Allahın Cənubi Amerikadakı elçisi –
Yüz illik
tənhalıq, yaxud mövcudluğun ağrısı
Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı”
romanı əsasında
çəkilmiş “Yüz
ilin tənhalığı”
serialı haqqında
Proloq əvəzi
“Uzun illər ötəcək... polkovnik
Aureliano Buendia divara söykənib güllələnməyini gözləyəndə
atasının onu buzla tanış etdiyi o uzaq axşamı
xatırlayacaqdı.
Makondo o
zamanlar dumduru suları əjdaha yumurtası boyda hamar daşların arasıyla şütüyən
çayın qırağında
gildən-bambukdan yapılmış
iyirmicə daxmalıq
balaca bir kənd idi. Dünyanın erkən çağıydı, hələ
çox şeyin adı üstünə oturmamışdı, çox
şeyi hələ barmaqla göstərirdilər…”
Olsun ki,
ibtidai/şablon qənaətdir, fəqət
həqiqətdir ki, hamımız
öləcəyik və
bizim növün ən xas xüsusiyyəti
məhz bu həqiqətə vaqif olub da özümüzünkülərə
qənim kəsilməyimizdir.
Əlbəttə, başlanğıc haqqında
birxətli/çərçivəli
düşünmürəm, üstəlik, məhz inancımın yedəyində
yerin üstündən,
göyün altından
çəkilib intəhasız
xəyal aləminə,
əngin məchulluğun
sehrli qatlarına səyahət etmişəm
və biləsiniz, gözümüzlə gördüyümüz,
əlimizlə tuta biləcəyimiz, qoxulaya,
dada biləcəyimiz mövcudiyyətin
arxasından, yəni,
irrasional/magik müstəvidən dünyamız,
– insani ölçülər
daxilində etdiyimiz, etmədiyimiz, – elə hər şey apaydın görünür,
özü də, görünən həm də odur ki, biz missiyamızın Burakını
– ya vəlvələdən
ya zəlzələdən
elə özümüz
yoxuşa çapırıq,
bir növ, özümüzü, mahiyyətimizi
təhrif edirik; özümüzü başqa
cür mənalandırmağa
cəhd edirik.
Gəl
ki, yaşamağın sirri
sadədir, üzdədir
və xeyli bəsitdir.
İlk kütləvi qətliam hələ əvvəldə
– Qabilin Habili öldürdüyü gün
baş vermişdi və onda dünya
əhalisinin dörddə
biri qırılmışdı.
Sonra qovulduq, qovulub göyün altına, yerin üstünə düşdük.
Yəni,
sevgisizlik, tənhalıq
ta əzəl gündən
başladı, - kobud desək, xəmirimizin mayasından...
Biz yerin üstünə, göyün altına gəldik, ölçüsüz,
metafizik, irrasional müstəvidən ölçülü
müstəviyə endik
və elə o gündən ölçü/biçinin qurbanına çevrildik.
Bizi sosial şəbəkə
korlayır, yoxsa televiziya?
Lənət, dəhşətli cinayətlər
və qara magiya - Ən məşhur 8 qotik roman
"Səni səni" mahnısına 22 il sonra klip çəkdirdi
Fitrətən, ruhən buralara,
– yəni, yerin üstünə, göyün
altına yadlığımızın
nəticəsi – əbədi
tənhalıq...
Əbədi tənhalığın yüz ili ekranda
Sevimli yazıçım Qabriel Qarsia Markesin (bundan sonra “Qabo”)
eyniadlı əsərinin
motivləri əsasında
çəkilmiş 8 saat
50 dəqiqəlik “Yüz
ilin tənhalığı”
mini/serialının birinci
mövsümünü izlədim.
Necə
ki qələmlə klaviaturanın
fərqi var, eləcə
də qələmlə
kameranın fərqi
var və bu iki köçürmə
aləti yaradıcılığın
ilhamını tamamilə
fərqli mənbələrdən
alır.
Klaviatura
hərflərin şəkillərindən
ibarətdirsə... bir
növ, klaviaturayla yazmaq düşüncəmizi
hərfin özüylə
yox, onun şəkliylə köçürməkdirsə...
qələmlə yazmaq
birbaşa düşüncənin
özüylə təmasda
olmaqdır.
Eyni cür müqayisəni həm də qələmlə kamera arasında aparmaq olar.
Əsər yazılır, – təbii,
klaviatura ilə yazılan əsərlərlə
qələmlə yazılan
əsərlərin intonasiyası,
stixiyası, mahiyyəti
fərqlidir və bunu ancaq təcrübəli
oxucu duyur, – yəni, düşüncə,
təxəyyül kağıza
köçürülür, özü də, olduğu kimi yox, əlbəttə, yolda, - düşüncədən
ələcənki məsafədə
bir neçə söz, bir neçə
hərf itir, yoxalır.
Üstəgəl, sən kağıza
köçürülmüşü təsvir etməyə, vizuallaşdırmağa cəhd
edirsən.
Belə
demək olar: kameranı yazının mənbəyinə tuşlayırsan,
sözün rəsmini
çəkməyə çalışırsan.
Proses o vaxt uğurla nəticələnir ki, kameran
yolda düşmüş,
itirilmiş haman hərfləri, sözləri
görə... Yaxud müəllifin ruhunu duyasan, azı, onun köçürdüklərini
olduğu kimi vizuallaşdıra biləsən.
Yaxud da... İndinin, bu saatın tamaşaçısını elə
indinin texnikasıyla əsrlər əvvəl baş vermiş hadisənin içində
elə gəzdirəsən,
elə fırladasan
ki...
Borxesin
“Pyer Menar” hekayəsini xatırlayıram...
Hekayənin qəhrəmanı Sevantesin
“Don Kixot” əsərini
yenidən yazmaq istəyir və yazmağa da başlayır.
Obraz nə etməlidir? Dörd əsr ərzində baş verən hər şeyi unutmalıdır. Paravozu, gəmiləri, təyyarələri, elektron
məhsulları, inqilabları...
Olan, ölən hər
şeyi unudub 16-cı
əsrə daxil olmalıdır, daha doğrusu, adlamalıdır.
Hekayədə Borxes həm Pyer Menarın,
həm də Servantesin “Don Kixot”undan
misallar gətirir. Mən o misalları, bəlkə də, 50 dəfə oxumuşam ki, görüm, nə fərqi var. Ancaq nöqtə boyda da fərq yox idi.
Zamandan tamamilə təcrid olunmaqla əsərin uğurlu olmasına nail olmaq olar. Hər
şeydən təcrid
olunmaq və ideyanı sözə çevirmək…
Yaxud hər şeydən təcrid olunmaq və ideyanı vizual həll etmək…
Elə mən özüm də indi nəsə
qeyri-adi bir şey yazmıram, yaxud nəsə icad eləmirəm… Əvvəllər yazılmış
mətnləri, deyilmiş
sözləri, bir növ, redaktə edirəm.
Günəşin altında yeni heç
nə yoxdur!
Hər şey mahiyyətcə eyni, formaca fərqlidir...
Deməli,
hər şey təkrarlanır...
Bir il, beş il, on il, yüz
il...
Kədərlənmək lazım deyil. Xeyli uğurlu
nəticələr var, əlbət,
– məsələn, Günter Qrassın romanı əsasında Şlöndorfun
çəkdiyi “Tənəkə
təbil” filmi. – di gəl,
uğursuz nəticələr
daha çoxdur. Elə təzəlikcə
Xuan Rulfonun eyniadlı
əsəri əsasında
çəkilmiş “Pedro Paramo” filmi...
Qəribədir. Nədən ki, Markes
özü əsərlərinin
ekranizasiyasına qarşı
idi və təxminən, “əsərlərim
ölümümdən 70 il sonra ekranlaşdırıla
bilər” demişdi.
Görünür, Netfliks onun oğullarının saqqızını
oğurlamağı bacarıb.
Taleyindən qaçmaq istəyən
Xose Arkadio Buendianın timsalında lənətlənmiş ailənin
hər şeydən, hər kəsdən uzaqda, fəqət qaçmaq istədikləri
talenin hüdudları
daxilində sirli/sehrli gərdişə qarşı qanlı/mifik mübarizəsi; ötəri qələbə
və müqəddəs
yazıdan qaçışın
məhvedici mümkünsüzlüyü:
süqut!
Sözsüz/şübhəsiz əsərin
vizual həlli uğurludur, demək olar, yaradıcı heyət Qabonun qələminə sadiq qalıb.
Düzdür, bəzi əlavələr
də var, bəzi detallar ötəri işlənilib, yaxud, ümumiyyətlə, ötüşdürülüb,
ancaq məlum, mətn ekrana köçürsə, yəni
növbəti müstəvidə
yaşamağa başlayırsa,
o müstəvinin, o mühitin
ab/havasına uyğunlaşır,
uyğunlaşmalıdır da.
Əbədi tənhalığın yüz ili kitabda
“Yüz ilin tənhalığı”
dərc olunanda Qabonun qırx yaşı vardı.
Düşünürəm ki, əsərin
uğurunda Qabo qədər onun sevimli həyat yoldaşı Mersedesin də rolu var.
Belə
ki, yazıçı otağında
– xatirələrin ağuşunda,
cümlədən/cümləyə,
nəsildən/nəslə
keçəndə onun
ömür rəfiqi Mersedes xanım satıcıları, qəssabı,
ev yiyəsini inandırmağa çalışırdı
ki, hələlik pulumuz
yoxdur, bizə vaxt verin, Qabriel
yazıb qurtarsın, hamınızın borcunu artıqlaması ilə qaytaracağıq.
O, Qaboya inanırdı, borc yiyələri də ona... müəllif isə xatirələrinə...
İş elə gətirir
ki, əsəri naşirə
göndərmək üçün
Mersedesin şəxsi əşayalarını da girov
qoyurlar...
Nəhayət, kitab səkkiz min tirajla
dərc edilir və elə həmin həftə hamısı satılır.
Beləcə, “Yüz ilin tənhalığı” dünya
turuna çıxır...
Xəyalla gerçəkliyin, reallıqla
fantastikanın qovuşağında
yazılmış əsərdəki
hadisələr Makondoda
baş versə də, Qabonun bu qəhvəyi/sarımtraq kommunasını
təkcə Kolumbiyanın,
Cənubi Amerikanın
yox, elə dünyanın simvolu – modeli hesab etmək
olar.
Filmdə
də bu görünməz sərhəd,
daha doğrusu, xəyalla gerçəkliyin,
reallıqla fantastikanın
sərhədsizliyi, bir-birindəki
estetik həlli ustalıqla işlənib.
Ümumiyyətlə, öyrənək
görək, bu əsər niyə magik/realist əsər hesab edilir?
Bir fikrə görə, magik realizm reallığın
magik/real tərəflərinin
iç-içə olmasıdır,
bir başqa fikrə görə isə təzadların cəmi.
Məsələn, metafizikaya inam,
qohum/əqrəba, nəsil/şəcərə
əlaqələri, insest,
batil inanclara, şəhər əfsanələrinə,
sehrə/caduya inam, folklora söykənmək və sair.
Magik realizmdə ən gözə batan məsələ qohum/əqrəba əlaqələridir.
Bu əsərlərdə bütöv
mətn bir soy ağacı, şəcərə
ağacı üstündə
qurulur və əsərdəki hadisələrə
bu soydan gələn qohumlar istiqamət verir.
Siyasət fantaziya ilə toqquşur.
Məsələn, Latın Amerikasında
insanlar miflərlə,
əfsanələrlə, batil
inanclarla iç/içə yaşayırlar.
Onlar üçün
qeyri/adilik həyatın ən adi həqiqətidir.
Magik realizmdə sehr/cadu adiləşir, tarix xronoloji ardıcıllıqla təsvir
edilmir; yazıçı
xarici reallığı,
gördüklərini olduğu
kimi yazmır; qarmaqarışıq hala salır, şişirdir...
Əsərdəki hadisələrin çoxu
Qabonun uşaqlığı
ilə bağlıdır.
Bu və ya digər formada – ya eşitdikləri, ya da yaşadıqlarıdır.
Məlum,
Qabriel Qarsia Markesin uşaqlığı
Kolumbiyanın Arakataka
qəsəbəsində keçib.
Və elə həmin vaxt o, nənəsinin qeyri/adi nəqletmə
üslubuyla tanış
olur. Yazıçı
sonralar qeyd edir ki, nənəsi mifoloji qəhrəmanlar haqqında hekayələr
uydururdu, qorxulu nağıllar danışırdı,
ancaq mimikaları dəyişmirdi, qətiyyən
həyəcanlanmırdı, təəccüblənmirdi.
Çünki o inanırdı...
Tənhalığın növbəti dayanacağı - Makondo
Xose Arkadio ilə onun arvadı Ursula İquara qohumdur və Ursulanın anasının dediyinə görə, əgər onlar sevişsələr, dünyaya ebəcər, donuz quyruqlu bir uşaq gələcək.
Odur ki, Ursula Arkadionu uzun müddət yatağına yaxın buraxmır, fəqət, bir gün xoruz
döyüşçüsü Prudensio Arkadionun kişiliyinə lağ eləyir, hamının yanında ona söz atır... Buendiaları qısırlıqda
ittiham etmək... əlbəttə, ölümlə
nəticələnməli idi...
Bəli, Xose Arkadio Buendia onu öldürür, Ursulanı isə sözün əsl mənasında arvadı olmağa məcbur edir...
İş elə gətirir
ki, Ursula nur topu kimi bir oğlan
uşağı doğur...
Günlər, beləcə, qığıltıyla
ötüb keçir,
ancaq Arkadionun öldürdüyü Prudensionun
ruhu onlardan əl çəkmir.
Tez/tez ər/arvadın
qabağına çıxan
qanlı ruh onları əməlli/başlı narahat etməyə başlayır.
Nəhayət, Arkadio həyat
yoldaşı Ursulanı
da, dostlarını da xeyli
uzağa – dəniz sahilinə getməyə, hamıdan, hər şeydən uzaqda yeni yurd salmağa, çoxalmağa, inkişaf
etməyə razı salır. Üstəlik, onlarla ailə də ümid yolçularına qoşulur...
Yolçular az gedir, çox gedir, dərə/təpə düz gedir, gəlib Xose Arkadionun yuxuda gördüyü əraziyə
çatırlar.
Və beləliklə, Makondo qəsəbəsi salınır...
Makondo –
Buendiaların tənhalığının
növbəti dayanacağı...
“Makondo” Markesin uşaqlığının keçdiyi
qəsəbədəki banan
plantasiyalarından birinin
adı idi.
2006-cı
ildə mer təklif etmişdi ki, Arakataka “Makondo” adlandırılsın, ancaq
təklif qəbul olunmamışdı.
Buzla tanışlıq məsələsi
də realdır. Qabo xatırlayır ki, babamın məni ilk dəfə buzla tanış etdiyi gün bananların qablandığı/çeşidləndiyi
sexsayaq yerə getmişdik. Babam mənə dedi ki, əlimi qutunun içindəki ağ duzaoxşar maddənin üstünə qoyum... Beləcə, mən buzla tanış olmuşdum...
Xatirədən kitaba, kitabdan Netfliksə
Əsərdə (elə fimdə
də) Qabo babasını Xose Arkadio Buendio ilə əvəzləyib,
öz yerinə isə Arkadionun uşaqları Xose Arkadio və Aurelianonu qoyub.
Elə
Rebeka da Şimali Amerikanın
kəşfindən sonra
torpaqları alınmış
yerlilərin ümumiləşdirilmiş
obrazıdır.
O, torpaq yeyir... Torpağından didərgin
düşmüş adamların
simvolu kimi onun torpaq yeməyi
özlüyündə magik
akt olsa da, həm də torpaq üstdə gedən dava/dalaşların mənasızlığına,
insanın taleyindəki,
insanlığın tarixindəki
fəsadlarına işarədir.
Başının üstündə sarı
kəpənəklər dolaşan
Maurisiyo Babilyona isə Markez uşaq olanda tez/tez onların
evlərinə gələn
elektrikdir. Müəllif
qeyd edir ki, usta hər dəfə
özüylə çoxlu
sarı kəpənək
gətirirdi.
Nənəsi də deyinərmiş.
Qabo Lyosa ilə söhbətində əsərlərindəki
qadın probleminə tez/tez toxunur,
bəzi məsələlərin
vacibliyini vurğulayır:
“Kolumbiyada bir tənqidçi var, mənim
yazdıqlarımı həddindən
artıq diqqətlə
oxuyur. Onun müşahidəsinə görə,
mənim təsvir etdiyim qadınlar çox etibarlıdır,
müdrikdirlər; ailənin
dayağı olmaqla yanaşı, həm də hər şeyi nəzarətdə
saxlayırlar.
Kişilərsə əksinə, ağıllarına
gələni edirlər,
gah müharibələr edib,
evləri dağıdır,
gah kənd salırlar,
min həngamədən çıxırlar,
bütün səyləri
də puça çıxır. Evdə
oturub, adətlərin,
ilkin dəyərlərin
keşiyində dayanan
qadının sayəsində,
kişilər arxayın
olub müharibədə
vuruşur, yer/yurd seçirlər, Amerikanı məskunlaşdırırlar.
Tənqidçinin bu fikirlərini
oxuyandan sonra mən öz yazılarıma bir də nəzər yetirdim və gördüm ki, həqiqətən,
elədir...
Onda mən “Yüz ilin tənhalığını”
yazırdım, romanda
əsas qadın qəhrəman Ursula idi.
Roman “onun üstündə”
qurulub...”
Makondoda
dünya dəyişir,
pul/para, var/dövlət
hökmranlıq etməyə
başlayır. Buendialar
ailəsinin rifahı məhz Ursulanın işgüzarlığı, tədarük
və tədbirləri
sayəsində get/gedə
yaxşılaşır.
Heç
təsadüfi deyil
ki, Q. Markes yaradıcılığını
tədqiq edən bir çox ədəbiyyatşünaslar Ursulanın
timsalında, adətən,
Latın Amerikasında
kişilərə aid olunan
“maço-qadın” obrazını
görürlər.
Həqiqətən də, Buendialar
nəslində yaxşı
nə varsa, Ursula İquaranın adı ilə bağlıdır.
Makondonun
tərəqqiyə aparan
yoluna ilk həqiqi qiymət verən də elə Ursuladır.
O, deyir ki, zaman elə bil müəyyən dairə ətrafında fırlanır. Doğrudan
da, hər şey Ursulanın söylədiyini
təsdiq edir. Buendialar nəslində dünyaya gələn kişilərin, qadınların
adət/ənənələri,
bir/birini əvəz edən nəsillərin, insanların
taleyi də oxşardır.
Həm situasiyalar, həm də sözlər demək olar, təkrarlanır.
Markes bəzi qəhrəmanların
ömrünü qəsdən
uzadır, onların yaşı çoxdur. Özü də, bizi inandırmağa çalışır ki, məsələn,
Ursulanın yaşı
170-dən yuxarıdır, Pilar Temeirin də həmçinin...
Ursula axıra qədər də başqaları kimi, necə deyərlər, öz ağlını itirmir. Zindana düşən oğlunu yoluxmağa gəlir, onun barəsində fikirləşdiklərini,
utanıb çəkinmədən
oğlunun üzünə
deyir.
Vaxtilə, onu güclə,
nizəylə, hədələyib
yatağa sürükləyən
ərinə — Xose Arkadionun üzünə belə demişdi ki, sən bu izdivacla
böyük bir bəlanın özül daşını qoydun...
Ancaq bəzən Ursula da insanın
dərdinə kor baxan insana çevrilir,
hətta ana kimi bir varlığın şəfqət işığı
da öz bətnindən
uzağa düşmür.
O eşidəndə ki, oğlu
gəmi qəzasına
uğrayıb bir adanın sahilinə atılanda adam əti yeməyə məcbur olub, övladının yediyi adamın da hansısa bədbəxt ananın övladı olduğunu düşünmür, yalnızca
buna təəssüflənir ki, onun əziz/xələf balası haram
tikəylə qidalanmağa
məcbur olub: “Zavallı oğlum, biz də burada qabağımızdan qalan
nə qədər yeməyi donuzlara atmışıq”.
Yaxud, gözəl Remediosu qətiyyən anlamır. Mələk kimi qızın dərdindən
ölənlər, divar
dibində can verənlər
onun qəlbinə yol tapmağın çəmini bilmirlər.
Roman boyu baş verənləri flobersayağı
laqeyd bir tövrlə kənardan, daha doğrusu, yuxarıdan izləyən,
hadisələri nəhəng
kamerasıyla tələsmədən
seyr eləyən, dünya dağılsa belə, halını dəyişməyən müəllif
yalnız bu məqamda əsərin içinə girməyə,
personajların qəlbinə
dürtülməyə balaca,
çox balaca bir ayaqyeri qoyur:
Remediosun mükəmməl
bədəninə aşiq
olmuş bütpərəstlər
anlamırlar ki, bu qızı ələ almaqdan ötrü onu, sadəcə, sevmək lazımdır. Sadəcə, sevmək, vəssalam!
Məhəbbətin simvolu.... gözəl Remedios... onun gözəlliyindən ətrafa
soyuqluq, ölüm nəfəsi saçılır...
Remedios
da, Amaranta da bakirədir,
ancaq Amarantanın bakirəliyi qorxaqlıqdan,
təkəbbür və
eqoizmdən irəli gəlirsə, Remediosdakı
təmizlik humanizmdən,
bəşər övladının
tam azadlığı duyğusundan
doğur. Remediosun gözəlliyi aldadıcı
olsa da, hər halda ideal məhəbbət
arzusuna yaxındır.
Bəlkə, elə ona görə də yazıçı onun taleyini çox
sadə yolla axıra çatdırır.
Külək əlindəki
mələfə ilə
birgə Remediosu göylərə qaldırır
və beləcə,
Remedios ülviliyə qovuşur...
Buendia nəslinin içində təkcə onu qiyamət əzabından qurtulmuş saymaq olar.
Elə bil Ursula İquaranın bəxtidir ki, Buendia nəsli üçün məhəbbət deyilən
şey — yalnız və yalnız şəhvəti zor gücü ilə söndürməkdən ibarətdir.
Öz-özünü didib/dağıdan ehtiras — Aureliano adını daşıyanlara xasdır.
Soyuqluq, qorxu, hər şeydən çəkinmək isə
Amaranta və Fernandanın payına düşüb. Onsuz da nəticə eynidir — belə məhəbbətə
bənzər hisslər
insanları birləşdirməyib,
bir-birindən ayırmağa
aparıb çıxarır.
Aurelianonun belə “məhəbbət”lərə
qiyməti dəqiqdir:
“Ömür qısadır,
doğub/törəyin,
ay inəklər...”
...bir çox sirlər/sehrlər sözsüz ki, vaxtaşırı
Makondoya baş çəkən və hər gələndə də təzə bir möcüzə gətirən qaraçılarla
bağlıdır.
Bəli,
dünyadan tamamilə
təcrid olunmuş Makondo və makondalılar hardan gəlib və hara getdikləri məlum olmayan qaraçıların
gəlişiylə dəyişir...
Qaraçılar Makondo əhlini
“son kəşflər”lə
tanış edir və bu görüşlərdən
gecə/gündüzünü,
yuxusunu, rahatlığını
büsbütün itirənsə,
əlbəttə, Xose
Arkadio Buendiadır.
Onu da deyim ki, qaraçılar Makondoya bizim təsəvvürə gətirdiyimiz
real dünyadan deyil, elə bil Amerika kəşf olunan bir əyyamdan, bəlkə də, gələcəkdən gəlirlər.
Hər halda bunu dəqiqləşdirmək
mümkün deyil və buna cəhd göstərmək də əbəsdir.
Xose Arkadio Buendianın xəmiri, macəra, səyahət, narahatlıq,
çətinlik, məşəqqət
və eyni zamanda bütün bunlardan alınan ləzzətdən yoğrulub.
Düzdür, müəllif orta
əsrlərin İntibah
dövrünün ruhunu
yaşadır. Ancaq hər şey markessayağıdır, belə
ki, İntibah ruhu “Yüz ilin tənhalığı”nda həm
öyülür, həm
də Markesə xas şəkildə kinayə obyektinə çevrilir.
Yəni,
ciddi münasibətlə,
istehzanın arasında
möhkəm bir sədd yoxdur və ümumiyyətlə,
belə bir sərhəddən danışmaq
lüzumsuzdur. Q. Markes
bütün sədlərə,
sərhədlərə, ölçülərə
sarkazmla yanaşır.
Müəllifin qrotesk dünyasına
müasir cəhətdən
yanaşsaq, Avropa sivilizasiyasının daşıyıcısı,
həm də sehrin, möcüzənin qoruyucusu məhz bu kinopritçada qaraçılardır, ovsunçulardır.
Qaraçılar/ovsunçular Xose
Arkadionu da elmi axtarışlara sövq edir, ancaq bunlar
heç biri nəticə vermir. O, maqnitin köməyilə Yerin təkindən qızıl çıxarmaq
istəyir. Fəlsəfi
daşın, əbədi
mühərrikin axtarışı
da səmərəsiz qalır.
Və
get/gedə özünə
qapanır, sayıqlayır,
az qala, ağlını itirsin...
Bu mərəzdan xilas yolusa... yoxdur...
Qaraçılarla görüşdən sonra Makondonun banisi, öz yurdunu sivilizasiya yoluna çıxarmaq, ətraf dünyaya calamaq arzusuna düşür. Amma ürəyinin
dərinliyində hiss edir
ki, Makondodan heç bir tərəfə çıxış yolu yoxdur.
Təsadüfi deyil ki, camaatı
gəldikləri səmtə
aparmağı lazım
bilmir, deməli, keçmişlə əlaqə
tamamilə qırılır...
Makondo əhlinin köməyinə
qaraçıların başçısı
Melkiades çatır.
O, sehrli məcunun yardımı ilə Makondo camaatının yaddaşını özünə
qaytarır və özü də həmişəlik Makondoda
qalır.
Çox
çəkmir ki, Melkiades
özünü bircə
işə - Makondonun və Buendialar nəslinin gələcək
taleyinə həsr edir. Ölümünə
bir az qalmışa
qədər, Melkiades,
baxıcılıq işini
başa çatdırır,
ancaq özünün
öncəgörməsini çox
diqqətlə kodlaşdırır.
Sehrli cızmaqarayla yazılmış perqamentlər
hələ uzun müddət Buendiaların
mülkündə qalasıdır
və o perqamentlərin
sirri açılanda,
Melkiadesin xətti oxunanda artıq iş/işdən keçəcək.
Makondo əhlinin dadına heç kim çatmayacaq...
Q. Markes öz müsahibələrinin birində
etiraf edir ki, romanın axırına qədər bilmirdim, əsəri necə qurtarım. Axıra qədər Melkiadesin perqamentlərə nə yazdığı mənə
də məlum deyildi...
Finala çatanda romanı bir də əvvəldən
oxuyub başa çıxdım... Və
bir gecə elə bil məni
dümsükləyib yuxudan
durğuzdular.
Bəli!
Melkiades elə mənim yazıb başa vurduğum romanı yazırmış!
Ona əyan idi ki, Makondonu tufan/qasırğa
Yer üzündən süpürüb aparacaq. Ancaq Melkiadesin hansı dildə yazdığı da mənim
üçün naməlum
idi. Sonradan aydınlaşdı ki, Melkiades
qaraçı olduğu
üçün onun yazısı yalnız sanskritdə ola bilər...
Final mənim özümün
də xoşuma gəlir. Yəni elə bil ki, roman qıfıllanıb...
O əsərdə sirk ilə bağlı maraqlı bir fraqment - sanki yazıçının əsas
qayəsi kimi səslənir. Melkiades çadır/sirkin yanında deyir ki, əşyaların da öz
ömrü var. Məsələ
onların qəlbini oyatmaqdadır.
Sirk
roman qəhrəmanlarının yatmış duyğularını,
xatirələrini oyatmaq
üçün də
yazıçının dadına
çatır.
Polkovnik
Aureliano Buendia qocalığında həyətə
çıxır, qulağına
Makondoya gələn sirk arabasının zınqırov səsləri
gəlir; qaranlıqda
gözünə fil, həm
də rəqqasə görünür, ancaq nə qədər arayırsa, öz qəlbində heç bir xatirə tapa bilmir, güllələnməzdən
əvvəl atasının
onu sirkə aparıb buzu göstərməyi yadına
düşür, ölüm
ayağında yenə
sirki xatırlayır...
Qabo “güzgü” motivindən də Buendialar nəslinin bir komponenti kimi istifadə edir. Təzə yurd yeri axtaran Xose
Arkadio yuxuda dolaşıq da olsa, Makondonun adını eşidir, daha sonra isə divarları güzgülü,
qələbəlik bir
şəhər görür.
Güzgü - təkrarın, qayıdışın,
nəhayət, bütün
Buendialar nəslinin rəmzi sayılır.
Elə qaraçıların başçısı
Melkiades də Xose Arkadioya təlqin etməyə çalışır ki, Makondo
yer üzündən silinib gedəcək və onun yerində
evləri güzgüdən
tikilən bir şəhər ucalacaq. Xose Arkadio isə
onunla razılaşmır
və deyir ki, o şəhərin divarları
buzdan tikiləcək,
özü də o şəhərdə Buendialar
nəslindən mütləq
kimsə bir nəfər yaşayacaq.
Xose Arkadionun təsəvvüründə
dünyanın ən böyük möcüzəsi
buzdur.
Təsadüfi deyil ki, Xose Arkadionun xələflərindən
kimsə, öz əcdadının arzusunu
yerinə yetirərək,
Makondoda “buz fabriki” açmaq istəyir.
Əlbəttə, bu layihə də Buendiaların bir çox arzusu kimi puça
çıxır.
Şübhəsiz, belə də olmalıdır.
O şeyin ki özülündə
buz var... o şey mütləq əriyəcək...
Dünyanın heçliyi/puçluğu
və eyni zamanda, həyatın spiralvari, əslində, qızmar günəş altında buzdan tikilən şəhər
kimi mənasız bir şey olduğu
- amansız qənaətdir.
“Buz” motivi
ideala yetmək üçün bir vasitə kimi də görünə bilər. O ideala ki, nə Buendialar,
nə də ümumi bəşər cinsindən hələ ki yetişən olmayıb. Əksinə, istər Makondoda, istərsə Yer üzündə bəşər
övladının başına
gələn dərd və bəlalar güzgü prinsipi ilə durmadan təkrarlanır.
Baxmayaraq ki,
hər şey Makondoda dünyanın yaranışındakı kimi
təzə/təzə
başlamışdı... dünya
tər/təzəydi,
ona görə də çox şeyin adı yoxuydu, onları ancaq barmaqla göstərirdilər... Sanki
bəşər övladının
çoxdankı arzusu
yerinə yetmişdi...
hamı zəhmət çəkirdi, feyzini də hamı eyni dərəcədə
görürdü, hamı
eyni hüquqa malik idi, evlər
elə tikilmişdi ki, hamının payına eyni dərəcədə gün
işığı düşürdü.
Ancaq bir
gün bir nəfər gəlir və məlum olur ki, dövlət
Makondodakı evlərin
maviyə boyanması haqqında qərar çıxarıb.
Yəni, beləcə,
Makondoya siyasət ayaq açır və təkcə ayaq açmır, həm də bu mistik/işıqlı
kommunanı uçuruma
sürükləyir...
Kolumbiyadakı vətəndaş müharibəsi,
Amerikanın kəşfi,
yaranmaqda olan milli burjuaziyanın görməmişliyi, ABŞ-nin
hiyləgər təzyiqi,
xarici kapitalın təzyiqinə qarşı
ilk kütləvi etirazlar, eləcə də ilk qurbanlar...
Bu kinopritçanı
arxeoloji baxımdan analiz etsək, həm Kolumbiya, həm də bütövlükdə Latın/amerikan tarixinin bir neçə dövrü ilə rastlaşmış olarıq.
Xüsusilə, Kolumbiyanın
ən ağır dövrlərindən biri olan “violensiya”, yəni, vətəndaş
müharibəsi...
Qabo deyirdi
ki, mənim uydurduğum Makondo - Latın Amerikasının
bu günüdür, indisidir, bu qitənin
müasir problemləridir,
çünki keçmişdə
və hazırda Makondoya bənzər minlərlə qəsəbə
ABŞ monopoliyalarının əsarəti altında inləyir, məhv olur.
Hadisələr, təqribən, yüz illik bir dövrü
əhatə eləyir.
Bu zaman müddətində Buendia
ailəsinin altı nəsli dünyaya gəlir, Makondo iyirmi daxmalıq bir kənddən böyük qəsəbəyə,
şəhərciyə çevrilir,
fəqət sonda insest/siyasət bəlasına düçar
olan nəsil də kəsilir, sivilizasiyadan aralanıb tarixin tozuna bürünən qəsəbə
də dağılır.
Qiyamət küləyi,
Nuh tufanı hər şeyə son qoyur.
Düzdür, sonluğu filmin ikinci səkkizliyində izləyəcəyik, yaradıcı
heyətin əsərə
sadiqliyi imkan verir ki, sonluğu
aşağı/yuxarı
təxmin edim: Nəslin sonu da insestlə bitir, bilmədən bibisi ilə evlənən Aureliano Babilonyanın arvadı ondan donuz quyruqlu
uşaq dünyaya gətirir. Qadın qanaxmadan ölür, uşağı qarışqalar
yeyir. Aureliano özü isə qaraçı Melkiadesin otağına çəkilib
perqamentlərin sirrini
çözməkdəykən anlayır ki, bu otaqdan daha
çıxa bilməyəcək,
Makondoya fələyin
elçisi kimi gəlib/gedən qaraçının yazdıqları
çin olub: Nuh tufanı qopub, Buendianın da, Makondonun da axırı çatıb.
Təklik, yalqızlıq
onların nəsil xəstəliyidir, tək yaşamaq, yalqız ölmək onların qismətidir...
Elə bizim də...
Ömər Xəyyam
Ədəbiyyat qəzeti.-
2024.- 27 dekabr, ¹51-52.- S.8-10.