Ədəbi yaddaşımızın
məhək daşı
Salman
Mümtaz-140
Azərbaycan filoloji elminin bu günündən dünəninə nəzər
saldıqda, onun var oluşu və inkişafı üçün
böyük xidmətlər
göstərmiş bir
sıra görkəmli
alimlərimizin adları
yaddaşımızda canlanır.
Onlardan biri də fədakar folklorşünas və ədəbiyyatşünas-alim, XX əsr Azərbaycan milli mətnşünaslığının banisi, kitabşünas-bibliofil
və şair Salman Mümtazdır.
Salman Məhəmmədəmin oğlu
Əsgərov (Mümtaz)
- 1884-cü il mayın 20-də Azərbaycanın Nuxa (indiki Şəki) şəhərinin Gəncəli
məhəlləsində tacir
ailəsində dünyaya
gəlmişdir. Salmanın
babası və atası Şəkidə varlı və imkanlı şəxslər
olmuşlar. Atası Məşədi Məhəmmədəmin
Türkmənistanın Aşqabad
şəhərində torpaq,
mülk, karvansara və dükan sahibi olmuşdur. Məşədi Məhəmmədəmin
1887-ci ildə gənc
yaşlarında vəfat
etdiyindən ailəsinə
qayını himayədarlıq
etmişdir.
Salmanın 2 yaşı olarkən
ailə Şəkidən
Aşqabada köçdüyündən
o, ibtidai təhsilini Aşqabadda - Mirzə Əsədullanın məktəbində
almış, lakin ailə vəziyyətinə
görə müəyyən
müddətdən sonra
məktəbi tərk
etmək məcburiyyətində
qalaraq erkən yaşlarından ticarətlə
məşğul olmağa
başlamışdır.
Məktəbdən ayrılmağına baxmayaraq, Salman təhsilini
fərdi şəkildə
davam etdirir, ərəb, fars, türk, urdu və rus dillərini
öyrənir, müstəqil
olaraq çoxlu mütaliələr edir.
1906-cı
ildə Aşqabadda
"Molla Nəsrəddin"
jurnalı ilə tanış olan Salman Mümtaz jurnala kiçik yazılar və şeirlər göndərməyə başlayır,
daha sonralar isə "Molla Nəsrəddin"də onun
"Xortdan bəy",
"Sərçəqulu bəy"
və başqa imzalarla ardıcıl şəkildə şeir və felyetonları dərc olunur. Eyni zamanda "Zənbur", "Kəlniyyət",
"Tuti", "Qardaş
köməyi", "Səda",
"Günəş", "Tərəqqi", "İqbal", "Yeni
iqbal", "Açıq
söz" kimi mətbu orqanlarında da çıxışlar edir.
Klassik Şərq ədəbiyyatının
böyük cazibəsi
Salman Mümtazı daim
özünə çəkir
və o, Şərq,
o cümlədən də,
Azərbaycan klassiklərinin
əsərlərini, əlyazmalarını
min bir əziyyətlə
əldə edib onlara izah və
şərhlər yazaraq
üzərində elmi
araşdırmalar aparmağa
başlayır.
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra Salman Mümtaz ailəsi ilə birlikdə Aşqabaddan Bakıya köçür. Bakıda
şəxsi dükan açıb işlətməklə
yanaşı, yaradıcılığını
da davam etdirir, elmi fəaliyyətində
isə Bakı mühiti həlledici rol oynayır. O, müxtəlif illərdə
Azərbaycan Dövlət
Elmi-Tədqiqat İnstitutunda,
Azərbaycan Dövlət
Muzeyində, "Azərnəşr"də,
SSRİ EA AF Dil və
Ədəbiyyat İnstitutunda...
ayrı-ayrı vəzifələrdə
çalışır, Azərbaycan
Yazıçılar Cəmiyyətinə
üzv qəbul olunur.
Salman Mümtaz böyük məbləğdə yardım
göstərdiyi 1919-cu ildə
təsis edilən
"Yaşıl qələm"
cəmiyyətinin fəal
üzvlərindən biri
olur, 1920-ci ildə isə özü "Azərbaycan ağız ədəbiyyatının toplanılması
komissiyası"nı yaradır.
1923-cü
ildə "Kommunist"
qəzeti redaksiyasından
şair və yazıçılarımızın əsərlərinin tərtib
edilib çap olunması işi ilə bağlı əməkdaşlıq təklifi
alan Salman Mümtaz bu dəvəti fərəh hissi ilə qəbul edərək böyük bir enerji ilə
fəaliyyətə başlayır,
"Unudulmuş yarpaqlar"
və "Dilmanc"
başlıqları altında
silsilə məqalələr
yazıb dərc etdirir.
Salman Mümtaz Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyatşünaslığı
üçün çox
böyük işlər
görmüşdür. O, "tarixi-ədəbiyyatımız"la bağlı bir sıra araşdırmalar aparmış, kəndləri,
şəhərləri gəzib
klassiklərimizin həyat
və yaradıcılığı
haqqında məlumatlar
öyrənmiş, nadir əlyazmaları
toplayaraq onların üzərində tekstoloji
işlər aparmaqla nəşr etdirmişdir. Dövri mətbuatla əməkdaşlıq edən
Salman Mümtaz məqalələrini
"Füqəra füyuzatı",
"Azərbaycan", "Qurtuluş", "Kommunist",
"Maarif və mədəniyyət", "Şərq
qadını", "İnqilab və mədəniyyət",
"Azərbaycanı öyrənmə
yolu", "Ədəbiyyat
qəzeti" və başqa bu kimi
mətbu orqanlarında
dərc etdirmişdir.
Salman Mümtazın elmi axtarışları gərgin
zəhmətin nəticəsində
gerçəkləşmişdir. Təkcə Həbibinin şəxsiyyətini araşdırmaq
üçün o, bir
neçə ölkənin
kitabxanasında axtarışlar
aparmışdır. Həbibi,
Molla Qasım Şirvani, Mirzə Şəfi Vazeh haqqında, onların həyat və yaradıcılığı ilə
bağlı ilk məlumatı
Azərbaycan oxucusuna məhz Salman Mümtaz vermişdir. Alim 1926-cı ildə
Azərbaycanın böyük
filosof-şairi İmadəddin
Nəsiminin "Divan"ını
müqəddimə ilə
çap etdirmiş, həmçinin "könüllər
fatehi" adlandırdığı
Məhəmməd Füzulinin
"Divan"ının qədim
bir əlyazmasını
tapıb ortaya çıxarmışdır. Salman Mümtaz Şah İsmayıl Xətainin də "Divan"ının
nadir bir əlyazmasını
əldə etmiş,
ilk dəfə olaraq
"Dəhnamə" poemasının
qədim və natamam nüsxəsini taparaq onu hissə-hissə
çap etdirmişdir.
Xətainin "Nəsihətnamə"
əsərinin də
ilk tədqiqatçısı və naşiri məhz Salman Mümtaz olmuşdur. Daha sonra o, "Nəsihətnamə"nin
Britaniya Muzeyində mühafizə edilən
nadir bir əlyazmasını
da tapıb ortaya çıxarmış, 1930-cu ildə
isə Bəkir Çobanzadə ilə birlikdə Xətai "Divan"ının Britaniya
və Ərdəbil nüsxələri əsasında
müqayisəli mətnini
hazırlamışdır...
"Rəşid bəy və Səadət xanım" əsərini
və onun müəllifi olan İsmayıl bəy Qutqaşınlı barəsində
ilk məlumatı da Salman Mümtaz
əldə etmişdir.
Alim "Yüz il bundan
əvvəl Azərbaycan
nasiri" məqaləsində
"Bu kiçik hekayənin
tapılıb meydana çıxmasının özünəməxsus
çox böyük,
həm də qayət maraqlı bir hekayəsi vardır ki, əgər tamamilə yazılsa, nəticədə əslindən
çox böyük bir əsər zahirə çıxar",
- deyib təsadüfən
haqqında eşitdiyi
hekayəni necə əldə etməsinin qısa tarixçəsini
nəql etmiş, İsmayıl bəy Qutqaşınlını "Avropa
üsul və təsirində ilk hekayə
yazan ədibimiz", sözügedən əsəri
isə "bizim ilk və birinci olaraq Avropa təsirində
yazılan hekayəmiz"
kimi səciyyələndirmişdir.
Mümtaz uzunmüddətli
axtarışların nəticəsində
əldə etdiyi
"Rəşid bəy
və Səadət xanım" əsərinin
fransız dilindən tərcüməsinə və
nəşrinə də
müvəffəq olmuşdur...
Salman Mümtaz Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəmməd
Hüseyn xan Müştaq, Qövsi Təbrizi, Nitqi Şirvani, Qasım bəy Zakir, Seyid İmadəddin Nəsimi, Mirzə Şəfi Vazeh, Baba bəy Şakir, Mehdi bəy Şəqaqi, Molla Vəli Vidadi və başqa şairlərlə də bağlı kitablar hazırlayıb nəşr
etdirmişdir. "Ağa
Məsih Şirvani"
kitabının (daha sonra digərlərinin də) üzərində
"Azərbaycan ədəbiyyatı"
sözlərinin yazılmasını
da burada bir ilk kimi qeyd etmək
lazımdır.
"Azərbaycan xəvas ədəbiyyatının tarixi
nə qədər qədim isə, Azərbaycan el ədəbiyyatının tarixi
də ondan daha əski və daha qədimdir...
Xəvas şairləri
ilə el şairlərinin əsərləri
bütün varlığı
ilə meydana çıxmadan Azərbaycan
tarixi-ədəbiyyatı doğru,
yəni yalan-yanlışsız
yazıla bilməyəcəkdir.
Çünki əskidən
qalma bir əsər böyük bir tarixi-ədəbiyyatın
altını üst və üstünü alt
edə bilər. Şəhərlər olmadan
kəndlər, kəndlər
olmadan obalar, alaçıqlar var idi. Xəvas ədəbiyyatından
da qədim el ədəbiyyatı, islamiyyətdən
də əvvəl bir türk ədəbiyyatı
mövcud idi", deyən Salman Mümtaz folklora, şifahi xalq ədəbiyyatına xüsusi önəm vermiş, onun toplanılması, nəşri
və tədqiqi istiqamətində böyük
işlər görmüşdür.
Təsadüfi deyildir
ki, Mümtaz Azərbaycanda
bayatıların ilk toplayıcısı,
naşiri və tədqiqatçısı olmuşdur.
1927-ci ildə onun bayatı ustadı, haqq aşiqi Sarı Aşığa həsr etdiyi "Aşıq Abdulla" kitabı
nəşr olunmuş,
1936-cı ildə isə
kitab üzərində müəyyən
təkmilləşdirmələr aparılmaqla "Sarı Aşıq" adı ilə yenidən çap edilmişdir.
Salman Mümtazın ikicildlik
"El şairləri" (1927-1928) kitabında isə çoxlu sayda aşıq və el şairlərinin şeirləri toplanılmışdır.
Ümumiyyətlə, Mümtaz
bir çox el sənətkarları haqqında dəyərli məlumatlar verməklə,
əsərlərindən nümunələr
çap etdirməklə
onların həyat və yaradıcılığının
öyrənilməsi yolunda
ilk cığır açmışdır.
Məsələn, haqq
aşiqi Qurbani ilə
bağlı ilk qiymətli
fikirlərin müəllifi
Salman Mümtaz olmuş,
alim onu Şah İsmayıl Xətainin müasiri və şəxsən tanıdığı
ustad sənətkar kimi səciyyələndirmişdir.
Folklorun
toplanılması və
araşdırılmasına böyük maraq göstərən Salman Mümtaz
ana kitabımız olan
"Kitabi-Dədə Qorqud"un
Drezden və Vatikan nüsxələrindən
əlavə, üçüncü
və daha qədim əlyazmasını
əldə etmiş,
"Koroğlu" eposu
ilə bağlı bir çox materiallar toplamışdır.
O, Azərbaycanı qarış-qarış
gəzərək, çoxlu
sayda atalar sözlərimizi toplayıb
nəşrə hazırlamış,
lakin həmin ərəfədə həbs
olunduğundan "Azərnəşr"ə
təqdim etdiyi bu materialı çap etdirə bilməmişdır.
Salman Mümtaz bütün ziyalıları ana dilimizin
qorunması, inkişafı
və daha da zənginləşməsi üçün
fəaliyyətə səsləyir,
ədəbi dilimizin saflığının təmin
edilməsi üçün
onun yad ünsürlərdən
təmizlənməsi, yerli-yersiz
işlədilən başqa
dillərdən gəlmə
sözlərin öz doğma dilimizdəki qarşılığı ilə
tapılıb əvəzlənməsi
istiqamətində elliklə
çalışmağa dəvət
edirdi. "Ana dilimiz olduqca varlı və zəngindir", deyən Salman Mümtaz problemin həllini "Yalnız çalışmaq
və itmiş-batmış
sözlərimizi aramaq
və tapmaq gərək"liyində görürdü.
Mümtaz özü
944 ərəb-fars sözünün
türkcə qarşılığından
ibarət olan "Dilmanc" və on üç illik zəhməti sayəsində
araya-ərsəyə gələn
altıcildlik "Beş
min söz" adlı
lüğətləri ilə
bu istiqamətdə göstərmiş olduğu
əməli fəaliyyəti
ortaya qoydu.
Qeyd etdiyimiz kimi, Salman Mümtaz klassik Şərq ədəbiyyatına
xüsusi maraq göstərmiş, Şərq
dillərini bildiyindən
bu zəngin bədii söz xəzinəsinin bir çox nümunələrini
oxuyub öyrənmək
imkanına malik olmuşdur.
Bu istiqamətdə də
elmi axtarışlar aparan alim Firdovsinin "Şahnamə"sinin, Sədinin
"Bustan" və "Gülüstan"
əsərlərinin, Hafiz Şirazinin
şeirlərinin, Məhtimqulunun
"Divan"ının əlyazmalarını
əldə etmiş,
"Rudəki və Molla Pənah Vaqif", "Türkmən
şairləri", "Əmir
Əlişir Nəvai",
"Ədəbiyyatımızda Nəvai təsiri",
"Molla Qasım və Yunis İmrə",
"Dünya şairi
Firdovsi" və başqa bu kimi
mövzularda məqalələr
yazmışdır.
Salman Mümtaz 1926-cı ildə
Bakıda keçirilən
Türkoloji qurultayda çıxış etmiş
və yenicə çap olunan "Nəsimi" kitabını
qurultaya hədiyyə
etmişdir. 1934-cü ildə
isə Firdovsinin anadan olmasının 1000 illiyi ilə bağlı yubiley tədbirlərində aktiv
şəkildə fəaliyyət
göstərmişdir.
Salman Mümtazın elmi fəaliyyəti və axtarışları qeyd olunan sahələrlə məhdudlaşmır. Belə
ki, o, "Qurani-Kərim", "Tövrat" və "İncil"in əlyazmalarını,
həmçinin "Tarixi-aləmarayi-Abbasi", "Tarixi-Ali
Osman" və "Qarabağnamə"nin
əlyazmalarını, "Tarixi-Nadir" kitabını
da əldə edə bilmişdir.
Salman Mümtaz yüksək mənəvi keyfiyyətlərə
malik, xeyirxah bir insan olmuşdur. O, "Molla Nəsrəddin" jurnalının başqa ölkələrdə yayılmasını
öz vəsaiti hesabına təmin etmiş, azərbaycanlı
gənclərin təhsil
almaları üçün
onlara dəstək olmuş, klassik Şərq, o cümlədən
də, Azərbaycan ədəbiyyatına aid materialların,
əlyazmaların, folklor
nümunələrinin və
s. əldə olunmasını
öz şəxsi maddiyyəti hesabına gerçəkləşdirmiş və bu yolda,
demək olar ki, bütün var-dövlətini
xərcləmişdir.
Təbii
ki, bu qədər işlərə imza atan, qəhrəman türk qaziləri Ənvər və Nuru paşaların şəninə onun türkçülük, turançılıq,
islam və azadlıq ruhunu qabarıq şəkildə
əks etdirən şeirlər yazan, bütün varlığı
ilə millətinə,
vətəninə bağlı
olan Salman Mümtaz
1937-ci ilin qanlı repressiyasından kənarda
qala bilməzdi və qalmadı da. 1937-ci
il oktyabrın 9-da Salman Mümtaz
"əksinqilabi millətçi
təşkilatın fəal
üzvü" kimi həbs olundu, "Kitabxaneyi-Mümtaziyyə" adlandırdığı
zəngin arxiv-kitabxanası
isə məhv edildi.
Gecə
saatlarında Salman Mümtazı
evindən aparmağa gələn "NKVD" cəlladları
onun min bir əziyyətlə başa
gətirdiyi, bütün
ömrünü həsr
etdiyi, canından da əziz saydığı
"Kitabxaneyi-Mümtaziyyə"də olan materiallarının hamısını elə onun özünə daşıtdırıb maşına
yığdırırlar. Bu səhnəni göz önündə canlandırmaq,
hadisənin Salman Mümtaza
təsirini düşünmək
belə insana ağır gəlir. Aparılan arxiv-kitabxananın
bir hissəsi "NKVD"nin həyətində
yandırılır, bir
hissəsi ermənilərin
əlinə keçir,
bir hissəsi isə itib-batır. Materialların bir hissəsinin başqaları
tərəfindən mənimsənilməsi
də inkarolunmazdır.
Xalq şairi Hüseyn Arif "Alim tanıyıram, qoca Qafqazın // Çeşmə
tək durulub dibindən çıxır.
// Alim var, sağ əli
Salman Mümtazın, // Sol əli
Hümmətin cibindən
çıxır" misralarını
məhz bu məqama nəzərən
qələmə almışdır.
Bəzi mənbələrdə
aparılan bu nadir əlyazmaların, təzkirə,
cüng və bəyazların, folklor və yazılı ədəbiyyat materiallarının,
elmi araşdırmaların,
unikal kitabların... sayı 238, bəzi mənbələrdə isə
270 ədəd kimi göstərilir. Lakin təbii
ki, bu, heç də dəqiq rəqəmi əks etdirmir və onların sayı daha çox idi.
Salman Mümtaz bütün əzab-əziyyətlərə, dəhşətli işgəncələrə
(o zaman işgəncələrin verilməsində və dindirilmə prosesində mənfur haylar xüsusi fəallıq göstərirdilər) dözür
və ona qarşı irəli sürülən ittihamları
qəbul etmir. Nəhayət, 1938-ci il yanvarın
9-da Salman Mümtaza beş
il müddətində siyasi
hüquqdan məhrum edilmək və bütün əmlakı müsadirə olunmaqla on
il həbs cəzası
verilir. Lakin siyasi dustaq kimi məruz
qaldığı ağır
işgəncələrə və mənəvi sarsıntılara tab gətirməyən
Salman Mümtaz 1941-ci il dekabrın
21-də cəza çəkdiyi
Sol-İletsk həbsxanasında
dünyasını dəyişir.
Başqa bir mənbəyə görə
isə Salman Mümtaz
Sol-İletsk həbsxanasından
Oryola sürgün olunur. Böyük Vətən müharibəsi
zamanı alman qoşunları
Oryola yaxınlaşdıqda
Stalinin razılığı
və Beriyanın imzası ilə Oryoldakı bütün siyasi dustaqların (orada Salman Mümtazla yanaşı başqa tanınmış şəxslər
də olur) güllələnməsi qərara
alınır. Əvvəlcə
meşədə dustaqlar
üçün elə
onların özlərinə
böyük bir məzar qazdırırlar,
daha sonra hamısını güllələyib
elə həmin məzardaca dəfn edirlər. Mənbədə
bu hadisənin başverğmə tarixi isə 6 sentyabr 1941-ci il kimi qeyd olunur.
Salman Mümtazın hələ
görüləcək işləri
çox idi. Bütün bunlar hamısı yarıda qaldı. Azərbaycan xalqı Salman Mümtazın
timsalında bütün
həyatını vətəninə,
millətinə vicdanla
xidmət edən, yorulmadan, tükənməz
yaradıcılıq enerjisi
ilə fəaliyyət
göstərərək onun
milli-mənəvi sərvətlərinin
keşiyində dayanan
böyük bir ziyalısını itirdi.
1956-cı
il noyabrın 17-də Salman Mümtaza SSRİ Ali Məhkəməsi
tərəfindən ölümündən
sonra haqqında çıxarılan ittihamnamə
ləğv olunmaqla bəraət verildi. Ölümündən on beş il sonra...
Həyatını xalqın, millətin
yolunda şam kimi əridərək şərəfli bir ömür yolu keçmiş Salman Mümtaz
misilsiz xidmətlərə
imza atmış əvəzolunmaz folklorşünas
və ədəbiyyatşünas-alim,
elm fədaisi, XX əsr
milli mətnşünaslığımızın
banisi kimi Azərbaycanın elm tarixinə
öz adını əbədilik yazdı. O
ad ki, Azərbaycan filoloji
elminin bu günündən dünəninə
nəzər saldıqda
ona işıq tutub yolunu aydınladan
böyük alim-ziyalıların
adları sırasında
yer almışdır!
Aynur XƏLİLOVA
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.38-39.