Əkiz tay
"Bakı şikəstəsi" silsiləsindən
birinci hekayə
I
Bakı. Pirşağı kəndi
1922-ci
ilin yazı
Günortadan
bir az keçmişdi, hələ axşamın düşməyinə
xeyli vardı. Əlizaman belini dikəltdi, əlini alnına
günlük tutub göyə baxdı. Başındakı
çit ləçəyi açıb
üz-gözünün tərini silə-silə ətrafa
boylandı. Əmir xeyli uzaqda işləyirdi.
-
Əmir! Ay Əmir!
Əmir də
başını qaldırıb atasına tərəf
baxdı. Əlizaman əliynən "gəl" işarəsi
edib dedi:
- Gəl
yığış, gedək.
Əmir kətməni
götürüb şumlanmış sahə ilə
atasının yanına gəldi.
- Tez
deyil? - soruşdu.
- Axır
üsgüdü, tez gedək bu gün.
Əmir
atasının əlindəki beli də aldı. Günorta
nahar yedikləri yerə, sahənin qırağındakı
badam ağaclarının yanına gəldilər. Əlizaman
süfrəni sərib qalan çörəyi, soğanı,
şor kasasını üstünə yığdı,
dolçadakı suyu oğluna uzatdı, Əmir içəndən
sonra qalanını özü içib boş dolçanı
da süfrənin üstünə qoydu. Süfrənin
qıraqlarını yığıb düyünlədi,
boğçanı əlinə götürdü. Əmir
boğçanı da ondan almaq istədi, Əlizaman verməyib
yenə əliynən "get" işarəsi göstərdi.
Kəndə tərəf getməyə başladılar.
Şumlanmış sahədə getmək çətin idi,
yola çıxanacan ikisi də əməllicə yoruldu. Bu
yol kənddən şəhərə aparan yeganə yol idi.
Araba çarxlarının yeri yeyilib dərinə
düşmüş, daş kimi bərkimişdi. Çarx izlərinin
arasında və yol qırağında təzə otlar
cücərməyə başlamışdı. Hərəsi
bir çarx izinə düşüb getməyə
başladı. Arada xırda kəsəklər
ayaqlarının altında qalıb altı yeyilmiş
çarığın üstündən pəncələrini
əzsə də, yolda şumlanmış sahəyə nisbətən
sürətlə gedirdilər.
Təxminən,
yarım saat sonra kəndə çatdılar. Uşaqlar
axşam tonqal qalamaq üçün tədarük
görürdü. Taxta, kötük, budaq, sınıq ev əşyası
- kimin əlinə nə keçdisə gətirib kəndin
meydançasına atırdı.
Əlizamannan
Əmir kənd içinə çatanda Ağatahir də
meydançaya tərəf gəlirdi. Əlizaman
boğçanı Əmirə verib dedi:
- Sən
get, mən bir az Ağatahir əminlə söhbət edim, gələrəm.
Əmir
evə getdi. Əlizaman Ağatahirlə görüşdü,
gəlib məscidin səkisində oturdular.
- Yer
üstündən gəlirsiz? - Ağatahir soruşdu.
- Hə.
- Yer
hazırdı?
- Az qalıb.
Yəqin bayram axşamı əkərik.
-
İnşallah.
- Sizin yer
də hazırdı?
- Elə
biz də sizin kimi. Bayram axşamına çatdırmaq istəyirik.
-
Ağatahir, deyirəm, bu yaz Əlimömünü də evləndirim,
sonra gedək Kərbəlaya.
- Hə,
gedək. Neçə ildi deyirik, qaldıqca qalır. Bu il gedək.
-
İnşallah.
-
Əlimömün razıdı evlənməyə?
- Razı
olar, yəqin. Gəlinə demişəm, soruş, gör nə
deyir? Gözü kimisə kəsdiribsə, ora gedək,
yoxdusa, sən soraqlaş.
- Daha
şəhərə gedib-gəlmir?
- Yox.
Deyirəm, getdin o qədər oxudun, axırı noldu? Oxuyandan
sonra da bir-iki il hansısa idarədə işləmişdi də.
Deyir, şəhər mənlik deyil. Kənd
yaxşıdı. İl yarımdı gəlib oturub kənddə.
-
Uşağı sıxma. Elə qardaşıynan əl-ələ
verib dolanar da.
- Onun
fikrini çəkmirəm. Sabah ölüb-eləsəm,
bunlar dolanacaq. Aralarında söz-söhbət olmayacaq. Bunlar əkizdi
e, göbəkləri bir yerdə kəsilib. Biz bunları
başa düşmərik.
- Bu
gün sizinlə getməmişdi sahəyə?
- Yox. Səhər
dedi, gedim dəniz qırağından daş gətirim.
Arabanı qoşub getdi.
- Nəsə
tikirsiz?
- Ev darısqaldı.
Bir otaq artırmaq istəyirik.
- Allah
xeyir versin!
-
Çox sağ ol.
Əlizaman
əllərini dizlərinə dayaq verib ayağa durdu.
- Gedim mən.
-
Sağ-salamat!
Əlizaman
həyətə girəndə gəlin təndirxanada körpəni
çimizdirirdi. Əmir artıq yuyunub qurtarmışdı.
Atası üçün də bir vedrə su çəkib
qoydu, özü evə keçdi.
Əlizaman
yuyunmağa başlayanda Əlimömün gəldi.
Qapını açıb at arabasını həyətə
çəkdi. Xeyli sərağ daş yonub
yığmışdı. Atı arabadan açıb tövləyə
apardı, bağlayıb qabağına saman tökdü.
Əlizaman
yuyunub qurtarmışdı. Əlimömün gəlib quyudan
su çəkə-çəkə dedi:
- Nardaran
tərəfdə qəşəng qayalıq tapmışam.
Sabah da gedib gətirərəm.
- Nolar,
gedərsən.
Gəlin
uşağı çimizdirib qurtardı. Təndirxanadan
çıxanda Əlimömün dedi:
- Gəlin,
sarı gilabı da gətirmişəm, göy gilabı da.
Daşların altındadı. Arabanı boşaldanda verərəm.
Gəlin
başıynan razılıq edib evə girdi. Əlizamannan
Əlimömün də evə keçdilər. Əl-üzlərini
silib yerdə oturdular. Gəlin uşağı qurulayıb bələdi.
Sonra Əlizamangil üçün çay süzüb qoydu.
Əmirlə Əlimömün çayı içib
daşı boşaltmağa çıxdılar. Əlizaman elə
mütəkkəyə dirsəkləndiyi yerdə
mürgüləməyə başladı.
Əlizamanı
axşam yeməyi vaxtı səslədilər. Gəlin
süfrə salmışdı artıq. Bu gün
axırıncı çərşənbə olsa da, bayram
süfrəsi hazırlamamışdılar. Kənddə ancaq
imkanlılar çərşənbələri bayram edirdi.
Qara camaat bayram axşamını gözləyirdi.
"Bismillah!" eləyəndə qapı
döyüldü. Əmir çıxanda gördü ki, kənd
uşaqlarından biri bütün qapıları döyə-döyə
qaçır.
- Ay bala,
nolub? - soruşdu.
- Kənd
şurası deyir, hamı klubun qabağına
yığışsın.
Əmir
evə keçib uşağın dediyini atasına dedi.
Əlizaman ayağa durdu:
- Siz evdə
qalın. Gedim, görüm nə olub orda.
Çarıqlarını
geyinib meydançaya gəldi. Meydançanın bir tərəfində
məscid idi, üzbəüzündə təzə klub
binası. Kənd şura sədri də klubda otururdu.
Uşaqlar
bayaqdan hazır etdikləri tonqalı
yandırmışdılar. Quru odunların
çırtıltısı uzaqdan eşidilirdi.
Meydançada
bir neçə nəfər yaşlı kişi də
vardı. Tezliklə bütün kənd kişiləri
yığışdı. Hamı bir-birindən nə
olduğunu soruşur, hamı da çiynini çəkirdi.
Beş-on
dəqiqə sonra şura sədri yanında bir nəfərnən
klubdan çıxdı. Yanındakı adam hökumət
adamına oxşayırdı. Ayağında qalife şalvar,
uzunboğaz çəkmə vardı, dəri gödəkçənin
üstündən belinə enli kəmər
bağlamışdı, dimdikli kepkasını
gözünün üstünə basmışdı.
Camaat
onları görən kimi yer-yerdən soruşmağa
başladı:
- Xeyir
ola? Bizi neyçün çağırmısız?
Şura sədri
əlini qaldırıb camaatı sakitləşdirdi.
- Sakit
olun! Yoldaş Abasovun sizə sözü var. Buyurun, yoldaş
Abasov.
Ağatahir
yavaşdan Əlizamana pıçıldadı:
-
Çekistdi, deyəsən.
Əlizaman
da başını tərpətdi.
Abasov
bir-iki addım qabağa gəldi. Əllərini kəmərinə
keçirdib bir-bir hamının üzünə baxdı. Elə
bil camaatın səbrini sınağa çəkirdi.
Hamını gözdən keçirdəndən sonra cibindən
portsiqarını çıxarıb hazır
bükülmüş papiroslardan birini damağına qoydu.
Sonra portsiqarı cibinə qoyub bu biri cibindən kibrit
çıxartdı, yandırıb papirosunu
alışdırdı. Bir-iki qullab vurub havaya
üfürdü. Bütün hərəkətlərindən
saymamazlıq yağırdı. Gəzişə-gəzişə
papirosunu çəkib qurtardı. Kötüyü yerə
atıb çəkməsinin dabanıynan söndürəndən
sonra, nəhayət, danışmağa başladı:
-
Müsavatçı Əlimömün Əlizaman oğlunun
bu kənddə gizləndiyini bilirik...
Adı
eşidən kimi bir neçə nəfər qeyri-ixtiyari
Əlizamana tərəf baxdı. Abasov bunu sezsə də,
üstünü vurmadı.
-
Müsavatçı nədi? - kimsə soruşdu.
-
Müsavat keçmiş hökumət idi. Devirdik. Amma
tulaları qurtarmayıb... Qısası, Əlimömün
Əlizaman oğluna səhərəcən vaxt verirəm. Gəlib
özü təslim olsun. Təslim olmasa, səhər
bütün kəndi axtaracağıq, bütün evlərə
baxacağıq. Qaçmağa da çalışmasın. Kənd
mühasirəyə alınıb, istəsə də
qaça bilməz.
Abasov
dayanıb yenə hamını bir-bir gözdən
keçirdi. Portsiqarını çıxaranda dedi:
- Gedə
bilərsiz!
Camaat
dağılışmağa başladı. Böyüklər
tonqalın ətrafında dövrə vuran uşaqları da
özləriynən aparırdılar.
Əlizaman
ayaqlarını sürüdə-sürüdə
meydançadan çıxıb öz küçələrinə
döndü. Gedə-gedə hiss edirdi ki, hamı ondan
qaçmağa çalışır. Birdən başı
gicəlləndi, az qaldı yıxılsın. Divardan
yapışmaq üçün əl atanda kimsə qoluna
girdi.
-
Yavaş ol!
Başını
döndərib baxdı. Ağatahir idi.
- Gedək,
gedək.
Ağatahir
Əlizamanı gətirib evə saldı. Uşaqlarnan gəlin
də köməyə gəldilər. Əlizamanı
döşəkçənin üstündə otuzdurub ayran
içirtdilər. Əlizaman bir az toxdadı.
Əlimömünə baxıb dedi:
- Şəhərdə
nə hoqqadan çıxmısan?
-
Heç nə. Neynəməliydim ki?
-
...Dalınca gəliblər.
- Kim?
- Nə
bilim. Abasovdu, kimdi. Çekistdi, deyəsən. Neynəmisən
şəhərdə?
- Vallah,
heç nə.
-
Heç nəyçün bu boyda həngamə olmaz. Kənd
mühasirədədi. Səhərəcən təslim olmasan,
bütün evləri axtaracaqlar. İndi de görək, neynəmisən,
bir şey fikirləşək.
Əlimömün
bir az fikirləşib soruşdu:
-
Özü demədi məni nöş axtarırlar?
- Dedi e, nəçisən.
Ağatahir, nə dedi o?
-
Müsavatçı dedi, deyəsən. - Ağatahir ona cavab
verdi.
- Həə...
On səkkizinci ildə hökumət qurmuşdular e, onu deyir. Mən
Müsavat firqəsinin üzvüydüm. Özüm də
hökumət işçisiydim. Amma bu çoxdan olub e.
İki ildi firqə yoxdu. Hərəmiz də bir tərəfə
dağılışmışıq...
- Olmusan,
olmusan da, burda nə var ki? - Ağatahir soruşdu.
- Bizim
firqə Şura hökumətinin düşməniydi. Yəqin,
qorxurlar ki, təzədən güclənib inqilab eləyərik.
- Tutub
neyləyəcəklər sənə? - Əmir soruşdu.
- Bilmirəm.
Amma bunlar ki, belə gəlib, ya dama basacaqlar, ya da öldürəcəklər.
Əlizaman
artıq özünə gəlmişdi. Bir az fikirləşib
Ağatahirə dedi:
- Gəlinnən
uşağı apar, səhərəcən gizlət. Sabah
bunlar dağılışandan sonra atasıgilə göndərərsən.
Ağatahir
başını tərpətməklə
razılığını bildirdi. Əlizaman gəlinə
dedi:
- Ay gəlin,
yığış. Ağatahir əmiynən get.
Gəlin
uşağı qucağına götürüb içəri
otağa girdi. Əlimömün dedi:
- Bəlkə
gedim təslim olum? Mənə görə gəliblər də,
sizə heç nə etməyəcəklər.
-
Axmaqlama! - Əlizaman dedi. - Özün deyirsən ki,
öldürəcəklər. Səni ölümə göndərim?
- Bəs
neynəyək? - Əmir soruşdu.
Əlizaman
bir az da fikirləşəndən sonra dedi:
- Gərək
qaçasız.
-
İkimiz də? - yenə Əmir soruşdu.
- Hə.
Siz əkizsiz, bir-birinizə çox oxşayırsız.
Əlimömün olmasa, yerinə səni apara bilərlər.
Deyəcəksən mən qardaşıyam, inanmayacaqlar. Elə
biləcəklər yalan deyirsən. İkiniz də
qaçmalısız.
- Kənd
mühasirədədi axı, - Ağatahir dedi.
-
Əmir, get iki dənə qoyun dərisi gətir.
Əmir əvvəlcə
atasının dediyini başa düşmədi:
- Qoyun dərisi?
Onu neynirsən?
- Səhər
sürü kənddən çıxanda dəriləri belinizə
atıb sürünün içində çıxın.
- Bəs
sən?
- Mən
qoca adamam. Məndə nə işləri?
- Yox e, səni
burda qoya bilmərik.
-
Sözümə qulaq as. Get iki dənə dəri gətir,
indidən hazır saxla. Mən gedim çobana deyim, xəbəri
olsun. Gəlin, hazırsan?
Gəlin
dörd aylıq oğlu Baba qucağında,
boğçasını qolunda kandarda dayanmışdı.
-
Əmir, sən Ağatahir əminnən get, gəlini apar, mən
də Mirzobbaya dəyim, gəlirəm. - Üzünü
Əlimömünə tutdu. - Sən evdən çıxma.
Bizi gözlə.
Qapıya
çıxdılar. Əvvəlcə Ağatahir getdi ki, vəziyyətə
baxsın. Artıq sönmüş tonqalın közləri
qızarıb tüstülənirdi. Klubun pəncərəsindən
işıq görünürdü. Amma bayırda heç kim
yox idi. Ağatahir işarəynən Əmirgili
çağırdı. Əmirnən gəlin ehtiyatnan
Ağatahirin dalınca getməyə başladı.
Əlizaman
onlar Ağatahirgilin küçəsinə girənəcən
dallarınca baxdı, sonra kəndin çobanı
Mirzobbanın evinə yollandı. Çoban Əlizamanın əmisi
oğlu idi, ona inanırdı.
Mirzobbanın
itləri hənirti eşidən kimi hürməyə
başladı. Səsə Mirzobba özü də
çıxdı. İtlərə acıqlanıb qapıya gəldi.
- Hay
kimdi?
- Mənəm,
əmoğlu.
-
Əlizaman? Xeyir ola?
- Ss,
yavaş danış. Eşidən olar. Əmoğlu, sənə
işim düşüb.
- De,
görək.
- Gərək
uşaqları səhər kənddən çıxardasan.
- Nə
danışırsan? Necə çıxardım?
- Səhər
sürünü otarmağa aparanda girsinlər
sürünün içinə.
-
Əmoğlu, sən öz canın, məni zibilə salma. Qoy
oturmuşam.
- Tutsalar,
öldürəcəklər e uşağı. Ümidim sənədi.
-
Sürünün içində görməyəcəklər
ki? Düzülüblər kəndin qırağına. O saat
başa düşəcəklər.
- Görməzlər.
Bellərinə qoyun dərisi salacaqlar.
-
Əmoğlu, qorxuram.
- Qorxma, hər
şey yaxşı olacaq. Sən dediyimə qulaq as. Onlar gərək
mütləq kənddən çıxsınlar. Qalsalar,
iş şuluq olacaq.
- Deyirsən,
alınar?
-
Alınacaq.
-
Alınmasa, mən də əlli-ayaqlı gedəcəyəm
e.
- Qorxma,
deyirəm. Hər şeyi fikirləşmişəm.
Mirzobba
könülsüz də olsa razılaşdı.
-
Yaxşı. Nə deyirəm ki?
Əlizaman
evə qayıtdı. Əmir də qayıtmışdı.
- Gəlini
apardın?
- Hə.
-
Yaxşı. Mirzobbaynan danışdım. Səhər
sürünün içində kənddən
çıxarsız. İndi bir az dincəlin... Ya da yox, bəlkə
heç səhəri gözləmədilər? Durun görək.
Dəriləri də götürün, gedək Mirzobbagildə
gözləyin.
Əlizaman
uşaqları aparıb Mirzobbaya tapşırdı,
özü evə qayıtdı. Gəlinin saldığı
süfrə hələ də ortalıqda idi. Əlizaman
süfrəni yığışdırıb lampanı
söndürdü, döşəkçənin üstünə
uzandı. Amma sakitləşə bilmirdi. Ürəyi
uçunurdu elə bil. Beş dəqiqədən bir
çıxıb ətrafı dinləyirdi. Sakitlik idi. Arabir
it hürüşmələrindən başqa səs
eşidilmirdi.
Əlizaman
nahaq yerə qorxurmuş, doğrudan da, səhərə qədər
gələn olmadı. Çekist Abasov dediyini elədi. Səhər
obaşdan qoyun mələrtiləri eşidilməyə
başladı. Hər gün bu vaxtlar kəndin bütün
qoyunlarını bir yerə yığırdılar, Mirzobba
çölə gedirdi. Əlizaman da beş-altı qoyununu
tövlədən buraxıb Mirzobbagilə tərəf getməyə
başladı. Mirzobba bir əlində
yemək boğçası, bir əlində
çomağı sürünün yanında gözləyirdi.
Hələ qoyunlarını çıxartmayan bir-iki nəfər
qalmışdı. Əlizaman yaxına getmədi, qoyunlar
sürünü görən kimi qaça-qaça gedib o biri
qoyunlara qarışdılar. Mirzobba uzaqdan Əlizamanı
görən kimi yavaşca başını tərpətdi.
Əlizaman da eyni hərəkətlə cavab verib evə
qayıtdı.
Bütün
qoyunlar yığılandan sonra Mirzobba sürünü
haylayıb çölə getməyə başladı.
İtləri də dalınca düşdü. Kənddən
çıxanda atlı əsgərlər onu saxladılar.
- Kimsən?
- Bu kəndin
çobanıyam. Sürünü otarmağa aparıram.
Əsgərlərdən
biri o birisindən soruşdu:
- Buraxaq?
- Hə,
çobandı da. Qoy getsin.
-
Yoldaş Abasov demişdi axı, kənddən heç kimi
buraxmayın.
-
Çoban qoyunları qoyub hara qaçacaq? Lazım olsa, gedib gətirərik.
Həm də ki, axtardığımız adam bu deyil. Qoy
getsin.
Mirzobbanı
buraxdılar, o, təzədən sürünü haylayıb
yola düzəldi.
Sürü
gedəndən bir az sonra yoldaş Abasov şura sədriynən
bir yerdə Əlizamanın qapısını açıb
içəri girdi. Yanlarında iki əsgər də
vardı.
-
Kişi, oğlunu çağır bura!
- Evdə
yoxdu.
- Necə
yəni yoxdu? Harda gizlətmisənsə, xoşluqnan
çağır, gəlsin.
- Deyirəm,
evdə yoxdu da. İnanmırsız, axtarın.
Abasov əsgərlərə
başıynan işarə etdi. Biri evə baxmağa girdi, o
birisi təndirxananı, tövləni, samanlığı
axtardı. Abasov bir papiros çəkənəcən
axtardılar, axırda gəlib heç kimi
tapmadıqlarını dedilər. Abasov inanmadı, özü
evə girdi. Əsgər evdəki hər şeyi alt-üst
etmişdi, yerdəki, divardakı xalçaların altına da
baxmışdı ki, birdən gizli anbar olmuş olar. Abasov
hirsnən bayıra çıxıb bayaqdan həyətin
ortasında ayaq üstdə dayanan Əlizamana dedi:
-
Kişi, gəl işimizi qəlizləşdirmə. Oğlun
hardadı?
Əlizaman
çiyinlərini çəkdi.
- Bilmirəm.
Abasov əsgərlərdən
birinə əmr etdi:
-
Aparın!
Əsgər
silahı hazır vəziyyətə gətirib Əlizamana
tuşladı.
- Get!
Əlizaman,
dalınca əsgər, sonra da Abasovnan şura sədri həyətdən
çıxdı. Çıxanda Abasov o biri əsgərə
əmr verdi:
-
Bütün kəndi axtarın!
Kəndi axtarmaq
bir saata yaxın çəkdi. Bütün evlərə,
tövlələrə, anbarlara, zirzəmilərə
baxdılar. Məscidlə hamam da yaddan çıxmadı.
Ağatahir gecə Əmirin arvadıynan oğlunu samanxanada
gizlətsə də, sonra fikrini dəyişib evə gətirmişdi.
Elə onları xilas edən evdə Ağatahirin
arvad-uşağının yanında olmaqları oldu,
samanxanadan tapılsaydılar, şübhə çəkərdilər.
Əsgərlər
meydançaya qayıdıb heç kimi
tapmadıqlarını Abasova məruzə etdilər.
Abasov
hirslə oyan-bu yana gəzişib Əlizamandan soruşdu:
-
Kişi, atam yaşındasan, hörmətsizlik eləmək
istəmirəm. Hardadı oğlun?
Əllərini
dalında çarpazlayıb meydançanın tən
ortasında, dünənki tonqalın küllərinin
yanında dayanan Əlizaman sakit səslə dedi:
- Bilmirəm.
Əsgərlər
meydançanı dövrələmişdi. Kənd camaatı
da iki bir-üç bir yığışırdı.
-
Kişi, hələ heç kim Şura hökumətindən
yaxasını qurtara bilməyib. Onsuz da oğlunu yerin
deşiyindən də olsa, tapacağıq. Ara yerdə sən
gedəcəksən. Eləmə.
-
Oğlum hardadı, bilmirəm. Doğrudan, bilmirəm. Mənə
də ki, nə istəsən, eləyə bilərsən,
onsuz da qoca kişiyəm. Gördüyümü
görmüşəm.
Abasovun
gözü səyridi, bir göz qırpımında
tapançasını qoburundan çıxarıb Əlizamana
atəş açdı. Bu, elə qəfil oldu ki, heç
kim heç nə başa düşmədi. Bir də onda
ayıldılar ki, Əlizaman yerdə, küllərin
üstündə uzanıb, sinəsindən qan axır.
Ağatahir
özünü Əlizamanın üstünə atdı.
Başını tutub qaldırdı, üzünü şillələdi.
Əlizaman artıq keçinmişdi.
-
Kişini öldürdün! - Ağatahir Abasovun üstünə
qışqırdı. Sonra camaata tərəf döndü. -
Ay camaat, günün günorta çağı adam
öldürürlər!
Abasov da
camaata baxdı. Bayaqdan maraqnan baxan gözlərdən indi nifrət
tökülürdü. Bu baxışlar Abasovun ətini
ürpəşdirdi. Əlbəttə, əliyalın əhali
silahlı əsgərlərə heç nə edə bilməzdi.
Amma hər halda, ehtiyatlı olmaq lazım idi.
- Gedirik!
- Abasov əsgərlərə əmr etdi.
Hamısı
ata mindi. Abasov da ata minib qamçını atın
yançağına çəkdi. Çapıb getdilər.
II
Bakı.
Görədil kəndi
1932-ci
ilin qışı
Baba məktəbdən
çıxıb birbaşa fermaya gəldi. Soyuq əllərini
vurmasın deyə, dəftər-kitabını gödəkçəsinin
üstündən bağladığı kəmərinə
keçirdib əllərini cibinə soxmuşdu. Külək dəli
kimi əsirdi. Az qalırdı Babanın dimdikli
papağını başından çıxarıb
aparsın. Külək vurduqca yaxalığından
çıxan qırmızı qalstukun ucları yellənir,
Babanın üzünə çırpılırdı.
Baba dördüncü
sinfə gedirdi. Üç ay qabaq, dərslər təzə
başlayanda bütün sinif pioner andı içmişdi. O
vaxtdan qırmızı qalstuku bütün günü boynunda
olurdu.
Fermaya
çatanda sürücü süd bidonlarını
maşına yükləyirdi, sağıcı qadınlar da
ona kömək edirdi. Səkinəxanım oğlunu görən
kimi yanına gəldi.
- Baba? Evə
neyçün getməmisən?
Babanın
qolundan tutub tövlənin qabağına, külək tutmayan
yerə çəkdi.
- Məktəbdə
neynədin?
Baba
çiyinlərini çəkdi.
-
Heç nə.
-
Yaxşı, get evə. Özünü soyuğa vermə.
Get, get. Yeməyi qızdır, ye. Yaxşı?
Baba
başını tərpədib getməyə başladı.
-
Küçədə oynayıb eləmə ha. Xəstələnərsən.
Eşitdin? - Səkinəxanım oğlunun dalınca
qışqırdı.
Baba yenə
başını tərpədib qaçmağa başladı.
Ağatahir
Əlizaman öldürülən gün Səkinəxanımnan
Babanı Görədilə, Səkinəxanımın
atası Ötkəmgilə gətirmişdi. Kənddə
ferma qurulandan sonra Səkinəxanım burda sağıcı
işləməyə başlamışdı.
Səkinəxanım
axşam sağınından sonra evə qayıtdı. Baba
yorğana bürünüb sobanın qabağında
uzanmışdı, dərslərini yazırdı. Səkinəxanım
yemək tədarükünə başladı. Bir az sonra
atası Ötkəm də gəldi. Bir yerdə axşam yeməyi
yedilər. Çay içəndə qapı
döyüldü.
- Kim olar
bu vaxt? - Ötkəm durub qapıya çıxdı.
Gələn
Ötkəmin xalası oğlu, həm də sovxoz sədri
Mürsəl idi. İçəri keçib oturdular. Səkinəxanım
Mürsəl üçün də çay süzdü.
-
Aclığın var? - Ötkəm soruşdu.
- Yox,
yeyib gəlmişəm. - Mürsəl çayı
qabağına çəkə-çəkə dedi. Sonra
Babaya baxdı. - Dərs oxuyursan? Oxu, oxu. Müəllim
razılıq eləyir səndən. Deyir, zehinli uşaqsan. Səkkizilliyi
qurtar, səni anbardar qoyacağam.
Mürsəl
bir qurtum çay içib tütün kisəsini
çıxartdı, papiros eşməyə başladı.
Hal-vəziyyətindən Ötkəm başa
düşürdü ki, nəsə sözü var, amma nə
üçünsə deməyə tələsmir. Mürsəl
papirosu yandırıb Babaya dedi:
- Baba, sən
bir dayıngilə dəy. Gör uşaqlar neynir.
Baba təəccüblə
bir Mürsələ, bir Ötkəmə, bir də Səkinəxanıma
baxdı. Ötkəm hiss elədi ki, Mürsəlin demək
istədiyi nədirsə, vacib şeydi, uşaq eşitməsə
daha yaxşıdı.
- Hə,
Baba, - Ötkəm də Babaya tərəf döndü, - sən
get dayıngilə. Uşaqlarnan oyna, bir azdan özüm gələrəm
dalınca.
Baba durub
geyinməyə başladı. Səkinəxanım
uşağın yaxasını bağlayanda soruşdu:
-
Özün gedə biləcəksən? Hava qaralıb.
Babanın
yerinə Mürsəl cavab verdi:
-
Neyçün getmir? Yekə kişidi də. Get, Baba, get.
Baba ayaqqabılarını
da geyinib çıxdı. Mürsəl bir qurtum da çay
içib dedi:
- Vəziyyət
pisdi, xaloğlu. Günorta mərkəzə
çağırmışdılar. Siyahı istəyirlər
məndən.
- Nə
siyahı? - Ötkəm soruşdu.
- Kulak
axtarırlar da. Vaxtikən Şura hökumətinə
qarşı çıxanlar, arpa-buğda gizlədənlər,
keçmiş ağalar, bəylər, qoçular, evində
xalq düşməni saxlayanlar - kim oldu. Deyirlər, kənddə
nə qədər beləsi var, yaz, ver bizə.
- Bizim kənd
balaca kənddi, həm də kasıb kənddi. Nə gəzir
bizdə beləsi?
- Hə də.
Amma gəl bunu onlara başa sal. Deyirlər, yox e, gizlədirsən.
Belə getsə, axırda özümü də damlayacaqlar...
Bir
müddət hamısı susdu. Mürsəl bir eşmə də
yandırıb dedi:
- Amma buna
görə gəlməmişəm. - Qalan çayı
içib boş stəkanı Səkinəxanıma uzatdı.
- Qızım, bir stəkan da ver.
Səkinəxanım
çayı süzdü, gətirib Mürsəlin
qabağına qoyanda Mürsəl soruşdu:
-
Ərindən bir xəbər var?
- Yox. On
ildi gedib, hardadı, bilmirik.
Mürsəl
bu dəfə Ötkəmə tərəf döndü:
-
Açığı, sizə buna görə gəlmişəm.
Sənin kürəkənin vaxtikən axtarışda olub, tapılmayıb.
İndi köhnə işləri təzədən
qaldırırlar. Qorxuram, sizə də gəlsinlər.
- Axı
o vaxt Əmirin yox, Əlimömünün dalınca gəlmişdilər,
- Səkinəxanım bu tərəfdən dedi.
- Amma
Əmir də onuynan bir yerdə qaçıb.
Ötkəm
bir az fikirləşdi.
- Deyirsən,
gələrlər?
Mürsəl
çiyinlərini çəkdi:
- Hər
şey ola bilər. Baxsan, Əmirə xalq düşməni
yapışdırıblar. Qızın da olur xalq düşməninin
arvadı.
- Bunlar
molla kəbiniynən evlənmişdilər.
- Amma
Babanın kağız-kuğuzunda atası Əmir
yazılıb. Hələ familiyasına da öldürülən
babasının adını yazdırmısız.
Əlizamanov.
-
Əlizamannan duz-çörəyimiz vardı. Həm də
uşağa atasının adını vermək lazım idi.
-
Lazım idi. Amma indi görürsən ki, vəziyyət
başqa cürədi.
Ötkəm
qızına baxdı, Səkinəxanım
büzüşüb oturmuşdu. Elə bil huşu
başında deyildi.
- İndi
nə deyirsən? - Ötkəm Mürsəldən soruşdu.
- Qız
təzədən ərə getsə, yaxşı olar.
Özü də evləndiyi adam partiya üzvü olsa, lap
canrahatlıq olar, daha ona dəyib-dolaşan olmaz.
- Birdən
Əmir qayıdıb gəldi?
Səkinəxanımın
yazıq-yazıq dediyi bu sözlərdən sonra Mürsəlnən
Ötkəm bir-birinə baxdı. İkisi də Əmirin
qayıdacağına inanmırdı. Amma bir söz demədilər.
Bir neçə dəqiqə oturub bir-birinə baxdılar.
Axırda Ötkəm soruşdu:
-
Başqa yolu yoxdu?
- Baba
pioner andı içib də, hə?
- Hə,
- Ötkəm dedi, - bütün sinifnən bir yerdə.
- Bu
yaxşıdı. Uzaqbaşı, növbədənkənar
iclas keçirdərik, Baba da, Səkinə də
çıxış edər. Deyərlər ki, biz Əmirdən
imtina edirik.
Ötkəm
yenə Səkinəxanıma baxdı, qızının
baxışını görən kimi dayana bilməyib nəzərini
yayındırdı.
- Bu
vacibdi? - Mürsəldən soruşdu.
-
Adları siyahıya salınıbsa, vacibdi. Amma hələ
gözləyək. Bəlkə heç itirib-axtaran olmadı.
Olmasa, nə yaxşı. İşdir, birdən olsa, onda mən
deyən kimi edərik... Hər halda mən də
soraqlaşacağam, bir xəbər bilsəm, sənə deyərəm.
Mürsəl
durub yaxasını bağladı.
- Gecəniz
xeyrə! - deyib çıxdı.
Ötkəm
də durub geyindi.
- Gedim
uşağı gətirim.
Kandarda
ayaq saxlayıb qızına baxdı. Qızı elə bil bu
bir neçə dəqiqə ərzində neçə il
qocalmışdı.
- Hələlik
uşağa heç nə demə. Görək, necə olur.
Qapını
örtüb çıxdı.
III
Bakı.
Görədil kəndi
1939-cu
ilin payızı
Maşın
kəndin meydançasına çatanda Baba yerə
tullandı. Əliynən sürücüyə sağ ol eləyib
evə getdi.
O vaxt
Mürsəlin narahatlığı əbəs imiş. Nə
Səkinəxanımı, nə də Babanı itirib-axtaran
olmadı. Amma Mürsəl özü 37-dən salamat
çıxa bilmədi...
Baba kənddəki
səkkizilliyi qurtarandan sonra müəllimlərin, həm də
təzə sovxoz sədrinin təkidiynən texnikuma getdi.
Özü oxumaq istəmirdi, amma məcbur göndərdilər.
Sovxoza mütəxəssislər lazım idi.
Baba hər
birinci gün səhər şəhərə gedir, həftə
içi Ötkəmin şəhərdəki
qohumlarının evində qalır, altıncı gün
axşam, ya öz sovxozlarının, ya da qonşu kənd
sovxozunun maşınıynan qayıdırdı.
Baba evə
girəndə gördü qonaq var. Babasıynan qonaq çay
içə-içə söhbət edirdi. Qonaq elə təxminən,
Ötkəm yaşlarında olardı. Baba onu heç vaxt
görməmişdi.
- Gəl
Ağatahir əmiynən görüş, - Ötkəm dedi.
Baba
yaxına gələndə Ağatahir ayağa durdu, əl
verib görüşdülər. Ağatahir bir neçə
saniyə Babanın əli əlində üzünə
baxdı.
- Gözlərindən
Əmirə oxşayır, - dedi, sonra Səkinəxanıma
baxdı, - üzündən sənə çəkib.
Babanın
əlini buraxıb oturdu.
-
Ağatahir əmi Əlizaman babanın dostudu, - Ötkəm
dedi.
- Uşaq
yoldan gəlib, yorğun olar. - Ağatahir bir-iki dəqiqədən
sonra yenə ayağa durdu. - Mən gedim. Baba, sabah kəndə
gələrsən.
Ağatahir
sağollaşıb çıxdı.
- O vaxt
anannan səni Ağatahir gizlədib evində, sonra da bura gətirib.
- Ötkəm dedi. - Sabah gedərsən Pirşağıya.
Ağatahir ata-baba yurdunu göstərər sənə.
Bu biri səhər
Baba çörək yeyib evdən çıxdı. Görədillə
Pirşağının arası sən deyən uzaq deyildi,
ayaqnan da getmək olardı. Sahilə düşüb dəniz
qırağıynan Pirşağıya tərəf getməyə
başladı. Havalar soyumağa başlamışdı, dənizdən
əsən duzlu külək adamın paltarını nəmləndirib
ağırlaşdırırdı. Sahildə heç kim yox
idi. Baba Pirşağıya çatıb kəndə
çıxdı, kənd içində bir neçə nəfər
dayanıb söhbət edirdi. Yaxınlaşdı ki,
Ağatahirin evini soruşsun, amma Ağatahir özü də
burdaymış. Babanı görən kimi dəstədən
ayrılıb ona yaxınlaşdı.
- Salam,
Baba. Sabahın xeyir.
- Salam,
Ağatahir əmi.
- Gəl.
Ağatahir
qabağa düşdü, Baba da dalınca getməyə
başladı.
Yaxın
məhəllələrdən birində, taxta qapılı bir
həyətin qabağında dayandılar.
- Bura
atangilin həyətidi. - Ağatahir dedi. - Hökumət
başqasına verib. Amma təzə gələnlər
heç nə dəyişdirməyiblər. Ev babanın
vaxtında necəydisə, elə də qalıb.
Baba
hasarın alçaq yerindən həyətə boylandı.
-
İçəri girmək istəyirsən?
Baba
gözləri həyətdə bir az fikirləşdi, amma
üzündə heç bir ifadə yox idi, elə bil, yad
birinin həyətinə baxırdı. Sonra Ağatahirə
baxdı.
- Yox.
-
Yaxşı... Gəl.
Ağatahir
yenə Babanı dalınca salıb getməyə
başladı.
-
Neçə yaşın var? - Gedə-gedə Babadan
soruşdu.
- On yeddi
tamam olub.
- Hələ
indiyəcən kənddə olmamışdın da, hə?
Baba
başını silkələdi.
- Bundan
sonra tez-tez gələrsən. Öz evimizi də göstərəcəyəm
sənə. Ora da sənin öz evin. Haçan xətrindi,
buyur... Səni iki şeyə görə
çağırdım. Birincisi, ata-baba yurdunu tanıyasan.
İkincisi də...
Ağatahir
sözünü qurtarmamış qapılardan birini döyməyə
başladı. Yol gələ-gələ
danışdığı üçün tövşəyirdi.
Qapıya bir kişi çıxdı.
-
Sabahın xeyir, Əkbər.
- Aqibətin
xeyir.
- Bu,
Əlizamanın nəvəsidi, - Ağatahir Babanı göstərdi.
- O gün sənə dediyim şeyçün gəlmişik.
- Hə,
gedək. Gözlə, papağımı gətirim,
çıxıram.
Əkbər
evə girdi.
- Əkbər
kəndin mollasıdı, qoy gəlsin, bir yerə gedəcəyik.
- Ağatahir Babaya dedi. - Həə, sənin baban Əlizamannan
yaxın dost olmuşuq, qardaşdan da yaxın. O vaxtı ikimiz
də Kərbəla ziyarətinə getmək istəyirdik.
Onda yollar açıq idi. Sonra atangilin başına bu hadisə
gəldi. Atangil qaça bildilər, babanı isə kəndin
içində öldürdülər. Hamının
gözünün qabağında. Onda babanı
basdırmadıq...
Əkbər
bir-iki dəqiqə sonra çıxdı. Getməyə
başladılar.
- Hə,
harda qalmışdım? Babanı basdırmadıq. Mən
basdırmaq istəmədim. Meyitini sərdabəyə qoyduq.
Deyirdim, haçansa Kərbəlaya gedə bilsəm,
babanın sümüklərini də apararam özümlə,
orda basdıraram. Kişinin ruhu şad olar. Amma alınmadı.
Yolları bağladılar, açığı, heç
imkanım da olmadı. İndi görürsən də,
qocalıb əldən düşmüşəm...
Ağatahir
öz həyətlərinə çatanda qapını
açıb çağırdı:
- Ay
uşaq!
Səsə
nəvəsi çıxdı.
- Evdən
bir dənə təmiz döşəkağı ver mənə.
Uşaq
evə girdi.
- Bax,
Baba, bura bizim evimizdi. Həm də sənin. Haçan istədin,
gəl, heç nədən utanıb-çəkinmə.
Nəvəsi
döşəkağını gətirib verdi. Təzədən
yola düzəldilər.
- Hə,
nə deyirdim? - Ağatahir sözünə davam etdi. Amma
danışa-danışa Babaya baxmırdı deyə, onun
söhbətə candərdi qulaq asdığını
görmürdü. Atası, babası olsa da, heç vaxt
görmədiyi adamlar haqqında söhbət Babanı
darıxdırırdı. - Qocalmışam daha. Hay-hayım
gedib, vay-vayım qalıb. Sabah-birisigün görəcəksən
ki, mən də başımı qoydum yerə. Ona görə
deyirəm, babanın sümüklərini basdıraq. Səni
də əsas buna görə çağırmışam.
Babanın qəbrini tanı, yerini bil ki, hardadı.
Gəzə-gəzə
gəlib qəbiristanlığa çatdılar. Qəbiristanlığın
girişində yan-yana iki dənə sərdabə vardı.
Ağatahir sərdabələrdən birinin üstündə
oturdu.
- Molla, sən
başla.
Döşəkağını
Əkbərə uzatdı. Əkbər sərdabəyə
düşdü. Baba bir az aralıda dayandı ki, sərdabənin
içinə işıq düşsün. Əkbərə
baxmağa başladı.
Əkbər
döşəkağını açıb sərdi.
Sümükləri yığmağa başladı.
Yığıb döşəkağını bürmələdi,
bayıra çıxdı.
-
Yığdın? - Ağatahir soruşdu.
- Hə.
Oynaq sümükləri, aşıqlar-zad qaldı, onları
yığmaq olmur. Əsas sümüklərini
yığdım.
- Lap
yaxşı.
Ağatahir
ayağa durub yenə qabağa düşdü. Oturub dincəlmişdi
deyə, bir az özünə gəlmişdi, daha nəfəsi
təngləşmirdi. Gəlib hazır qazılmış qəbrin
qabağında dayandılar.
- Bura
sizin nəslin yeridi, - Ağatahir ətrafdakı bir neçə
qəbri Babaya göstərdi.
Baba qəbirlərə
baxdı, demək olar, hamısının üstündəki
yazı əski əlifbada idi. Bəzisinin
başdaşısı zədələnmişdi. Bilinirdi ki,
baxan yoxdu.
Ağatahir
Əkbərə baxdı.
- Molla, ya
Allah.
Əkbər
qəbrin içinə düşüb döşəkağını
açdı. Sümükləri skelet formasında
düzdü. Sonra döşəkağının
qıraqlarını skeletin üstünə büküb qəbirdən
çıxdı. Babaynan köməkləşib sinə
daşlarını qoydular. Ağatahir qıraqdakı beli
Babaya göstərdi:
-
Götür, başla doldurmağa.
Baba
torpağı atmağa başlayanda Əkbər artıq
çərəkəsini çıxarıb Yasin oxuyurdu. Yasin
qurtarana qəbir də hazır oldu. Ağatahir qəbrin
qabağında oturub böyük kəsəkləri əlində
ovuşdurub əzdi, torpağı hamarlayıb ayağa durdu.
-
Başdaşını özüm düzəltdirəcəyəm,
- Babaya dedi. - Arada, vaxtın olanda gəl ziyarət elə,
babanın ruhu şad olar.
Kəndin
içinəcən bir yerdə gəldilər. Ağatahir
Babanı evə çağırsa da, Baba getmədi,
sağollaşıb Görədilə qayıtdı.
IV
Kabardin-Balkar
Respublikası.
Nalçik
şəhəri
1942-ci
ilin payızı
Alman
qırıcıları Nalçik şəhərini bombardman
edirdi. Əksər qoşun hissələrini bir neçə
gün qabaq şəhərdən
çıxartmışdılar. Bir atıcı diviziya ilə
şəhər əhalisi isə taleyin ümidinə
qalmışdı. Yaxınlaşan alman ordusu sayca da, texnika
baxımından da çox güclü idi və məğlubiyyət
gözlənilən idi. Amma hamı bacardığı kimi
vuruşmağa, sağ qalmağa
çalışırdı. Şəhər əhalisi
küçələrdə qazdıqları dərin quyularda
gizlənir, atıcı diviziya isə kiçik dəstələrə
bölünüb alman ordusuna müqavimət göstərirdi.
İki aya yaxın idi ki, şəhər camaatı
uşaqdan-böyüyə yığışıb, şəhər
ətrafında dərin çuxurlar qazmışdı. Amma
alman tankları yaxınlaşanda bu çuxurların çox
da işə yaramadığı üzə
çıxdı. Tanklar, dalınca da əsgərlər şəhərə
yaxınlaşırdı.
Babanın
olduğu dəstə meşə tərəfdə qərar
tutmuşdu. Dəstə on iki nəfərdən ibarət idi,
kiçik leytenantın komandanlığı altında
vuruşurdular. Əsgərlər iki hissəyə
bölünüb yolun iki tərəfində gizlənmişdi.
Almanların yaxınlaşmağını gözləyirdilər.
Uzaqdan bir neçə tank, yüzə yaxın da piyada alman əsgəri
gəlirdi. Babagilin bir gün qabaq yolda basdırdıqları
minalara çatanda tanklardan biri partladı. Babagil də
kiçik leytenantın əmriynən atəş
açmağa başladılar. Elə yerdə gizlənmişdilər
ki, almanlar onları görmürdü. Buna görə bir
neçə dəqiqə ərzində xeyli alman əsgəri
vura bildilər.
Daldakı
tanklar sovet əsgərlərinin gizləndiyi yerə atəş
açmağa başladı. Baba tank gülləsinin
vıyıltısını eşitdi, amma
düşdüyü yeri görməyə macal
tapmamış güclü dalğa onu qaldırıb ağaca
çırpdı...
Baba
özünə gələndə şər
qarışırdı. Başını qaldırmaq istəyəndə
peysərindən qopan güclü ağrı bütün bədənini
gizildətdi. Baba yenə başını yerə qoyub dərin
nəfəs aldı. Əvvəlcə əllərini,
ayaqlarını tərpətməyə
çalışdı. Sol ayağıynan sol dirsəyi
zoqquldayırdı. Deyəsən, sümükləri
sınmışdı. Sağ tərəfi üstə
çevrilib ağır-ağır başını
qaldırdı. Əsgər yoldaşları - kimisinin
parçaları, kimisinin bütün bədəni ətrafa səpələnmişdi.
Hansısa əsgərin bağırsaqları düz
gözünün qabağında idi. Babanın ürəyi
bulandı, ögüməyə başladı. Amma
üç-dörd gündür fərli yemək yemədiyi
üçün mədəsi boş idi, ağzına təkcə
acı mədə şirəsi gəldi. Baba
ağzındakını tüpürüb yenə arxası
üstə uzandı. Sağ əlini kəmərinə
atdı ki, qumqumasını çıxarıb su içsin.
Amma kəmər belində deyildi. Yenə birtəhər başını
qaldırıb ətrafa boylandı. Kəməri
çırpıldığı ağacın dibinə
düşmüşdü. Ağaca tərəf sürünməyə
başladı. Amma qumqumanı götürüb
ağzını açmağa macal tapmamış səs
eşitdi. Kimsə onlara tərəf gəlirdi.
Başını yerə qoyub nəfəsini içinə
çəkdi, gözünün qırağıynan baxmağa
başladı. Politsay formalı axsaq kişiydi,
yavaş-yavaş gəzib meyitlərə baxırdı. Bədəni
parçalanmayan əsgərlərin meyitlərini tərpədir,
sağ olub-olmadığını yoxlayırdı. Əsgərlərin
üstündəki qumbaraları, güllələri
yığıb kisəsinə doldururdu.
Politsay gəzə-gəzə
gəlib Babaya çatdı. Ayağıynan Babanın bədəninə
vurdu. Baba ağrıdan inildədi. Politsay
tapançasını çıxarıb onun başına
tuşlayanda Baba gözlərini yumub pıçıldadı:
- İt
oğlu it!
Politsay
tapançanı aşağı salıb az qala
qışqırdı:
- Azərbaycandansan?
Baba
gözlərini açıb politsaya baxdı,
başını tərpətdi:
- Hə.
Politsay
güllə yığdığı kisəni yerə qoydu,
tapançasını qoburuna qoyub Babaya tərəf əyildi,
qoltuğundan tutub qaldırdı, ağaca söykədi.
- Otur.
Otur, özünə gəl.
Baba
ağrıdan qıvrıla-qıvrıla dedi:
- Su... Bir
az su ver...
Politsay
yerdəki qumqumanı götürüb qapağını
açdı, Babanın ağzına
yaxınlaşdırdı. Baba suyu içib gözlərini
yumdu, başını ağacın gövdəsinə
söykədi.
Politsay
çır-çırpı yığıb ocaq qaladı.
Kisəsindən ət konservi çıxarıb
bıçaqla ağzını açdı, ocaqda
qızdırdı. Bir fal qara çörək də
götürüb Babanın yanında oturdu.
- Gəl,
bir az çörək ye.
Babanı
yedizdirəndən sonra qalan əti özü yedi. Sonra elə
həmin konserv bankasında su qaynatdı.
-
Çayım yoxdu, al isti su iç.
Suyu üfləyə-üfləyə
Babaya içizdirdi.
Artıq
hava qaralmışdı. Politsay bir az da quru budaq
yığıb ocağa atdı.
Yeyib-içəndən
sonra Baba bir az özünə gəlmişdi. Daha
özünü bayaqkı kimi əzgin hiss eləmirdi. Bədənindəki
ağrılar azalmasa da, başının ağrısı
keçmişdi. Politsay cibindən siqaret çıxarıb
birini Baba üçün, o birini özü üçün
yandırdı.
-
Hansı tərəfdənsən? - Politsay soruşdu.
-
Bakıdan.
- Mən
də Bakıdanam.
Baba
siqaretdən dərin qullab vurub soruşdu:
- Bura necə
gəlib düşmüsən?
- Eh... -
Politsay əlini yellətdi. - Uzun söhbətdi...
Bakının özündənsən, ya hansısa kəndindən?
- Görədildənəm.
- Mən
də Pirşağıdan. Pirşağıda
tanıdığın adam var?
- Hə,
Ağatahir əmi.
Politsayın
əlləri əsdi:
-
Sağdı hələ?
-
Axırıncı dəfə davadan qabaq
görmüşdüm, sağ idi.
- Onun bir
dostu var idi kənddə, Əlizaman. Onu tanımırsan?
Baba bir
istədi desin, o kişi babamdı, amma özünü
saxladı.
- Yox. O
kimdi ki? - soruşdu.
-
Əlizaman mənim atamdı.
-
Bunların arasına necə gəlib düşmüsən? -
Baba bayaqkı sualını təkrarladı.
- Müsavatçılar
haqqında nəsə eşitmisən? - politsay soruşdu.
- Yox.
- Məlum
məsələdir. Sizdə bu haqda heç nə
danışmazlar, yəqin. O vaxt Müsavat firqəsi vardı.
Mən o firqənin üzvü idim. On səkkizinci ildə Azərbaycan
Cümhuriyyətini qurduq. İyirminci ildə
qırmızılar gəlib Azərbaycanı işğal elədi.
Firqə dağıldı, biz də pərən-pərən
düşdük. Kimisi xaricə qaçdı, kimisi
qırmızılara sığındı. Mən də kəndə
qayıdıb atamnan, qardaşımnan yaşamağa
başladım. Üstündən iki il keçmiş
dalımca gəldilər. Elə bilirdim yaddan
çıxmışam, elə deyilmiş. Qardaşımnan kənddən
çıxa bildik. Şəhərə, köhnə
dostlarımın yanına gəldik. Bizi iki gün gizlətdilər,
üçüncü gün Türkiyəyə keçmək
üçün sərhədə getdik. Şəhərdə
bizə bələdçi qoşmuşdular, bizi Arazdan
keçirdib dala qayıtmalıydı. Bakıdakı
tanışlarım da getməyə
hazırlaşırdı, amma onların bir az işi
qalmışdı. Danışmışdıq ki, biz gedib
İranda onları gözləyəcəyik, onlar gələndən
sonra bir yerdə Türkiyəyə gedəcəyik. Arazı
keçəndə sərhədçilər bizi
gördü, atışma oldu. Qardaşımnan bələdçimiz
öldü, mən ayağımdan yaralandım. Amma İrana
keçə bildim. Orda xeyli xəstə yatdım,
ayağım düzələndən sonra keçdim Türkiyəyə.
Daha Bakıdan gələnləri gözləmədim.
Çox vaxt keçmişdi, gəlməli olsaydılar,
çoxdan gələrdilər. Yəqin, Bakıda
tutmuşdular onları. Bilmirəm. Türkiyədə dörd
il yaşadım, sonra Çexoslovakiyaya köçdüm.
İyirminci illərdə çox adam qaçmışdı
Azərbaycandan. Çexoslovakiyada da bizimkilərdən
yaşayanlar vardı. Axtarıb tapdım onları, sağ
olsunlar, mənə iş düzəltdilər. Sakit, rahat
yaşamağa başladım. Bu ilin əvvəli eşitdim
ki, Almaniyada Azərbaycan legionu təşkil olunub. Gəldim
könüllü yazılım. Amma ayağıma görə
götürmədilər. Mən də politsaylığa
yazıldım, dedim, heç olmasa, belə gəlim. Nə
bilmək olar, bəlkə Azərbaycanı, Bakını bir də
gördüm?!
Politsay təzə
siqaret yandırdı. O da ağaca söykənib ocağa
baxmağa başladı. Baba hərdən inildəyirdi,
politsay isə gözlərini dikmişdi alovun dillərinə.
Xeyli belə
oturdular. Ocaq öləzidi, yavaş-yavaş şöləsi
azaldı, getdikcə tamam söndü. Elə oturduqları
yerdə mürgülədilər.
Səhər
dan söküləndə politsay durub kisəsini dalına
atdı.
- Şəhərə
getmə, - Babaya dedi, - oranı bizimkilər tutub. Meşəynən
dala qayıt, sizinkilər ordadı. Gedə biləcəksən?
- Gedərəm
birtəhər.
-
Yaxşı. Salamat qal!
Politsay
üzünü çevirib axsaya-axsaya getməyə
başladı. Bir xeyli uzaqlaşandan sonra Baba onun dalınca
qışqırdı:
- Əmi!
Politsay
üzünü çevirib baxdı. Baba politsay eşitsin deyə
yenə qışqıra-qışqıra dedi:
- Siz
qaçan gün Əlizaman babanı kəndin içində
öldürmüşdülər...
Politsay
bir neçə dəqiqə başını
aşağı salıb dayandı. Sonra başını
qaldırdı, amma Babaya baxmadı, üzünü
çevirib yoluna davam etdi.
Baba yerindən
tərpənməyə çalışdı.
Ayağıynan qolundan qopan ağrı düz beyninə
işlədi. Sağ əliynən yerdəki süngü
bıçağı götürüb kitelin sol qolunu
cırdı. Qolu tünd bənövşəyi rəngdəydi,
şişib kötüyə dönmüşdü.
Acı-acı gülüb başını ağaca söykədi.
Düz üzünə vuran solğun payız günəşinə
baxıb gözlərini yumdu.
Mart,
2021
Həmid
PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.12-15.