Cücə ovu
Hekayə
Zakir axşamüstü işdən
qayıdırdı. Çox
yorğun görünürdü.
Əlindəki boş
yemək torbasını
yelləyə-yelləyə həyət qapısına
yaxınlaşırdı. Arvadı
Züleyxanın səsi
həyəti başına
götürmüşdü. Hətta yol ilə keçənlər
də eşidə bilərdilər.
- Səni görüm ciyərin yansın... Qapı-bacada cücə qalmadı. - Züleyxa dəyirman kimi üyüdür, bir ucdan deyinirdi. - Kor qalmış bu pişik hardan
gəlib buraları tanıdı? Səni görüm...
- Aaz, bir dayan
görüm... - Səsə
ayağını yeyinlədib
özünü həyətə
salan Zakir arvadına təpindi. - Aaz, havalanmış qarı kimi nə səsini
başına atmısan?
Demirsən yolnan keçib-eliyən olar, eşidər? Heç ayıb deyil?
- Nağayırım? - Züleyxa
geri çəkilmədi.
- Yanıram axı... Əlimlə yem verib böyütdüyüm
cücələri daşıyıb
apardı. Qalmadı
e... İdarənin pişiyi
dadanıb qapıya, gündə birini aparır.
Zakir bir il olardı ki, bura köçmüşdü.
Adına "idarə"
dedikləri uzun hasarlı bir müəssisənin yanında
həyət evində
yaşayırdılar. Kənddəkinə
nisbətdə yığcam,
xudmani həyət-bacası
vardı. On-on iki gün qabaq gedib quş bazarından iyirmi cücə almışdı
ki, arvadı saxlasın.
Broyler toyuq əti yeməkdən ağzının dadını
itirmişdi.
- Neçəsini aparıb çər dəymiş?
- Özünü cəmləşdirib
soruşdu, elə bil bu dəqiqə
gedib tutacaq, boğazını cücə
boğazı kimi üzəcəkdi.
- Bu günküynən on dördü
getdi. - Züleyxa əlini yelləyib gileyləndi.
- Bəs bunu mənə
niyə indi deyirsən?
- Guya birinci cücəni
aparanda desəydim, qulağından tutub ağaca mismarlayacaqdın?
- Arvadı narazı-narazı
başını yelləyib
gileyləndi.
Zakir dinmədi, doğru sözə nə deyəsiydi?! Başını
aşağı salıb
nəsə fikrə getdi. Ərinin susduğunu görən Züleyxa sözünə
davam elədi:
- Sənin kimi fəhlələrdi də,
gətirib sür-sümüyü
atıb pişiyi cücə ətinə öyrəşdiriblər.
- Ağzının danışığını
bil! - Zakir arvadına çəmkirdi. - Biz broyler
toyuğun sür-sümüyünü
atırıq.
- Yaxşı qazanın, broyler toyuq əti
yeməyin, kənd çolpası alın.
- Elə ona görə
kənd cücəsi almışam də... Görmürsən, broyler
yeməkdən ağzımızın
dadı da qaçıb.
- Zakir arvadının atmacasını
cavablandırdı. - Sənin
də işinin adı nədir? Cücələrə bax,
pişik gəlib aparmasın.
- Day mənim heç bir işim-gücüm yoxdu. - Züleyxa əllərini yelləyib gileyləndi.
Bir az da mübahisə edib dayandılar. Yekun qərar belə oldu. Həftənin sonuna kimi Züleyxa cücələri pişikdən
qoruyur, bazar günü
də Zakir güdüb
pişiyi güllə
ilə vuracaq.
Zakirin təklülə ov tüfəngi vardı. Yaxşı ata bilməsə də, hərdən üzü dağlara tərəf dovşan ovuna çıxardı. Hələ
vurduğu olmasa da, ümidini üzməmişdi,
əlbət, bir gün vuracaqdı.
Şənbə günü Zakir işdən
qayıdanda arvadı onu "muştuluqladı":
- Cəmi bircə cücə qaldı.
- Sənə tapşırmışdım
axı...
- Nağayırım? - Züleyxa
əllərini yellədi.
- Girdim evə ki, bir qurtum su
içim, çıxdım
gördüm apardı.
Ha qışqırdım, xeyri
olmadı.
- Yaxşı, daha keçib. Sabah onun işini həll edərəm. - Zakir əminliklə
bildirdi.
Ertəsi
gün Zakir tək qalmış cücəni
ayağından ağaca
bağladı. Qabağına
dən tökdü, su qoydu. Özü
də kənarda başqa bir ağaca söykənib pişiyin gəlməyini gözlədi. Ha gözlədi,
pişik gəlib çıxmadı. Günorta
oldu, pişik yenə gəlmədi. Zakiri yuxu apardı.
Az yatdı, çox yatdı, xəbəri olmadı. Bir də cücənin çığırtısına
yuxudan oyandı. Baxdı ki, pişik cücəni ağzına
alıb dartışdırıb
ipi qırmaq istəyir. Tüfəngi tuşlayıb çaxmağı
çəkdi.
- Part!
Güllənin səsi Zakirin özünü silkələdi.
Durub onlara tərəf yüyürdü.
Bunu görcək pişik cücəni buraxıb qaçdı.
Zakir ağacın dibinə
çatıb nə görsə, yaxşıdı?
Cücə ölmüşdü.
Səsə Züleyxa evdən
çıxıb hayla,
küylə onlara tərəf yüyürərək
gəldi.
- No-oldu, ay Zakir? - Elə yüyürə-yüyürə soruşdu.
- Daha nə olacaq?
- Zakir çiynindən ağır
yük götürülmüş
kimi arın-arxayın
dilləndi. - Bu gündən
canımız qurtardı.
- Ciyəri yanmışı
vura bildinmi? - Züleyxa ərinin sözünü tam anlamadığından
dəqiqləşdirmək istədi.
- Vurmağına vurdum, ay Züleyxa, arxayın ola bilərsən. - Zakir uzada-uzada
izah elədi. - Ancaq pişik qaçdı, cücə
öldü.
- Day denən cücəni vurmuşam də. - Arvadı narazılığını
bildirdi.
- Sən heç narahat olma. - Zakir diri-diri qürrələndi.
- O güllədən sonra
bu pişik bir də bizim
həyətə gəlməz.
Arxayın ola bilərsən.
Əli bəy AZƏRİ
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.17.