Bəxtinə gün doğan "Müfəttiş",
yaxud
eyniadlı tamaşa barədə düşüncələr
Bu günlərdə
Azərbaycan tamaşaçısı maraqlı, həm də
çoxlarına bəlli olan bir səhnə əsərinə
yenidən baxmaq imkanı əldə edib: "Müfəttiş"in gəlişi ilə. Söhbət böyük
rus ədibi, dramaturqu N.V.Qoqolun
dünyaca məşhur
"Müfəttiş" komediyası əsasında
tanınmış rejissor
Mikayıl Mikayılovun
Akademik Milli Dram Teatrında
quruluş verdiyi eyniadlı tamaşadan gedir.
Xatırladaq ki, hətta öz
zamanında bir sıra Avropa ölkələrinin möhtəşəm
teatrlarında səhnəyə
qoyulmuş bu komediyanın mövzusunu müəllifə rus poeziyasının günəşi
A.S.Puşkin vaxtilə nəql etmiş və sonralar həmin əsəri yüksək dəyərləndirmişdi. Komediyanı
dilimizə Sabit Rəhman tərcümə
edib. Qeyd edək ki, həmin əsərin Nəriman Nərimanov tərəfindən
dilimizə çevrilmiş
versiyasının da mövcudluğu
ilə bağlı ehtimallar var.
Bu əsər Azərbaycan səhnəsində müxtəlif
illərdə tamaşaya
qoyulub. Müqtədir
sənətkarımız, ustad-rejissor
Mehdi Məmmədovun Akademik
Milli Dram Teatrında quruluş
verdiyi, 1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının
100 illiyi münasibətilə
səhnələşdirilmiş və sənət dostları bu əsəri Azərbaycan teatr tarixində mühüm hadisə kimi qiymətləndirmişdilər.
Milli Teatrda bir qədər
əvvəl "Xanuma",
"Şah və şair", "İlahi
oyun" tamaşalarına
quruluş verən rejissor M.Mikayılovun
bu yeni yaradıcılıq
işini sənətsevərlər
maraqla qarşılayıblar.
Beynəlxalq miqyasda tanınan görkəmli teatr mütəxəssislərindən
ustad dərsləri almış istedadlı rejissor təkcə Azərbaycanda deyil, Rusiya, Qazaxıstan, Rumıniyanın teatrlarında
tamaşalar hazırlayıb.
Onun quruluş verdiyi səhnə əsərləri Gürcüstan,
Yunanıstan, Ukrayna,
İran və Türkiyədə
keçirilən beynəlxalq
festivallarda uğurla nümayiş etdirilib.
Mikayıl müəllim deyir
ki, bir neçə il
öncə bu komediya Milli Teatrda onun rejissor yozumunda
səhnələşdirilmiş və mərhum sənətkarımız, Xalq
artisti Rafael Dadaşovun
70 illik yubileyinə həsr edilmişdi.
İndi isə estafet böyük səhnə ustası, Xalq artisti, əsərdə şəhər bələdiyyəsinin
obrazını ustalıqla
yaratmış Cəfər
Namiq Kamala verilib. Görkəmli aktyorun 75 illik yubileyinə həsr olunan, fərqli quruluşda təqdim edilən "Müfəttiş" tamaşasının
premyerası anşlaq
keçib.
Tamaşanın quruluşçu rəssamı,
Əməkdar mədəniyyət
işçisi İlham Elxanoğlu,
işıq üzrə
rəssamı Rafael Vaqifoğludur.
Səhnə əsəri
üçün maraqlı
aktyor ansamblı müəyyənləşdirilib. Tamaşada Xalq artisti Cəfər Namiq Kamal (Anton Antonoviç
Skvoznik Dmuxanovski), Əməkdar artistlər
- Elşən Cəbrayılov
(İvan Aleksandroviç Xlestakov),
Şəlalə Şahvələdqızı,
habelə Nigar Güləhmədova (Anna Andreyevna),
Kazım Həsənquliyev,
habelə Məzahir Cəlilov (Artemi Filippoviç
Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin, habelə Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski),
Rəşad Bəxtiyarov,
habelə Vüsal
Mustafayev (Luka Lukiç Xlopov),
Əlfida Cəfərov,
habelə Vüsal
Mustafayev (Osip); aktyorlar
- Rüstəm Rüstəmov
(Ammos Fyodoroviç Lyapkin-Tyapkin),
İlahə Həsənova,
habelə Məhsəti
Tahirzadə (Marya Antonovna), Ramin Şıxəliyev, habelə
Cümşüd Zeynalov
(Pyotr İvanoviç
Bobçinski), Tural
İbrahimov (Svistunov, meyxana
xidmətçisi, Mişka)
və b. çıxış
edirlər.
Tamaşaçılar çar Rusiyasının kiçik
bir əyalət şəhərində həyat
tərzi, yuxarı dairələrin komedik durumu ilə tanış olurlar. Bu gözdən uzaq, könüldən iraq, ədalətsizliyin, rüşvətxorluğun
hökm sürdüyü
şəhərdə hər
şey idarə və departamentlərə
rəhbərlik edən
yüksək rütbəli
çinovniklərin mənafeyinə,
onların öz varidatını, karyerasını
artırmağa xidmət
edir.
Bu şəhərdə yollar
tamamilə dağılmış,
kanalizasiya xətləri
işləmir, infrastruktur
yenidən qurulmalıdır.
Təhsil və səhiyyə bərbad vəziyyətdədir. Uşaqlara
normal savad vermək əvəzinə, pedaqogikaya
sığmayan bilgilər
aşılanır, hətta
əxlaqsızlıq açıq-aşkar
təlqin edilir.
Xəstələrin sağalma ehtimalı sıfıra bərabərdir, ölüm
faizi gündən-günə
artır. Poçtla məktub göndərənlərin
zərflərini açıb
oxuyur, bağlamaları
oğurlayırlar. Məhkəmə
qurumlarındakı ədalətsizlik,
rüşvətxorluq da danılmazdır
və bütün bunları şəhər
bələdiyyəsinin sədri
Anton Antonoviç Skvoznik
Dmuxanovski, təhsil sahəsinə nəzarət
edən Luka Lukiç
Xlopov, xeyriyyə və xəstəxana müəssisələrinin baş
məmuru Artemi Filippoviç
Zemlyanika, poçt müdiri İvan Kuzmiç
Şpekin, məhkəmə
sədri Ammos Fyodoroviç
Lyapkin-Tyapkin və digərləri öz aralarında utanıb-çəkinmədən
etiraf edirlər. Onların eyş-işrətlə
yaşadığı, kasıb
əhali ilə kobud, ədəbsiz davranışları öz
söhbətlərindən bəlli olur. Peterburqdan göndərilən
müfəttişin gözlənilməz
gəlişindən canlarına
vəlvələ düşən
məmurlar vəziyyətdən
çıxış yolu
axtarır, məşvərət
keçirirlər.
Dram teatrı üslubunda olan tamaşada iştirak edən aktyorların canlı, dinamik ifası onların yaratdığı
obrazların hər birinin öz təbii halını, xislətini, məsləkini
göz önündə
canlandırır.
Teatrda
zaman-zaman rəngarəng obrazlar
qalereyası yaratmış
Xalq artisti Cəfər Namiq Kamalın Anton Antonoviçinin
yüksək intellektual
səviyyəsi olmasa
da, o, hamını aldada
bilir. Bələdiyyə
sədri öz başabəla idarəçiliyinin
yarıtmazlığını anlasa da, özünə təsəlli verərək
düşünür ki, dünyada
günahsız adam yoxdur.
Bəzən yazıq adam görkəmi alan Anton Antonoviç öz rüşvətxorluğuna haqq
qazandırır, şəhərin
ticarət əhlindən
ona müəyyən məbləğdə haqq
verməyi, arvadına
və qızına bahalı bəxşişlər
göndərməyi tələb
edir. O, kilsə tikintisi üçün xəzinədən ayrılmış
pulu mənimsəyərək,
bu ibadətgahın guya yandığını
söyləyir. Aktyorun
oyunu təbii və inandırıcıdır.
O, obrazın xarakterini
ustalıqla açır,
sifətinin cizgiləri,
habelə jestləri ilə çevrəsində
olanlara münasibətini
açıq-aydın büruzə
verir.
Tamaşa
boyu seyr etdiyimiz digər çinovniklərin heç
biri, necə deyərlər, öz yerində deyil. Əgər belə olmasaydı, xeyriyyə müəssisələri imkansızlara
əl tutardı, xəstələr şəfa
tapardı, məktəblər
idarəsi uşaqların
təhsilinə qayğı
göstərərdi.
Aktyor Rüstəm Rüstəmovun
ifa etdiyi məhkəmə sədri
Lyapkin-Tyapkin yalnız
ədəb-ərkanından danışır, özünü
hamıdan ağıllı
sayır. Əslində
isə heç bir şeyə etiqad etmir.
Dobçinski və Bobçinski
(Aslan Şirin və Ramin Şıxəliyev) daim özlərini çinovniklərə yaxın
göstərərək onların
əhatəsində gəzib-dolaşır,
eşitdikləri xəbərləri
çatdırırlar. Elə
hər şey də bundan sonra başlayır. Adı hallanmayan müfəttişi qarşılamaq
və mükafatlandırıb
yola salmaq üçün yollar axtarılır.
Məxfi
müfəttişin gəlişindən
xoflanan, vahiməyə
düşən şəhər
elitası peterburqlu kiçik bir çinovniki - cavan Xlestakovu yoxlama aparacaq dövlət məmuru kimi qəbul edir. Əməkdar artist Elşən
Cəbrayılov Xlestakovun
əsl xislətini açan ifa nümayiş etdirir, çevik, canlı oyunu ilə bu obrazın bütün çalarlarını
- yalançılığını, boşboğazlığını, lovğalığını və
əxlaqsızlığını sərgiləyir.
Aktyorun istedadı ona arsızcasına nəql etdiyi, uydurduğu söhbətləri teatrlaşmış
dialoqlara çevirmək,
sanki səhnə içində səhnə
yaratmaq şansı verir. Onun həm
də özünü
coşğun təbli
şair kimi qələmə verməsi,
cuşa gəlib şeir söyləməsi
və bu məqamda hündür kürsüyə dırmaşıb
nümayişkaranə deklamasiya
etməsi və s. bu qəbildəndir.
Xlestakov
ona az qala,
sitayiş edən yaltaq, rüşvətxor məmurların pulunu alaraq aradan çıxır.
Sonradan yayılan xəbər daha dəhşətli olur. Sən demə, Xlestakov yalançı və dələduz imiş.
Ən sonda isə saxta müfəttişin yazdığı və poçt müdirinin gizlicə baxıb aşkar etdiyi məktub oxunur. Bürokratik elitanın iç üzünü əks etdirən, maskalanmış cəmiyyətin
iç üzünü
açan bu məktub tamaşanın qəhrəmanlarının, sadəlövh
görünsələr də,
əslində ədalətsiz,
qəddar, zalım olan, imkansızların, kasıbların malına göz dikənlərin paxırını faş edir. Bu şəxslər üçün ən ağır olanı isə odur ki, əsl müfəttiş artıq şəhərə
gəlib və onları öz hüzuruna çağırır.
Beləliklə, "üç il bu
şəhərdən at çapsan,
yenə də heç bir məmləkətə çata
bilməyin mümkünsüzlüyü"nü
(N.V.Qoqol) əks etdirən bir mühitn ab-havası, ədibin vicdanları oyatmaq missiyası Mikayıl Mikayılovun rejissor yozumu ilə göz önündə canlanır.
Yeni quruluşda təqdim olunan tamaşa rəngarəng komik qatlarla, gülüş doğuran vəziyyətlərlə,
habelə musiqili və rəqsli priyomlarla zəngindir. Xəbərçiliyi özlərinə
peşə seçmiş
Dobçinski və Bobçinskinin, həmçinin
qeyri-adi həyat tərzi keçirən
Anna Andreyevna və onun qızı Marya Antonovnanın elastik hərəkətləri,
rəqsləri tamaşanın
dinamikasını artırır,
mizanlar dəyişir,
əvəzlənir. Komik
obrazlar yaradan Əməkdar artistlər
- Aslan Şirin və Şəlalə Şahvələdqızının;
aktyorlar - Ramin Şıxəliyev və İlahə Həsənovanın
rahat və yüngül oyununu bu məqamda qeyd etmək yerinə düşərdi.
Qeyd edim ki, müasir tamaşaçının teatr
düşüncəsinin xeyli
dəyişdiyi bir vaxtda heç də bütün səhnə əsərləri
uğur qazana bilmir. "Müfəttiş"in
bu mənada bəxti gətirib, necə deyərlər, üzünə gün doğub. Tamaşa salonunda yaranmış xoş ovqat, atmosfer, sənətsevərlərin
səhnədə cərəyan
edən hadisələrə
emosional münasibəti
aktyorların maraqlı
oyun nümayiş etdirməsini, rejissorun çözümünə uyğun
ritmi saxlaya bilməsini şərtləndirib.
Zemfira MƏHƏRRƏMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.24.