Unutmağa kimsə var...
(Əvvəli ötən saylarımızda)
Vaqif əvəzedilməz idi...
(3)
Vaqiflə görüşlərimiz daha çox kamera üslubunda olurdu. Əlbəttə ki, onun teatrındakı tamaşalardan sonra keçirilən müzakirələri nəzərə almasaq. Bu teatrda onun balaca kabineti vardı. Dörd-beş adamın güclə otura biləcəyi bu otağa, bəzən on beş adam (buraya hökmən tamaşada iştirak edən aktyor və aktrisalar da dəvət olunardılar) toplaşardı. Siqaret tüstüsü, külqabıda söndürülmüş siqaret kötükləri, bunun ürəkbulandıran qoxusu, amansız bürkü, amma bütün bunlarla yanaşı - mənəvi ləzzət...
Bəzən tamaşa olmayan günlərdə də biz Vaqiflə görüşürdük. Bu zaman haman kamera dediyim üslubda ancaq ikimiz olardıq. İş vaxtını bitirib evə çoxdan getməli olsa da, Vaqif mənimlə gecə yarıyadək, hər ikimiz artıq yorulub söz tapmayana qədər qalar, bütün müəmmaları həll
etməyə, labirintdən,
əgər vardısa,
çıxış yolu
tapmağa çalışardıq.
Vaqif sanki səhərə qədər
maxorkanı maxorkaya calayıb, mənimlə üzbəüz oturaraq mənə qulaq asmağa hazır idi. Mən danışmaqdan
yorulardım, o qulaq asmaqdan yorulmazdı. Əgər soruşsalar
ki, bəs bu uzun-uzadı söhbətlərin
canında nə dururdu, onların mənası nə idi, mən ayrı-ayrı
detalları xatırlamadan
belə deyərdim: söhbətimizin canında
onun gördüklərini
və mənim yazdıqlarımı bir-birimizə
tərifləmək dururdu.
Özü də elə-belə tərifdən
söhbət gedə bilməzdi. Bu tərif dərin əsaslandırılmış
mülahizələrə söykənməli
idi.
Vaqif məni teatra bağlayan əsas qüvvələrdən biri
idi. Məni çox təşviq edirdi. Əlbəttə ki, mən
o zaman yatıb yuxumda
da görməzdim ki, Vaqif
nə zamansa mənim pyesimə quruluş vermək istəyəcək. Bu barədə
bizim heç bir söhbətimiz olmamışdı. Mənim
o zaman ona belə bir təklif etməyə cəsarətim
çatmazdı. Səmimiyyətlə
deyim ki, bu heç mənim ağlımdan da keçmirdi.
Hələ nə "Gizli
Dədə Qorqud",
yazılmışdı, nə
"Mifdən yazıya,
yaxud Gizli Dədə Qorqud - 2", hələ nə "Bir-iki, bizimki", nə "Unutmağa kimsə yox", nə də "Sehrbazlar dərəsi"...
var idi. Hələ ancaq bir Vaqif
idi, bir də mən. Və mənim arzulamaq belə ağlıma gəlmirdi
ki, nə zamansa bu balaca otaqda
qarşımda oturub siqareti siqaretə calayaraq məni sonsuzluğa qədər dinləməyə hazır
olan, Niyazinin sözü olmasın, bu "əjdəha" adam mənim ona dediklərimlə yanaşı, mənim yazdıqlarımla da maraqlanacaq,
onları bəyənəcək,
onlardan tamaşa hazırlayacaq, onları tərcümə edəcək,
bu haqda məqalələr yazacaq,
kitablarımı öz
teatrında müzakirəyə
çıxaracaq...
Hələ bütün bunlar
yox idi. Hələ biz onun balaca otağında qarşı-qarşıya oturmuşuq.
O siqaretini tüstülədir,
mən isə danışıram. Vaqifə
danışdıqlarım Natiqlə,
Vidadi ilə söhbətlərimdə olan
kimi sevgi macəraları deyildi.
Ona, deyəsən, dissertasiyamı,
ədəbi-bədii düşüncələrimi
danışırdım. Məsələn,
"Dədə Qorqud"da
sintaktik paralelizm hansı poetik dərinliklərə, hansı
fəlsəfi genişliyə
çıxarır?! Vaqif
çox maraqla qulaq asırdı. Təsəvvür edirsinizmi?!
Bu təmiz dilçilik
məsələləri və
onlardan doğan dolanbaclı yollar ona çox maraqlı görünürdü.
Mənim özümə
də maraqlı olan o idi ki, Vaqif bunları qavramağa çalışır...
Ümumiyyətlə, mən həmişə belə fikirləşmişəm və bu fikri əlimdə bayraq kimi tutmuşam ki, mənim işim yazmaqdı. Pyesi yazandan sonra onun bir uşaq kimi qayğısına qalmaq - bu, artıq mənim işim deyil. Bununla məşğul olanlar, özü də təkidlə, israrla məşğul olanlar var, Allah onların da canına sağlıq versin, arzularını yerinə yetirsin. İndi burada onların adlarının çəkilməsinin yeri deyil. Mən belə düşünürdüm: yazdığım pyes hansı rejissorun xoşuna gələrsə, özü bilər. İstər tamaşaya qoyar, istəməz, yenə də özü bilər. Həsənağa Turabov mənim əziz dostum idi. Aramızda təkcə dostluq yox, qardaşlıq münasibəti vardı. O zaman Turabov "Azdrama"nın bədii rəhbəri idi. İki gündən bir görüşüb, ya çay içirdik, ya da elə-belə yeyib-içirdik. Bir-birimiz üçün həmişə darıxmışıq. Bir-birimizə deməyə sözümüz olub. O, teatrda nə istəsəydi, edə bilərdi. Amma mənim bir pyesim də onun vaxtında "Azdrama"da səhnə üzü görmədi. Mən ona bir dəfə də demədim ki, mənim əsərimi niyə tamaşaya qoymursan?! Nə o mənimlə, nə də mən onunla bu barədə bir kəlmə də kəsmədik. Halbuki mənim Həsənağaya ərkim çatardı bu sözləri deməyə. Nə dedim, nə də deməməyimdən peşman oldum. Bu sözləri deməməyin əzabını çəkmədim. Bir sözlə, belə deyim: "vecimə deyildi". Həsənağa, düzdü, məni pyes yazmağa təhrik edirdi, həvəsləndirirdi. Mənim "Unutmağa kimsə yox" adlı pyeslər kitabıma Ön söz də yazmışdı. Bu Ön sözdə o məni 21-ci əsrin dramaturqu kimi qiymətləndirmişdi. 21-ci əsr isə hələ 20 ildən sonra başlayacaqdı. Mən bunu düşündükcə təbəssümümü gizlədə bilmirəm. Nə isə... Bilmirəm, bəlkə o məni teatr aləmindəki intriqalardan qorumaq istəyirdi, bəlkə mənim pyeslərim əsasında səhnəyə qoyulan tamaşaların uğuruna o qədər də inanmırdı?! Bəlkə başımın altına, necə deyərlər, yastıq qoyurdu?! Deyə bilmərəm. Amma mənim tamaşasız, səhnə üzü görməyən dram yaradıcılığım bir xeyli çəkdi. Lap axırda Vaqif Həsənağanı nə şəkildə inandırdısa (Həsənağa Vaqifə çox inanırdı), o, razılıq verdi ki, Vaqif mənim "Casus" pyesimi "Azdrama"nın səhnəsində "Azdrama"nın aktyorları ilə tamaşaya hazırlasın. İlk dəfə idi ki, YUĞ-un bədii rəhbəri "Azdrama"da tamaşa qoyurdu. Bu özü maraqlı bir eksperiment idi. Həsənağa inanmışdı ki, Vaqiflə "Azdrama"nın simbiozu uğurlu olacaq. Əslində, həm elə oldu, həm də elə olmadı. "Casus"un bir tamaşa kimi bəxti bir qədər başqa cür gətirdi. Belə deyim, bəxti həm gətirdi, həm də gətirmədi.
Vaqif elə bir tamaşa hazırlayırdı ki, "Azdrama"da, digər teatrlarda, eləcə də bu teatrlara baxıb mədəni dairələrdə, necə deyərlər, hamı "Casus"un məşqlərindən danışırdı. "Azdrama"nın aktyorları, məncə, nadir hallarda belə həvəslə məşq etmişdilər. Əslində, mənə indi də elə gəlir ki, onlar Vaqifin dəsti-xətti üçün susamışdılar. Tamaşaya cəlb olunmayan aktyorların bir çoxu bu tamaşada rol almaq üçün Vaqifə, Həsənağaya minnətçi düşürdülər.
Hər şeyin nizamla getdiyi son dərəcə ciddi hazırlıqdan, ədəbi-bədii "ajiotaj"dan sonra "Casus"un başı üstündə dumanlar dolaşdığının şahidi olduq. Ona bir tamaşa kimi teatrın repertuarına düşmək qismət deyilmiş. Sirri-xudamı?! Xeyr, sirri-bəni adəm.
Tamaşanın ictimai baxış günü gəlib çatdı. Mədəniyyət Nazirliyinin, cürbəcür teatrların nümayəndələrinin, mədəniyyət xadimlərinin, jurnalistlərin, YUĞ-un dostlarının, "Azdrama"nın aktyor və rejissorlarının iştirakı ilə baş tutan ictimai baxış yüksək səviyyədə keçdi. Tamaşa böyük təriflərlə qəbul edildi. Hamı deyirdi ki, "Azdrama"nın aktyorları "qan elədilər". Əliabbas Qədirov, Laləzar xanım, Hicran Nəsirova, Sabir Məmmədov, Cəfər Namiq Kamal, Mətləb Abdullayev, Məzahir Cəlilov bu tamaşada, sözün əsl mənasında, tanınmaz olmuşdular. Amma qəribəsi bu deyildi, qəribəsi bir başqa cür oldu.
İctimai baxışdan sonra labüd şəkildə "Casus"un premyerası olmalı idi. Premyeranı isə bilinməyən bir zamana qədər təxirə saldılar. O bilinməyən zaman bu günə qədər davam edir. Niyə? Bunun əsl səbəbini mən indiyənə qədər bilmirəm. Dedilər, kənardan, hətta mədəniyyətə siyasi rəhbərlik tərəfindən müdaxilə olub. Bilmirəm, deyə bilmərəm. Heç maraqlanıb məsələnin kökünə getmək belə istəməmişəm. Həsənağanın özü ilə də, nə qədər inanılmaz olsa da, bu barədə heç bir "razborkam" olmadı. Mən onu pis vəziyyətə qoymaq istəmədim. Çünki veriləsi bir cavabı yox idi. Vaqiflə mən hiss edirdik ki, o özü belə bir situasiyanın meydana çıxmasından əzab çəkir.
Səmimiyyətlə deyim ki, "Azdrama"nın səhnəsində ilk və son dəfə ictimai baxış üçün oynanmış və premyerasına qadağa qoyulmuş "Casus" mənim üçün dəfələrlə oynanıb "kökdən düşmüş" "Casus"dan qat-qat maraqlıdır. Mən tərəfdən təvazökarlıqdan uzaq da olsa deyim ki, Vaqif İbrahimoğlunun "Azdrama"da hazırladığı "Casus" tamaşası haqda indi də əfsanələr gəzir. Və yeganə təsəlli kimi onu deyə bilərəm ki, bu gün o tamaşadan bizə, sadəcə, Vaqifin tələbəsi, türkiyəli rejissor Rasim Aşının çəkdiyi video qalıb. Vaqifin İctimai baxışdan əvvəl "Azdrama"nın aktyorlarına dediyi sözlər onun aktyor zəhmətinə, teatr işinə nə dərəcədə böyük qiymət verdiyinin bariz nümunəsidir. Videoya çəkilmiş kadrlarda o səhnəyə çıxmaqdan əvvəl tamaşanın hazırlanmasında neçə ay birgə zəhmət, əslində, əziyyət çəkmiş aktyorlara belə deyir:
"Gözünüzə baxıb sizdən halallıq diləmək istəyirəm. Tamaşa indi başlayacaq. Mən hamınızın qarşısında baş əyirəm, uğurlar diləyirəm. Siz peşəkarsınız, sənətkarsınız. Dediyimi bu işığın qarşısında təkrar edirəm: hamınızın peşəkarlığını yüksək dəyərləndirirəm. Sənətinizi sevirəm. Tərinizə qurban olum. Bu teatrda tər tökmüsünüz. Bu, müqəddəs tərdir. Bizim sənətimiz nazirliklərlə-filanla yaşamayıb. O qutlu, peşəkar, sənətini sevən insanların təridir buranı sulayan. Ona görə hamınızı böyük hərflə sənətçi adlandırıram. Bu sənəti yaradırsınız. Ona görə öpürəm sizi. Əlinizdən öpürəm, ağzınızdan öpürəm. Qurban olum sizə. Uğurlar olsun. İnanıram sizə. Halal edin".
"Casus" haman gün bir tamaşanın yaşaya biləcəyi triumfu və fiaskonu eyni zamanda yaşadı.
...Amma dediyim
kimi, "Casus"un hazırlanmasına hələ
çox vardı. İndi isə
mən tamam başqa sentimental-romantik bir əhvalda idim. Bir pyes üzərində işləyirdim.
Onu Vaqifə verəcəkdim. Əlbəttə
ki, oxumağa və tamaşaya qoyması üçün. Həyəcanlı
idim. Görəsən,
o nə deyəcək?!
Dostluq bir yana, mən onun son dərəcə obyektiv, bizim dillə desəm, "bildiyini babasına da verməyən" bir adam olduğunu bilirdim.
Günlərin bir günü,
nəhayət ki, pyesi
qurtardım. Ürəyimdən,
elə bil, tikən vardı, o çıxdı. Mən ürəkdən bir "uff" eləyib pyesin son nöqtəsini qoydum. Sonra böyük bir ehtirasla yazdığım
və mürəkkəbi
hələ qurumamış
bu pyesi hövlnak qaçaraq gedib YUĞ teatrına gətirdim. Vaqif o zaman
YUĞ-un yerləşdiyi yerdə
- Azdramanın
4-cü mərtəbəsində, kiçik tamaşa zalında idi. İkimiz də onun iş otağına
keçdik. O, tələsmədən
pyesi əlimdən aldı, qoydu qabağına, öz təkraredilməz "hm..."nı eləyib yenə də bığlarını tumarladı
və yerini stulda rahatladı. Mən susqunluq və həyəcan içində idim. Özümə yer tapa bilmirdim. Pyes öz-özlüyündə o qədər
də böyük deyildi. Vaqif pyesi birnəfəsə oxudu. Bu qısa vaxt mənə bir il qədər gəldi. Mən hazırlaşırdım ki, indi
o sonuncu səhifəni
çevirəndən sonra
uzun-uzadı qeydlərə
başlayacaq, mən də məcburən o qeydləri, ayıb olmasın deyə yazmağa başlayacağam.
Sonra həvəsdən düşəcəyəm
və bir daha bu pyesə,
ola bilər ki, ümumiyyətlə,
pyes yazmağa qayıtmayacağam. Amma belə
olmadı. Vaqif oxuyub qurtarandan sonra əlini ehmalca stola vuraraq üzünü mənə
tutmadan, qətiyyətlə
sanki öz-özünə
belə dedi. Onun dediyi sözlər
indi də qulağımdadır:
- Gözəldi. Mən bunu təcili hazırlamağa başlayıram.
Sevincimin
həddi-hüdudu yox idi. Bizim Vaqiflə
ilk birgə işimiz bu pyeslə başladı. Pyesin adı "Bir-iki, bizimki" idi.
Vaqif, sözün əsl mənasında, əfsanəvi,
gözəl və təmtəraqlı bir tamaşa hazırladı. Pyesdə İki obraz var idi. Tamaşada onlar altı oldular. Psixoloji durumuna görə hər obraz özündən birini də doğdu. Pyesdə oğlan səsi və qız səsi var idi. Pyesdə onların ancaq səsləri eşidilirdi. Onlar da real obrazlara çevrildilər.
Musiqi gözəl şəkildə tamaşanın
daxilindən gələn
bəzən pıçıltıya,
bəzən isə bir haraya döndü.
Musiqinin müəllifi
Azərbaycanın tanınmış
bəstəkarı Leonid Vaynşteyn
idi. Təəssüf
ki, mənim bu pyesimin də tamaşaya çevrilməsi
faciəsiz alınmadı.
Mən Leonidi şəxsən tanımırdım. Amma o, Azərbaycanın
məşhur intellektual
ziyalılarından, gözəl
bəstəkarlarından biri
idi. Mədəniyyət
adamlarının üzdə
olanlarının, demək
olar ki, hamısı ilə dostluq edirdi. Vaqifi də gözəl tanıyırdı və pyesi oxuyandan sonra tamaşaya musiqi yazmağa razılıq vermişdi. Onunla mənim ilk görüşüm musiqi
hazır olandan sonra baş verdi. Leonid məni və Vaqifi bir axşam yeməyə dəvət elədi. Yemək zamanı bir az ordan-burdan danışdıqdan sonra əsl mətləbin üzərinə gəldik.
Mənim maraqdan səbrim kəsilmişdi
ki, bu bəstəkar, görəsən, ondan soruşsam, əsər haqda nə deyəcək?!
Bu onun üçün
nə idi?! Xoşuna gələn və onun dərin
yaradıcılıq ehtirasını
coşduran bir əsər idi, yoxsa, sadəcə, Vaqifə "yox" deyə bilməyib üzdən yanaşdığı
növbəti bir iş idi?!
Leonid əsəri xeyli təriflədi. Yazdığı
musiqinin leytmotivini, ayrı-ayrı hissələrini
özü ilə gətirdiyi maqnitofonda bizim üçün səsləndirdi.Vaqif də, mən də musiqini çox bəyəndik. Mən dözməyib Leoniddən bir məsələ ilə bağlı fikrini soruşmaq istədim. Bu mənim üçün çox vacib idi:
- Pyesdə ən çox xoşuna gələn nə oldu?
Leonid, demək olar ki, düşünmədən cavab
verdi:
- Belə deyim. Bu pyesdən sonra mən daha ölümdən
qorxmuram. İnan mənə, Kamal, ciddi sözümdür. Mən
daha ölümdən
qorxmuram.
Vaqif də, mən də o zaman bu sözlərin dərinliyinə
getmədik. Biz nə biləydik ki, yazdığı
musiqinin partiturasını
Vaqifə təhvil verəndən üç
gün sonra bizim premyeraya bir-iki gün qalmış Rus Dram Teatrında
dostlarının əhatəsində
Leonid qəfildən vəfat
edəcək. Premyeraya
gələn tamaşaçıları
Leonid Vaynşteynin üzündə
kədərli təbəssüm
qara lentli portreti qarşılayacaq.
Bu məsələ bununla bitmir. Leonidin ölümündən bir
xeyli keçəndən
sonra dostlar arasında hansısa bir toplantıda - Vaqiflə mən də orda idik
- Leonidin vəfatı
ilə bağlı söz düşdü və onun vəfatının
şahidi olan bizim gözəl aktyor və rejissorumuz Aleksandr Şarovski
belə dedi:
- Mən bir şeyə
təəccüb edirəm.
Ölüm ayağında,
axır nəfəsində
Leonidin son sözləri
bu oldu: "Mən qorxmuram". Niyə belə dedi, nədən qorxmurdu?! - Aleksandr bir daha fikirli-fikirli təkrar elədi: - Mən qorxmuram...
Vaqif dərhal mənə, mən də ona baxdım. İkimiz də bu sözlərin hardan gəldiyini, onların əsl mənasını bilirdik.
Biz kədər içində
idik.
"Bir-iki, bizimki" YUĞ-un repertuarında
xeyli yaşadı. Onun tamaşaçıları
çox idi. Tamaşaya ayrı-ayrı
tamaşaçılardan başqa
təşkilatlar da gəlirdilər.
Məsələn, Azərbaycanın
"Şən və
hazırcavablar klubu"nun
üzvlərinin bir yerdə tamaşaya gəldikləri yadımda
qalıb. Tamaşanın
azarkeşləri də
yaranmışdı - ona
bir neçə dəfə baxanlar var idi. Qəribə bir mistika hopmuşdu
tamaşaya. "Bir-iki,
bizimki" Vaynşteynin
qüssə dolu musiqisi ilə bitir, səhnədə yalnız vaxtından çox-çox əvvəl
bu dünyanı tərk etmiş baş qəhrəman Gənc qız qalır. O öz yanına - o biri dünyaya tamaşa boyu çağırıb
aparmaq istədiyi sevgilisini zülmət qaranlıqda tapa bilmir, ona elə gəlir
ki, sevgilisi onu aldadıb, ona söz verib, amma sözünə əməl etməyib, son anda o biri dünyaya
- qızın yanına
gəlməkdən imtina
edib. Kişi isə, əslində, sevgilisinin istəyi ilə dünyasını
dəyişib onun yanına gəlib. Amma o da
sevdiyini tapa bilmir. Gənc qız pərişan halda səhnənin ortasında
donub qalıb, sonra o, yerdəncə oturur. O təkdir. O yenə də təkdir. Onu yenə də tək qoydular. Qəlbi üzən musiqi bir azdan
hansısa ənginlikdə
əriyir. Pərdə
yoxdur. Səhnə zala, zal səhnəyə
qarışır. Tamaşa,
beləcə, səssizlik
içində bitir.
Vaqif də, mən də dəfələrlə
rejissor otağından
tamaşadakı bu son
məqamı seyr edib snobcasına Gənc qızın yerə oturduğu və musiqinin bitdiyi andan tamaşaçıların alqışlarına
qədər uzanan vaxtı hesablayırdıq.
On dəqiqəyə qədər
vaxt uzana bilirdi. Birinci dəfə, premyera zamanı alqışlar gecikəndə mən, hətta elə bilmişdim ki, bu "proval"dır. Məni Vaqif sakitləşdirmişdi.
Demişdi ki, tamaşaçılar
gördüklərinin, belə
deyək, sehrindən çıxa bilmirlər. Hətta bir dəfə tamaşanı
seyr edən bir dostumuzun səhnəyə addımlayıb,
Gənc qızın qənşərində diz
çöküb oturduğunun,
bir neçə dəqiqə diqqətlə
ona baxdığının
da şahidi olmuşduq.
Görəsən, dostumuz
Gənc qızın üzündə, gözündə
nə axtarırdı?!
Gənc qız, elə bil, tamaşaçının
belə hərəkət
edəcəyini gözləyirdi,
tükü də tərpənmədi. Tamaşaçılar
hələ zalda idilər. Dostumuzun hərəkəti bir az teatral alınmışdı,
amma onun tamaşadan təsirlənmədiyini
də deyə bilməzdik. Biz sonra bu əhvalatı bir-birimizə elə o dostumuzla bir yerdə çox danışıb gülmüşdük.
"Bir-iki, bizimki" ilə bağlı bir "olay" da heç vaxt yadımdan çıxmaz.
Tamaşanın səsi
bərk gəlirdi. Teatr mühitində müsbət rəy formalaşmışdı. Qəzetlərdə
məqalələr yazılır,
müzakirələr təşkil
edilirdi. Aktyorlar tamaşadan-tamaşaya daha
böyük həvəslə
oynayırdılar. Vaynşteynin
vəfatı tamaşanın
(pyesin) mahiyyətindəki
və ətrafındakı
mistikanı bir qədər də artırmışdı.
Bu arada mənə Prezident Aparatının Humanitar şöbəsinin
müdiri Fatma xanım
Abdullazadə zəng edib həyat yoldaşı ilə bir yerdə tamaşaya gəlmək istədiyini bildirdi. Məndən tamaşanın
vaxtını soruşdu,
mən də çox düşünmədən
dedim:
- 6-da, 7-də...
Baxın da...
Həmən axşam Vaqifə tamaşaya kimin gələcəyini xəbər verdim. Qətiyyən həyəcanlanmadı. Getmək istəmirdi, zorla onu teatrın (YUĞ teatrı o zaman "Azdrama"nın kiçik zalında yerləşirdi) Fatma xanımgil gələn arxa qonaq qapısına apardım. Tamaşa saat 6-da başlayacaqdı. Saat 6-ya isə artıq az qalırdı.
Saat 6 oldu. Qonaqlar gəlib çıxmadı. Vaqif bir istədi ki, çıxıb getsin və tamaşanı başlasın, mən dil tökdüm, qoymadım: - Bir az da gözləyək, - deyə xahiş elədim.
Saat 7-nin yarısı oldu. Gördük ki, nəhayət, küçənin o biri başından Fatma xanım həyat yoldaşı ilə bir yerdə, tələsmədən, yavaş-yavaş (hətta bir az da tənbəl-tənbəl) teatrın arxa qapısına tərəf gəlirlər. Allah, Allah... Vaqif bunlara bir "sifət" göstərdi ki... Fatma xanım təəccüblə mənə baxdı:
- Noolub buna? Nə baş verib?
Vaqif dözmədi. Necə deyərlər, gözünü
yumub ağzını
açdı. Şöbə
müdirinə, bütün
ideoloji, mədəni sahəyə rəhbərlik
edən bu xanıma çox sərt sözlər söylədi, onların tamaşaya gecikmələrini
az qala böyük
bir problemə çevirdi. Hər halda onun sözlərindən
belə çıxdı.
Fatma xanım Vaqifə
səbirlə qulaq asandan sonra təhər-tövrünü
pozmadan:
- Bizdə günah yoxdu, - dedi. - Kamaldan vaxtı soruşdum, o da dedi ki, siz gəlin 6-da, 7-də.
Biz də 7-nin yarısında
gəlmişik.
Vaqif udqunub mənə tərs-tərs elə baxdı ki, mən tez söhbəti dəyişmək istədim,
amma taxsırın məndə olduğu artıq hamıya bəlli oldu. Tamaşa bu dəfə saat 7-də başladı. Sonralar Vaqif mənə zarafatla sataşmaq istəyəndə "6-da, 7-də" sözlərindən tez-tez
istifadə etməyi unutmadı.
Bu əhvalatı bir şeyə görə yazıram. İstəyirəm,
oxucu bilsin ki, Vaqif üçün teatrla, tamaşa ilə bağlı nə vardısa, sakral, az qala
müqəddəs məna
daşıyırdı. Hər
xırda detal son dərəcə əhəmiyyətli
idi. Teatr onun üçün "Əlahəzrət" titulunda
idi. O, teatr barəsində, teatrdakı
iş rejimi, münasibətlər kələfi
haqda heç vaxt qeyri-ciddi söz deməz, intriqalara yol verməz, ədalətsiz hərəkət etməzdi.
Vaqif teatrı, sözün əsl mənasında, bir məbəd sayırdı.
O özü-özünü belə tərbiyə etmişdi. Bəli, Vaqif özü-özünü
tərbiyə etmiş
və bilikləndirmişdi.
O özü-özünü yaratmışdı. Böyük
mədəniyyətşünas Canbatisto Viko deyirdi ki, ilk şairlərə
kimlər dərs deyəcəkdi ki?! Belə
adamlar yox idilər. Onlar özləri özlərini
ilk dəfə yaradırdılar.
Vaqif də Azərbaycan teatr müstəvisində belə
ilklərdən idi. Ondan əvvəl o yolu gedən olmamışdı. Baxmayaraq
ki, o, görkəmli rejissor
Tofiq Kazımovu özünə müəllim
sayırdı, otağında
divardan yalnızca onun şəkli asılmışdı, amma
yenə də mən belə düşünürəm ki, Vaqif
özü-özünü yaradıb.
Ricət.
Yadıma yenə də Nyutonun sözləri düşür.
O deyirdi ki, biz uzağı
onun üçün görə bildik ki, nəhənglərin çiyninə
çıxmışdıq. Həmişə belə olmur. Bəzən uzağı ona görə aydın şəkildə görə
bilirsən ki, kimsə
sənə mane olmur. Ətrafında kiminsə hənirtisini
hiss eləmirsən. Sən,
tamamilə, təksən.
Təkcənəsən. Təkcənəliyin
təntənəli simfoniyası,
yəqin ki, elə belə də yaranır. Ricətin sonu.
(Davamı var)
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.16-17.