Yeni ilin ulduz falı
Hər ilin sonunda Yeni ilin ulduz falını
yazıram, amma deyəsən, boşuna yazıram. Yazmaqla düzəlsəydi, nə
vardı ki?!
Yeni ildə hərə öz yerini biləcək. Siyasətə yenicə "qədəm
basanlar"ın ürəyindən ölkə prezidenti olmaq
keçməyəcək! Televiziyalarda görünmək
xatirinə savadsızlar savadlılarla debata çıxıb,
xalqın içərisində özlərini rüsvay etməyəcəklər!
Özünü "siyasi icmalçı" adlandıranlar,
öz ölkələrində adi "JEK" müdirlərini
tənqid edə bilməyənlər dünyanın
böyük ölkələrinin
başçılarını təhqir etməyəcəklər!
Başa düşəcəklər ki, siyasət etika, mədəniyyət
deməkdir.
Çoxları müğənniliyə can atan kimi, onları "siyasi
icmalçı" adlandırsınlar deyə, ekranlara can atmayacaqlar.
Başa düşəcəklər ki, siyasət hər
adamın işi deyil! Biləcəklər ki, siyasi səhvlərə
yol verən kimi ekranlara, efirlərə birdəfəlik
yolları bağlanacaq!
Yeni ildə bəzi millət vəkillərimiz mənasız, məntiqsiz
fikirlər söyləyib, xalqın içərisində
özlərini xar etməyəcəklər. Populist
çıxışlardan əl çəkəcəklər.
Düşünəcəklər ki, olan-qalan hörməti
itirmək yaxşı iş deyil. Qanunu oxuyanda biləcəklər
ki, deputatlar bizneslə məşğul ola bilməzlər,
ayıbdır!
Yeni ildə xaricdəki bəzi diplomatlarımız biləcəklər
ki, onları həmin ölkələrə alver etmək
üçün göndərməyiblər, ölkəmizi
yüksək səviyyədə təmsil etmək
üçün göndəriblər!
Əli qələm tutanlar təzə ildə özlərini
"oda-közə vurub", yeni saytlar yaratmağa
çalışmayacaqlar. Çünki onların çoxu
dilimizi mükəmməl bilmir, nəyi necə yazmağı
bacarmırlar! Savadsız olduqlarından "məşhur xalq
artisti", "qəbullanıb" ... kimi əndirəbadi
sözlər yazırlar. Bunlar hələ anlamırlar ki, xalq
artisti məşhur olar! "Qəbullanmaq" bizim dildə
heç nəyi ifadə etmir.
Qəzetlərdə, saytlarda, efirlərdə işləyənlərin
çoxu hələ savadlı ərizə yaza bilmirlər. Bəlkə
Yeni ildə heç olmasa, ərizə yazmağı öyrəndilər!
Mənim
bir dostum var, deyir, bəzi
vəzifəlilər ərizə yazmağı bilmədikləri
üçün istefa verə bilmirlər. Yəqin, Yeni ildə
işlərini bacarmayanlar ərizə yazmağı da, istefa
verməyi də öyrənəcəklər!
Yeni ildə bəzi müğənnilər ekranlara, səhnələrə
lüt-madərzat çıxıb, olan-qalan ətimizi də
tökməyəcəklər! Tamaşaçıların
qarşısında şit-şit danışıb-gülməyəcəklər!
Televiziyaların bəzi aparıcıları
nəhayət, danışmağı
öyrənəcəklər! Daha efirlərə dəvət
etdikləri qonaqları qızışdırıb, bir-birinin
üstünə salmaqla məşhur olmayacaqlar.
Yalançı süjetlər quraşdırıb, baş
dolandırmayacaqlar. Efiri doldurmaq xatirinə boş-boş
söhbətlər etməyəcəklər. Bir sözlə,
bayağılıqları ilə tamaşaçıları
bezdirməyəcəklər.
Yeni ildə evlənənlər
keçmişdə olduğu kimi evlənəcəklər,
ekranlarda evlənməyi tərgidəcəklər! Kişilərimiz,
qadınlarımız 70-80 yaşlarında "ailə
qurmaq" üçün xalqın qarşısına
çıxmağı özlərinə ayıb biləcəklər!
Yeni ildə təqaüdlər,
pensiyalar artan kimi, "zirək" ticarətçilər
vaxtı fövtə verməyib, qiymətləri
artırmağa çalışmayacaqlar!
Yüz faiz bilirəm, Yeni ildə
bəzi vəzifəlilər nəhayət, camaatı
qapılarında gözlətməyəcəklər. Başa
düşəcəklər ki, vəzifə xalqa xidmət
üçün verilir...
Onu da bilirəm ki, yeni ildə adamlar bir-birinə
hörmətlə yanaşacaqlar. Daha bəziləri
başlarına qara papaq keçirib, uzun saqqal qoyub, camaatı
qorxutmayacaqlar!
Yeni ildə hamının öz sifəti olacaq. Simasızlıq,
yaltaqlıq, üzgörənlik, boğazdan yuxarı
danışmaq azalacaq!
Yeni ildə hamı öz halal maaşı ilə dolanacaq.
Ordan-burdan nəsə çırpışdırmaqla
yaşamayacaq!
Yeni ildə ağaclara cındır əski parçaları
bağlayıb, həmin ağaclara pir kimi sitayiş etməyəcəklər.
Fala baxmaq da ayıb sayılacaq (Falı toyuqlar qoyur). Yeri gəlmişkən,
televiziyalarda, efirlərdə molla dərsləri keçilməyəcək!
Yeni ilin ulduz falına
şəkk gətirənlərə
yazdıqlarımızın dəxli yoxdur!..
Xeyrəddin Qoca
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.27.