Əllərim
Mən həyat
yollarını əllərimlə yeridim,
ayaqlarımla deyil,
taleyimin
üzünü
əllərimlə köçürdüm ağ kağıza,
gözlərim şahiddir
başıma gələnlərə...
indi hər kəs məni
əllərimdən tanıyır,
çox
vaxt ayaqlarım gedə bilməyən yerlərə
əllərim gedib çatıb,
ayaqlarım şahiddir...
Nə yaxşı əllərim
varmış,
bir az zirək, bir az ürək əllərim,
yıxılmayan ömrümə
ürək-dirək əllərim...
19.04.2023
***
Pulqabım
həmişə ümidlə dolu oldu,
ümidlə isindi ciblərim,
ürəyimi üşüdən pulsuzluq
xroniki xəstəliyə çevrildi,
döş cibimdə yuva qurdu təzyiq dərmanı,
arzular naziri postundan
istefa verdim,
taleyə
təslim etdim bu canı,
keçdikcə günlər, azaldıqca
ömür
böyüdü çarəsizliyim...
Artıq
buralarda ömrü ələ keçirmiş
əbədi bir qış
var,
bəlkə
yanlışda da bir naxış
var...
10 may,
2023
***
Heç
nəyim qalmayıb sənə verməyə,
bircə
ürəyimdən savayı,
heç nə.
Yəqin
ki, onu da sən istəməzsən,
odur ki, getməyək daha dərinə,
sən öz yolunla get, mən
öz yolumla.
11 may,
2023
"Atamla
söhbətlər"
silsiləsindən
Atamın
şəklinə sataşdı gözüm,
zəhmli
baxışdan çəkindim
yenə.
Ovcumu yandırdı siqaret közü,
bir az yığışdırdım
özümü yenə.
Şəklinin
önündə ayağa durdum,
sandım
yenə məni danlayacaq o.
Boş qoyub gəlmişdim o
doğma yurdu,
bəlkə, bəlkə məni
anlayacaq o...
Danışa
bilmədim uğurlarımdan,
günahım bənd kimi kəsdi yolumu.
Günahım yapışdı ayaqlarımdan,
bağladı əlimi, tutdu qolumu.
Qayıda
bilmədim ata yurduna,
qaytara bilmədim ata yurdumu.
Arabir baş çəkib tək məzarına,
deyirəm: bağışla bivec
oğlunu.
Şəkildən
siqaret tüstüsü qalxır,
fikri uzaqlara dəyib qayıdır.
Deyən,
şəkildə də
atam darıxır,
şəhərdən o, yenə kəndə qayıdır...
16.05.2023
***
Günəşi
nuş etdim, canım isindi,
Külək boğazımdan keçmədi,
neynim.
Mən öz əllərimi yeyib bitirdim,
Bilək
boğazımdan keçmədi,
neynim.
Köynəkdən
ayrılan düymədi baxtım,
Saman tayasında iynədi baxtım.
Ayları,
illəri neylədi baxtım,
Fələk boğazımdan keçmədi,
neynim...
17 may,
2023
İkimiz
Ötən
ömrə bəraətdi bu sevgi,
gəl,
bu hissə təslim olaq ikimiz.
Kim desə ki, cinayətdi bu
sevgi,
sevgimizə vəkil olaq ikimiz.
Bax
gözümə, özünü gör gözümdə,
gözəlliyə mat qalarsan özün
də.
Bir söz deyim, amma çıxma sözümdən,
bir kadrda şəkil olaq ikimiz.
Qaçıb
yenə gözlərimin yuxusu,
nəfəsimdə saçlarının qoxusu.
İslanmışın yağışdan
nə qorxusu?!
Bir günaha şərik olaq ikimiz...
22.05.2023
Sonuncu
dərviş
İnsanların dünyagirliyi dünyanın
rahatlığını pozur.
Dünyanı Rahat buraxmaq
istəmirlər. Onəlli yaxasından
yapışıb nəfəsini kəsirlər.
İnsanların TAMAHı az qala, dünyanın
özünü də əzib keçir. İnsanın doymaq
bilməyən iştahası artdıqca dünya da
balacalaşır. Yeyib bitirirlər dünyanı... Bir zamanlar İnsan Təbiətdən
aman diləyirdi, indi Təbiət İnsandan mədət umur...
Sonuncu dərvişəm
mən yer üzündə,
Nə vəzifəm oldu, nə pulum-param.
Bir ölmüş adam var mənim
içimdə,
Dostlar arasında gəzən məzaram...
Dostlar, qədim
dostlar, antikvar dostlar,
Sözün şəhidinə yas
saxlamazlar,
Böyründən saymazca ötüb
keçərlər.
Sözü pilləkana çevirər
onlar,
Dost
adlı məzarı basıb keçərlər.
Bu xırda
adamlar, kiçik adamlar
Haçan böyüdülər, haçan şişdilər?
O kiçik komalar, o
kiçik damlar
İmarət oldular, saray oldular?!
Bu xırda adamlar, kiçik adamlar
Divtək
böyüdülər, divtək
şişdilər...
Gördün
tək qalmısan ömrün düzündə,
Gəl,
qoşul sonuncu dərvişə sən də.
Bağışla, bağışla bütün
dostları,
Gedək...
Gedək üzü Allaha sarı!!!
27 may,
2023
***
Taleyimiz
bizdən güclüdür,
neyləsək də, ömür
keçər,
sonda xatirələr qalırsa,
yetər...
28 may,
2023
***
Sənə
buludsuz göy üzü necə yaraşır, göyərçin,
Xəyallarım da sənintək orda
dolaşır, göyərçin.
Qanadlarını
ver mənə, özüm də uçum yanına,
bu yer adlı cəhənnəmdə
ruhum darıxır, göyərçin...
Balıq
nəfəsli Kür çayı susub, xəyala qərq olub,
Səndən xəbərsiz şəklini
çəkib çıxarır, göyərçin.
Kağızdan
bir "quş" düzəldib atdım sən uçan
ünvana,
Sən nəfəsinlə ruh verib onu canlandır, göyərçin.
Qanadın
yorğun düşəndə sənə qanad verəcək
o,
Allahı
görsən, de, insan
səni çağırır, göyərçin.
16 iyun,
2023
Neftçala
***
Dünəndən
buludun gözü yerdədi,
Deyəsən, özünə yuva
axtarır...
20 iyun,
2023
İdilliya
İtlər
hürür,
kal səsləri qaranlığa
xal salır,
quşlar
diksinirlər yuvalarında,
yorğun
kəndlilərin yuxusu
qaçır.
Təndiri qalamaq lazımdı,
ot biçini yarımçıq
qalıb,
dərzlər tayalanıb, kölgəsi
dinclik yeri...
Quşlar
səslərilə naxış
vurur səhərə,
sığırçınların səsi
qapı
zəngi kimi oyadır məni yuxudan,
dəmirağacdan asılmış yelləncəyə
minib
qayıdıram atalı-analı günlərə,
iyirminci
əsrə...
Gün çırtlayır ağacların
başında,
Günəşdən əvvəl oyananların
sevinci dünya boyda,
bu yaşıl çətirin
altı möcüzə,
dünya
nağıl kimi şirin görünür,
uşaq
yaddaşımın dibi
görünür...
sözlər də ballanıb
düşür vərəqə
şipşirin meyvə kimi...
30.06.23
Qəbələ
Meşə
düşüncələri
Darıxmaq
ən böyük mükafatımdır,
yəqin
cənnətdə də
darıxaram mən.
Cəhənnəm odunda darıxar
canım,
hər yerdə bəhanə axtararam mən.
Darıxmaq
mənimçün istirahətdir,
dostlar məclisində xəyala dallam.
Darıxmaq mənimçün bir
ibadətdir,
bir dəftər, bir qələm yollayan ola.
Xəlvətcə,
səssizcə aradan çıxım,
tənhalıq gözləyir məni
obada.
Ağ vərəq üstündə
şimşəklər çaxır,
itirəm
meşənin boz dumanında.
Ürək
bir daş üstə bitən çiçəkdi,
çiskin, çən görəndə
əsir, titrəyir.
Bulud gözlərini sıxır
meşəyə,
bulaqlar sübhəcən nəğmə
söyləyir.
Belə
darıxasan, tənha qalanda,
ağaclar başına göy
çətir tuta.
Yarpağın ovcunda yağış
qalanda
bir yaşıl fincanda fırtına qopa.
Bəhanə
gəzirəm darıxmaq üçün,
qalxıram meşəyə, enirəm
çaya.
darıxmaq hissimi soyutmaq üçün
şəlalə özünü yetirə
haya.
Burda
darıxmağın keyfi başqadır,
darıxır uçurum, darıxır
dərə.
Sığırçın darıxır, dələ darıxır,
darıxmaq yaraşır şux
meşələrə.
Bir sərin
meşədə at minib çapdım,
gördüm ki, bu köhlən
at da darıxır.
Çaylar selə dönüb
çağladı, daşdı,
bu Dəmiraparan çay da
darıxır.
Belə
gözəllikdə mən də darıxdım,
oturub bir dəmirağacın altda
bir əlcə kağızı
tamam qaraltdım,
quzular mələşdi yaxın
elatda.
Yəqin quzular
da belə darıxır,
ovutmur onları çobanın neyi.
Darıxır bu yerin südü, qaymağı,
inəyin
ağzından axır
seliyi.
Asfalt kənarında
tikan qırpırlar,
qəzəbdən adama cumur düyələr.
inəklər süd vermir, gözün qırpırlar,
pendir tuta bilmir qızlar,
gəlinlər.
Şəhərdən
gələnlər südsüz qalırlar,
şor,
pendir çatışmır
süfrə başında.
Gedək
dağ döşündə
bir çadır quraq,
qoy sükut darıxsın bir az maşında.
Gülsün
üzü sacda bişən lavaşın,
dağ başında qara baxıb darıxım.
Yar saçına ətir səpsin yağışı,
qar kimi ağ yara
baxıb darıxım...
3 iyul,
2023
Qəbələ,
Sərin meşə
***
Bu
qış köynəyimin
yaxası
sırsıra bağlayıb,
durmuşam taleyin yol kənarında,
yazı
gözləyirəm -
sinəmi
açım Günəşə
-
bir az dərdləşək...
20.07.23
Xatirə
mücrüsü
Günəş
bayrağını sancıb səmaya,
dənizin yaddaşı oyanır
insan səsləriylə,
mənsə, sahillərdə itirdiyim
sevgini axtarıram,
dəniz
gülür mənə
dalğa-dalğa gözləriylə
və deyir:
sən elə o vaxt zəncirlənmisən
burda çopur bir qayaya,
şəkliniz solub sularda,
iziniz ötən əsrin son
akkordlarını vuranda
xəbərsiz idiniz sevgi nəğməsinin bitəcəyindən...
Sən başqa əsrin adamısan, dostum,
görürsən, gözəllər yanından
etinasız keçir,
belə
yaralayır adamı amansız zaman...
Kefini pozma, adam,
sənin
sevgin
dənizin xatirə mücrüsündə
qorunur bəlkə,
en suların dərinliyinə,
ordadır axtardığın xəzinə,
amma çalış, batma, adam!..
21 iyul,
2023
Buzovna
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.47.