Bu qızın
Həsrətini göy çəmənə
sərəsən,
Özgə bağın, gülün
necə dərəsən?
Kim incidib, kim ağladıb
görəsən?
Kim siləcək göz yaşını bu qızın?
Gözlərində şimşəklərin
çaxışı,
Hər sevənin olmaz baxtı, naxışı.
Yuxusuna yağar hicran yağışı,
İsladacaq balışını bu qızın.
Dinən
deyil, susan, elə susacaq,
Ürəyi daş baxıb
gülə, susacaq.
Könül qıran, yaxasından
asacaq
Ömrü boyu qarğışını
bu qızın.
28.11.2024
Əvvəllər dünyamız
belə deyildi
Əvvəllər dünyamız belə
deyildi,
Südünə hələ su qatılmamışdı.
Heyif, tərəzinin gözü
əyildi,
Qeyrət
də, namus da satılmamışdı.
Əvvəllər dünyanın düz
vədəsiydi,
Otlayan görərdin qurdla qoyunu.
Kəlmə vədəsiydi, söz
vədəsiydi,
Düzgün oynayırdı hər
kəs oyunu.
Gecələr söhbətə yığışardılar,
Doğmalıq dəb idi, ənənə idi.
Hərdənbir qohumun kənddən
gələndə,
Evində
qalırdı, otel nə idi?!
Ümid
dirildəndə, güman
öldürür,
Hərəsi bir cürə şərikdi dərdə.
Gənclik vaxt öldürür,
zaman öldürür,
İnternetdə, sosial şəbəkələrdə.
Bilmir
ki, neyləsin bu dünya fağır,
Daha sevincdən çox kədər doğulur.
İndi yağışlar da şıdırğı
yağır,
İndi asfalt üstə adam boğulur.
Səbr
edib dözməyi öyrənmişəm mən,
Dünya
gözəl imiş, ümid gözündə.
Görsən ki, dünyadan iyrənmişəm
mən,
Tanrım,
qoyma qalım bu yer üzündə.
21.11.2024
Oğlum
Hamının gözündə dağam,
qarım yox,
Sözümdən savayı elə
varım yox.
Demirəm mələyəm, günahlarım
yox,
Nə üzü qarayam, nə ağam, oğlum.
Səhv
edib, ümmanda batandan öyrən,
Aranı
vurandan, qatandan öyrən.
Özgədən öyrənmə, atandan
öyrən,
Özüm imtahanam, sınağam,
oğlum.
Məni
ayaq üstə saxlar inadım,
Sənsən bu dünyada qolum, qanadım.
Görmüsən haqsıztək çəkilsin
adım?
Nə danlaq, nə də ki, qınağam, oğlum.
Dostun qəlbin oxu, niyyətini bil,
Yoxla etibarın, qeyrətini bil.
Ananın
qədrini, qiymətini
bil,
Mən anam sarıdan sınığam, oğlum.
Özün bil, demirəm kimə, nəyə bax,
Elə
ki, yuxudan durdun, göyə bax.
Hər gün ovcundakı xoşbəxtliyə bax,
Sənə beş-on günlük
qonağam, oğlum.
10.05.2024
Vurulmaq
Sevdiyini
hamı bilir elə bil,
Könlün uçur, ruhun gülür elə bil.
Gözlərinə işıq gəlir
elə bil,
Ahıl
yaşda nə gözəldi vurulmaq.
Kövrəlirəm bu dünyanın heçindən,
Başaq-başaq sevgi yığdım
biçindən.
Bulaq kimi durulursan içindən,
Ahıl
yaşda nə gözəldi vurulmaq.
Görməmişdim məni məndən alan göz,
Ürəyimi alovlara salan göz.
Qismətimmiş bir sarışın,
alagöz,
Ahıl
yaşda nə gözəldi vurulmaq.
Sinəm
üstə həsrətimin
pəncəsi,
Ələ düşməz bir
də belin incəsi.
Açılıbdı ümidimin qönçəsi,
Ahıl
yaşda nə gözəldi vurulmaq.
11.11.2024
Məni yerişimdən
tanıyır payız
Payız
şələsini qoyub
çiynimə,
Götürüb aparam gərək,
qışacan.
Mən necə sevinci geyim əynimə?!
Hələ kövrələcək ürək qışacan.
Daha buluddan da nəm çəkir torpaq,
Dumanlar sürünüb, dağ aşır indi.
Budaqda öpdüyüm yamyaşıl
yarpaq
Yerdə
ayağıma dolaşır
indi.
Xəzəllər oxuyur, susur dil, dodaq,
Bilmirəm, payıza nəyi
diləyim?
Ağlayır küləyin qırdığı
budaq,
Külək uşaq deyil, tənbeh eləyim.
Payızda gümanın yel
qanadı var,
Daha üzü gülmür yerin, göyün də.
Ayrı
ləzzəti var, ayrı
dadı var
Ayın
işığında yol
getməyin də.
Hardasa bir qərib qönçə darıxır,
Açammır, özünü qınayır
payız.
Hara gedirəmsə, qarşıma
çıxır,
Məni
yerişimdən tanıyır
payız.
04.11.2024
Sarışın dağlar
Küsməyin, payızla barışın,
dağlar,
Yeri var qışın da, güllü
yazın da.
Gözəl qız kimidi sarışın dağlar,
Yenə
ədasında, yenə
nazında.
Çöl, çəmən əsirdi
yelin əlində,
Dağların gözünü kaş
aran görə.
Dərənin yaxası selin əlində,
Çətin bir gün görə, güzəran
görə.
Yağış qəribsəyər torpaqdan
ötrü,
Yağsa
vədəsində, torpağa
candı.
Hər budaq darıxar yarpaqdan ötrü,
Yarğanlar xəzəllə ağzınacandı.
Sol tərəfim meşə,
sağım şəlalə,
Min ildi eləcə axır, çağlayır.
Bəlkə anasıdı dağın
şəlalə,
Hönkürə-hönkürə dərdin
ağlayır.
24.10.2024
Mənim ürəyimi
qarla yuyublar
Məni,
gözlərimə baxıb
duyublar,
Könlüm dağ başında
zirvə qarıdı.
Mənim
ürəyimi qarla yuyublar,
Yağışla yuyulan ürək
ayrıdı.
Gecə
göyə uçub ulduz dərəsən,
Şair
xəyallara dalmasa, olmaz.
Hər səhər ruhunu günə sərəsən,
Günəşdən odunu almasa, olmaz.
Bezib döyünməkdən sinəndə
bəlkə,
Çıxart ürəyini qoltuğuna
vur.
Qoyma ki,
üstünə düşə
bir ləkə,
Hədiyyə yerinə sevdiyinə
ver.
Ümidə bələnib ərkin
əlləri,
Gül bitib arzumun yolları
üstə.
Heç
vaxt sıxmamışam
çirkin əlləri,
Ölərəm saflığın qolları
üstə.
25.10.2024
Gördüm
Güzgüyə baxanda kövrəldim
bir az,
Payızı gözümün içində
gördüm.
Ömrün mənasını boş
günlərimin,
Ayların, illərin heçində
gördüm.
Arzumu gül kimi dərmək
istədim,
Dərib
bir çəmənə
sərmək istədim.
Həsrətin şəklini görmək
istədim,
Uçan
durnaların köçündə
gördüm.
Gəncliyin hər anı necə xoşuydu,
Ümidim
göylərdə süzən
quşuydu.
İştaham olanda süfrəm
boşuydu,
Payımı baxtımın gecində
gördüm.
Döyür qapımızı hər
səhər yalan,
Bu zəhrimar yalan, bu zəhər yalan.
Neynim, gedib-gələn nəfəslər
yalan,
Düzlüyü beşində, üçündə
gördüm.
Tapmazsan,
axtarma, yeri bilinməz,
Məkanı min yerdə, biri
bilinməz.
Səbri
dağdan ağır,
sirri bilinməz,
Tanrını əbədi gücündə
gördüm.
15.10.2024
Göy adamı
Ruhum qaçaq düşür
bəzən payızda,
Özüm də bilmirəm
nəçiyəm, nəyəm?
Məni
axtarmayın, axtarsanız
da,
Tapa bilməzsiniz, göy üzündəyəm.
Qoymur
ki, darıxam tənha
qalanda,
Ulduzlar nökərdi, Ay da ki, ağa.
Yuxusuz olanda, yorğun olanda
Ayı göndərirəm yuxulamağa.
Hər ulduz baş əyir mənə, pirəm ki?
Mələklər qoymadı boynumu
burum.
Bu necə arzudu, istəyirəm ki,
Buluddan özümə alaçıq
qurum.
Göylər əvvəlkitək yaraşığında,
Qarşıma çıxar dağ,
dərə, qayıtsam.
Dərdlərim qurumaz Ay işığında,
Gözümdə nəm qalar yerə qayıtsam.
29.09.2024
Səni axtarıram anam,
hardasan?!
Haray yox nə göydən,
nə yerdən mənə,
Nə Kəbə evindən, nə pirdən mənə.
Bəzən dərs keçirdin
səbirdən mənə,
Səni
axtarıram anam, hardasan?!..
Ümidsiz olanda əsirəm
tir-tir,
Alışıb yanıram, özünü
yetir.
Nə işlər düzəlir,
nə ömür bitir,
Səni
axtarıram anam, hardasan?!.
Keçmişəm neçə
tin, döngə, gəlmişəm,
Elə bil həyata cəngə gəlmişəm.
Kədərin əlindən təngə
gəlmişəm,
Səni
axtarıram anam, hardasan?!.
Deyirdin,
Tanrını çağır
köməyə,
Süfrəndə yer vermə özgə əməyə.
Alışdır özünü zəhər
içməyə,
Səni
axtarıram anam, hardasan?!.
Solum qar, sağım qar, arasındayam,
Sanki qışla bahar arasındayam.
Nə olsun doğmalar arasındayam,
Səni
axtarıram anam, hardasan?!.
Həsrətəm, bir doğma üz istəyirəm,
Könlümü oxşayan söz
istəyirəm.
Başımı qoymağa diz istəyirəm,
Səni
axtarıram anam, hardasan?!.
06.07.2024
Ay ana
Yenə
də yolları yorub gəlirəm,
Elə bil boynumu burub
gəlirəm.
Sənin
görüşünə durub
gəlirəm,
Bilmirəm sənə nə
alım, ay ana!
Sənsizəm, ürəyim tənhadı,
təkdi,
Əlimə yatmayan hansı
ətəkdi?
Ümidim
ballanıb, pətək-pətəkdi,
Bəs niyə zəhərdi balım, ay ana!
Mehrin dəmiri də bəzən əyirdi,
Mənə atılan daş
sənə dəyirdi.
Sən nahaq dünyanı tərifləyirdin,
Dünya
zalım imiş, zalım, ay ana!
Ömür ilmə-ilmə sökülüb
gedir,
Həsrətə, hicrana bükülüb
gedir.
Hər payız bağımda tökülüb gedir
Dəymişin yerinə kalım,
ay ana!
Bir gəl, süfrəmə bax, gör nəyim
gəlmir,
Təndirin hardadı, çörəyim
gəlmir.
Səni
oyatmağa ürəyim
gəlmir,
Bəlkə sənə laylay
çalım, ay ana!
Hardasan,
qəlbimi üzəni
görüm,
Çıx bulud dalından,
qoy səni görüm.
Bu gün istəmirəm kimsəni görüm,
Ruhunla baş-başa qalım, ay
ana!
04.01.2024
Fəxrəddin Teyyub
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.37.