Samovar
Hekayə
Məhəmmədbəy Osmanov 1934-cü
ildə Dağıstan
Respublikasının Qarabudaqkənd rayonunda anadan olub.
Dağıstan Dövlət Universitetinin filologiya fakültəsini
bitirib. Kənd məktəbində müəllim,
"Luç kommunizma" vilayət qəzetində və
"Komsomolets Daqistana" respublika qəzetində müxbir,
SSRİ Yazıçılar İttifaqı Ədəbiyyat
Fondunun Dağıstan şöbəsinin direktoru işləyib.
1975-ci ildən SSRİ Jurnalistlər İttifaqının,
1984-cü ildən SSRİ Yazıçılar
İttifaqının üzvü olan M.Osmanovun
respublika və mərkəzi mətbuatda, müxtəlif ədəbi
toplularda şeir, satirik hekayə və təmsilləri dərc
olunub. Kumık və rus dillərində 10-dan çox
kitabı çapdan çıxıb. Mədəniyyət sahəsindəki
xidmətlərinə görə "Dağıstan
Respublikasının əməkdar mədəniyyət
işçisi" adına layiq görülüb.
2020-ci
il yanvarın 11-də vəfat edib.
***********************************************************************************************************************************************************************************************
Əbdülqəlim
eyvanda oturub çay içirdi. Xəfif meh onun köynəyinin
altına girib çaydanabənzər qarnını
qıdıqlayırdı. Əbdülqəlim bu şən,
xoşbəxt həyatdan ləzzət alırdı.
Eyvana qalxmış Ayşət
təngnəfəs halda bildirdi:
- Əzizim, Ənvər bizi toya dəvət edib.
Əbdülqəlimin üzündə
heç bir ifadə
sezilmədi: yəni ki, nə olsun toydur? Onsuz da kənd yerində
nə qədər desən, toy olur...
- Sən məni eşidirsən, yoxsa, yuxuya getmisən?
Əbdülqəlim təəccüblə
arvadına tərəf
çevrildi: guya ki, hər xırda şeydən ötrü
onu nə üçün istirahətindən ayırır?
Ancaq özünü sındırmadı:
- Əşşi, qoy görək də!..
- Nə əşşi-əşşi
salmısan, a kişi? De görüm, təzə
bəy-gəlin üçün hədiyyə nə
aparacağıq?
- Eh! - Əbdülqəlim
çaydan bir qurtum içib: - Nə istəyirsən, elə
onu da aparaq.
Onların kəndində doğrudan
da, hər bazar günü toy olurdu və hər dəfə də
aparmağa bir şey lazım gəlirdi. Əvvəllər necə
də yaxşı idi. Toyda pul atardın, canın
qurtarardı. İndi isə bu adət keçmişin
qalığı sayılır.
- Bəlkə babanın köhnə samovarını aparaq? - arvad xəbər
aldı.
- O ki, tamam göyərib, - kişi tərəddüd
etdi.
- Eybi yoxdur, təmizləyərəm,
qızıldan da yaxşı parıldayacaq.
- Onun lüləsi də paslanıb. Mən o gün lüləni
burmaq istəyərkən gördüm.
- Yaxşı, yaramırsa lazım deyil. Onda sənin təzə
papağını hədiyyə aparacağıq.
- Ay-hay! -
Əbdülqəlim çaşqın halda arvadına
baxdı. Sonra: - Yaxşı, qoy sən deyən olsun.
Samovarı hədiyyə apararıq, - dedi.
Musiqi sədaları qol-qanad açmışdı. Başına təzə
papaq qoymuş Əbdülqəlim ailə həyatı quran gənclərə
samovar hədiyyə aparırdı. Arxasınca isə gülərüzlü
Ayşət gedirdi. Onun bəxtiyar sifəti təmizlənmiş
samovarın böyründə əks olunmuşdu.
Qəfildən musiqi kəsildi.
Sakitlikdən istifadə edən Əbdülqəlim ayağa
durub tost söylədi. Təzə bəy-gəlinə
xoşbəxtlik arzuladı və sözgəlişi öz
kiçik hədiyyəsi barəsində də
danışdı.
Təzədən yerində oturmaq
istəyəndə kənddə təhlükəli
adam sayılan qonşusu Mahmud Əbdülqəlimə dedi:
- Nənəm söyləyirdi
ki, bu samovarı babam sənin babana hədiyyə verib.
Əbdülqəlim sakitcə əlinin altındakı qədəhi
götürüb başına çəkdi və sonra
samovarı göstərərək:
- Görürsənmi, necə
də parıldayır? Lap
çil-çıraqdır, heç işıq yandırmaq
lazım deyil! - dedi.
Bax, beləcə, köhnə samovar
evdən-evə, ailədən-ailəyə dövrə vurdu:
Ənvərdən sonra Mahmuda (o oğlunu evləndirdi)
çatdı. Hiyləgər Mahmud isə öz növbəsində,
onu yenidən Əbdülqəlimə qaytardı,
çünki onun qızını oğluna
almışdı. Bəs indi növbə kimindir? Amma kimin
olursa-olsun, fərqi yoxdur. Onsuz da, samovar yenidən əvvəlki
yerinə qayıdacaqdır: Axı, Əbdülqəlimin hələ
iki qızı da böyüyür...
Məhəmmədbəy
OSMANOV
Tərcümə
edəni:
Ağaddin BABAYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.15.