tutdum. Həmin illər ərzində qəzetin ədəbiyyat,
mədəniyyət və təhsil sahələri üzrə
redaktoru Seyfəddin Hüseynlinin mətnə də, müəllifə
də tələbkar və güzəştsiz
yanaşması, amma eyni zamanda gənc yazarlara, jurnalistlərə
öyrədici yöndə həssas, qayğıkeş
münasibəti, aramızda elə bir əsaslı yaş fərqi
olmasa da, onu həmişə özümə ustad bilərək,
minnətdarlıq və şükranlıq hissi ilə bir
çox yazarlar kimi ondan mənəvi bəhrələnməyimə
əsas olub. Hərçənd ki, özü belə məsələlərdə
xeyli təvazökardır, dəfələrlə bu cür məqamları
dilə gətirənlərin söhbətinin
yönünü məharətlə ayrı axara
saldığının da şahidi olmuşam. Amma zənnimcə,
kiminsə üstün insani məziyyətlərini vəfa
hissi ilə xatırlayıb vaxtaşırı təqdir etmək,
dilə gətirmək də insanlığın
şanındandır, belə olmalıdır.
"Tərcümə təcrübələri"
kitabının titul vərəqini
müəllifin şəxsim barədə "Sözə
bağlılığın gözəl və dəyişilməz
obrazı kimi tanıyıb əziz tutduğu istedadlı həmkarı"
kimi xarakterizə ilə imzalaması sözügedən kitab
haqqında yazmaq istəyimin məsuliyyət yükünü
bir pay da artırdı. "Tərcümə təcrübələri"ni
elə oradaca həvəslə əlüstü vərəqləyib,
tərcümə edilən müəlliflərin
adlarını görəndə, nağıl dili ilə desək,
"bu çəkidə yüngül, vəzndə
ağır" nəşri cümlə-cümlə oxumaq və
sonra kitabla bağlı düşüncələrimi mütləq
yazmaq fikrim qətiləşdi. Uşaqlar ləziz təamı
tez bitməməsi üçün necə yavaş-yavaş
yeyərsə, "Tərcümə təcrübələri"ni
elə o templə - çoxdandır axtardığım məhz
bu dadda mütaliənin verdiyi zövqün tələm-tələsik
bitməməsi arzusuyla oxudum...
"...Get-gedə
ağırlaşan xatirə yükü"nün bədii təs(v)iri
ilə...
"Tərcümə
təcrübələri"nə keçməzdən əvvəl,
fürsət düşmüşkən, Seyfəddin
Hüseynlinin yeni kitabının "sələfi"
sayılan, 2017-ci ildə işıq üzü
görmüş daha bir uğurlu işi - Culian Barnsın Buker
mükafatlı "The Sense of an Ending" əsərinin ana
dilimizdə "Aqibət duyğusu" adıyla son dərəcə
uğurlu tərcüməsi haqqında yığcam bəhs
etmək istəyirəm. Seyfəddin Hüseynlinin çoxillik
peşəkar tərcüməçi təcrübəsi ilə
doğma dilimizə qazandırdığı "Aqibət
duyğusu" "kor-koranə irəliləyib axının
səmtinə üzənlərin get-gedə
ağırlaşan xatirə yükü" haqqında
misilsiz mütaliə zövqü bəxş edən əsərdir.
Tərcüməçi zəngin fəlsəfi təfəkkürlə
yüklənmiş əsəri tərcümə edərkən,
yalnız dilin strukturunu deyil, həm də Barnsın bədii təfəkkürünü,
mürəkkəb düşüncə tərzini, onun ədəbi
potensialının ironik və mücərrəd incəliyini,
metaforik zənginliyini də ustalıqla Azərbaycan dilinə
çevirib. Beləliklə də, orijinal mətnin fəlsəfi
dərinliyini və postmodern mürəkkəbliyini qorumaqla
yanaşı, oxucunu hər bir qatında (səhifəsində)
yeni anlamların kəşfinə sövq edən bədii bir
aləm yaratmağa nail olub. "Aqibət duyğusu"nun
dilimizə tərcüməsində orijinal mətnin mənəvi
və fəlsəfi dərinliyini itirmədən, müxtəlif
ədəbi və dil səviyyələrini ustalıqla birləşdirilərək
əsərin intellektual yükü və duyğu tonu
olduğu kimi qorunub. Seyfəddin Hüseynli burada yalnız mətnin
bədii-mənəvi zənginliyini deyil, həm də
Barnsın ədəbi ustalığının incəliklərini
Azərbaycan dilində peşəkarlıqla "orijinal ritmlə
təkrarlamağı" bacarıb və tərcüməni
həm fəlsəfi dərinlik, həm də ədəbi incəliklə
zənginləşdirərək, iki fərqli dilin və
düşüncə tərzinin harmoniya içində təmasını
təmin edib. İnsanın keçmişlə, xatirələrlə
və həyatın mənası ilə qurduğu mürəkkəb
əlaqələri dərindən araşdıran, postmodern
estetikaya söykənən fəlsəfi-psixoloji bir əsər
yazmış Barns, zamanın gətirdiyi qırılmaları
təsvir edərək oxucunu insanın yaddaş təcrübəsinin
çoxqatlılığında səyahətə
çıxarır, hər kəsin öz aqibətini necə
formalaşdırdığına dair dərin bir
düşüncəyə dəvət edir. Romanda xatirələrin
qaranlıq kölgələrində gizlənən anlamlar və
süjetin qeyri-müəyyənliyi, reallıq və xəyali
olan arasındakı sərhədlərin silinməsi ilə
bir növ metafizik axtarışa çevrilir. Və Seyfəddin
Hüseynli bütün bunları özündə ehtiva edən
mətnin orijinal ruhunu, doğma iqlimini qoruyaraq Culian Barnsın
şah əsəri sayılan romanı Azərbaycan oxucusuna həm
bədii-estetik, həm də intellektual ustalıqla təqdim
edib...
Məxsusi
zövqlə ərsəyə gətirilən
zəngin bədii tərcümə
kolleksiyası
Seyfəddin
Hüseynlinin həm ədəbiyyatşünas, həm də
redaktor kimi peşəkar mütəxəssis olması çətin
tərcümə prosesində özünə qarşı son
dərəcə tələbkar və perfektsionist
yanaşmasına zəmin yaradıb. Mətnləri oxuduqca
intuitiv hiss edirsən ki, tərcüməçi az qala, hər
bir sözün üzərində titrəyərək tərcümənin
mükəmməlliyinə diqqət yetirib. Ümumiyyətlə,
sözə dürüst, məsuliyyətli və fədakar
münasibət onun hər tərcüməsində gözə
çarpan məziyyətdir və bu fəaliyyət yalnız
dilin deyil, həm də mədəniyyətlərarası əlaqələrin
anlaşılıb çatdırılmasına xidmət edir.
Orijinal mətnin ruhuna sadiq qalma prinsipi və doğma dildə
mükəmməl təqdimat bədii tərcümənin əvəzolunmaz
nümunələri kimi qarşımıza çıxır.
"Tərcümə təcrübələri"
dünya ədəbiyyatından
mövzu və ədəbi estetika baxımdan məxsusi həssaslıq
və zövqlə seçilib dilimizə çevrilən
hekayələr, esselər və ədəbi söhbətlərdən
ibarət zəngin bədii tərcümə
kolleksiyasıdır. Bu tərcümələr yalnız fərqli
mədəniyyətlərin və ideologiyaların bədii
dillə tərcüməsi deyil, həm də insanların
psixologiyasını, həyatını və cəmiyyətə
münasibətini müxtəlif baxış bucaqlarından təsvir
edən çoxsahəli oturuşmuş bir təcrübədir.
Bu kitab tərcümə prosesini
yalnız bir dilin materialının başqa bir dilə
ötürülməsi şəklində yox, daha dərindən,
mədəniyyətlərarası əlaqələr, fərqli
dövrlərin və estetik baxışların
qarşılıqlı təsiri kimi təqdim edir. Əsərin
nəinki hər səhifəsi, bəzən hər bir cümləsi
belə tərcümə prosesindəki zəhməti
xatırladaraq, eyni zamanda bədii dilin incəliklərinə və
insanın düşüncə dünyasının dərinliklərinə
səyahət etməyə imkan verir. Bu mətnlər sadəcə,
dilin deyil, eyni zamanda fərqli zaman və məkanların, dəyişkən
insan psixologiyalarının və müxtəlif mədəniyyətlərin
tərcüməsidir.
Kitabdakı hər bir mətn ölkə, müəllif, mövzu və
üslub baxımından fərqli yanaşmaları əks
etdirir. Tərcümə prosesinə müstəsna həssaslıqla
yanaşıldığındandır ki, yalnız yazıçıların
ədəbi yaradıcılıq aləminə deyil,
onların şəxsi dünyalarına da pəncərə
açılıb.
Seyfəddin Hüseynli bu
kitab vasitəsilə Azərbaycan oxucusuna dünya ədəbiyyatının
hüdudsuz ədəbi, bədii, psixoloji üfüqlərini
tanıdır və o hüdudların ötəsinə
körpü salır...
Kitabı
istər oxucu kimi hər şeyi unudub mütaliə edəndə
də, istər filoloq kimi cümlələrin, sözlərin
arasında didinib dərinliklərinə varanda da bir daha əmin
olursan ki, mübaliğəsiz, tərcümələrdəki
dilə, üsluba və peşəkarlığa söz ola
bilməz. Hekayədən-hekayəyə adladıqca, essedən-esseyə
keçdikcə, sanki ölkə-ölkə gəzirsən.
Amma bu, elə belə, məcburi bələdçi ardına
düşüb gedilən bir səyahət deyil, sanki hər
yeni ölkənin parıldayan paytaxtını da, gecəqondu
məhəllələrinin boz üzünü də bədii
sözün gücüylə "görüb"
keçirsən: hər ölkədən qiymətli nəsə
əldə edərək, "damaq zövqü"ndə bir
fərqli tam - dad, qəlbində bir başqa zövq, ruhunda bir
ayrı hissiyyatla əsl bədii söz bayramı
yaşayırsan ...
Həyata,
insana, ədəbiyyata,
incəsənətə münasibətdə
maraqlı yanaşmaları, müxtəlif tarixi, mədəni,
ictimai məsələləri öz dilinə hər
baxımdan uyğunlaşdırmaq, xüsusilə də, bədii
tərcümə prosesində hər zaman ən çətin
məqamlardır. Seyfəddin Hüseynli məhz bu çətinliyin
öhdəsindən gələrək, hər bir mətnin tərcüməsinə
(hiss olunur ki, elə redaktəsinə də) az qala, bir sənət
əsəri kimi yanaşaraq, həm dilin incəliklərini, həm
də cəmiyyətin içindəki sosial-siyasi dinamikanı
nəzərə alıb. Redaktə demişkən, kitabın
redaktoru Südabə Ağabalayevanın, korrektoru Gülzar Səfərovanın
da nəşrə son dərəcə məsuliyyətli
yanaşmasındandır ki, ən tələbkar oxucunun da
qarşısına filoloji-qrammatik cəhətdən "tərtəmiz"
şəkildə çıxması təmin edilib.
Fərqli
bədii-estetik
təmayüllərin ahəngdar təqdimatı...
Kitab fərqli
dövrlərin və istiqamətlərin bədii dillərini,
poetik xüsusiyyətlərini əks etdirir. Modernizmdən-postmodernizmə,
ekspressionizmdən-realizmə və absurdizmə qədər -
tərcümə zamanı diqqətəlayiq xüsusiyyətlərdən
biri və birincisi, Seyfəddin Hüseynlinin orijinaldakı
özünəməxsus dil və üslub istifadəsini
qoruyub saxlamaqla, eyni zamanda doğma dilimizin ədəbi
imkanlarından səxavətlə, amma məsuliyyət hissini
unutmadan istifadə etməsidir. O, hər bir cərəyanın
tərcüməsini mümkün qədər orijinal ruhda
qorumağa çalışıb, amma eyni zamanda həmin cərəyanın
özündəki bədii-estetik təmayülü də
dilimizin doğma ahəngi ilə oxucuya
çatdırmağı bacarıb.
Seyfəddin Hüseynli tərcümə
prosesinə həm bədii, həm də
psixoloji və fəlsəfi aspektdən yanaşaraq oxucunu
dünyaya fərqli bir pəncərədən baxmağa dəvət
edir, beləliklə, mütərcim təkcə "Tərcümə
təcrübələri"ni deyil, özünün yüksək
ədəbi zövq anlayışını da oxucularla comərdliklə
bölüşür. Bu tərcümələr həm də
mədəniyyətlərarası əlaqələrin daha
sağlam qurulması üçün dayanıqlı
körpülərdir. Sözügedən kitab hər bir ədəbiyyatsevər
üçün yalnız bir mütaliə vasitə-təcrübəsi
deyil, həm də ədəbiyyat və tərcümə
haqqında yeni düşüncə tərzinin
formalaşmasına yol açan qiymətli nəşrdir.
"Tərcümə təcrübələri"
- bədii tərcümə sənətinin
yalnız dil zəminində ötürülməsi deyil, həm
də mədəniyyətlərarası düşüncə
və incəsənət mübadiləsinin təcəssümüdür.
Seyfəddin Hüseynli tərcümə təcrübələri
ilə oxucuya yalnız müəllifin ədəbi
potensialını tanıtmayıb, həm də hər bir əsərin
daxilindəki psixoloji, fəlsəfi və estetik qatları da təqdim
edə bilib.
Tərcüməçi bu əsərləri yalnız
konkret cəmiyyətin tələblərinə
uyğunlaşdırmaqla kifayətlənmir, həm də sənətin
estetik funksiyasını qorumağa çalışır.
Kitabdakı hekayələr, esselər və ədəbi
söhbətlər, insanın həyatı anlamağa
çalışarkən üzləşdiyi paradoksları və
çətinlikləri ön plana çıxarır. Bu tərcümələrdə
yalnız yazıçının şəxsi
baxışları deyil, həm də həmin dövrün
sosial-siyasi şəraiti də aydın nəzərə
çarpır. Hekayələr, esselər və ədəbi
söhbətlər hər bir dövrün ideoloji təsirlərini
və onların bədii dildə necə əks olunduğunu
göstərir.
"Tərcümə təcrübələri"
sanballı müəlliflərə
xitab etməsi ilə həm də gələcəyin ədəbiyyatının
tərcüməsidir. Bu əsərlər bədii tərcümənin
insan həyatını, düşüncəsini və
dünyagörüşünü necə dəyişdirdiyini
və necə bir sənət formasına çevrildiyini də
göstərir. Seyfəddin Hüseynli hər bir əsərlə
yalnız mədəniyyətlərarası əlaqə
qurmaqla kifayətlənmir, həm də ədəbiyyatın
saflaşdırıcı gücünə, əsl söz sənətinin
gələcəyinə olan inamı oxucuya ötürür...
Doğma dil kontekstində
"sərhədləri aşan"
mozaik prozaika
"Tərcümə
təcrübələri"nin "Hekayələr"
bölümü kitabın böyük hissəsini təşkil
edir və burada yer alan tərcümələr öz orijinal
mahiyyətlərini tam mənada saxlayaraq və eyni zamanda
doğma dil kontekstində dərin bir təsir yaratmaqla "sərhədləri
aşır".
Kitabın ilk səhifələrindən mütərcim Beat cərəyanının
inkarçı ədəbi bütü sayılan Riçard
Brotiqanın "Birinci Dünya müharibəsi... "Los
Anceles" təyyarəsi" və "Qocalar avtobusu"
hekayələrini təqdim edərək, ənənəvi mənada
deyil, sayğılı metaforik anlamda "Amerika
açıb". İndiyədək Riçard Brotiqanın
"Qarpız şəkərində" əsərini
türk dilində oxumuşdum, orada yazıçının
absurd distopiyasından sonra, indi də bu hekayələrdə
konkret hadisələrdən daha çox, onların
yaratdığı atmosferə və duyğulara fokuslayan bəzən
şairanə, hərdən də minimalist müəllif təhkiyəsinə
yenidən heyran qaldım: "...Hamımız naqolay narahat
durumdaydıq. Bu necə olmuşdu? Niyə biz qəflətən
qəddar taleyin əlində oyuncağa çevrilmişdik,
niyə bir-birimizdən gözümüzü çəkə
bilmirdik?.." Təbii ki, bu təhkiyənin
dilimizə yüksək səviyyədə "transfer"ində
tərcüməçinin müstəsna məsuliyyətli,
yaradıcı və peşəkar yanaşmasını da
yenidən xatırla(t)maq yerinə düşərdi. Bu
xatırlatdığım məqam sonunacan kitabın ruhuna
hakimdir. Mütaliə zamanı hər mətndən zövq
aldıqca kitabda üç hekayəsi ilə yer alan
Çexiya yazıçısı İvan Kraus kimi hər kəsə
demək istəyirdim ki: "Oxuyun, ay millət!"
Yazıçının eyniadlı hekayəsində və eynən
bizdə keçirilən kitab təqdimatlarını "bəzəyən"
maraqlı tipajlarla zəngin "Təqdimat mərasimi"
hekayələrində yumorun ironiyaya, bəzən sarkazmın
da bunların hər ikisinə qarışıb insanı
güldürən və düşündürən
ab-havası var. Bu ab-havadan söz düşmüşkən,
qeyd eləmək istərdim ki, ümumiyyətlə "Tərcümə
təcrübələri" kitabının, demək olar ki,
bütün ruhuna intellektual yumorun və ironiyanın hər
tonu hopub... Haradasa oxucu intuisiyası ilə hiss edirəm ki,
Seyfəddin Hüseynli sanki məhz o tonların ədəbi
ifadəsinin öz əksini tapdığı mətnlərin
tərcüməsinə daha meyillidir və tərcümə
seçiciliyində mütləq bu xüsusiyyəti də nəzərə
alır...
Və bu intellektual, sarkastik mühitdən tərcüməçi
sanki oxucunun diqqətini götürüb qəfildən əski
Çin nəsrinə doğru qanadlandırır. Qədim
dövrün (I-X yüzilliklər arasında
yaşamış) Çin ədibləri Li Fu-Yanın
"Qabaqcadan bilinən evlilik"dəki fatalizm inancını
sorğuladıqdan sonra, Xuanfu Şinin "Səfehlər kəndi"nə
düşürük - həm də doyunca güldürən
"Alt çənə əhvalatı" ilə...
"Əcnəbilərin niyə
sevilmədiyini" isə
İngiltərə yazıçısı Cerom Klapka Ceromun
ingilislərə məxsus özünükiçiltmə
(self-deprecating) yumoru ilə yazdığı hekayəsindən
anlamaq olar...
Kitabda hekayələri verilən
italyan nəsrinin üç usta ismi -
İtalo Kalvino, Luici Pirandello və Canni Rodarinin fərqli
üslublarda yazdıqları, amma ümumilikdə absurdizm, cəmiyyət
və fərdin qarşıdurması fonunda daxili ziddiyyətləri
təsvir edən hekayələri bədii ədəbiyyatda
psixoloji və paradoksal dərinlik həvəskarlarının
doyunca zövq alacağı qəbildəndir. Bu
üçünün arasından sevimli yazıçım isə
daha çox Luici Pirandellodur, çünki: "Bəzi
öhdəliklər" mütləq olmalıdır,
labüddür bu. Olmasa yaxşıydı, ancaq var bunlar".
Və ardınca da "Qatar fit verdi" - belə
"fit"lər bizi "miskin məişətdən,
çəkdiyimiz əzab-əziyyətdən qoparmaq"
üçündür...
Yer üzündə göz işlədikcə uzanan ucsuz-bucaqsız əraziyə
malik Rusiya, bu kitabın da böyük hissəsini -
doğulduğum yerləri andıran doğma təhkiyə ilə
yazmış - bir çox ədibin hekayə və esseləri
ilə, sözün yaxşı mənasında, "zəbt"
edib: Mixail Bulqakov, Fazil İskəndər, Sergey Lukyanenko, Yuri
Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman Sençin, Aleksey Varlamov,
Gözəl Yaxina, Mixail Yelizarov, Mixail Zoşşenko, Dmitri
Merejkovski, Aleksandr Soljenitsın, Vladimir Krupin, İqor Yevdokimov
və Larisa Obaniçeva... Fərqli ədəbi cərəyanların
təmsilçiləri olsalar da, ümumiləşdirici
yanaşsaq, bu yazıçılar həm fərdi, həm də
sosial təcrübələrinə söykənərək əsərlərində
müxtəlif dövrlərin və şəraitin təsirini,
insanın daxili dünyasını, mənəvi və fəlsəfi
dilemmasını dərin şəkildə qələmə
alıblar. Əslində könül istərdi ki, kitabda yer
alan hər bir əsərin bədii-fəlsəfi məziyyətləri
və ədəbi tərcümə keyfiyyəti haqqında
ayrıca fikir bildirəsən, amma bu, elə ən azı
"Tərcümə təcrübələri" həcmində
bir kitab demək olardı. Ona görə də oxuculara
kitabı bütünlüklə oxumağı tövsiyə
edib sadəcə, konkret qısa misallarla aldığım
mütaliə zövqünün təfərrüatlarını
dadardoymaz anlada bilirəm.
Təfsilatlı,
təsirli təsvirlər və təfsirlər
Mixail
Yelizarovun "başmetsifət" "Maşa"sı
haqqında isə ayrıca yazmaqdan özümü saxlaya bilmədim.
Evli-uşaqlı kişinin sevgilisindən ayrılandan sonra
çəkdiyi ironik eşq acısı fonunda həyatındakı
o boşluğa girməyə icazə verdiyi, "təsəlli
payı" adlandırdığı
fırıldaqçı, manipulyator Maşa haqqında
yazılan bu hekayədə pelevinvari bir hava da əsir sanki.
Yelizarovun özünəməxsus zəngin dil oyunları, həmçinin
"estetik" biədəb ifadələri, göndərmələri
və qara yumoru da öz yerində... Ayrılıq
acısını belə fizioloji proseslərin vasitəsilə
bədii şəkildə işləyən
yazıçının qəhrəmanı
yağışdan çıxıb yağmura
düşür. "Sarışın pupida"sının
yerini həm emosional, həm də psixoloji cəhətdən əsərin
qəhrəmanı üçün çətin bir
sınağa çevrilən Maşa tutur. Müvəqqəti
də olsa. Ehtimal ki, bu hekayə tərcüməçinin təkcə
bədii tərcümə baxımından deyil, həm də
müəllifin çoxsaylı, rəngarəng göndərmələrinin
(Çexovdan başlamış, slavyan, yunan mifologiyasına,
Merilin Monronun məşhur mahnısından Korney
Çukovskinin məşhur "Aybolit"inə, rus
folklorundan fin rəqsinə, Qusar balladasınacan...) təfsilatlı
təfsirinə görə, yəqin ki, üzərində ən
çox işlədiyi, zəhmət çəkdiyi əsərlərdəndir.
Bununla da Seyfəddin Hüseynli sanki oxucunu müasir rus nəsrinin
bu ziddiyyətli, maraqlı və intellektual prozasına
"hazırlıqlı vəziyyətə gətirir". Və təkcə bu hekayədə deyil...
...Kitabda yer alan yeganə Suriya yazıçısı İbrahim Samuelin "Öhö-öhö" hekayəsini oxuyanda sarsıldım. Təxmin edin: hekayədə nədən söz açılır? Həbsxana dəhşətlərindən! Tərcüməçinin sanki xüsusi intuitiv ədəbi, həm də tarixi bəsirətlə müraciət edib illər öncə dilimizə çevirdiyi bu hekayənin məzmunu indi daha da aktualdır. Hekayəni oxumağımdan bir neçə gün sonra ortalıqdan yox olan Suriya diktatoru Bəşər Əsədin ağlagəlməz edam və işgəncələrinin yeraltı "dünya"sından - Sednaya həbsxanasının varlığından dünya ictimaiyyəti böyük üzüntüylə xəbər tutdu... İnsanları canlı-canlı presləyən alətlərin göstərildiyi tükürpədən kadrları televiziyada izləyəndə İbrahim Samuelin hekayəsinin son cümlələrini - qorxunc həyatın ədəbiyyatdakı uğurlu bədii təsvirini bütün sarsıdıcı və qorxunc təsiri ilə yenidən xatırladım: "Elə bil yuxarıdan nəhəng bir qapaq düşdü, altında qaldım: kamerama burum-burum sızan işıq qeybə çəkildi. Zindan buz kimi soyuq vücudumun üstünə örtdü divarlarını..."
Türkiyə yazıçılarının bu kitabda mütaliə zövqümüzü artıran hekayələri və esseləri də çox dəyərli ədəbi örnəklərdir. Xüsusilə də, Ercan Kesalın melanxolik türk filmləri ruhunu ehtiva edən, qorxuları ilə üzləşməyə çəkinən insanların psixoloji yaşantılarını anladan "Qorxma, burax əllərimi..." hekayəsi və Semih Gümüşün söz(l)ə işləyənlərin hərtərəfli müşküllərindən bəhs edən "Redaktorluq qəliz peşədir" essesi...
Ən sevdiyim janr olan esselər haqqında danışarkən, Aleksandr Soljenitsın, Tomas Bernhard, Kurt Vonnequt, Mario Varqas Lyosa, Mario Benedettinin "Tərcümə təcrübələri"ndəki ayrıca "Esselər" bölməsində təqdim edilən qiymətli əsərlərini xüsusilə vurğulamaq olar. Uğurlu tərcümə ilə dilimizə bəxş edilən bu esse örnəklərini, yazmaqdan və oxumaqdan zövq alanlar üçün, dil, üslubiyyat, mövzu baxımından ədəbi məktəb rolunu oynayan nümunələr hesab etmək olar.
Kitabın "Söhbətlər" bölümündə Mario Varqas Lyosa ilə Qabriel Qarsia Markesin roman haqqında söhbəti, israilli yazıçı Edqar Keret, macarıstanlı ədib İmre Kertes, türkiyəli yazıçı İskəndər Palanın müxtəlif vaxtlarda verdikləri müsahibələr bədii təfəkkürün daha rahat və informativ bir şəkildə oxucuya çatdırılmasına imkan verir. Bu söhbətlər ədəbiyyatın gələcəyi, sənətin rolu və yazıçıların cəmiyyətdəki mövqeyi ilə bağlı oxucunu dərindən düşünməyə dəvət edir.
"Tərcümə təcrübələri"nin dil və ifadə zənginliyi baxımından da oxucu rəğbətini qazanacağını düşünürəm. Seyfəddin Hüseynli tərcümə zamanı orijinal mətni naşı tərzdə "azərbaycanlılaşdırmadan" (bizim bədii tərcümə sahəsində bu lüzumsuz tendensiyaya da çox rast gəlinir), amma Azərbaycan dilinin mümkün metaforik qatlarından, çoxçalarlı təsvir-ifadə üsullarından, frazeoloji birləşmələrdən, idiomatik vahidlərdən, bəzən hafizəmizin qaranlıq küncündə gizlənən, lakin tərcüməçinin ustalığı ilə yaddaşımızdan boy göstərən sözlərdən yerində istifadə edərək (naqolay; çovumaq; ələngə; səydərəş; ötərgi; ciyərparam; pasternaksayağı döy-sındır; hönkürtüqarışıq cikkə; durduğu yerdə uçalanmaq, "qırdıqaçdı naşirlik" və s.) xarici müəllifləri azərbaycanlı oxucuya daha da doğmalaşdırıb. Amma yerbəyer: şəhərə xas, urbanistik düşüncəli nəsri öz dilində, kənddən bəhs edən, hardasa idillik məzmunlu nəsri də məxsusi ifadə vahidlərilə.
...Kitabda Mario Varqas Lyosa ilə Latın Amerikasında roman mövzusunda söhbəti verilmiş Qabriel Qarsia Markes deyir: "Mənim aləmimdə, istənilən böyük ədəbiyyat nümunəsi konkret gerçəkliyə əsaslanmalıdır..." Sonda, dahi Markesin bu cümləsinə söykənərək, demək istədiyim yekun fikir budur ki, "Tərcümə təcrübələri" bütövlükdə - istər müraciət edilən müəlliflər və mövzular baxımından, istərsə də bədii tərcümənin uğurlu ifadəsi aspektindən - həm konkret gerçəkliyə əsaslanan, həm də onu böyük ustalıqla təcəssüm etdirən əsl ədəbiyyat hadisəsidir.
Sevinc
MÜRVƏTQIZI
Ədəbiyyat
qəzeti.- 2024.- 20 dekabr, №50.- S.26-27.