Darıxır yazı masan
Otuz
beş yaşında dünyasını dəyişən
görkəmli qırğız
şairi Alıkul Osmonovun ev-muzeyində düşündüklərim
Bu pəncərədən baxardın
boz-bulanıq dünyaya.
Bu evdən boylanardın
Günəşə, Aya.
Gecələrin zülməti
əriyərdi bir anda
qəlbinin işığına.
Çəkdiyin acılara gülərdin
taleyin acığına.
Uşaq
evində böyümüşdün,
amma uşaqlardan böyük idin -
düşüncənlə,
ağlınla,
fərasətinlə.
Qalmamışdın həyatda
yetimlik xislətinlə.
Bu dərdi atmışdın
yaddaşın bucağına.
Qəlblərə girmək üçün
misra-misra
közərdin
taleyin acığına.
Darıxır yazı masan:
- Alıkul, hardasan?
Saralmış kağızlarda
yol çəkir gözləri
yarımçıq misralarının
–
könül varının...
Bu evdə son dəfə
bağrına basdın ölən
övladını.
Bu evdə son dəfə gördün
çıxıb gedən arvadını.
Bu evdə sonuncu qanlı öskürək,
bir də tıxanan nəfəs yolu
aldı
qırğız elindən
otuz beş yaşlı Alıkulu...
8 noyabr 2024, Bişkek şəhəri
Gəlin unutmayaq
Tənhalıq yad deyil bəşər
əhlinə,
Bu boyda dünyada hər insan təkdir.
Bədən ölüb gedir,
ruh yaşayırsa
Ölüm ölmək deyil,
yer dəyişməkdir.
Adamın
əl izi üst-üstə düşmür,
Adamın
səsi də eyni səs deyil.
Dünyada xeyirxah bir iz qoyanda
Məzar
ölənlərə dar
qəfəs deyil.
Yurduna vəfalı fədailər
də
Bəzən yaddan çıxır
tək bircə anda.
Gəlin
unutmayaq, unutmayaq ki,
Adamlar ölürlər unudulanda...
31 may 2024
Qalmadı
Hər şeyi o qədər gözdən saldılar
Gözdən salınmağa nəsə
qalmadı.
Yaxşı da, yaman da gəldi-gedərmiş,
Bu dünya yaxşıya, pisə qalmadı.
Ruhuna qovuşduq yeni dönəmin
-
Yayda yaylağımın, qışda
binəmin.
Toxundu hanası Fatma nənəmin
O dağlar dumana, sisə qalmadı.
Bir canıq - möhtacıq quru nəfəsə,
Sevgidir gətirən bizi həvəsə!
Ömür-gün qısadır, yolları
kəsə,
Kim deyər yollarım kəsə qalmadı.
25 noyabr 2024
Anama bənzəyən bacım
Bacım Xalidəyə
Bəyaz
saçın gümüşüdür,
Anama bənzəyən bacım.
Bu da Allahın işidir,
Anama bənzəyən bacım.
Sən anamın tək bənzəri,
Çox
çəkmisən dərdi,
səri.
Oxşarlığın şah əsəri -
Anama bənzəyən bacım.
Üzündə anamın üzü,
Gözündə anamın gözü.
Özüsən, anamın özü,
Anama bənzəyən bacım.
21 dekabr 2024
Eynəkli ilan
Təbiət yetirən bu ilanların
Vardır
naxışlısı, vardır
zərlisi.
İlanlar özü də
çəkinir ondan -
Eynəkli ilandır ən
zəhərlisi.
Mənim
də eynəkli bir tanışım var.
Zəhər tuluğudur, ağu
yığını.
Kimisə
sancmasa yaşaya bilmir,
Dərk
etmir nə üçün yaşadığını.
Girəndə məclisə zəhərli
sözü
Zəhərə döndərir yemək-içməyi.
Qalsın
zəhrimara belə
"varidat" -
Zəhərdən savayı yoxdur heç nəyi.
23 oktyabr 2024
Yarımçıq işlər
Tale gəmisinə uğur dilərik -
Sahilə
salamat yetirmək üçün.
Hamı
Allahından möhlət
istəyir
Yarımçıq işini bitirmək üçün.
Yerdə
şütüyürük, göydə uçuruq,
Ucaqlar buluddan yuxarı uçur,
Ayımız, günümüz keçir
yollarda
Ömrün qışı gedir,
baharı uçur.
Nəyin
var, nəiyn yox, kimsən, nəçisən,
Heç
vədə Tanrının
gözündən itmir.
Ay keçir, il ötür, ömür də bitir,
Yarımçıq işlərin bitmir ki, bitmir.
16 avqust 2024
Olmur
Ar-namus bilməyən abırsızların
Dünyada bir dərdi, bir səri olmur.
Arvad hesabına kişi olanın
Evində
sözünün kəsəri
olmur.
Dəyişib qibləsi imanın,
dinin,
Fərqi
bilinməyir şeytanla
cinin,
Hər hacı olanın, hər məşədinin
Üstündə Allahın nəzəri
olmur.
Ay Adil, bilinmir nə imiş qəsdin,
Min yol taleyinlə barışdın, küsdün...
İnsandan dəyərli, insandan
üstün
Tanrının ikinci əsəri
olmur.
24 avqust 2024
Kərküklü qız
Dili dilimizdən,
eli elimizdən
su sonası bir qız
otel foyesində
oturub yalqız.
Ayağa
duranda görürəm
dirənib qalxdığı
qoltuq ağacını.
Ankaraya həkimə gəlib -
tapsın
əlacını...
Utanır
qoltuq ağacı
qızın qoluna girməyə.
Nə
var ki, bunu görməyə...
Gözəlliyin Ay işığı
əridir
şikəstliyin zülmətini.
Gülümsəyir kərküklü
qız -
dünyadakı qızların
ən məsumu, ən mətni...
Ankara,
8 sentyabr 2024
Qayıtmadı o Kəlbəcər
...O Kəlbəcər qayıtmaz,
Qayıtsa yüz Kəlbəcər.
Məmməd Aslan
İtib
getmiş ad qayıtdı,
Tülkü qaçdı, qurd
qayıtdı.
Məmməd Aslan, yurd qayıtdı,
Qayıtmadı o Kəlbəcər.
Həsrət qaldıq yaylağına,
Diz çökmədik bulağına.
Hər kəsin öz ocağına
Qayıtmadı o Kəlbəcər.
Nə çobanın tütəyinə,
Nə arının pətəyinə,
Nə də dağın ətəyinə
Qayıtmadı o Kəlbəcər.
Cana məlhəm havasıyla,
Eli, günü, obasıyla,
Dədəsiylə, babasıyla
Qayıtmadı o Kəlbəcər.
Demə
yurdun yarası yox,
Gələnlərin yarısı yox...
Qocası
yox, qarısı yox,
Qayıtmadı o Kəlbəcər.
Bu yarımçıq sevincimə
Sevinmirəm, yurd, incimə...
Tamarzıyam el içinə
-
Qayıtmadı o Kəlbəcər.
Var olsun ər oğulları
-
Gördük gerçək nağılları...
Qayıtdı dağlar diyarı,
Qayıtmadı o Kəlbəcər.
İndi yurdun öz kirəsi,
Görən verir göz kirəsi.
Qəm üyüdür kirkirəsi,
Qayıtmadı o Kəlbəcər.
Qoca həsrət məni əymiş,
Ötən çağlar, Allah, nəymiş...
Əsatirmiş, əfsanəymiş,
Qayıtmadı o Kəlbəcər.
Qayıtmadı o Kəlbəcər!
21 dekabr 2024
Biz gəldi-gedərik
“Qocaldıq...” deyən dostum Cavid bəyə
Cavanlıq dediyin gözəllik
imiş,
Çoxdan itirmişik biz gözəlliyi.
Qocalıq başlara qar ələyəndə
Solur təravətli üz gözəlliyi.
Bu dərd çarəsizdir,
getmə dərinə
-
Hay verən tapılmaz dərdi-sərinə.
Bənzəyir kül olmuş
ocaq yerinə
Gözləri yandıran göz
gözəlliyi.
Ömür-gün belədir, ay Cavid
qağa,
Kim istər vədəsiz saça qar yağa?
Birtəhər qalxırıq vallah
ayağa,
Deyirlər hər yaşın
öz gözəlliyi...
Qocalıq məni də atıbdır oda,
Adili başqa kim salardı yada?
Biz gəldi-gedərik, amma dünyada
Həmişə tər qalır
söz gözzəlliyi.
12 noyabr 2024
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.33.