"Varlı
qadın"ın
qayıdışı...
Xalq
artisti Firəngiz Mütəllimovanın benefis tamaşası
haqqında qeydlər
"Sən
yaxşı qızsan, Gülnar..."
Aslan Qəhrəmanovun
"Səni axtarıram" tamaşasındakı Gülnar
obrazı ilə milyonların sevgisini qazanmış sevimli aktrisamız,
Xalq artisti Firəngiz Mütəllimovanın Azərbaycan
Akademik Milli Dram Teatrında benefis tamaşası (Əli
Əmirli, "Varlı qadın") məni xəyalən
çox-çox uzaqda qalmış uşaqlıq
çağlarıma apardı. Yaddaşımdan unudulmaz
aktyorumuz Yaşar Nurinin canlandırdığı Elçinin
içdən gələn titrək səsi boylandı: "Sən
yaxşı qızsan, Gülnar..." Yaddaşın xatirə
qatını tərpətdi bu tamaşa. Niyə məhz bu
tamaşa? Firəngiz xanım müsahibələrindən
birində belə bir ifadə işlətmişdi:
"Gülnar mənim alın yazımdır. Mənim əkiz
tayımdır Gülnar". Bu fikirlər mənim sualıma
müəyyən mənada cavab verir.
Akademik
Milli Dram Teatrının səhnəsində
saysız-hesabsız obrazlar yaratmış, şöhrətin
zirvəsinə ucalmış bənzərsiz
aktrisamızın səhnə üçün
darıxdığı hiss olunurdu. Onu sonuncu dəfə bir
neçə il bundan öncə bu teatrın səhnəsində
Cəfər Cabbarlının "Almaz" tamaşasında Kərbəlayı
Fatmanisə obrazında görmüşdüm. Firəngiz
xanım bu obrazın xarakterini, daxili stixiyasını o qədər
məharətlə açırdı ki, tamaşaçı
səhnədə doğrudan-doğruya əsl Fatmanisəni
görürdü. Həmişə lirik-sentimental xarakterli
obrazlarda gördüyümüz aktrisa bu rolda tamamilə fərqli
ampluada tamaşaçı qarşısına
çıxır. Bu haqda yazılarımdan birində geniş
fikir bildirdiyim üçün təfərrüata
varmıram. İndi isə "Varlı qadın"dan
danışmaq istəyirəm.
On
üç il bundan öncə Akademik Milli Dram Teatrının
səhnəsində böyük uğurla nümayiş olunan
"Varlı qadın" tamaşası ekssentrik qara
komediyadır; Əli Əmirlinin ailə-məişət
janrı partiturasında xüsusi yeri olan tamaşadır.
Vaxtilə tənqidçi Əsəd Cahangir bu tamaşa haqqında
belə yazmışdı: "Varlı qadın" gözlənilməz
uğur qazandı. Kəsilməyən alqışlar,
anşlaq dalınca anşlaq... Son on ildə
tamaşaçı ilə əlaqələri zəifləyən
teatr özünün keçmiş nüfuzunu deyəsən,
yavaş-yavaş da olsa, bərpa etməyə
çalışırdı. Çünki
tamaşaçı səhnədə uydurulmuş situasiyalar əvəzinə
öz gündəlik həyatını, vaxtı
keçmiş problemlər əvəzinə onu narahat edən
məsələləri görür və təsəlli
tapırdı". ("Bəhramnamə"
yazısından)
Xatırladaq
ki, istinad etdiyimiz fikirlər təxminən, on beş il əvvəlki
dövrə aiddir və teatrın həmin dövrü nəzərdə
tutulur. O dövrdə teatrın yaşaması
üçün Mərahim Fərzəlibəyov və Bəhram
Osmanov çox böyük xidmətlər göstəriblər
və bunu xatırlamaq sənət cameəsində
olanların, teatr sahəsində çalışan hər kəsin
vicdan borcudur. Keçilmiş yola nəzər salarkən,
onların izi şəksiz görünür. Bu gün Akademik
Milli Dram Teatrı istər klassik, istərsə də
müasir tamaşaları ilə böyük
tamaşaçı marağı qazanıb və teatrın
bütün tamaşaları demək olar ki, anşlaqla
keçir. Klassik əsərlərin forma və üslub
baxımından fərqli yozumda təqdimatı yeni
tamaşaçı nəslinin formalaşmasına və
dövrün, zamanın tələblərinə xidmət
edir. Uzun illərdən sonra Əməkdar İncəsənət
Xadimi Bəhram Osmanovun quruluşunda "Varlı qadın"
tamaşası yenidən səhnəyə qayıtdı.
Deyirlər,
tamaşanın müəllifi dramaturqdan daha çox
rejissordur. Tamaşanı görümlü edən məhz
odur. Bəhram Osmanov tamaşaçı auditoriyası
qarşısında məsuliyyətini hiss edən peşəkar
rejissordur. "Varlı qadın"ın yeni tərkibdə təqdimatı
da rejissorun estetik paradiqması yönündən təhlilə
cəlb edilə bilər. Sözsüz, bu,
teatrşünasların işidir. Yeri gəlmişkən,
acı təəssüf hissiylə vurğulamaq istəyirəm
ki, bu gün yeni teatrşünaslar demək olar ki, yox dərəcəsindədir.
Adda-budda gözə dəyən diletant yanaşmalar
böyük sənət sevgisiylə başa gələn
tamaşaların haqqını vermir. Mən teatrşünas
deyiləm, sadəcə, yazar və tamaşaçı olaraq
öz təəssüratlarımdan çıxış edərək
deyə bilərəm ki, "Varlı qadın"
tamaşaçının səhnədə görmək istədiyi
tamaşalardandır. Bu pyes yarandığı gündən təkcə
respublikamızda deyil, ölkədən kənarda da müxtəlif
teatr səhnələrində oynanılıb və
böyük marağa səbəb olub. Şəksiz, bu,
Əli Əmirlinin bir dramaturq olaraq uğurudur. Əsərdə
müasir zəmanənin mənəvi-əxlaqi problemləri,
dünyagirlik hissinin, maddiyyatın ali dəyərləri
üstələməyə çalışması, nəfs
adlı əjdahanın xoşbəxt ailələri
kökündən laxlatması qrotesk və sarkazmla təqdim
olunur. Qara yumor seyrçinin simasında acı təbəssüm
formasında təcəssüm edir. Tragikomik situasiyalar
tamaşaçını təkcə güldürməyə
deyil, həm də dərindən düşünməyə
sövq edir, onun təkcə emosiyalarına deyil,
şüuruna da təsir edir.
Bibisi tərəfindən
ona qalmış miras Həvvada metamorfoza yaradır, xislətindəki
nəfs əjdaha kimi baş qaldırır və onda olan
bütün yaxşı cəhətləri məhv edir. Bu mənəvi
mutasiya tamaşaçının gözü
qarşısında baş verir. Firəngiz Mütəllimova Həvvanın
başqalaşmasını özünəməxsus oyun tərziylə
təqdim edir və bu tədrici başqalaşma təbii şəkildə
baş verir. Həvva Zərlinskaya maddi zənginlik naminə
halalca əri Sarıdan belə imtina etməyə
hazırdır. Yeri gəlmişkən, Sarı obrazı mərhum
sənətkarımız Siyavuş Aslandan sonra Xalq artisti Sabir
Məmmədovun ifasında yeni ştrixlər qazanır.
Aktyorun situasiyaya uyğun hərəkətləri, manevrləri,
obrazın daxili aləmini açmaq naminə uğurlu
tapıntıları tamaşaçıda məmnunluq hissi
doğurur. Sarı obrazı öz faciəviliyi, çarəsizliyi
ilə texnogen zamanın, kapitalist dünyasının ögey
övladıdır. Sabir Məmmədov zəngin plastikası
ilə obrazı sözün əsl mənasında
canlandırır. Sarının maddiyyatın
hökmranlığı qarşısında məğlubiyyəti
insanı sarsıdır, onun düşdüyü tragikomik vəziyyətlə
heç cür barışmaq istəmirsən. Bir professorun
intihara cəhd etməsi mənəvi deqradasiyanın acı nəticəsidir.
Ümumiyyətlə, Sabir Məmmədov daim axtarışda
olan aktyordur və oynadığı hər obrazın
xarakterini göstərmək üçün uğurlu
tapıntıları onun səhnədə uğurunu şərtləndirir.
Sarı onun aktyor bioqrafiyasında seçilən bir
obrazdır və tamaşaçıların yaddaşına əbədi
həkk olunacaq.
Tamaşada,
həmçinin aktyor Elçin Nurəliyev (Qara), əməkdar
artistlər Elşən Cəbrayılov (Vəkil),
Rövşən Kərimduxt (Əlvan), aktyorlar - Natiq Fərzəliyev
(Pəhləvan), Ramin Şıxəliyev (Dilənçi),
Rada Nəsibova (Şadxəbər), Məhsəti Tahirzadə
(Bədxəbər), Firuzə Balayeva (Fotoqraf), Afət Məmmədova
(VAAQ müdiri), Muhuma Sahov və Tural İbrahimov (Cangüdənlər)
çıxış edir. Tamaşanın səhnə tərtibatçısı
Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün
Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor
assistenti Xanımbacı Həsənovadır.
Elşən
Cəbrayılovun Vəkili də yaddaqalan obrazlardandır.
Elşən səhnəyə hərarət, emosiya gətirən
aktyorlardandır və yeri gəlmişkən, "Müfəttiş"dəki
Xlestakovu bənzərsizdir. İstedadlı aktyorlardan olan Ramin
Şıxəliyev səhnəyə zaldan daxil olur və bu
ekstravaqand hərəkət hər kəsi
çaşdırır. Zalda şikəst bir Dilənçi
peyda olur və əlini açıb hamıdan müti,
yazıq görkəmdə çörəkpulu istəyir.
Aktyor səhnəyə qalxan pillələrə
yaxınlaşana qədər hər kəs onu həqiqi dilənçi
zənn edir və təəccüblə
düşünürlər ki, axı bu sərsərini zala
kim buraxıb? Hə, Ramin bunu bacardı və rejissorun fəndi
uğurla nəticələndi. Ramin Şıxəliyev zəngin
potensialı olan aktyordur və onun gələcəkdə
çox böyük uğurlara imza atacağına sidq-ürəkdən
inanıram.
Bir
sözlə, Xalq artisti Firəngiz Mütəllimovanın
benefis tamaşası anşlaqla keçdi və bitmək bilməyən
alqışlar da göstərdi ki, tamaşaçı onun
üçün darıxıb. Özü də
çıxışında teatr üçün
darıxdığını, bu tamaşa ilə teatr rəhbərliyinin
onu depressiyadan çıxardığını etiraf etdi.
Professor Məryəm Əlizadə də
çıxışında aktrisanın sənət yoluna nəzər
saldı və Akademik Milli Dram Teatrının səhnəsində,
televiziyada, kinoda zəngin obrazlar qalereyası
yaratdığını vurğuladı.
Premyerada,
həmçinin Akademik Milli Dram Teatrının Bədii rəhbəri,
Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə,
Əməkdar incəsənət xadimi Əli Əmirli, Teatr
Xadimləri İttifaqının sədr müavini Azad
Şükürov Firəngiz Mütəllimovanın səhnə
fəaliyyəti haqqında çıxış edib, onu sənətkar
və insan kimi yüksək dəyərləndirdilər. Firəngiz
Mütəllimovaya Akademik Milli Dram Teatrının
"Yubiley" mükafatı və Teatr Xadimləri
İttifaqının "Teatr xadimi" qızıl medalı
təqdim olundu.
Əlbəttə,
sənətkar yalnız səhnədə olanda xoşbəxt
olur. O gün Firəngiz xanım xoşbəxt idi, güllərin,
çiçəklərin içindən onun məşhur,
yalnız ona məxsus olan təbəssümü işıq
saçırdı. Firəngiz Mütəllimova xoşbəxt
taleli sənətkardır. O, adını Azərbaycan teatr tarixinə
qızıl hərflərlə yazıb - ömrüylə, sənətiylə,
fədakarlığı ilə...
"Sən
yaxşı qızsan, Gülnar..." Bu sözlər onun sənət
taleyindən ana xətt kimi keçir. Onu bizə sevdirən
Gülnarı necə unuda bilərik?!
Kənan
HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.31.