Xatirələr
Gözümdə
cilvələnib canlı-canlı xatirələr,
Sığışdı bir anıma hər zamanlı
xatirələr!
O yanda bəxtəvər
anlar, bu yanda ağrı-acı,
O yanlı xatirələr, ahhh! Bu yanlı xatirələr!
Dolub təsəvvürümün
izdihamlı boşluğuna
Adam-adam dikəlir şanlı-şanlı xatirələr!
Çölümdə
yoxluğunun buz nəfəsli gerçəyi var,
İçimdə isti, ilıq, sən gümanlı xatirələr!
Canımda
çillə günü yalquzaq hənirtisidi,
İçində qurd ulayan sıx dumanlı xatirələr...
Nə
arzular, nə ümidlər, həvəslər
öldürdük!
Qarışdırır yuxumu qanlı-qanlı xatirələr...
Taxıldı
barmağına bir şəhid səadətinin
Ömürlük ayrılığıyla nişanlı xatirələr...
Çəkildi
xəlvətə qəddar dilində lal sükutun
İtib-batır qocaman, adlı-sanlı
xatirələr...
Nə
duyğular yaşadıq! Kaş-kaş, heyf-heyf,
"Sənöl-mənöl"lü, belə, and-amanlı xatirələr!
Soyuq
vücudun, Əvəz, xatirata abidədir,
Unutdurarmı səni istiqanlı
xatirələr?!
Öyrəşdirdim
Nəfsimi
çox da iki öynəyə öyrəşdirdim,
Ağzımı boş-boşuna çeynəyə
öyrəşdirdim.
Bu yara day
məni qoymaz səni yaddan çıxaram,
Qoparıb qaysağını göynəyə
öyrəşdirdim.
Ürəyim
buz kimi qalmaz bu soyuqluqlarda,
Canımı çillə günü
köynəyə öyrəşdirdim.
Üzülüb
xəstə canım, iynə gözündən keçdin,
Ara yerdə səni də iynəyə öyrəşdirdim.
Mənə
dövran nə yedizdirdisə uddum getdi,
Səbrimi "eybi yox"a,
"neynəy"ə öyrəşdirdim.
Boş yerə el deməyibmiş
buna "öyrənmiş can",
Vallah, öyrəşdi elə hey,
nəyə öyrəşdirdim.
Bilmirəm
saqqızımı harda oğurlatdım, Əvəz,
Ağzımı boş-boşuna çeynəyə
öyrəşdirdim.
Tapıldı
Kimsə
anlamadı itirdiyini -
Bir şair evində ölü tapıldı.
İntihar məktubu axtarırdılar,
Cibində beş qəpik
pulu tapıldı.
Arsız
qapılarda dabanı çıxdı,
Mədəni bildiyi yabanı
çıxdı.
Evindən yarımçıq divanı
çıxdı,
Qalan əşyaların külü
tapıldı.
Dünya
dilindəki sözə dəymədi,
Ona atılanlar sizə dəymədi.
Nekro-gicləmələr gözə dəymədi,
Qəddar
səssizliyin dili tapıldı.
Bəlkə
bir gecəsi min aya düşdü?
Bir sözü min dənə
mənaya düşdü.
Yoxsa, şəhid oldu, minaya düşdü?!
Hansısa şerdə qolu
tapıldı...
Bitdi o
günəşin vaxtı o gecə,
Bir ulduz göylərdə axdı o gecə.
Bir bulud doyunca yağdı
o gecə,
Bir cüt də göz vardı, dolu tapıldı.
Mən
niyə çatmıram bu qonaqlığa
Deyirdin,
bağların bar vaxtı gəlib,
Ağaclar başını əyir
qurtarır.
Deyirdin,
gözlərin gün
işığıdı,
Görəndə almalar dəyir,
qurtarır.
Yenə o
həminki yolu gəlirəm,
Aşıb o çəpəri, kolu, gəlirəm.
Sənəcən ürəyi dolu
gəlirəm,
Hər sənə çatanda...
şeir qurtarır.
Bir
gün bu "Allahın fağırı" itir,
O bağın o köhnə
cığırı itir.
Kimin ayağının uğuru
itir?
Kimin əllərində xeyir qurtarır?
Xaş
bişir gecədən baş-ayaqlığa,
Göz dolub-boşalır köhnə
sağlığa.
Mən niyə çatmıram bu qonaqlığa?
Hamı
mən gəlincə,
yeyir-qurtarır...
Yaxşılıq
görməyə elə
acam ki...
Gözümü açandan qaçhaqaçdayam,
Ömrümü yollara səpirəm,
abi!
Bəlkə də bir yana çıxmadım özüm,
Baxma, kimlərəsə ləpirəm,
abi!
Dərdimi
dillərdən yan gəzdirirəm,
Dilimdə bir ovuc qan gəzdirirəm.
Bir-iki xurmaya can gəzdirirəm,
Mən
ki nə dərvişəm,
nə pirəm, abi!
Hayana
üz tutub, nə umacam ki?!
Elə qapanmayıb qapı-bacam
ki...
Yaxşılıq görməyə elə
acam ki,
Görəndə gözümə təpirəm,
abi!
Yalan
otururlar, yalan dururlar,
Haqqı
büt başına dolandırırlar.
Elə ürəyimi bulandırırlar,
Az qalır hər şeyə tüpürəm, abi!
Harda
dolaşıq var, rastıma çıxır,
Çözürəm, bir ucu dostuma
çıxır.
Zibil qalaqlanıb üstümə
çıxır,
Bilmirəm, hansını süpürəm,
abi!
Gözümüz
dikilib sabaha, qalıb,
Nə ucuz tapılır, nə baha qalıb.
Sən
get yat, mənimki
Allaha qalıb,
Gecən
xeyrə qalsın, öpürəm, abi...
Əvəz QURBANLI
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.-
S.40.