"Hamlet"(in) yuxusu
Uilyam Şekspir... "Hamlet" mənzum
pyesi... Və ya faciəsi... Yaxud "Danimarka şahzadəsi Hamletdən
bəhs edən faciəli əhvalat".
Bu müəllif (1564-1616) və
onun həcmcə ən böyük əsəri (1599-1601-ci illər
arası yazıldığı
ehtimal edilir) varolmaları bəyan olunandan indiyə qədər və yəqin ki, bundan sonra da əsasən teatr rejissorlarının və
aktyorlarının lakmus
kağızı xassəsi
qazanıblar - açıq
etiraf edib-etməməsindən
asılı olmayaraq hər bir rejissorun
əsərinə quruluş
verməyə ən çox can atdığı
müəlliflərdən biri
Şekspirdir. Aktyorların
böyük əksəriyyəti
isə yəqin ki, yuxuda tez-tez özlərini Hamlet obrazında
görürlər. Bunu
da hər bir aktyor kəlməbaşı
etiraf etməsə də, hansısa məqamda ürəklərində
bəslədikləri bu
istək özünü
büruzə verir. Şekspirin əsərinə
öz dünyagörüşünə
uyğun daha bir səhnə həyatı vermək, onun qəhrəmanlarından birini,
ələlxüsus, Hamleti
canlandırmaq özünütəsdiq
aksiyasıdır sanki.
Özü də bu özünütəsdiq
həmkarların, tənqidçilərin,
yaxud tamaşaçıların
gözündə deyil,
rejissorun və ya aktyorun özünün
gözündə daha
böyük əhəmiyyət
kəsb edir, hətta deyərdim ki, yeganə önəm, vaciblik kimi qavranılır.
Səməd Vurğun adına
Dövlət Akademik
Rus Dram Teatrında dahi
Şekspirin məşhur
"Hamlet"i qoyulub.
Teatrın baş rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Aleksandr Yakovleviç
Şarovski əsərə,
belə demək mümkünsə, ərklə
yanaşıb, hər
halda tamaşaçı
zalından hazır tamaşaya baxanda belə təəssürat
yaranır. Bundan əvvəl "Ədəbiyyat
qəzeti"nin oxucularının
diqqətinə təqdim
etdiyim məqalələrimin
birində vurğuladığım
kimi, tamaşanı təhvil verəndən əvvəl quruluşçu
rejissor bir dəfə əsərə
quruluş verən şəxs, ikinci dəfə tamaşaçı
kimi cəmisi ikicə dəfə baxsa, ilk premyera və sonrakı nümayişlər tamaşaçıda
yolverilməz qınaq,
tənqid, irad qeydləri doğurmaz. Rus
Dram Teatrının "Hamlet" tamaşasının ədəbi
materialına, pyesin teatrın səhnəsinə
gətirilməsi qərarına
ərklə yanaşılması
təəssüratı ona
görə bərqərar
olur ki, Aleksandr Şarovski
qoyduğu tamaşanı
təhvil verəndən
əvvəl onu quruluşçu rejissor və tamaşaçı
kimi seyr edir. Və bundan
əlavə, hər bir əsərə, hər bir müəllifə
aid özünün baxış
bucağı, sınaqdan
çıxıb formalaşmış
zövq meyarları, üslub, tərz ölçüləri var. Bütün
bunların nə dərəcədə zəruri
keyfiyyət olduğunu
vurğulamağa ehtiyac
yoxdur. Ona görə tamaşaçı nə
məsuliyyət yükü
ikiqat olan Şekspir və
"Hamlet" ədəbi-teatral anlayışlarına girişməkdən
yaradıcı heyətin
çaşqınlığını, nə də ifrat, daha doğrusu,
gərəksiz, ciddi yanaşmasını hiss edir.
Bəli, ola bilər və hətta tamamilə təbii, normaldır ki, tamaşanın
hazırlanma prosesində
çaşqınlıq da olsun, həddindən artıq, yəni lazımsız ciddi yanaşma da, ifrat həyəcan da, amma tamaşaçı bunları
sezməməli, hiss etməməlidir.
Rus Dram Teatrının "Hamlet" tamaşasının yaradıcı
heyəti ilk növbədə
buna nail olub. Şarovskinin
və onun bu tamaşa üçün seçdiyi
aktyorların "Hamlet" faciəsini təqdimetmə
tərzlərində heç
bir ağırlıq,
Hamletin həmin o məşhur "olum və ya ölüm"
dilemmasının çıxılmazlığı
yoxdur. Buna görə
də tamaşa zaldakı ədəbiyyat və teatr əhlinin
marağını sonadək
özündə saxlaya
bilir - tamaşanın
bütün ruhu "deyir" ki, nə vaxtsa belə bir hadisə olub, müstəqim və məcazi mənalarda faciə yaşanıb, amma insan olduğumuzu
unutmasaq, belə hallar baş verməz, gəlin, var gücümüzlə buna nail olaq.
Tamaşanın əvvəlində Danimarka
kral sarayının tərtibatı, personajların
libasları orta əsrlərin soyuq şimal ölkəsi təəssüratından daha
fərqli bir anım doğurur. Hər halda faciəni mütaliə edərkən əksər
oxucuların təsəvvüründə
canlanan və qara-boz rənglərin (məhz rənglərin, çalarların yox)
dominant olduğu saray interyeri, geyimlər bu tamaşanın tərtibatı ilə uyğun gəlməyəcək.
Bu təəssüratın, bu anımın məhz nədən ibarət olduğunun şərhi beynində cızılana qədər
anlayırsan ki, bu bir yuxudur: quruluşçu
rejissorun verdiyi mizanlar, aktyorların bu mizanları hər biri öz
bacarıq və istedadına görə icra etməsi, yaşaması, oynaması,
canlandırması yuxugörmə
effektinə əsaslanıb,
sanki tamaşanın yaradıcı heyəti özünün, Şekspirin,
Hamletin "Bir şimal
ölkəsinin şahzadəsinin
başına gələn
faciə"adlı yuxusuna
tamaşaçılarını dəvət edib. Görülmüş yuxunu
danışmaq, nəql
etmək effekti də yarana bilərdi, amma yox, məhz hazırda görülən
yuxuya baxmaq, onu seyr etmək
effekti bərqərar olur. Və bir
də Dövlət Akademik Rus Dram Teatrının
"Hamlet" tamaşasının zahiri qatları olan dekorasiya və əlbisələr bu pyesin istinadlandığı
şahzadə Amletdən
(yaxud Amled) bəhs edən, XIII əsrdə danimarkalı salnaməçi Sakson Qrammatik tərəfindən
yazıya köçürülən,
XVI əsrdə fransız
alimi Fransua de Belforenin nəql etdiyi island dastanının,
o dastanın da rişə
aldığı xristianlığaqədərki
əfsanələrin, rəvayətlərin
əks-sədasını çatdırır.
Bununla belə, biz orijinal mətnin yeni səhnə ömrü yaşamağa başlamasının
da şahidi oluruq - dialoqlar, replikalar, monoloqlar klassikaya ehtiram və eyni zamanda hər
bir aktyorun öz ifadə tərzinin eşidimliyindədir.
Hamlet obrazını canlandıran
Teymur Rəhimov, Gertrudaya çevrilmiş Həcər Ağayeva, Ofeliyaya yeni səhnə həyatı verən Mariya Dubovitskaya (Hamleti sevdiyinə görə həmişə
Ofeliyanın halına
acımışam), Kralın
ruhunun kölgəsinə
sui-qəsd nəticəsində
dünyasını dəyişmiş
nüfuz sahibi ata və krala
"qızıl" orta
xəfifliyində can və
ruh bəxş edən Rüstəm Kərimov (Şekspirin sağlığında qoyulan
quruluşda müəllif
özü bu obrazı canlandırıbmış)
Şekspir və Şekspirə qədərki
süjetin, əhvalatın,
müsibətin və
bunların iştirakçılarının
çox layiqli, diqqətçəkən, yaddaqalan
təcəssümləri kimi
özlərini təsdiq
etdilər. Şekspirin
"Hamlet" faciəsi tarix
boyu yazılı və şifahi söz sahibi olan kəslərin beynini ən çox məşğul edən mövzu olub, bu əsər
bir ədəbi hadisə kimi, Hamlet bir fiqur, bir
şəxsiyyət, bir
əlində qılınc,
digər əlində
insan kəlləsinin skeleti, elə hey düşünüb-daşınan filosof olaraq saysız-hesabsız fərqli
mülahizələr doğurub.
Dövlət Akademik
Rus Dram Teatrının bu
tamaşası da yeni səhnə
versiyası, təzə
teatr quruluşu olmaqdan əlavə, Şekspirin "Hamleti",
yaxud bu pyesin istinadlandığı
şahzadə Amletdən
(Amled) bəhs edən və tarixi bütpərəstlik
dövrünə gedib-çıxan
qədim əfsanələrin,
rəvayətlərin, dastanların
(bəzi ehtimallara görə 11 yaşında
vəfat etmiş Qamnet adlı oğlunun müsibətinin
izləri də bu tragik pyesdə
ola bilər) özünəməxsus
təsvirli təhkiyəsi,
vizual yaşantısı,
sırf bu teatrın estetikasının,
bu rejissorun zövqünün inikasıdır.
Əvvəla, quruluşçu
rejissorla aktyorlar, dekorların və əlbisələrin müəllifləri
(AR-ın əməkdar
mədəniyyət işçiləri
- Aleksandr Fyodorov və
Olqa Abbasova) bir-birlərini çox gözəl anlayıblar, heç biri ipi öz tərəfinə
çəkməyib, ciddi
sapınma törətməyib.
Pyesdəki bütün
personajlar səhnədədir.
Sadəcə olaraq yuxarıda obrazlarının,
personajlarının öhdəsindən
ustalıqla gəlməyi
bacaran aktyorların adlarını çəkdim,
digərləri ümid
edirik ki, tamaşadan-tamaşaya
cilalanacaqlar. Ümumilikdə
isə, Danimarka şahzadəsinin faciəsinin
yeni səhnə həyatı
pafosdan uzaqlığı
və əhvalatın
köklərinə yaxınlığı
ilə yadda qalır.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.3.