"Min bir mini- esse
dükanı" silsiləsindən
Şair, şairdən şeir
söylə...
Məni
bir şairin başqa bir şairin şeirlərini əzbərdən söyləməsi
maraqlandırır. S.Vurğunun "Zamanın
bayraqdarı"nı şairin
öz ifasında plastinkada dinləmişəm.
R.Rzanı canlı görmüşəm.
B.Vahabzadəni, N.Həsənzadəni, M.Yaqubu,
M.İsmayılı, F.Qocanı,
F.Sadığı, C.Əlioğlunu,
R.Rövşənin şeirlərini
öz ifasında çox eşitmişik...
Bu, rus ənənəsidir, yoxsa başqa xalqların mədəniyyətində
belə hadisə var? Bilmirəm...
Sovet dönəmində "Melodiya"
firmasının buraxdığı
disk hələ də
gözümün qabağındadır.
Diskin üzərinə yazılmışdı!
"Yevgeniy Yevtuşenko çitaet
Vladimira Mayakovskoqo".
Yanılmıramsa, onun
söylədiyi Mayakovskinin
"Şalvarlı bulud"
triptixi idi...
Məşhur uşaq yazıçısı
Körney Çukovskinin
Aleksandr Blokdan şeir
deməsi hamıya məlumdur. Digər uşaq şairi Valentin Berestov Osip Mandelştamın
şeirlərini necə
ürəklə, sevgi
ilə söyləyirdi...
Çox
maraqlı təcrübədir!
Uşaq şairi "ciddi", "ağır"
nəfəsli, dərin
fəlsəfə yüklü
bir şairi içindən keçirir...
Radioda
Andrey Voznesenskinin yubileyində
iki müasir rus şairinin - Dmitri Bıkovun və Aleksandr Kuşnerin Andrey Voznesenskinin
eyni bir şeirini necə fərqli söylədiyini
dinləmişəm. Youtube-də
axtarıb tapmaq olar.
Onda düşünmüşdüm ki, bizdə də belə bir təcrübəyə
müraciət etmək
olardı. Məsələn,
Nəriman Həsənzadənın
bir şeirini həm Qəşəm Nəcəfzadə, həm
Şəhriyar del Gerani
söyləsin. Ramiz Rövşənin
bir şeirini eyni vaxtda Salam Sarvan və Qulu Ağsəs əzbərdən desin. Vaqif Bayatlıdan bir şeiri həm Fərid Hüseyn, həm də Emin Piri səsləndirsin. Gözlənilməz
poetik nitq effektinin şahidi olacaqsınız!
Bu fərqli söyləmə
tərzi, poetik deklomasiya hər şairin (şeir deyənin) avtoportretini tamamlayan ştrixlər olub, həm də onların bədii-estetik duyumunu anlamaq imkanıdır. Hətta "qiraətçi"
şairlərin müəllifə
şəxsi münasibətinə
müəyyən qədər
aydınlıq gətirmək
olar.
Əslində, bir şair başqa bir şairin yalnız şeirlərini oxumur və əzbərləmir,
həm də müəyyən poetik tapıntılar edir. Emosional səviyyədə
həmin şairin səsini yenidən yaradır. Yox, heç də həmin şairin səs tembrini, intonasiyasını imitasiya
etmir - bu, onsuz da mümkünsüzdür
və gərəksiz bir işdir, sadəcə mənasız
parodiya alınar.
Və məndə belə qənaət yaranıb ki,
bir şairin şeirlərini artistlər
deyil, şair oxusa yaxşıdır. Əsl şair odur ki, özgənin şeirlərini özünkündən
yaxşı söyləyir.
"Xırda şey"
Universitetdə bir sevimli müəllimim vardı - Liya Georgiyevna. Oğlu Pavel məndən bir kurs yuxarı
oxuyurdu (Pavel Fokin indi Moskvada tanınmış
ədəbiyyatşünasdır), onunla dostluq edirdim.
Liya Georgiyevnanın bir pedaqoji-metodoloji "xəstəliyi"
vardı: İntibah ədəbiyyatı ilə
yanaşı, həmin
dönəmin incəsənətini
(memarlıq, rəssamlıq)
seçmə fənn
kimi tədris edirdi, mövzu ilə bağlı mütləq imtahan sualları salırdı. Dərsdə slaydlar göstərirdi. L.Lazarev, İ.Qrabar, M.Alpatov
və başqa tanınmış sənətşünasların
kitablarını konspektləşdirməkdən
bezmişdik. Həmin konspekt dəftərlərinin
bəziləri məndə
hələ də durur...
İtalyan İntibahının tanınmış tədqiqatçısı
M.V.Alpatov Ambroso Lorensettinin monumental freskaları
ilə kiçik rəsmləri arasında paralellər aparmış
və belə bir ümumiləşdirmə
etmişdi: "Bu rəsmlərin
birində dənizin sıldırım sahili,
nadir ağaclar, tarla sahələri, evlər və sahilə yan almış tənha qayıq təsvir olunub... Müasir seyrçi özünü möhkəm
tutmalıdır ki, şəxsi
lirizmini bu rəsmlərə ötürməsin...
Mümkündür ki, rəssamın
özü həmin peyzajları vətəndaş
pafoslu silsiləsi ilə müqayisədə
"xırda şey"
hesab edirdi (Necə ki, Petrarka ən çox indi unudulmuş
"Afrika" poeması ilə
fəxr edirdi)".
Sənətşünasın sözünə
qüvvət, doğrudan
da, Petrarka tarixin yaddaşında epik poemalar müəllifi kimi deyil, böyük
lirik şair kimi qalıb.
Müşfiqin "Qaya", "Səhər",
"Sındırılan saz"
poemalarının sənətkarlıq
xüsusiyyətlərindən saatlarla danışmaq olar, amma Müşfiqi
yaşadan iki daşın arasında yazdığı, konkret qadına ünvanladığı
"xırda şey"
- "Yenə o bağ
olaydı" şeiridir...
Lev
Tolstoy realizmi:
ölümün gözünə
baxma sənəti
Lev Nikolayeviç Tolstoy tez-tez
rəssam Surikovun ağır yataq xəstəsi olan arvadına baş çəkməyə gedirdi.
Bir gün, iki gün... Bu ziyarət bir neçə dəfə təkrarlanır.
Yazıçı adətən
xəstənin çarpayısı
yanında stul çəkib oturur, diqqətlə və səbrlə arvadın necə ölməyini müşahidə edirdi...
Nəhayət, xəstə qadın
yazıçının boz
və buz kimi soyuq baxışlarına
dözmür və qışqırır: "Çıx
get! Çıx get, bədheybət
qoca!"
Deyilənlərə görə,
Tolstoy həmin vaxt
"İvan İliçin ölümü"nü yazırmış...
İnsan
ömrünün ən
gerçək hadisəsi
olan ölümdən
yazanda da gərək çox dürüst olasan. Yazıçı nədən yazır-yazsın,
dürüst olmalıdır
- bu, qoca Tolstoyun əsas estetik prinsipi idi...
E.Heminquey də Tolstoyu bu dürüstlüyünə
görə çox sevirdi...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.41.