Dəyişməyən ünvan
Hekayə
Tələsik
halda metroya daxil oldum və nəqliyyat kartımı turniketə
yaxınlaşdırdım. Balansımın bitdiyini
görüncə pul yükləmə aparatına tərəf
getdim. Aparatın qarşısında növbə var idi.
Öndə ayaq üstündə güclə dayanan
yaşlı bir adam kartına pul qoymağa
çalışırdı. Arxadakılar qocanı tələsdirdikcə
onun əlləri əsir, edəcəyi əməliyyatı
qarışdırırdı. Qocanın arxasında dayanan gənc
əsəbi şəkildə dilləndi:
- Tez olun
də, gözləyirik, axı...
Onun himinə
bəndmiş kimi başqa bir gənc:
- Baba,
aparatla məzələnirsən, qurtar də... - deyərək,
ucadan güldü. Növbədə dayanan insanlar da səs-küy
salmağa başladılar.
-
Utanmırsınız? - səsimə dönənlər
çaşqın halda gözlərini mənə zillədilər.
- Yaşlı adamdır, ona kömək etmək əvəzinə
lağa qoyursunuz. Ayıb deyil? Siz də bir gün
qocalacaqsınız! Biz belə deyildik. Yaşlıya,
özündən böyüyə, qadınlara, uşaqlara
hörmət, qayğı var idi. Unutduqmu kimliyimizi?
Keçmişini unudanın gələcəyi də olmaz! -
hirslə dedim və adamları yararaq qocaya tərəf getdim.
Əlindəki kartı alıb aparata
yaxınlaşdırdım, cibimdən pul çıxarıb
ödəniş etdim. Qoca məsum və həyəcanlı
baxışlarla məni izləyirdi.
- Əmi,
nəqliyyat agentliyinə müraciət elə, bu yaşda
insanlar gediş haqqı ödəməli deyil. Buyurun, bu da
sizin kartınız, üstündə kifayət qədər
pul var, hara istəsəniz, gedə bilərsiniz, - dedim.
Qoca
kartı məndən götürərək turniketə tərəf
getdi. Başqalarının növbəsinə girməyim deyə,
kənara çəkildim və sıram çatanda kartıma
pul qoyub geri döndüm. Eskalatorun yanındakı adamların
arasından bayaqkı məsum gözlərin mənə zilləndiyini
hiss etdim, yaxınlaşdım və:
- Əmi,
getmədiniz? Bir probleminizmi var? - deyə soruşdum.
- Titrək
səslə dedi:
- Bala,
ünvan soruşacaqdım, qorxdum ki, yenə də mənə
acıqlanarlar, səni gözlədim...
- Əmi,
acıqlanmazlar, niyə acıqlansınlar ki? - desəm də,
bayaqkı vəziyyəti xatırlayıb sözümü dəyişdim.
- Əmi, bəs hara gedəcəkdiniz, söyləyin, mən
yardımçı olum.
-
Üsküdüra gedəcəm, Marmaraya...
- Əmi,
Kirazlıdayıq, Marmaray çox uzaqdadır. Bura siz necə
gəldiniz? - soruşdum. - Qoca cavab vermədən
başını aşağı saldı. - Əmi, burdan
Yeniqapıya gedəcəksiniz, sonra sarı çizgiyə
keçərək Marmaray qatarına minəcəksiniz, iki
dayanacaq sonra Üsküdar Marmarayda düşərsiniz.
Qocanın
baxışlarından hiss etdim ki, məni anlamır. Dedim:
-
Yaxşı, əmi, mən sizi ora apararam. Qocanın
üzünə işıq gəldi, sakitcə yanıma
düşdü. Biz platformaya enərək qatara mindik və
Üsküdara tərəf yol aldıq. Yolumuz uzaq olduğundan
söhbətə başladım:
- Əmi,
haralısınız?
- Malatya!
- dedi.
- Oo,
Malatya bərəkətli yerdir, bağ-bağça, əkin-biçin,
var-dövlət...
- Bala, mən
uzun müddət məhkəmədə hakim işləmişəm,
indi təqaüddəyəm, dedi. - Öz-özümə
pıçıldadım: "İlahi, qədərinə
şükür! Adam illərlə hökm sahibi olub, bir
sözünü iki edən tapılmayıb, insanların
taleyini, qədərini həll edib... Bu gün isə
uşaq-muşağın lağ yerinə çevrilib... - Bəs
sən haralısan, nə işlə məşğulsan,
oğlum? - qoca mehribanlıqla soruşdu:
-
Ərzurumluyam, əmi, Torpaqqala kəndində böyük bir
ailədə doğulmuşam.
Amma əslim-köküm
Azərbaycandandır.
- Azərbaycanlısan,
eləmi? Nə gözəl... - Bir müddət
düşünəndən sonra əlavə etdi: - Azərbaycanlılar
çox qorxmaz və cəsur olurlar. Amma heyif ki, son dönəmlər
bizi yanıltdılar. Torpaqlarında ermənilər oturur...
- Əmi,
elə deyil, azərbaycanlılar işğaldakı
bütün torpaqlarını azad etdilər, indi o torpaqlarda həqiqi
sakinlər yaşayır.
-
Oğlum, mən o gün Heydər Əliyevin
çıxışını dinlədim,
torpaqlarımızı azad edəcəyik, deyirdi...
Anladım
ki, Qarabağ hadisələri qocanın yaddaşında illər
əvvəlki kimi qalıb. Ona görə də son illər Azərbaycanda
baş verən hadisələri ona nağıl etdim və cəmi
44 gün ərzində igid, qorxmaz Azərbaycan
oğullarının göstərdikləri qəhrəmanlıqlar
barədə qürurla danışdım. Qoca məni dinlədikcə,
"Afərin!", "Afərin!" deyir, şəstlə
başını yırğalayırdı.
- Sən
Azərbaycana dönəcəksən, eləmi? -
İçimi titrədən, lakin uzun illərdir əlim
çatmayan arzumdan söz etdi qoca.
- Təəssüf
ki, yox, əmi, 1965-ci ilin Cümhuriyyət bayramından bu yana
Ərzurumdan Samsuna köç etmişik.
İşim-gücüm hamısı Samsundadır. Azərbaycana
qonaq kimi gedib-gəlirəm, - dedim.
- Eybi yox,
bala, ora da bizimdir, bura da. Hamısı türk
torpaqlarıdır...
- Bəli,
əmi, türk hər yerdə türkdür, bu barədə
çox yazmışam. Axı demədim, qələm əhliyəm,
jurnal və qəzetlər üçün yazılar
yazıram, bədii ədəbiyyatla da məşğulam,
şeirlərim müxtəlif yerlərdə dərc edilir. -
Söhbəti ona yönəltmək üçün
soruşdum: - Əmi, Malatyadan İstanbula nəylə gəldiniz,
təyyarə ilə, ya avtobusla?
- Bilmirəm...
- qoca sakitcə cavab verdi.
- Əmi,
bəs çantalarınız hanı? Yükünüz var
idi? - həyəcanla soruşdum. Düşündüm ki,
çantalarını hardasa unudub. Sakitcə üzümə
baxdı. Onun üzündəki saf, məsum ifadəni
görüncə kövrəldim. Sanki üç
yaşındakı uşağa çətin bir sual
vermişdim, gözlərini döyə-döyə mənə
baxırdı. O an anladım ki, qoca demensiya, yəni
ağıl itkisi xəstəsidir. Bilirdim ki, belə xəstəliyin
ilk əlaməti unutqanlıqdır. Xüsusilə də,
yaşlı insanlar arasında tez-tez rast gəlinən demensiya
müxtəlif xəstəliklər səbəbindən meydana
gələ bilər. Bu xəstəliyin ən çox rast gəlinəninin
alzheimer demensiya olduğunu da bilirdim. - Əmi, Üsküdara
hara gedirsiniz indi? - deyə soruşdum.
-
Oğlum məni Üsküdar Marmarayda gözləyir! -
Gözləri parıldadı, üzünə yayılan
sevincdən anladım ki, oğlunu çox sevir.
Öz-özümə oğlunu qınamağa başladım,
"axı, sən necə oğulsan ki, yaşlı və xəstə
atanın tək halda yola çıxmasına razı
olursan?" Qoca isə gümrah səslə
övladlarından danışmağa başladı: - Bir
oğlum, bir qızım var. İndi oğlumun yanına gedirəm.
- Əmi,
telefonunuz hanı, verin, oğlunuza zəng edim, bilsin ki,
çatırıq.
Qoca eyni
sualı mənə verdi:
- Telefonum
hanı?
Məsələnin
daha da çətin olduğunu hiss etdim.
...Axşam
düşmüşdü, Üsküdar Marmaraya
çatmışdıq. Qoca saga-sola boylanır, oğlunu
axtarırdı. Kimsənin bizə
yaxınlaşmadığını görüb soruşdum:
- Əmi,
üstünüzdə şəxsiyyət vəsiqəniz
varmı?
Əlləri
titrəyə-titrəyə cibindəki vəsiqəni
çıxardı. Üz ifadəsindən həyəcanlandığı,
qorxduğu hiss edilirdi. Dedim:
- Narahat
olmayın, əmi, oğlunuz gələcək, gəlməsə,
mən sizi evinizə qədər aparacam.
Sonra onun
şəxsiyyət vəsiqəsinə baxdım, qoca həqiqətən,
malatyalı idi və məşhur bir nəsli təmsil edirdi.
Uzun müddət prokurorluqda işlədiyindən ailəsini
tapmaq elə də çətin olmayacaqdı. Bir dostum Daxili
İşlər Nazirliyində işləyirdi. Ona zəng edərək
qocanın yaxınlarıyla əlaqə saxlamağını
xahiş etdim. Dostum mənə telefon nömrəsi göndərdi,
zəng etdim, bir qadın cavab verdi. Dedim:
-
Bağışlayın, bu vaxt sizi narahat edirəm... -
Sözümü yarıda kəsən qadın həyəcanla
soruşdu:
- Atam
sizinlədir?
- Bəli,
mənimlədir.
- Necədir?
Yaxşıdır? Xəbərimiz olmayıb evdən
çıxdığından. Telefonu da götürməyib...
- Narahat
olmayın, hər şey yaxşıdır.
-
Üsküdar Marmaraydasınız? - Mən yerimizi tərif etmədən
soruşdu.
- Bəli,
burdayıq! - Çaşqınlıqla cavab verdim. Qadın
hardan bilirdi ki, biz hardayıq. Soruşmağa macal vermədi:
- Sizə
həyat yoldaşımın nömrəsini verim,
yoldaşım Üsküdar Marmaraya getdi, yaxınlıqda olar
indi, ona zəng edin, xahiş edirəm, - dedi.
Nömrəni
alıb, qocanın kürəkəninə zəng etdim.
Kürəkən:
-
Qardaş, Üsküdar Marmaraydasınız, eləmi? Gəlirəm,
xahiş edirəm, gözləyin! - dedi və telefonu
qapatdı. Öz-özümə deyinməyə
başladım: "Yaşlı, üstəlik də xəstə
kişini təkbaşına buraxırlar, həm də bilirlər
haradadır. Oğlu hanı bəs? Oğula bax də, qoca
kişini yanına çağırır. Adam, özün get
atanı götür də, xəstəyə necə dedin, gəl
bura? Yaxşı, dedin, bəs hara yoxa çıxdın?
Bir azdan
kürəkən bizə yaxınlaşdı və məni
bağrına basaraq:
- Allah
razı olsun sizdən. Sizə də əziyyət verdik, -
dedi.
Mən
acığımı boğmağa çalışaraq dedim:
- Siz xəstə
adamı küçəyə necə buraxmısınız?
Niyə nəzarət etmirsiniz? Bilmirsinizmi, alzheimer xəstələri
ilə üç yaşındakı uşaq eyni
ağılda olur?! Belə adamı nəzarətsiz buraxmaq
olar?
- Bilirik,
qardaş, üç ildir...
Onun
sözünü kəsdim:
- Bəs,
xəstə atanı bura çağıran oğul hanı?
Heç olmasa, gələrdi, ona da deyərdim
sözümü...
-
Qardaş, qayınatam üç ildir bu xəstəliklə əlləşir.
Qaynım polisdə işləyirdi. Üç il əvvəl
terrorla mübarizə əməliyyatında şəhid oldu.
Həmin gün atasına "Ata, Üsküdar Marmarayda səni
gözləyirəm" demişdi. Bu üç ildə hər
şeyi, bütün keçmişini unudan qayınatam təkcə
oğlunu unutmur... Üç ildir evdən qaçıb bura gəlir...
Ayaqlarım
sözümə baxmırdı, yıxılmamaq
üçün yaxınlıqdakı oturacağa
çökdüm...
İradə Aytel
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.30.