Türklük üçün yaşadı...  

 

1879-cu ildə Sinopda doğulan Rza Nur sarsıntılarla dolu siyasi bir həyat yaşadı... "Oğuz dastanı"nın sonunda özünün etiraf etdiyi kimi, "Misirdə, Parisdə dürlü təhlükələr keçirə-keçirə" ömür sürdü. Ölümündən dörd il əvvəl Türkiyəyə qayıda bildi. Ömrünün sonlarında İstanbulda Taksimdə Sülün Palasda "tənha, pərişan, bezgin xəstə" yaşadı. 1942-ci ildə dünyasını dəyişən Rza Nurun məzar daşına Nihal Atsız bu sözləri yazdırıb: "Türklük üçün yaşadı, öldü".

Düşüncələri, xüsusən, Atatürklə bağlı yazdıqları Türkiyənin siyasi çevrələrində haqlı olaraq, bu günə qədər qınaqla qarşılanan Rza Nur, hər halda, müasir Türkiyə tarixinin maraqlı simalarından biridir. Hərbi həkim, tibb professoruydu. Əvvəlcə Məclisi-Məbusan üzvü, sonra ilk çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı da seçilmişdi. Milli hökumətin ilk təhsil naziri, Türkiyənin sağlıq bakanı vəzifəsində çalışmışdı.

"Ən böyük iftixarım türk yaradılmağımdır. Bu qədər tarix oxudum... türk qədər böyük yüksək bir tarixə malik millət görmədim" deyən Rza Nur 12 cildlik "Rəsmli xəritəli türk tarixi"nin müəllifidir. "Son dövr tariximizin birinci sinif şəxsiyyətlərindən olan Rza Nurun bu kitabı milli həyəcanverici olması baxımından çox mühümdür" deyən Nihal Atsız etiraf edir ki, "Bu kitab milliyyətçi bir nəsli - bizim nəslimizi yetişdirmişdir".

Parisdə yaşadığı illərdə "Oğuz xaqan" dastanını nəzmə çəkib. "Mən türkə eşqimdən ağlımı itirdim" deyə bu yolda yaşadığı iztirablardan bəhs edərkən: "Kəndim için deyil bunların heç biri. / Türk için yanmışdır bağrımın hər yeri. / Bunu bən sevərək yapdım. / Ne yapım? Türklüyə tapdım...", - deyə milliyyətçi şeirlər yazıb, türk ədəbiyyatına dair çoxlu tədqiqlərin, "Şahnamə Firdovsi", "Əlişir Nəvai", "Qayğusuz Abdal", "Namik Kamal" b. kitabların müəllifidir. Folklor araşdırmaları var, opera mətnlərinin tərcüməçisi kimi xeyli görüb, erməni tarixini qələmə alıb, tibbə dair yazdığı əsərlər Almaniyada nəşr olunub. Türkiyədəki tarixi-memarlıq əsərlərinin inventarlaşdırılmasını maarif naziri olarkən, ilk dəfə o həyata keçirib s.

Dilin sadələşdirilməsi ilə bağlı prinsipial mövqeyi vardı. Avropa mənşəli sözləri deyil, qədim türk sözlərinin canlandırılmasına tərəfdar idi müəllifi olduğu 12 cildlik "Türk Tarixi" əsərini elmi dilin sadələşməsinə, qədim türk sözlərinin ehyasına nümunə olan ilk elmi əsər hesab edirdi. Türk dilini ərəb-fars tərkiblərindən təmizləməyi israrla tələb edirdi, eyni zamanda türkcədən çıxarılan həmin sözlərin yerinə Avropa mənşəli sözlərin alınmasını da qəbul etmirdi. Saf türkcənin tərəfdarıydı.

Rza Nur məfkurə adamıydı. Peyami Səfa 1941-ci ildə yazırdı ki, "Bu millətin kültür, əxlaq, siyasət, istiqlal, inqilab... hansı böyük davasına göz atsanız, orda Rza Nurun abidə halında böyük bir əsərini, fəqət bu əsərin arxasında heç bir qazanc şərəf bəkləmədən özünü silən, haqq etdiyi şeylərdən imtina edən fərağətli insan çöhrəsini görərsiniz. Məşrutiyyət inqilabında Rza Nur, milli mücadilədə Rza Nur, Cümhuriyyət inqilabında Rza Nur... Davaların hamısında fədakarlıq şərt olunca Rza Nur mövcud. Fəqət, şərəf mükafat almaq sırası gəlincə namövcuddur. Tariximizin fəlakət fəslində Rza Nur məşhur, mənfəət fəslində məchul bir simadır".

Övladı yox idi. "Həyat xatiratım" kitabının üslubundan da aydın görünür ki, müəllif nevrozdan əziyyət çəkir. bu kitabdakı Atatürklə bağlı nevrozlu səhifələr Rza Nurun unudulmasına səbəb oldu. Onun türkçü obrazını zədələdi... Zədələsə , Rza Nurun milliyyətçi keçmişinin üstündən xətt çəkə bilmədi. Həm necə xətt çəkə bilərdi ki, beynəlxalq aləmdə Türkiyə Cümhuriyyətinin müstəqilliyini hegemonluğunu təsbit edən Lozanna sülh konfransına Atatürkün göndərdiyi üç diplomatdan biri elə həmin bu Rza Nur olmuşdu.

 

***

 

Rza Nur Parisdə yazdığı xatirələrini qorumaq üçün 1935-ci ildə British Museum kitabxanasına bu şərtlə təhvil vermişdi ki, bu xatirələr 1960-cı ilə qədər oxunmasın.

"Atatürkü Qoruma Qanunu"na zidd olduğu üçün nəşri uzun müddət yasaqlanan "Həyat xatiratım" əsərinin 1992-ci il nəşrindən bir parçanı ("Ədəbiyyat qəzeti"nin 31 mart 2006-cı il tarixli sayından sonra ikinci dəfə,) yenidən təqdim edirəm. İndi bu sətirləri yazdıqca xatırladım. 2006-cı ildə Rza Nurla bağlı yazım dərc olunan gün rəhmətlik professor Şamil Cəmşidov mənə zəng vurub Rza Nurun türk ədəbiyyatı tarixindəki yeri, xüsusən, onun yazıya köçürdüyü "Oğuz xaqan" dastanı barədə ürəkdolusu xoş sözlər demişdi. Əslində Rza Nur Azərbaycanda tanınmalı bir şəxsiyyətdir.

Onun Azərbaycana çox dəxli var. O mənada ki, Naxçıvanın Ermənistana verilməsini əngəlləyən türk diplomatlarından biri doktor Rza Nur olub. Yəni o, Türkiyə dövlətinin - Atatürkün Naxçıvanla bağlı danışıqlar aparmaq üçün Moskvaya göndərdiyi diplomatik heyətin üç üzvündən biri olmuşdu. Xariçi işlər naziri Yusuf Kamal, Ali Fuat Cebesoy Rza Nur 1921-ci ilin fevralında Moskvada Naxçıvanın statusu ilə bağlı məsələni Stalinlə müzakirə etmişdilər. Stalinin " üçün Naxçıvan məsələsində bu qədər israr edirsiniz?" sualına, onlar Atatürkün "Çünki Naxçıvan türk qapısıdır" sözləriylə cavab vermişdilər. Bir sözlə, Naxçıvanın taleyi Rza Nurun da təmsil olunduğu diplomatik heyətin Stalinlə görüşdüyü günlərdə həll olunmuşdu. Stalin Çiçerinlə davamlı ağır müzakirələrdən sonra Stalin Türkiyə nümayəndə heyətinin tələbi ilə razılaşmağa məcbur olmuşdu ki, Naxçıvanın statusu ilə bağlı müzakirədə Ermənistan tərəfi iştirak etməyəcək, Türkiyə Naxçıvan üzərindəki himayə hüququnu Azərbaycana verir, bir şərtlə ki, Azərbaycan da bu himayə haqqını üçüncü bir dövlətə güzəştə getməmək barədə öhdəlik götürür. 1921-ci ildə Moskva müqaviləsi məhz bu şəkildə Azərbaycanın xeyrinə həll olundu. Həmin görüşdə Şərur-Dərələyəz məsələsi Türkiyə Cümhuriyyəti sovet Rusiyası arasında siyasi müzakirə predmeti idi.

Rza Nurun kitabından Moskva səfəri zamanı yolüstü Bakıda dayanarkən, bir neçə gün ərzində gördüklərini əks etdirən səhifələri ixtisarla ( zəruri ixtisarlarla) təqdim edirəm. Bu səhifələrdə tariximizin çox ibrətli məqamları, o cümlədən, Hacı Zeynalabdin Tağıyev ailəsinin kədərli taleyi, Nəriman Nərimanovun I Türkoloji Qurultay ərəfəsində əlifbaya Kremlin siyasətinə münasibəti, Behbud Cavanşir erməni terrorizmi s. məsələlərlə bağlı çox ciddi mülahizələr var...

 

Azər Turan

 

Ədəbiyyat qəzeti.- 2024.- 27 dekabr, №51-52.- S.11.