İnsanlara olan
inamımı uşaqlıqdan bu
günə qədər
qoruyub saxlaya bilmişəm...
Yazıçı-dramaturq
Hüseynbala Mirələmovla ilayrıcında
söhbət
- Hüseynbala müəllim, bütün dövrlər üçün aktual olan bir məsələylə söhbətimizə başlamaq istərdim: əsl söz sahibinin yazmaqdan, yaratmaqdan başqa digər bir missiyası da var - vətəndaş məsuliyyəti, ziyalı mövqeyi.. Siz necə düşünürsünüz?
- Bilirsiniz,
məni hazırda narahat edən məsələlər nədir? Yaxınlarda kəndimizə getmişdim - Lerikə. Dağların qoynunda çox gözəl bir kənd... havası gözəl, təbiəti, bulaqları, bağları göz oxşayır. Mən uşaqkən o kənddən Lənkərana köçmüşük. Yadımdadır, o vaxt orda nə bir yol,
nə elektrik işığı, nə də təbii qaz vardı. İndi isə, şükürlər olsun, bunların hamısı var. Kəndə
qədər geniş asfalt yol çəkilib. İşıq da var, qaz da. Amma buna rəğmən,
təəssüf ki, kənd, demək olar ki, boşalıb,
insanlar yoxdur, hərə bir tərəfə
köçüb gedib. Bax, belə hallara görə çox
narahat oluram. Əslində bu, o qədər də sadə bir
proses deyil, qlobal məsələdir. İndi çox yerdə
belədir, əksər insanlar Bakıya üz tutub. Amma kaş
ki, insanlar kəndə gəlib çatan bu
rahatlığın içində çalışıb təsərrüfatlarını
genişləndirəydilər, mal-qara, toyuq-cücə
saxlayıb əkin-biçin ilə məşğul
olaydılar... O insanları yenidən torpağa qaytarmaq
üçün, düşünürəm ki, müəyyən
işlər görülməli, yollar tapılmalıdır.
Çünki insan yaşamayan, insan nəfəsi dəyməyən
yerlər, tarixdən də məlumdur ki, gec-tez
xarabalığa çevrilir, göz dağına
dönür.
Məni ən
çox narahat edən məsələlərdən biri də
böyük rus şairi N.Tixonovun "Cənub
mirvarisi" adlandırdığı Lənkəranla
bağlıdır. Bilirsiniz ki, mən Lənkəranda
böyümüşəm, məktəbi orda bitirmişəm.
Mən hələ orta məktəbdə oxuyanda Lənkəranda
8 saylı Tikinti-Quraşdırma İdarəsi vardı. Onun əsas
işi Lənkəranın kanalizasiyası sisteminin
qurulması idi. İndi, təəssüf ki, orda hər
addımda bu sahəyə diqqət ayırmağın
vacibliyini daha çox hiss edirsən. Məncə, bu məsələ
tezliklə həll olunsa, hamımız udarıq - həm
özümüz, həm bura üz tutan minlərlə turist...
-
Bakı bizim hamımız üçün doğmadır, əzizdir.
Hərəmiz bir şəhərdə, kənddə, bölgədə
dünyaya gəlsək də, bu şəhər bizim həyatımızın
ən fərqli anlarına şahidlik edib. Maraqlıdır,
ömrün bu çağında harda yaşamaq istəyərdiniz?
-
İnanın ki, Bakıda. Ölkəmizin paytaxtı sevimli
şəhərimiz Bakıda. Burda ali təhsil almışam,
tanınmışam. Övladlarım burda böyüyüb
ev-eşik sahibi olublar. Ömrümün ən gözəl
günləri də burda keçib.
- Daha
çox hansı obrazları yaratmağa
çalışırsınız?
-
Yaratdığım obrazlar çox vaxt müxtəlif
dövrləri, ayrı-ayrı sosial qrupları, fərqli
xarakterləri özündə əks etdirir. Amma ən
çox can atdığım ayrı-ayrı tarixi şəxsiyyətləri
və liderləri ədəbiyyata gətirməkdir. Deyim ki, hələ
orta məktəbdə oxuyarkən, böyük
yazıçıların əsərlərini dərindən
mütaliə etməyə başladım və bu da, bir
növ, hələ kiçik yaşlarımdan insan
psixologiyasını daha yaxşı öyrənməyimə
bir vəsilə oldu. Elə o vaxtdan çox istəyərdim
ki, insanlar əqidəsinə sadiq qalsınlar, heç vaxt nəyə
görəsə məcbur qalıb ağa qara deməsinlər.
Çünki ədalət hissini heç vaxt unutmaq olmaz.
Ədalətli olmaq, əslində insanın həm öz həyatında,
həm də ətrafındakı insanlarla münasibətlərində
düzgünlük, bərabərlik və şəffaflıq
anlamına gəlir. Bu mənada, ədaləti danmaqla, bir
növ, Allahını da danmış olursan. Çünki
Allah-təala özü ən mükəmməl ədalət
və harmoniya mücəssəməsidir.
-
Uşaq vaxtı oxuduğunuz əsərlər, kitablar, müəllimlər,
müəlliflər, qəhrəmanlar bu günlə
müqayisədə necə görünürlər - dəyişən
nədir, dəyişməyən nədir?
-
Çox maraqlı bir məsələyə toxundunuz. Bu dedikləriniz
həm də bir inam məsələsidir. Uşaqkən
öyrəndiklərim, bildiklərim, inandıqlarım
ömrüm boyu köməyimə çatıb. Bilirsiz, o
hissləri, o duyğuları bu yaşa qədər qoruyub
saxlamağın özü, inanın, bir qəhrəmanlıqdır.
Müxtəlif vəzifələrdə
çalışmışam, hər cür insanla
rastlaşmışam, amma nə özümə, nə ətrafımdakılara
olan inamımı itirməmişəm. Hətta dostlarımdan
biri bir dəfə gülə-gülə dedi ki, qardaş, bu
xarakterlə, bu sadəliklə, bu inamla gəlib bu günə
çatmısansa, bütün bu uğurlara nail olmusansa,
çox böyük insansan. Bunun ancaq bir adı var, o da Allah
adamıdır. Yəni Allaha inamdır və özünü,
taleyini Allahın ixtiyarına buraxmaqdır. Məni, dostum
demişkən, bu çətinliklərdən keçirən,
sınmağa qoymayan, yıxılanda durub yenidən yeriməyə
sövq edən ancaq ulu Tanrı ola bilərdi. Məni bu illər
ərzində ancaq o qoruya bilərdi. Şükürlər
olsun ki, qorudu da. İndi də düşünürəm ki, mənə
bu ruhu verən, bu kitabları yazdıran da elə Odur. Olub ki,
insanların üzünə ürək eləyib deyə bilmədiklərimi
kitablarımda, yazılarımda demişəm. Bilirsiz, son illər
mənə ünvanlanan haqlı-haqsız sualların,
iradların çoxuna da möhtərəm oxucularım,
inanıram ki, kitablarımı bir də oxusalar, orda daha əsaslı
cavab tapa biləcəklər. Bir də ki peyğəmbərimiz
demişkən, hər kəs qəbir evinə kimi
oxumalıdır, öyrənməlidir. Elə mən
özüm də bu yaşda yazmaqdan daha çox, mütaliə
ilə məşğul oluram, əlimdən kitab
düşmür. Amma nə qədər oxusam da, nə qədər
düşünsəm də, böyük şairimiz Bəxtiyar
Vahabzadə demişkən, hələ də o uca həqiqəti
tapa bilməmişəm:
Çox
kitablar oxudum, zənn elədim Bəxtiyaram,
Mənə
çox mətləbi ahəstəcə qandırdı
muğam.
- Sizcə,
bu günün ədəbiyyatı necə olmalıdır? Yəni
söz cəmiyyətdə, insan həyatında nəyisə
köklü şəkildə dəyişmək
iqtidarındadırmı?
- Ədəbiyyatın
əsas predmeti bütün dövrlərdə insan olub. Şəxsiyyətindən,
cəmiyyətdəki mövqeyindən, maddi imkanından
asılı olmayaraq insanın həyatı, arzuları,
düşüncələri, iztirabları, sevgiləri həmişə
yazı əhlini narahat edib. Bir anlığa Viktor Hüqonu,
Bunini, Tolstoyu, Dostoyevskini və digər böyük
dühaları, onların yaşadığı dövrü və
toxunduqları mövzuları göz önünə gətirək.
Bir söz var: "Dünya köhnə dünyadır, sevgiləri
təzədir." Yəni bunlar dövrlə bağlı məsələlərdir.
Yazıçının əsas məqsədi zamanın nəbzini
tutmaqdır. Unutmaq olmaz ki, insanlar həmişə kitaba
böyük ehtiramla, məhəbbətlə yanaşıblar.
Çünki əsl kitabın çatdırdıqları bəşəri
hisslərdir, bütün dövrlər üçün dəyişməz
olan müəyyən əxlaqi dəyərlərdir. Bu gün
Viktor Hüqonu, onun qələmə aldığı
mövzuları və qaldırdığı problemləri
yada salıb dilimizə tərcümə olunan başqa
nümunələrlə müqayisə edəndə, az qala, dəhşətə
gəlirsən, başdan-ayağa açıq-saçıq səhnələrdir,
parnoqrafiyadır. Baxın, dəyərlər necə dəyişib.
Məhəbbətə, sevgiyə o dövrdə bir başqa
baxış vardı, indi bir başqa.
- Məhəbbətdən
söz düşmüşkən, son illər tarixi roman və
əsərlərdən sonra bu mövzuda bir kitab da ortaya
qoydunuz...
- Hörmətli
professorumuz Nizaməddin Şəmsizadə deyir ki, o, mənim
romanımdır. İnanın ki, o əsərə görə
o qədər gözəl sözlər eşitdim ki... Təşəkkür
edənlər oldu, dedilər ki, o əsərdəki
böyük sevgi bütün çətinliklərə qalib
gəlir, onu ancaq alqışlamaq olar. "Bəyaz buludlar
üstdə" çap olunandan bəri tənqid eşitmədim.
- Yazıçı
cəsarətli olmalıdır?
- Mütləq!
Yoxsa, ondan nə yazıçı?! Oxucu zövqü,
duyğusu bunu tələb edir. Yazıçı, gərək
yaşantıları olduğu kimi qələmə ala. O,
yazdıqlarını özü birinci yaşamalıdır.
Yenə deyirəm, Hüqo "Səfillər"
romanını yazanda Qavroş obrazını yaratmaq
üçün aylarla hansı əziyyəti çəkmədi
ki?! Oxucunu heyrətləndirmək, təəccübləndirmək,
sevindirmək, bir növ, "ağlayıb-güldürmək"
üçün mütləq müraciət etdiyin mövzunu
yaxşı bilməlisən və onu ürəkdən
yaşamalısan.
-
Mazaxizmin əsasını qoyan bir yazıçı var -
Leopold fon Zaxer-Mazox. Ona, hətta Ukraynada heykəl də
qoyublar. Freydin yazdıqlarının əsasında onun da
düşüncələri durur. Aydındır, bəşəri
duyğular var - mərdlik, namərdlik, haqq-nahaq... Bir də
var, bu kimi hallar, bu kimi mövzular. Bu halda
yazıçının oxucuya deyəcəyi nə ola bilər?
- Bir
yazıçı olaraq o, həqiqətən, ədəbiyyatda
yeni bir cərəyanın əsasını qoyub. Bizə
söyləyir ki, insanı tanıdıqca tanımaq istəyirsən,
onun özü kimi fantaziyası da sərhədsizdir. Yəni
İnsan hər şeyə qadirdir, hər şey edə bilər.
Elə mazaxizmin kökündə də dayanan budur. Bu, təkcə
ədəbiyyata deyil, həm də tibbə, psixologiyaya
bağlı bir məsələdir. İndinin özündə
də bütün bunlar bəzi insan münasibətlərində
müşahidə olunmaqdadır. Zaxer-Mazoxa uşaq vaxtı
gördüklərini, yaşadıqlarını ədəbiyyata
gətirməyə çalışıb... Uşaqkən
aldığı bir zədə, bir travma görün, nələrə
səbəb oldu?! Kaş ki dünyada belə şərtlər
daxilində doğulan uşaqlar olmasaydı... Doğrusu, mən
o cür yazmaq istəməzdim. Hər sahədə olduğu
kimi, burda da müəyyən sədlərin, sərhədlərin
olmasının tərəfdarıyam.
- Siz o
sərhədi necə görürsünüz? Hərdən
onu keçmək olarmı?
- Mənim
pərəstiş etdiyim Çingiz Aytmatovun "Cəmilə"
əsərində gözəl bir səhnə var. Cəmilə
ot tayasının yanında Daniyarı gözləyir...
Ordakı sevgi münasibətləri sanki təbiətin səsiylə,
göy gurultusu, yarpaqların pıçıltısı, gecənin
sükutuyla bir harmoniya təşkil edir. Yazıçı
orda coşub-daşan hissləri elə ustalıqla təsvir
edir ki, onun qələminə heyran qalırsan.
Yazıçı belə olar, onun
"adladığı" sərhəd də belə.
- Sizcə,
yazıçının rəngi olmalıdırmı?
Hansı rəng keçir əsasən əsərlərinizdən?
- Mən
bənövşəyi rənğdən zövq alıram...
Yadımdadır, Özbəkistanın ölkəmizdə bir
səfiri vardı. Bir məclisdə xanımının xəstəliyindən
və bu yolda çabalarından söhbət açdı:
"Onun bu xəstə halında ürəyini açan
bahalı hədiyyələrim deyil, yalnız bir dəstə
bənövşə oldu", - dedi. Bənövşəni
sevirəm. Hətta onu ədəbiyyata da gətirmişəm.
- Bayaq
Çingiz Aytmatovu xatırladınız...
- O
böyük sənətkarla məni həqiqi dostluq telləri
bağlayırdı. Dəfələrlə
görüşmüşdük. O, haqq dünyasına
qovuşandan sonra ailəsilə münasibətlərim davam
etməkdədir. Bir neçə ay əvvəl bir qrup
qırğız yazıçısı ilə birlikdə
Çingiz Aytmatovun gəlini də qonağım oldu. Çox
gözəl təəssüratla Bakıdan ayrıldılar.
Yeri gəlmişkən, böyük yazıçının
nəvəsi Çinarə Aytmatova hazırda Bakıda ADA
Universitetində təhsil alır. Tez-tez evimdə olur və hər
gəlişiylə hamımızı sevindirir.
-
Əsərləriniz bir çox dillərə tərcümə
olunub. Eşitdik ki, bu il qırğız dilinə də
çevrilməkdədir...
- Ümumən
keçən il mənimçün məhsuldar oldu. Türkiyədə
kitablarımın təqdimatı keçirildi.
"Böyük şəxsiyyətlər" seriyasından
"Heydər Əliyev" kitabım ispan dilinə
çevrildi. Bununla bu kitabım 49 dilə tərcümə
edilmiş oldu. Həmin kitabın tezliklə qırğız
dilində dərc olunacağına da əminəm.
-
Yaradıcılıq prosesiniz necədir? Nə vaxt
yazırsınız? Necə yazırsız?
- Mən
səhərlər yazmağı daha çox xoşlayıram.
Çünki həmin vaxtlar beynim daha təmiz və diqqətim
daha yüksək olur. Yazı masama sanki həmin gecə təzəcə
doğulmuş bir uşaq təmizliyilə otururam, gecəmə
uğur diləyib başlayan səhərimə, günümə
şükür eləyirəm. 7-ci sinifdən yazmağa
başlamışam və deyim ki, bu günə kimi belə
yazıram, belə də çap olunuram. Və bütün
yazdıqlarımın içində
uşaqlığımdan gələn həmin o
şükranlıq hissləri var. Yəni mən bu
günümə şükür eləyib sabahıma boylanan
adamam. Həm də o sabahı görən adamam. Bir sözlə,
yaxşını dilə gətirməyi, söyləməyi
sevən, dövlətimlə qürur duyan bir adamam...
Hüseynbala
Mirələmov
Söhbətləşdi:
Kəmalə
MİRZƏYEVA
Ədəbiyyat
qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.36.