Keçmişlə
indinin sərhədində: Samirə Əşrəfin
"Mənim
üçün qızılgül" kitabı haqqında
Qadın yaradıcılığının mahiyyəti, məzmunu,
qadının ədəbiyyatdakı yeri haqqında daim diqqət mərkəzində olan, səngimək bilməyən mübahisələrə baxmayaraq, yazıçı qadınlar ədəbiyyata öz xüsusi mövzularını, dünyanı görməyin və təsvir etməyin fərqli üsullarını, bir sözlə, "öz qadınlıqlarını" gətirdilər. Çağdaş ədəbiyyatımızda imzası
ilə seçilən müəlliflərdən biri də
Samirə Əşrəfdir. Yazıçının sayca
ikinci kitabı "Mənim üçün
qızılgül" adlı hekayələr toplusudur.
Qadın nəsrinin ən xarakterik xüsusiyyətlərindən
biri kimi əsərlərin çoxu birinci şəxsin dilindən
nəql edilir, avtobioqrafik cizgilər və ya şəxsi təcrübə
iştirak edir, yaradıcılığın subyekti obyektlə
birləşir, birinci şəxsdən digərlərinə səyahət
edərək hadisələrin çoxunu xatirələr vasitəsilə
nəql edir. Bəzi hallarda onun nəsri lirik-psixoloji hekayəyə
də çevrilə bilir.
Daha
öncələr də qeyd etdiyim kimi, qadın nasirlərin əsərlərdə
tez-tez müraciət etdikləri məkanlardan biri evdir və
buradan qadının əbədi varlığının zaman
və məkan koordinatları keçir.
Yazıçının "Soyuducumun kölgəsi" hekayəsində
soyuducusu xarab olan qadın evə yeni birini alır və
köhnəni onunla əvəzləyir.
Hekayənin
əsasını insanın ruhunun aid olduğu yerdə daha
gözəl və sevimli görünməsi fikri təşkil
edir. Təsadüfi deyil ki, hekayənin əvvəlində
yazıçı yuxu səhnəsi ilə əsərin
ümumi soyuq "hava"sına uyuşmayan səhnə
yaradır. Bu səhnə onun qovularaq zorla
çıxarıldığı rayonunda
yaşadıqlarından (və ya yaşamağı xəyal
etdiklərindən) kiçik bir fraqmentdir. Bununla da müəllif
öz ruhunun da aid olduğu yeri vurğulayır. Əsərin
qəhrəmanı Bakıya gələrkən bu məkana
zorla adaptasiya olmasının acısını ruhunun dərinliyində
hiss etdiyi üçün onu kasıb və məzlum göstərən
ehtişamlı şəhər mühitinin acısını
yaşadığı evdəki digər əşyaları
aciz və həqir vəziyyətə salan yeni soyuducuya
mübhəm bir qısqanclıq duyaraq yaşayır. Müəllif
anasının rayondan gətirdiyi köhnə qabları
sadalayarkən, "Cəbrayıldan Bakıya qədər"
yazmaqla yaşamış olduğu hüznün məkan
koordinatlarını da qeyd etmiş olur.
Yazıçının
"Saturasiya" hekayəsində anasının vaxtsız vəfatından
doğan kədəri gizlədib soyuqqanlı görünmək
məcburiyyətində qalan qadından söz
açılır. Əsərdən yenə də müəllifin
yurd həsrəti "yağır". Anasının vəfatını
onun xəstə yatdığı xəstəxanadan eşidən
qadın içində birdən-birə tək qalmaq
ehtiyacı duyub eyvana çıxmaq istəyəndə
övladının onu müşayiət etməsinə etiraz
olaraq deyir: "Gəlmə! İmkan verin, tək qalım.
Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl
alınanda da qoymadınız!" Bu həngamənin
içində qadın Cəbrayılın
alınmasını xatırlamağa özü də təəccüblənsə
də, bəlkə də, onu anası vəfat edəndə
ağlamağa imkan verməyən başlıca səbəb də
elə məhz budur.
Anası
ilə bağlı xatirələrə dalıb ona etdiyi bəzi
haqsızlıqları xatırlayır. Bununla da o sanki
şüuraltı olaraq əzabını çoxaltmağa, ağlaya
bilməməyinin "intiqamını" özündən
almağa çalışır. Bu natamamlıq hissi hekayənin
sonuna qədər onu tərk etmir. Hadisələrin baş
verdiyi yerlər (xəstəxana, meyit daşıyan
maşın, qəbiristanlıq və s.) hekayənin qəhrəmanının
tənhalığını, həyatını nizama sala bilməməsini
daha qabarıq göstərərək əsərin faciəli
xarakterini müəyyən edir.
Yazıçının
"Açılmayan çətir" hekayəsində eyni
evdə böyümüş iki qız övladının
valideynə - xəstə atalarına fərqli münasibəti
ön planda işlənmişdir. Ailə bədbəxt hadisə
nəticəsində tədricən ağlını
itirmiş atanı ruhi xəstəxanaya həvalə edir.
Qızlardan biri atasını daim düşünüb ona
görə narahat olarkən, digəri isə daha belə bir
atası olduğunu xatırlamaq belə istəmir.
Müəllifin
"Sonuncu yayın sonatası" hekayəsi axıra qədər
şən ab-hava ilə müşayiət olunsa da, sonda kədərli
notlara köklənməsi gözlənilən nəticədir.
Hekayənin baş obrazı - məktəbli qız yeni
alınan pianosunun pəncərələri küçəyə
açılan qonaq otağına qoyulmasını
arzuladığı halda, bu arzusu gözündə qalır.
Piano qaranlıq uşaq otağına qoyulur. Bununla da balaca
qız ata-anasından kiçik bir "intiqam" almaq fikrinə
düşüb, köhnə əşyaların içindən
atasının illər öncə ilk sevgilisinə
yazdığı məktubu tapıb səhər yeməyində
onun adını çəkməsi ilə evə
qanqaraçılıq düşür. Ailə fərqində
deyildi ki, bu, onların, bəlkə də, ən xoş
günləridir. Sonralar torpaqları düşmənlər tərəfindən
işğal olunacaq; öz doğma kəndlərindəki ev də,
piano da, pianonun qoyulduğu otaq da, baş obrazın ilk sevgisi də
tarixin kədərli səhifələrində itib-batacaq. Samirə
Əşrəfin yazı tərzinə belə bir xarakterik
üslub hakimdir ki, o, bədbəxt hadisələri heç
vaxt hədsiz dramatikləşdirərək mətnə
"ağlaşma" salmır.
Özünüidentifikasiya
prosesi həm müəllif, həm də əsas obraz tərəfindən
eyni dərəcəli həyəcanla həyata keçirilir və
müəllifin bədii yaradıcılığında əsas
məqsədlərdən biri halına gəlir. "Rayon
işğal olunandan üç-dörd il sonra Bakıdakı
yataqxanalardan birində məskunlaşan qonşumuz Hacıbala
dayıgilə qonaq getdik. Elşadı son dəfə
dolabın üstünə qoyulmuş, üzərinə
"Məzun" yazılmış albomun
üçüncü sırasından boylanan gördüm. Xəfifdən
gülümsünürdü. Elşad bir də heç zaman
gülümsəyə bilmədi. Bu mənim onunla son
görüşüm oldu".
Bütün
hallarda müəllifin ədəbi vergisinin olması, qələmə
gözəl sahibliyi, tarixi hadisələri kəskin və dəqiq
təsviri, qəhrəmanların parlaq və canlı
obrazları göz önündədir.
Yazıçının
"Mənim üçün qızılgül" hekayəsində
də əhvalat kədərli hadisənin üzərində
qurulur. Əksər hekayələrdə olduğu kimi, bu əsərdə
də baş qəhrəman xatirələrin pəncərəsindən
keçmişə boylanır. Hərdən
düşünürəm ki, keçmiş gələcəyi
idarə etdiyi kimi, bəlkə də, indiki zaman da
keçmişi idarə edir. Əhvalımız çox
xoş olanda keçmişdəki qəmgin hadisə bizim
üçün sadəcə bir xatirə olur.
Ovqatımız pisdirsə, həmin hadisələr də
gözümüzə acınacaqlı, qorxunc və kabus kimi
görünür. Bu baxımdan beynimizin içindəki xatirələr
ona ötürdüyümüz əhval impulslarına
uyğun olaraq müvafiq qovluqlara yığılır. Bu hekayədə
isə biz baş qəhrəmanın əhvalını neytral
olaraq görürük. O elə bil, indiki zamanda dünyanı
rəngarəng deyil, ağ-qara görür. Əksinə,
keçmişi rənglidir. Orada ağ, qara, boz,
narıncı, sarı, bənövşəyi və
qırmızı rənglər var. Keçmiş evlərindən
ayrılmalı olan ailənin başına gəlmiş hadisələrin
fonunda qıza atasının qızılgülləri gətirməsi
isə məhz qırmızı rəngdədir.
Yazıçının
bir çox hekayələrini oxuyanda onun həyat, ölüm,
həyatın mənası, insanın cismən öldükdən
sonra vasil olacağı bilmədiyimiz o sirli aləm haqqında
dərindən düşündüyünün fərqinə
varırıq. Hərçənd min illərdir sirri
açıla bilməyən bu aləm haqqında
düşüncələr elə təxəyyül olaraq da
qalır. Buna rəğmən, insanı daha dərindən
düşünməyə, anlamağa səsləyir. Bu məsələnin
daha bariz şəkildə işləndiyi əsərlərdən
biri "Sərçə" hekayəsidir. "Elə həmin
gündən Sərçə ölüm haqqında
düşünməyə başladı. Tez-tez
anasını, atasını ölümlə bağlı olan
sualları ilə bezdirirdi. Axı necə ola bilərdi ki,
canlı bir insan gözünü yumub hərəkətsiz
halda uzanaydı? Nəfəs almayaydı, yeməyəydi,
içməyəydi? Sonra da həmin adamı aparıb
torpağın altına qoyaydılar. Sərçə əvvəllər
elə bilirdi ki, aparıb torpaq altına qoyduqları adam evində
yatdığı kimi orada da rahatca yatır. Amma tezliklə bu
fikri puça çıxdı. Uşaqlardan, böyüklərdən
eşitdi ki, yox, torpaq altına gömülən tezliklə
çürüməyə başlayır. Onun üzərində
qurdlar, soxulcanlar, cürbəcür böcəklər
qaynaşır. Və həmin adam bir neçə ildən
sonra çürüyüb yoxa çıxır, torpağa
qarışır".
Bu
baxımdan müəllif hekayədə insanın
mövcudluğu problemini araşdıran ekzistensialist fəlsəfə
ilə yaxınlaşır. Sərçənin nəzərindən
dünyanın sirrini açmağa, bütün gizli aləmdən
agah olmağa çalışsa da, eynən mübhəm
kainatın özü kimi Sərçənin
axtarışları da hadisələrdən hali olmağa
qadir deyil. Bununla yanaşı, müəllif əsərdə
insanın təkliyi məsələsinə də diqqət
çəkir. Yas mərasimini təsvir edən müəllif
orada kədərlənib göz yaşı axıdan
yaxınların, qohumların çox qısa bir müddət
sonra normal yaşamlarına geri dönməsini Sərçənin
gözündən təsvir edir. "Elə bil, üzlərini
cırıb ağlaşan bunlar deyildi. Sərçə
onları ağlaşan görəndə elə bilmişdi ki,
Kamran kişinin ölümündən sonra həmin
qadınlar bir də heç vaxt danışıb gülməzlər.
Amma bir gün keçməmişdi, onlar yemək yeyib
çay içir, hətta gülürdülər də".
Doğrusu,
"Rektorun ölümü" hekayəsinin adını
oxuyanda mənə məşhur hekayə ustası
A.Çexovun "Məmurun ölümü" hekayəsini
xatırlatdı. Hərçənd hekayəni oxuduqdan sonra məzmunda
yaxınlıq olmadığını müşahidə etsəm
də, yenə də beyin hüceyrələrim həmin o nahaq
yerə ölən nadan məmuru yada salıb dururdu.
İş ondadır ki, nadanlığın da müxtəlif mənbələri
var. Bəzilərində savadsızlıqdan, bəzilərində
gərəksiz və hədsiz saflıqdan, bəzilərində
yaltaqlıqdan, bəzən də "Rektorun
ölümü" hekayəsində olduğu kimi
riyakarlıqdan yarana bilər. Beləliklə, bütün
iş həyatı boyunca bir çox haqsızlıqlara səbəb
olaraq Universitet idarə edən rektorun faciəvi sonu hekayədə
ibrətamiz formada işlənmişdir.
Yazıçının
"Yapon yaylığı", "Müharibə bitən
gün" və "Eybəcər" adlı hekayələrinin
hər birində xatirələrin fonunda işğal
olunmuş doğma el-obada keçən qayğısız
günlərin işığında mövcud həyatın
bozluğu daha nəzərəçarpan təsvir
olunmuşdur. Baş qəhrəman bu hekayələrin hər
üçündə doğulub böyüdüyü Cəbrayıl
rayonunda keçən gözəl günləri
xatırlayır, hətta o zamanlar
qayğılandığı mövzuların belə, əslində
həyatının ən gözəl günləri olaraq
tarixin yaddaşında əbədi qaldığı qənaətinə
gəlir.
Ümumiyyətlə,
vətən, torpaq, yurd həsrəti
yazıçının, demək olar ki, bütün bədii
və publisistik yaradıcılığının əsasını
təşkil edir. Hadisələri şəxsən
yaşamasından yaranan məlumat çoxluğu və
mövcud hissləri təsviretmə qabiliyyəti ilə bu,
onda çox yaxşı alınır. Əslində hekayələri
oxuyarkən yazıçının məhz şəxsi həyatını,
yoxsa, təxəyyül məhsulunu oxumağım haqqında
düşüncələr bütün kitab boyu məni
müşayiət edirdi. Hərçənd bədii mətn
yazıldıqdan sonra müəllifdən ayrı, ondan
asılı olmadan "fəaliyyət" göstərir. Bu
nüansı dərk etsəm də, demək olar ki,
bütün hekayələrdə baş obraz olaraq müəllifin
özünü təsəvvüretmə fikrindən də əl
çəkə bilmədim...
İlahə
SƏFƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, ¹11.- S.23.