220 nömrəli
otağa gedin!
Esse
- Bilirsiniz niyə?
Çünki bunu hər birimizdən yazıçı
Yusif Səmədoğlu
istəyir. Nəsihətə
əməl edərlər,
elə vəsiyyətə
də...
Uşaqlığı kitablar arasında keçən - bala Yusif, dünyanın ən rahat adamı,
ölkənin ən demokrat redaktoru - Yusif müəllim, fotonu dəlicəsinə sevən - sənətkar Yusif, təpədən-dırnağa
kimi qatqısız, xalis insan - nasir
Yusif, ən mötəbər kürsülərdən
yeri gələndə,
ən sərt sözləri deməyi bacaran - bəy Yusif.
"Qətl günü" ilə prozamıza ikinci nəfəs bəxş edən - yazıçı
Yusif.
Səməd qağanın oğlu - Yusif, simsarlarını, yaxınlarını "qaqulya"
çağıran Yusif,
Aybənizin, Vaqifin qardaşı - Yusif, Mehribanın, Humayın atası - Yusif, Vəkilovların ədəbiyyatımızdakı
vəkili -Yusif Səmədoğlu, yolunuz
hayanadır?
Bizim yolumuz
220 nömrəli otağadır,
bəs sizin?
Allahın bizə
verdyi pay idi Yusif Səmədoğlu,
amma bir gerçək var ki, o payı öncə Səməd Vurğuna, Xavər xanıma
25 dekabr 1935-ci ildə bəxş eləyəcəkdi. Bəs
necə, "öncə
evin içi, sonra çölü"
deyiblər. Biz çölük, Səməd
Vurğun, Xavər xanım, Aybəniz, Vaqif isə ev idi.
- O evdə nələr
vardı?
- Şair evində
nə olmalıydı
ki?! Kitablar, ədəbiyyat eşqi, fotoaparatlar, sənətə
aid hər şey vardı, sənətdən uzaq isə heç nə. Ən əsası isə, "söz" var idi. Baxın, söz olan yerdə
axar sular dayanar. Ona görə
də hələlik mən də susuram.O sözlərdən
bir atalar sözü düzəldib,
essemin əvvəlinə
hörməyin naminə.
Dərd də azar kimi gələndə
batmanla gəlir.
220 nömrəli otağa gedin!
Öncə Konservatoriya
nəzdindəki onillik
musiqi məktəbinin
skripka sinfi, sonra 44 saylı məktəbdə təhsil
illəri, daha sonra-canım sizə desin, Qorki adına
Ədəbiyyat İnstitutunda
tələbəlik illəri
gözləyirdi Yusifi.
Konstantin Paustovskinin sinfində təhsil alan Yusifin Yevgeni
Yevtuşenko, Bela Axmadulina, Robert Rojdestvenski kimi tanınmışlarla
tanışlıq illəri,
institutun 4-cü kursundan
Azərbaycan Dövlət
Universitetinin 5-ci kursuna
köçürülən Yusifin atasız illərdəki qayğıları,
Bakı həyatı...
"Kommunist" qəzeti,
"Azərbaycan" jurnalı,
C.Cabbarlı adına kinostudiyada məsul işlər, ssenarilər və s. Yuxusu çin olmuşdu ünlü yazarın, muradı gözündə,
murazı könlündə
qalmamışdı.
220 nömrəli otağa gedin!
Özü demiş,
"dünya alkoqolizminin
paytaxtı" Moskvadakı
təhsil onun ümidlərini bir az da közərtmiş,
sırf nasir kimi yetişmək üçün heç bir maneə qalmamışdı. Dəlləyi
müştərisindən çox,
yazıçısı oxucusundan
bol olan bir ölkədə nasir olmaq, hekayələri
ilə sevilmək gənc Yusifin əyninə biçilmişdi
sanki. Səməd Vurğunun oğlu kimi hansısa ad-sanın kölgəsində
daldalanmayan ustad bir yazıçı yetişirdi 60-cı illərdə.
İsmayıllı dərələrində
adamı qəfil yaxalayan sel kimi
o da ədəbiyyatı
yaxalamışdı. Haqqı
da vardı. "Qalaktika", "Astana",
"Saat işləyir",
"220 nömrəli otaq"
kimi hekayələr gələcək
"Qətl günü" üçün
qətl deyil, doğuluş olacaqdı.
220 nömrəli otağa gedin!
Burun pərələri
titrəyən, qan iyi alan Zülfüqar
kişinin yuxusunu qaçırdan qotur canavar hər bir insanı ölüm yatağında
xırpalayar.
- "Nahaq öldürdüm
Sarıca oğlu Məhəmmədi"
96 yaşlı Zülfüqar babanın
1921-ci ildə öldürdüyü
uryadnikin ahı qocanın ölüm yatağında sinəsindən
qopan ahla əkiz kimi görünər.
Elə yaşamaq
lazımdır ki, başqasının qətlinə
verdiyimiz fərman bir gün də
öz qətlimiz üçün icra edilməsin. O haqq-hesab kitabını qapatmaq bizim əlimizdə deyilsə, əllərimizi
tətiyə basanda ehmalca olaq, lütfən.
Yusif Səmədoğlu
heç bir çərçivəyə sığmayan,
hansısa iş rejiminə uymayan, rahat adamlar üçün
rahat, nataraz adamların aləmində
isə narahat olan birisi idi.
Atası
Səməd Vurğuna, qardaşı Vaqifə xas yumor onda da
vardı. Özü də artıqlaması ilə.
Doğrudur, hikkəsi
sifətini suvayanda Yusif əsəbi də olardı. Fəqət, bunu nə vaxt görərdik?
Kimsə ona yaş odun satanda,
naqis iş törədəndə. Ümumən
isə ürəyiyuxa,
istiqanlı, sadədil
və rəhmdil idi Yusif, kefi
istəyəndə, təbi
şahə qalxanda yazar, həvəsi olmayanda susardı. Ömür-gün yoldaşı
Nəmidə xanım
soruşanda ki,
- "Yusif yazırsan?"
- "Bu axşam yazacam" deyərdi.
Neyləyəsən ki, yazıçının
işi sözlədir,
o da hər zaman sözə
baxmaz. Neyləyəsən
ki, Vəkilovların yuxudan ötrü sinov getmək şakərini az qala bütün el-oba əzbər bilirdi. Buna rəğmən,
bəzən gecə səhərə kimi yazanda, külqabıda siqaret kötüyünü
saymağa barmaqların
sayı yetərli olmazdı, siqaretini müştüyə dürtüb
çəkərdi, hey
çəkərdi...
- Sayıram:
- 40 siqaret kötüyü,
- 45 siqaret kötüyü,
- 50 siqaret kötüyü,
Bir də
səhər ayılıb
görərsən ki,
nələr yazılıb,
nələr:
"İncə dərəsində yaz çağı", "Bayatı-Şiraz",
"Foto-fantaziya", "Yaddan
çıxmış sözlər" , "Saat işləyir"...
Elə bizim
də saatımız işləyir, 220 nömrəli
otağa varmaq üçün.
Moskvada "Mərkəzi
Ədiblər Evi"nin
uzun-uzadı dəhlizlərindən
keçəndən sonra
məşhur bir restoran görünür. Günlərin bir günü Yusif müəllim, yoldaşı
Nəmidə xanım,
bir də dostu Azər Mustafazdə restoranın yuxarı başında oturublar. Yazıçı
Seyran Səxavət də onlara qoşulsa, bəd olmaz. Doğrudur, xudmani bir məclis
olar, kimlər gələr o zaman, kimlər: Yevgeni Yevtuşenko öz dəstəsini yığıb
restorana gələr, xüsusi salamlaşar Yusif Səmədoğlu ilə. Nə desə, gözəl deyər şair Jenya:
- "Ooooo Yusif
Sammedoviç, krasavçik
moy...A ya dumayu poçemu vse jenşinı smotrit tolko v odnu storonu - v storonu moeqo druqa..
- Hələ Oljas Süleymenov da gəlib Yusif
Səmədoğlu ilə
səmimi qucaqlaşıb
görüşsünlərmi?
- Görüşsünlər!
Üstəlik, Oljas Yusifi qucaqlasın
da. Əla, qardaş belə olar, zatən. Yusif Səmədoğlu harda vardısa, sıcaqlıq, doğmalıq,
hənirti vardı. Yol getsəydi yolda, restoranda otursaydı restoranda hər yerdə pərvanə kimi onun başına yığışardılar. Yeri
gəlmişkən, Yusif
Səmədoğlu şam
deyildi haaa, ədib idi.
Ömründə bir bənd şeir
yazmağa cürət
etməyən, ailəsi
üçün bütün
yazdıqlarını qurban
verəcək qədər
səxavətli olan, dövlətdə də, elə övladda da nəvə - deyən, qızları Mehribanın, Humayın, doğma xalqının uğrunda yazıb-yaradan,
"20 Yanvar" gecəsində
ulusunun səsini bütün bəşərə
titrək səsi ilə çatdıran Yusif Səmədoğlunun
vəsiyyətini mütləq
yerinə yetirəcəm,
220 nömrəli otaqda
nəyimiz qalmış,
əcəba?
"Moskva. İyul
ayının sonu.
Axşam yeddinin
yarısıdır. Mən
tələsməliyəm. Çünki
çoxdan bəri görüşmədiyim dostlarımın
yanına gedəcəyəm.
Saat 7-yə 15 dəqiqə
qalanda pencəyimi geyib küçəyə
çıxıram.
Bilmirəm, niyə
tramvay səkkizmərtəbəli
binanın qarşısında
dayanan kimi, ürəyim döyünməyə
başladı. Bir müddət tramvaydan düşməyə belə
tərəddüd elədim.
Binaya yaxınlaşan
kimi ilk andan nəzərimi qapıya vurulmuş enli qara lövhə
cəlb etdi: "Tələbələr yataqxanası".
220 nömrəli otağa girən kimi üstünə araq butulkaları, konserv qutuları, qədəhlər düzülmüş
balaca masanın yanında çəngəl-bıçağı
silən Elmarı gördüm"
(Y.Səmədoğlu: 220 nömrəli otaq)
Təsəvvür edək ki, bir
anlıq da olsa, xəyalən, 220 nömrəli otağın
qarşısındayıq. Uçuq-sökük yataqxana
otağıdır bura.
Bu dəfə içəri girəcəyik.
Bəs nə var içəridə? Divardan asılmış, sədəfi qaralmış
tar var, üstünü toz basıb, nə vaxtdır ələ götürülmür. Sanki
tarın simləri də küsüb öz sahibindən. Bu dəm
220 nömrəli otağın bizə deyəcəkləri çox
olacaq.
"Küçəyə
çıxdım. Gecə
zülmət kimi qaranlıq idi. Beynimdəki dəhşətli
uğultu sanki başımı partlatmaq istəyirdi. Qulaqlarımda
daim kefli Elmarın son sözləri səslənirdi:
Bizdən Azərbaycana
salam!
Necə? Sizdən
salam! Azərbaycana?! Mən sizlə duz-çörək kəsdiyimə
görə Azərbaycana
çatan kimi üzr istəyəcəm.
Səhər-axşam başı dumanlı olan dağlardan üzr istəyəcəm.
Ələsgərin, Xəstə Qasımın,
Abbasın yanıqlı
sazından üzr istəyəcəm.
Sonra isə
Bakıda, Azərbaycanın
hər şəhərində,
hər kəndində
hər yoldan ötəni saxlayıb bu sözləri deyəcəm:
- Gedin, onları
axtarın, tapın! Onlar 220 nömrəli otaqda yaşayırlar! Qorxmayın, onların üzünə tüpürün!"
(Y.Səmədoğlu: 220 nömrəli otaq)
Hədəfimz bu otağı bulmaq idi. Sədəfi
qaralmış tar daim dillənməlidir, simlərini toz basmış bu tara toz yaraşmır,
Elmarın, İslamın,
Nikanın tənəli,
məsxərəli baxışlarına
bu tarın ötməsi cavab olacaq.Yusif Səmədoğlunun
arzusu idi bura gəlmək. Gəldik, siz oxucularla birgə xəyallarımızda gəldik.
Nizami, Füzuli, Sabir şeirinin hər bir sevdalısı
buranı tapmalıdır,
mənəviyyatımıza aşina olan hər kəs bir dəfə bura gəlsə, gözəl olmazmı?! Ey yurddaşlarım, 220 nömrəli otağa gəlin, mən də burdayam. Azərbaycana ağız büzən adamları söz qurşununa tutmaq üçün deyil, Yusif Səmədoğlunun
ruhu xətrinə, bir də sədəfi
qaralmış tarımızın
dillənməsi naminə.
Qeyd: Azərbaycana,
doğma Bakıya xor baxan, Yusif
müəllimin bivec tələbə yoldaşlarına
göstərildi ki, o tar divarda qalmağa
layiq deyil, əksinə, xalqımız
tarı hər zaman oxşamış və sevmiş, onu uca tutmuş.
Buna görə Yusif Səmədoğlunun
"220 nömrəli otaq" hekayəsi bizim üçün yol xəritəsi ola bilər.
(Essemdə Yusif
Səmədoğlunun
"220 nömrəli otaq" hekayəsinə
və yazıçı
Seyran Səxavətin
"Qaçaqaç" romanına
söykənmişəm)
Turan UĞUR
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.32.