Piterə həmişə
qar yağır
Hekayə
Təyyarə axşamüstü Pulkovo aeroportuna enəndə saat dördün yarısı idi. Biletdə göstərilən vaxtda
şəhərə çatmışdıq. Pilotun şərəfinə çalınan yüngülvari alqışa qoşulandan sonra kəmərimi açdım.
Bakıdan Mahaçqalaya taksiylə, ordan da Peterburqa üst-üstə yeddi-səkkiz saat yol gəlmişdim.
Mahaçqala hava limanında yatıb qalmaq qorxusuyla gözümü qırpmadan altı saat reysimi
gözləməyimi də saysam, bütöv bir günüm yuxusuz keçmişdi, amma heç yorğun deyildim.
Gözlərimin
altı torbalansa da, xeyli gümrah idim.
İlk dəfə
idi, Yeni ili evimizdən uzaqda, soyuq şimal şəhərində
qarşılayacaqdım, özü də bütün
kişilərin
nə vaxtsa arzuladığı kimi; rus qadın, şampan, bəxtim
gətirsə, bəlkə, qar da yağar...
Təkərli
çamadanımı arxamca sürüyə-sürüyə
ətrafa boylanırdım. Nəhəng təyyarələr,
təyyarələrin
arasında
o tərəf-bu tərəfə gedən balaca
maşınlar, avtobuslar, təyyarələrdən düşən
adamlar,
təyyarələrə
minən adamlar, gözləyən adamlar, yatan adamlar, gülən
adamlar, doğmalarını
qarşılamaq
üçün qırmızı lentin arxasında dayanan
adamlar, iri monitorlar, şəhər adları...
Gözüm
onu axtarırdı. Məni görən kimi üstümə
yüyürdü. Əlimi çamadanımdan çəkib
onu bərk-
bərk
qucaqladım, saçından öpdüm.
- Elə
bilirdim, gəlməyəcəksən... - qollarımın
arasından çıxan kimi dedi, - iki saatdı burdayam.
Tez gəldim
ki, birdən sən də tez çatarsan. İndicə İra
zəng eləmişdi, dedi, boş yerə gözləmə,
səni
aldadır,
gəlməyəcək.
- Düz
deyirmiş? - ciddiyyətlə soruşdum.
- Yox, -
deyib güldü.
- Niyə
gəlməyim axı? - çamadanımın qulpundan tutub
çıxışa tərəf yeridim, - hava necədi?
- Həmişəki
kimi soyuq.
Səmada
bircə dənə də bulud topası
görünmürdü, göy üzü nəhayətsiz
bozluğa bürünmüşdü. Zibil
qutusunun
yanında siqaretimi yandırıb Svetanın gözlərinə
baxdım. Çox xoşbəxt görünürdü.
Deyəsən,
mən də xoşbəxt idim.
-
Çox soyuqdu? - soruşdu.
- Yox, -
lovğalansam da, onun sualından sonra
üşüdüyümü hiss elədim.
- Deyirəm,
taksiylə gedək, bəlkə? Tez çataq evə. Gözlərinin
altı qaralıb. Yuxusuzsan?
- Avtobusla
gedək, maraqlı olar, - sonuncu qullabı da alıb siqareti
zibil qutusuna tulladım.
Avtobusun ən
arxa sırasında oturduq.
- Leysan
olacaq! - əminliklə dedi. Həyəcanlı
görünürdü, elə bil o da birinci dəfə gəlirdi
Piterə.
Buqələmun
gözləri səmaya uyğun boz rəngə bürünsə
də, bəbəkləri parıldayırdı. Gah pəncərədən
şəhərə,
gah da çevrilib mənə baxırdı. Artıq
şüşələrdən yağış
damcıları süzülməyə
başlamışdı.
- Ora
İsakiev kilsəsidi. On doqquzuncu əsrdə tikilib... qırx
ilə! Həm kilsədi, həm də muzey, - əli
ilə
ehtişamlı, qızılı günbəzli kilsəni
göstərdi.
- Pravoslav
kilsəsidi? - ağlıma gələn ilk sualı verdim.
- Əlbəttə!
- təəccüblə mənə baxdı. Söhbətimiz
kəsildi.
Bir azdan
leysan başladı. Avtobusun şüşələrindən
su sel kimi axırdı. İri yağış damlaları
avtobusu
döyəcləyirdi,
elə bil avtobusumuzu daşlayırdılar. Şəhər pəncərədən
çox bulanıq görünürdü.
-
Nevadı o? - soruşdum.
- Həəə,
Nevadı! - uşaq həvəsilə dedi.
- Nə
böyük imiş... - şəhəri qılınc kimi ikiyə
bölən durğun çaya baxıb dedim.
- Həə,
çox böyükdü! - eyni şövqlə dilləndi,
- hələ bura dar hissəsidi, əsas hissələrini indi
görə
bilməyəcəyik,
amma mən səni aparacam!
Avtobus yağışı yara-yara
Piterin geniş küçələriylə
şütüyürdü. Telefonuna zəng gəldi:
- Hə,
İra... Hə, yanımdadı. Az qalıb, Admiralteyskidəyik.
Aha... Yaxşı... - telefonu kiçik
çantasına
qoydu, - bacım idi, soruşurdu ki, hardayıq.
- O da
olacaq evdə?
- Hə,
anam İranın qızı ilə kəndə gedib. Onun
işləri var idi deyə qaldı. Narahat olma, çox rahat
adamdı.
O da sənin gəlməyini həvəslə gözləyir
neçə vaxtdı. Sənə aid hər şeyi
danışmışam ona, -
tərəddüdlə
üzümə baxdı.
- Mənə
problem deyil, eləcə soruşdum. Çox qalıb
çatmağımıza?
- Nevski
prospektində düşüb metroya minəcəyik, ordan da
üç stansiyadı. Acsan, hə? Yemək
hazırlamışıq.
Bir az da döz, - deyib, əlimi sıxdı.
Biz Nevski
prospektində avtobusdan düşəndə, yağış hələ
də səngiməmişdi. Küçə yeriyən
çətirlərlə
dolu idi. Adamların üzü görünmürdü.
Heç kim qaçmırdı, tələsmirdi. Sveta da
çantasından
qəhvəyi çətirini çıxarıb
açdı.
- Metro
uzaqdı ki?
- Yox.
Odee, yolun o tərəfindədi.
- Onda
bağla çətiri, qaçaq, - əlindən tutdum, ensiz
küçənin o biri tərəfinə qaça-qaça
keçdik.
Metroya girəndə
ikimiz də yaxşıca islanmışdıq.
Metrodan
çıxanda yağış tamam kəsmiş, boz səma
buludlara parçalanmışdı. Buludların arasından
süzülən
günəş şüaları yağışdan sonra
yaranan gölməçələrdə bərq vururdu. Yeriyən
çətirlər yoxa
çıxmışdı.
Adamların üz-gözü açılmışdı. Elə
bil beş-on dəqiqə qabaq leysan yağan şəhər
bura
deyildi.
Qırmızı
oyuncaqlarla bəzədilmiş şam ağacının
altında yaşlı kişi sağ dizinin üstündəki
qarmonu
gah
yuxarı qaldırır, gah da aşağı endirib şən
musiqi çalırdı. Lopa bığları siqaret çəkməkdən
saralmışdı.
Onun içkili olduğunu bilmək üçün
ağzını qoxlamağa ehtiyac yox idi. Ancaq içkili, ya
da
aşiq adamların təbəssümü üzünə bu
cür yayılır. Sərxoş qoca ayaqlarını
musiqinin ritmiylə
oynada-oynada
"Kabı ne bılo zimı" ("Əgər
qış olmasaydı") mahnısını oxuyurdu.
- Görəsən,
bayaq leysan yağanda bu dayı harda idi? - gülə-gülə
soruşdum. O da güldü.
Səma
açıldıqca Svetanın gözləri də maviləşirdi.
İndi dünyanın ən gözəl mavisi bu incə,
qızılı
saçlı,
yanaqları, burnu xırda çillərlə dolu rus
qızının gözlərində idi. İndi Peterburqda,
onun
şəhərində,
qarmonçalan qocanın qarşısında dayanıb,
heyranlıqla o mavi gözlərə baxırdım.
Haqqında
çox az şey bilirdim: universitetdə laborantdır,
anası, bacısı və bacısının qızı ilə
bir
evdə
yaşayır. Bacısının adı İrinadır, on
yaşlı qızı var. Heç yaşını da
bilmirdim. Məndən böyük
idi, otuzu
keçmişdi, amma niyəsə ondan yaşını
soruşmaq istəmirdim.
Mahaçqala
hava limanından cibimdə qalan qəpikləri
çıxarıb qarmonçalan kişinin
qarşısındakı
karton
qutuya atdım, o da başını musiqinin ritmiylə yellədərək
təşəkkür elədi.
- Burdan
bizim evə piyada on dəqiqəlik yoldu. Gəzə-gəzə
gedək, az da olsa, buraları gör, yəqin,
bu gün
evdən çıxmarıq, - Sveta qoluma girib dedi.
İndi nəinki
adamlar, hər şey - kafelərin, restoranların adları,
avtobusların pəncərələrindəki
ünvanlar,
maşınların nömrələri də maraqlı
görünürdü.
Mağazaların
pəncərələrinə Yeni il rəsmləri çəkilmişdi.
İri reklam lövhələrində yazılar bir-birini
əvəzləyirdi:
"Əlvida,
2019!"
"Xoş
gəldin, 2020!"
Hərdən
başına Şaxta baba papağı taxmış adamlar da
keçirdi yanımızdan. Əlində qırmızı
şar tutan
balaca
qıza göz vurdum, uşaq qorxub anasına
qısıldı.
Xruşovka
binanın üçüncü mərtəbəsində
qapını üzümüzə İra açdı:
- Ooooooo!
Xoş gəlmisiniz! Xoş gəlmisiniz! - bizi təmtəraqla
qarşıladı, məmnunluğu hiss
olunurdu.
Birbaşa mətbəxə keçdik. Yəqin, dörd nəfər
olsaydıq, bura sığmazdıq.
-
Çay istəyirsiniz, ya kofe? - İra soruşdu. Biz balaca
stolun arxasında əyləşmişdik.
-
Çay! Amma bir dəqiqə gözlə, - deyib
çamadanımı açdım. Paltarların altından
iki dəst armudu
stəkan,
Azərbaycan çayı və bir qutu paxlava
çıxartdım. Armudu stəkanları Sveta istəmişdi.
İkisi
də hədiyyələrə elə
sevindi ki, rahatca yerimə keçib oturdum. İra stəkanları
götürüb çayı
dəmləməyə
başladı.
İkisi
də məni eyni dərəcədə tanıyır, daha
doğrusu, eyni dərəcədə tanımırdı, amma
sualları ancaq
İra
verir, Sveta isə cavablarımı maraqla dinləyir, hərdənbir
söhbətimizə qoşulmaqla
kifayətlənirdi.
Hava
qaralmışdı. Yorulmaq bilməyən İra elə hey nəsə
danışır, soruşur, maraqla qulaq asırdı.
Düz,
qısa saçlarını almansayağı ortadan
ayırmışdı. Eynəyinin altında xırda, qəhvəyi
gözləri
parıldayırdı.
İra danışdıqca özümdən asılı
olmadan baxışlarım onun əyri qabaq dişlərinə
zillənir,
hiss eləməsin
deyə, tez də gözlərimi qaçırırdım.
-
Yorulmusan. Bəlkə, duş alıb keçəsən
otağa? Bir az yat, dincəl, yuxusuzsan, - Sveta İranın
suallarının
bitməyəcəyini görüb dilləndi.
Razılıq
əlaməti kimi başımı yellədim. Məhrabanı
gətirib mənlə bərabər hamama girdi, hər
şeyin
yerini
göstərdi. Çıxmaq istəyəndə onu
özümə tərəf çəkib dodağından
öpdüm, üzünü turşudub
qollarımın
arasından çıxdı, dodaqlarından "İra
burdadııı" sözlərini oxudum, sonra
bacısının da
eşidəcəyi
tonda "Rahat-rahat çim, nəsə lazım olsa,
çağır, mətbəxdəyik", deyib hamamdan
çıxdı.
Çiməndən
sonra Sveta məni öz otağına apardı. Böyük
çarpayı balaca otağın yarısını tuturdu.
- Sən
burda yatacaqsan.
- Bəs
sən?
- Mən
İrayla yatacam.
- Elə
burada yatarıq ikimiz də.
-
Yaxşı, - deyib gülümsədi. Yenə qolundan tutub
özümə çəkdim, dodaqlarından astaca
öpdüm.
- Niyə
tələsirsən? - gülə-gülə qollarımın
arasından sivişdi, - rahatlan, paltarlarını yerbəyer
elə,
sonra yat
bir az. Mənim də işlərim var. Hə, bir də ki,
xahiş edirəm, siqaret çəkmək istəsən,
eyvanda
çək, - deyib otaqdan çıxdı.
Qapalı,
kiçik eyvan elə ayaqüstə siqaret çəkməyə
yarayardı. Burdan ancaq ağ gövdəli ağcaqayın
ağacları
görünürdü. Köhnə, taxta pəncərəni
ehtiyatla açdım. Yağışda yuyulmuş
torpağın qoxusu
otağa
doldu.
Otağın
bir küncündə kompüter masası, masanın
üstündə isə kiçik kitab rəfi var idi.
Gözüm
rəfdəki
çərçivəli şəklə sataşdı.
Şəkli əlimə götürdüm. Sveta idi. Balaca
körpünün üstündə bir
kişiylə
qucaqlaşmışdı. Çox xoşbəxt
görünürdülər. Gözləri par-par
parıldayırdı. Atası olmadığı
bəlli
idi. Heç bir ata qızını elə qucaqlamazdı...
Rəfdəki
başqa şəkildə isə daha gənc idi, iyirmi
yaşı olmazdı. Çox gözəl idi. Yəqin,
məktəblərindəki,
məhəllələrindəki oğlanların hamısı
onun üçün yarışırmış. Bəlkə
də, neçə oğlan
döyüb-döyülübmüş
ona görə bu şəhərin soyuq küçələrində.
Duruşundan, ədasından hər şey
bilinirdi.
İndi isə bir gənc oğlanın ondan ötrü Piterə
gəlməyinə uşaq kimi sevinir, bəlkə də, o
günlərini
xatırlayırdı.
Sveta
otağa qayıdanda şəkil əlimdə idi:
- Nə
şirinsən! Neçə yaşın var burda?
- On səkkiz
olurdu... - şəkli əlimdən aldı. Gözü o biri
şəkli axtardı. Təlaşlandığını hiss
elədim, -
gəldim
deyəm ki, mən bir azdan İrayla marketə gedəcəm,
oyanıb bizi görməsən, narahat olma.
-
Yaxşı. Dəhşət yorulmuşam. Ayı kimi
qış yuxusuna gedə bilərəm, - naqolay vəziyyəti
düzəltməyə
çalışdım.
- Yat,
yat... Sənə marketdən nəsə lazımdı? -
otaqdan çıxmadan məndən soruşdu.
- Yox.
Çox sağ ol! Yatacam elə.
-
Yaxşı. Yuxun şirin olsun, - deyib işığı
söndürdü, otaqdan çıxdı.
Yuxudan
oyananda qulağıma kişi səsi gəldi. Səhv
eşitdiyimi fikirləşib qulaqlarımı şəklədim.
Yox,
düz eşidirdim. Sveta, İra və qalın səsli bir
kişi mətbəxdə söhbət eləyirdilər.
Beynimdən
min bir fikir keçdi. Bu kişi kimdi axı gecənin bir
vaxtı gəlib bura? Atalarıdı? Bəlkə,
şəkildə
gördüyüm kişidi? Hər kimdisə, çox yersiz gəlib.
Görəsən, içəridə mənim
yatdığımı bilir?
Yəqin,
bilir, yoxsa, belə rahat gülüşməzdilər.
Bütün bu sualları beynimdən atmaq üçün
astaca
öskürüb
mətbəxdəkilərə varlığımı
xatırlatdım:
- Deyəsən,
oyandı, - İranın səsi idi.
Sveta qapını döyüb
otağa girəndə çarpayının
qırağında oturmuşdum.
- Bizim səsimizə
oyandın?
- Yox, -
gözlərimi ovuşdura-ovuşdura cavab verdim.
- Rahat
yata bildin?
- Hə. Əla
yatdım, - deyib sual dolu baxışlarımı ona zillədim.
-
İqordu. Qardaşım. İranın paltartikən
maşını xarab olmuşdu, onu düzəltməyə gəlib.
Gəl, tanış
edim sizi.
-
Yaxşı. Gəlirəm indi.
Mətbəxə
bacardığım qədər şux və özünəinamlı
girməyə çalışdım ki, narahat olduğumu hiss
eləməsinlər.
İqor məni
görən kimi qabağındakı paltartikən
maşını stolun kənarına itələyib ayağa
qalxdı. Bu
hündürboy,
sarışın, eynəkli oğlan da, ən az, mənim qədər
narahat görünürdü. İlk mən əlimi
uzadıb
salamlaşdım, özümü təqdim elədim.
Baxışlarından məndən çəkindiyi hiss
olunurdu.
Mənim
kimi saqqallı müsəlmanların ruslar üçün həmişə
təhlükəli göründüyünü
düşündüm.
-
Borşla aran necədi? Xoşlamırsansa, başqa nəsə
verim, məncə, dadına bax, - mən stol arxasına
keçən
kimi İra bir kasa borşu qabağıma qoydu.
Yeməyin
qoxusu çoxdan bütün evə yayılmışdı.
Borşdan bir qaşıq götürüb üfürə-üfürə
içdim.
- Əladı!
- Nuş
olsun! - İra bəyənməyimə sevindi.
- Hə...
İqor ustadı, - Sveta bizi daha yaxından tanış eləmək
üçün söhbətə girişdi, - soyuducu
ustasıdı,
amma hər şeyi düzəldə bilir. Qızıl əllər!
- Nə
gözəl! - söhbətə hazır olduğumu işarə
elədim. Narahatlığım mətbəxin istisində
buxarlanıb
yoxa
çıxmışdı.
- Hə!
Bir dənə hamamdakı qızdırıcını da
düzəltsəydi... - İra soyuducuda nəsə
axtara-axtara
dilləndi.
- Düzəldəcəm,
dedim axı... Sabah... Bütün vaxtım bu paltartikənə
getdi... - İqor da yavaş-yavaş
açılışmağa
başladı.
Söhbət
zamanı bəlli oldu ki, İqor onların doğma
qardaşı yox, xalası uşağıdı, otuz
üç yaşı var,
subaydı.
Mənə Qafqazla, Azərbaycanla bağlı suallar verdi. Azərbaycanda
bütün kişilərin dörd
arvadının
olub-olmadığını, niyə hamımızın burnunun
yekə və əyri olduğunu, Qarabağın bizim,
yoxsa, ermənilərin
olduğunu soruşdu, bütün suallarına cavab verdim.
İqorun
işi qurtarandan sonra çay içdik. Söhbət söhbəti
gətirdi, gecə düşdü. İqor paxlavalar
üçün
ayrıca
təşəkkür eləyib gödəkcəsiylə
papağını istədi. Onu ötürmək
üçün biz də ayağa qalxdıq:
- Sabah
yox, sabah başqa yerə getməliyəm, amma birisigün, səni
bir yerə aparacam ki! - İqor
qapının
ağzında mənə dedi.
***
Peterburq səhərinə
oyandığım ilk gündə özümü bayrama
hazırlaşan uşaqlar kimi hiss edirdim.
Sveta yox
idi. Gərnəşdim, qəfil yerimdən qalxıb həvəslə
eyvana qaçdım. Qar görmədim, kefim
pozuldu.
-
Sabahın xeyir! Səsə gəldim. Yaxşısan? -
qapının kandarında dayanan Sveta soruşdu.
-
Sabahın xeyir, sabahın xeyiiiir! Əlayam! Dedim, təmiz hava
alım, - pərtliyimi gizlətmək üçün
gülümsədim.
-
Yaxşı eləyirsən, amma belə çılpaq
çıxma da bayıra, - gülə-gülə dedi, - əynini
geyin, gəl, səhər
yeməyi
hazırdı.
Artıq
stol arxasında bu evə yüz ildi gəlib-gedən biri kimi
oturmuşdum. Stolun üstündə ürəyin
istəyən
hər şeyi tapa bilərdin. Sveta qırmızı, qara
kürü çəkilmiş çörək dilimlərini
qabağıma
düzüb
haralara getmək istədiyimi soruşdu.
- Ermitaja
gedərik... - çayımdan qurtumlayıb dedim, - sonra Nevaya,
o açılıb-bağlanan körpü var
e...
-
Troitskiy! - İra sözümü ağzımda qoydu.
- Nə?
- Körpünün adını
deyir. Troitskiy körpüsü, - Sveta gülümsədi.
- Həəə!
Ora da gedək.
- Elə
bildiyin yerlər bunlardı? - Sveta soruşdu.
-
İşin çətindi, Sveta... - İra cavab verməyimi
gözləmədən dilləndi.
- Sən
narahat olma. Mən plan tutmuşam, hansı günlər hara gedəcəyik,
bölüşdürmüşəm, - məndən
daha həvəsli
görünən Sveta dedi.
İndi
yadıma düşmür, birinci gün hara, ikinci gün hara,
digər günlərdə hara getdik, amma
xatırlayıram
ki, ilk günün sonunda Nevski prospektində gəzintiyə
çıxdıq.
Geniş
prospektin hər iki tərəfini böyük şüşəli
mağazalar, restoranlar bəzəyirdi. Endirim elanları,
Yeni il
kampaniyaları, rəsmləri, dekorları küçələrə
bayram havası gətirmişdi. Oyuncaq, suvenir
dükanlarının
içi adamlarla qaynayırdı.
- Sizin evdə
yolka yoxdu? - soruşdum.
- Deyəsən,
yoxdu, - bir az fikirləşib cavab verdi.
-
Yolkasız Yeni il olar?! Gəl, balaca da olsa, birini alaq.
Etiraz eləmədən
razılaşdı, böyük suvenir mağazalarından
birinə girdik. Yolkanı mən, bəzəklərini
və
işıqlarını Sveta seçdi. Üstündə maral
şəkli olan Yeni il sviterləri də aldıq. Mənim
sviterimin
üstündəki
marallar yaşıl, onun maralları isə qırmızı
idi. Qırmızı marallı sviterlərdən birini də
İra
üçün
götürdük.
Evə
qayıdanda Sveta bir mağazanın qarşısında ayaq
saxladı:
-
Çaxırla aran necədi?
- Azərbaycanlıya
veriləcək sualdı bu?
- Aaaa,
üzrlü say! Sizin dininiz icazə vermir, hə?
- Yox e!
Siz də bizi lap ərəb eləmisiniz! Çaxırı elə
biz içirik də!
- Siz? Mən
elə bilirdim, gürcülər içir... -
gülümsündü.
-
Gürcülər də bizdən öyrənib! - geri
addım atmadım.
- Əla!
Amma indidən deyirəm, çaxırı mən alacam.
- Gəl
görək! Harda görülüb kişi olan yerdə
çaxırı qadın alsın?! Bu dəfə mən
Svetanın qoluna
girdim,
mağazaya keçdik.
Növbənöv,
rəngbərəng içki şüşələriylə
dolu mağazanın hər tərəfinə göz gəzdirdim:
vodkalar,
şampanlar,
tekilalar, martinilər, likörlər, şərablar...
- Kəmturş
xoşlayırsan, ya kəmşirin? - soruşdum.
- Mənə
fərqi yoxdu, ikisini də xoşlayıram.
- Onda
ağ kəmşirin götürək. Turş alma da
alarıq, nanəynən...
-
Yaxşı.
Şərablar
bölməsindəki bütün şüşələrə
bir-bir baxdım. Nə öz çaxırımızdan
tapdım, nə də
gürcülərin.
- Bəlkə,
bunu götürək? - şərablardan birini
götürüb Svetaya göstərdim.
- Erməni
çaxırı? - adını oxuyub təəccüblə
mənə baxdı.
-
Adına fikir vermə, üzümü bizimdi! - deyib
güldüm.
İki
şüşə erməni çaxırı
götürdük. Yolüstü turş alma, quru nanə də
alıb evə qalxdıq.
İra
qırmızı marallı sviterini geyinib güzgüdə
özünə tamaşa eləyəndə, Sveta artıq
yolkanın
bəzəklərini
düzməklə məşğul idi.
- Deyəsən,
sizin gecəniz uzun olacaq... - İra stolun üstündəki
çaxır şüşəsini əlinə
götürdü, -
erməni
çaxırı? Bəs siz düşmən deyildiniz? -
gülə-gülə soruşdu.
- Deyir,
üzümü bizimdi! - Sveta mənim əvəzimdən cavab
verdi. Gülüşdük.
- Gərək
başına taxmağa ulduz da alardıq, - sonuncu bəzəyi
də yolkadan asıb dedi, - amma belə
də qəşəngdi.
Hə? Necədi? - ikimizdən də soruşdu.
- Əladı!
Sabah ulduz da alarıq. Mənim də ağlıma gəlmədi
heç.
-
İşıq almamısınız bəs? - İra
soruşdu.
-
Almışıq, almışıq... - torbadan
işıqları götürüb yolkaya
yaxınlaşdım. İşığı necə, hardan
dolamalı
olduğumu
bilmədim.
- Ver bura,
ver, özüm eləyəcəm, - Sveta işığı əlimdən
aldı.
Balaca yolkamızın
işıqları pəncərədə əks olunanda mətbəxin
işığını keçirib
çaxırımızı açmışdıq.
Gecə
uzanıb səhərə calandı. Hava işıqlanana
yaxın yorğun düşüb yuxuya getdik.
Oyananda
Svetanı yenə yataqda görmədim. Telefonumda saata
baxdım, günorta olmuşdu.
Yerimdən
qalxan kimi eyvana çıxdım. Yenə qar yox idi.
Ağcaqayın ağaclarının budaqları
qımıldamırdı.
Otağa qayıtdım. Çaxır şüşəsini
başıma çəkib içindəki son damlaların
ağzıma
düşməyini
gözlədim.
- Sveta
hanı? - mətbəxdə İrayla salamlaşıb
soruşdum.
-
İşdən çağırdılar nəsə,
universitetə getdi səhər tezdən, bir azdan gələr.
Yeməyin hazırdı, gözlə,
çay
süzüm sənə. Deyəsən, gec yatmısız... -
gülə-gülə soruşdu.
- Sveta
çox az içdi. Elə hamısını mən
içdim, demək olar, - nəyə işarə elədiyini
başa düşüb
söhbəti
dəyişməyə çalışdım.
-
Düzünü de, evli deyilsən ki? Qorxma, Svetaya deməyəcəm.
Özümə maraqlıdı, - çay süzə-süzə
soruşdu.
- Yox e, nə
evli. İyirmi dörd yaşım var hələ mənim!
-
İyirmi dörd?! Lap uşaqsan ki! Amma nolsun, siz tərəfdə
tez evlənirlər də.
- Yox, mən
evlənməmişəm.
- Sevgilin
də yoxdu?
- Yoxdu.
Var idi, çoxdan ayrılmışıq.
- Niyə?
- Nə
bilim... Yola getmədik, ayrıldıq.
- Hə,
başa düşdüm...
- Sən
evli deyilsən də, hə? - suallardan qaçmaq
üçün soruşdum.
-
Boşanmışam. Çoxdan.
- Bildim.
- Amma indi
sevgilim var, - evliliyinin aqibətinin onu narahat etmədiyini
göstərmək üçün
təbəssümlə
dedi.
- Nə
gözəl!
- Hə...
O da müsəlmandı. Əfqandı. Amma evlidi də. Ailəsi
Əfqanıstandadı, özü burda yaşayır.
Hərdən
bir-iki həftəlik gedir, sonra qayıdır. İndi
ordadı.
- Sveta evlənməyib
bəs?
- Yox.
- Nə əcəb?
-
Heç kimi bəyənmədi. Oğlanlar ona görə
dava-qırğında idi həmişə. Bəlkə də,
ona görə seçim
eləyə
bilmədi. Həm də çox kaprizlidi. Hər şeyi bəyəndirə
bilməzsən ona. Amma səni çox
bəyənib.
- Mənim
nəyimi bəyənib ki?
- Nə
bilim, - deyib güldü, - Sən bura niyə gəlmisən? -
qəfil soruşdu.
- Necə
yəni niyə gəlmişəm? - İranın sualından
narahat oldum.
- Yəni
məqsədin, fikrin nədi?
- Gəlmişəm
Svetanı görüm, Yeni ili bərabər keçirək.
- Bəs
sonra?
- Nə
sonra?
- Ciddi nəsə
fikirləşmirsən?
Cavab verməyə
söz tapmadım, çayıma şəkər qatıb
qarışdırmağa başladım.
- Siz niyə
elə bilirsiniz ki, rus qızları ancaq əylənmək
üçündü? - budəfəki sualında inciklik hiss
olundu.
- O nə
sözdü? Mən elə fikirləşmirəm.
- Bəs
fikirləşmirsən, Sveta səni sevsə, bağlansa,
nolacaq?
Köməyimə
söhbətimizi bölən kilid səsi çatdı. Sveta
içəri girdi. Çəkməsini çıxardı,
gödəkcəsini
asılqana
keçirdi, papağını, əlcəklərini gödəkcəsinin
ciblərinə salıb mətbəxə girdi:
- Sən
hələ indi oyanmısan? Nə tənbəl imişsən!
- guya, məni danladı.
-
Çox içdim də gecə... - hazır bəhanəmi
qabağına qoydum, - Universitetə getmişdin?
- Hə. Bir-iki sənəd məsələsi
var idi. Yeməyini yaxşı ye, bu gün gedəcəyimiz
yerlər çoxdu...
- Hara gedəcəyik?
-
Puşkinin ev muzeyinə gedəcəyik əsas, axşam da
Mariinskiy teatrında konsert var, biletlərimizi
də
almışam.
- Kimin
konsertidi? - Məndən qabaq biletləri İra
götürdü.
-
Teatrın simfonik orkestrinin, - Sveta da stol arxasında əyləşdi.
- Həə,
Valeriy Qeorgiyev... Əla! - İra biletləri mənə verib
dedi.
***
Puşkinin
nəhəng ev muzeyində otaqları elektron bələdçi
ilə gəzirdim. Qulaqlıqdakı səs mənə
otağa,
otaqdakı aksesuarlara, burda baş verən bütün hadisələrə
aid ətraflı məlumat verirdi.
Muzeyə
dəfələrlə gələn Svetanın isə buna
ehtiyacı yox idi. Bir-iki otaqdan sonra qulaqlığı
çıxarmağımı
istədi. Dedi ki, hər şeyi əzbər bilir, özü mənə
danışacaq.
Axırıncı
otağa, Puşkinin canını tapşırdığı,
son dəfə çevrilib kitablarına "Əlvida,
dostlarım..."
dediyi
çarpayının yanına çatanda, pəncərədən
çölə boylandım ki, qarın
yağıb-yağmadığını
görüm.
Piterin bomboz səması yerə bir qar dənəsi belə
göndərmək niyyətində deyildi. Svetadan
qar arzumu
gizlətdim, o da elə bildi, şairin faciəvi ölümünə
üzülmüşəm. Ancaq muzeydən
çıxanda
soruşdum:
- Nə əcəb
qar yağmır? Mən elə bilirdim, Piterə həmişə
qar yağır...
- - Əslində
bütün qış boyu yağır. Bu il nəsə
qarsız keçir. Qar görmək istəyirsən?
- - Pis
olmazdı da. Yeni ildi. Yeni il qarla daha gözəldi. Biz uşaq
vaxtı həmişə bayram
günlərində
oyanan kimi pəncərəyə qaçırdıq ki,
görək qar yağıb, ya yox. Əvvəl Bakıya da
çox
yağırdı qar, axır illərdə, demək olar,
heç yağmır. Uzağı, iki-üç gün qar
görürük qışda.
- - Sən
ona görə hər səhər oyanan kimi pəncərəyə
qaçırsan? - gülə-gülə soruşdu.
- Qar həvəsimin
ona gülməli gəlməyini yadırğamadım.
Başqa söhbətlərə keçib mövzunu
dəyişdim.
-
Mariinskiy teatrında orkestrin gah həzin, gah da şən
ifaları zalı ağuşuna alanda da
ürəyimdə
dua edirdim ki, çölə çıxanda hər yerin qar
altında qaldığını görüm.
- İki
saatdan çox davam edən konsertdə bütün musiqilər
gurultulu, uzun alqışlarla
qarşılandı.
Auditoriya xeyli məmnun görünürdü. Mən də
razı idim, hər şey, hər şey gözəl
idi,
uşaqlıqdan izlədiyim Yeni il filmlərindəki kimi...
Bircə qar çatışmırdı. Narın-narın,
ya da elə
lopa-lopa yağan qar, qar üzərindəki ayaq izləri,
ağappaq ağaclar...
- Konsertdən
sonra Saray meydanına getdik. Bir vaxtlar rus imperatorlarının
iqamətgahı
olan
Qış Sarayı, Zəfər tağı, Baş qərargahın
dəbdəbəli binası, Aleksandrovskaya sütunu...
- tarixi
özündə qoruyan bu əzəmətli tikililər
zamanın gücsüzlüyünü göstərirdi.
- Bayram
havası ən çox burda hiss olunurdu. Meydanın hər tərəfi
küçə musiqiçiləri ilə
doluydu.
İnsanlar onların qarşısında toplaşıb sevdiyi
mahnılara qulaq asır, onlarla birgə
oxuyur,
aşiq cütlüklərsə rəqs edirdilər. Mən
tez-tez başımı qaldırıb səmaya
baxırdım. Hər
şey əladı,
hər şey... Bircə qar çatışmır...
- Sveta əhvalımın
korlandığını görüb kefimi açmaq
üçün daha çox canfəşanlıq edirdi. Mən
də
mümkün olduğu qədər qar həsrətimi gizlətməyə
çalışırdım. Evə qayıdanda yolkamız
üçün
ulduz da aldıq. Sveta dedi ki, bunu taxsaq, sabah mütləq qar
yağacaq.
- O gecə
sevişmədik. Mən pivələrimi içəndə
Sveta artıq yuxuya getmişdi. Eyvanda
siqaretimi
tüstülədə-tüstülədə ağcaqayın
ağaclarının səssizliyinə tamaşa elədim.
Ağ
gövdələrindəki
qara zolaqlar balta izlərinə oxşayırdı. Görəsən,
ağaclar üşüyür? İçkinin
təsiri
ilə özümə axmaq suallar verməyə
başladım. Başımı yastığa qoyan kimi yuxu məni
apardı.
- Səhər
oyananda Svetanı yataqda gördüm. Bura gəldiyimdən bəri
ilk dəfə idi məndən gec
oyanırdı.
Qıvrım saçları üzünə
dağılmışdı. Astaca qalxıb eyvana
çıxdım. Qardan əsər-
əlamət
yox idi. Yağmayacağını bilirdim. Otağa
qayıdıb rəfdəki kitablara göz gəzdirdim.
Bir-iki
kitabı yalandan vərəqləyib yerinə qoydum.
- Birdən fikir verdim ki, Svetanın
kişiylə qucaqlaşdığı şəkil rəfdə
yoxdu, amma o biri şəkli
yerində
idi. Rəfin hər tərəfinə baxdım, tapmadım.
Çəkməcələri açdım. Heç birində
yox
idi. Şəkli
gizlətmişdi... Bu haqda özündən heç nə
soruşmadım.
-
Artıq dekabrın son günü idi. Qardan əlimi
üzmüşdüm.
- Həmin
gün İqor gəldi. Dedi ki, məni "restoranına
aparmaq istəyir, çex
mətbəxidir,
əla pivələri də olur. Razılaşdım.
- Sveta ilə
mən "peçena kaçna" -
qızardılmış ördək, İqorla İra isə
tatarak yedi. Tatarakın
dadına
mən də baxdım, təxminən, bizim basdırmaya
oxşayırdı. Yeməklərin ləzzətinə
söz
ola bilməzdi.
-
İqorla mən hərəyə iki bakal
"Prazaçka" içdik. Restorandan çıxandan
sonra yenidən şəhər
gəzintimiz
başladı. İqor bizimlə çox qalmadı. Yeni ili
dostlarıyla qarşılayacağı üçün ilk
fürsətdəcə
sağollaşıb getdi. İra da iş yoldaşları ilə
keçirəcəkdi bayramı, amma axşama
qədər
vaxtı var idi.
- - Bu
körpünün adı bilirsən, nədi? - İra
üstündə dayandığımız balaca körpüyə
işarə eləyib
soruşdu.
- - Nədi?
- Şəhərin içindən keçən Nevanın
kiçik qollarından birini himayəsinə almış
körpü
təmkinli
görünürdü.
- -
"Öpüş körpüsü" - təbəssümlə
dedi.
- -
Doğrudan? Nə gözəl adı var! - İranın nəyə
işarə elədiyini başa düşdüm. Svetanın
qızılı
saçlarını
üzündən çəkib, dodağından öpdüm.
Sonra İra şəklimizi çəkdi, şəkli bizə
göstərəndə
körpünü tanıdım... Həmin körpü idi...
Svetayla kişinin qucaqlaşdığı körpü...
Qanım
qaraldı.
- Şəhərdə
hamının üzü gülürdü. Hər kəs
bayram əhvalındaydı. Deyəsən, təkcə mən
narahat
idim.
Heç kimin kefini korlamamaq üçün söhbəti dəyişdim:
- -
"Taleyin ironiyası" filmində bir kadr var idi e...
İppolit çayın üstündə maşın
sürürdü.
Neva
qışda, doğrudan, elə donur? - Svetadan soruşdum.
- - Həəə!
Dekabrın əvvəlində başlayır yavaş-yavaş,
bir də görürsən ki, yanvarın axırlarına
kimi təmiz
donub, - dedi.
- - Amma həmişə
tam donmur da. Elə il olur bəzi hissələri donur təkcə,
- İra çaya
yaxınlaşıb
boylandı, - bu il donana oxşamır heç.
- -
Donacaq. Gec donanda lap bərk olur buzu. Üstündə xizək
də sürürlər! - Sveta məni bir
az da
qıcıqlandırmağa çalışdı.
- - Atəşfəşanlıq
harda olur bəs?
- -
Petropavlovsk qalasında olacaq, hə, İra? Troistkiy
körpüsü tərəfdə, - təsdiq gözləmədən
dedi.
- - Hə!
Amma gecə üçdə olur bizdə atəşfəşanlıq.
Bilirsən də? - İra məndən soruşdu.
- -
Üçdə niyə?
- - O saata
kimi hamı bayramını qeyd eləyir, şampanını,
vodkasını içir, sonra gəlib rahat
atəşfəşanlığa
baxır.
- - Bəs
üçə kimi neynəyəcəyik? - soruşdum.
- - O qədər
şey var eləməyə, narahat olma! - Sveta dedi, - hələ
Yeni il yarmarkasına
getməliyik!
- Şəhərin
bütün küçələrindən keçdik o
gün. Meydanlarda aktyorların küçə
tamaşalarına
baxdıq,
katerlə Neva çayında gəzintiyə
çıxdıq.
- Manejnaya
meydanındakı Yeni il yarmarkasında qollarımı
çirmələyib boks aparatına
yaxınlaşdım.
Vurduğum zərbədən özüm də utandım.
Sveta pərt olduğumu görüb məni o
biri
oyunlara dartdı. Halqa oyununu seçdik. Halqaları lövhələrə
bərkidilmiş çubuqlara
keçirməliydik.
-
Bütün halqalarımız boşa çıxsa da, kefimizi
pozmadıq. Halqa oyununda İra daha məharətli
çıxdı.
Dördüncü cəhddə halqanı çubuqlardan birinə
keçirib hədiyyəni qazandı; şam ağacı
formasında
yastı, yaşıl sabunu xeyli qoxladıq, sabundan hansısa
bitkinin ətri gəlirdi.
- -
Rozmarindi... - Sveta dedi.
- - Hə, rozmarindi, - İra da təsdiqlədi.
- -
Gözəl qoxusu var, - dərindən nəfəs alıb
sabunun qoxusunu bir də içimə çəkdim, - İndi
gedək
tirə! - deyib sabunu İraya qaytardım.
- Tirdə
bəxtim gətirdi. Üç atışım hədəfə
dəydi. Qazandığım "Supermen"
oyuncağını
qucağında
ürək tutan balaca ayı ilə dəyişdirib Svetaya
verdim, o, balaca ayını ehtiyatla
bağrına
basdı.
- Cizgi
filmlərinin qəhrəmanlarıyla, Şaxta babanın
işıqlarla bəzənmiş xizəyində, şam
ağacının
altında şəkillər çəkdirdik. Şaxtadan
keyimiş barmaqlarım göynəyirdi. Bunu
bəhanə
eləyib çaxır qaynadılan qazanlara
yaxınlaşdım:
- - Bəlkə,
qaynar çaxır içək? Çox soyuqdu... - əllərimi
ovuşdurub nəfəsimi ovuclarıma
üfürdüm,
- sən üşümürsən? - Svetanın əlindən
tutdum.
- -
Üşümürəm, amma içək! - Sveta İraya
baxıb dedi.
- - Mən
istəmirəm. Siz çaxırınızı alın, mən
dondurma yeyəcəm, - deyib bizdən aralandı.
- İsti
karton stəkanı bir az ovuclarımın arasında
saxlayıb əllərimi qızışdırandan sonra
çaxırın
dadına baxdım. Ədviyyatlar çaxırı
yumşaltmışdı. Mən ikinci stəkana keçəndə
İra
yanımıza
qayıtdı:
- - Görün,
nə aldım sizə? - cibindən rəngli, qalın Yeni il
corabları çıxardı, - bu sənin, bu
sənin,
bu da mənim... - corablarımızı verib dondurmasını
dişlədi, - əla plombirdi!
- Onun
dondurma yeməyinə baxanda ətim ürpəşdi, dişlərim
şaqqıldadı. İkinci çaxırdan
sonra
canım qızdı. Yarmarkadan çıxan kimi İra iş
yoldaşları ilə görüşməyə getdi.
Hamı
Yeni ili
qarşılayacağı yerə tələsirdi. Sveta da
ikimiz üçün restoranda yer rezerv etmişdi.
Troitskiy
körpüsünə yaxın restoranlardan birinə girdik.
Xeyli acmışdıq. Sifarişlərimizi
verdik.
-
Restoranda insanların söhbətlərinə,
gülüşlərə və musiqilərə
qarışıb gizlənməyə çalışan
qədəh
cingiltilərini hər şeydən daha aydın eşidirdim.
- -
İçmək lazımdı! - Svetaya qətiyyətlə
dedim, - nə içirsən?
- Sveta
çiyinlərini çəkib seçimi mənə
buraxdı.
-
Ofisiantı çağırıb martini sifariş elədim. Ən
ağırını gətirməyini dönə-dönə
tapşırdım. Göy
martini qədəhlərimizə
süzüləndə, aclığımı paytaxt salatı
ilə yatışdırmışdım. İlk qədəhi
birnəfəsə
içdim. Sveta təəccüblə mənə baxdı. Təzədən
qədəhimi doldurdum:
- -
Üzrlü say! Boğazım qurumuşdu, - qədəhimi
qaldırıb ona tərəf uzatdım, - Yeni il gözəl
olsun! Sənin
üçün hər şeyin ən gözəlini
arzulayıram!
- - Mən
də sənə hər şeyin ən
yaxşısını arzulayıram! Yeni il gözəl olsun!
- qədəhlərimizi
toqquşdurduq,
bir qurtum içib yerə qoyduq.
- - Pivə,
çaxır, indi də martini... Bəlkə,
qarışdırmayasan? Ya da az iç... - Sveta ehtiyatla
dedi.
- - Narahat
olma, heç nə olan deyil.
- Söhbət
eləyə-eləyə gah restorandakı xoşbəxt
adamlara, gah da çölə - Nevaya, çayda
sayrışan
işıqlara, katerlərə, geniş küçələrə,
əzəmətli binalara baxıb hər səhnəni beynimə
qazımağa
çalışırdım. Kafedə çalınan şən
mahnılar ab-havanı daha da canlandırırdı. Qoca
Nevanın
üzərində quş kimi süzən katerlərdəki
adamların gülüşləri, səsləri kəsik-kəsik
çatırdı
qulağıma.
- - Ora
bax! Körpü açılır! - Sveta birdən dedi.
- Troitskiy
körpüsünün qolları aralanıb aramla
açılmağa başladı. Sırayla, asta-asta
körpünün
altından keçən azman gəmilərin siqnalı
bir-birinə qarışıb uğultuya çevrildi.
- Hamı
- katerlərdəki adamlar, restorandakılar, çayın
qırağında gəzintiyə çıxanlar
telefonlarıyla
bu mənzərənin şəklini, videosunu çəkirdilər.
Körpünün qolları bütün
gəmilər
altından keçənə qədər şahə
qalxmış atlar kimi üzbəüz dayandı; bir müddət
elə
qaldıqdan
sonra yenə aramla aşağı enib birləşdilər.
- - Əladı,
hə? - Sveta soruşdu.
- -
Çoooox! - səsimdən özüm də kefləndiyimi
hiss elədim.
- Xırda sağlıqlar, arzularla
martinimizi yarılamışdıq. Sveta, demək olar,
heç içmir, ancaq
mən
sağlıq deyəndə qədəhini qaldırır, nəzakət
xətrinə dodaqlarını islatmaqla
kifayətlənirdi.
Onun baxışlarındakı narahatlığı görməzdən
gəlirdim. İçki başımı ehmalca
gicəlləndirir,
qanımı qaynadırdı.
-
Gözüm masalardakı uşaqlara yaxınlaşıb hədiyyə
verən, onlarla zarafatlaşan, oynayan
Şaxta
babaya sataşdı. Gənc olduğu əllərindən bilinən,
burnunu, yanaqlarını qırmızıya
boyamış,
səsini zorla qalınlaşdıran bu hündürboy,
arıq Şaxta babanın taxma saç-
saqqalının
arasında gizlənən xırda gözləri kədərli
görünürdü. Özümdən asılı olmadan
ayağa
qalxdım, yarımçıq martini şüşəsini və
qədəhimi götürüb ona yaxınlaşdım:
- - Yeni
ilin mübarək, Şaxta baba! Xoş gəlmisən! Mən
istəyirəm ki, mənlə içəsən! - öz
qədəhimi
doldurub daşırtdım, - olar, bu qədəhi
götürüm, lazım deyilsə... -
yaxınlaşdığım
masadakı
təmiz qədəhlərdən birini ağzına qədər
doldurub Şaxta babaya verdim.
- - Nə
dayanmısan?! Sən də qədəhini gətir! - qoluma girən,
restorandakı adamlara
üzrxahlıqla
baxan Svetaya dedim.
- -
Yavaş danış, hamı sənə baxır... -
pıçıldadı.
- -
Baxsınlar da! Neynəyirəm ki?! Bu gün bayramdı!
Şaxta babayla içməyib kimlə
içəcəyik?!
- - Cavan
oğlan düz deyir! - yaxınlaşdığım
masadakı ortayaşlı, kök, qırmızıyanaq
kişi
özümü
narahat hiss etməyim deyə, dilləndi, - Mənə də
süz! - deyib qədəhini uzatdı.
-
Restorandakı hamı qədəhlərini göyə qaldırdı.
- -
Hamınızın bayramını təbrik edirəm!- ürəklənib
daha ucadan dedim. Bir neçə adam
alqışladı,
lap coşdum, - mən Bakıdan gəlmişəm! Bunu
içirəm sizin və ən əsas da, Şaxta
babanın
sağlığına!
- -
Günəşli Bakıdan gələn dostumuzun
sağlığına! - Şaxta baba da qalın səslə
təşəkkür elədi.
Birnəfəsə
qədəhləri boşaltdıq.
- Sonra nə
olduğunu dəqiq xatırlamıram, amma yadımdadır ki,
mən yenə martini sifariş
etmək
üçün ofisiantı çağıranda Sveta "Bəsdi
bu qədər içdin! Xahiş edirəm!" deyib
hesabı
istədi.
- Sveta hesabı
ödədi, restorandan çıxdıq. Yeni ilin girməyinə
hələ var idi. Əlimi Svetanın
çiyninə
atıb yellənə-yellənə addımlayırdım:
- - Hara
gedirik? - yanağından öpdüm.
- - Evə!
- yanağından öpəndən sonra yumşalsa da, hələ
də əsəbi olduğunu göstərmək
üçün
sərt dedi.
- - Evə
niyə? Bəs atəşfəşanlıq?
- - Yoxdu
atəşfəşanlıq!
- - Mən
evə getmirəm! Atəşfəşanlığa baxacam! -
deyib dayandım. Yanımızdan keçənlər bir
anlıq
bizə boylandı.
- -
Qışqırma! - Sveta gözlərini ağardıb
pıçıltıyla dedi, - camaat bizə baxır!
- - Baxsınlar
da! Mən Petropavlovsk kilsəsinə gedəcəm! - yenə
ucadan dedim.
- - Kilsə
yox, qala! - Sveta bu dəfə güldü.
- - Fərqi
nədi? Petropavlovsk qalasına gedəcəm mən!
- -
Gör nə haldasan? Ayaqüstə güclə dayanırsan,
- elə bil özü də sərxoş olduğumun fərqinə
indi
vardı, sakitləşdi, qucaqlayıb boynumdan öpdü, -
gedək evə, bir saata Yeni il girir,
atəşfəşanlığa
hələ çox var. Evdə özünə gəl,
qayıdarıq. Yaxşı?
- Taksinin
arxa oturacağında yayxanıb başımı Svetanın
çiyninə qoymuşdum. Yolu
görmürdüm.
Svetanın üzümə tökülmüş
qızılı, qıvrım saçları burnumu
qıdıqlayırdı. Bir
əlim
dizlərinin, bir əlim də ağappaq, isti, yumşaq əllərinin
arasında qızınırdı. Sürücü
Anna
Germanın "Nadejda, moy kompas zemnoy" ("Ümid yer
kürəsindəki kompasımdır")
mahnısını
qoşmuşdu. Sürücünü görmürdüm.
Svetanın ətri ayılmağıma mane olurdu.
Anna German
oxuyurdu...
- -
Şampan alaq! On iki tamamda partladarıq! - dikəlmək istədim.
- - Alarıq, yaxşı,
alarıq... - dizimdən basdı, - yat sən bir az, hələ
var çatmağımıza... -
Svetanın
ilıq səsi qulaqlarımı sığalladı.
- - Qar da
yağmadı...
- -
Yağacaq, yağacaq... Yat...
- O gecə
şampan partlatmadıq. Mətbəxin pəncərəsindəki
balaca yolkamızın işıqlarını,
Svetanın
məni soyundurmağını, yerimə uzatmağını,
mənə limonlu su gətirməyini
dumanlı
xatırlayıram...
- Səhər
onun səsinə oyandım:
- - Qalx!
Qalx! Gəl buraaaaa! - eyvanda dayanıb məni
çağırırdı.
- Yerimdən
sıçrayıb eyvana qaçdım.
- Piterə
qar yağmışdı. Ağ sonsuzluqda ağcaqayın
ağaclarının qara zolaqlarından başqa heç
nə
görünmürdü.
-
Qarın içində itən baxışlarımı bəyaz
ənginlikdən güclə yayındırıb Svetaya zilləndim:
- - O
şəkildəki kişi kimdi?
Ulucay
AKİF
Ədəbiyyat
qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.18-20.