Yaddaş çölünün
çağıran çiçəkləri
(Əvvəli ötən nömrələrimizdə)
Sənədli povest
Bu yazı
yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı
ki, bizi də yaz, bu fani
dünyada yazıdan böyük sığınacaq
yoxdur. Və mən də yaddaş çölünün
çağıran çiçəklərinə
qulaq asdım, xəyalı körükləyən
xatirələr dünyasına
üz tutdum.
Müəllif
***
Şeir
yorulmuşdu...
Zamanın sözünü sözün
zamanında deməyə,
ədəbiyyatı xalqın
arzu və istəklərinin hüzuruna,
Vətəninin tale qapısına
gətirməyə, poeziyanı
Füzuli tilsimindən
qurtarmağa, yeni yola istiqamətləndirməyə tarixi
ehtiyac yaranmışdı.
Poeziyanın, bütövlükdə
Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
bəxti gətirdi ki,
həmin tarixi ehtiyacı Mirzə Fətəli Axundzadə kimi vətənpərvər
dahi dərk və qəbul etdi; sonra dərk
və qəbul etdiyini ömrü boyu əzablı yollarla, fenomenal fədakarlıqla həyata
keçirdi. Bu, çoxdan
gözlənilən, arzulanan
təzə yolun, yeni bir zirvənin fəthi idi. Bu, çox sonralar böyük bir romanın ünvanına dönəcək "Fətəli
fəthi" adında
həqiqət idi.
Böyük alim Firudin bəy
Köçərli "Azərbaycan
ədəbiyyatı" əsərinin
birinci cildində Mirzə Fətəli Axundzadənin ədəbi
mövqeyi haqqında belə yazıb:
"Mirzə Fətəlinin komediyalarına gəldikdə
qəti surətdə
deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası
və ustadı Molyer olan kimi,
türk-Azərbaycan ədiblərinin
və komediyanəvislərinin
atası və yolgöstərəni mərhum
Mirzə Fətəli
Axundov olub. O yazdığı komediyaların
mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər.
Onun sayəsində bir neçə müqtədir ədiblər
vücuda gəlibdir."
O, Füzulini sevirdi, lakin Azərbaycanı Füzulidən də çox sevirdi. Buna görə Azərbaycan poeziyasında, milli-bədii
şüur hərəkətində
yaranan tarixi tıxacı aradan qaldırmaq üçün
kəskin mövqeyini ortaya qoydu, Vaqiflərin,
Zakirlərin yeni yolunu
müjdələdi...
Dahi sənətkar, qüdrətli
tənqidçi-filosof, fədakar
ziyalı, Vətənin
dağdan ağır dərdlərinə çiyin
verən, əlac axtaran böyük vətəndaş Mirzə
Fətəli Axundzadə
Azərbaycan ədəbiyyatında
yeni bir mərhələ
yaratdı. Azərbaycanın,
bütövlükdə Yaxın
və Orta Şərqin ilk dramaturqu olmaq şərəfi də ona məxsusdur.
O, vətən və xalq yolunda yanmağın,
sarsılmaz əqidə
ilə bütöv qayəyə doğru getməyin tarixi nümunəsini göstərdi.
Dahi Cəlil Məmmədquluzadə bütün
bunları göz önünə gətirərək
böyük cəsarət
və qeyrətli qədirşünaslıqla yazırdı:
"Mirzə Fətəli Axundzadənin barəsində
ya çox yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır.
Mirzə
Fətəli Axundzadənin
barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır".
"Poeziya" verilişinin hərəsi qırx beş dəqiqə həcmində olan 300-dən
çox sayı efirə getdi. Bu verilişlərdə ən
görkəmli elm və
sənət adamları,
ədəbiyyat, poeziya
biliciləri söz dedi, öz yeni elmi-nəzəri mövqe və münasibətlərini
bəyan etdilər.
1500 illik Oğuz-Türk-Azərbaycan
poeziya yolunun heç bir uğuru, heç bir enişi-yoxuşu, heç bir sevinci, kədəri qıraqda qalmadı, yaddan çıxmadı.
Bu teleproqram haqqında
nüfuzlu qəzet və jurnallarda çoxsaylı məqalələr
yazıldı, ciddi
alim və sənətkarlar
tərəfindən yüksək
qiymətləndirildi. "Poeziya"
verilişini "Azərbaycan,
bütövlükdə Türk
məkanında analoqu
olmayan unikal telelayihə", "Milli ruhun
güzgüsü" adlandıranlar
da, "Mübarizə aparan
və qalib gələ canlı teledərslik", "ziyalılıq
məktəbi" kimi
qiymətləndirənlər də oldu. İrandan
gələn bir şair qonaq "Bu veriliş efirdən köçürülərək kaset halında Təbriz, Tehran bazarlarında
əlaltdan satılır"
dedi. İraqdan gələn və "Poeziya"nın qonağı
olan başqa bir şair "biz hər həftə yığışıb bu
verilişə xeyli sənət adamı bir yerdə baxırıq və sonra onu böyük
bir eşqlə müzakirə edirik" dedi. Beləcə Quzey Kıprısda, Bolqarıstanda, Makedoniyada,
Türkmənistanda, Türkiyədə,
Orta Asiyada, Türküstan ellərində,
uzaq Uyğurustanda, yaxın Borçalıda,
Dəmir Qapı Dərbənddə, bir sözlə türkün olduğu və yaşadığı hər
yerdə "Poeziya"
verilişini gözlədilər,
izlədilər, Azərbaycan
televiziyasında reallaşan
bu bənzərsiz telelayihənin ruhi səfərbərlik, milli-mənəvi
çağırış yollarına qoşuldular, o
mübarək yollarda özgədən özə
doğru getdilər.
Bu, kütlədə xalq,
xalqda millət oyadan, etnogenetik yaddaş xəzinəsinin
qırxıncı qapılarını
açan, böyük,
yuxulu tarixi güc sərdabələrində
çıraqlar yandıran,
o çıraqların işığında
ruhumuzun, qəlbimizin
ana kitabını varaqlayan,
aşkar bildiklərimizin
gizlinlərinə güzgü
tutan, işıq salan bir veriliş
idi. İndi bu cümlələri yaza-yaza
akademik Tofiq Hacıyevin Dədə Qorqud şeirlərinə necə güzgü tutduğunu, akademik Rafael Hüseynovun Xaqani, Məhsəti gizlinlərinə
necə işıq saldığını, orta
məktəb dərsliklərindəki
"yalançı həqiqətləri"
necə ifşa etdiyini, dövrümüzün
böyük türkoloqu,
filologiya elmləri doktoru, professor Tofiq Məliklinin qardaş Türkiyənin bizim üçün hələ
də qaranlıq olan tarixi və
müasir poeziya mənzərələrinə necə
aydınlıq gətirdiyini,
istedadlı şair Əjdər Olun Mirzə Ələkbər
Sabir və Namiq Kamal ədəbi əlaqələri
haqqında əsil həqiqəti necə dəqiqliklə aşkarladığını,
ədəbiyyat cəfakeşi
Azər Turanın Cavidin, eləcə də digər on bir ziyalının gənc yaşlarında Türkiyə səfərinin
sirli səbəblərinə
necə aydınlıq
gətirdiyini, işıq
tutduğunu, xalq yazıçısı Söhrab
Tahirin Cənubi Azərbaycan, xüsusilə,
Məhəmməd Biriyanın
gizli həqiqətlərini
necə üzə çıxardığını və digər çoxsaylı ilkin deyilən "Poeziya" faktlarını mənuniyyətlə,
sonsuz sayğı və fəxarət duyğusuyla xatırlayıram.
Türkiyə poeziyasında Nazim Hikmətdən
sonra yeni bir ədəbi cərəyan
formalaşır, özünəməxsus
bədii-estetik prinsiplərini,
öz manifestini bəyan edirdi. Orxan Vəli Qanıq, Oqtay Rifər və Məlik Cövdətin əsərləri toplanmış
"Qərib" adlı
kitabdan ad alan, Qəribçilər adlandırılan
bu poetik istiqamətin əsas hədəfi həyatın
bəzək-düzəksiz adiliklərini, gündəlik
problemlərini ədəbiyyata
gətirmək, şeiri
"şairanəlikdən", bədii sözü qafiyəpərdazlıqdan xilas
etmək idi.
Saysız-hesabsız hücumlara, ədəbi tənqidlərə
sinə gərən bu yeni poeziyanın ən böyük nümayəndəsi cəmi
37 il ömür sürən,
1950-ci ildə sona çatan az ömründə çox
işləri görməyə
qadir olan Orxan Vəli idi.
O, Türkiyə poeziyasında
"Qəribçilər" mərhələsi adlandırılan
yeni şeirin həm ustad şairi, həm də fədakar nəzəriyyəçisi
oldu. Şeirlərindən
adiliklərin səsi gəlirdi. Həyatın gündəlik qayğıları,
problemləri, çılpaq
həqiqətləriylə nəfəs alırdı,
poeziyanın az qala min illik ənənələrinə, qayda-qanunlarına
baş əymirdi Orxan Vəli şeirləri. O, poetik duyğunu olduğu kimi ədəbiyyata gətirməyə, şeiri
söz, qafiyə
"estetizmi"ndən xilas
etməyə çalışır
və buna nail olurdu.
Bu, Orxan Vəlinin qəribə, əcaib anlamına gələn
"Qəribəçiliyi" idi...
Orxan Vəli şeirləri ilə ilk dəfə "Poeziya" proqramında tanış olan əksər tamaşaçılarımız
60-70-ci illərdə yenilik
kimi təqdim edilən bir sıra şairlərimizin
poetik "uğurlarında"
Orxan Vəli köhnəliyinin də şahidi oldular... Və ona da şahid oldular ki, həmin köhnənin ilki-əzəli də Fransız şeirindən gəlmişdi...
Zaman sürətlə axıb keçir, tarixin hər yeni dövrü poeziyaya öz tələb və təkliflərini ünvanlayır,
öz damğasını
vururdu...
Ötən əsrin ortalarında
Türkiyə poeziyasında
yeni bir ədəbi mərhələnin başlandığı
gerçəkləşdi. Doktor Mehmet Can Doğan
"1940-ci ildən 1963-cü ilə qədər Türk şeiri" adlı fundamental tədqiqat
əsərində yazır:
"1954-cü
ildən başlayaraq
"Yeditəpə", "Mavi", "Qaynaq",
"Təkamül", "Varan",
"Şeir sənəti",
"İstanbul", "Şmdilik",
"Açıq oturum",
"Sirlər yarpağı",
"Yenilik" kimi dərgilərdə və
"Bazar postası" qəzetinin
Sənət-ədəbiyyat səhifələrində çap
olunan şeirlərdə
fərqli bir söylənişin izləri
müşahidi olunur. İlhan Bərk, Ədib Cansevər, Turqut Uyar, Sezai
Qaraqoç, Camal Sürəyya və Əcə Ayxanın
1954-56-cı illərdə bu
dərgilərdə çap
olunan şeirlərindən
bəzilərini anmaq lazımdır".
Ötən əsrin
50-ci illərində Türkiyə
poeziyasında gerçəkləşən
2-ci yeni ədəbi cərəyanın bədii
estetik nəticələri,
davam və inkişaf yolu iki cildlik "Türk ədəbiyyatı
tarixi" əsərində
belə qiymətləndirilir:
"Ortaya çıxdığı
dönəmin siyasi və sosial şərtləriylə də
birbaşa əlaqəli
olan II yeni şeiri modern türk şeirinin güclü və önəmli bir həmləsidir. Toplumçu
sənət anlayışını
önə çıxaran
poetik söyləmləri
kəskin tənqidlərlə
qarşılansa da, öz təsirini ortaya çıxdığı
illərdən günümüzə
qədər sürdürmüşdür.
Özəlliklə 1980-ci ildən
sonra şeirin yönünü yenidən
öz kanalına çevirmiş və gənc şairləri yönləndirmişdir. 1980-ci illərin
poeziyası 1990-cı illərin
gənc şairlərinin
poetikalarını aktuallaşdırmış,
onların şeir təcrübəsindən maksim
dərəcədə yararlanmışdır."
Bir də
onu xatırlayıram ki, "Poziya" verilişinin aparıcısı,
adətən vaxt qıtlığından gileylənən
Anar heç vaxt vaxt çatışmazlığından
şikayətlənmədi, həqiqi bir fədakarlıq, yüksək
ziyalı mədəniyyəti
nümunəsi göstərdi.
O, "Poeziya" verlişinin
hər sayında gizlinlərin üzə çıxmasına, qara,
qaranlıq, qarışıq
səhifələrin aydın
təqdimatına, boz,
ağ səhifələrin
yenidən yazılmasına
çox böyük mənəvi enerji, titanik qüvvə sərf etdi.
Antitürk, Antiazərbaycan
qüvvələrin ara-sıra
baş qaldırdığı,
meydan oxuduğu, suları bulandırdığı
bir zamanda Anarın rus dilində çap etdirdiyi üç nəhəng kitab müstəqil Azərbaycan
dövləti və dövlətçiliyinin tarixi
və müasir həqiqətlərini bir daha ortaya qoydu,
dünya məktəbxanasında
öz böyük, möhtəşəm müəllimliyini
bir daha etdi. Və o, "Poeziya" verilişində
də əvvəldən
axıradək bu şərəfli, tarixi missiyanı səbrlə, dözümlə, bir daha təkrar edirəm ki, məhz fədakarlıqla həyata keçirdi. Bütün bunlara görə, çoxlarının
bildiyi, bəzilərinin
səbrlə gizlədiyi
bir həqiqəti bir daha aşkar
şəkildə qeyd
etməyi bu məqamda özümə
borc bilirəm: Bir vaxtlar Mirzə
Kazım bəy və Mirzə Fətəli Axundzadənin,
Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadənin,
Hüseyn Cavid və Üzeyir Hacıbəylinin... gördükləri
işi bu gün Anar və
bir neçə başqası görür,
əsil fədakarlıqla
davam və inkişaf etdirir. Və mən bir vaxtlar Mirzə
Cəlilin Mirzə Fətəli haqqında dediyi iki cümləni
məmnuniyyətlə Anara
da şamil etmək istəyirəm:
Anar barəsində
ya çox yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır.
Anar barəsində
ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır.
(Davamı olacaq)
Sadıq ELCANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.13.