Səni bağışladım,
dost!
Hekayə
31 dekabr tarixinə keçmədən hər şey alt-üst olmuşdu. Körpüdən qanad açıb qaçmaq istəyən Ay göy üzünün qollarında
yuxuya daldı...
Əziz
dostum, sənin "ən sevimli dostun" olaraq deyil, bu dəfə
sənə yad olan bir şəxs kimi bu yazını
qələmə alıram.
Sənə qəlbimdə
sevgidən çox, böyük bir boşluq hissi var. Bu boşluqda nə nifrət, nə də sevgi var. Səni artıq aylardır ki, görmürəm,
bax, yenə bir neçə gündən sonra Yeni ilə qədəm qoyacağıq. Bir saatdan sonra soyuq, tozlu
küçədə bir
balaca qızcığaz
səni gözləyəcək.
O, sənə heç
nə deməyəcək,
amma sən onun gözlərinə diqqətlə bax. Nə görəcəksən,
nə hiss edəcəksən,
bilmirəm, amma diqqətli ol...
Aybəniz evdə oturub, telefona baxırdı. Bu gün məktəb olmadığı üçün
istirahət edirdi. Küçədə hava
çox soyuq olduğundan evdə pəncərənin kənarından
seyr edirdi. Birdən telefonuna mesaj gəldi. Sinif qrupundan mesaj gəlmişdi. Mesajlar o qədər çox idi ki, oxuyub çatdıra bilmirdi. Birdən Elmardan mesaj gəldiyini gördü:
Salam, Aybəniz. Yeni ilə qədər bizim fotolarımızı silməyini
xahiş edirəm. Ümumiyyətlə, nə
profildə, nə də statusda qalsın. İstəmirəm.
Aybəniz mesajı oxuduğu
an donub qaldı. Gözlərindən bir-iki
damla telefonunun ekranına damladı. Sanki
o an dünya gözləri
önündə fırlanıb,
onu dərin bir boşluqda ağuşuna almışdı.
Hər tərəf qaranlığa boyandı.
Şiddətli şimşəyin
səsi də elə buna işarə idi.
Birdən
qapı döyüldü.
Aybənizin anası otağın qapısını
yavaşca açıb,
soruşdu:
- Qızım, yemək hazırdır.
- Ana, bir az gözləsək?
- Nolub, qızım? Hər şey yaxşıdır?
- Ana, al bu mesaja sən
də bax, məncə, mənim demək istədiklərimi
anlayacaqsan.
Aybəniz əlləri əsə-əsə
telefonu anasına uzadıb, gözlədi. Gözlərindəki damlalar
yanaqlarından yavaş-yavaş
süzülərək, yastığına
damladı. Anası mesajı oxuduqdan sonra, qızını qucaqlayıb dedi:
- Qızım, bu Elmar ola bilməz.
- Bəlkə biz yaxşı
tanımamışıq, ana?
- Sənmi? İnana bilmirəm...
- Mən onu heç
vaxt bağışlamayacam.
Aybənizin söylədiyi "mən
onu heç vaxt bağışlamayacam"
sözü, bəlkə
də artıq onların dostluğunun bitdiyi bir yerdə
idi. Bu körpü bu gün qırılacaqdı,
məhz 30 dekabr 23:35 radələrində.
Ayağa
qalxıb, otağından
çıxdı. Anası
ilə məsləhətləşib,
onun mesajına cavab yazıb-yazmamağını
soruşdu. Anası isə son qərarı Aybənizin verəcəyini
deyib, susdu.
İnsanın yaralarını bir
bantla bağladığında
keçəcəyini düşünür,
amma bəzi yaralar var ki, bunların sağalması qeyri-mümkün
olur. Torpaqda ölüm qoxusu hiss etdiyində, insan damarlarında axan qan kimi hər
şeyin titrək və qorxulu olduğunu düşünür.
Mən bu yaramı bantla bağlasam da, torpaqdakı
ölüm qoxusu kimi, xəyanəti çəkib ala bilmərəm.
Mənim vücudum sağlamdır, amma qəlbimin hər bir parçası xəyanətə uğradığından
qırılıb, sadəcə,
bir toz halına
çevrilib. Bu toz parçaları o qədər
görünməzdir ki, mən
yalnız ağrını
hiss edirəm. Bunlar yenidən toplansa belə, ağrısını
hiss edib, sağaltmaq mümkün deyil.
Səni
bağışlayacam, yaxud
"heç vaxt"
bağışlamayacam deyə
bilmərəm, dost. Ancaq
unutma ki, 2021-ci il tarixində
30 dekabr sənin adın mənim həyat kitabımdan silindi. İndi sən mənə buludlardakı ulduzlar qədər uzaqsan. Bilirsənmi, mən heç vaxt ulduzları sevməmişəm, çünki
o qədər çoxdurlar
ki, bəzən sayını
itirirəm, eynilə sənin kimi. Mən qaranlıqda yalnızca parlayan Ayı sevirəm və sənə ən ədalətli cavabım da budur. Mən göylərin qızıyam, dost, sənin
xəyanətin isə
yağış damlalarının
torpağı isladıb,
sonra da palçıq
kimi insanların üstündən keçdiyi
qədər boşdur.
Bəli, sən bir torpaqsan, amma torpağın altındakı nə budaq, nə də o budağın çiçəyisən. Sən
bu gün mənim budaqlarımı qırdın, amma nə yaxşı ki, qırıb, parça-parça
etdin, çünki səndən bir parçam qalacağı yerinə, qanadsız göylərə qaçmaq
daha ədalətlidir!
Bir gün yenidən görüşəcəyik və
sənin həmin əllərinlə toxunduğun
torpaqda ağlatdığın
qızın göz yaşları olacaq. Bu göz yaşları bir toxum kimi
böyüyəcək və
hər dəfə boy
atdıqca sənə
ah-nalə çəkib,
deyəcək: mən
2021-ci il, 31 dekabr gecəsini
unutmadım, qaranlığın
kobud məzlumu! Bəli, sən məzlumsan. Bax, sənə nə alçaq, nə də xəyanətkar deyirəm, mən səni məzlum adlandırıram!
Bu gün bu torpağa
göz yaşlarımla
birgə səninlə
olan bütün xoş xatirələrimi də basdırdım. Ölümdən qorxma, bir gün göylərdə
deyil, bu böyük, tufanlı şəhərdə qarşılaşacağıq,
əmin ol. Salamat qal, yarım qalan arzularımın kabus dolu ilham
mənbəyi!
Aybəniz telefonu açıb,
Elmara mesaj yazmaq istədiyində, birdən qapı döyüldü. Qapıya
tərəf yaxınlaşıb,
açmaq istədiyində
dayandı. Qapının
gözlüyündən baxanda
kiçik bir qız uşağı əlləri ilə bədənini qucaqlayıb,
kənarda dayanmışdı.
Aybəniz tez qapını açıb,
onu içəriyə
aldı:
- Balaca, sən kimsən?
- Mən...
- Sən?
- Mən sənə bunu vermək üçün gəlmişəm.
- Bu nədir ki?
- Burax məni, gedim.
- Balaca, məndən qorxma, adın nədir?
- Adım... Adım Ay...
- Ay, məmnun oldum, amma bunu sənə
kim verdi?
- Ee... El...
- Qorxma, gülüm, de.
- Elmar...
Aybəniz birdən-birə donub
qaldı. Bu balaca qızcığaz kim idi? Elmarın göndərdiyi bu məktub?
- Sən onu hardan
tanıyırsan, Ay?
- Göylərdən...
- Göylər?
- Aybəniz, sən bayaq yazdığın məktubu xatırlayırsan?
- Yox, axı mən
məktub yazmamışam....
- Çünki sən keçmiş ildə idin. Bundan bir
neçə dəqiqə
öncə axıdılan
göz yaşların
quru torpağı islatdı. Sən Elmara olan bütün
duyğularını o torpağa
basdırdın. Mən
isə sənin göz yaşlarının
damla-damla toplanıb, göylərdə yaşayan
qızıyam, yəni
Ay. İndi sən azadsan,
Aybəniz, amma Elmarı da azad burax ki, ruhundakı o nifrət duyğusu torpaqdakı qırılan
budağı incitməsin...
O qırılan budaq Elmar idi. Bütövləşən
ruhu Aybənizə bağlı olan Elmarın budaqları məhz Yeni ilin gecəsi qırılmışdı.
Elə dediyi kimi, Yeni ilə birgə addımlayan bu iki dost, indi
bir-birinə yabançı
bir insana çevrilmişdilər.
Aybəniz gözlərini qapadıb,
dərindən nəfəs
aldı. Gözlərini
açdığında özünü
evdə deyil, bomboz, ətrafı duman almış bir küçədə tapdı. Dizləri yaralanmış, saçlarına
şamın əriyən
parçacıqları yapışmışdı.
Ayağa qalxdı, amma nə sağa,
nə də sola bir yol vardı.
Saçlarına yapışan
şam dənəciklərini
nə qədər təmizləməyə çalışsa
da, amma təmizlənmirdi.
Dərindən bir hönkürtü çəkib,
qışqırdı:
- Tanrım, saçlarımdakı
bu şam dənəcikləri məni
çox incidir! Axıdılan göz yaşlarım yanaqlarımı
yandırır! Mən
onu bağışlayıram,
amma onun ruhunu məndən al, azad burax!
- Mən burdayam, Aybəniz!
- Sən!
Aybəniz önündə gözlərini
kor edən bir işıq gördü. Bu işıq
o qədər bəyaz
idi ki, gözlərini
kor etdiyi qədər incidir, ağrı verirdi. Bu işıq gözdən çəkildikcə, bir naməlum şəxs ağır addımlarla gəlirdi. Əlində bir təqvim və qlobus vardı. Gözləri bağlı olduğundan kimliyi məlum deyildi. Aybəniz şiddətli yağışda
addımlaya bilmədiyi
üçün yüksək
səslə qışqırıb:
- Sən kimsən? Cavab ver!
Naməlum şəxs əlindəki
qlobusu və təqvimi Aybənizin qarşısına qoyub dayandı. Bu, Elmar idi. Onun addım səslərindən bunu
hiss etmək olurdu...
- Elmar...
Aybəniz ayağa qalxıb,
Elmarın əlindəki
qlobusu götürdü.
Bu qlobus formasında olan əşyanın ətrafında ikisinin çəkdirdiyi fotolar vardı və hər fotonun üstündə tarixlər
yazılmışdı.
Elmar əlindəki təqvimi Aybənizə verdikdən
sonra çevrilib getdi. Hər addımında bir qara, sovrulmuş çirkli toz kimi əriyirdi. Addım atdıqca hər toz parçaları
toplanıb, bir şama çevrilirdi.
Nəhayət, bu toz parçacıqları bütövləşib,
şam oldu. Aybəniz saçlarındakı
bəyaz şamları
yerə qoparıb atdıqca, bu bəyaz şamlar da bütövləşən qara
şamı qucaqlayırdı...
Təqvimin üzərində yazılmışdı:
Səndən "üzr istəməyi"
bacarmayan Elmarın hədiyyəsidir, Aybəniz.
Artıq həyatının
heç bir səhifəsində mənim
adım yoxdur. Əgər kölgəmin
belə qalmağını
istəmirsənsə, əlindəki
qlobusu parçala.
Aybəniz qışqıraraq, qarşısında yanmayan
şama baxıb, qlobusu önünə atdı. Paramparça olan qlobus birdən
alovlanıb, kül oldu. Aybənizin uşaqlıq xatirələri
bu qlobusla birgə məhv olub, qaranlığa məhkum edildi...
- Aybəniz!
Aybəniz arxaya çevrilib
baxdığında balaca
qızcığazın ona
tərəf qaçdığını
gördü.
- Ay! Sən hardan çıxdın?
- Mən həmişə sənin yanında idim. Aybəniz, keçmişindən qurtuldun!
- Bəs, o saçlarımdakı
bəyaz şam dənəcikləri nə
idi?
- Sənin yarım qalan sevgin. Elmar sənin sevginin dəyərini bilmədi. Sizin dostluğunuz bu şam qədər
yarımçıq idi.
Xatırla, 31 dekabr
2021-ci ili...
- Xatırladım, Ay, Elmar gecə
12 tamam olmadan Yeni ildə birgə olmamağımızı söyləmişdi...
- O sənin həyatında heç vaxt dost olmayıb, Aybəniz.
İndi bəyaz şam
dənəcikləri də
o sovrulmuş toz parçalarına qaçıb,
səndən qurtuldular.
Bu gördüyün qlobus,
şəkillər və
təqvimsə boş
idi. Elmar sənin həyatında nə nifrət, nə də sevgi idi.
Bu bəyaz şam və qara şam
kimi sovrulmuş toz parçası qədər boş və mənasız idi.
- Yəni, Elmarın daxilində az da olsa, sevgi qırıntıları
heç vaxt olmayıbmı?
- Yox, Aybəniz, olub, amma o sənin
uşaqlığındakı Elmarda idi. Sənin
görmək istədiyin
Elmar göylərin qızını
sevirdi, amma bu Elmar isə "qaranlıqdakı kabusun nifrətli bir məzlumu" idi. Ondan qurtuldun!
Aybəniz yalın ayaqlarıyla
qarşıya addımlayıb,
əllərini torpağa
basdı. Bu dəfə
torpaq yaş deyildi, deyəsən, göz yaşları qurumuşdu. Torpağın
üstündə qalan
yalnızca bir belini bükən budağın palçığa
bulanmış halda olması idi ...
Səni
bağışladım, dost! Əlvida, uşaqlığımın
ən gözəl xatirəsi! Səni də göz yaşlarımla birgə əfv etdim! Məni incitsən də, indi sənə
nə sevgim, nə də nifrətim var. O qlobusdakı
şəkillər şam
dənəciklərini qucaqlayıb
əridikdən sonra, içimdə bir boşluq qaldı. Yalnızca bir səs mənə "Əlvida!" - dedi...
Səma Muğanna
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.46.