Dvuxspalnı
Hekayə
- Dur o təzyiqölçəni gətir,
deyəsən, zəhrimar
yenə qalxıb. Başımı üstümdə
güclə saxlayıram.
- Ölürəm ee, dur, özün gətir. Görmürsən, bayaqdan
çayı çaya
calayıram? Dilim-dodağım
təpiyib. Ta özünə
qulluq eləməyi öyrən. Məndən
sənə haray yoxdur.
Kişi
heç nə demədi. Ayağa durub pilləkənləri
endi. On-on beş dəqiqə sonra əlində dərmanla geri qayıdıb bayaqkı yerində əyləşdi. Arvad hələ deyinirdi. Deyinməkdən çox gileyini Yaradana eşitdirirdi:
- Bir xoş günüm olmadı, canım sağlam olanda yeməyə çörək
tapmadım, çörək
tapanda sağlamlığım
olmadı ki, dünyanın
nemətlərindən dadım.
Şəkər tapmadım,
çayla içəm,
indi canımda şəkər gəzdirirəm.
Şəkər deyil ee, zəhərdir, zəhər.
- Bəsdir, az deyin. Hərənin bir qisməti var.
Kişi
onu alın yazısı ilə sakitləşdirmək istəyəndə
arvadı od götürdü:
- Qurban olduğum gərək hər zülmü mənim alnıma yazaydı? Bir parça kağız tapmadı istədiklərini
ora yazsın?
Bayaqdan danışmayacağını öz-özünə qərarlaşdıran
kişi arvadının
axırıncı sözünün
təsirindən səsinin
tonunu yüksəltdi:
- Ay savadsız, - dedi, - alın yazısı deyəndə, Yaradanın
alnımızda əyləşib
cızma-qara etməsi
nəzərdə tutulmur.
- Sən Allah, başlama yenə diplomunu gözümə soxmağa.
Buyruğuna getmədiyi üçün
hirsləndiyi arvadını
acıladığına görə
ürəyində sevindi:
"Sənə bu da azdır".
Həyət darvazasının səsi
onu şikayətini yarıda kəsməyə
məcbur etdi. Bütün gün eyvanda əyləşib bir-birinə tamaşa edən, hərdən də deyişən ər-arvad həyətdən
gələn səsə
tərəf eyni anda boylandılar. Qeybdən gəlmiş kimi həyətin ortasında bir qadın peyda olmuşdu. Əlində gətirdiyi böyük torbaları yerə qoyub ona yuxarıdan-aşağı
baxan ər-arvada yalvarıcı tonla dedi:
- Yaxşı "dvuxspalnı"
örtüklərim var, istəyərsiniz?
Maraqlı bir şey olmadığını görən
kişi dinməyib, yönünü çevirib
getdi. Arvad bayaqkından betər odlandı. Canının ağrısından üzündən,
dilindən yağan zəhəri səyyar satıcının üstünə
tökməyə başladı.
Yaradanın cavabsız
qoyduğu sualları buraxıb vəziyyəti alverçi qadına təsvir etdirəcək suallar yağdırdı:
- Bura bax, ey, "dvuxspalnı" örtüyü
satılası adamlara
oxşayırıq? Görmürsən,
hərəmiz bir yanda zarıyıb canımızın hayına
qalmışıq? Odur,
ey, yan-yörə doludur cavan ər-arvadla,
apar, onlara sat. Bizim
"dvuxspalnı"da yatan
vaxtımız çoxdan
keçib.
Alverçi qadının deməyə
sözü qalmadı.
Torbalarını götürüb
üzbəüz darvazaya
yaxınlaşdı. Qolundakıları
yerə qoyub alnının tərini sildi. Darvazanı çəkinə-çəkinə bir neçə dəfə döydü. Bayaqkı qadından qorxmuşdu deyə, düşünürdü ki, bu
dəfə də yaşlı qadın çıxar, ona acıqlanar. İçəridən
gənc qadın çıxanda bolluca alver edəcəyinə ümidi artdı. Əşyaları tələsik
onun qarşısında
dizlərinin üstünə
tökdü:
- Bax, qızım, gör nə qəşəngdir. Cavansan,
al, keçir yorğanının
üzünə, canına
dinclik yayılsın.
Gənc
qadın onun sərdiyi güllü yataq dəstlərinə baxıb dərindən köks ötürdü:
- Eh, ay xala, bu gün-sabah
boşanırıq, "dvuxspalnı"
örtüyü alası
kefim yoxdur.
Bu dəfə də alver etmək istəyinə çatmayan
qadın qarşıda
gedən gənc oğlanla qızın arxasınca birnəfəsə
yüyürdü:
- Ay sizi xoşbəxt olasınız! Yəqin, yaxınlarda toyunuz olacaq. Baxın, bu gözəl dəsti alıb, üstündə bir-birinizə
sarılıb yatın.
- Bibi, o dəsti almağa hələ çox var. Gərək əvvəlcə
ev alaq. Hələ başımızı
təpməyə bir otağımız yoxdur.
Sanki gəncin sözlərindən
yollara qayğılar töküldü. Qadın
onların arxasınca
xeyli baxdı. Elə bil baxışları
ilə o qayğıları
bir-bir yerdən yığıb üz-gözünə
düzdü. Axşam
düşürdü. Heç
nə sata bilməmişdi. Kor-peşman
əşyalarını yığıb
evinə tərəf üz qoydu. Yolboyu dodağının altında deyindi:
- İlahi, indi mən "dvuxspalnı"
dəsti satmağa bir ailə tapmayacağammı?
Pərvanə BAYRAMQIZI
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.25.