Qəribliyin dadı
Rusiya-Ukrayna müharibəsində
həlak olan Azərbaycan oğullarının əziz xatirəsinə
Polkovnik Kozlov növbəti badəni əlinə götürüb qızarmış gözlərini Teymura zillədi,
yüngülcə udqundu və:
- Aslanov, sən yaxşı kişisən,
- dedi. - Neçə ildi müavinimsən. Bütün sirlərim səninlədir. Üstəlik,
bir yerdə döyüşmüşük, çətinliklər yaşamışıq,
amma dost kimi qalmışıq. Deyim, biləsən: bu müharibə davam etdikcə vəziyyət çox gərginləşəcək.
Teymur qeyri-iradi ətrafa göz gəzdirdi. Pis vaxtlar idi,
ehtiyatlı olmaq lazım gəlirdi. Bir neçə stol kənarda iki nəfər ortayaşlı
rus həvəslə yeyib-içirdi. Zalda başqa kimsə gözə dəymirdi.
- Sergey Petroviç, bəlkə bu rumkanı içməyəsən?
Kozlov özündən çıxdı:
- İçəcəyəm Aslanov.
Sən elə bilirsən, mən sərxoşam, yox, əzizim. Bilirsən də, mən iyirmi beş il Ukraynaya xidmət etmişəm, amma indi... Müharibə heç kimə xeyir gətirmir. Ortaya əbədi düşmənçilik düşdü.
Gərək belə olmayaydı. - Susdu, ilan kimi fısıldadı.
- Amma nə etmək olar, biz əmrə tabe adamlarıq.
- Yaxşı, Petroviç,
bu rumkanı da vur, çıxaq gedək.
Kozlov gülümsədi və badəni birnəfəsə
başına çəkdi.
Sonra boşqabdan bir tikə çörək götürüb iylədi
və yerinə qoydu.
- Aslanov, deyim, biləsən. Bir az əvvəl məlumat verdilər ki, sabah səhər saat 5-də Avdeyevka şəhərinə
hücum olacaq. Döyüşdə biz də
olarıq. Gecə saat 11-də şəxsi heyəti "Həyəcan"
siqnalı ilə qaldıracağam. Saat
10-da hissədə olarsan
ki, təchizata məsul
müavin kimi bəzi məsələləri
götür-qoy edə
bilək. - Susdu, nəsə düşündü,
dərindən köks
ötürdü. - Kim bilir,
bəlkə bir də görüşmədik,
- dedi. Onun səsində aşkar kədər hiss olundu.
Eşitdiyi xəbər Teymurun
içindən ilğım
kimi keçdi. Bacardıqca içindəki
narahatçılığı gizlətməyə çalışdı.
Kozlovun içkili olması da köməyinə
gəldi. Bu narahatçılıq
döyüşdə iştiraka
görə deyildi, artıq bunu iki-üç dəfə
yaşamışdı. Səbəb
daha ciddi və tamam başqa
idi. Teymur özünü toparladı
və gülərək:
- Görüşərik, Petroviç,
narahat olma. İndi daha gedək, artıq günorta saat üçdür. Sizi evə aparım,
bir az dincəlin,
axşam görüşərik.
- Yaxşı, gedək. - Kozlov
yanındakı stulun üstündən furajkasını
götürüb ayağa
durdu. Eyni vaxtda Teymur da stuldan qalxdı, onun arxasıyca qapıya tərəf yeridi. Kozlovun yerişində səndələmə
hiss olunurdu. Teymur ona yaxınlaşmadı.
Bir dəfə bu cür vəziyyətində
qoluna girmişdi. Onda onun bərk
hirsləndiyini unutmamışdı.
Restorandan
çölə çıxanda
hər tərəfi ağ örpəyə bürümüş bəyaz
qardan Teymurun gözləri anidən qamaşdı. Gözlərini
yumub başını
aşağı dikdi.
Elə bu an hərbi helikopter 80-90 metr hündürlükdən
sürətlə uçub
keçdi. Helikopterin gurultusu bir neçə
saniyə çəkdi
və bu gurultu helikopterlə bahəm, getdikcə səmada əriyib yox oldu.
Qışın oğlan çağı
olsa da, bu gün havada bir mülayimlik hiss olunurdu. Səhərdən
çıxan günəş
şaxtalı havadan əsər-əlamət saxlamamışdı.
Hündür şam ağacları, yaxınlıqda
olan parkdakı bəzəkli ağac və kollar, binaların üstü ağ örpəkdən qismən xilas olmuşdu. İstidən yumşalmış qar topa halında binaların ətrafında
yerə sərilib qalmışdı.
Teymur irəli keçib restoranın qarşısında
saxladığı maşına
tərəf getdi. Çataçatda cibindən
açarı çıxarıb
düyməsini basdı.
"Mersedes-190" markalı qara rəngli maşından gələn
"cuqqultu" səsi
ilə eyni vaxtda yan işıqları
yanıb-söndü. O əvvəlcə
maşının qabaq
sağ qapısını
açdı. Kozlov fısıldaya-fısıldaya
maşına oturdu.
Maşın hərəkətə keçdi, təkərlər
qarlı suyu ətrafa səpərək
irəlilədi. Təxminən,
on dəqiqəlik yoldan
sonra maşın ikimərtəbəli binanın
qarşısında dayandı.
Kozlov qolundakı saata
baxıb gülümsədi
və sol əli ilə Teymurun sağ dizinə vurdu:
- Mayor Aslanov, bu tarixi
yadda saxla: bu gün on altı fevral iki min iyirmi dördüncü ildir. Sabah Avdeyevkada olarıq. Demək... - O, iti nəzərlərlə
irəli baxıb bir anlıq nəsə düşündü,
sonra aramla: - Beş saatdan sonra hissədə görüşürük, - dedi.
Teymur eyni təbəssümlə
cavab verdi:
- Oldu, cənab polkovnik.
Teymur komandirlə sağollaşıb
maşının üzünü
arxaya çevirdi və sürətini artırdı. Bütün
varlığını bürüyən
narahatçılığın səbəbi isə beynində ildırım sürəti ilə dolaşırdı."-Avdeyevkaya
hücum amansız olacaq. Bəs Seymur necə olsun? Bu döyüşdən
salamat qurtara biləcəkmi?"
Həyəcandan ürəyi sıxıldı.
Maşını yolun
kənarına çəkdi.
Yol qırağındakı
hündür şam ağacları arxadakı binaları görünməz
edirdi. Əks tərəfdə isə
top, raket hücumları
nəticəsində yanıb
kül olmuş evlərin, dağılmış
binaların qaralmış
silueti qalmışdı.
Teymur bir daha ətrafa diqqət kəsildi, maşının qarşı
və arxa tərəfinə boylandı.
Tam sakitlik idi. Cibindən mobil telefonu çıxartdı.
Anidən beynindən:
"Telefonla danışmaq
olmaz, yenə təhlükəsizi "Votsap"dır"
- fikri keçdi. Telefonun "Votsap" yerinə girdi. Barmaqlarının titrədiyini
özü də hiss edirdi. Üst-üstə bir neçə zəngə cavab almadığından mesaj
blokuna Azərbaycan dilində bu sözləri yazdı :
"- Seymur, sabah səhər saat 5-də sizdə bərk tufan qopacaq. Çalış, qonşu şəhərə
gedəsən. Mesajı
oxuyan kimi zəng elə, ya da cavab yaz".
Teymur hələ səhərdən
ürəyində küt
ağrı hiss edirdi.
Qəribə bir narahatçılığı vardı. Səbəbini özü də bilmirdi. Sanki bir bəd xəbər eşidəcəkdi. Səhər
zəng edib anası ilə danışdı. Seymur da
hər şeyin normal olduğunu demişdi. Nədənsə, bu narahatçılıq ötüb
keçmirdi və budur sürpriz: "Sabah səhər döyüşə
girəcəyik".
Əvvəlki döyüşlərdən birtəhər sağ-salamat
qurtulmuşdu. Görəsən,
bu döyüşdən
salamat çıxa biləcəkdimi?
Güllənin, mərminin
də Allahı olmur. Harda yaxalayırsa,
adamı elə oradan da birbaşa o biri dünyaya aparır.
Ətrafda bombalanmış binalar,
yanıb sıradan çıxmış mülki
və hərbi maşınlar, kömür
kimi qaralmış ağaclar diqqət çəkirdi.
Teymurun sürdüyü maşın
indi Gənclər Parkının kənarı
ilə hərəkət
edirdi.
Donetsk şəhərinin mərkəzində
yerləşən bu parkın böyük bir ərazisi var idi. Parkdakı yaşıllıq, gül-çiçək,
bəzəkli ağaclar
və kollar insanı heyran qoyurdu. Sovetlər vaxtı köhnə ittifaqın iki şəhəri öz yaşıllığına görə
lider hesab olunurdu. Biri Qazaxıstanın
paytaxtı Alma-Ata, o biri
isə Ukraynanın
Donetsk şəhəri sayılırdı.
Donetsk şəhərinin yaşıllığa
görə İttifaqda
ikinci olmasında bu parkın, yəqin ki, özünəməxsus,
xüsusi payı var idi. Təəssüf ki, parkın möhtəşəmliyindən
indi əsər-əlamət
qalmamışdı. İllər
boyu davam edən müharibə
parka da öz zərbəsini
vurmuşdu. Teymur bomba və raket
zərbələrindən viran
qalmış parkı
seyr etdikcə dodağı səyridi və o, kədərlə
köks ötürdü.
Parkın giriş hissəsində olan hündür qovaq ağacının altındakı
beton oturacaqlar gözünə sataşanda
isə üzünə
təbəssüm qondu.
...Teymur 2005-ci ildə Bakıda kompüter mühəndisliyi ixtisası
üzrə ali təhsilini başa vurmuşdu. Artıq hərbi xidmətdə olmuş, bərkdən-boşdan
çıxmışdı. İşin tərsliyindən
həmin ilin əvvəlində, qışın
şaxtalı-sazaqlı günlərinin
birində ailənin yeganə evə çörək gətirəni
- atası Soltan kişi vəfat elədi. Böyük oğul kimi evin - ailənin bütün yükü Teymurun boynuna düşdü. İş
üçün döymədiyi
qapı qalmadı, amma "buyur" deyən də olmadı. Bir ara məcbur olub özəl şirkətlərin
birində malpaylayan-ekspeditor
kimi işə düzəldi. Belə işlərdən ötrü
nəinki ali məktəb, heç orta məktəb bitirməyə də ehtiyac yox idi.
Xersonda yaşayan bibisi oğlu Mahirin bir telefon
zəngi ilə həyatı büsbütün
dəyişdi. Deməsinə
görə, oralarda iş çox, işləməyə isə
təhsilli adam yox idi. Anası
Zəhra xanımdan xeyir-dua aldı və Xersona yollandı. Əvvəlcə
özəl şirkətlərin
birində kompüter mühəndisi kimi işə düzəldi. Üç ildən sonra Ukrayna vətəndaşlığını
aldı. Kompüter mütəxəssisi kimi
"leytenant" rütbəsi
ilə onu hərbiyə işə götürdülər. Dolanışığı
pis deyildi. Hər ay evə pul göndərir, həftədə bir dəfə telefonla evə zəng edir, anasının əhvalı, bacısı
Sənəmin və kiçik qardaşı Seymurun təhsili ilə maraqlanırdı. Sənəm orta məktəbi bitirib rayonda tibb kollecinə
daxil oldu. Kolleci bitirən kimi ailə qurdu. Seymurun isə təhsilə həvəsi olmasa da, güləşçi kimi
idmana marağı çox idi. Yarışlarda iştirak
edib fəxri yerlər də tutmuşdu. Hərbi xidməti xüsusi təyinatlı dəstədə
keçdi. Fəhləlikdən
savayı bir iş tapa bilməyən qardaşını Teymur öz yanına çağırdı. Həmin
vaxtı Teymur Avdeyevka şəhərində
xidmət edirdi. Orda yaşayan bir dostunun köməyi
ilə Seymur üçün ticarət
obyekti aldı və bu cür
iki qardaş bir şəhərdə yaşamağa başladılar.
Artıq
2011-ci il idi. Yaz günlərinin birində
Donetsk şəhərinə gəzməyə gələn
Teymur şəhərdəki
məşhur Gənclər
Parkının girəcəyindəki
beton oturacaqda dostunu gözləyərkən
təsadüfən Nadya adlı
bir rus qızı
ilə tanış oldu. Bu tanışlıq dörd aydan sonra evliliklə başa çatdı. Bir ildən sonra isə qardaşlar Vətənə qayıtdılar.
Bir ayın tamamında
toy edib Seymurun gözaltı elədiyi Aytəni də gəlin gətirdilər. Seymur bir ayın
gəlini Aytəni anasının yanında saxlayıb çörək
dalınca yenidən Avdeyevkaya döndü.
2013-cü ilin noyabr ayında Teymurun hərbi xidmət yeri Donetsk şəhərinə
dəyişdirildi. Donetsk Avdeyevkadan
cəmi 20 km şimal-qərbdə
yerləşirdi və
sözün həqiqi
mənasında yaşıllıqlar
diyarı idi. O vaxt bölgədə hər şey köhnə qaydadakı kimi firavan və
sakit görünsə
də, əslində münaqişə və müharibə ocağı
tüstüləməyə başlamışdı...
Qarlı
havada maşın sürməkdə pərgar
olsa da, Teymur maşını aşağı
sürətdə sürməyi
sevirdi. Xüsusən,
indiki halında, həyəcandan bədənini
bürüyən narahatçılığa,
beynində yaranan qarışıq fikirlərə
görə özünü
ələ almağa, bir yol tapmağa
çalışırdı. Nəhayət, "Bir az dincəlmək lazımdır"
- düşüncəsi üstün
gəldi və o, maşını yaşadığı
bina istiqamətinə
döndərdi. Son iki
ildə yaşadığı
bina vaxtilə Donetskin ən rahat və ən
gözəl məkanı
sayılan yerdə idi. Amma indi cəbhə bölgəsinə
yaxınlığı: uçan
raketlərin, topların,
güllələrin və
helikopterlərin səsi,
vahiməsi, təhlükəsi
buralarda yaşamağı
dözülməz edirdi.
Maşın binaya yaxınlaşdıqca iri çaplı güllələrin
vahiməli vıyıltısı,
hardasa bomba partlaması, bombardmançı
təyyarələrin göydən
yerə səpələnən
uğultusu eşidilməyə
başlandı. Bu səslərə
insanlar artıq adətkərdə olmuşdular.
Bu səslər daha Teymuru əvvəlki qədər qorxutmurdu.
İndi əsas narahatçılığı,
bütün ruhuna
hakim kəsilməkdə olan
qorxu tək qardaşı Seymur sarıdan idi.
Xaraktercə sakit adam olan Teymur tədricən
əsəbiləşir, boğazı
quruyur, əlləri əsir, heç cür aram ola bilmirdi. Bütün fikri-zikri sabah keçiriləcək hücum
əməliyyatında və
qardaşı Seymurun yanında idi. "Mesajı oxusa da, cavab yoxdur. Görəsən
nə olub?" - deyə düşündü
və anidən üşəndi...
Teymur qapını açıb
kimsəsiz otağa daxil oldu.
İki ilə yaxın idi ki, burda yaşayırdı.
Əvvəlki evi şəhərin başqa
səmtində, hərbi
hissənin daxilində
idi. Avdeyevkadan pilotsuz təyyarə ilə hərbi hissə vurulanda Nadya təsadüfən həyətdəki
parkda dincəlirdi. Balaca oğlu yanında, qızı isə qucağında imiş. Bombardman zamanı Nadya da, uşaqlar
da həlak oldular. Hadisədən xəbər
tutanda Teymur dəhşətə gəlmişdi.
Nə üçün
bağrının çatlamadığını,
beyninə qan sızmadığını, dəli
olmadığını indi
də anlaya bilmirdi. İnsan ağlasığmaz, ən
dəhşətli, ən
acılı zərbəyə
də, hadisəyə
də, əzaba da dözə bilərmiş.
İki həftə hospitalda əsəb pozğunluğundan
müalicə olundu.
Daha onun ailəsi yox idi.
Həmin
binada yaşaya bilmədi. Gecələr kazarmada yatırdı.
Sonra onun israrlı xahişlərini nəzərə
aldılar və evini indiki yerə
dəyişdilər.
Teymur bu mənzildə heç cür dinclik tapa bilmirdi. Burda onun uşaqlarının
və bütün varlığı ilə sevdiyi Nadyanın səsi, nəfəsi, hənirtisi yox idi və bu
səbəbdən xatirələrin
əzabından azca da
olsa, uzaqlaşıb bu mənasız həyatı yaşamağa
çalışırdı. Teymur fərqində idi ki, bu mənzil
son və əbədi
mənzili xatırladır:
soyuq və sakit.
Teymur əl-üzünü yuyub
divana uzandı. Mobil telefonun zəngli saatını dörd saat sonraya qurdu.
Seymuru bir neçə dəfə yığdı, yenə cavab olmadı. Əsəbi halda telefonu, siqareti və alışqanı yazı masasının üstünə atdı. Arxası üstə uzanıb əllərini bir-birinə keçirtdi və balış kimi başının altına qoydu. Nəzərləri tavanda ilişib qaldı. Beyninə hakim kəsilən
qara düşüncələr
onu rahat buraxmırdı: "Son on ildə
nələr olmamışdı!?
Donetsk və Luqansk səkkiz il əvvəl müstəqillik elan etdilər,
iki il əvvəl isə Rusiyaya birləşdilər. Nə
dəyişdi? Heç
nə. Vəziyyət
bir az da ağırlaşdı. Ukrayna
bölgə ilə bütün işıq, qaz, su xəttini
bağladı. Ruslar müəyyən köməklik
göstərdilər, amma
bu kifayət deyildi. Belə nə qədər davam edəcəkdi? Donbasda şəhərlər
kimi, insanlar da iki yerə bölünüb:
Ukrayna dövlətini
müdafiə edənlər
və ruslara tərəf keçənlər.
Dünənə kimi xeyir-şəri bir olan, can deyib, can eşidən qan qardaşları bu gün bir-birinə rəqib, hətta düşmən kimi baxırlar. Yüz minlərlə insanın həyatı ikiyə bölünüb, eynən
onunla qardaşı Seymur kimi".
Teymur dikəlib yazı masasının üstündəki
siqaretdən götürdü,
yandırıb damağına
qoydu. Vurduğu qullabdan sonra tüstünü ağzından
çölə pülədi,
sonra illərin yorğunu kimi dərindən köks ötürdü. Yenə arxası üstə uzanıb gözlərini tavana zillədi. 2014-cü
ilin noyabr ayında Seymurla birgə ata yurdunda olduğu günləri xatırladı.
Analarının 60 illik yubileyinə
yığışmışdılar. Uzun illər ibtidai sinif müəllimi
işləyən Zəhra
ana artıq Krım hadisələrindən xəbərdar
idi. Gəldikləri günün axşamı eyvanda çay süfrəsi ətrafında
qardaşların söhbətlərinə
təsadüfən qulaq
şahidi olanda isə ananın dalağı möhkəm
sancdı.
"Böyük qardaşı
ilə həmişə
ehtiramla danışan
Seymurun səsində bir əsəbilik hiss olunurdu.
- Rusiya Krım vilayətini işğal etdi, - Seymur dedi.
- Orda heç bir məcburiyyət olmadı. Bircə güllə belə atılmadı.
- İşi ustalıqla düzüb-qoşdular. Amma bu
Donetsk ilə Luqanskın
ayrılması yaxşı
nəticə verməyəcək.
- Təbii ki, bu hadisələr Rusiyanın
dirijorluğu ilə baş verir. Bəs sizdəkilərin fikri nədir? Rusiyaya qatılacaqlar, ya yox?
Seymur fikrə getdi. Qardaşının simasındakı
təbəssüm onu
qıcıqlandırır, daxilən hirsləndirirdi.
- Avdeyevka Ukraynanın tərkibində qalacaq.
- Onda sən obyektləri
sat, Donetskə köç.
Yoxsa, səndən nigaran qalaram.
- Yox qardaş, mən ora öyrəşmişəm,
heç yana getmərəm.
Teymur onda bir anlıq
susmuş, Seymurun üzünə baxıb başını bulamış,
sonra astadan köks ötürüb demişdi:
- Xoşluqla olmasa, zorla Rusiyaya qatacaqlar.
Söhbətin bu yerində Zəhra ana asta addımlarla onlara yaxınlaşıb masanın
ətrafındakı stulda
oturdu. Yalvarıcı
baxışlarla oğlanlarını
süzdü və yazıq səslə dilləndi:
- Övladlarım, bəlkə
getməyəsiniz... Qayıdın
Vətənə... Nə
qədər çətin
olsa da, acından ölmərik..."
Və...
bu söhbətin üstündən artıq
on ilə yaxın vaxt keçirdi...
Teymur sağ böyrü üstə çevrildi. Əli ilə alnını ovxaladı. Narahatlıq içini dağıdırdı. Avdeyevkaya
hücum söhbəti
belə qəfil hardan çıxmışdı?
On il idi şəhər
döyüşür, özünü
qoruyurdu. Seymur da iki il olardı orduya yazılmış, əlində silah döyüşürdü. Taleyə
bax ki, indi iki qardaş əks cəbhələrdə
üz-üzə qalıblar.
Bəs birdən döyüş meydanında
qarşılaşsalar, necə
olacaqdı?..
"Bircə mesajıma cavab verəydi!" Teymur son çarə kimi yalnız bu fikrə ümid
edirdi.
Tərslikdən o tərəflərdə internet əlaqəsində də
tez-tez məhdudiyyətlər
olur. Neyləyə bilərdi, əlindən nə gələrdi? Seymurun Vətənə dönməsi üçün
çox çalışdı.
Burda qalıb boş yerə ölməyinə dəyərdimi?
Seymur da ona eyni sözləri deyirdi. Fərqinə varmırdı ki, o hərbiçi
zabitdir, qalmağa məcbur idi. Onsuz da iki-üç ilə təqaüd yaşı, xidmət stajı çatanda özü də geri qayıdacaqdı.
Allahım, özün kömək
ol. Bircə sabahkı təhlükə
sovuşaydı.
Teymurun fikri qəti idi: Seymuru Vətənə
zorla, məcburən yola salacaqdı.
Ötən dəqiqələr onu
da aram-aram özü ilə yuxuya dartıb aparırdı.
...Düz deyilən vaxtı Avdeyevkaya hücum başlandı. Əvvəlcə aviasiya ilə şəhər bombalandı, bir neçə yerdən artilleriya atəşinə
tutuldu, "Şahed"
tipli pilotsuz təyyarələrlə şəhərin
ən vacib nöqtələri vuruldu və sonda piyadaların
hücumuna əmr verildi.
Teymur bütün bunları canlı müşahidə
edir, ürəyi qan ağlayırdı. Döyüş başlanandan
dörd saatdan artıq vaxt keçsə də, Seymurdan xəbər tuta bilməmişdi. Bu onu tamam hövsələdən
çıxardırdı. Xidmət
etdiyi hərbi hissə də şəhərə ilk daxil
olan qüvvələr
sırasında idi. Avdeyevka az qala
yerlə-yeksan olmuşdu.
Bəzi yerlərdə
qısa küçə
döyüşləri getsə
də, bunu ciddi müqavimət hesab etmək olmazdı.
Maşınla şəhərin küçələrini
gəzir, vəziyyəti
dəqiqləşdirirdilər. Arabir hərbi mundirli insanların meyidləri gözə dəyirdi. Ratsiya ilə verilən məlumatlara görə itkiləri çox olmasın deyə, ukraynalılar şəhəri
qismən təslim etmişdilər. Bu xəbəri
eşidəndə Teymurun
əhvalı bir az düzəldi. Belə idisə, Seymur döyüşən
hissədə şəhəri
tərk edənlərin
sırasında olmalı
idi.
Teymur sürücüyə UAZ-ı şəhərin
mərkəzinə tərəf
sürməsini tapşırdı.
Məqsədi Seymura məxsus "Super market"ə
baxıb real vəziyyəti
görmək idi. Maşın obyektə yaxınlaşdıqca Teymurun
ürəyi az qala ağzından çıxacaqdı. Onun bələdçiliyi ilə
maşın dağılmış
bir tikilinin qarşısında dayandı.
"Super
market" içindəki mallarla
birlikdə darmadağın
edilmiş, dam örtüyü
yanıb kül olmuşdu. Mağazaya yəqin ki, arilleriya bombası düşmüşdü.
Teymur bu mənzərəyə ürək
ağrısı ilə
tamaşa elədi. Tikilinin dörd tərəfini gəzdi, baxdı, sanki nəsə axtardı, daha nəsə görmək istədi. Gördükləri isə
ətrafa səpələnmiş,
dağılmış su
və şirə qabları, konservlər, biskvit, kartof, soğan və digər ərzaq məhsulları idi. Külək gücü çatan hər şeyi yerindən qopardır, ətrafa yayırdı.
Teymur bikef halda beton
parçasının üstündə
oturub bir siqaret yandırdı. Bu obyekti aldığı, Seymurla burda görüşdüyü, deyib-güldüyü
günləri xatırladı.
Ətrafdan hələ
də güllə və mərmi səsi gəlirdi. Hərbi təyyarə və helikopterlər şəhəri havadan müşahidə edirdilər.
Teymur maşına oturub şəhərin mərkəzi
küçələri ilə
sürməyi əmr etdi. Bir neçə yüz metr getmişdilər
ki, yolun kənarında
qumbaratanla vurulub aşırılan ağ rəngli PİKAP maşını
göründü. Maşın
tüstüləyirdi. Onun
ətrafında əynində
Ukrayna Ordusunun hərbi mundiri olan üç nəfər qan içində yerə sərilmişdi. Onun Rusiya tərəfdən - Teymurun xidmət etdiyi Ordudan açılan atəşlə
vurulduğu aydın idi. Kim bilir, bəlkə də bu atəşi açmağa eləTeymurun
özü əmr vermişdi.
Niyə?
Nə üçün?
Nədən ötrü?
Nəyin uğrunda?
Anasının çağırış səsi qulaqlarını yalayıb keçdi.
Maşın bu ürəkağrıdan
mənzərənin yanından
ötüb bir neçə metr getmişdi. Birdən Teymur nəsə hiss etdi və bu
duyğu ilə sürücüyə tez maşını saxlayıb
arxaya verməsini əmr etdi. Sürücü əmri dərhal yerinə yetirdi. Teymur maşından düşüb
meyitlərə sarı
yüyürdü. Onlardan
biri zabit, ikisi serjant geyimində
idilər. Yolun kənarına düşmüş
idmançı cüssəli
serjantın meyidi onu daha çox
cəlb elədi.
Sürücü maşından çıxmışdı
və siqareti yandırmaq üçün
alışqanın çaxmağını
sıxmaq istəyirdi.
Birdən eşitdiyi qəfil bağırtı
səsindən diksindi
və alışqan əlindən yerə düşdü. Onun baxdığı istiqamətdə
mayor Aslanov bir meyidin qarşısında
diz çökmüş,
hönkürtü çəkərək
onu qucaqlayıb yerdən qaldırmağa çalışırdı.
Teymur bərkdən ağlayır,
çağırır, iki
əlləri ilə meyidi silkələyirdi.
Birdən
mərmi vıyıltısı
eşidildi və bu səs tədricən
artmağa, yaxınlaşmağa
başladı. Və böyük partlayış
qopdu. Partlayışın
dalğası Teymuru və dizi üstünə
aldığı qardaşı
Seymurun meyidini kənara tulladı.
...Teymur yaralı halda qardaşının nəşini maşınla
aparıb hospitala təhvil verdi. Üç günün içində "əmisi
oğlu" adı ilə çətinliklə
olsa da, onu Vətənə gətirib
çıxartdı. Komandiri
Kozlovun bu işdə köməyi çox oldu. Tabutun təyyarəyə yerləşdirilməsinə qədər
Teymuru tək qoymadı. Yolboyu söhbətində Kozlovun
son qələbəyə görə
sevinmədiyi də
hiss olundu. Onun: "Vaxtilə ailəmlə, dostlarımla Avdeyevka şəhərində gəzib
dolaşdığımız, deyib güldüyümüz
yerləri viran görəndə sarsıldım,"
- deməsi də bundan xəbər verirdi.
Teymurun sanki özü də ölmüşdü
və qardaşını
ata yurduna onun ruhu aparırdı.
...Taxta tabutu həyətə
maşınla gətirdilər.
Hava küləkli olsa da, insanlar dəstə halında durub söhbət edirdilər. Tabut həyətin
ortasına qoyuldu. Zəhra ananın xahişi ilə tabutun qapağı açıldı. Ana son vida
üçün oğluna
yaxınlaşanda qəfil
güclənən külək
meyidə bükülmüş
mələfəni açdı.
Seymur gözləri açıq vəziyyətdə
sanki Vətən səmasını son dəfə
seyr edirdi. Zəhra ana içinə dolan hönkürtü ilə oğluna yaxınlaşıb üzündən
öpdü. Göz yaşları Seymurun yanaqlarını islatdı.
Ətrafda olan insanlar susqun halda bu səhnəni
böyük kədər
və ağrı ilə izləyirdilər. Bəzilərinin doluxsunduğu
da hiss olunurdu.
Meyit həyətdə düzəldilən
xüsusi yerdə yuyulub kəfənləndi.
Kənd məscidindən
gətirilən tabuta qoyuldu.
Anasının vəhşət dolu
ah-naləsi, mollanın
"Yasin" səsi, qohum-əqrəbanın
verdiyi başsağlığı
Teymura sanki hansısa bir filmin epizodlarını xatırladırdı...
Yas məclisinə gələn
insanlar bu mənasız müharibəni
lənətləyir, həlak
olan oğullarımıza
görə heyfsilənirdilər.
Əslində, son iki ildə bütün ölkədə olduğu
kimi, bu kənddə də ikitirəlik düşmüşdü.
Ukraynada yaşayanların
qohum-əqrəbası bu
müharibəni işğalçılıq,
Rusiyadakılar isə
ədalətli hesab edirdilər və hər birinin də "daşdan keçən sübutu"
var idi.
Seymurun dəfni insan izdihamı ilə keçdi. Qardaşını
qolları üstə
torpağa tapşıran
Teymuru dəfn yerinə toplaşanlar qəbirdən çıxarda
bilmirdilər. Teymur özünə lənət
oxuyur, qardaşını
qoruya bilmədiyinə
görə haray çəkib ağlayırdı.
Taleyin ironiyası çox olur və onlardan
biri də bu gün insanları
təəccübləndirdi. Seymurun məzarı Rusiya tərəfdən vuruşan və bir ay əvvəl dəfn olunan kəndin başqa bir gəncinin məzarı ilə yanbayan düşdü. Qoşa məzarlar arasında qalan insanlar sanki bir-birindən utanaraq başlarını yerə
dikmişdilər.
Nəinki
yas yerində, hətta ailəsində belə Seymurun həlak olduğu döyüşdə doğma
qardaşı Teymurun Rusiya tərəfdən vuruşduğunu bilən olmadı. Heç Teymur da bu barədə
danışmağa ürək
eləmədi, hətta
doğma anasına da boyun almadı. Ürəyində çəkdikləri
isə özünə
bəs edirdi. Başından kontuziya, bədənindəki qəlpə
yaraları onsuz da ona olmazın əzab verirdi. Üstəlik də, qardaşının ölümü
və onun yetim qalan iki
uşağının dərdi.
Ən vacibi isə, bir qərara
gələ bilmirdi. Xəstə, ailəsiz biri kimi qəribliyin
acılığını son nəfəsə kimi dadmaq, yoxsa, Vətəndə qalıb
nə qədər əziyyətli olsa da, haqqına sahib çıxmaq?
...Və bir gün
Teymur qərarını
qətiləşdirdi.
Şabran
27-29.09.2024
Qafar CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2024.-
27 dekabr, ¹51-52.- S.44-45.