156 ilin
sirli yanlışlığı:
əsl müəllif kimdir?
(Əvvəli ötən sayımızda)
Onun fikrincə, qoşa sözlər, xüsusilə, Azərbaycan,
qırğız və udin danışıq dillərində
geniş yayılıb. Sıravi rus rəiyyət nümayəndəsi
tatarlara, azərbaycanlılara, qırğızlara və
başqa türk xalqlarına tatar-matar deyir. Qoşalaşan
sözün əvvəlinə m səssizinin artırılması
türk dilləri üçün xarakterikdir: osmanlıcada gəzmək-məzmək,
qırğızca, qazaxca kisı-misı (insanlar),
jilkı-milkı (at və başqa minik heyvanı), tyüyə-myüyə
(dəvə), koy-moy (qoyun) və s. Yer kürəsinin qərbindən
ta şərq ucqarınadək yayılan türk xalqlarının
dilində müşahidə olunan bu qrammatik hadisə
alınma deyil - m samiti ilə qoşa sözlər türk dillərinə
məxsus olan orijinal linqvistik-fonetik hadisədir. Belə bir
fikir irəli sürür ki, başqa dillərdə də m ilə
qoşa sözlərin yaranmasında türk dillərinin təsiri
olmuşdur. Məsələn, A.E.Krımskinin
fikirlərinə əsaslanan Mirzə Cəfər qeyd edir ki,
müasir ərəb dilində m səsi ilə işlənən
qoşa söz yoxdur. Belə sözlərin yaranışı
hələ klassik ərəb dilində də başqa dillərin
təsiri ilə olmuşdur. Canlı ərəb
danışıq dilinə, xüsusilə, folkloruna türk
dilləri güclü təsir göstərmişdir. Məsələn,
ərəb aləmində məşhur olan belə bir lətifə
var: toya hazırlıq görən bir nəfər qonşusuna
çox böyük bir tədarükü barədə
şikayətlənir, hələ şəkkər-məkkər,
tahin-mahin (un), ləhm u-məhm (ət) və s.
alacağını söyləyir. Bir varianta görə,
qonşusu zarafatyana ona cavab verir ki, əgər sən təkcə
şəkər, tahin, ləhm alsan, məsrəfini iki dəfə
azalda bilərsən; məkkərsiz, mahinsiz, məhmsiz də
keçinə bilərsən. Elə buradaca Mirzə Cəfər
mötərizədə belə qeyd edir: "Belə məqamda
bizim (və ya bizdə) Qafqazda denqa-menqa deyərdilər".
1914-cü
ildə general-mayor M.D.Qutorun Tiflisdə çap olunan "Fars
dili qrammatikası" dərsliyinin titul səhifəsində
qeyd olunur ki, kitab Mirzə Cəfərin qrammatikaları əsasında
yazılmışdır.
1914-cü
ildə LŞDİ Xüsusi
Siniflərinin Elmi Şurası institutun tələbəsi
olmuş, Rusiya şərqşünaslıq elminin
tanınmış nümayəndəsi, akademik A.N.Veselovskinin anadan olmasının 70 illiyini
tarixləşdirmək üçün yubiley toplusu
hazırlamağı qərara almışdır. Xüsusi
Siniflərin pedaqoji kollektivi və tələbələr bu təklifi
ürəkdən bəyənmişlər, kitab 1914-cü ilin
10 noyabrında çapdan çıxmışdır. Topluya ərəb,
fars, yəhudi, Azərbaycan, qazax, qırğız, osmanlı ədəbiyyatından
görkəmli şərqşünaslar: A.E.Krımski,
M.O.Attaya, S.İ.Sokolov, L.İ.Jirkov, Vl.A.Qordlevski,
N.İ.Aşmarin, F.Y.Korş, X.İ.Kuçuk-İonasev,
İ.O.Nadiradze, Mirzə Cəfər, M.A.Qafarov, G.A.Murkos və
başqalarının məqalələri, tərcümələri
daxil edilmişdir.
Mirzə
Cəfərin topludakı
məqaləsi "Sənainin lirik
"Divanı" adlanır. Qeyd edir ki, Şərq ədəbiyyatında
sufiliklə köklənən bu dərviş-şairin poetik
yaradıcılığı mistik ruhdadır. Sənai didaktik
poema janrının banisidir. Onun şeirlərindəki gözəlliyi,
məhəbbət xiffətini, kədəri müstəqim
yox, məhz insan qəlbinin Allaha, ilahi qüvvəyə can
atması kimi başa düşmək lazımdır. Mirzə
Cəfər Sənai və Hafiz
yaradıcılıqlarını
qarşılaşdırır: "Avropalıları heyran edən
Hafizin zərif, incə obrazlarını ondan 3 əsr əvvəl
yaşamış Sənainin əsərlərində
"tapmaq olar". Mirzə Cəfər Şeyx Sənainin iki
məşhur əsərinin adını çəkir: dəfələrlə
litoqrafik üsulla İranda və son dəfə ingilis mayoru Y.Stepensonun tərcüməsində
"Biblioteka İndiə" seriyası ilə Hindistanda - Kəlküttədə
çap olunan "Hədiqət ül-həqiqət və
şəriət üt-təriqət" (Həqiqət
bağçası və şəriət yolu) fəlsəfi-didaktik
məsnəvisi və lirik-mistik "Divan"ı. A.Krımskinin bir-iki beyt sətri tərcümələrini
hesaba almasaq, Avropa mütəxəssisləri "Divan"a
müraciət etməmişlər, o zaman "Divan"ın
Avropa dillərində tərcüməsi yox idi. Avropa, eləcə
də Rusiya şərqşünaslığı tarixində
ilk dəfə Mirzə Cəfər Şeyx Sənainin lirik
"Divan"ından 14 qəzəli rus dilinə
çevirmiş və həmin topluya daxil etmişdir.
Akademik F.Y.Korş Mirzə
Cəfərin şəxsiyyətinə,
nüfuzuna, elmi qabiliyyətinə həmişə hörmətlə
yanaşmışdır. Yaxın dostu, LŞDİ Şərq
tarixi kafedrasının professoru V.İ.Keryeyə
1891-ci il dekabrın 10-da yazdığı məktubdan məlum
olur ki, onu LŞDİ-nin fars filologiyası kafedrasına
işləməyə dəvət etmişdilər, hətta
bu barədə institutun direktoru Q.Y.Kananovun icazəsi də alınmışdır.
Özünü bu sahədə səriştəli mütəxəssis
hesab etməyən böyük alim təvazökarlıqla
yazırdı: "Hamıya.., həmçinin...
Kananova mənim hərtərəfli bilikli alimliyim və dərin
elmi qabiliyyətim olması barədə tərifli sözlərinə
görə təşəkkür edirəm; kaş heç
olmasa, deyilənlərin yarısı həqiqət olaydı.
Bu, iki səbəbdən irəli gələ bilər: ya mən
öz elmi baqajımı şişirdirəm, ya da mənimlə
olan səmimi dostluq əlaqələri onların gözlərini
tutub. Əsl həqiqətdə, məgər, mən farsam? Bu
sualın cavabını heç olmasa, nəcib, alicənab
şahid Mirzə Cəfərdən
soruşardınız..." (Boqdanov A.İ. Fedor
Evqenğeviç Korş. Aşxabad, 1982, s.78).
Mirzə
Cəfərin sevimli tələbəsi, sonralar görkəmli
ukraynaşünas, ərəbşünas, türkoloq kimi
tanınan akademik A.E.Krımski xatirələrində
yazırdı ki, bəzən iclas zamanı Korş gizlincə
mənə məktublar, bədahətən yazdığı
farsca epiqramlar ötürürdü. Belə məktubların
birində məndən Mirzə Cəfərin "Fars dilinin
qrammatikası"na əlavələr etməyi xahiş
etmişdi. Buna səbəb "Qrammatika"nın əvvəlki
nəşrinin korrekturasını oxuyarkən Korşun
özünün bəzi sözlərin arxaik, yoxsa, ədəbi
dil sözü olduğunu müəyyənləşdirməkdə
çətinlik qarşısında qaldığı və mənim
onun qənaətlərini doğruldan cavablarım, yaxından
köməyim olmuşdu.
Professor N.K.Dmitriyevin yazdığına görə,
Mirzə Cəfər "saxar-maxar" tipli qoşa sözlərə
həsr etdiyi məqaləsini necə adlandırması barədə
yumoru, hazırcavablığı ilə haqqında
LŞDİ-də lətifələr dolaşan F.Y.Korşdan məsləhət
almaq istəmişdir. F.Y.Korş fikirləşmədən
cavab vermişdir: "Necə adlandırasan? Çox sadə:
statya -mstatya".
"Drevnosti vostoçnıə"
toplusunun akademik F.Y.Korşa həsr olunmuş yubiley
buraxılışından məlum olur ki, hörmətli
alimin 70 illiyi münasibəti ilə Praqa restoranında
keçirilən və Moskva elminin S.O.Dolqov, A.S.Orlov,
D.N.Uşakov, E.A.Yefimovski, L.M.Lopatin kimi nüfuzlu
simalarının iştirak etdiyi banketdə yubilyar haqqında
söz demək şərəfi birinci olaraq Mirzə Cəfərə
həvalə olunmuşdur. Mirzə Cəfər
çıxışında F.Y.Korşun
fars dilinə sonsuz məhəbbətini bildirmiş və onun
çox sevdiyi Firdovsinin "Şahnamə"sindən farsca əzbərdən
parçalar söyləmişdir.
"Lazarevskiy institut v istorii oteçestvennoqo vostokovedeniə"
kitabında "İzvestiə" qəzetinin 1925-ci ildə
çıxan nömrələrinin birində dərc
edilmiş xəbər haqqında məlumat verilir: "N.Nərimanov adına Moskva Şərq Dilləri
İnstitutunda proletar tələbələr və professorlarla
institutun qocaman, ömrünün 40 ilini elmi-pedaqoji fəaliyyətə
həsr etmiş fars dili kafedrasının müəllimi Mirzə
Cəfərlə görüş keçirilib. İnstitutun tələbə
təşkilatı və idarə heyəti Mirzə Cəfərin
pedaqoji fəaliyyətini - xidmətlərini nəzərə
alaraq ona professor adı verilməsi ilə bağlı irəli
sürdüyü vəsatəti müdafiə edir". (Baziənü
A.P. Lazarevskiy institut v istorii oteçestvennoqo vostokovedeniə.
M., 1973, s.121-122.).
Moskva şərqşünaslıq elmində
elə bir mütərəqqi ictimai təşkilat
olmamışdır ki, Mirzə Cəfər ora üzv
olmasın, tədbirlərində fəal iştirak etməsin.
O, 1892-ci il 25 yanvar tarixində əsası 1864-cü ildə
qoyulmuş İmperator Moskva Arxeologiya Cəmiyyəti nəzdində
Şərq Komissiyasına üzv seçilmişdir. Həmin
tarixdə iclasın sədri V.F.Miller Mirzə
Cəfərin üzv seçilməsi təklifini irəli
sürmüş və onu Komissiyanın işinə layiqli,
"fars arxeologiyasına yaxından bələd olan, səriştəli
mütəxəssis" kimi təqdim etmişdir.
Mirzə
Cəfər Rzayevin təvəllüd və vəfat tarixini dəqiqləşdirə
bilmədik. Mənbələrdən məlum olur ki, o, XX əsrin
20-ci illərinin sonlarına kimi Moskvanın ən mənzərəli
yerlərindən biri olan Preçistensk bulvarda
yaşamışdır. Ev ünvanı və mənzilinin
nömrəsi də məlumdur: Preçistensk bulvar, ev 31, mənzil
3 (bax: Moskovskiy institut vostokedeniə im. N.Narimanova.
Spravoçnik. M., 1926). Yəqin ki, Preçistensk bulvarda
LŞDİ-nin müəllimlərinə ayrılmış
xüsusi binası olmuşdur. Azərbaycanın şanlı
oğlu M.Ə.Rəsulzadə
LŞDİ-yə İ.Stalin tərəfindən fars və rus
dilləri müəllimi təyin olunanda ona da Preçistensk
bulvarda ikiotaqlı mənzil verilmişdi. M.Ə.Rəsulzadənin
"Stalinlə ixtilal xatirələr" adlı kitabında
haqqında söhbət açdığı, lakin
adını çəkmədiyi, ona "yardım
etmiş" professor, bəlkə də Mirzə Cəfər
idi... (bax: Rəsulzadə M.Ə. "Stalinlə ixtilal xatirələri".
Bakı. 1991, s.55). Fəxrlə deyə bilərik ki, Mirzə
Cəfər Rzayev akademiklər A.A.Semyonovun,
Vl.A.Qordlevskinin, A.E.Krımskinin, eləcə də məşhur
türkoloqlar N.K.Dmitriyevin, V.M.Nasilovun, ərəbşünas
X.Baranovun, iranşünas V.F.Minorskinin, B.Millerin, A.A.Starikovun,
leksikoqraf N.İ.Aşmarinin müəllimi olmuşdur.
Dövrün ictimai-siyasi vəziyyətindən
asılı olaraq Mirzə Cəfər
Rzayev də Mirzə Kazımbəy kimi xristianlığı qəbul
etmişdir. Ona görə də bəzi mənbələrdə
onun adı Artyom Ter-Zaxarov kimi çəkilir, mötərizədə
həqiqi adı da göstərilmişdir (bax: Tridüatiletie
speüialğnıx klassov Lazarevskoqo İnstituta
vostoçnıx əzıkov. M., 1903, c.18; Vostoçnıy
sbornik v çestğ A.N. Veselovskoqo. Trudı po vostokovedeniö,
izdavaemıe Lazarevskim institutom vostoçnıx əzıkov.,
vıp XII. M., 1914). Ümumrusiya Moskva Mərkəzi
kitabxanasının kataloqunda onun adı müxtəlif cür
yazılır: Mirzə Cəfər, Mirzə Cəfər
Rzayev, Mirzə Cəfər Rizayev, Mirzə Cəfər Rzazadə,
Mirzə Cəfərxan Rzayev, Mirzə Abdulla Cəfərov və
s. Təəssüf ki, indiyədək Azərbaycan
dilçiliyində adı bəlli olmayan, tanınmayan Mirzə
Cəfər Rzayevin gördüyü işlər, fars dilinin
qrammatikasına aid yazdığı dərsliklər səhvən
görkəmli Azərbaycan şərqşünası,
şairi Mirzə Cəfər Topçubaşova aid edilib. F.Qasımzadənin "Abbasqulu ağa
Bakıxanov Qüdsi" adlı monoqrafiyasında, ali məktəblər
üçün "XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyində, eləcə də məşhur
filosof Heydər Hüseynovun "İz istorii obşestvennoy i
filosofskoy mısli v Azerbaydjane XIX veka" kitabında, "Azərbaycan
Sovet Ensiklopediyası"nda Mirzə Cəfər
Topçubaşov haqqında verilən məlumatlara diqqət
edək: "Peterburqda A.Bakıxanovun
görüşdüyü əhəmiyyətli simalardan biri də
Azərbaycan alimi və şairi Mirzə Cəfər
Topçubaşov idi. O, Peterburqda görkəmli dilçi,
şərqşünas, alim və istedadlı şair kimi
tanınmışdı. Onun fars dilinin sərf və nəhvinə
aid elmi əsəri və şeirləri vardır"
(Qasımzadə F. Abbasqulu ağa Bakıxanov Qüdsi.
Bakı, 1956, s.44). "Bu zaman yeni alim və
yazıçılar meydana çıxdı. Həmin illərdə
Peterburqda Mirzə Cəfər Topçubaşov görkəmli
bir dilçi, şərqşünas, alim və istedadlı
şair kimi tanınırdı. Onun fars dilinin qrammatikasına
və ümumiyyətlə dilçiliyə aid bir neçə
qiymətli əsəri meydana çıxdı"
(Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi. Bakı 1966, s.100). "Rusiyada şərqşünaslıq
elmi və təhsilinin təşəkkülündə M.C.Topçubaşovun rolu böyükdür.
Topçubaşov fars dilinin qrammatikasına dair bir sıra əsərin
müəllifidir" (Azərbaycan sovet ensiklopediyası. IX c.
Bakı, 1986, səh. 317). Bu mənbələrin
hamısında Mirzə Cəfər Topçubaşovun fars
dilinin qrammatikasına dair bir neçə dərsliyinin
olması qeyd edilir. Heydər Hüseynov, hətta onun dərsliklərinin
(? - N.M.) adını çəkməklə yanaşı, əsərində
həmin qrammatikalardan birinin - yuxarıda haqqında
danışdığımız Mirzə Cəfər Rzayevin
"Fars dilinin qrammatikası" adlı kitabının titul
səhifəsinin şəklini də vermişdir (bax: Quseynov
Q. İz istorii obhestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX
veka. Baku, 1958, s.63).
Titul səhifəsindən isə
açıq-aydın kitabın Peterburqda
deyil, məhz 1901-ci ildə (bu tarix də dəyişdirilib, əslində
1900-cü il olmalıdır - N.M.) akademik F.Y.Korşun
iştirakı ilə Moskvada nəşr edilməsi, müəllifinin
LŞDİ-nin Xüsusi Siniflərinin fars dili müəllimi
Mirzə Cəfər olması göstərilir. O, haqqında məlumat
verdiyimiz Mirzə Cəfər Rzayevdir. Hətta M.C.Rzayevin akademik Vs.Millerin yubiley toplusundakı məqaləsinin
adı H.Hüseynovun əsərində yanlış olaraq
"Süni şəkildə yaranan tam sözlər"
verilmişdir.
Mirzə
Cəfər Topçubaşovun
ən layiqli tədqiqatçıları C.Sadıqova, T.Ələskərovanın,
A.Rzayev, N.A.Tahirzadə, V.Quliyev və C.Həsənlinin
araşdırmalarına əsasən, görkəmli şərqşünas
alim yalnız Peterburqda yaşayıb-yaratmışdır.
LŞDİ-nin Xüsusi Sinifləri 1872-ci ildə
açılmış, M.C.Rzayev həmin
institutda 1876-cı ildən pedaqoji fəaliyyətə
başlamışdır. Mirzə Cəfər
Topçubaşov isə 1869-cu ildə vəfat etmişdir.
Kitabın əsl müəllifi Mirzə Cəfər Rzayev hələ
o vaxt professor adı almamışdı. Ona bu ad 1925-ci ildə
verilmişdi.
Mirzə
Cəfər Topçubaşov
da Rusiya şərqşünaslıq elminin inkişafında,
nüfuz qazanmasında tarixi xidmətləri olmuş azərbaycanlı
alimlərdəndir. O, 1790-cı ildə Gəncədə
anadan olmuş, Tiflisdə ruhani təhsili almışdı.
Ərəb, fars, eləcə də gürcü dillərinə
mükəmməl bələd idi. Sonralar Tiflisdə İran səfirliyində
işləmiş, 1811-ci ildə, A.Rzayevin
gürcü mənbələrindən və Sankt-Peterburq
arxivlərindən verdiyi məlumatlara əsasən,
gürcü şahzadəsi, məşhur
"İtalyanca-farsca-türkcə (azərbaycanca - N.M.)
lüğət"in tərtibçisi T.Q.Baqrationi ilə
birlikdə Peterburqa köçmüşdür. Bir müddət
Asiya departamenti Xarici işlər Nazirliyində tərcüməçi
və 1819-cu ildən Baş Pedaqoji İnstitutunda Şərq
dilləri üzrə müəllim işləmişdir.
Baş Pedaqoji İnstitut Peterburq Universiteti ilə əvəz
olunanda M.C.Topçubaşov burada
mühazirə oxumağa razılıq vermişdir. Professor F.Şarmua və İ.Demanjın universiteti tərk
etməsi ilə 7 mart 1823-cü ildən fars filologiyası
kafedrasına adyunqt-professor təyin olunmuşdur. 1825-ci ildən
həm də Asiya Departamenti Xarici İşlər Nazirliyi
Şərq Dilləri Tədris Şöbəsində
çalışmış, 31 dekabr 1835-ci ildən fars
filologiyası üzrə ekstraordinar professor, 21 may 1843-cü
ildən isə ordinar professor seçilmişdir. Professor
Fransua Bernar Şarmua təqaüdə çıxdıqdan
sonra, 1835-ci ilin yeni tədris ilindən - sentyabrdan Fars dili və
ədəbiyyatı kafedrasına Mirzə Cəfər
Topçubaşov rəhbərlik etmişdir. Azərbaycanlı
şərqşünas Peterburq Universitetində təkcə
fars dilindən yox, həmçinin ərəb və türk
dillərindən mühazirələr oxumuşdur. V.V.Qriqoryev yazırdı ki, fars dilindən
başqa Mirzə Cəfər Topçubaşov Zaqafqaziyada
geniş istifadə olunan türk dilinin Azərbaycan ləhcəsini
yaxşı bilir, gürcü və erməni dillərində
sərbəst danışırdı (bax: V.V.Qriqorğev.
İmperatorskiy S.Peterburqskiy universitet v
teçenie pervıx pətidesəti let eqo suhestvovaniə.
İstoriçeskaə zapiska. S.Peterburq,
1870, s.256). O, təsəvvüf ədəbiyyatının
gözəl bilicisi olmuşdur, Sədi, Hafiz, Ruminin şeirlərini
şərhlərlə izahı tələbələrinə
zövq verirdi. Uzun illər Xarici İşlər Nazirliyinin
Asiya departamentinin rəhbəri olmuş M.Qamazov
da Avropa təhsili görməmiş M.C.Topçubaşovun təhsil
metoduna çox yüksək qiymət vermişdir: "Həm
bizim institutda (Şərq Dilləri İnstitutu - N.M.), həm
də universitetdə fars dilini Avropa təhsilinin kəndarına
belə ayağı dəyməmiş bir şəxs öyrədirdi...
O müəllim Mirzə Cəfər Topçubaşov idi. Onun
tədrisi olduqca parlaq nəticələr vermiş və dinləyicilərinin
yaddaşında silinməz izlər qoymuşdur. Vaxtilə Mirzə
Cəfərin tələbəsi olmuş, hazırda isə
universitetin professoru kimi mən və fakültə
yoldaşlarım bunu etiraf etməkdən çəkinmirik.
Avropa təhsili görməmiş bu şəxsin təkbaşına
səpmiş olduğu toxumlar ən yüksək təhsil
metodunun belə fəxr edə biləcəyi nəticələr
vermişdir" (bax: V.Quliev.
"Azerbaydjanskaə şkola" v Rossiyskoy orientalistike. Baku,
2002, s.59). Müəllimlikdən savayı, o, Peterburqun kütləvi
kitabxanasındakı qiymətli Şərq əlyazmalarını
komplektləşdirmiş, müxtəsər-izahlı
biblioqrafiyalarını hazırlamışdır.
1849-cu il martın 24-də Peterburq Universitetini öz xahişi ilə tərk edən M.C.Topçubaşovu Kazan Universitetinin professoru, XIX əsr Rusiya şərqşünaslıq elminin
ən nəhəng simalarından olan Mirzə Kazımbəy əvəz etmişdir.
Asiya Departamentində elmi fəaliyyətini davam etdirən M.C.Topçubaşov
fars dilinin qrammatikasına aid dərslik
yazmamışdır. Poeziya
vurğunu olan M.C.Topçubaşovun
"Xalq Maarif Nazirliyi jurnalı"nda çapdan çıxmış
şeirlərini vaxtilə
məşhur rus tənqidçisi V.Q.Belinski
yüksək qiymətləndirmişdi.
M.C.Topçubaşov
1935-ci ildə I Aleksandrın
vəfatının onuncu
ildönümünə həsr
etdiyi "İki şeir" adlı kitabçanın və Əttarın "Pəndnamə",
Sədinin "Bustan", "Gülüstan", Hafizin
seçilmiş qəzəlləri,
Ruminin məsnəviləri,
Firdovsinin "Şahnamə"si,
"Təzkireyi-Muki xan",
"Tarixi Vəssaf əfəndi", "Məxzənül-İnşa"
əsərlərindən nümunələrin
tərcüməçisidir. London Kral Akademiyasına üzv seçilməsinin
səbəbi məhz
"İncil"i fars
dilinə tərcümə
etməsi olmuşdur. Cəmil Həsənli qeyd edir ki, xristianlığın
təməl kitablarından
birini tərcümə
etməsinə baxmayaraq,
XIX əsrdə Rusiya dövlət idarələrində
və universitetlərdə
çalışan bir
çox dindaşlardan
fərqli olaraq, Mirzə Cəfər Topçubaşov öz dinini dəyişməmişdi.
O, həmin əsrdə
dünyanın ən güclü pravoslav paytaxtı kimi formalaşan Peterburqda müsəlman olaraq qalırdı; hətta ətrafında olan qabaqcıl rusların bəzisini Şərqin cazibəsinə sala bilmişdi (Cəmil Həsənli. Tarixi şəxsiyyətin tarixi.
Əlimərdan Bəy
Topçubaşov. Bakı,
Azərbaycan Diplomatik Akademiyası, 2013, s.29).
Professor Mirzə Cəfər Topçubaşov Peterburq Universitetində, Rusiya Arxeologiya Komissiyasında, Xarici İşlər Nazirliyinin Asiya Departamentində səmərəli
fəaliyyətinə görə
I və II dərəcəli
Müqəddəs Anna, III dərəcəli
Müqəddəs Vladimir, I dərəcəli Müqəddəs
Stanislav və İranın
Şiri-Xurşid ordenləri
ilə təltif olunmuş, İngiltərə
və İrlandiya Asiya Kral Cəmiyyətlərinə
həqiqi üzv seçilmişdir. Bəlkə
də LŞDİ-nin fəxri üzvü, Statsk Müşaviri olması Mirzə Cəfər Rzayevlə şəxsiyyəti səhv
salınmışdır.
Son söz əvəzi
Mirzə
Cəfər Rzayev -
zaman ötdükcə bu
azərbaycanlı alimin
şərəfli ömrü,
şərqşünaslığa bəxş etdiyi elmi töhfələri, zəngin irsi bəşəriyyəti heyran
qoyacaq, təvazökarlıqla
qeyd etdiyi epiqraf onun humanist həyat amalının, elmi-pedaqoji fəaliyyətinin
vaxtın, zamanın fövqündə duracaq rəmzi kimi səslənəcək: "Allah insanlardan bacardıqlarından
artıq tələb etmir! Dərvişin hədiyyəsi bircə yaşıl yarpaqdır. Nə etsin? Onun imkanı təkcə buna çatır!"
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.14-15.