Yusif Nəğməkarın
"Ələsgər zirvəsi"
Coşqun ilhamı - yaradıcılıq eşqi, ifadə-üslub məharəti ilə
yanaşı,
Yusif Nəğməkar müraciət etdiyi aktual mövzuları etibarilə
zamanın nəbzini tutan, sosial-mədəni, mənəvi sifarişlərə kifayət qədər həssas reaksiya verən sənətkardır. Və onun
"Ələsgər zirvəsi"
bu nəzər nöqtəsindən, tərəddüdsüz
deyə bilərəm
ki, olduqca möhtəşəm
- həm Ustadın adına, həm də onun get-gedə daha da artan şöhrətinə
layiq görünür.
Təsadüfi deyil ki, son illər
Aşıq Ələsgərin
yaradıcılığına, şəxsiyyətinə, Ustadı
yetirən coğrafiyanın
- Göyçə mahalının
tarixi, mənəvi-mədəni
irsinə maraq xeyli artmışdır. Həm xalqın istəyi, həm də dövlətin iradəsi ilə yaradılmış Qərbi
Azərbaycan İcması
bu marağı ictimai-siyasi (və hətta ideoloji!) bir hərəkat səviyyəsinə qaldırmaqdadır
ki, Aşıq Ələsgər
sənəti həmin
səviyyədən, heç
şübhəsiz, yeni məzmun-mündərəcə
kəsb edir. Göyçə gölünü
Sevan adlandıran erməni
işğalçıları kəm ağılları ilə düşünürdülər
ki, bununla bütöv
bir mahalı mənimsəmiş olacaqlar,
qanmırdılar ki, həmin
coğrafiya - mahal təkcə
yer adlarından ibarət deyil, onun arxasında hər cəhətdən mükəmməl, danılması
mümkün olmayan zəngin mədəni relyef dayanır ki, ən uca zirvələrindən
biri də Ələsgər sənətidir.
Əsəri vərəqləyərkən, qarşıya çıxan
ilk yenilik, əgər
belə demək olarsa, hətta qeyri-adilik onun bədii quruluşunda özünü göstərir.
Müəllif sözə
"Dəyər ünü"
ilə başlayıb,
"Ən ön ün"ə, sonra "Ön ün"ə keçir. Bundan sonra gələn "Ünləmə"ni "Ünaxar"lar
əvəz etsə də, arada "Dönərək"lərə müraciət olunur... Əsər "Son axar",
"Sonlama", "Son ün",
nəhayət, "Ən
son ün"lə yekunlaşır.
Və beləliklə,
dastan mətnini xatırladan
lirik-epik təhkiyə
mükəmməl bir
simmetriya yaratmış
olur.
Sözügedən yeniliyin müəllifi
hər nə qədər Yusif Nəğməkarın özü
olsa da, "Dədə
Qorqud"dan gələn
bu ün (və ünləmə) texnologiyasının - poetik
arxetipinin aktuallaşmasında
İsa Muğanna dühasının
təsiri danılmazdır
ki, poemada buna işarə
edilir:
Od - həqiqət, ər - işıqdır "O dər"də,
Saf Ağ - elm dürüst çarə o dərdə...
Bağday
Yurda Bağ bağlayan o pərdə
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
Və yeri gəlmişkən, eyni mövzuda yazan xalq şairi
Zəlimxan Yaqub da
"tarixəqədərki" dövrümüzdən gələn
həmin "Ün"ə
biganə qalmamışdı.
Aşıq Ələsgər, onun
son dərəcə mükəmməl
yaradıcılığı, ideya-estetik məramı barədə çox yazılmış, çox
danışılmışdır... Azərbaycan aşıqlarının
repertuarında, yəqin
ki, Ələsgər qədər
geniş yer tutan ikinci bir
söz sənətkarı
yoxdur. Qurbani, Aşıq
Abbas Tufarqanlı, Xəstə
Qasım, Sarı Aşıq, Aşıq Alı xətti ilə gəlişən Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən
biri (hətta birincisi) sayılmaqla yanaşı, Dədə Ələsgəri əfsanəvi
ozan Dədə Qorqudun bilavasitə varisi hesab edirlər.
Ustadın yazılı
ədəbiyyatımızın dühası Füzuli ilə müqayisəsinə
gəldikdə isə
bu, bir tərəfdən,
Ələsgər yaradıcılığının
klassik səviyyəsini,
digər tərəfdən,
Füzuli yaradıcılığının
xəlqiliyini nəzərə
çarpdırır. Bu isə
o deməkdir ki, Aşıq
Ələsgər istər
şifahi, istərsə
də yazılı olsun, ümumən Azərbaycan ədəbiyyatı
tarixinin ən etibarlı oriyentirlərindəndir.
Və ona həm elmin, həm də sənətin xüsusi diqqət yetirməsi tamamilə təbiidir.
Ustadnamə əvəzi "Ən
ön ün"də
Yusif Nəğməkar
özünə, sözünə,
qələminə üz
tutub deyir:
Könül, bulaq üstə
salavat çevir,
Batində nə dərdi-sərin
var, devir.
Dua et
ki, o saf zikri ruh sevir,
Könlündəki havacatı telə yaz, -
Ələsgərdən yazırsansa, belə yaz.
Ələsgərdən yazmağın məsuliyyətini dərindən
duyan, onun şair-mütəfəkkir dühası
qarşısında ehtiramla
baş əydikcə ruhu işıqlanan, vəcdə gələn şair Ustad haqqında "nə düşünüb, nə
duyursa, onu yazacağını" vəd
edib "Ün"lərə
başlayır... Dədə
Qorquddan Dədə Ələsgərə uzanan
yolun tarixi harmoniyasından, ideya- estetik məntiqindən (və bütövlüyündən)
söhbət açan
Yusif Nəğməkarın
"adı Qorqudun dilindən düşən
Göyçə"nin təsvirinə
geniş yer verməsi, əlbəttə,
ona görə təqdirəlayiqdir ki, hələ
də Dədə Qorqudun - Dədə Ələsgərin vətəni
düşmən işğalındadır
və hələ də işğalçı
o iddiadadır ki, Göyçənin
tarixi (və müqəddəs) ünvanlarını
nə məzmunu, nə də forması bir şey olmayan gülünc (və ünvansız) "ermənizm"lər
altında gizlədə
bilər.
Qədim
Oğuz yurdum, türk elim, Göyçəm,
Şəninə min rəngli kəlmələrim
var...
Qələm əyirəsi neçə
sirr-düyçəm,
Neçə vurulası ilmələrim
var...
- bəndi ilə yeni "Ün"ə - "Ünaxar"a
başlayan şair təsəvvürümüzdə Göyçə mahalının
həqiqətən, müfəssəl
"bədii xəritə"sini
canlandırdıqdan sonra
onun böyük şəxsiyyətlərini yada salır. Və gələcəyin dahi sənətkar-mütəfəkkirinin dünyaya gəlməsinə
hərarətli misralar
həsr edir:
Göyçə mahalının Ağkilsə
kəndi,
Soraq ver o dağdan o düzə kimi.
Bir tale müjdəsi Novruzda endi
O türk məskəninə
möcüzə kimi...
Dühaların dünyaya gəlişi
yalnız cəmiyyətin
deyil, həm də təbiətin hadisəsi olduğuna görə şair bu hadisənin təkcə ictimai yox, təbii təfərrüatlarına da varır:
Çayların qıjhaqıj axan
nəğməsi
Ana təbiətin laylalarıydı.
Qundağı isidən körpə
nəfəsi
Həsrətin əriyən quzey
qarıydı...
Poemada müəllif mövqeyi, müəllif üslubu nə qədər fəal, canlı olsa da, əsərin mövzusu, janrı, təhkiyəsi ümumilikdə
dastana, onun metafizik formullarına, əbədi ritm və intonasiyasına çəkir. Ona görə
də "qəhrəmanın
doğuluşu" motivinin
öz universal tipologiyası
ilə poemaya daxil olması, prinsip etibarilə, "plagiat" deyil, əksinə, müəllifin
mövzuya, onun klassik bədii həll texnologiyalarına bələdliyi, epik ənənəyə hörmətlə
yanaşıb əməl
etməsidir. Və onu da deməliyik ki, Yusif Nəğməkar aşıq sənətini
dərindən duyan, bu sənətin ustalarından olan qələm adamıdır.
Növbəti "Ünaxar" Ələsgərin
böyüməsindən, on dörd yaşa çatanda Kərbəlayı
Qurbanın qızı
Səhnəbanıya aşiq
olmasından, saz çalıb söz qoşmasından danışır.
"İlahi bir eşq ilə yaşayan" aşiqin daxili dünyasına, mənəvi-ruhi təkamülünə
xüsusi diqqət yetirən şair təhkiyədən kənara
çıxaraq bu məsələyə bir neçə ricət-dönərək
həsr edir. Və Ələsgərin hər bir yeniyetməni
sınağa çəkən
insani eşqinin ilahi eşqə necə çevrildiyini əsaslandırır.
Bundan sonra gələn "Ünaxar"ın XIX əsrin
ikinci yarısında Göyçədə, ümumən
Qafqazda baş verən ictimai-siyasi hadisələrə, xüsusilə,
qaçaqçılıq hərəkatına həsr
olunması həm də ona görə
anlaşıqlıdır ki, böyük sənətkar
həmin hadisələrə
nəinki biganə qalmış, əksinə,
dövrün qaçaq
qəhrəmanlarını tərənnüm etməkdən
belə çəkinməmişdir.
Odur ki, poema müəllifi ustad sənətkarın yaradıcılığındakı
istər "batini",
istərsə də
"xarici" intibaların
mahiyyətinə nüfuz
etməyə çalışır.
Və nəticə etibarilə, öz qəhrəmanını belə
qiymətləndirir:
Ünvanlar yaşayır şərəf
yeri tək,
Zaman əyarını bulub sənətdə.
Nizami, Füzuli zirvələritək
Ələsgər zirvəsi olub sənətdə.
Aşıq Ələsgərin yaradıcılıq
tərcümeyi-halında ustadı
Aşıq Alı ilə deyişib onu məğlub etməsi geniş yayıldığı qədər
də çox müxtəlif söz-söhbətlərin
mövzusu olan əhvalatdır. Yusif Nəğməkar bu əhvalatı poemada sadəcə, xatırlatmaqla
kifayətlənməmiş, eyni zamanda onu
Ustadın hələ
gənc yaşlarında
keçirdiyi mənəvi-əxlaqi
təkamülün səviyyəsini
göstərmək baxımından
çox yaxşı mənalandırmışdır. Ümumiyyətlə, Aşıq
Alı ilə Aşıq Ələsgərin
deyişməsi, bütün
təfərrüatlarına rəğmən, son dərəcə
anlamlı (və Azərbaycan aşıq sənətinin, sözün
geniş mənasında,
etikasını nümayiş
etdirən) elə bir hadisədir ki, tamamilə təbii olaraq ona, "bir şəyird ki ustadına kəm baxa, onun gözlərinə
ağ damar-damar" hikməti
ilə nöqtə qoyulmuşdur.
Yusif Nəğməkar, artıq
qeyd etdiyimiz kimi, aşıq sənətinə dərindən
vaqif olduğuna görə, yeri gəldikcə, elə ricətlərə çıxır
ki, bu, yalnız şairlik istedadının
nəticəsi deyil, həmçinin sözügedən
sahədəki peşəkarlığın
göstəricisidir. Ən
maraqlı ricət isə, heç şübhəsiz, "Köç
gedir uşaqlığım"
başlıqlı "Ünaxar"dır.
Uşaqlıqda Göyçə,
Kəlbəcər yaylaqlarına
getdiyini xatırlayan şair həmin səfərlərdə Aşıq
Ələsgərin kitabını
da özü ilə apardığını, "hərdən
də götürüb
varaqladığın"ı yada salır:
Ozanlar qayaya, daşa ər demiş,
Öz adı-sanı var hər uca dağın.
...Kəkotu, qırxbuğum,
çaşır, qantəpər
-
Kim deyir, seyr edən
kəs dağı öyməz.
Zirvələr ruhuma məğrurluq
səpər,
"Sərdara söz deməz, şaha baş əyməz".
"Ələsgər zirvəsi"
müəllifi "Koç
gedir uşaqlığım"da,
bir tərəfdən,
Ustadla "polemika"ya
girirsə, digər tərəfdən, özünün
də təsadüfi şəyird olmadığını
sübut etməyə
çalışır. Sonrakı
"Ünaxar"da isə
Onun təkrarsız yaradıcı şəxsiyyətini
tərənnüm etməklə
yeni-yeni portretlərini yaradır:
"Şah"ı Allah, "dürr",
"gövhər"i Qurandı,
Sinəsi
dağ, köksüaltı
arandı.
Bir millətin əl açdığı "yar"andı,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
Ustadın qardaşı oğlu
Növrəs İmana öyüd-nəsihət
verməsi, ancaq bu od- alovlu gəncin
tamamilə başqa bir dünyanın adamı olduğunu görüb onun gələcək taleyinə
acıması həm Aşıq Ələsgərin,
həm İmanın, həm də dövrün, zamanın xarakterinə gur işıq salır. Həmin epizod açıq-aydın göstərir
ki, köhnə qaydalarla
yaşaya bilməyən
yeni nəsil tarix səhnəsinə çıxmaqda,
öz çılğın
təbiətləri ilə
haqq- ədalət uğrunda mübarizə meydanına atılmaqdadırlar.
XIX əsrin ortalarından
etibarən daha da güclənən həmin
ictimai-mənəvi intibanın
yazılı ədəbiyyatda
(Mirzə Fətəlidən
Mirzə Cəlilə
qədər) olduğu
kimi xalq yaradıcılığında - aşıq ədəbiyyatında
da özünəməxsus şəkildə əks olunması yaradıcılığın
bu ikinci sahəsinin də nəsillərin dəyişməsinə,
ümumən cəmiyyətdə
baş verən təbəddülatlara həssas
olduğunu göstərir.
Poema müəllifi inandırır
ki, Ələsgər tarixi
şəxsiyyət, dəyər
olduğu qədər
də bizim müasirimizdir. Ona görə
də Dədə Ələsgər Ocağının
yaradılmasını, haqlı
olaraq, alqışlayır:
Yaradanın sayəsində,
Ulu ruh himayəsində.
Vurğunların qayəsində
Qalanacaq
nar ocağı -
Dədə Ələsgər Ocağı.
"Son ün" Bakıda Aşıq Ələsgərə
qoyulmuş abidədən
danışır. Və
"sənət ünvanı
göylər" olan
sənətkarın bu
abidəsi "ruhun heykəli" adlandırılır.
Yusif Nəğməkarın əsərinin
bir məziyyəti də odur ki, ustadın obrazı təkcə peşəkarlıqla
yox, həm də sevgi ilə
yaradılır. Əvvəldən
axıra, "Ən ön ün"dən
"Ən son ün"ə
qədər müəllif
bu sevginin izahından doymur. Və poemaya belə yekun vurur:
Ta Ələstdən "bəli"mizə
büləndik,
Bələnmişəm ruhsal dolu sevgiyə.
Könül-könül, misra-misra ələndik,
Nöqtə qoymaq olmur ulu sevgiyə...
"Ələsgər zirvəsi"
kitabında Dədə
Ələsgərin yaradıcılığını
tədqiq etmiş elm adamlarının, xüsusilə,
üç gənc ələsgərşünasın - Adilə Nəzərova, Hağdəli Keştəkli
və Fəxrəddin
Salimin mülahizələrinə
geniş yer verilməsi mütəfəkkir
sənətkarın "müdrik
obrazını əhatəli
təqdim etmək"
istəyindən irəli
gəlir. Ancaq həmin mülahizələrdə
mübahisə doğuran
məqamlar az deyil. Məsələn, Aşıq Ələsgərin
dünyagörüşündəki metafizikanı tamamilə kənarda qoyub dialektikadan bəhs etmək, yaxud bugünə qədərki
ələsgərşünaslıqdan imtina edib, "Dədə Ələsgərin
bütün yaradıcılığı
gələcək nəsillər
tərəfindən tamamilə
başdan və yeni elmi metodlarla tədqiq edilməlidir"
demək, yaxud da ustad sənətkarın dilində işlənən
"elm" sözünü müasir anlamda başa düşmək etiraza səbəb olmaya bilməz... Başqa və daha mühüm məqam, Ustadın yaradıcılıq metodunun
müəyyən olunması
ilə bağlıdır
ki, bunu ən uğurlu şəkildə,
görünür, nəvəsi
İslam Ələsgərin sözləri aşkarlayır:
"Aşıq Ələsgər
böyük bir nasehdir. Onun yaradıcılığının əksər hissəsi oxucuya (dinləyiciyə) tərbiyəvi fikirlər
aşılayır; neçə-neçə
bəndi, onlarla beyti və misrası
xalqın dilində atalar sözləri və zərb-məsəl
hüququ qazanmışdır".
Bununla belə, kitabda verilmiş (müəyyən
mənada, sitat gətirilmiş) konkret müəllifli mülahizələr
Aşıq Ələsgər
haqqındakı poemanın
elmi-nəzəri fonu olmaq funksiyasını, bütün mübahisəli
tərəfləri ilə
birlikdə, pis yerinə yetirmir. Hər şeydən əvvəl ona görə ki, bizim dövrümüz norma ilə anomaliyaların elə bir "vəhdət"inə əsaslanır
ki, nəyin norma, nəyin anomaliya olduğunu hər dəfə yenidən sübut etmək lazım gəlir.
Və nəticə etibarilə demək mümkündür
ki, Yusif Nəğməkar
"Ələsgər zirvəsi"
ilə mütəfəkkir
sənətkara, sözün
həqiqi mənasında,
möhtəşəm bir
poetik abidə ucaltmış, Ustadın təkrarsız yaradıcılığı
(və şəxsiyyəti)
barədəki təsəvvürlərimizi
zənginləşdirmiş, onun dühasını tərənnüm etməklə
ədəbi (və əbədi!) dəyərlərimizə
ehtiramın parlaq olduğu qədər də səmimi bir örnəyini təqdim etmişdir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.28-29.