Yanan ürəyin türküləri
Mahirə Nağıqızının yaradıcılığı
haqqında milli ədəbi proses kontekstində
düşüncələr
Müstəqillik illərində sənətin zamanla səsləşməsinə təkan verən şairlərdən biri də Mahirə Nağıqızıdır. Sözün geniş mənasında, çağdaş ədəbi prosesə Mahirə Nağıqızı 2000-ci illərdə qoşulur, əsrin ikinci onilliyi isə şeirlərində işlətdiyi "Mahirə" və "Nağıqızı" təxəllüslərinin özünütəsdiqi ilə yadda qalır. Əsrimizin birinci onilliyində Mahirənin poetik sözü onun "analı dünyası"nın orbitində fırlanır. Başqa sözlə, şairə dünyaya fərdi yaşantılarının prizmasından baxır və onun cəmiyyət həyatına münasibəti "analı dünyası"nın metaforası, simvolikasında poetikləşir.
Zaman taleyüklü problemlərlə daha sərt şəkildə üz-üzə qalanda sənətkar yaradıcılığının da yeni bir mərhələyə keçidi baş verir. Lirik "mən"in duyğu və düşüncələrində vətəndaşlıq mövqeyi daha sürətlə aktivləşir. O, özünü millətinin və dövlətinin üzləşdiyi ağır sınaqların əhatəsində görür. Artıq bu zaman ictimai və siyasi baxışlar poetik düşüncəyə, sanki büsbütün hakim kəsilir və Mahirə Nağıqızının yaradıcılığında ikinci mərhələni yaradır. Düşünürük ki, "Haqqa çağıran səs" kitabında (2015), xüsusən, "Ruhuna beşiksə, tanı, Vətəndir" (2017), "Salam olsun" (2020) və başqa kitablarında toplanan şeirləri şairənin yaradıcılığının ikinci mərhələyə - yeni yüksəliş mərhələsinə keçidindən soraq verir.
Bu gün 30 il erməni işğalı altında qalan torpaqlarımız azad olunmuş və biz tarixi bir qələbəyə imza atmışıq, son iki yüz ilin ən möhtəşəm şərəf tarixini yazmağa nail olmuşuq. Səbəblər haqqında düşünəndə, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 2021-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən vurğuladığı bir məqama xüsusi diqqət yetirmək lazım gəlir: "Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik".
M.Nağıqızının yaradıcılığının ikinci mərhələsi Ali Baş Komandanımızın millətimizin, xüsusən, gənclərin Vətən sevgisinin böyüklüyü, hüdudsuzluğu haqqında nikbin qənaətləri fonunda itirilmiş torpaqlarımız uğrunda ədəbi-bədii mücadilənin səmərəli nəticələr verməsi qənaətinə gəlməyə əsas verir. "Salam olsun" bu mücadilə hərəkatından doğulmuş kitabdır. Mahirənin şeirləri qələbəyə gedən yolu təsvir və tərənnüm edən mükəmməl poetik sistemə malik, kamil bir qəhrəmanlıq dastanının türküləri kimi oxunur. Bu dastanın "qəlbimizdə oxunan türkülərlə yarandığı"nı şairə özü də "Al bayrağım" şeirində etiraf edir. Ruh ozan ruhu, deyim, ifadə tərzi hər an onun repertuarındakı türküləri xatırladır. Vətən torpaqları uğrunda qəhrəmanlıq mübarizəsinə təşviq edən, bu yolda sonsuz qəhrəmanlıq göstərənlərin şücaətlərini alqışlayan şeirlərdə "Oğuznamə" ruhunu görmək mümkündür.
Ozan ruhlu sənətkar I Qarabağ savaşından II Qarabağ müharibəsinə qədər xalqımızın keçdiyi əzablı yoldan, sonsuz ağrı və acılarımızdan, II Qarabağ savaşında əldə etdiyimiz analoqu olmayan qələbədən, millət övladlarının əfsanəyə çevrilən igidliklərindən bəhs edir. Qələbəmizin tərənnümünü, poetik sözün yaddaşında tarixləşməsini, xalqın qan yaddaşına hopdurulmasını sənətkar məqsədinə çevirir. Söhbət xalqın qəhrəmanlıq tarixinin bütöv bir mərhələsinin dastan ruhu, dastan poetikası ilə sistemli ifadəsindən gedir. Söhbət konkret bir mərhələdə xalqın göstərdiyi qəhrəmanlıq tarixinin poetik salnaməsini yaratmaqdan gedir. Sənətkar məramının dərki, "başlanğıcı, ortası və sonu olan" olan dastan süjeti kimi dərk etmək üçün onun şeirlərinin ilk olaraq bütöv bir mətn kimi qavranılmasına, sonra da bədii əsər kimi "oxu"suna xüsusi ehtiyac var. "Son döyüşə hazır ol" şeirindəki aşağıdakı misralara diqqət yetirək:
Hədəfin düşmən olsun, o silahlı yalquzaq,
Get, yolun açıq olsun, xata-baladan uzaq.
Adına
layiq olan şeir, mahnılar yazaq,
Uca işin naminə, son döyüşə hazır
ol.
"Adına layiq olan şeir, mahnılar yazaq" misrası ozan-aşıq şeir ənənəsindəki
dastan yaratmanı, dastan yaratmağa
stimul verən ən həlledici amili işarələyir. Sənətkarın Vətənin
müdafiəsi naminə
sonsuz şücaətlər
göstərən, döyüşdən
qələbə ilə
qayıdan qəhrəmanları
vəsf etmək, mahiyyətcə isə,
dastan qəhrəmanına çevirmək
ruhuna kökləndiyini
göstərir:
Türkün ruhu haralarda dolaşır -
Deyənlərə uca səsdən
oxuyun.
Ləvin-ləvin səhifələr açılır,
Tükənməyən dürlü
dastan oxuyun.
"Son döyüşə hazır
ol" şeiri
2016-cı ilin aprelində,
uzun illərin məğlubiyyət acısından
sonra əldə etdiyimiz qələbədən
ruh alaraq yazılmışdır. "Oxuyun"
şeiri də Aprel döyüşlərində
Azərbaycan ordusunun qazandığı zəfərə
köklənən şair
ruhunun poetik əksidir. Sənətkarın
ordumuzun yeni-yeni qələbələrə
imza atacağına inamından yaranan nikbin ovqatdan doğulmuşdur. Şairə
sanki bu hadisələrdə yeni bir
dastan süjetinin başlanğıcını
görür, bu başlanğıcı poetik
sözə çevirib
Azərbaycan əsgərinin
ruhuna hopdurmağı
şeirin-sənətin, sənətkarın
prioritet vəzifəsi
kimi dərk və bəyan edir. Yeni bir dastanın "başlanğıcı"
bizi türkün tarixi qəhrəmanlıq
dastanlarının ruhuna
qovuşdurur. "Dədə
Qorqud"da, "Koroğlu"da,
"Alpamış", "Manas"da qorunan qəhrəmanlıq tarixini
bu günümüzə
daşıyır. Azərbaycan
gəncliyini xalqımızın
qəhrəmanlıq tarixi
ilə tanış edir, bu tarixdən
ibrət almağa səsləyir:
"Dədə Qorqud" boylarından danışın,
"Koroğlu"nun qollarından
danışın,
"Alpamış"ın soylarından
danışın,
Nə yazılıb, bay Manasdan oxuyun.
Q.Bayramov şairənin
"Onun daş nağılı" kitabına
"Son söz"də yazır
ki, "onun təfəkkür
palitrası yetərincə
polifunksionaldır". Dəqiq
müşahidədir. Ona görə
dəqiqdir ki, bu nəzəri qənaəti
Mahirə şeirinin az qala hər
misrası, bəndinə
aid etmək olar. Yuxarıdakı misralar və bütövlükdə Mahirə
şeirinin dastanlarımıza
xas qəhrəmanlıq
ruhuna köklənməsi,
postmodernistcəsinə desək,
onları da yeni yaranmaqda
olan dastanın tərkib hissəsinə çevirir.
"Salam
olsun" kitabında toplanan əsərləri bir dastan mətni kimi oxumaq tendensiyası
fərqli oxucu idrakının variasiyalarından
biri kimi qəbul edilə bilər. Ancaq, toplunun dastan kimi oxunması üçün
ona daha bir postmodernist baxışla
yanaşmaq lazım gəlir. Elmi ədəbiyyatlarda göstərildiyi
kimi, postmodernizmdə bədii mətnə dekonstruksiya prinsipi ilə yanaşma zərurətindən və
onu destruksiya (sökmə) və konstruksiya (quraşdırma)
əsasında idrak ehtiyacından söhbət
gedir. Mahirənin bizə təqdim etdiyi mətn, ən azı, zaman baxımından qarışıqdır.
Ancaq onu söküb, yenidən yığmaq olar. Şeirləri yazıldığı
zamanın və inikas etdiyi hadisələrin
ardıcıllığı ilə düzsək, bütövlükdə topluda
- dastanda Azərbaycan xalqının taleyüklü
tarixinin iki zaman kəsiyinə bölünən
bütöv bir dövrünün işarələndiyini,
hadisələrin, təsvir
və təhlillərin
zaman ardıcıllığını dəqiq təsəvvür
etmək mümkündür.
Bu dövr müstəqillik
ərəfəsi və
illərindən, 20 faiz
torpaqlarımızı itirdiyimiz
zamandan başlayır,
II Qarabağ müharibəsində
əldə etdiyimiz zəfər tarixi ilə bitir. Buna görə, vahid bir zamanın poetik ifadəsi kimi də dərk
olunur. Ancaq əsərin ayrı-ayrı
parçalarında müəllif
ovqatı başqadır;
dərdin baş alıb getdiyi parçalar da var, sevinc yaşlarının misraların
ruhuna hopduğu parçalar da. Bütün
hallarda, bu parçalarda dərin bir tarixilik duyğusu
var və bu tarixilikdən kənarda şeirlərin yazılmasına
səbəb olan şair ovqatını başa düşmək mümkün deyil.
Topluda məğlubiyyət acısı
ilə yaşadığımız
bir qərinəlik zamanın şeirləri ilə II Qarabağ savaşında əldə
etdiyimiz qələbənin
təəssüratlarını ifadə edən şeirləri fərqli mərhələlərin poetik
məhsulları kimi ayırmaq lazımdır. Ancaq topluda torpaq
itkilərinin yaratdığı
dərdli ovqatla torpaqlarımızın geri
qayıdacağına əsaslı
ümid yaradan, bir gözü ilə ağlayan, bir gözü ilə gülən şair əhval-ruhiyyəsinin
poetik tərcümanı
olan şeirlər də var ki, bunlar birinci zaman kəsiyində
yer alan şeirləri iki yarımmərhələyə ayıraraq
dərk etmək zərurəti yaradır.
İkinci
yarımmərhələ - 1916-cı ilin Aprel döyüşlərindən
başlayıb, 44 günlük
müharibə gününə
qədər davam edən zamanı əhatə edir. Dastan poetikası nöqteyi-nəzərindən
qiymətləndirsək, birinci
mərhələni birinci,
44 günlük müharibə
günlərindən bəhs
edən mərhələni
ikinci boy adlandırmaq
olar.
Birinci
boy "Azərbaycan" şeiri
ilə başlanır,
fikrimizcə, 2019-cu ilin
dekabrında qələmə
alınmış "Aparsın"
şeiri ilə bitir. "Azərbaycan"
şeirini mərhələnin
başlanğıcını işarələyən parça
kimi də qəbul etmək olar, ancaq, fikrimizcə,
onun topluda daşıdığı missiya
daha genişdir və müəllif onu bütövlükdə
başlamaq istədiyi
bu dastanın poetik uvertürası kimi düşünmüşdür.
Bu poetik uvertüra bizdə sənətkarın
bir "Azərbaycannamə"
başladığı haqda
düşüncə-hiss formalaşdırır
və səhifələr
çevrildikcə, biz öz
qənaətimizdə yanılmadığımızı
görürük. Bu uvertüranın
ardınca "Vətən"
silsiləsindən onlarla
poetik parça gəlir ki, bütün bunlar bizi Mahirənin
"Azərbaycannamə"sini əsrin əvvəllərində
M.Hadi, A.Səhhət
kimi sənətkarların
yaratdıqları "Vətənnamə"lərin
davamı kimi dərk etməyə istiqamətləndirir. "Vətəndir",
"Ay Vətən", "Vətən", "Vətən",
"Vətən, ay Vətən"
şeirləri şairənin
"Azərbaycannamə" yaratmaq məqsədində
israrlı olduğunu,
vətəndaşlıq məramını
gerçəkləşdirmək istəyinin ciddiliyini, konseptual estetik konsepsiyasını ortaya qoyur. Sonra "şəhidlik"
mövzusunda silsilə
şeirlər gəlir,
daha sonra Xocalı faciəsinin ağrılarından doğulmuş
şeirlər və
s.
Ali Baş Komandanımızın
Şuşada hərbçilər
qarşısında çıxış
edərkən, Qələbəyə
aparan səbəblər
sırasında xüsusi
vurğuladığı bir
məsələni yenidən
xatırlayaq: "Tərbiyə
işlərinə çox
böyük fikir verərək gəncləri
vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla
bağlı tarix unudulsun". Bu sözlərdən
sonra torpaqlarının
iyirmi faizini itirmiş xalqın sənətkar oğlunun (qızının) üzərinə
düşən tarixi
missiyanı təsəvvür
etmək, yəqin ki, heç bir çətinlik doğurmaz.
Mahirə şeirinin də belə bir missiyadan çıxışını xüsusi vurğulamağa
heç ehtiyac da yoxdur. Şeirlərin adları da, ovqatı da
ilk misradan son misraya qədər bu missiyadan çıxışı
ortaya qoyur, hətta bu missiyanın
yerinə yetirilməsində,
S.Vurğunun dediklərini iqtibas etsək, səf-səf düzülən şairlər
ordusunda Mahirənin yeri ön cərgəyə
çıxır. Lakin bu
bir həqiqətdir
ki, "Vətənnamə" - "Azərbaycannamə" yaradılışında
da, "20 Yanvar qatarı"na
qoşulan şeirlərində
də, itirilmiş torpaqlarımızla bağlı
elegiyaların yazılışında
da Mahirə şeiri estafeti sələflərindən
alır, onların getdiyi yolun davamçısına
çevrilir. Deyirlər
ki, həqiqi sənətkar
yaradıcılığa sələflərinin
nöqtə qoyduğu
yerdən başlayır.
İstər-istəməz ortaya
sual çıxır:
ictimai-siyasi şəraitin
təlqinləri, Vətənin
taleyüklü məsələləri
ilə bağlı sənətkarlarımızın dönə-dönə üstünə
qayıtdıqları mövzulara
yenidən qayıdanda
Mahirə "həqiqi
sənətkar" mövqeyi
nümayiş etdirə
bilirmi? Sənətdə
ifadəsini tapmaq mənasında deyilməmiş
"söz" qalmadığı
vurğulanan məsələdir.
Deməli, söhbət
deyilmiş "söz"ə
yaradıcı münasibətdən
gedir. Xüsusi şəkildə vurğulayaq
ki, bu yaradıcı münasibət Mahirə şeirində fərdi üslubun dominantına çevrilə bilir. "Azərbaycan" şeirini
götürək. Başlanğıc
bənddəki:
Azərbaycan -
Qayalarından uca,
Yaşımdan da cavan,
dünyadan qoca...
- misraları oxucu düşüncəsində M.Arazın "Azərbaycan
- dünyam mənim"
şeirini aktivləşdirir.
Lakin Mahirə şeirinə
hərarət, təravət
verən, onda hissə, duyğuya və düşüncəyə
təsir imkanları təmin edən cəhət odur ki, bütün misralar poetik mənalandırmada novatorluğun təmsilçisi
kimi çıxış
edir, tam bir özünəməxsusluğun məhsuludur:
Azərbaycan -
Kürüm qədər lal,
dəli.
Ahıllar qədər susqun,
Cahıllar qədər hikkəli.
Buradakı metaforik təsvir
o qədər mental xarakter
daşıyır ki, Azərbaycan
adı ilə təmsil olunan xalqın xarakterinə
o qədər dərin
nüfuzdan xəbər
verir ki, bu torpağı, bu xalqı yaxşı tanımayanlar üçün
açılmamış qala
bilər, ancaq misralar milli oxucunun iliklərinə qədər
işləyir. "Kürüm
qədər lal, dəlilik", "cahıllar
qədər hikkəlilik"
milli xarakterdə dominantlıq
yaradan xüsusiyyətlər
kimi orijinal mənalandırmanı təmin
edir və bütün bəndlərdə
bu cür orijinal mənalandırmalar
bir-birini əvəz edir, nəticədə poetik mükəmməlliyin
və orijinallığın
təminatına çevrilir.
Şeirdəki misraların metaforik
yükünün zənginliyi
nəticə olaraq şeirin başdan-başa
"polifunksional" (Q.Bayramov) məzmun daşımasına, ən
qədim tarixdən üzü bəri yol gələn Vətənimizin obrazını
bütöv təqdimə
imkan yaradır.
Şeir
yazmaq klassika qarşısında imtahan
verməkdir. Əslində
zaman-zaman belə olub.
Ancaq şeirin kütləviləşdiyi indiki
zamanda bu, şeirə dəyər verməyin, elə bilirik ki, ən etibarlı etalonu funksiyasını yerinə
yetirir. Bu nöqteyi-nəzərdən
Vətən mövzusunda
şeir yazan çağdaş şairin
klassik poeziya imtahanından çıxması
onun qələm məhsullarının yaşarılığının
şərtinə çevrilir.
A.Səhhətin "Könlümün sevgili məhbubu mənim" misrası ilə başlayan çox məşhur "Vətən"
şeirini xatırlayaq.
A.Səhhət şeiri
ilə Mahirə şeirinin yazılma tarixini yüz ildən artıq zaman ayırır. Ancaq bir iş var ki, A.Səhhət zamanında da, Mahirə Nağıqızının zamanında
da Vətən özünütəsdiq
üçün çabalayırdı.
A.Səhhətin zamanında milli varlığın
formalaşması, milli özünüdərk
problemləri önə
çıxmış, milləti
təşkilatlandırmaq uğrunda
mübarizədə ədəbiyyat,
hətta öz missiyasını formalaşdırmaq
zərurəti qarşısında
qalmış, şairin
Vətənə aid şeirləri
də bu missiyanı gerçəkləşdirmək
məramından doğulmuşdur.
Taleyüklü problemlərin
yenidən aktuallaşması,
əldə olunmuş
müstəqilliyimizin "əbədiliyi
və dönməzliyi"
(Heydər Əliyev) uğrunda mübarizə zərurəti, müstəqilliyimizə
qorxu yaradan mənfur düşmən
faktoru, itirilmiş torpaqlarımızla bağlı
gələcək qarşısında
cavabdehlik hissimiz, məsuliyyətimiz sənəti
A.Səhhət zamanının missiyasından
çıxışa qaytarır,
itirilmiş torpaq ağrılarımızın sənət
dili ilə ifadəsini sənətkarın
Vətən qarşısında
cavabdehlik hissinə çevirir, yaddaşımızı
öləziməyə qoymurdu.
Bu mənada, XX əsrin
əvvəlləri ilə
XXI əsrin əvvəlləri
arasındakı məsafə
qısalır, sənət
ideoloji təbliğ funksiyasını öz üzərindən atıb
Vətənin və millətin problemlərini prioritet məsələyə
çevirirdi. Bədii
"söz"ün qohumluğu
da bu missiya yaxınlığından doğurdu.
A.Səhhət şeiri ilə Mahirə şeiri arasında ifadə tərzi baxımından əsaslı fərq olsa da, ilk növbədə,
onları Vətəni
"sevgili yar" rolunda
görmələri, bütün
bədii mənalandırmaları
bu kontekstdə davam etdirmələri birləşdirir. A.Səhhətin ilk dəfə
Vətəni "sevgili"
funksiyasındakı dərki
zamanın bütün
sınaqlarından çıxaraq
yeni əsrin ilk onilliklərində
də sənətkarın
estetik məramı üçün davamlılığını
qoruyub saxlayır. A.Səhhətin bir əsr qabaq
etdiyi "elani-eşq"
Mahirənin "Vətən,
ay Vətən" şeirində
aşağıdakı şəklə
düşür:
Mahirə,
dərd onun yoldaşı olmaz,
Kimin ki qəlbində yar havası
var.
"Yar havası"nın estetik
açılışının təfsilatına şairənin
"Vətən" adlı
başqa bir şeirində rast gəlirik. Qısa bir zaman kəsiyində Vətənə həsr edilən silsilə şeirlər yazmaq, bütün hallarda, şairin özünütəkrarı
qorxusu yaradır. Lakin
Mahirənin şeirlərində
bu halla rastlaşmırıq. Poetik
istedadın Vətəni
hər dəfə fərqli bucaq altından tərənnüm
obyektinə çevirmək
imkanı bir yana, təkrarsızlığın
əsas səbəblərindən
biri hər bir şeirin konkret tarixi situasiyaya vətəndaş
şair reaksiyası kimi qələmə alınmasıdır. "Vətəndir"
şeiri kimi:
Bu vətən deyilən torpaq deyil ki,
Ananın
dizinin yanı - vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.
Şübhəsiz ki, bütün digər
vətəndaş şairlərimiz
kimi Mahirə də gələcəyə
inamla baxıb; mübarizəmizin "bu gün də, yarın da" (R.Rza)
davam edəcəyinə
inanıb. Hardasa oxumuşdum ki, (deyəsən,
Əlabbasın "Qaraqovaq
çölləri" romanında)
torpaq itkisi məğlubiyyət deyil,
məğlubiyyət xalqın
bu itki ilə
barışdığı zamandan başlayır. Azərbaycan xalqı heç vaxt bu itki ilə
barışmayıb. Dövlət
siyasətimiz də elə qurulmuşdu ki, Ali Baş Komandanın dəqiq ifadə etdiyi kimi, "imkan vermədik ki, işğalla bağlı
olan tarix unudulsun". Xalqımızın
və dövlətimizin
barışmazlıq siyasətində
eyni bir hədəfə vurması
son nəticədə bizi
Qələbəyə qovuşduran
amil oldu. Barışmazlıq
siyasətinin ictimai-siyasi
həyatımızda təzahür
edən çox amilləri var. Və düşünmək olar
ki, bütün amillərin
hamısı Vətən
sevgisindən keçib
həyata vəsiqə
alır və real gücə çevrilir.
Bu mənada, düşünürük
ki, Mahirə şeiri keçən hər gündə milli yaddaşı
oyandırır, bu yaddaşda Vətənin obrazını bütövləşdirir.
Təyyar Salamoğlu
Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, ¹51-52.- S.16-17.