Böyük xilaskar haqqında bir yazı
TBMM-in açılışının 105 illiyinə ithaf
1928-ci ildə İstanbulda
"Cumhuriyet" mətbəəsində
"Türk Nəşriyyat
Yurdu"nun layihəsi
əsasında ikihissəli
önəmli bir kitab çap olunub. "Türkün Altın Kitabı: Gazi'nin Hayatı ve Büyük Halaskarımız
Hakkında Münevverlerimizin
ve Meşahirimizin İntibaat ve Mülahazatı" adlı
kitabın birinci hissəsi Mustafa Kamal Atatürkün
həyat hekayəti və mücadiləsi ilə bağlıdır.
İkinci hissədə
isə tanınmış
şəxsiyyətlərin Türkiyənin qurucusu haqqında olan düşüncələri yer
alıb. Bu bölümdə
Əbdülhaq Həmid
bəy, Sami Paşazadə
Sezai bəy, Yunis Nadi bəy, Fatma Aliyə xanım, Cəlal Sahir bəy, Fuad Köprülüzadə
bəy, Əhməd Rəfiq bəy, Həsən Əli bəy, Abdullah Cövdət
bəy, Cənab Şəhabəddin bəy
və dövrün bir sıra tanınmış
elm və ictimai xadimlərinin məqalələri
bir araya gətirilib.
Kitab hazırlandığı zaman İstanbulda
mühacir olaraq yaşayan Azərbaycan Cümhuriyyətinin qurucusu
Məhəmməd Əmin
Rəsulzadədən də
məqalə istənilib.
Türkiyə hökuməti
ilə yaxın münasibətləri olan,
Rusiya əleyhindəki
fəaliyyətinə icazə
verilən Rəsulzadə
bu təklifi böyük məmnunluq hissi ilə qarşılayıb və
Atatürkün həyata
keçirdiyi inqilabı
Avropa və Amerikadakı ixtilalarla müqayisə edib.
Rəsulzadənin Mustafa Kamal paşa ilə
görüşməsinə və ya məktublaşmalarına
dair əlimizdə hələ ki hər hansı bir fakt yoxdur. Anıtqəbirdə
qorunan Atatürkün
kitabxanasında Rəsulzadənin
İstanbulda çıxan
əsərləri mövcuddur.
Şübhəsiz ki, Rəsulzadə
kimi Osmanlı ricalının da tanıdığı
bir şəxsiyyətin
Türkiyə Cümhuriyyətində
yaşaması, təşkilat
qurması, dərgilər
çıxarması Atatürkün
icazəsi daxilində
mümkün olub. Buna
görədir ki, 14 iyun
1926-cı ildə İzmirdə
Atatürkə qarşı
sui-qəsd planı həyata keçirildiyi
zaman ona teleqram göndərənlər arasında
Rəsulzadə də
yer alıb. Teleqramında Məhəmməd
Əmin bəy Atatürkü "Türklüyün
qəhrəmanı" adlandırıb,
azərbaycanlılar adından
baş verən hadisəyə münasibət
ifadə edib. Eləcə də
"Yeni Kafkasya", "Odlu
Yurt" kimi məcmuələrdə
Atatürklə bağlı
önəmli məqalələr
dərc etdirib.
Atatürk
vəfat etdiyi zaman Rəsulzadə prezident İsmət İnönüyə
və Türkiyə Böyük Millət Məclisinin sədri Əbdülxalıq Rendaya
başsağlığı teleqramı göndərib,
eləcə də
"Kurtuluş" məcmuəsində
"Kardeş Türkiye,
Başın Sağolsun!"
adlı məqalə qələmə alıb. Genişhəcmli bu yazı "Şimali Kafkasya" dərgisində
rus dilində, "Wschod Orient" jurnalında
isə polyakca işıq üzü görüb. Həm sağlığında, həm
də vəfatından
sonra yazdığı
hər iki məqalə M.Ə.Rəsulzadənin
Mustafa Kamal Atatürkə olan
hörmət və sevgisini ifadə etməkdədir. Türkiyəyə
qayıtdıqdan sonra
da Rəsulzadə 15 yanvar
1950-ci ildə Azərbaycan
Kültür Dərnəyinin
ikinci qurultayından öncə bir qrup silahdaşı ilə birgə Atatürkün Etnoqrafiya muzeyindəki müvəqqəti
məzarını ziyarət
edib.
...Bu yaxınlarda Türkiyədəki
auksionların birindən
Rəsulzadənin də
məqaləsinin yer aldığı, yuxarıda
bəhsini etdiyimiz kitabın orijinal bir nüsxəsini əldə etdik. Kitabdakı məqalənin
gənc həmkarım
Tural Əlizadənin dəstəyi ilə hazırladığımız transfoneliterasiyasını
təqdim edirik.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.11.