Mifin bir qısa tərifi
Mif nədir?
Cavabı göründüyü qədər də sadə gəlməsin.
Çox sayda dəyişik təriflər varsa belə, nə
olmağıyla bağlı ümumun qəbul edə biləcəyi
ortaq, aydın təsəvvür yoxdur. Bir səbəb də,
yəqin "mif" məfhumunun "düşüncəmizin,
keyfimiz istəyən kimi istifadə etdiyimiz bir
kateqoriyası" olmağıdır. Halbuki söhbət
insanlığın min illər uzunu həqiqət və məna
axtarışlarını anladan, rəmzlər dolusu hekayətlərdən
gedir. K.Levi-Stross: "Bir qırmızıdərili mifin nə
olduğu sualına: "mif - insanların və canlı məxluqatın
hələ ayırd edilmədiyi zamanların tarixidir"
cavabını verərdi" - deyir, əlavə də edir ki,
bu sadə cavab, yəqin mifin ən dolğun tərifi
olardı...
Xalq var,
yaratdığı miflər nəql olunmaqdan daha çox, bir
nəğmətək oxunub. Xalq da var, əcdadla
bağlılıqda yaradılışdan bəhs edilən o əsatir
çağını "nəğmə dövrü"
adıyla anmaqdadır; yəni ahəngli bir dövr, ahəng
içində yaşanılmış dövr...
Miflər
elə zamanların tarixindən bəhs edir ki, fitrətin əsla
çirkaba bulaşmadığı o keçmişdə
insanlar maddi aləmdən daha güclü, daha zəngin bir
ruhani aləmin, gözlə görünməyən bir mənəvi
gerçəkliyin varlığına əmin idilər;
daş onlardan ötrü cansız qaya parçası yox,
sehrkar gizlin gücün təzahürüydü. Bu, ahəngin
hökm sürdüyü, Tənəzzüldən əvvəlki
"Qızıl dövr" idi...
Birmənalıdır
ki, miflərdə əski çağ insanının təbiəti
öz hökmü altına almaq istəyinin izlərini axtarmaq
mənasız olardı. Həqiqətdə ənənə
çağının varlığa bütüncül baxa
bilən insanı çevrəsində müşahidə elədiyi
tükənməz ahəngə heyran qalmışdı.
Görürdü ki, bütün yaradılmışlar
bir-birilə ecazkar harmoniya içindədir. Gördüyü
mükəmməl nizam onu dərindən-dərinə məftun
eləmişdi. "Təbiət aləmini saran bu inanılmaz
ahəng son zamanlaracan Qərb elminin diqqəti xaricində
qalmışdı".
Məhz
"həmin heyrətamiz ahəngdir ki, ayrı-ayrı ənənələrdə
çeşidli miflərə xas dillə
açıqlanmışdır". Xalqın
dünyagörüşü və həyat fəlsəfəsinin
miflərə aşkar səpələnməyi bu üzdəndir.
Məsələn, Şərq düşüncəsində
Tanrı ilə insan arasında harmoniya olduğunu, Qərbdə
isə bunun qarşıdurma xarakteri
daşıdığını bizlərə anladan miflərdir.
Anladır ki, Tanrı ilə insan arasında ahəng var ikən...
bir Prometey mifi yarana bilməzdi.
Miflər
dərin anlamlarla yüklü olub, mədəniyyətlərə
bütün keçmişləri boyu bir xəritə kimi daim
doğru yol göstərmişlər. Onları bilmək
"nəsnələrin mənşəyindəki sirri öyrənmək
deməkdir" [M.Eliade]. Mədəni ənənənin
bünövrəsində dayanıb ona sağlam
yaradıcılıq gücü verən məhz miflər
olubdur. Dünyada öz yerini tapmağı ilə bağlı
düşüncəsini məşğul edən ən
müxtəlif sualların cavabını əcdad məhz miflərdə
tapa bilibdi. Amma "mifologiyanın komfort üçün
yaradılmış təsəlli qaynağı"
olmadığına şübhə edilməməlidir. Miflərə,
əlbəttə, dərin inam vardı. "Miflər haqda bizə
doğru-dürüst bəlli olan bir tək budur ki, adamlar
onlara inanırdılar" [Y.Meletinski]. İnanır və bu
inamın, bu imanın gücüylə də
yaşayırdılar...
Mif mədəniyyətin,
bəlkə ən yüksək təntənəsidir. Ənənəvi
mədəniyyət haqda hər hansı mühakimə
yürüdərkən əsla miflərsiz keçinmək
olmur. Mifologiya cəmiyyətin canlı düşüncələrlə
dolu həyat yoludur.
Maarifçilər
gəldi-gələli ənənəvi mədəniyyətin ən
əski zamanlardan bəri əsasında dayanmış mifləri
bir ucdan avam adamların sadəlövh və lazımsız
uydurması deyib yamanladılar, onlardakı gözəlliyi qətiyyən
dərk etmək istəmədilər. Modern cahilin ruhani
mövzularda bəsit təsəvvürü üzündən
miflər hərfi mənada başa düşülüb
dünyəvi kontekstdə yozuldu, vaxtaşırı eybəcərliklərə
aparıb çıxaran formal məntiq və sillogizm zənciriylə
yanaşıldıqca daha anlaşılmaz hala gəldi. Halbuki
"mifologiyanın rasional şəkildə dərki
mümkün deyildi; mif "addımbaşı formal məntiqin
qanunlarını pozur"du... Uzaq keçmişin insanları
da yəqinlik hasil eləmişdilər ki, dünyanıdərklə
əlaqəli bilgilər sadəcə quru ağla, məntiqə
əsaslandısa məhdud və alayarımçıq olur...
Yeri gəlmişkən,
"ayrılıqda hər mif məntiqdən məhrum hekayə
kimi görünsə də, aralarında asan anlaşılan
bir əlaqə mövcuddur. Ümumi məna
ayrı-ayrılıqda miflərin heç birində yoxdur. Bu,
yalnız onlar birgə götürülüncə
özünü büruzə verir".
Daim
yaradılışla əlaqələnən miflər, eyni
zamanda möcüzələrlə doludur. Əslində "həqiqət
həmən möcüzəvi olanlardadır". Miflərin
mahiyyətini təşkil edən "möcüzələr
təbiət qanunlarına deyil, yalnız o haqda bildiklərimizə
ziddir.
"Bəşər
mədəniyyətinin yaratdığı nə varsa, içərisində
məntiqi təhlilə ən az uyum göstərəni bir
din, o biri də mifdir". Bu fikir isə mədəniyyət
bilicilərindən E.Kassirerə məxsusdur. Amma mifləri də
dindən kənarda təsəvvür etmək mümkün
deyil. "Yunan mifologiyasının tamamən dini duyğu və
düşüncələrdən arındırılaraq
sırf ədəbi mətn səviyyəsinə endirilməsi
mifologiyanın gərəkli şəkildə
anlaşılmasına maneçilik törətmişdir".
Elmi və
mifoloji dünya mənzərəsi də bir-birinə nəinki
zidd deyil, əksinə, çox yerdə mahiyyətcə biri
digərini tamamlayır. "Mifologiya elməqədərki
çağların elmi - ilk elm" idi. XX əsr mütəfəkkirlərindən
H.Qadamer yazırdı ki, "mifə din adamlarının
yalanı, yaxud nənələrin hekayətləri deyib
rişxənd eləmək yox, onlarda müdriklik dolu
keçmişin sədasını duymaq gərəkdir".
Miflərdə qəlpələr halında olsa belə, əzəli
hikmət xəzinəsindən qopma bilgilər qorunub...
Filoloqlar, antropoloqlar isə mənasına, məzmununa vara bilməyəndə
bu bilgiləri "əcaib-qəraib və mənasız"
hesab etmişlər.
Kosmologiyadakı
bir fərziyyəyə görə, yer nəfəs
alırmış kimi gah genişlənir, gah
sıxılır; elə bil ürəyi var -
döyünür... Əski mifoloji ənənələrdə
də yer, kosmologiyadakı bu şəkliylə, canlı olaraq
düşünülüb. Dünyanın "yaşayan bir
vücud" olduğu düşüncəsinin çox əski
bünövrəsi var... Odur ki, uzun zaman ayrı-ayrı yollar
keçmələrinə baxmayaraq, gözəl günlərin
birində elmi və mifoloji təfəkkürün yenidən
bir araya gələcəyi də istisna deyil.
Bir məşhur
yapon aliminin fikrincə, fizika ilə məşğul olmaq
üçün yunan miflərini oxumaq gərək. Axı
miflər basmaqəlib düşüncənin sərhədlərini
vurub dağıdır, təxəyyülə qol-qanad verir...
Yəni "artıq əldə mifologiyanın açarı
var. Ruhun bütün qapılarını açmaqda
azadsan..." [K.Yunq].
N.Rerix
deyirdi: qədimdəkilərin necə
danışdıqlarını bilmirik, amma çox gözəl
düşünərmişlər. Onların gözəl
düşündüklərini
anlamağımızçün miflər bizə yetər...
Bir mif
ancaq günlük dünyəvi həyatın adiliklərindən
uzaq tutulduqca, ruhani-mənəvi kontekstdə
anlaşılandır. "Unutmaq olmaz ki, neçə-neçə
kəşflər üçün də miflərə borcluyuq!..
Bu uğurlarla müqayisədə elm və onunla əlaqəli
rasionalist fəlsəfə çox geri qalır, lakin biz bunu
hiss etmirik" [P.Feyerabend]. Təəssüf ki, əsrin
filosoflarının da az qala hamısı rasionalistdir...
"Mifologiya
Homer zamanında olduğu kimi, bu gün də mövcuddur, sadəcə
kölgəsində yaşadığımız ...
üçün fərqinə varmırıq" - bu sözlər isə
A.Potebnyanındır...
Ənənəvi
mifoloji dəyərlərdən hələ güc alanları
mənəvi həyatın bütün əvvəlki şəkillərini
etibarsız elan edən modernist çətin anlaya. Mifin
yanlış və ya daha aşağı səviyyəli
düşüncə tərzi olduğuna dair ötən
dövr illüziyalarından xilas olmağın vaxtı
çoxdan çatıbdır... Bəli, "maddi sahədə
çox inkişaf etmiş ola bilərik, ancaq mənəvi
mövzularda bir elə irəli getməmişik: mifologiyanı
sıxışdırdığımız üçün, hətta
geriləmiş sayıla bilərik" [K.Armstronq].
Günümüzdə
mif və rəmzləriylə bağlı araşdırmalarda
yaşanmaqda olan canlanmanı S.H.Nasr müasir insanın
anlamlı və müqəddəs dünya
axtarışına bağlayır. Həqiqətən,
"mif keçmiş haqda canlı yaddaş kimi müasir
dövrün xəstəliklərini sağaltmağa
qadirdir" və "Yer üzünə sayğı
gözüylə baxmağımıza yardımçı
olar"...
...Miflər
dəyərli, həm də çox gözəldirlər. Hətta
o qədər gözəldirlər ki, ən bərbad tərcümədə
belə həmişə dəyərlərini, gözəlliklərini
qoruyarlar. Bu qısaca etüdə başlanğıcda
adını andığımız fikir adamının
sözləriylə son vermək istərdik: "Miflər mənə
çox-çox gözəl görsənir.
Düşünürəm ki, onları öyrənməyə
də gözəllik duyğusunun nə olduğunu anlayıb
bilmək ümidi ilə uzun zaman sərf eləmişəm"...
2024-ün qışı
Pərvanə BƏKİRQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.4.