Göz dağı - dağların ən nəhəngidi

yaxud şeir ömrü - şair ömrü

 

O, çağdaş ədəbiyyatımızda öz yeri, öz səsi, öz nəfəsi, öz sözü olan şairdir.

Özünəməxsus üslubu, fərqli və fərdi şeir dünyası var.

Şeirlərini sevə-sevə, zövq ala-ala oxuyuram.

Bunlar ayrı-ayrı şairlər haqqında yazılan məqalələrdə, bəzən ürəkdən gələn, bəzən boğazdan yuxarı, ürəksiz deyilən rəylərdə ən çox rast gəldiyimiz "ziyansız" təriflərdir...

Özünü , sözünü otuz ilə yaxındır tanıdığım, şeirlərini maraqla oxuduğum, yazıları haqqında fikirlərimi tərəddüdsüz bölüşdüyüm, yazılarım haqqında qeydlərini böyük hörmətlə qəbul etdiyim Vasif Süleymanın 60 yaşı münasibətilə yubiley məqaləsi yazmaq xəyalına düşəndən bəri mənim xəyalımda da daha çox elə bu cümlələr dolaşmaqdadır.

Onun da fərqindəyəm ki, tərif dolu cümlələr, içindəki məna açılmasa, mətləb xırdalanmasa, yaxşı tanıdığım, yaradıcılığına yaxından bələd olduğum, necə deyərlər, yaza-yaza gözümün önündə böyüyən, böyüyə-böyüyə altmış yaşına gəlib çatan Vasif Süleymanın yaradıcı kimliyi, şairliyi haqqında konkret heç deməyəcək.

"Görünən dağa bələdçi lazım deyil" deyirlər. Ancaq bu həqiqətə göz yummaq olmaz ki, böyüklüyündən, balacalığından asılı olmayaraq, şairin sözü dağdan fərqlənir. Şairin sözlə demək istədiyini görünən dağın o biri tərəfində, görünməyən aşırımlarında axtarmaq lazım gəlir. Buna görə Vasif Süleymanın şeirlərinin məna qatını, obrazlar dünyasını görmək duymaq üçün ən etibarlı bələdçinin elə şairin öz şeirləri olduğunu düşünürəm. Mənə elə gəlir ki, istənilən söz adamı haqqında ən doğru sözü, ən səmimi tərifi onun əsərləri deyə bilər. Şairin oxucu ilə sözü tutursa, ünsiyyəti yaranırsa, oxucu sözün arxasındakı insanı, sözün sahibini yaxından tanıyır. Ədəbiyyatşünasların fikirdə olduqlarını deyə bilmərəm, mənim düşüncəmə görə, sənətdə səmimiyyət deyilən şey şairin öz kimliyini yazılarında necə ifadə edə bilməsi, taleyini yaradıcılığında hansı səviyyədə əks etdirməsi ilə bağlıdır. Səmimiyyət şairin özü ilə sözü arasındakı bütövlüklə ölçülür. Hər şeir şairin taleyinin bir carçısı, xəbər gətirənidir. Vasifin özü bu qənaətdədir: vaxtilə məqalələrinin birində mənim dediklərimlə səsləşən bir fikir bildirmişdi: "Bir qələm adamının taleyini onun əsərləri qədər heç təsvir edə bilməz. Hər halda, mən sevdiyim sənətkarların əsərlərində təsvir olunan taleyinə inamlıyam". 

Oxucu şeirdə şairin obrazını görüb, şeirdən şairin taleyini oxuya bilirsə, o şeirin müəllifinə rəğbəti artır, taledən gələn şeiri sevir. Sevənlərin, içində şeiri şairi sevənlərin gözündə isə... Bu yerdə sözü Vasif Süleymana verirəm:

 

Elə ki, üzünə yolları bağlı,

Dərdi sevincindən əzəl görünür.

Qəribə şey imiş insanın ağlı,

Sevdiyi hamıdan gözəl görünür...

 

Vasif Süleymanın şeirlərinin mənə gözəl görünən keyfiyyətləri barədə fikirlərimi bölüşmək üçün bu yazını şairin əbədi dəyərlərə ehtiram dolu misralarından düşən işıqda yazmağa çalışmışam, onun xarakterini, həssas ruhunu ifadə edən obrazları özümə bələdçi seçmişəm.

Atasına hər səhər "işə getmə" deyən qızı Gültaca həsr elədiyi "Gedimmi?" şeirində Vasif Süleymanın bir İnsan, bir Ata, bir Vətəndaş obrazı oxucu ilə şairin ünsiyyətinə körpü salır. Sözün səmimiyyət dünyasına daxil olan oxucu kiminlə kəlmə kəsdiyinin fərqinə varır. Vasif Süleymanın ürəyinin parası olan övladına xitabən yazdığı bu şeiri oxuyan hər kəs müəlliflə həyatda tanış olmasa belə, onun kim olduğu, cəmiyyətdə, yaşadığımız qayğılı dünyada hansı yeri, hansı mövqeyi tutduğu barədə müəyyən təsəvvür qazana bilir. Bu şeirdə qızına xitab edən ümumiləşdirilmiş ata obrazı deyil, şairin özüdür. Qız övladlarına həsr etdiyi silsilə şeirlər Vasif Süleymanın həm ünsiyyət danışıq tərzini, həm onu həyata bağlayan dəyərlərə münasibətini aydın ifadə edir.

 

Çəkilir ürəyim şişə, gedirəm,

Qismətim düşməyə, düşə, gedirəm.

Duz-çörək dalınca işə gedirəm,

A mənim çörəyim, duzum, gedimmi?..

 

Böyük türk şairi Nazim Hikmətin adına çıxılan müdrik bir kəlam var: "Xoşbəxt o adamdır ki, sabah işə, axşam evə tələsir". Misal gətirdiyimiz misralarda ürəyini övladının yanında qoyub evindən duz-çörək dalınca çıxan atanın, Vasif Süleymanın bütöv tərcümeyi-halını, ömür-gün tarixini görmək, ömür kitabını vərəqləmək mümkündür. Bu tərcümeyi-halın sahibinin, bu ömür kitabının müəllifinin tapındığı dəyərlər isə milli xarakterdən gəlir, yaddaşımızda yaşatdığımız dəyərlərdən güc alır. Ata yaşamağın mənasını övladının üzünü qəmdən, ailəsinin süfrəsini haramdan qorumaqda görür:

 

Siz olan dünyada neçə ki varam,

Üzünüz qəm görməz, süfrəniz haram.

Qalsam, yanınızda xəcil olaram,

Gedib-qayıdacam qızım, gedimmi?..

 

Şair başqa bir şeirində balalarına - qızları Gültacla Səyalıya səslənir. Burada da tale ilə oyunun ortasında qalan, uşaq kimi kövrək, üstü-başı, dərdi-səri köhnə atanın yaddaş dünyası ilə içində olduğumuz zaman qarşılaşdırılır. Şeirin dəyəri bundadır ki, həyatı boyu "sabah işə, axşam evə tələsən" şair balalarını qaranlıq gileylərin, zəmanədən şikayətin içində buraxmır, üzünü sabahlara tutur, ümidini sabahlara bağlayır. 

 

Üzümüzə hər açılan sabahlar

Sizi dərsə, məni işə göndərir.

 

Ədəbi mühitə kənddən, təbiətin içindən gələn Vasif Süleymanın şeirlərində sevinci, kədəri ifadə etməyin ölçü vahidi xalqın yaddaşı, xalqın yaddaşında yaşatdığı sınanmış inanclardır. Onun şeirlərindəki obrazların çoxu dilin yaddaşı ilə insanın ruhunda dolaşan duyğular arasındakı tənasüb, uyğunluq, ahəngdarlıq üzərində qurulub. 

 

Ömrümdən ehtiyac keçdi, səngidi,

Qapandı dərdimin boşalan yeri.

Göz dağı - dağların ən nəhəngidi,

Bir talelərin qış olan yeri.

 

Səngimək daha çox tufanı, fırtınanı, qasırğanı yada salır. Bu şeirin fikrimdə canlandırdığı ilk təəssürat budur ki, insanın ömrü başından tufanlar, qasırğalar, fırtınalar keçən təbiət kimidir. İnsanın taleyinin tufana, qasırğaya, fırtınaya necə düşdüyünü kim bilməsə , mən yaxşı bilirəm. Zaman keçir, taleyin üstündə qopan tufan, qasırğa, fırtına səngiyir, ancaq dərdin boşalan yeri qalıb böyüyür oradan bir dağ ucalır - göz dağı.

Vasif Süleyman yuxarıdakı bənddə "dağ" sözünün fərqli mənalarından ustalıqla istifadə etməyi bacarıb. Bu misraları oxuyanda, sanki gözümüzün qarşısında uca dağlar sıralanır sıralanan dağların içində göz dağı heç bir ölçüyə sığmır, bütün ölçüləri yerindən oynadır. Ən uca dağların zirvəsi həmişə qarla örtülü olduğu kimi, dərdin boşalan yerində talelər qışa düşür, üşüyə-üşüyə qalır...

Dərdin boşalan yerində şairin düşüncəsi ilə təbiətin qanunauyğunluğu təzad təşkil edir. Torpaqdan axan su torpağı yaşıllaşdırır, yanaqdan axan su isə yanağı soldurur. Taleyin qış olan yerində insanın yanağı dərd bitirir. Beləliklə, şairin düşüncəsi ilə təbiətin qanunauyğunluğunun təzadından şeir doğulur.

 

Torpağa su düşsə, yaşıllaşandı,

Solandı yanağın yaş olan yeri.

 

Vasif Süleyman başqa bir şeirində "dağ" sözünün fərqli uzaq mənalarını bir araya gətirərək obrazlı deyim yaradır.

 

Ürək dağı... Meylim yoxdu yarmağa,

olsun ki, gahdan tişə göndərir...

 

Burada ürəyə ( ya sinəyə) çəkilən dağ ilə Nizami Gəncəvi yaradıcılığından gələn, yaddaşımızda yurd salan Bisütun dağı bir araya gətirilir. Öz fədakarlığını sübut etmək üçün sevgisi naminə Fərhad tişə ilə Bisütun dağını yarır. Vasif Süleymanın şeirinin qəhrəmanına külüngü verən haqdır, haqdan gələn inancdır. Ancaq onun dağı yarmağa meyli ona görə yoxdur ki, qarşısındakı əzəmətin, yüksəkliyin rəmzi olan dağ deyil, sinəsindəki ürək dağıdır...

"Çiçəyin çıxdığı tikanlı taxt"ı görməyi bacaran Vasif Süleymanın şeirlərinin əksəriyyətinin ana mövzusu sevgidir. Onun şeirlərindəki sevginin ünvanı dar məna daşımır, insanı insanlığı, tarixi bu günü, bu günün insanının duyğularını ifadə edir. Bu şeirləri oxuyanda bir daha əmin olursan ki, bütün eşq hekayələrinin əsil qəhrəmanı bir yerdə qərar tutmayıb, əsrdən-əsrə, şairdən-şairə, şeirdən-şeirə, kitabdan-kitaba köçən eşqin özüdür. Vasif bu həqiqəti, gec olsa, etiraf edir:

 

Sevgi şeirlərim, ötdü sevgidən,

Daha ürəkmi var, oda düşəsi?!

Elə unudurlar, adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi?!

Siz mənim kimi bir belə təmiz,

Siz mənim kimi belə utancaq.

Eh, məni bir qıza sevdirmədiniz,

Mən sizi yüzünə sevdirdim ancaq...

 

Vasif Süleymanın "Bu, ömürdür, mən dediyim, nağıl yox" kitabının Ön sözünü ustad şairimiz Məmməd İsmayıl yazıb. Məmməd müəllim Vasifin şeirlərinə orijinallıq gətirən keyfiyyətləri qiymətləndirərək yazır: "Şeirlərini oxuduqca onun kimsəni yox, özünü, öz dünyasını, həm alışılagələn ənənəvi şeir biçimlərində yazdığını görürük. Amma bu ənənəvilik, "heca qəlibi" ona yeni fikirlər deməkdə əngəl olmur, əksinə, ifadə imkanlarını daha da genişləndirir. Əsl şeirlər gələcəyin şifrələri ilə doludur. Zaman şeirdə uyuyur".

Mən bu kiçik yazıda fikir, düşüncə, əqidə dostum Vasif Süleymanın xalq yaddaşının dərin qatlarından gələn, bu günümüzlə əks-səda verən "gələcəyin şifrələri ilə dolu" olan şeirlərində uyuyan zamanın tozunu almağa, zamanı diksindirməyə, şairlə oxucu arasında "tərcüməçilik" etməyə şairin sözlərinin qədərinin ömür, qədərinin nağıl olduğunu hesablamağa çalışdım...

 

Arzu Nehrəmli

 

Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.24-25.