Dilə sevgi
anadan başlayır
Kim mənsub olduğu dili alayarımçıq,
kələ-kötür bilirsə,
günah onun anasındadır. Ana laylası,
nəvazişi, nazlamaları,
oxşamaları, yanıltmacları
ilə boya-başa çatmayanlar milli ruhun daşıyıcıları ola bilməzlər.
Hələ gənc yaşlarından
başlayaraq doğma
ana dilindən başqa bir çox əcnəbi dildə danışmağı
bacaran, görkəmli
yazıçı, folklorşünas
alim Yusif Vəzir Çəmənzəminli "Ana və analıq" sərlövhəli məqaləsində
haqlı olaraq yazırdı: "Təbiət
ananı xəlq edəndə onunla bərabər fədakarlığı
yaradıb və ziqiymət (qiymətli, bahalı) hədiyyə olaraq ona əta
edib. Fədakarlıq arvadların mənəvi zinətidir ki, ondan uca bir şey
ola bilməz".
Xarici dil bilmək özgə xalqlarla birbaşa ünsiyyət qurmaq bacarığına
malik olmaq deməkdir. Ancaq bu ünsiyyət
o zaman dəyərli olur
ki, doğma dilinə ögey münasibət bəsləməyəsən. Nə
qədər çox dil bilsən də, düşüncən
gərək ana dilinlə
bağlı ola. Heç
şübhəsiz, ana dilinə
məhəbbət, sədaqət,
sevgi beşikdən başlayır. Bəli, o beşiyin başında körpəsinə ana dilində
layla çalan, şirin-şəkər sözlərlə
balasını oxşayan
ananın övladı
böyüyəndən sonra
on əcnəbi dil bilsə də, mənsub olduğu xalqın dilinə biganə qala bilməz.
Görkəmli ictimai-siyasi xadim,
yazıçı-publisist, filosof, dinşünas, böyük türkçü
Əhməd bəy Ağaoğlu hələ
1924-cü ildə yazıb
çap etdirdiyi
"Milli şüur" adlı
məqaləsində yazırdı:
"Bir millətin formalaşmasında təzahür edən başlıca amillər bunlardır: dil, din, ədəbiyyat, sənət və müştərək tarix".
Min illər boyu xalqımız dövrün,
zamanın bütün
sınaqlarına sinə
gərərək öz
dilini, dinini, adət-ənənəsini, yazılı
və şifahi ədəbiyyatını qoruyub
saxlamışdır. Əhməd
bəy Ağaoğlu haqlı olaraq yazır ki, milli şüuru
olmayan, yaxud inkişaf etməyən xalqlar düşgünlük
və əsarətə
məhkumdur.
1828-ci ildən Çar, 1920-ci ildən başlayaraq Sovet Rusiyasının işğalı və əsarəti altında yaşamağa məhkum olmuş xalqımız gizli və aşkar
dil siyasətinə məruz qalmağına baxmayaraq öz doğma ana dilini qoruyub saxlaya bildi. Şübhəsizdir
ki, dil bir millətin varlığı
və kimliyidir. Bu dilin qorunmasında, yaşamasında, nəsildən-nəsilə
ötürülməsində müdrik analarımızın
xidmətləri əvəzsiz
və danılmazdır.
Əhməd bəy Ağaoğlunu
uşaq yaşlarında
olanda tərbiyə verib həyata hazırlayan, heç bir məktəb qurtarmamış, amma həyat dərsi almış, fitrətən
uzaqgörən anası
Sarıcalı Rəfi
bəyin qızı Nairə xanım olmuşdur. Çox sonralar Əhməd bəy anasını yad edərək yazırdı
ki, anamın oxuduğu
o "hüznlü, ələmli
mahnılar" indi də qulağımda səslənib "könlümü
titrədir".
Əhməd bəyin, bu böyük fikir adamının həyatından
ibrət götürülməli
çox mətləblər
var. 1888-ci ildə Gimnaziyanı
əla qiymətlə
bitirib Peterburq Universitetində oxumağa
yola düşərkən
anası onu kənara çəkib deyir ki, əgər gavur qızı alsan, südüm haramın olsun. Bəri başdan deyim ki, Əhməd bəy anasının tövsiyəsinə əməl
edir.
Təhsil
almaq, Peterburq şəhərini görmək
arzusu ilə yola çıxan Əhməd bəy özünün "Peterburq
xatirələrim"də yazırdı: "Mənim,
xəyalı yerə-göyə
sığmayan on səkkiz
yaşlı gəncin
təsəvvüründə Pyotr şəhəri füsunkar bir məbəd idi; elə bir yer
ki, orada insanlar və şeylər nə isə xariqüladə, səmavi,
əlçatmaz varlıqdır".
Daha sonra ədib yazırdı:
"Ürəyim məşuqəsi
ilə ilk görüşə
çıxmış aşiqin
ürəyi kimi döyünüb, az qala sinəmə sığmırdı. O "müqəddəs
torpağa" necə
pərəstişlə qədəm
basmışdım".
Bir neçə imtahanı uğurla vermiş gənc Əhməd bəy, özünün yazdığı kimi, ən yaxşı bildiyi triqonometriyadan imtahan götürən gənc professor əsasız
olaraq ona "3" verir. Əhməd bəy xatirəsində etiraf edir ki: "Gözlərim
qaraldı, başım
fırlandı. Elə
bil kimsə küt bir əşya
ilə gicgahımdan vurmuşdu. Bir anda instituta daxil ola bilməməyin doğuracağı
dəhşətli mənzərə
gözlərimin önündə
canlandı. Valideynlərimin
bu xəbərdən çəkilməz bir dərdə, ələmə
düşdüklərini gördüm.
Dostlarımın qarşısında
necə alçaldığımı
hiss etdim. Xəyalımda
yaşatdığım "fantastik" dünya bir an içində uçulub dağıldı.
Utanmaq hissini, ləyaqəti və izzəti-nəfs duyğusunu
unudub ağlamağa başladım. Bütün
auditoriyanın gözü
qarşısında ucadan
ağlayır və professora başqa suallar soruşması üçün yalvarırdım.
Lakin onu rəhmə gətirmək mümkün
olmadı, bir-birinə
sıxılmış dodaqlarının
arasında laqeyd və rəhmsiz səslə: "Bunu edə bilmərəm, gedin!" - dedi".
Rusiyanın paytaxtında, əyalətdən
gəlmiş savadlı
bir gəncə rus professorun şovinist münasibətini
görürsünüzmü?!
Sarsıntı içərisində qaldığı ünvana
qayıdan on səkkiz
yaşlı gənc
"füsunkar Pyotr şəhərini" tərk
etmək qərarına
gəlir. Səhəri
gün Parisə yola düşür.
Qatarda bir fransız xanımla tanış olur. Dərk edir ki, Sorbona Universitetində oxumaq üçün fransız dilini öyrənməlidir. Parisdə
böyük səy göstərərək altı
ay ərzində fransız
dilini mükəmməl
öyrənir. 1888-1889-cu illərdə
hüquq məktəbində
oxumaqla bərabər Sorbonadakı "Əməli
yüksək tədqiqat
məktəbi"nin və
"Şərq xalqları
tarixi və dilləri məktəbi"nin
dərslərinə də
gedir. Fransız dilini o dərəcədə
mənimsəyir ki, müəllimi filosof E.Renanın təklifi ilə Şərq xalqlarının
dil, məzhəb və etnoqrafiyasına aid məqalələrlə mətbuatda
çıxış edir.
1891-ci ildə hüquq
məktəbini Lisan
an Durda diplomu ilə bitirən Əhməd bəyə müəllimi E.Renan Parisdə qalıb elmlə məşğul olmasını təklif edir. Cavabında Əhməd bəy deyir ki, mən vətənimə lazımam.
Müəllimi deyir
ki, Əhməd bəy,
sən burada qalsan, dünyaşöhrətli
alim olarsan, getsən, Şərq səni udacaq.
Əhməd bəy tərəddüd
etmədən vətənə
qayıdır. Ana dilinə
arxa çevirib Rusiyada oxumağı, rus dilində oxuyub-yazmağı ilə
fəxr edənlərə
üzümüzü tutub
deyirik ki, heç bir əcnəbi dil ana dilini əvəz edə bilməz. Belə olmasaydı, Əhməd bəy fransızca, rusca, farsca yazıb-yaradardı.
Amma o, 5 dil bilməyinə
baxmayaraq vətənində
iki dildə, Türkiyədə Osmanlı
türkcəsində qəzet
çıxarırdı.
Əhməd bəy Ağaoğlu
1909-cu ildə təzyiq
və hücumlardan təngə gəlib Türkiyəyə mühacirət
edəndən sonra da doğma dilini unutmamış, hətta Qarabağ şivəsində
danışmağı ilə
fəxr etmişdir. Çünki ana laylası,
bayatısı ilə
böyüyənlər, harada
yaşamalarından asılı
olmayaraq, mənsub olduqları xalqın dilinə sayğı ilə yanaşmışlar.
Əhməd bəyin oğlu Səməd Ağaoğlu "Atamın
dostları" adlı
xatirələr kitabında yazır: "Başım dizinin üstündə, Füzulinin
"Məni candan usandırdı, cəfadan
yar usanmazmı?" qəzəlini
Azərbaycan şivəsinin
şirin ahəngi ilə söyləyən anamı xatırlayıram".
Nə qədər insani bir duyğudur.
Səməd Ağaoğlunun anası,
Əhməd bəyin xanımı Sitarə xanım şuşalı idi. O, Vəzirzadələrin
yeganə qızı idi. O, ərindən ayrılmayaraq Türkiyəyə
mühacirət etmişdi.
Əsl azərbaycanlı
xanım kimi ailəsinin xoşbəxt yaşaması üçün
canı-dildən çalışmışdır.
Səməd Ağaoğlu
anası Sitarə xanım barədə belə yazır: "Savadı, sadəcə təkbaşına öyrəndiyi
oxuyub yazmaq idi. Amma buna baxmayaraq qədim, əsil-nəcabətli
bir türk ailəsinin maddi və mənəvi zənginliyi içərisində
pərvəriş tapan
incə zəkasının,
həssas ruhunun yaratdığı romantik
təbiəti əsl xalq adamı olan atamın çılğın, əsəbi,
məsuliyyətsiz ağıl
və xarakteri ilə durmadan çarpışdı, bu
zəkanın, xarakterin
kobud tərəflərini
cilalayıb Ağaoğlu
ailəsinin cəmiyyət
içərisində öz
yerini tutmasına böyük kömək göstərdi".
Göründüyü kimi, doğru demişlər ki,
hər bir görkəmli kişinin arxasında gözə çarpmadan böyük bir qadın dayanır.
Ana dilinə sevgini, sayğını biz klassik
ədəbiyyatımızın görkəmli simalarının
yaradıcılıqlarından da görə bilərik.
Məndə sığar iki
cahan,
mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm,
kövnü-məkana sığmazam
- deyən Seyid İmadəddin Nəsimi fars və ərəb
dillərini də bilirdi, fars və
ərəbcə şeirlər
də yazırdı, amma ana dilinə sevgisi içdən gəlirdi:
Yeddidir,
dörd yeddidən bir yeddidir,
Yüz iyirmi dörd yenə üç yeddidir,
Evi bir, bacası yeddi, babı üç,
Əhli-beyt ilə özü
on yeddidir
- misraları bu gün belə ruhumuzla həmahəng deyilmi?!
Bağdadda ərəblərin əhatəsində
yaşayan dahi Məhəmməd Füzuli
dilimizin gözəlliyini,
ahəngini belə qoruyub yaşatmağı bacarmışdı. Çünki
o, gecə-gündüz içərisində
ana dilində həsbi-hal
etmişdir. Unutmamaq üçün! Ona görə
də bu böyük söz sərrafının aşağıdakı
ölməz misralarından
milli ruhumuzun əbədiyyət
nəğməsi olan
bayatılarımızın ətri gəlir:
Gül qönçəliyində xar
iləndir,
Açılsa, bir özgə
yar iləndir.
Əslində tikan çəkər
əzabın,
Fəslində həkim alır
gülabın.
Qətran
Təbrizidən, Qövsi
Təbrizidən, Şah
İsmayıl Xətaidən,
Aşıq Qurbanidən,
Tufarqanlı Abbasdan, Qasım bəy Zakirdən, Aşıq Valehdən, Seyid Əzim Şirvanidən,
Xan qızı Xurşidbanu
Natəvandan doğma dilimizə bəslənən
sayğı və ehtiramdan istənilən qədər misal göstərmək olar. Anadilli hər bir şeir nümunəsi
yaradıcı insanlarımızın
qəlb dünyasının
ifadəsidir.
Əgərçi xoşdur mənə
ətri, həm səfası gülün,
Cəfası çoxdu, nə
hasil ki, yox vəfası gülün
- deyən Natəvan bir ana kimi Xasay
xan Usmiyevdən olan oğlunu da milli ruhda böyütmüşdü.
O, oğluna öz atası Mehdiqulu xanın adını vermişdi. Mehdiqulunu bir Azərbaycan türkü kimi böyütmüşdü. Mehdiqulu
yeniyetməlik və gənclik illərini
Tiflis, Peterburq şəhərlərində
keçirməsinə, zadəgan
uşaqlarına məxsus
hərbi məktəbdə
rus dilində təhsil almasına, orduda xidmət edib podpolkovnik rütbəsinə yüksəlməsinə
baxmayaraq ana dilini heç vaxt unutmamışdı. Çünki
Natəvan oğlu dil açarkən onunla doğma, sevgili ana dilində danışmışdı. Yoxsa,
o da indi bəzi gənc analar kimi oğlunu rus dilində deyil, yaxşı bildiyi fars dilində
də danışmağa
məcbur edə bilərdi (Halbuki bu, uşağa qarşı şiddətdi,
genetik yaddaşa xəyanətdi). Xan qızı
Natəvan bir ana, əsilzadə xanım kimi başa düşürdü ki, bünövrə,
təməl ana dilində
olmalıdır. Əgər
Mehdiqulu belə milli ruhda böyüməsəydi,
Vəfa təxəllüsü
ilə doğma türkcəmizdə şeirlər
yaza bilməz, yana-yana yazmazdı ki:
Avarə
qalmışıq, sərdarımız
hanı,
Keçmiş zəmanədən asarımız
hanı?
İcma
edin, bu gün dərdə dəva edək,
Dinü
təriqətə canlar
nisar edək.
Gətirdiyimiz bu nümunədən də göründüyü
kimi, dilin keşiyində duran əsas qüvvə anadır. Bir anlıq təsəvvür
edin ki, Rusiyanın müxtəlif
şəhərlərində yaşayan azərbaycanlıdan,
qazaxdan, özbəkdən,
türkməndən, çeçendən,
ləzgidən, yəhudidən...
rus xanımları ilə izdivacdan nə qədər oğlan-qız doğulub böyüyüb. Amma rus qadınları birmənalı olaraq yad millətin kişilərindən törəyən
uşaqları rus kimi böyüdüb. Bu törənənlər
damarlarında başqa-başqa
millətlərin qanını
daşısalar da, rus kimi böyüyür,
rus kimi düşünür. Çünki
göz açandan anaları onlarla rus dilində danışıblar. Bu, məhz rus xanımlarının
ana dillərinə olan sonsuz sevgisinin
bəhrəsidir. Heç
kəs bu həqiqəti inkar edə bilməz.
Hərdən düşünürəm ki,
Çar Rusiyasının
zamanında Qafqazın
baş hakimi general A.P.Yermolovun idarəsində Şərq
dilləri tərcüməçisi
kimi fəaliyyət göstərən, polkovnik
hərbi rütbəsinə
qədər yüksələn
Abbasqulu ağa Bakıxanov, ana dilindən başqa rus, fars, ərəb,
osmanlı türkcəsini
mükəmməl bilən,
Qafqaz canişinliyinin baş mütərcimi, polkovnik Mirzə Fətəli Axundzadə doğma ana dillərinə sayğı
göstərməsəydilər, necə olardı? Heç şübhəsiz,
mədəniyyət və
ədəbiyyat tariximizdə
böyük boşluq
olardı. Abbasqulu ağa Bakıxanovun "Gülüstan" sülhünə
qədər böyük
bir dövrü əhatə edən, tarix elminin inkişafında
böyük rol oynayan " Gülüstani-İrəm"
adlı bir əsərdən məhrum
olardıq. Əgər
Mirzə Fətəli
Axundzadə ana dilinə xor baxsaydı, altı komediya yazıb milli dramaturgiyanın banisi olmaz, "Kəmalüddövlə məktubları",
"Aldanmış kəvakib"
kimi şedevrlər yaranmazdı. Bu gün Rusiyanın paytaxtında rusca təhsil alanların ədalı görkəm alıb: "Əyalətdə
yaşayanlar rus dilini bilmirsə, onun Bakıda nə işi var?" deyənlər yəqin ki, XIX əsrdə Rusiyanın müxtəlif şəhərlərində
institut, universitet qurtarıb, ömrü boyu xalqının maariflənməsi üçün
çalışan Həsən
bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Firudin bəy Köçərlinin, Soltan
Məcid Qənizadənin,
Əbdürrəhim bəy
Haqverdiyevin, Nəriman
Nərimanovun, Üzeyir
bəy Hacıbəylinin,
Yusif Vəzir Çəmənzəminlinin və
onlarca başqa ziyalılarımızın həyatından,
fəaliyyətlərindən, təmənnasız xidmətlərindən
xəbərsizdirlər. Əsasən,
bəy ailəsindən
çıxmış bu
aydınların hər
biri (əlbəttə,
onların sırası
daha genişdir) xalqının maariflənməsi,
tərəqqisi yolunda
hər cür əzab-əziyyətə qatlaşmışlar.
Onlar öz xalqına yuxarıdan aşağı baxmırdılar.
Hər biri bir neçə əcnəbi dil bilsələr də, ana dillərində yazıb-yaratmağı özlərinə
borc bilirdilər. Çünki onların hər biri ailə
tərbiyəsi görmüşdülər.
Ata-anaları, ulu babaları Azərbaycan türkcəsi ilə danışmağı özləri
üçün fəxarət
bilmişlər.
Azərbaycan mətbuatının banisi
Həsən bəy Məlikov 1861-ci ildə gimnaziyanı bitirib dövlət hesabına Moskva Universitetinə göndərilmiş və
fizika-riyaziyyat fakültəsinə
qəbul olunmuşdur.
1865-ci ildə universiteti
namizədlik diplomu ilə bitirmişdi. Həsən bəy tez-tez tarixçi Solovyovun evinə gedirmiş, onunla Şərq və İslam dini ilə bağlı söhbətlər
edirmiş. Həsən
bəy tarixçi alimin qızına aşiq olubmuş. Qız da Həsən bəyi çox sevirmiş. "Lakin Həsən bəy ilk təhsil almış müsəlman
kimi xristian qızı almaqla geridə qalmış xalqı özündən
və arvadından uzaqlaşdıracağından ehtiyat
edərək çox
sevdiyi qızla evlənməkdən imtina
etmiş, təhsilini bitirən kimi öz xalqına xidmət etmək üçün Vətəninə
qayıtmışdır" (Hənifə Məlikova).
Vətənə qayıdan Həsən bəy son nəfəsinə
qədər xalqına
təmənnasız xidmət
etmişdir. "Əkinçi"
qəzetinin nəşrinə
icazə almaq üçün 7 il şovinist rus məmurlarının qapısını
döymüşdür. Nəhayət,
1875-ci ilin iyul ayının 22-də onun redaktorluğu ilə "Əkinçi" qəzetinin
ilk nömrəsi çap olunmuşdu. Budur əyalət Zərdab kəndindən neft Bakısına gələn kişinin şücaəti!
"Ona yaxın
Şərq və qərb xalqlarının dilini bilən" (Abdulla Şaiq), "İslam ümmətindən,
Qərb mədəniyyətindən,
türk millətindən"
olmaq ideyasının müəllifi, alim, rəssam, şair, musiqişünas Əli bəy Hüseynzadə Həsən bəy Zərdabi haqqında yazırdı: "Keçmişdə
aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə
məşəl alıb
qaranlığı işıqlandırmağa
çalışıyordu, o məşələ nə
idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün
dünyada müsəlmanlar
içində əvvəlinci
türk müsəlman
qəzetəsi nəşr
etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata
qapı açmışdır".
Azərbaycan dilinin necə zəngin, çoxqatlı,
rəngarəng, ən
mürəkkəb fəlsəfi
fikrləri ifadə etmək gücündə
olduğunu dərk etmək üçün el bayatılarını, nağılları, dastanları,
qoşma, təcnis və gəraylıları,
klassik Azərbaycan poeziyası nümunələrini
oxumaq kifayətdir. Əsas odur ki, ana dilini
doğmaların qədər
sevəsən, o dildə
danışmağınla, muğam,
mahnı oxumağınla
qürur duyasan, minillik Azərbaycan poeziyasını, zəngin
ədəbi nümunələri
daim mütaliə edəsən, ünsiyyətdə
olasan. Bax, o zaman bilərsən ki, Azərbaycan türkcəsi dünyanın
ən zəngin dillərindən biridir.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.22-23.