Ədəbiyyata xidmətin ləyaqətli nümunəsi
Azərbaycan poeziyasının, tərcümə sənətinin, uşaq ədəbiyyatının tanınmış, istedadlı nümayəndələrindən biri də çağdaş zəmanəmizdə yaradıcılığına nadir hallarda istinad olunan unudulmaz söz ustası Böyükağa Qasımzadədir. O, qısa ömür yaşasa da, özündən sonra zəngin və dəyərli ədəbi irs qoyub getmişdir. Poeziya nümunələrində sadəliyə, səmimiyyətə, təbiiliyə, inandırıcılığa üstünlük vermişdir. Şeirlərinin ruhunda, qayəsində vətənə bağlılıq aşılanır, torpağa və xalqa sevgi hissi çağlayır. Əsərlərinin mövzuları bu gün də öz aktuallığını, müasirliyini qoruyub saxlamaqdadır.
B.M.Qasımzadə 1916-cı il 18 mart tarixində Bakının Maştağa kəndində, dəmirçi Məmməd Qasım oğlunun ailəsində dünyaya göz açmış, üç yaşında ikən anası Xədicə xanımı itirmiş, anasızlığın acısını bütün ömrü boyu yaşamışdır. Bakıda 7 illik məktəbi 1928-ci ildə bitirmiş, Bakı Sənaye fəhlə fakültəsində oxumuş (1931-1934), mühəndis peşəsinə yiyələnmək arzusu ilə 1935-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. Ədəbiyyata, poeziyaya yaranan böyük həvəsi onu ikinci kursdan təhsilini yarımçıq qoyaraq 1937-ci ildə Ali Pedaqoji İnstitutun Dil və ədəbiyyat fakültəsində oxumağa sövq etmiş, gələcək həyat yoldaşı, şuşalı tələbə Sona Əsgərova ilə də məhz burada görüşüb tanış olmuşdur.
B.Qasımzadə "1932-ci ildə yazdığı ilk "Anam üçün" şeiri" (M.C.Cəfərov. Böyükağa Qasımzadə. Əsərləri. Bakı: "Azərnəşr", 1961, s.4) ilə yaradıcılığa başlamış, 1938-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirmişdir. Gənc şair yaradıcılığının çiçəkləndiyi, həyatının xoşbəxt günlərini yaşadığı bir zamanda Vətən müharibəsi başlamış, könüllü olaraq "qələmini süngü ilə əvəzləyərək" müharibəyə yola düşmüşdür. O, 1941-ci il 28 iyul tarixində Bakı Piyada Qoşunları Məktəbinə göndərilir. Altı aylıq zabit kursunu üç ayda bitirərək leytenant rütbəsi almış, 1941-ci ilin sentyabr ayında Cənub cəbhəsinə - Ukraynaya yola düşərək 18-ci Ordunun tərkibində motoatıcı bölüyün komandiri vəzifəsinə təyin edilmişdir. Ön cəbhədə uğurlar qazanan Böyükağa Qasımzadə Ukraynada yaşayış məntəqələrinin faşistlərdən azad olunmasında, insanların ağır faciələrdən xilas edilməsində şücaət göstərmişdir. Müharibənin sonuna yaxın o, Qafqaz cəbhəsinə siyasi rəhbər vəzifəsinə təyin olunmuş, bir müddətdən sonra isə Tiflisdə fəaliyyət göstərən "Döyüşçü" qəzetində məsul katib vəzifəsində çalışmağa başlamışdır. B.Qasımzadə 1945-1946-cı illərdə xüsusi tapşırıqla Cənubi Azərbaycana göndərilmiş, burada hərbi xidmətini uğurla yerinə yetirdikdən sonra bir müddət (1947-1948) Təyyarəçilik məktəbində siyasi rəhbər vəzifəsində çalışmışdır. Baş leytenant B.M.Qasımzadə ordudan tərxis edildikdən sonra yenidən ədəbiyyat cəbhəsinə qayıtmış, "Ədəbiyyat qəzeti"ndə İncəsənət şöbəsinin (1948-1950), "Azərnəşr"də Bədii ədəbiyyat şöbəsinin (1951-1952) və 1953-cü ildən ömrünün sonuna kimi "Azərbaycan" jurnalında Poeziya şöbəsinin müdiri vəzifələrində ləyaqətlə fəaliyyət göstərmiş, istedadlı gənclərin yaradıcılığına həssaslıqla yanaşmış və onlara mənəvi dəstək vermişdir.
B.Qasımzadə ailəsi ilə növbəti yay istirahətindən - Kislovodskidən Bakıya qayıdarkən qatarda möhkəm soyuqlamış, "irinli anginadan qanın zəhərlənməsi" nəticəsində 1957-ci il 29 avqust tarixində vəfat etmiş və Bakıda dəfn olunmuşdur.
Böyükağa Qasımzadə bədii yaradıcılığa şeirlə, lirik poeziya nümunələri ilə başlamışdır. Onun bədii yaradıcılığını iki mərhələyə ayırmaq olar: Birinci mərhələ 1935-1941-ci illəri əhatə edir. Bu dövrdə şair coşğun təbli, romantik üslublu şeirlər yazaraq qəzet və jurnallarda dərc etdirmiş, üç kitabı nəşr olunmuşdur. Yaradıcılığının ikinci mərhələsini hərbi xidmətdən sonrakı dövrə (1948-1957-ci illər) aid etmək olar. Böyükağa Qasımzadə bu dövrdə əsasən mütərcimlik fəaliyyətinə üstünlük vermiş, rus, fars, belarus, Ukrayna, latış, tatar ədəbiyyatından Azərbaycan dilinə bədii tərcümələr etmişdir.
B.Qasımzadə yaradıcılığının coşub-çağlayan dövrü demək olar ki, müəllifin 19 yaşından - 1935-ci ildən başlayır. Onun çap olunan, oxucu auditoriyasına ünvanlanan əsərlərindən - "Könlüm arzular" (13 aprel 1935), "Mələksən" (12 may 1935), "Bir gəncin xatirəsi" (oktyabr 1935), "Bu gündə" (noyabr 1935), "Mühəndis təyyarəçi qıza" (noyabr 1935), "Kür" (1935) və digər şeirlərində sənətkarlıq xüsusiyyətləri təbiilik, axıcılıq, poetiklik, mükəmməllik özünü qabarıq büruzə verir. Bu baxımdan "Könlüm arzular" şeirində şairin məramı aydın, poetik rübabı incə, həzin və yaddaqalandır:
Səhər-səhər çıxıb çiçəkli düzə,
Şəvə saçlarını tökərək üzə,
Tarlada çalışan bir alagözə
Şeirlər hörməyi könlüm arzular...
O qızıl laləli, sərin səhərli,
Gurlayan, kişnəyən dəmir kəhərli,
Mətin iradəli, böyük hünərli
Xalqa ruh verməyi könlüm arzular.
Böyükağa Qasımzadə "Gurlayan, kişnəyən dəmir kəhərli" - deyəndə, şübhəsiz ki, torpağın bağrını yararaq əkin sahələrini genişləndirən, tarlalarda min cür nemət əkib-becərən zəhmət adamlarını, onların həvəslə idarə etdikləri texnikanı - traktorları tərənnüm edirdi. Tarlada, əkin sahələrində gurlayan dəmir "kəhərlər"i, kişnəyən, kükrəyən, şahə qalxan kəhər atlara bənzətməsi yeni olmaqla yanaşı uğurlu təşbehdir. Şair böyük arzularla yaşayır; əmək adamını, şəvə saçlarını üzünə tökən tarla gözəlini, "Mətin iradəli, böyük hünərli" insanları vəsf etmək, xariqələr yaradan zəhmətkeş xalqı öz poeziyası ilə ruhlandırmaq, insanların mübarizlik əzmini, mənəvi qüdrətini yüksəltmək arzusundadır. Şairin könül arzuları əslində onun həyat və fəaliyyət yolunu qəti olaraq seçdiyinə əminlik yaradır.
Gənc Böyükağanın yaradıcılığının ilk dövründə qarşılaşdığı çətinliklər, yaşadığı iztirablar onun ayrı-ayrı şeirlərində öz izini buraxmış, naxışını vurmuşdur. "Bir gəncin xatirəsi" şeiri müəllifin real yaşantılarının bariz lövhəsini, tünd boyalarla çəkilmiş həyat mənzərəsini andırır:
Açmayırdı könlümü quşların ötüşməsi,
Dağlara laylay çalan
axar suların səsi.
Lalələrlə oynaşan o əlvan
kəpənəklər,
Ovutmazdı qəlbimi aman, bilsəniz, nələr...
Nələr çəkdi həyatım
bəxti qara yaşımda,
Dostlar, kotan sürüldü bu bəlalı başımda...
Müəllifin poetik düşüncələrində,
yaratdığı təbii,
canlı obrazlarında
realizm hissi güclüdür. O yığcam
bir şeir, lakonik bir lövhə
ilə oxucunu təsirləndirmək qüdrətinə
malikdir.
Ədəbiyyatşünas Əhəd Hüseynov şairin ədəbiyyat aləminə
gəlişini "Şirin
sözlər" kitabı
ilə əlaqələndirərək
yazırdı: "Şirin
sözlər" kitabı
ilə ədəbiyyat
aləminə gələn
şair Böyükağa
Qasımzadənin ilk şeirlərində
... doğma Azərbaycana
məhəbbət əsas
yer tutur" ("Azərbaycan" jur., 1958,
¹ 1, səh.205-209).
Şair
Süleyman Rüstəm
də yaxın dostu Q.Böyükağanın
"Seçilmiş əsərlər"
kitabına Ön söz yazarkən: "Şairin "Şirin sözlər" adlı
ilk şeirlər kitabı"
(B.Qasımzadə, Seçilmiş
əsərləri. Bakı:
"Azərnəşr", 1976, s.5) - deyə B.Qasımzadənin
poeziyaya adıçəkilən
toplu ilə gəldiyini vurğulamışdır.
Məlumdur ki, şairin
"Şirin sözlər"
kitabı 1939-cu ildə
"Azərnəşr" tərəfindən yüksək
(7 min) tirajla çap edilmişdir. Amma o ədəbiyyata
iki il əvvəl -
1937-ci ildə, ağır
repressiya dövründə,
şair Mir Mehdi Seyidzadənin
redaktorluğu ilə nəşr olunan
"Murad" adlı kitabı
ilə təşrif gətirmiş, müharibəyə
könüllü gedənə
qədər (1941) şeirlər,
poemalar yazmışdır.
Gənc Böyükağanın
poeziyaya gəlişini
ilk dəfə təqdir
edən, xeyir-dua
verən ədəbiyyatşünas-tənqidçi
H.Orucəli olmuşdur.
O, hələ 1937-də gənc
şair haqqında yazırdı: "Q.Böyükağa lirik
şeirlər yazır.
"Çiçək", "Anama" şeirləri bu sıradan olan əsərlərdəndir.
Hətta "Vətən
sevgisi"ndə də
ölkəmizin təbii
mənzərələrinin təsviri birinci yer tutur" ("Ədəbiyyat qəzeti",
1937, 24 noyabr, ¹ 51).
Siyasi repressiyanın tüğyan
etdiyi bir vaxtda gənc və istedadlı şairləri dəyərləndirmək,
onları kütləvi
cəza tədbirlərinin
caynağından xilas
etməyə cəhd göstərmək ədəbiyyata
xidmətin ən ləyaqətli, vicdanlı
nümunəsi idi. Bu yöndən tənqidçi
Orucəli Həsənlinin
dövrün istedadlı
şairlərini, o cümlədən,
B.Qasımzadənin yaradıcılığını yüksək dəyərləndirməsi
təqdirəlayiq hadisə
idi.
"Murad"
kiçikhəcmli poemadır,
bu əsəri şairin avtoportreti də adlandırmaq olar (Muradla müəllifin
ömür yolu, taleyi arasında oxşar cizgilər çoxdur). İlk kitabın
yazılma tarixinə aydınlıq gətirmək
üçün buraxılış
məlumatını nəzərdən
keçirdikdə ("İstehsalata
verilmiş: 19/1-1936") poemanın
daha əvvəl -
1935-ci ildə yazıldığını
ehtimal etmək mümkündür. Əsər
Murad adlı bir yeniyetmənin ağır,
məşəqqətli həyatından,
acı keçmişindən,
qarşılaşdığı əzab-əziyyətli həyat
yolundan bəhs edir. Poema başlanğıc
və üç paraqrafdan ibarətdir.
Böyükağa Qasımzadə "Murad" poemasını yazdığı
və nəşr etdirdiyi dövrdə milli musiqi alətlərimizdən
olan "sədəfli
tar"a qarşı
total hücumlar təşkil
edilmiş, yasaqlanmış,
hətta bir fənn olaraq milli Konservatoriyanın tədris
proqramından çıxarılmışdır.
Tarı, sazı müdafiə edənlərin
1937-də məhşər ayağına çəkildiyi
bir vaxtda müəllifin uşaq ədəbiyyatının dəyərli
nümunəsi olan
"Murad" əsərində bu çalğı alətini təbliğ etməsi, onu yeniyetmələrə, gənc
nəslə sevdirməsi,
"Oxu, tar" şeiri
ilə mübarizəyə
qalxmış Mikayıl
Müşfiqlə eyni
mövqeni bölüşən
20 yaşlı Böyükağa
Qasımzadənin cəsarətinə,
mərdanəliyinə, təəssübkeşliyinə
heyrət etməmək
mümkünsüzdür. "Murad" poemasının çapından
bir il sonra - 1938-ci ildə yenidən, daha böyük tirajla "Uşaqgəncnəşr"də
çap etdirilməsi
isə dövrün
nadir "paradoks"larından biridir.
Böyükağa Qasımzadənin poetik
yaradıcılığında Azərbaycan, vətən,
ana, təbiət mövzusu
yüksək əhval-ruhiyyə,
böyük məhəbbət,
incə, duyğusal hissiyyatla vəsf olunmuşdur. Onun 1938-ci ilin iyun ayında
qələmə aldığı "Azərbaycan"
şeiri özündən
əvvəl yazılmış
Hacı Kərim Sanılının və Səməd Vurğunun eyniadlı əsərlərinin
poetik ruhu, vüsəti və siqləti ilə səsləşir. Şair
göz bəbəyi qədər əziz tutduğu, sevdiyi vətəni haqqında yazır:
Azərbaycan, ana yurdum, ey əziz vətən!
Gen sinəndə çiçək
açan bir budağam mən.
Səndə ellər, səndə
dillər, qəlblər
azaddır,
Nur içirsən bir günəşin şəfəqlərindən.
Gözəl vətən, gözəl
diyar Azərbaycanım,
Sənsən mənim göz
bəbəyim, ciyərim,
canım!
...Ayaq basmaz torpağına
bir də yağılar,
Düşmənlərə qismət oldu dərdlər, ağılar,
Əgər sabah hərb olarsa, bir əsgər
kimi
Bir qıy vurram, düşmən bağrı
sönər, dağılar.
Gözəl vətən, gözəl
diyar Azərbaycanım,
Sənsən mənim göz
bəbəyim, ciyərim,
canım!
Şairin
Böyük Vətən
müharibəsindən hələ
üç il əvvəl
yazdığı şeirində
"Əgər sabah hərb olarsa bir əsgər kimi" düşmənlərə
qarşı döyüşəcəyini
vəd etməsi və müharibə başlayanda könüllü
olaraq savaşın ən qaynar nöqtələrinə atılması,
7 il hərbi xidmət
çəkməsi Böyükağa
Qasımzadənin şair
sözü ilə vətəndaş əməlinin
eyni olduğunu təsdiqləyən mötəbər
faktdır. Şairin sözünün qüdrəti,
xarakteri, şəxsiyyəti
onun büllur poeziyasından apaydın görünür. Böyükağa
şeirlərinin təbiilik,
səmimiyyət hissi güclüdür. Ona görə
də onun əsərlərində inandırıcılıq,
dürüstlük, sözə
sədaqət qayəsi
şairin şəxsi
keyfiyyətlərindən süzülüb
misralara hopmuşdur. B.Qasımzadənin şairlik istedadı ilə paralel antisipasiya duyğusu, öncəgörmə hissiyyatı
çox güclüdür.
"Azərbaycan" şeirindəki
"Ayaq basmaz torpağına bir də yağılar / Düşmənlərə qismət
oldu dərdlər, ağılar" - misraları
bu gün nə qədər aktual səslənir... Elə bil şair
bu beyti Azərbaycan xalqının
işğalçılara qarşı
44 günlük (2020) mübarizəsini,
əzmini, cəsurluğunu,
qəhrəmanlığını nəzərdə tutaraq yazmışdır.
Böyükağa Qasımzadə müharibə
dövründə intensiv
yaradıcılıqla məşğul
ola bilməsə də,
həmin qanlı-qadalı
illərdən yadigar qalan poetik nümunələr
bu gün də öz bədii-estetik cazibədarlığını,
vətənsevərlik ruhunu
qoruyub saxlamaqdadır.
Onlardan güllə işığında yazılan,
hər sətrindən
alov püskürən
və ilk əlyazmasının
oxucusu döyüşçülər
olan şeirlərdən
"Hücum nəğməsi",
"Qələbə bayrağı",
"Vətən balası"
(döyüşçü yoldaşlarıma), "Məktub",
"Anarsan məni", "Şevçenko yurdunda"
və b. bədii nümunələrdə vətənə,
insanlığa, haqqa dərin sevgi, məhəbbət ilə yanaşı, düşmənə,
işğalçıya, faşizmə
nifrət, intiqam hissi paralel verilmişdir.
Döyüşçü-şairin güllə
işığında xanımı
Sona Əsgərovaya yazdığı
11 fevral 1942-ci il tarixli
məktubu da müharibə
şəraitində onun
düşüncələri və qayğıları haqqında müəyyən
təsəvvürlər yaradır:
"Sona, yaz görüm
Daşqın dil açıbmı? Sona, Daşqın
dil açdıqca mənim şeirlərimdən
əzbər söyləməyi
öyrət, heç
olmasa, bir misra söyləməyi bilsin, qoy Daşqın
şeirlə dil açsın. Axı mənim arzum onu bir şair
yetişdirməkdir. Mənə
məktub yazarkən öz həyatınız barədə ətraflı
yaz. Yaz görüm harada işləyirsən və
maaşın nə qədərdir?...
Sona, burada məktubu yarımçıq qoyub
kənara çıxmağa
məcbur oldum. Nədənsə bayırda
səs-küy çoxaldı..."
(S.Mümtaz adına Ədəbiyyat və İncəsənət
Arxivi, İş-427, s-1, s.v.-91)
Düşmən güllələri gənc
zabitin dil açmamış körpəsinə
yazdığı məktubu
yarımçıq qoyur,
cümlənin sonunda nigarançılığı əks etdirən üç nidaya çevrilir... Hər an barıt, ölüm, qan qoxuyan müharibə
meydanından yazdığı
və yarımçıq
qalan məktubunda Böyükağanın ən
böyük arzusu körpə Daşqınının
dilindən "heç
olmasa, bir misra" şeirini eşitmək idi.
Şairin
1942-ci ildə yazdığı,
müharibənin odu-alovu
içərisində insanları
vətəni qorumağa,
yağılardan qisas almağa, mübarizəyə
səsləyən şeirlərindən
biri "İntiqam"
adlanır:
Al qana boyanan o mənzərələr,
Dostlar, intiqama çağırır
bizi!
Ellər,
gəlin vuraq var qüvvəmizi!
Zülmün qanlı evi uçsun binadan,
Bizi intiqama çağırır
zaman.
Böyükağa Qasımzadə yaradıcılığının
ikinci mərhələsində
əsasən, bədii
tərcümə sahəsində
nümunəvi və səmərəli çalışmışdır.
O, XIII-XIV yüzillikdə yazıb-yaratmış
İzzəddin Həsənoğlunun
"Nə edim?" rədifli, "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim? / Aparıb fikri bütün səbrü qərarım,
nə edim?" mətləli qəzəlini,
Məhəmməd Füzulinin
"Yeddi cam" məsnəvisini,
Mirzə Fətəli
Axundzadənin "Puşkinin
ölümünə Şərq
poeması"nı, A.S.Puşkinin
çoxsaylı şeirlərini,
N.A.Nekrasovun "Laylay",
"Şərab", "Tufan", T.Şevçenkonun "İlham", "Sənə ağalıq etmək", "Çarlar",
İ.Frankonun sonetlərini
və şeirlərini,
Petrus Brovkanın "Olaydım",
"Nastyacan", Y.Raynisin
"Qızın nəğməsi",
"Qorxunc məhkəmə
günü", "Səhər
yelləri", "Gələcəyin
səsi", "Sınmış
şam ağacları",
tatar şairi Musa Cəlilin "Mənim nəğmələrim", "Quşcuğaz", "Ayrılıq",
"Məhkum" və
digər şairlərin
poeziya nümunələrini
böyük sənətkarlıqla,
peşəkar mütərcim
səriştəsi ilə
doğma dilimizin şirin, həzin, cazibədar özəllikləri
ilə süsləməklə,
əsərlərin orijinal
dildəki milli özünəməxsusluğunu,
koloritini qoruyub saxlamaqla yanaşı hər bir şeirə
ikinci əbədi həyat bəxş etmişdir. Haqlı olaraq ədəbiyyatşünas
Əhəd Hüseynov
şairin tərcümələri
ilə bağlı yazmışdır: "Petrus Brovkadan
tərcümə olunan
"Nastyacan" şeirindəki
qələbə müjdəsi
gətirən atanın
arzuları ilə
"Məktub" müəllifinin
(B.Qasımzadə) sevə-sevə təsvir etdiyi əsgərin arzuları arasında da bir yaxınlıq vardır. Ümumiyyətlə,
vətəndaşlıq lirikasının
ən yaxşı nümunələri Böyükağa
tərəfindən diqqətlə
seçilmiş və
orijinal şeir təsiri bağışlayan
tərzdə Azərbaycan
oxucularına çatdırılmışdır"
("Azərbaycan" jur.,
1958, ¹ 1, səh.209).
Türk
dünyasının böyük
şairi M. Füzulinin
məşhur "Yeddi
cam" adlı lirik fəlsəfi poemasının,
epik ünsürlərlə
yoğrulmuş məsnəvisinin
Azərbaycan türkcəsinə
çevirməsi mütərcimdən
yalnız poetik məharət, tərcüməçilik
səriştəsi deyil,
həm də klassik poeziyanın sirlərinə dərindən
vaqif olmaq, tarixi-ədəbi mühitin
hadisələrini təhlil
və dəyərləndirməyi
bacarmaq, musiqi alətləri, yaşam fəlsəfəsi, kainat,
planetlər haqqında
geniş məlumatlara,
ensiklopedik bilgiyə
malik olmaq üstünlükləri
ilə də şərtləndirir.
Könlüm evi yüksəldi
göyə, nəşəyə
doldu,
Ondan üzümə mərifətə
yol açıq oldu.
Bomboş ürəyim oldu mənim sirlər ocağı,
Allah kömək olsun sənə, ey sehirli saqi!
Mey vermək ilə qıflı açıb dərdli dilimdən
Sordun
ki, sənə gizli qalan sirlər açım mən?!
Mütərcim poemanın üzərində
işlərkən əsərin
leksik-qrammatik xüsusiyyətlərini,
fikrin fəlsəfi çalarlarını, mütəqarib
bəhrinin biçimini,
ləngərini, söz
və ifadələrin
hənirini, enerjisini, istilahların çoxqatlılığını,
müəllif ruhunun milliliyini, doğmalığını,
məhrəmliyini qoruyub
saxlamağa çalışmışdır.
Mətnlərin araşdırılması, seçilməsi, yanaşma
tərzi, tərcümə
sənətkarlığı məsələlərində məsuliyyət
hissi, yüksək peşəkarlıq Böyükağa
Qasımzadənin rus,
fars, belarus, Ukrayna, Latviya, tatar ədəbiyyatından
etdiyi tərcümələrdə
də müşahidə
olunur.
M.Füzulinin "Yeddi cam" poemasından
bəhs edən tədqiqatlarda, dərsliklərdə
onun tərcüməsinə
istinad olunsa da, təəssüf ki, mütərcimin
müəlliflik hüququna
sayğı olaraq imzasının xatırladılması
hallarına bəzən
təsadüf edilmir.
Böyükağa Qasımzadə lirik
şeirləri və bədii tərcümələri
ilə tanınmış,
rəvan poetik üslubu, maarifçi dünyagörüşü, prinsipial
mövqeyi olan, milli ideallara, azərbaycançılıq
məfkurəsinə sadiq,
ədəbiyyatımıza ləyaqətlə xidmətlər
göstərmiş, ədəbiyyat
tarixində özünəməxsus
yer almış sənətkarımızdır. Onun ədəbi-bədii irsi neçə-neçə
nəsillərin yetişməsində,
milli ədəbiyyatın tanıtımında
və təbliğində,
tədqiqat işlərinin,
monoqrafiyaların yazılmasında
mötəbər qaynaq
missiyasını daşıyacaqdır.
Asif
RÜSTƏMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, ¹13.- S.22-23.