Könlüm quşu
qonan budaq
Nə yaxşı yerini bildim,
Könlüm quşu qonan budaq.
Sirr verdim sirrini bildim,
Könlüm quşu qonan budaq.
Kimdi -
Ay kimi yarıdı,
Rəngi
limondan sarıdı?!
Eşq nərdivansız barıdı,
Könlüm quşu qonan budaq.
Qəm bazarında behim var,
Tanrı
qatında ahım var,
Sərraf
olsa, matahım var,
Könlüm quşu qonan budaq.
Mən bir tarix, bir
gərdişəm,
Belə
gərdiş görməmişəm...
Üstündəki son dərvişəm,
Könlüm quşu qonan budaq.
İlham qırxlar sırasında,
Nə qalacaq mirasında?!
İki dünya arasında,
Könlüm quşu qonan budaq.
10.12.2024
Musa Uruda
İnsan mənzərələri silsiləsindən
Üzünün istisi vurur adamı,
Adam var, sifəti bumbuzdu, qağa.
Sərraflar bilirlər, adam
var, şitdi,
Adam var, baxırsan, qırduzdu, qağa.
Toya gedən nənə sandıq açanda -
Baxardıq maraqla biz də
sandığa...
Minnətsiz qayasan - qürur
daşısan,
Sən tər silə-silə qalxmısan dağa.
Yadında - tətildə kəndə
gedəndə
Anana qirbişin şal götürməyin,
Dayoğlu Qadirin toyunda tutla
Urudda qapıda qol götürməyin?!
Bu yol ki, gedirik dədələrdəndi,
Hər kəsin ad-sanı öz əlindədi.
Dost var, vəzifədə - xəbəri
yoxdu
"Külü qabağına..."
məsəlindədi.
Ətri
burnundadı kənd uşağının -
Unun dəyirmanda, çörəyin
sacda.
Ağbirçək nənələr
qazan asanda
Yadından çıxmazdı qonşuda
ac da.
Xoşbəxtlik deyilmi - bir nida gələ:
Bu Vətən yolunda eylə pay canı!
Zəngəzur eşqiylə durula
kefin,
Ürəkdən qucasan Azərbaycanı!
Vətən öz əyninə
təzə don biçir,
Şair
arzusudu bu gerçəkləyən.
Sənə salam deyir qələmdən keçib
Laçının qaşında Qar
çiçəkləyən.
18.11.2024
Məktub
Silsilə
Yenə
xəyal döndü sənə,
Ağ günüm, qara taleyim.
Nədən yazım indi sənə,
Ağ günüm, qara taleyim?!
Daha hamıdan küsmüşəm,
Cınqırım çıxmır, susmuşam,
Ağzıma dəsmal basmışam,
Ağ günüm, qara taleyim.
Ötən gün axşam
tərəfi
Məni
qoyub getdi Rəfi...
Dərd
sinədə kitab rəfi,
Ağ günüm, qara taleyim.
Bu qəm qəmlərin yavası,
Yedi ömrümün mayasın,
-
Bir əl çal, durub oynasın...
Ağ günüm, qara taleyim.
Öyrən məni oxşamağı
-
Deyərsən bir axşam ağı.
Yamsıladım yaşamağı,
Ağ günüm, qara taleyim.
04.12.2024
Sevgi keşikçisi
Umud Rəhimoğluna
Adını sevgi yeritək
Könüllərə hörən adam,
Bir iş görəndə arada
Allahını görən adam.
O pəncərədə damcıya
Dərdin
şəklini kim çəkir?!
Qarabağı elə gördüm
Dəhşətdən ətim çimçəşir...
Mənzilinə varmaz oldu,
Atdan arzumu düşürtdüm.
İnsafın rəngi necədi?
-
O gün səsindən eşitdim.
Çox
baxarıq, qaytarmaz ki,
Dünənki adamı ayna.
Min-min əllərdən biriylə
Çiyninə söykənir dünya.
Dərzi
əlində sap olur,
Bənna
divara ip tutur.
Allah o mərdi saxlasın,
Harda meyara ip tutur!
Mərəkədə sözün deyə, -
El də aşıqlı gərəkdi.
Pəncərəyə oxşar ola, -
Adam işıqlı gərəkdi.
Sevən
könül şum yeridi -
Bostandı, ləkdi sevgiyə.
Bilən
sağ olsun, savab iş -
Keşik
çəkməkdi sevgiyə.
Bu dünyada gediləsi
Nə qədər yol durur, qardaş.
Yıxılanı qaldıranlar
Özünü qaldırır, qardaş!
25.10.2024
Halım hal deyil
Xəyalım dolaşan yolsan,
küçəsən,
Görmədim tuş gəlib
qarşı keçəsən.
Dilucu deyirsən, şair, necəsən,
Bilirsən necəyəm, bu
sual deyil,
Mən səni görəndən
halım hal deyil.
Həsrətdən tüstütək burulur
ahım,
Quluna yazığı gəlməzmi
şahın?!
Allahın altında nəydi
günahım,
Adını sən denən
- bəs zaval deyil?!
Mən səni görəndən
halım hal deyil.
Kor sevda gör hardan hara yeridi,
Cəllad
baltasında dara yeridi...
Eşqin
gülləsinin yara yeridi, -
Sinəmdə qaralan, gülüm,
xal deyil,
Mən səni görəndən
halım hal deyil.
Eşqin
tərifindən tərif
nə bilər,
Cavan nə anlayar, xərif nə bilər...
Yenə
arif bilər, hərif nə bilər -
Sevgi nə dəymişdi, nə də kal deyil,
Mən səni görəndən
halım hal deyil.
İlham için-için qəmi
çəkməli,
Nə yaxın durmalı, nə əl çəkməli.
Nə açmalı deyil, nə də bükməli,
Səsim
necə çıxsın?
- qalım qal deyil,
Mən səni görəndən
halım hal deyil.
16.11.2024
Olum
Küsmə, cənnət bilib
gülüstanında
Gülünə dəymişəm, dəyməmiş
olum.
Dəymiş meyvəsini dərməkdən
ötrü
Bir budaq əymişəm, əyməmiş olum.
Bax, nələr görürsən
çiçəyin üstə,
Arının naxışı pətəyin
üstə.
Məhkəmə qurmusan gör, nəyin üstə, -
Qapını döymüşəm, döyməmiş olum.
Nə qış səni gördü, nə də ki, yayı,
İlhamın kimi var səndən
savayı?!
Üzündən bir busə dilənçi payı,
İstəyib demişəm, deməmiş
olum.
17.12.2024
Var
Özümə şeir deməyə
Sinəmdə uca kürsü
var.
Bəsirət gözüylə baxan
Deyər
Şahdağı, Kirsi
var.
Gün ortası xal kimidi,
Qar zirvədə şal kimidi.
Sevgi də dəsmal kimidi,
Həm avandı, həm tərsi var.
Karvan getdi, dəvə getdi,
Hamı
durdu evə getdi.
İlham çox məktəbə
getdi,
Yarın
bir ayrı dərsi var.
15.12.2024
Sən və cənnət
Bildim gözəlliyinin
verdiyi dərs nədi, -
Desəm
ki, cənnət istəmirəm
ağ yalan olar,
səni
arzulamaq bəs nədi?!
13.12.2024
Eşq xatirəsi
Qorğana bilmədim, ürək
o güldən
Təzə yara tutdu - qabıq almamış.
Nanə
yarpağıtək əsir
sinəmdə,
Bir də yıxılmağa tabı qalmamış.
Əttar
dükanıdı teli,
sinəsi,
Açıb aşiqiylə bir
bazar etməz.
Yeddi bu yana yad halıma
yanar,
Zalım
göz qaldırıb
bir nəzər etməz.
Nə yasaq tanıyar, nə sərhəd bilər, -
Eşq üçün nə şəhər, nə kənd, nə tirə?!
Gülləyə atılan ilandı
ürək,
Hər güllə yarası eşqə xatirə.
Kitaba, dəftərə düşən
dərd deyil -
Gendən
baxa-baxa umsunar bu can.
Deyirəm, çəkinib ar
etməyəsən,
Durasan, gedəsən qapısınacan...
Çıxıb salam verə, sonra soruşa:
- Nə əcəb, qapıya ayaq basmısan?!
Ürəyi qabağa verib deyəsən:
- Məni sən gətirdin, niyə susmusan?!
18.10.2024
Deyil
Ədəb-ərkan bir tabudu,
İstəməkdən, xoşdan deyil.
Gözəli dilindən tanı,
Libasdan,
qumaşdan deyil.
Yardan
pay gəlib - çoxu
nar,
Şəkli xalıya toxunar.
Yanan qəlbindən oxunar,
Ağlamaqdan, yaşdan deyil.
İlham,
qaldı bircə deyim, -
Yaradanı öncə deyim.
Yar gileyin necə deyim? -
Üz ətdəndi, daşdan deyil.
19.11.2024
Üç nöqtə
Bir nöqtədə mənəm,
bir nöqtədə ölüm,
Eyni yaşdayıq - əkiz tayı.
Hardasa yaxındadı -
ya qulaq dibində,
ya qaşla göz arasında.
O məni də bilir, yerimi də,
mən onu bilirəm, yerini yox.
65 ildi bir-birimizə doğru gəlirik,
Bir nöqtə də bilmədiyim yerdi.
07.12.2024
Şəkil
Əlləri gülüstan becərirdi,
Gördüyü iş gül qoxurdu.
Ayaqları palçıq həfkirdi,
Küçəsində palçıq dizə çıxırdı...
Buna bir bais vardı,
Allah Göydən baxırdı...
18.08.2024
Şübhə
Gözəl bir xanım görən kişi
Kəsdirə bilmirdi nə nədir, -
cənnətmi gözəl cildinə
girib,
ya gözəl cənnət cildindədir?!
02.08.2024
İlham
QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.21.