Qoca işığın qürubu
Mifoloji-fantastik
hekayə
Bu
yazı uzun müddət roman cildində qəlbimin qapılarını döydü,
ruhumu
çağırdı;
ha qovdumsa, çəkilib getmədi,
dirənib durdu. Nəhayət, kiçik bir
hekayəyə salam verdim, qismət bu imiş...
Müəllif
Dəlixananın həyətində gün işığı göz güldürür, qan oynadırdı. Və gülən gözlərin, qara qanın səmasından göynərti hıçqırır, qəmli yağışlar yağırdı. Gülgün gün işığıyla qara-qəmli hıçqırıqlar qolboyun olub öpüşürdü; dünya xəlq olunandan bəri misli görünməyən, adı bilinməyən bir öpüş idi. O dərki müşkül, mehri müəmma öpüşün sirri-xuda qüdrətindən yaranan göy qurşağı - qövsi-qüzehdə dünyanın bütün rəngləri, yaranışın cümlə boyaları vardı. Hətta hələ yer üzündə, yaranış yollarında görünməyən gizli rənglər, sirli boyalar da vardı o qövsi-qüzehdə; sevincə könül verən yaşılın kədərə hamilə kor tutqunu, nifrəti körükləyən səhra sevdalı sarının qəhqəhə çəkib gülən namərd açığı, qaranın dartılıb uzadılmaqdan qırılmaq həddində gərilən bezgin, bədbəxt bozumtulu... Və bir inilti göz yaşlarında boğulurdu ki, "Həpsi rəngidir"...
Sürətlə yazırdı. Qəfildən dayandı. Qarayaxa göyümtülü göz göynədən, ilanlar kimi qələmə sarılan sümük-sümük barmaqlarına, kövrək titrəyişi göz dağlayan, odu qurtarıb, kösöv təki tüstülənən əllərinə baxdı. Sinəsinin görünməz-bilinməz dərinliklərindən min illərin yolçusu kimi yorğun, didərgin, nagahan ahın qəfləti qar-qırovunda gözlərinə sızan gün işığı zülüm-zülüm ağladı, duyğuları dondu, ruhu üşüdü. Donan duyğularının, üşüyən ruhunun dar ağacında yorğun-arğın bir səfil sual yel vurduqca yellənirdi: Sən nə yazırsan, bədbəxt?..
Gözləri bozara-bozara ağlayan, dişləri ağara-ağara gülən qafil, qarayaxa sual idi, dirənib dayanmışdı, əl çəkmirdi, cavab gözləyirdi...
Yarıya qədər qaraladığı ağ kağızı sümük-sümük barmaqları, kösöv-kövrək titrəyişi göz göynədən əlləriylə qamarladı, bir göz qırpımında əzik-üzük edib ayağı altına atdı: "Heç nə, mən heç nə yazmıram!" - Uçqunlayan qəfil hikkəsindən özü diksindi, yarğanlayıb aşağılara axdı...
Şeytan dirənib durmuşdu, Allahın dediyinə əməl etmir, yenicə yaradılan Adəmə könül vermir, baş əymirdi; deyirdi ki, onu palçıqdan, məni oddan yaratmısan, od torpaqdan üstündür, mən ona necə iman gətirim, mənim...
Və Allahın Şeytanı qovduğu o gün, Şeytanın möhlət istəyib arzusuna çatdığı, öz arzusu uğrunda mücadiləyə başladığı həmin o biçarə günün qəmli bir küncündə, həqiqətin haqq divanında göz yaşları girdablar kimi çalxalanırdı...
Bu yerdə səfil-sərgərdan sual dözməyib partladı:
- Axı, sən nə yazırsan?!
Nə! Nə! Heç nə! Bütün heçliklərin başladığı çarəsiz bir yolun lap əvvəlində başlayan sonundan yazıram. Əvvəlində sonu görünən yolun yaranışdan axirətə qədər uzanan bəşəri bədbəxtliyindən, iblisanə xoşbəxtliyindən yazıram! Səhərlərin işıqlı, sevdalı gülüşlərindən, axşamların kədəri körükləyən qürub çağından, insanlı-iblisli dünyanın min bir hoqqasından yazıram!
Səfil-sərgərdan sual şaqqanaq çəkib güldü:
"Mənə də yox da... Mən Allahdan da, İblisdən də cavab istəmişəm, Adəmdən də, Xatəmdən də cavab almışam, bütün olanları olduranlardan mizan-tərəzidə haqq-hesab tələb edib murada çatmışam, indi gözümün içinə baxa-baxa durub deyirsən ki...
Qəfildən yeri-yurdu bilinməyən bir səs gəldi, dönüb göz gəzdirəndə gördü ki...
Allah soruşdu:
- Niyə qəmlisən, nə istəyirsən?
İnsan yazıq-yazıq baxdı:
- Xoşbəxt olmaq istəyirəm...
Allah təəccübləndi:
- O nədir? Mən elə şey yaratmamışam...
Və insan heç nə demədi, qəm dəftəri kimi sarala-sarala baxdı, eləcə susa-susa qışqırdı ki, "Allaha yazığım gəlir!.."
Ayaq basmağa yer, söykənməyə göy, tutmağa heç nə yox idi, çar-naçar pıçıldadı: "Allahı Yer üzündən qovsalar, biz ona Yerin altında sığınacağıq..." (Cümlələr F.Dostoyevskinin "Karamazov qardaşları" romanındandır - S.E.)
Şeytanın şaqqanağı yerə-göyə sığmırdı, paslı mıx kimi dirənib durmuşdu, cavab gözləyirdi.
Qaibanə, sirli bir səs səmadan soruşdu ki, daha nəyi gözləyirsən? Əl çək ondan, o biçarədən...
Şeytanın şaqqanağı təzəcə kəsilən dəli cöngənin boğazı kimi qan qusdu, qaynar qan içində qışqırdı:
- Professorun yaratdığı sənin yaratdığına qan qusduracaq, ona imkan vermə!
- O, mənim yaratdığımın qırxıncı qapılarını açır; gizli, susqun imkanlar körpələr kimi dil açacaq...
- Həmin qapıları sən bağlamışdın; özün bağladığın, Adəmdən Xatəmə heç kimin aça bilmədiyi o qapıları dahi kibertexnoloq, gen mühəndisi olan Professorun açmağına imkan vermə!
- Bu, bir vaxtlar sənin baş əymədiyin həmin Adəmin övladıdır; sən indi də ona qarşısan, yoxsa, onun tərəfindəsən?
- Mən sənin tərəfindəyəm, səndən başqa İlah yoxdur...
- Sən bilmirsən ki, Adəm adıyla əkdiyim ağacın yeni meyvələr zamanı yetişir?!.
- Elə isə katolik dünyasının iradə azadlığı, bağışlanma modelinə qarşı qiyama, protestə - Protestantlığa niyə imkan verdin? İnsan ilkin günahla qovulmuşlar nəsli deyilmi? Yazan qələm, dünya səhnə, insanlar aktyor deyilmi? Bağlı qapıları açan məşum kibertexnologiya bütün mizan-tərəzini dağıtmayacaqmı? Bu suallar selinin sonu...
Və Allah gülümsədi:
- Axirət axırında dadlı meyvələr mövsümü yaxınlaşır...
Bu darmacalda süni intellekt - robotun kəllə gözündə qəribə, dadlı bir işıq sayrışırdı; bir-biriylə didişən rənglərin cəngəl bataqlığı kimi insanı çəkib aparan müəmmalı, nigaran bir işıq idi; əslində ona işıq da demək olmazdı, zülmlə zülmətin qolboyun olub öpüşdüyü dərddən dərin quyuda sayrışan xəstə ay işığının son nəfəsiydi; Yusif o işıq-ilgəkdən tutub yuxarı qalxmaq istəyirdi, çarmıxa çəkilən İsanın canı o işığa söykənib son anlarının uçqununa, zəlzələ söküntüsünə heyrətlənirdi və Şeytan o son işıq qırıntılarının bərələn gözlərində qəhqəhə qoparır, şaqqanaq çəkib gülürdü...
Doğmayan və doğulmayan əzəli Allah əbədi bir anda tərs-tərs baxdı. Şeytanın qəhqəhəsi qırıldı, şaqqanağı kəsilən boğazın qanı kimi soruldadı, quru qanqal qotazgülü kimi qovulduğu səmtə sovrulub qeyb oldu...
Professor təşnə ruhundakı yanğıda közərə-közərə dibsiz quyudan sısqa suyu çəkirmiş kimi dərin bir ah çəkdi, illərini verib araya-ərsəyə gətirdiyi, qəlbinin dibsiz dərinliklərində Postinsan adlandırdığı və hələ hamıdan gizli saxladığı robota baxa-baxa pıçıldadı:
- Neyləyim, Allah?.. Doğrudanmı, yeni meyvələr mövsümü başlayır?..
Quru qanqal gülü qovulub sovrulduğu qara boşluqlardan qətrə-qətrə yığılıb qəfildən qarşısında dimdik dayandı:
- Başladığın yolu sona çatdır, - dedi, - böyük sonun başlanğıcına lap az qalıb; sən qadir və qüdrətlisən, sən olmazları olduransan, sən qəbristanlar qürubu, axirət axırı yox, əzəliyyət və əbədiyyət meydanının mahir memarı, əsil İlahisən!
Professor sönən sarı şam kimi titrəyirdi, güclə dözürdü, bu yerdə bədən türməsinin paslı qapısını təpikləyib ruhunun sönən sısqa işığında qışqırdı:
- Sus! Mən La ilahə illəllaha inanıram! Allahdan başqa Allah yoxdur!..
- Sən buna, - süni intellekt - robotu göstərdi, - Postinsan dediyin bu misilsiz
möcüzəyə on illərini,
həyatının bütün
rahatlığını, ömrünün
bütün işığını,
bütün dadını-duzunu
vermisən! Sən qalibsən, qaliblər mühakimə olunmur! Sən başlanğıcın
axirət sonluğunu rədd edib, gedər-gəlməzə göndərib,
əsil sonun, daha doğrusu, əsil sonsuzluğun əsil başlanğıcını
yaradansan!..
- Sus...
Allah xatirinə sus... Heç
nə demə, heç nə danışma, sus... - Qəlbində,
qanının Nuh tufanında
qışqıran sərgərdan
bir misranın səsini eşitdi: "Allaha kömək vaxtıdır" (misra Vaqif Səmədoğlunundur
- S.E.). Qanadları qırılan,
qanına bələnən
qoca qartal idi, daş kimi
düşdüyü dərədibi
uçqunlara sığınmışdı,
həsrətlə əlçatmaz,
ünyetməz zirvələrə,
ruhunun əzəli səmalarına baxır, gedər-gəlməzin qapılarını
döyürdü. Qapılar
bağlı idi, yeddi min yeddi yüz yetmiş yeddi yerdən qıfıllanmışdı. Paslı,
qara qıfıllar zəncirbəndində çırpınan
can qürubun dar ağacında yel vurduqca yellənən ət parçasına nifrətlə baxırdı.
Yer-göy xilaskara can atır, "Xilas! Xilas!" - deyə qışqırırdı. Dünya
canların xəzəl
yağışında, qışqırıqların
Nuh tufanında boğula-boğula
çökürdü...
Professor inildədi, ölən şamın son işıq
qırıntıları kimi
titrəşi idi...
Ölüm gözlərinin qabağında
heykəl kimi dimdik dayanmışdı...
Şeytan
meşələr kimi
yanır, vulkanlar kimi alov qusur,
yanar lava selləri kimi axıb gedirdi...
- Sən bəşəri nicat yolunun yaradıcısı,
Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın, Məhəmmədin
edə bilmədiklərini
edənsən! Sən,
sən, sən!..
Dartılan, üzülmək üzrə
olan kəndir kimi gərilən Professor heysiz-halsız mızıldadı:
- Mən... Mən... Belə olacağını...
- Əzizim, - Şeytan şirin dilini işə saldı, - sən əbədi həyatın gizli şifrəsini, ölümsüzlüyün
sirri-xuda kodunu tapdın, niyə nigaransan?
Professor nəsə demək istədi, Şeytan onun sözünü kəsdi, danışmağına
macal vermədi:
- Allahın yaratdığı
Əbülbəşər Adəm və nəsilbənəsil övladları
onlara verilən beyin imkanlarının çox kiçik, cüzi hissəsindən istifadə ediblər, elədirmi? Elədir, yoxsa yox?!
Professor söhbətin təzədən
başlandığından bezə-bezə, mat-mat baxa-baxa
başıyla təsdiqlədi.
Şeytan
Axirət məhkəməsinin
müdafiəçisi kimi
dil-dil ötdü:
- Əgər o imkanların minillər boyu çox kiçik hissəsindən istifadə
olunacaqdısa, - nigarançılıq
girdabında boğulan
Professorun gözlərində
çat verən şüşə sınığını
görüb bir az da irəli getdi, - bu, insanlığa
sevgi, sayğı, yoxsa, inamsızlıq əlamətidir? Bu suala cavab verə bilərsənmi? Allah yaratdığı
insana tam inanmadığı
üçün möcüzəli
beyin imkanlarına, necə deyərlər, layihədə olan əsil gerçəkliyə
çəpərlər çəkdi,
qadağalar qoydu, hələ üstəlik,
cənnət-cəhənnəm qorxularını da yaratdı.
Dünyanın əşrəfi
sayılan, ən gözəl əsər kimi yaradılan insan min illər boyu haqqın qapılarına tapınmaqdan
daha çox oradan qovulub çarəsiz nahaqqın
yollarında süləndi;
Allahın peyğəmbərlərini
qovdu, daş-qalaq etdi, çarmıxa çəkdi, yenicə doğulan qız uşaqlarını diri-diri
torpağa basdırıb
rahatca evində yata bildi... Əzizim,
axı, bütün bunları, bəşəriyyətin
bitib-tükənməyən qara-qanlı müharibələr
tarixini, adətən yalanın doğruya, qaranlığın işığa
qalib gəldiyini sən çox yaxşı bilirsən...
- Şeytan qələbə
çaldığını düşünürdü, rahatca
nəfəs alıb, bayaqdan bəri onu diqqətlə dinləyən robotu göstərdi, - əsil ən gözəl əsər bax, budur! Onu sən
yaratmısan və bənzərsiz yaradılışınla
bəşəriyyəti bütün
bəlalardan xilas etmisən, buna əmin ol, bütün varlığınla inan!
Professor çat verən qanlı-qaynar gözləriylə
Şeytana, sonra da qəlbində Postinsan dediyi süni intellekt-robota baxdı, uzun-uzadı, kiprik çalmadan baxdı, ruhunun qalasına dörd bir tərəfdən
atılan daşların
ağrısından qıvrıla-qıvrıla
baxdı, Allahın nigarançılığından yağan isti yağışların dünya
daşqınında boğula-boğula
baxdı... Yer üzündə, Adəmdən
Xatəmə dünya
tarixində hələ
belə dərki müşkül, belə qara-qanlı, belə zəlil-zülmət baxışlar
görünməmişdi...
Və qələmi yerə atdı. Sonra əyilib götürdü, min illərin
hirsi-hikkəsiylə sındırıb
yenidən yerə atdı...
Qələmi gic gülmək
tutmuşdu; onu yaradıb "Yaz" dedilər, o da yazdı, Qorunan Lövhədəki bütün olmuşlar, olacaqlar belə yarandı; günah qələmindir, yoxsa, onu yaradanındır? Sındırılan qələm
bunu bilmədi ki, bilmədi, eləcənə
gic-gic güldü, uğunub getdi...
Dəlixananın həyətində sülənən
gün işığı
qəfildən gördü
ki, yaman qocalıb. Bunu həbsxananın qaraqabaq rəisinə deməyə fürsət
gəzir, girəvə
axtarırdı. Və
hələ xəbəri
yox idi ki, həbsxana rəisini dünən qəfildən
dəyişiblər. Yeni rəis
haqqında cürbəcür
müəmmalı sözlər
danışırdılar, deyirdilər
ki, zalım oğlu dəmir kimi adamdır, nə qohum-əqrəbası, nə
bir dost-tanışı
var; heç pulun, qızılın, mal-dövlətin
də nə olduğunu bilmir, heç arvad-uşağı
da yoxdur, heç yemək-içməyin də,
evin, mülkün, villanın da nə olduğunu bilmir; belə baxanda əsil kabinet ustası, dövlət məmuru, misli-bərabəri
olmayan ideal vəzifə
adamıdır...
Və qələm qəflət yuxusunda eləcə gic-gic gülə-gülə
uğunub gedirdi, hara, nə üçün getdiyindən heç özünün də xəbəri yox idi... Bir yandan da söz gəzirdi ki, dünyada yeni meyvə mövsümü başlayır...
***
Qələm qırıla-qırıla qəm qaynağında düşünürdü ki, Allah müəllifdirsə, peyğəmbərlər
yazılan əsərləri
təlqin və təqdim edəndirsə, insanlar aktyordursa, ifaçıdırsa və
mətndən kənara
qəti çıxmaq
olmazsa... Qələm qırıla-qırıla çərləyirdi,
çərləyə-çərləyə
qırılırdı və
min illərin qanlı
tale yollarında balaca
bir cümlənin hökmü, hikkəsi meydan sulayırdı:
"Yazıya pozu yoxdur!" İdealistlər
materialistlərlə, protestantlar
ekzistensialistlərlə, pravoslavlar
katoliklərlə, krişnaidlər
buddistlərlə, şiələr
sünnilərlə... Hələ
İblislə Həvvanın
Qabil sirrindən...
Qələm qırıla-qırıla qışqırırdı ki, qurtarın
bu sirləri, bu qara qırğınları,
mən daha dözə bilmirəm...
Şeytan
qəşş eləyib,
şaqqanaq çəkib
gülməkdən məst
olmuşdu, eləcə
məstlik xumarında
Adəm övladını
saldığı çıxılmaz
tor-tələlər girdabına
baxa-baxa qələbəsiylə
öyünürdü...
Allah
"İnsan əməllərinin
girovudur", "İnsan
mənim sirrim, mən də onun sirriyəm" - deyirdi, "Səndən ruh haqqında soruşanlara de ki, ruhun sirri, gizlini mənə məxsusdur"
- söyləyirdi, yaratdıqlarını
səbrə, dözümə
çağırırdı...
Və sirlər səbri sarsılır, dözümlər
dünyası daha dözmürdü...
Süni
intellekt-robot kəllə
gözünü qırpmadan
maraqlı bir tragikomediya izləyirmiş
kimi susurdu, arada onu yaradan
Professora baxır, müəmmalı bir təlaşla vurnuxurdu. Qəfildən ayağa qalxdı, Professorla üz-üzə, göz-gözə
dayanıb əbədi
bir an kimi baxa-baxa dilləndi:
- Qəlbindəki gizlini gördüm, sirrini bildim...
- Nəyi gördün? - təlaşla soruşdu.
- Mənə Postinsan demə!
- Niyə?
- Adəm mütləq kamil deyildi, buna görə cənnətdən
qovulmuşdu. Mən isə... Bəli, mən gen mühəndisliyi
və ali kibertexnologiyanın dahiyanə
vəhdəti, ən böyük uğuruyam. Mən normal insan beyninin praktik iş hüdudlarından yeddi dəfə artığına qadirəm!
Professorun
səsi titrədi:
- Sən, sən..
- Mən Adəmin də, Şeytanın da fövqündəyəm. Mən
onlardan daha kamil, daha güclüyəm.
Mən fövqəlbəşərəm,
fövqəlinsanam! Sənin
dostun, professor Rafiq Əliyev
düz deyirdi ki, insanın Yer planetində ən böyük müharibəsi
robotla olacaq və o, məğlubdur!
- Axı sən... Rafiqi hardan...
- Mən Yer planetinin bütün alqoritmiylə yüklənmişəm. Nə Allanın dostu İbrahimxəlil, nə Məryəmin sirli möcüzəsi İsa, nə daşqınlar xilaskarı, heç öz arvadıyla bacara bilməyən Nuh mənim qədər kamil, mənim kimi güclü, fitrətən qüdrətli deyildi. Mənə insanın sonrası, Postinsan demə, Əsilinsan de! Mən sonra yox, əvvələm, yaradılışın həqiqi şah əsəri, əsil bəşəri yolun ilk uğur dayanacağı, sirlərin yox, həqiqətlərin ilkin səhifəsiyəm. - Bir anda dediyi, "bəklə" də demədiyi, bircə baxışla təlqin etdiyi bu qədər sözdən sonra əlini Professorun çiyninə qoyub arxayınlıqla gülümsədi. - Dünyanı nimdaş paltarı kimi köhnə insan zirzibilindən təmizləmək, kainata həqiqi mütləq nizam gətirmək zamanıdır və biz bunu edəcəyik. Axirətin axırıyla təzə yol, yeni sivilizasiya erası başlayacaq!
Professor yaratdığına baxır, məğlub bir ovqatla düşünürdü ki, indiyə qədər qəlbində gizli saxladığından, heç vaxt, heç yerdə, heç kimə demədiyi sirrindən bu dəmir adam necə xəbər tutub?! Hələ köhnə paltarlar zibilliyi, bu qədər haqsızlıq...
Kəllə göz bircə qəribə təbəssümüylə dedi ki, mən təkcə sənin yox, bütün insanların bütün bildiklərini və bütün bilmədiklərini bilirəm. Qələmin yazdığı bütün olmuşları və olacaqları, bütün Lövhi-Məhfuzu - Qorunan Lövhəni bilirəm. Bu, yeni meyvə mövsümünün hikmətidir. Yer planeti zibilliyi müqəddəs ana bətni cənnətinə dönəcək...
Şabran, 2025
Sadıq ELCANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.18-19.