Əxlaq dərsliyi kimi
Əziz Kərim imzası
özündə
92 illik bir ömrün sonsuz sıxıntı və qəzavü-qədərlərlə
izlənən həyat hekayətlərini ehtiva edir. 1933-cü ildə
Lənkəran rayonunun
Türkəkəran kəndində
dünyaya göz açıb. İkinci Dünya savaşının
aclıq və səfalətlərini görüb.
9 yaşı tamam olmamış ailəsinə
kömək etmək üçün kolxoza məxsus 120 başdan ibarət qaz sürüsünü bəsləməyə
məcbur olub. Bu məcburiyyət sağ gözünü itirməsilə
sonuclanıb. Nəticədə
böyük əzab-əziyyət
bahasına qəbul olunduğu Azərbaycan Dövlət Tibb İnstitutunda ona məsləhət görürlər
ki, təhsilini davam etdirməsin. Belə bir vəziyyətdə
kitab-dəftərə nəzər
yetirməsi onun sol gözünü də gücdən sala biləcəyini deyirlər.
Əlacsız qalıb
sənədlərini Yeyinti
Sənaye Texnikumuna verir. Çörək mexanikası ixtisasına yiyələnir. 1960-cı ildə
Bakı 1 saylı çörək zavodunda briqadir kimi əmək
fəaliyyətinə başlayır.
1969-cu ildə siyasi partiya məktəbini,
1972-də göndərişlə hərbi kəşfiyyat məktəbini bitirir.
1981-ci ildə Leninqrad
Kinematoqrafiya İnstitutuna
daxil olur. Lakin sol gözünün də işığı tükənməyə
başlaması səbəbindən
təhsilini dayandırmalı
olur... Belə bir məqamda bədii yaradıcılıq
işi onun sığındığı, təsəlli tapdığı
ümid yerinə dönür. Xilasını
yaradıcılıq işində
görür. Ömrün
92-ci baharına doğru
yol açır qələmiylə. İndiyə
qədər yazıb çap etdirdiyi 25-dən artıq kitab şahidlik edir bu dediklərimizə.
Görkəmli tənqidçi Vaqif
Yusifli Ə.Kərimin
"Qurd yuvası"
mənzum romanından
bəhs edərkən,
dərin səmimiyyətlə
yazır ki, bu mənzum roman mənəvi-əxlaqi
mövzuda qələmə
alınıb və burada qocaman sənətkar insan talelərini geniş panoram lövhələrdə
əks etdirməyi bacarıb: "Əsər
saf bir sevginin
faciəsini əks etdirir. Müəllif demək istəyir ki, sevgi insan həyatının
mənasıdır, bunu
anlamayan kəs kordur, insani keyfiyyətlərdən məhrumdur.
Əziz Kərimin sevgi şeirlərinə gəldikdə isə, bu şeirlərdə yaşanılan, duyulan bir sevginin fərəhi
və həm də iztirabları duyulur... Əziz Kərim duyğulu şairdir. Onun sevgisi sınaqlardan, cəfalardan keçir, amma heç bir qüvvə bu sevginin odunu
söndürə bilmir".
Görkəmli şair Musa Ələkbərlinin
qeyd etdiyi kimi, "Əziz Kərimin şeirlərindəki
poetik bitkinlik bədiiliyin, çox hallarda lirizmin bütün şərtlərini
özündə ehtiva
edir".
Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli yazır
ki, "Əziz Kərim
nə yazır-yazsın,
kimin üçün
yazır-yazsın, öz
yaradıcılığında həddən artıq səmimidir, bu səmimiyyətinə inanır
və oxucunu da inandırmaq istəyir".
Filologiya
elmləri doktoru,
professor Akif Hüseynov Ə.Kərimin "Kömür
kürəsi" hekayəsindən
bəhs edərkən
yazır: "Əziz
Kərim hekayədə
kömür kürəsini
elə maraqlı təsvir edir ki, oxucu özünü kürə sahibi kimi görür... Onun "Balıqçı
evi" hekayəsində
isə hamımız dənizdə tikilmiş balıqçıların dəmir
komalarını görürük..."
"Bütün bunlar
ondan irəli gəlir ki, Əziz Kərim özü təbiət adamıdır,
daha doğrusu, o, təbiətin içindədir".
Unudulmaz
şair Tofiq Bayram Əziz Kərimin "Gənclik" nəşriyyatında
çap olunan
"Gilas" kitabına yazdığı
maraqlı Ön sözdə də bu deyilən fikirlərlə səsləşən
müşahidələrini diqqətə çatdırır.
Onun
"İnam" adlı
romanı isə ilk növbədə, halallıq,
əhdə vəfa,
milli dəyərlərə sayğı duyğuları
aşılayır. Əsərdə
İkinci Cahan savaşından sonra dirçəlməyə başlayan
təsərrüfat həyatının
mənzərələri, ocağı
söndürülmüş yurd-yuvaların külü,
ömrünə qıyılmış
köklər üzərində
təzədən közərən,
boy atan yeni həyatın
şaxlanışı, dirçəlişi
real boyalarla əks olunub. Əsəri oxuduqca o unudulmaz illərin həyat səhnələri kino lenti
kimi keçir oxucu gözləri önündən.
Əziz
Kərimin yaxın günlərdə nəşr
etdirdiyi "Qumru bulağı" adlı kitabında yer alan hekayə və povestlərdə də həyatın özündən (və dibindən) gələn müşahidələr diqqəti
cəlb etməkdədir.
Kitaba daxil edilən hekayə və povestlərdə dostluq və sədaqətin, insanların
ən çətin məqamlarda bir-birinə dayaq olmağının, ailənin, insanlığın
önəmini müxtəlif
cür təsvir və tərənnüm edir, oxuduqca sadə, oxunaqlı bir dillə oxucuya çatdırır.
Bu baxımdan, "Aclığın
hökmü" əsərində
təsvir edilən hadisələr yaddaqalandır.
Belə ki, ata-ana tərəfindən tərk
edilmiş, atılmış
ümidi fabrikin həyətindən yığdığı
üzərlik bitkisini
satmaqla bacısının
və özünün
gündəlik tələbatını
ödəyən yeniyetmə
bir gün mühafizəçi tərəfindən
yaxalanır. Onu oğurluq etməkdə suçlayırlar. Amma uzun-uzadı
sorğu-sual nəticəsində
məsələnin əsli
ortaya çıxır.
Polis rəisi göstəriş
verir ki, yeniyetməyə
lazımi köməklik
edilsin. Adətən bu sahədə çalışan rəhbər
işçilər əzazil,
zəhmli təqdim olunur. Əziz Kərimin təsvirində
isə oxucu olduqca qayğıkeş,
humanist polis işçisi obrazıyla
tanış oluruq. Müəllif dünyanı
yaxşılıq hissinin
xilas edəcəyi ideyasını səmimi cizgilərlə oxucu yaddaşına həkk edir. Cəmiyyətə yaxşılıq duyğusunun
əbədi ehtiyac olduğunu aşılayır.
Kövrəldir. Duyğulandırır.
Nümunə göstərməyə
sövq edir. Əslində çağdaş
həyatımızın ən
çox ehtiyac duyduğu münasibət yaxşılıq duyğusunun
daha da inkişaf etdirilməsi zərurətini
qabardır.
Ata-oğul münasibətinin
olduqca doğma, həssas, xüsusi qayğıkeşliklə izlənən
mənzərəsi Ə.Kərimin "Xalid"
povestində də dolğun ifadəsini tapıb... Amma ekskavatorçudur.
İllərlə bar gətirməyən
boz çöllərə
su kanalı çəkir. Bu səbəbdən
aylarla doğma ev-eşiyindən kənar
düşür. Balaca
oğlu Xalidsə atasından ötrü darıxır. Təkidlə
atasını görmək
istədiyini bildirir. Əlacı kəsilən
ana idarə rəisindən
xahiş edir ki, Xalidi atasının yanına göndərməyə
şərait yaratsın.
Razılaşırlar. Xalid
atasının çalışdığı
əraziyə ərzaq
aparan sürücüyə
tapşırılır. Yola düşürlər. Ata oğlunun
onu deyib gəlməsindən məmnun
olur. Bu münasibətlə
süfrə açır.
Hesab edir ki, təkcə oğlu yox, bütün doğmaları, kəndi-kəsəyi,
eli-obası onun görüşünə gəlib.
Oğlunun gəlişi
onun yorğunluğuna
son qoyur. İşləri
daha da sürətlənir.
Daha əzmkarlıqla çalışmağa başlayır.
İllərdi halal əmək
sərf etdiyi böyük çölün
xoş aurası, təması ata-oğul münasibətlərinə yeni yön verir. Qarşılaşdıqları çətinliklər onların
ata-oğul mehrini, münasibətini eyni köynəyin yaxasından
keçirir. Şoran,
boz çöllüklərin
acı suyunu belə bala, şərbətə döndərir.
Bu epizodlar insanın işə, əməyə
olan doyumsuz münasibətinin atadan övlada miras olaraq ötürülməsinin
bitkin təsviri kimi yadda qalır.
"İki qonşu" hekayəsində isə illər boyu bir kibritlə iki ocaq qalayan
qonşulardan bəhs olunur. Amma illərin qayğıları bu iki qonşunun - Almazla Solmazın həyatında fərqli yaşam tərziylə sıralanır. Doğma övladlarının adını
belə bir-birinə yaraşdırıb qoyan Almazla Solmaz bu münasibəti qoruyub-saxlamaq üçün
sonacan çaba göstərirlər. Birinin
sevinci o birisininkinə
dönür, eyni qayğıları bölüşürlər.
Müəllif bütün
halıyla mehribanlıq,
səmimiyyət və
vəfa anlayışlarını
insan həyatının
cövhəri, dəyəri
kimi önə çəkir.
"Elektrik qatarında olmuş hadisə" hekayəsində isə dunyagörmüş yazıçı,
bir növ, özünün təvazökar,
sadə və səmimi obrazını təqdim edir. Onun ədəbi qəhrəmanı yaş
ötdükcə gənclərdən
uzaq düşməsinin
təəssüfünü yaşayır. Eyni qatarda rast gəldiyi
cavanlara həyatın
xeyirxahlıq, yaxşılıq
dəyərlərini, fəlsəfəsini
anlatmaqla dinclik tapır. Kitabı, müdrik nəsihətləri
dərk etməyə,
öyrənməyə səsləyir
gəncləri.
Bütövlükdə, Əziz Kərimin qələmə
aldığı əsərlər
tam bir müəllim əxlaqının, düşüncəsinin
hasilə gətirdiyi ədəbi nümunələr
kimi yadda qalır. Bu əsərlər həyatı
anladır, vacib nümunələr kimi yaddaşa ismarlanır.
"Axın", "Beş
qız atası",
"Yaylıq", "Səni
gözlərəm", "Cəza", "Cənnətin
nuru" və s. əsərlər də eyni ideya, eyni
düşüncə tərzini
aşılayır, milli-mənəvi,
əxlaqi dəyərləri
təbliğ edir. Eyni zamanda kənd
həyatının, orda
ömür sürən
insanların pak həyat tərzi, qəlb genişliyi real boyalarla əks olunub Əziz Kərimin əsərlərində.
Onun əsərlərində
tam bir əsr ömür sürmüş
müdrik, zəhmətkeş,
vəfalı insanın
hafizəsində yurd salmış xatirələr,
nostalji yaşantılar,
taleyindən keçən
nəsnələr tərbiyə
vasitəsi kimi bir araya gəlib.
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.39.