Müasir tənqid - tənqiddə müasirlik
Ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru,
professor Təyyar Salamoğlunun "Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı"
kitabı işıq üzü görüb. Kitab müəllifin müasir
ədəbi prosesə
dair tədqiqatlarını
əhatə edir və ali məktəblər
üçün dərs
vəsaiti kimi hazırlanıb. Tədqiqatçı
ədəbi prosesin hərəkətini janrların
yaddaşında izləyir.
Alimin 65 illik yubileyi ərəfəsində
çapdan çıxan
kitabın "Ön söz"ünü təqdim
edirik.
Elm aləminə gəldiyi
80-ci illərdən başlayaraq
hər hansı təsirə qapılmayıb
- daxili bütövlüyünü
qoruyub saxlayıb, dəst-xəttini yaratmış,
öz yolu, öz mövqeyi olan alim bu yolda
fiziki sağlamlığını
itirsə də, zamanın ədəbiyyatşünaslıq
və tənqid sahəsinə bir "Təyyar Salamoğlu" imzası qazandırıb.
Vətəndaşlıq məsuliyyəti,
ziyalı təəssübkeşliyi,
həqiqətləri ortaya
çıxarmaq istəyi
onun qələminin daxili qatını təşkil edən maddə kimi əhəmiyyət daşıyır.
Çünki mühiti
(öz sözlərilə
desək, idrak "təsərrüfat"ını) özündə ehtiva etmədən nə cəmiyyətə sual verə, nə də ondan cavab
gözləyə bilərsən.
Nəzərə alsaq
ki, kitabın müəllifi
bütün elmi fəaliyyəti boyu tədqiqat sahəsi olan XIX-XX əsrlər ədəbiyyatını özünün
elan etdiyi yeni bir konsepsiya üzrə araşdırır, o zaman bütövlükdə
bu sahə ilə bağlı müxtəlif fəaliyyət
növlərinin, eləcə
də, "Müstəqillik
dövrü ədəbiyyatı"
fənninin tədrisi üçün nəzərdə
tutulmuş dərs vəsaitinin əmin əllərdə olmasına
şübhə yeri qalmır.
Artıq
20 ildən çoxdur
ki, professor Təyyar Salamoğlu
"Yenidən oxu"
konsepsiyasını irəli
sürmüş və
bu konsepsiya ilə XIX əsrin sonu, XX əsrin əvvəlləri və sovet dönəmində yazılmış əsərləri
araşdırır. İndi isə qarşımızda
alimin "Müstəqillik
dövrü ədəbiyyatı"
kitabı var. Müstəqilliyimizin
33 illik bir tarixi var. Müstəqillik
salnaməsi özü
ilə müstəqil
incəsənəti, müstəqil
ədəbiyyatı, müstəqil
elmi də gətirdi. Bu dövrün
ədəbiyyatı Azərbaycan
xalqının milli varlığından
ayrı olmayıb, onu ifadə üsullarından biri kimi ortaya çıxdı.
Doğrudur, müstəqillik
illərində yazılmış
əsərlərin yenidən
oxusuna ehtiyac yoxdur, amma bu
əsərlərin də
diqqətlə oxunub təhlilinin aparılması
zəhmətkeş bir
alim dəqiqliyi, mükəmməl
bir tənqidçi səriştəsi tələb
edir. Bu kitabın ortaya gəlməsi zamanın ələyindən
keçdikdə hansı
əsərlərin qalıb,
hansıların gedəcəyinə
qərarvermə səlahiyyətində
olmasa da, zamanın həmin süzgəclərindən
biri olma hüququndadır.
Kitabı
vərəqlədikcə (əslində:
oxuduqca) bir daha aydın olur ki, ədəbiyyatın
inkişafı üçün
müstəqillik şəraiti,
sərbəst söz imkanı, yaradıcılıq
azadlığı vacib
şərtdir. Kitab həm
də o fikri təlqin edir ki, ədəbiyyat yeni epoxanın
gəlişini təkcə
passiv şəkildə
əks etdirməklə
qalmamış, eyni zamanda müstəqilliyimizin
qazanılmasında müstəsna
rol oynamışdır.
Müəllif 1990-cı illərin
əvvəllərində ölkədə
cərəyan edən
hadisələri, iqtisadi
sistemin çöküşünü,
Qarabağ müharibəsinin
fəsadlarını, yurdlarından
qovulan qaçqınlar
və köçkünlər
ordusunun qarşısıalınmaz
axınını, bir
zamanlar ictimai-siyasi həyatda hərc-mərcliyin
baş qaldırmasını,
ölkədə ədəbi-mədəni
prosesləri də əhatə edən mənzərəni canlandırıb,
33 illik müstəqillik
dönəmi haqqında
dəqiq təəssürat
yaradan əsərləri
təhlilə cəlb
etmiş, müasir Azərbaycanın həm ictimai-siyasi sabitlik baxımından, həm iqtisadi-demoqrafik göstəricilərinə
görə hansı çətin mərhələdən
keçib gəldiyi haqqında oxucuda dəqiq təsəvvür
yaratmaq imkanı qazanmışdır. Tənqidçi
ədəbiyyata da, tənqidə
də çox zəngin ideya-estetik dünyasının fövqündən
baxır. Tənqidi yazılarının mətni
onun daxili səsinin yazıya alınmış, maddiləşmiş
formasının təzahürünə
çevrilir. Buna görə
də yazılarının
təhkiyəsində Təyyar
müəllimin canlı
səsini, emosional intonasiyasını da eşidirik.
***
Kitab dörd bölmədən
ibarətdir. Bu bölmələrdə
yer alan hər bir yazı
əslində müəllifin
müstəqil tədqiqat
əsəridir. İstər
elmi-nəzəri tutumu,
istərsə də metodoloji yönü ilə müasirliyini qoruyan bu tədqiqatlarda
əsərlərin mövzu,
problem və janr özəllikləri, ideya-estetik
aspektləri fərqli
yanaşmalarla diqqət
mərkəzinə çəkilmiş,
bu sahədə qazanılan uğurlar elmi-nəzəri müstəvidə
ümumiləşdirilmişdir.
Kitabda müstəqillik dövrü
ədəbiyyatının təşəkkülü
və formalaşması
zaman sərhədlərində XX əsrin sonu və XXI əsrin başlanğıcını özündə
əks etdirir. Bu məsələ geniş çapda işıqlandırılsa da,
əsasən, 30 illik dövrün ədəbiyyatı
araşdırma obyektinə
çevrilmiş, əsərlər
mövcud ədəbi
proses kontekstində dəyərləndirilmişdir. Müstəqillik ideyalarının
ədəbiyyatda təşəkkülü
uzun zaman, əsrlər boyunca baş vermiş, tarixi sınaqlardan çıxmışdır. Son
olaraq sovet sisteminin çökməsi
ilə istiqlal ideyaları ədəbiyyatda
sistemli yerini almış, leytmotivə çevrilmişdir. Milli ədəbiyyat bir daha tarixi yaddaşa,
azadlıq ideallarına
üz tutmuşdur. Azərbaycançılıq anlayışı
milli siyasi müstəvidə özünün
ən yüksək ifadəsini ümummilli lider Heydər Əliyevin düşünülmüş
siyasəti sayəsində
tapa bilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik tariximizdə
ilk dəfə olaraq Azərbaycançılığı
müstəqil Azərbaycan
dövlətinin ideologiyası
səviyyəsinə çatdırmağa
nail olmuşdur. Uzaqgörən müdrik siyasətçi Heydər
Əliyevin apardığı
məqsədyönlü siyasətin
nəticəsində Azərbaycançılıq
dünya azərbaycanlılarının
vahid milli amalına çevrilmişdir.
Bu baxımdan, kitabın I bölməsinin
tamamən bu mövzuya həsr edilməsi qanunauyğun görünür.
Kitabın II bölməsi dövrün
nəsr nümunələrinin
təhlilinə həsr
edilib. İsmayıl Şıxlının "Ölən
dünyam", K.Abdullanın
"Yarımçıq əlyazma",
S.Rüstəmxanlının "Ölüm zirvəsi",
Ə.Xələflinin "Od",
A.Rəhimovun "Ovlaq
keçidi" və
s. kimi özünəməxsus
mövzuları ilə
seçilən romanlar
ayrıca bir paraqrafda konseptual şəkildə təhlilə
cəlb edilir. Elə tarixi həqiqətlər var ki, onların bədii fokus nöqtəsində tam görünməsi zamandan
asılı olur, yəni uzaqlaşdıqca görünən hadisə
konsepti bu roman mətnlərində də ifadəsini tapır. Əlbəttə,
bunun obyektiv və subyektiv tərəfləri var. Təyyar müəllim roman janrını araşdırdığı mərhələdə
məsələyə bir
də bu tərəfdən baxır,
özü də yeni prizmadan. Nəzərə alsaq ki, roman janrı,
ümumiyyətlə tənqidçi
alimin ən başlıca tədqiqat obyektidir, onda müəllifin məzmun-ideya
baxımından təsnif
etdiyi müstəqillik
dövrü romanlarının
sənətkarlıq xüsusiyyətlərini,
estetik çərçivəsini,
süjet yaradıcılığı
stixiyasını nə
qədər diqqətlə
müəyyən etdiyinə
şübhə yeri qalmaz. Alim tarixə
dekonstruksiya bucağından
baxmaqla onun ədəbiyyatdan görünən
obrazını zənginləşdirir
və mübahisə yaradır. Müəllif müstəqillik dövrü
roman faktının xarakterik nümunələrini
mövzu, problematika, sənətkarlıq məsələləri
kontekstində araşdıraraq
konseptual şəkildə
qruplaşdırır, təsnif
və təhlil edir, maraqlı nəticələrə gəlir.
Müstəqillik dövründə
Azərbaycan ədəbiyyatında
yaranmış roman janrı nümunələrini
mövzu, ideya, problem, konflikt və xarakter yaradıcılığı baxımından
təhlil obyektinə çevirən alim onların janr özünəməxsusluğunu səciyyələndirməklə yanaşı, əvvəlki
dövrlərdə yaranan
romanlarla müqayisəli
araşdırmış, bu
romanlarda mənəvi-əxlaqi
problemlərin bədii
təcəssümünə diqqət yönəltmiş,
çağdaş Azərbaycan
cəmiyyətinin sosial
həyatının və
problemlərinin bədii
əksini təhlil obyektinə çevirmişdir.
II bölmədə alim
povest janrında yazılmış əsərləri
daha çox sosial-psixoloji mahiyyətinə
diqqət çəkərək
təhlil edir. Alimin gəldiyi nəticələrdən çıxış
edərək demək
lazımdır ki, bir zamanlar milli
ədəbiyyatda mövcud
olan insanın psixoloji dünyasına nüfuz, problemlərə
fəlsəfi yöndə
baxış, metafizik dəyərlərin üstünlük
təşkil etdiyi mövzulara meyil 90-cı illər ədəbiyyatında
yenidən baş qaldırmışdır. Ümumiyyətlə
götürsək, müstəqillik
dövrü Azərbaycan
nəsrində obraz və xarakter problemindən bəhs olunarkən alim bu əsərləri milli xarakterin yaradılması baxımından
dəyərləndirmişdir. Müstəqillik dövrü
Azərbaycan nəsrini
mövzu-məzmun kontekstində
dəyərləndirərkən Təyyar Salamoğlu müasirlik probleminin aparıcı mövqeyinə
diqqət yetirmiş, bu məqamı zəruri məsələ
kimi önə çəkmişdir. Əlbəttə,
bədii nəsrin müasirliyi ilk növbədə dövrü,
mühiti qavramaqla, həyatın nəbzini tutmaqla, tarixi dövrün problemlərini
dərk etmək imkanları ilə səciyyələnir. Bütövlükdə,
alimin gəldiyi qənaətə görə,
müstəqillik dövrü
Azərbaycan nəsri müasirliyə xidmət məramına söykənməkdədir.
Azərbaycan xalqının
həyatında tarixi tale ilə bədii
yaddaşın bu şəkildə üst-üstə
düşməsi hadisəsi
tariximizin iki ayrı mərhələsində
baş verib. Ölkə müharibə
şəraitində yaşayırdı,
sosial rifah səviyyəsi aşağı
idi və təbii olaraq, hər zamankı kimi bu böhrandan
ədəbiyyat da öz nəsibini alır. Lakin buna rəğmən, mövcud olan nümunələr müstəqillik
dövrü ədəbiyyatının
gələcəyi ilə
bağlı müsbət
inam aşılayır.
Anar, Elçin, Seyran Səxavət, S.Rüstəmxanlı, K.Abdulla,
F.Məmmədli, Mahirə
Nağıqızı, Ə.R.Xələfli
və b. yazarların bədii mətnləri bu qəbildəndir.
Yaradıcılığının
kamillik, müdriklik, məhsuldar dövrünü
yaşayan, Azərbaycan
tənqidi, ədəbiyyatşünaslığı,
milli ictimai fikrinə töhfə dəyərində çoxcəhətli
elmi axtarışlarını
inamla davam etdirən Təyyar Salamoğlu bu günə kimi maraqlı kitablarla oxucularını sevindirmiş,
minlərlə ədəbiyyatsevərin
yoluna işıq tutmuşdur. İnanırıq
ki, alim bundan sonra da
hələ uzun illər əhəmiyyətli
elmi axtarışları
ilə bizi sevindirəcək. Professor
Təyyar Salamoğlunun
şərəfli ömür
yolunun 65-ci ilində ona uzun ömür,
sağlam ruhla yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!
Məhrux
DÖVLƏTZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.26-27.