Körpü
Eyniadlı hekayənin müəllifi Səyyad Arana
- Evin yıxılaydı körpü tikdiyin yerdə!!! Tifaqın dağılaydı körpü
tikdiyin yerdə!!! Əllərin quruyaydı!!!
Sən buralara gəlib çıxdığın
günə daş düşəydi... daaaaşşş!!!
Oyyy, oyyy, ooooy... Laydivar kimi balam getdi,
Ay Allaaaah... ıhı....
ıhı...
***
Bu kəndin yaşını
bilən yox idi, hərənin ağzından bir avaz gəlirdi; biri deyirdi beş
yüz il, biri deyirdi min il, üç
min il deyən də vardı. Biz də, necə deyərlər, qızıl ortanı götürək: min ili.
Kəndin
tən ortasından bir çay axırdı, adı Diztopuqçay idi. Yaşlı adamlar bu çayın adını belə izah eləyirdilər ki, çayın səviyyəsi
diznən topuq arasında dəyişirdi,
fəsildən asılı
olaraq enib-qalxırdı.
Kəndin adı Diztopuqçay idi, kəndinən çay bu adı şərikli
işlədirdilər.
Dağın ətəyində boy göstərən bu kəndin camaatı mübahisə eləməyi
çox xoşlayırdı.
Üç-dörd gün
bundan qabaq kəndin Ortalıq deyilən yerində yenə qızğın mübahisə gedirdi; camaat iki yerə
bölünmüşdü; bir dəstə deyirdi ki, kəndin yaşı böyükdü,
bir dəstə də, iki ayağını
bir başmağa dirəmişdi ki, çay
böyükdü. Axırda
yarızarafat, yarıgerçək
qərara gəldilər
ki, yaxşı, kəndinən
çay eynidi: nə siz deyəndi,
nə də biz deyən. Təzəcə
razılaşıb barışmışdılar
ki, çayın tərəfdarlarından
biri dilləndi:
- Yaxşı, tutaq ki, çayınan kənd ekizdi, axı burda bir məsələ
qaranlıq qalır.
- Qaranlıq heç nə yoxdu, - kimsə dilləndi.
- Var.
- Yoxdu... varsa, izah elə...
- İzah eləyim də, eləyim. Bax, deyirik ki, çayınan kənd ekiz taydılar, yaxşı, bunlar hansı qabaq gəlib, ikisi də birdən olmayıb, ha anadan...
Bu, mübahisə eliyənlərin
ağlına batdı,
hər iki tərəf təzədən
qızışdı, nə
qızışdı - bəzən
elə olurdu ki, hamı danışırdı,
ancaq eşidən yox idi. Mübahisə
günbatandan sonraya qədər davam elədi. Axırda qərara gəldilər - qərara gəldilər
ki, saxlayaq sabaha, tay gecdi...
Üç-dörd il bundan qabaq kəndin bədən-tərbiyə
müəllimi ağsaqqallar
adından Milli Elmlər
Akademiyasının Coğrafiya
İnstitutuna məktub
da yazmışdı ki, bəs,
siz bilərsiniz, hörmətli alimlər, Diztopuqçay böyükdü,
yoxsa, kənd? Akademiyanın o hörmətli
alimlərinin birindən
cavab gəlmişdi:
"Hörmətli vətəndaş,
niyə gedib faydalı bir işnən məşğul
olmursunuz, işiniz-gücünüz
qurtarıb, niyə bizə elmi işlərlə məşğul
olmağa mane olursunuz? Bax, mən indi Sizə
cavab yazıram, nə qədər qızıl vaxtımı
alırsınız. Bir də
belə iş görməyin, axırıncı
dəfə olsun, hörmətlə baş elmi işçi Qulam Girdimani".
Bədən tərbiyəsi müəllimi
də alimin bu cavabını kənd ağsaqqalları üçün təhqir
hesab edərək üzü yuxarı şikayət yazmağa başladı - ancaq şikayət elədiyi dörd bir tərəfdən
bir dənə də olsun cavab
gəlməyib, yəqin
gələr, gözləmək
lazımdır. Bədən
tərbiyəsi müəllimi
and içmişdi ki, əgər
yuxarılardan cavab gəlməsə, o köntöy
cavab verən alimdən də, elə yuxarılardan da birbaşa BMT-yə yazacaq... onlardan da cavab gəlməsə,
NATO-ya yazacam - əl çəkən deyiləm. Qoy görsünlər ki, kəndimizin
ağsaqqallarını ələ
salmaq nə deməkdi.
Diztopuqçay ilin yarısı
öz adaşının
- Diztopuqçay kəndinin
soyuducusu, paltaryuyan maşınıydı, qabyuyan
maşınıydı, hamamıydı
- təmizliyə aid nə
vardısa, hamısı;
hələ üstəlik,
qoyun-keçisini, atını,
ulağını da burda
yuyurdu - çimizdirirdi.
Çayın əlli-altmış
metrliyindəki bulaq isə onun suyuna
qovuşub aləm yaradırdı - çayın
suyunu bir az da duruldurdu. Çay dərəboyu axırdı. Dərənin
dərinliyi otuz-qırx
metr olardı, çayın dərinliyi isə, yuxarıda dediyimiz kimi, fəsildən asılı
olaraq dizlə topuq arasında dəyişirdi: təbiət
insanlara əsəbiləşəndə
isə - sel gələndə - nəinki
topuqdan dizə, dizdən də yuxarı qalxıb adam boyuna çatırdı;
bir-iki gün belə qımıldayandan
sonra hirsi yatırdı, lap quzuya dönüb elə sakitləşirdi ki, sanki əvvəl saldığı
hay-küyə görə
camaatdan, danasını
apardığına görə
isə Pəri arvaddan üzr istəyirdi. Camaat üzrxahlığı qəbul
eləsə də, Pəri arvad qəbul eləmirdi: camaatın nə vecinə, birinin də toyuğunu sel aparmamışdı; ancaq onun o boyda
danasını əlindən
almışdı, sizə
zarafat gəlməsin.
Ona görə də Pəri arvadın dilindən yağan qarğış səngimirdi
- qarğış seli...
Yağış yağanda,
güclü yağış
sel gətirdi, Pəri arvad qarğış yağdıranda
da sel gəlirdi, vahiməli. Ancaq bu qarğış seli heç kəsin danasını aparmırdı, sadəcə
olaraq Pəri arvadın ürəyini soyudurdu. Əgər Pəri arvad dilindən yağıştək
tökdüyü ah-nalə
ilə, qarğışla
ürəyini soyutmasaydı,
şagirdlərin bayramdakı
şarı kimi şişib-şişib partlayardı...
Yaxud da sabılcanın
içinə qoyulmuş
nehrə yağı kimi ürəyi də, özü də əriyib qurtarardı. Pəri arvadı yandıran o idi ki, kənddəki, bəlkə də mindən yuxarı dananın içində selin gözü niyə onun danasına düşdü
- ancaq dana çox qəşəng idi, çox...
Pəri
arvad fikirləşirdi
ki, görəsən, Allahın
bu ədalətsizlikdən
xəbəri var, yoxsa,
yox; qəti qərara gəldi ki, xəbəri yoxdu, xəbəri olsaydı belə şeyə qol qoymazdı. Bir yandan da fikirləşirdi
ki, axı, deyirlər,
Allahın hər şeydən xəbəri
var... Bu fikrin də üstündə çox
qalmadı: "bəlkə
başı qarışıq
olub". Öz aləmində Allahı həmişəki kimi uca tutdu: "şükür məsləhətinə"...
Diztopuqçay camaatı hər
şeylə razılaşan
deyil. Dünyanın, ölkənin, rayonun, elə kəndlərinin aydan arı, sudan duru vaxtında
da bir bəhanə tapıb etiraz eləyirdilər; onlar, necə deyərlər, etiraz eləməyi bacarırdılar.
Böyük kənd idi, necə deyərlər, yeddipara kənddən ibarət idi - yeddi oba, hərəsinin
də öz adı vardı. Hərdən böyük şəhərlərin mikrorayonları
göz önünə
gələndə adam
istər-istəməz fikirləşir
ki, bu bölgünü
kəndlərdən götürüb
şəhərlərə calayıblar. Həm də bu, həqiqətdi
- axı kəndlər
şəhərlərdən çox-çox qədim və yaşlıdı, ahıldı - kəndlər
şəhərlərin ulu babasının ulu babasıdı
- bu barədə, hətta Diztopuqçay kəndinin camaatı da mübahisə eləyə
bilməz - yeri yoxdu.
Yumruq kimi möhkəm və birdi bu
kəndin camaatı - bir dəfə bu yumruqdakı barmağın biri azacıq o məsələ,
kəsib atmaq istəyirdilər; barmaq adam kimi "diz çökdü",
əllərini heç
vaxt çatmayacaq göylərə qaldırıb
yalvara-yalvara, gözündən
yaşı sel kimi axıda-axıda üzrxahlıq elədi, ağsaqqallar - müdriklər
dərinə getmədilər,
onu bağışladılar;
inanın ki, o da gedib pasportunu dəyişdi - doğum gününü kənd ağsaqqallarının
onu bağışladığı
günə yazdırdı
- əlbəttə ki, ili
qalmaq şərtilə...
Bu kənddə, lazım gələndə, etiraz da
bayraq kimi dalğalanır, yumruğunun
boşalan, yaxud boşalmaq istəyən barmağının da taleyinə
aydınlıq gətirilmirdi.
Kəndin
qoçaq, işlək,
qorxmaz, varlı-karlı
camaatı bölgədə
ad çıxarmışdı.
Hələ sovet hökumətindən qabaq
da, elə sonralar da bu kənd haqqında
bir fikir formalaşmışdı: "Diztopuqçay camaatının
kəsdiyi başa sorğu-sual yoxdu". Ancaq bu camaat
başkəsən deyildi
- çoox mərhəmətli
idi. Ancaq onlara qarşı haqsızlıq eləsən,
üzü dönür,
üzü dönürsə,
get ölünü qoy,
dirini ağla - yəni öz yerini bilən, özünə hörmət
eliyəndilər. Öz
yerlərini bildiklərinə
görə başqalarının
da yerini bilirdilər, özlərinə hörmət
etdiklərinə görə
də başqalarına
hörmət edirdilər...
Bu, bəlkə də dünyada yeganə yaşayış məskəni
idi ki, bütün kişiləri, oğulları,
yeniyetmələri bir-birini
"əmioğlu" deyib
çağırırdılar və bu əmioğluluq
dildə deyildi - ürəkdə idi, sadəcə olaraq dilə gətirirdilər.
Xeyirdə-şərdə pəpəyeyəndən-məmədeyənə
qədər, hamı ayaq üstə olurdu - bir nəfər
bütün kəndin
torpaq kimi qüdrətli, nəhəng
çiynini hiss eləyirdi,
çiyin-çiyinə...
Deyildiyi
kimi, kənd Diztopuqçayla həmyaşıd
idi və yüz illərdi ki, bu kənddə bir dənə də olsun, boşanma olmamışdı
- ona görə ki, buranın kişisi də, qadını da öz yerini çox gözəl bilirdi - şahmat taxtası kimi hər fiqur - hər adam öz
yerindədi. Bu, çox
vacib idi; təsəvvür eləyin
ki, şahmat taxtasının
üstündə at vəzirin
yerindədi, vəzir filin, fil piyadanın, şah da topun - burda oynamaq olarmı?
Ən böyük oyun isə həyatdı...
İndi oyna görüm,
necə oynayırsan, oyna də... Oyna görüm, oyna...
Bir də, indiki dildə desək, o gender bərabərliyidi-nədi, bu
kəndə gəlib çıxmamışdı. Daha
doğrusu, bir dəfə gecə vaxtı televiziyanın dəstəyi, bələdçiliyi
ilə bu kəndə də soxulmuşdu, ancaq gender bərabərliyini bu kənddən iti qovan kimi gecəynən
qovdular, dalınca da qara daş atdılar.
...Pəri arvadın kefi kök idi,
əli çalırdı,
ayağı oynayırdı,
kəndin ağsaqqalları
ona elə bir dana alıb vermişdilər ki, əvvəlkindən
də cantaraq, boy-buxun da ki, öz yerində - danadan çox, gənc kələyə oxşayırdı.
Qonşu kənddən
almışdılar. Dana arada
bir qaçıb öz "el-obası"na
gedirdi, qaytarıb gətirirdilər, Pəri
arvadın qapısındakı
tut ağacına bağlayıb
bir-iki gün ac saxlayandan sonra "ağlı" başına
gəldi.
Pəri
arvad, ağsaqqallar ona dana alıb gətirən kimi fikirləşdi ki, "bax,
bu işdən Allahın xəbəri var
- axı, o hər şeyi bilir. Dananı sel aparanda da xəbəri olubmuş, yoxsa... Yox, yox, dananı
sel aparmağıynan Allahın xəbəri olmayıb, yoxsa, qoymazdı, yox, yox..."
Burda çox gözəl, heç yerdə olmayan bir keyfiyyət
də var ki, qonşu kəndlərdə rast gəlməzsən; bir az şahlıq üsul-idarəsinə oxşayır.
Məsələn, kolxozun
sədri qırx ildən yuxarıdı işləyirdi; ondan da qabaq uzun illər
bir başqası kəndə rəhbərlik
eləyib. Kəndin baş hesabdarı, ferma müdiri, briqadirləri də uzunmüddətli kadrlardı.
Burda belə hesab eliyirlər ki, adamlar uzun müddət
işləyib əməlli-başlı
təcrübə toplayıblar,
gül kimi də işləyirlər
və onları təzələrlə əvəz
etmək mənasızdır.
Camaatın bu yanaşması yaxşı
nəticə də verir, kolxoz rayonda
qabaqda gedənlərdəndi,
adamların dolanışığına
da söz ola bilməz,
varlı-hallı, sayılıb-seçilən
kənd hesab olunur. Qonşu kəndlərin ikisində
orta məktəb olmadığına görə
onların şagirdləri
yeddinci sinfi qurtarandan sonra gəlib bu məktəbdə
oxuyur, təhsil alırdılar. Qonşu kəndlərin adamları
xəstələnəndə də gəlib bu kəndin tibb məntəqəsinə
müraciət edirdilər.
İldə beş-altı
dəfə bu kənddə açıq
havada kolxoz idarəsinin ağ divarında kino göstərəndə
qonşu kəndlər
xəbər tutar, atlanıb gələr, filmə tamaşa eləyib gedər və səhərisi günü filmi gördükləri
kimi - həmkəndlilərinə,
əgər məsləhətli
olsaydı, arvad-uşağa
da danışardılar.
Yəqin
ki, siz də azdan-çoxdan Diztopuqçay
kəndini tanıdınız.
Az qala, yaddan çıxmışdı, bir
də, kəndin çox bərəkətli
qara torpağı vardı. Buranın dəmyə buğdasından
bişən təndir
çörəyinin ətri
kəndin bu başından o başına
qədər gedib hər yana yayılardı;
o saat hamı bilərdi ki, kənddə
kimsə çörək
bişirir. Belə bir söz var, deyərlər ki, əgər
çəliyin yadından
çıxıb bu kənddə qalsa, bir ildən sonra gəlib görərsən ki, bitib
yekə bir ağac olub.
Ancaq bütün bunlarla yanaşı, Diztopuqçay
kəndinin atkeçməz
işləri də vardı. Özləri demişkən, yaşı
yüz illərlə ölçülən bu kənddən keçən
eyniadlı çayın
üstündən körpü
salmaq, nədənsə,
heç kəsin ağlına gəlmirdi. Gün ərzində, yalan olmasın, bu çayı o üz-bu üzə, bəlkə beş yüz adam keçirdi;
eni on iki-on beş metr olan
çayın içinə
hər yarımmetrdən
bir iri daşlar
düzülmüşdü, müəllimlər, şagirdlər,
kolxozçular, qonaq-qara,
hamısı bu daşların üstü
ilə tullana-tullana çayı o tərəf-bu
tərəfə keçirdilər.
Çayı bu minvalla keçəndə
neçə nəfər
xəsarət də alıb, iki nəfər daşın üstündən sürüşüb
ayağını sındırmışdı,
birinin isə dizinin aynası çatlamışdı. Yayda
isə qadınlar tumanlarını dizinə
qədər qaldırar,
kişilər də şalvarını çırmalayıb
keçərdilər. Həm
də körpüsüz
çay adama birtəhər gəlirdi; necə yəni... Çayın üstündə
körpü yoxdursa, onu hardan gəldi
keçmək olurdusa,
deməli, bu çay, necə deyərlər, adlı-sanlı
çay deyil də... Araz kimi, Kür kimi...
Hər şeyin vaxtı-vədəsi
varmış; günlərin
bir günündə Diztopuqçayın da bəxt
düyünü yavaş-yavaş
açılmağa başladı.
Rayon partiya komitəsinin birinci katibini külli miqdarda yeyintiyə yol verdiyinə görə soxdular qoduqluğa - yerinə təzəsini qoydular: yoldaş Sadıxov.
Yüz qırx mindən artıq əhalisi olan rayon təxminən, ilyarım partiya komitəsinin keçmiş
birinci katibini eninə-boyuna müzakirə
elədilər, onu söyənlər də oldu, tərifləyənlər,
təəssüf eliyənlər
də - bir adam hamıya qarşı yaxşı
ola bilmədiyi kimi, pis də ola bilməzdi.
- Deyirlər, bir boçka pulu varmış, yarısı
çürüyübmüş.
- Əə, o boyda kişi pulu boçkaya niyə yığır ki... yer tapmırdı pulu yığmağa?
- Yıxılana balta vurmaq bizim köhnə
peşəmizdi.
- Heyləsini gərək boynunun dalından baltalayasan.
- Niyə? Heylə pis adam da deyildi.
- Əlbət ki, tərifləyərsən
də... O, bu rayona gələndən sən də şişib dama dönmüsən.
- Allahsız danışma...
- Görək, bu təzə gələn nağarrajaq ee...
- Köhnə nağarrırdısa,
təzə də, türkün məsəli
onnan...
- Nə bilirsən əə, bəlkə...
- Dədə-babadan belə görmüşük.
- Əşi, Allah bilən məsləhətdi... onsuz
da kim eşşəkdisə,
biz ona palan olmuşuq, palan...
Rayon camaatının başı
ilyarım ərzində
keçmiş birinci katibi müzakirə eləməyə qarışdı.
Yoldaş Sadıxov köhnə yollara əl gəzdirir, xüsusilə, rayon mərkəzində
səliqə-sahman yaradır,
necə deyərlər,
bir növ, özünü gözə
soxurdu. Rayon camaatı
indi qazamatda yatan birinci katibdən
qurtarıb keçmişdilər
təzə katibə
- yoldaş Sadıxova.
- Kişinin oğlu işləyəndi də...
nə deyəsən...
- Təki heylə olsun...
- İstəməyənin gözü
çıxsın...
- Camaata bir gün
ağlasın ee... camaata...
- Gələnnən bəri
yeddi-səkkiz körpü
salıb, kişinin oğlu.
- Deyirlər, Diztopuqçayın
üstündən də
körpü salacaq...
- Hə... mən də eşitmişəm.
Elin
sözü əvvəl-axır düz olur: aradan heç üç ay keçməmiş,
Diztopuqçayın üstündən
dörd metr hündürlüyündə bir
körpü saldırdı.
İndi yuxarıda dediyimiz
iri, yastı daşların üstü
ilə tullana-tullana o tərəf-bu tərəfə
keçən adamların
hamısı yoldaş
Sadıxovun ölənlərinə
rəhmət oxuyurdu. Gəldiyi gündən
rayon ərazisində xeyli
körpü saldırmışdı
- indi rayon camaatı ona "körpü Sadıxov" deyirdi. Yoldaş Sadıxov partiya və təsərrüfat fəalları
qarşısında da körpüdən,
onun əhəmiyyətindən,
bəzən bir az da dərinə gedib körpünün tarixi əhəmiyyətindən
danışırdı:
- Dağətəyi rayonlarda
tikilən hər bir körpünün tarixi əhəmiyyəti
var. Çayın bu üzündən o üzünə
necə keçmək
olar, yoldaşlar, körpü ilə... bəs çayın o üzündən bu üzünə necə keçmək olar, yenə körpü ilə... Bu zərurətdən
doğan körpü quruculuğu geniş vüsət almaqdadır, yoldaşlar... - Və biz bu günə qədər saldığımız
körpülərlə kifayətlənməməliyik,
yoldaşlar. Hətta
rayon ərazisindən keçən,
suyu qurumuş iki çayın üstündən də körpü salmalıyıq.
Durub gözləməməliyik
ki, su gəlsin, sonra körpünü salaq. Biz bunu bəri başdan eləməklə hadisələri
qabaqlamış oluruq...
...Pəri arvadın oğlu qabağına bir çaynik çay qoyub gününü kolxoz həyətinin sağ tərəfindəki kababxanada
keçirirdi; o gününü
orda keçirirdisə
bu, o demək deyildi ki, bütün günü kabab yeyirdi, bəzən elə olurdu ki, gün ərzində dilinə bir tikə quru
çörək də
dəymirdi. Heç harda işləmirdi. Anası dünyanın xam vaxtlarında rayon mərkəzindəki corab
fabrikində partkom işləmişdi, onun aldığı təqaüd,
bir də qapıdakı toyuq-cücə,
qoyun-quzu, bir baş da sağmal inək onların başından girib ayağından çıxırdı.
Bu gün-sabah qırx
yaşı tamam olacaqdı, ancaq hələ evlənməmişdi.
Boyu iki metrə yaxın olardı - bəlkə də iki metrdi;
quru ağac kimi nazik, çəlimsiz
idi. Saçlarını
uzun saxlayaraq heç vaxt daramazdı - pırpızaq
idi; uzaqdan baxanda Pəri arvadın oğlu gəzən ağaca oxşayırdı. Yaxşı
səsi də vardı, kababxanada onu oxudub əvəzinə
araq və yemək verirdilər; pul götürmürdü
- guya özünə
sığışdırmırdı.
Bu gün də əli yaxşı gətirmişdi, Sumqayıtda
zavodda işləyən
kənd uşaqlarından
üçü gəlmişdi,
yaxşıca yeyib-içdilər,
Pəri arvadın oğlunu da "bəs"
deyincə oxudub içirtdilər - feyziyyab
oldular. Onun "Şur" üstündə
oxuduğu "içki
can sağlığının düşmənidir, gəl
içək, canımızın
sağlığına" misraları kəndin Sumqayıtdan gələn cavanlarına bərk ləzzət eləmişdi.
Pəri arvadın oğlundan xahiş eləmişdilər ki, o şeiri
yazıb onlara versin. O da demişdi ki, sabah günortaüstü burda görüşək
yazım, verim - əl yeri qoymuşdu...
Gün batmaq üzrə idi. Pəri arvadın oğlu, yanında da Sumqayıtdan gələn cavanlar evlərinə tərəf
gedirdilər ki, qaranlığa
düşməsinlər. Üç
nəfərdən biri
əlindəki kağızı
oxuya-oxuya əzbərləyirdi:
"İçki can sağlığının
düşmənidi, gəl
içək canımızın
sağlığına." O biriləri də qulaq asırdılar ki,
yadda saxlasınlar.
Pəri
arvadın oğlu qabaqda gedirdi, Sumqayıtdan gələnlər
isə yan-yana onun dalınca gəlirdilər - araları
beş-altı metr olardı. Pəri arvadın oğlu yolun ortasından kənarına çəkilib
əlini körpünün
məhəccərinə söykəyib
dayandı, qəfil başı gicəlləndi,
yerində bir-iki dəfə ləngər vurandan sonra uzun, arıq olduğuna görə, təxminən, dizi hündürlüyündə
olan məhəccər
onu saxlaya bilmədi, üç nəfərin gözünün
qabağında çaya
yıxılıb necə
bağırdısa, heç
kəs inanmazdı ki,
bu səs o arıqlıqda adamdan çıxdı.
Pəri
arvadın oğlunu xəstəxanaya çatdırdılar.
Həkimlər dedi ki,
qorxulu bir şey yoxdu, ölməyəcək... ancaq
ola bilər ki, şikəst
olsun... bəlkə heç şikəst də olmadı...
Keçmiş partiya təşkilat
katibi, rayon mərkəzindəki
corab zavodunun partkomu əlindəki açarı fırlada-fırlada,
qarğış eliyə-eliyə
özünü kəndin
bədən tərbiyəsi
müəlliminin evinə
saldı:
- Birin Bakıya, birin Moskvaya, birin də BMT-yə yaz. Sadıxovdan
şikayət yaz... Yaz... yaz... yaz
ki, yoldaş Sadıxov
çayın üstündə
körpü salmasaydı...
hə... mənim də laydivar kimi oğlum ordan yıxılmazdı. Evin yıxılsın, ay yoldaş Sadıxov, körpü tikdiyin yerdə!!! Tifaqın dağılaydı!!! Əllərin
quruyaydı!!! Sən buralara gəldiyin günə daş düşəydi... daaaşşşh!!!
Oyyyy... Oyyy laydivar balam oooooyyy... Ay Allah... ıhı...
ıhı... ıhı...
Rayon partiya komitəsinin birinci katibi uzun müddət işlədi və bu rayondan çıxıb
gedəndən üç-dörd
ay sonra bədən tərbiyə müəllimi
hardansa eşitmişdi
ki, bəs yoldaş Sadıxovun bacanağı
Bakıdakı Layihə
İnstitutunda körpüsalma
şöbəsinin müdiri
imiş...
Bu gün rayon ərazisində
salınmış körpülərin
çoxunun altından
su keçmir, yay vaxtı camaatın qoyun-keçisi körpünün
altında kölgələnir...
Şabran,
oktyabr 2024
Seyran SƏXAVƏT
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.34-25.