Pay verərəm
Çətinliyə düşsən
əgər,
Çağır, səslə, hay verərəm.
Tək çiyninə düşən
yükə
Öz çiynimi tay verərəm.
Ehtiyacın olsa nəyə,
Yetməklə həmən köməyə,
Dönüb xeyirxah mələyə,
Olanımdan pay verərəm.
Varlığını sarsa kədər,
Çox
darılma bundan hədər.
İstəsən bil, hər nə qədər,
Sevinci
lay-lay verərəm.
Şəksiz doğma qardaşın,
Dönüb dolannam başına.
İnan,
ruhunun "qışına",
Nəfəsimdən "yay" verərəm.
Çətinliyə düşsən
əgər,
Çağır, səslə, hay verərəm.
Tək çiyninə düşən
yükə
Öz çiynimi tay verərəm.
Torpaqdan
halallıq istəyək
Tanrım
olmayan heç bir kəsir-kəmi,
Bircə
"Ol" sözüylə
külli-aləmi
Yaratdı, xəlq etdi babam Adəmi.
Torpaqdan
bəşərin başlanğıcı
tək,
Torpaqdan
halallıq istəyək
gərək.
Analıq
hissiylə düşsə
dən hara,
Cücərdir, böyüdür, yetirir
bara,
Yedirir, cismində min dərd, azara
Min bir çarə verir, ki şəfa görək,
Torpaqdan
halallıq istəyək
gərək.
Ruhən
təşnəliyi suya,
Günəşə,
Onda yaradandan adi iş, peşə,
Məramı, canından nəsə
bölüşə.
Bu ülvi istəyi eyləməklə dərk,
Torpaqdan
halallıq istəyək
gərək.
Azaltmır səyini yorulanda
da,
"Yandım, yandım", deyib qovrulanda da,
Küləklər qoynunda sovrulanda
da
Düşsə daş üstünə,
daş göyərəcək,
Torpaqdan
halallıq istəyək
gərək.
Odur köksümüzdə od, közumüzdə,
Təpər dizimizdə, nur
gözümüzdə,
Ona dönəcəyik bil, özümüz də.
Buna varmı söylə, məgər şübhə-şəkk?!
Torpaqdan
halallıq istəyək
gərək.
Müşfiq
Balaca Musazadə Səmanın
istəyi ilə
Acı yazıb taleyini,
Möhür vurdu zaman, Müşfiq.
Dinləməyib gileyini,
Heç
vermədi aman, Müşfiq
Bir şairdin, qəlbi kövrək,
Ruhunda saf, ülvi dilək,
İlhaminla sanki şimşək,
Dərkə sığmaz duhan,
Müşfiq.
Sadiq vəfa, etibarda,
Dost, yaxına sipər darda,
Kimdən,
necə olsa harda,
Haqq, ədalət uman, Müşfiq.
İradən mətin, dönməzdi,
Zəkanın nuru sönməzdi,
Həyat
eşqin tükənməzdi,
Sardı
onu duman, Müşfiq.
Baxmamaqla
hədələrə,
Hərbə keçdin böhtan,
şərə,
Özündə səndən hünərə
Edən
azdı güman, Müşfiq.
Gedə
bilmədin o bağa,
O sevdanı yaşamağa.
Cəlladlar qoyan qadağa,
Yaman oldu yaman, Müşfiq.
Sevənlərin intizarda,
De, hardasan, indi harda?
Xəyallarda, duyğularda,
Saysız
səni anan, Müşfiq.
Arsız ola bilmirəm
Hər bir sözü ürəyimə salıram,
Çək-çevirlə düşüncəyə
dalıram,
Yoruluram,
halsız, heysiz qalıram.
Necə
gedim qəlblə yola, bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Olsa əgər ünvanıma
bir irad,
Xırda
səhvdən dilimdəki
aman, dad,
Bitməz,
şəksiz özümə
də tamam yad
Görünərəm, sakit qala bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Başqasının dərd, ağrısı, acısı,
Köksdə olur ürəyimin
sancısı,
Eyş-işrətdə qohum, qardaş, bacısı.
"Baxıb keçdim?"
Yada sala bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Çalışıram yol göstərəm çaşana,
Hirs-hikkəylə qaynayana, daşana,
Çılğınlıqla öz həddini aşana.
Bundan gələr mənə bəla, bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Diqqətdəyəm hər bir kəsdə hər işə,
Nəsə bəddən tez
düşürəm təşvişə.
Yaşasam da bundan xeyli əndişə,
Bir kimsədən kömək
ala bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Qaytar analı dünyama
Uca Tanrım, qüdrətinə
yox ki, şəkk,
Yaradansan
"yox"dan "var"ı
edən, tək.
Əyan
Sənə qəlbimdəki
hər dilək,
Bəxş et, nə olar, yetə biləm an, kama,
Qaytar məni o analı dünyama.
Ver qoynuna qısılmağa fürsəti,
Cənnət olar bu qovuşma müddəti.
Qıy bəndənə, ayır
cüzi diqqəti,
Ver izn ki, gələ hər gün röyama,
Qaytar məni o analı dünyama.
Təşnəsiyəm, nəfəsinin
təşnəsi,
Mehri, laylam həvəsinin təşnəsi,
"Balam" deyən bal səsinin təşnəsi.
Hənirindən ruhum gələr
dad, tama,
Qaytar məni o analı dünyama.
Səhvlərimi etirafla köksdə
xal,
Durum suçlu qarşısında
səssiz, lal.
Öpə, quca, saçlarıma
əl, sığal
Çəkə, qıymaz gözlərimə
qan dama,
Qaytar məni o analı dünyama.
Ağır ötür onsuz
günüm, ay, ilim,
Həsrətindən yanır dodağım, dilim.
Varmı
çarəm? - Hökmündə
bu, nə bilim?!
Lütf
et, lütf et, ola məlhəm
yarama,
Qaytar məni o analı dünyama.
Xilas edək dünyanı
Əşrəfiyik, düşünmədən bu hala
Biz salmışıq, belə
çar-naçar qala.
Qanmamışıq, onunla da zavala
Gələcəyik, ötürmüşük zamanı,
Gəlin,
birgə xilas edək dünyanı.
Gözəlliklər birər-birər
olur yox,
Azalmır ki, artır hər
gün dərdi çox.
Hay qaldırır aqil, müdrik:"Çəkin,
qorx,
Ayıl
bəşər, yetir
Nuhun tufanı",
Gəlin,
birgə xilas edək dünyanı.
Gərdişini dəyişməyə elə bil,
Cəhd-səydəyik kor inadla, bax, qəfil
"Dur"
deyəcək Tanrı,
onda çıxar dil,
Xeyri olmaz, yalvar dilə
amanı,
Gəlin,
birgə xilas edək dünyanı.
Hikkəmizdən ruhundakı cəfası,
Zəhərlənib torpaq, suyu, havası.
Əlimizdə ola-ola səfası,
Gözləyirik gələ qeybdən
"dərmanı",
Gəlin,
birgə xilas edək dünyanı.
Bax, əriyir Arktikada buzlaqlar,
Afrikada dayanmadan yağır qar.
Eh, nə deyim, görən belə koruq, kar,
Görmürükmü bədliklərdən
tüğyanı?
Gəlin,
birgə xilas edək dünyanı.
Gec olar, ha, yubanmayaq bu işdə,
Laqeydliyi
qoyaq qala keçmişdə.
Dərkimiz var, ağlımız var, səriştə,
Cəm,
səfərbər edib
hər bir imkanı,
Gəlin,
birgə xilas edək dünyanı.
Yaşa
Bir ömürdür, bəxş
eyləyib Tanrı sənə,
Yazmağıyla xoş, bədləri
taleyinə,
Bölüb həm də asan, çətin il, ay, günə.
Təmkin
göstər dözümünlə
qalıb yaşa,
Dünyamızdan öz kamını
alıb yaşa.
Tək deyilsən qohum, qardaş, dost, əqrəba,
Fərqlənənlər sakit, salım, kobud, qaba,
Dil tapmağa hər biriylə göstər çaba.
Ətrafını səy et, razı
salıb yaşa,
Dünyamızdan öz kamını
alıb yaşa.
Həmdəm varsa yan-yönündə,
bədxah da var,
Məramı tək ola aləm,
başına dar,
Rəhm
eyləmə, baxışınla
bağrını yar.
Düşmənini qartal kimi çalıb yaşa,
Dünyamızdan öz kamını
alıb yaşa.
Qurub yarat, zəhmətinlə ucal anda,
Hünərinlə çətinlikdən bac al anda,
Hər addımda hörmət qazan, qocalanda,
Bal tək şirin xəyallara dalıb, yaşa,
Dünyamızdan öz kamını
alıb yaşa.
Əymə boyun, yox, nəbadə kədər,
qəmə,
Sevinc bəxş et, yaşamında
hər bir dəmə,
Zövq
dadmaqda qane olma aza, kəmə.
Şövqlə könül rübabını
qalıb yaşa,
Dünyamızdan öz kamını
alıb yaşa.
Həmən gözəlsən
Ağlımı başımdan alıb
büsbütün,
Köçmüsən qəlbimə
ilk gördüyüm gün.
Bu ahıl çağında
ömrün, ömrümün,
İnan,
məndən ötrü
dəyişməmisən,
Gözəlsən, o vaxtkı həmən
gözəlsən.
Artıb,
azalmayıb çöhrəndəki
nur,
Aytək
şəfəq saçır,
yanır, bərq vurur,
Xoş əhval yaradır ağ saçların gur,
Gözlərin atəşli candan
əhd kəsən,
Gözəlsən, o vaxtkı həmən
gözəlsən.
Eyni əllərinin hərarəti
də,
Məhrəm baxışının məlahəti də,
Ruhunun ruhuma mehr ülfəti
də,
Qalmısan necəydin əvvəl,
əzəl sən,
Gözəlsən, o vaxtkı həmən
gözəlsən.
Sinəndə dəyişməz saf,
təmiz ürək,
Fikrində xoş arzu, ülvi pak dilək,
Zərifsən, həlimsən, yumşaqsan,
ipək.
Ətrindən bənövşə, nərgizdən süsən,
Gözəlsən, o vaxtkı həmən
gözəlsən.
İstəsən, and içim Yerə,
göylərə
Yox, yox, bir kərə
yox, lap milyon kərə.
Harda, kim nə deyir,
bilmirəm, hərə,
Vallahi, billahi, gözəl, gözəlsən,
Gözəlsən, o vaxtkı həmən
gözəlsən.
Bu payız
Bu payız ömrümdə
əsl payızdır,
Yağışı, çiskini, xəzanı gen, bol.
Hopub varlığıma, deməyim
azdır,
Qışıma aparır tutub, alıb yol.
Qınına çəkilib xəyallarım
da,
Onlar da elə bil unudub
məni.
Şaxtalı, sazaqlı uyğularımda,
Boz, çılpaq görürəm
çölü, çəməni.
Göylərlə söhbətim tutur
indi tək,
Soruram özümdən alıb cavabı.
Sinəmdə narahat çırpınır
ürək,
Deyir,
"mən də varam", verir əzabı.
Narazı
deyiləm yox, yox, kimsədən,
Hərə öz başının
hayında indi.
Mümkün kimsə dərdli,
mümkün kimsə
şən,
Kiməsə məndən də
betər, çətindir.
Ötər bu payız da, ötər bu qış da,
Bahar nəfəsiylə qızınar
canım.
Bu hal, əhvalımla şəksiz barışda,
Bitər
qəlb sıxıntım,
qəlb həyəcanım.
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.27.