Bizim evə
Bağırovun
bağından
mer-meyvə gəlirdi
Xalq
artisti Rafiq Əzimov ilə müsahibə (ixtisarla)
Dosye:
Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1962-ci
ildə Azərbaycan Akademik Milli Dram Teatrının
truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq
teatrın səhnəsində çalışır. Yüzə
yaxın tamaşada, onlarla filmdə rol alıb. 1982-ci ildə Əməkdar,
2000-ci ildə Xalq artisti adlarını alıb, 2018-ci ildə
“Şöhrət” ordeni ilə təltif edilib.
Mən
görəndə Rafiq müəllim teatrın foyesində
televiziyalardan birinə verdiyi müsahibəni
yekunlaşdırmaqdaydı. Müsahibə bitir və biz
teatrın labirint dəhlizləri ilə onun otağına
gedirik ki, rahatca söhbət edək. Düzü, yol boyu
düşünürdüm, Azərbaycan teatrının bu
qocaman sənətkarına nə sual verim ki, təkrarçılıq
çıxmasın? Axı deyiləcəklərin çoxunu
deyib, danışılacaqların çoxunu
danışıb Rafiq müəllim. Görəsən,
dağarcığında mənim üçün təzə
bir şey saxlayıbmı?
Otağın
qənşərinə çatırıq və o, cibindən
çıxardığı açarı eynəksiz
filansız, heç bir çətinlik çəkmədən
qapı kilidinə salıb bəlkə də yarıməsrlik
əl vərdişi ilə burur, otağın qəhvəyi
qapısı açılır. Güzgülərin ətrafını
saran ağ işıqların parlaqlığı gözlərimi
qamaşdıranda bayaqdan qəlbimi bürüyən
qayğı çəkilir. Mənə elə gəlir,
üzümə təkcə hansısa qrim otağının
qapısı açılmır, Rafiq Əzimovun içi xatirə
ləl-cəvahirləri ilə dolu yaddaş
mağarasının da sirri çözülür. Ürəyimə
sərin sular səpilir...
Hə,
bax, indi Əlibaba fərasətini işə salıb sehrli məkana
girmək olar... Vəzndə yüngül, qiymətdə
ağır nə götürsən, qənimətdir...
- Bura
sizin otaqdır?
- Bəli.
Rəhmətlik İsmayıl Osmanlı bu qrim otağında
oturub. O rəhmətə gedəndən sonra mənə
verilib. Onun teatrda oynadığı rolların doxsan faizini də
mən oynamışam.
- Bu
boyda otaq elə tək sizə baxır?
- Sən
gəlməmişdən qabaq televiziyaya Səməndər
Rzayevdən danışırdım. O, düz sən
dayandığın yerdə otururdu. 1980-cı ildə “Şəhərli
biçinçilər” filminin Qəbələdə çəkilişlərində
idik. Avqust ayının 2-də Rafael Dadaşov Bakıdan gəldi,
dedi ki, xəbəriniz var, Tofiq Kazımov qəza törədib.
Soruşduq vəziyyəti necədir? Dedi ölüb. Biz
hamımız dəhşətə düşdük, bir ay
sonra sentyabrda teatra gəlmişik, yeni mövsüm
açılıb. Tamaşadan çıxmışıq. Mən
orda (əli ilə otağın küncündəki əlüzyuyanı
göstərir) əl-üzümü yuyuram. Səməndər
də burada başıaşağı oturub. Dəsmalla
üzümü siləndə gördüm tərpənmir,
qorxdum, elə bildim, ürəyi tutub, çiyninə toxunub
dedim: “Səməndər, Səməndər, Səməndər!”
Başını qaldırıb mənə tərəf
döndü (başı ilə hərəkəti təkrarlayır),
gördüm gözləri dolub. Dedi, Əzimov, teatr mənim
üçün qurtardı. Doğrudan da altı ildən
sonra rəhmətə getdi. Amma o altı ildə içkiyə
aludəçiliyi bir az da artdı.
- Əvvəldən
də möhkəm içən olub.
- Mən
içki barədə danışmaq istəmirəm.
O vaxt bir
erməni vəkil mənə dedi, sən məhkəməyə
versən, qalib gələcəksən
- Qəbul
edək ki, içki sənət, yaradıcı adamların həyatının
tərkib hissəsidir. Görünür, ayıq başla bəzi
məsələləri dərk etmək
mümkünsüzdür.
- Gərək qədərini
də biləsən. Səməndəri hamıdan çox istəyirdilər.
Harasa ezamiyyətə gedəndə balon-balon spirt, konyak gətirirdilər.
Bir dəfə hansısa rayonda çəkilişdə idik. Səhər
tezdən yemək hazırlamışdılar. Süfrədə
daha nə yox idi: sıyıq, yağ, bal, qaymaq, yumurta... Səməndər
“Şampan” butulkasını açıb başına çəkdi.
Acıqlandım ki, gül kimi yemək hazırlayıblar. Dedi
yanıram ə, yanıram. Bax, belə şeylər onu məhv
elədi. Ona görə deyirəm ki, içəndə də
gərək ölçüdən çıxmayasan. Mən
demək olar, bütün aktyorlarla oturub-durmuşam, yemişəm-içmişəm,
amma qədərində.
-
Görünür, siz özünüzə “bəsdir” deyə
bilmisiniz.
- Ay
sağ ol.
- Amma
onu çox adam deyə bilmir, xüsusən, dost məclislərində.
Siz də Səməndər, Yaşar kimi “yeyib-içənlər”lə
dost olmusunuz.
- Mənə,
Yaşar Nuriyə, Səməndər Rzayevə, Əlabbas Qədirova
doqquzuncu mikrorayonda ev vermişdilər, qonşu idik. Tez-tez
görüşərdik. Bir söz deyim ki, mən onlardan bir az
gec köçmüşdüm. Dördüncü mikrorayonda
29 kvadratlıq evim var idi. Mənə deyirdilər bu evi təhvil
verməsən, yenisinə köçə bilməzsən. Mən
də müdiriyyətə şikayət elədim ki, onsuz
verdiyiniz ev 38 kvadratdır, mənim də iki oğlum var. Cəmi
doqquz kvadrata görə təzə evə gedirəm? O vaxt bir
erməni vəkil vardı, mənə dedi, sən məhkəməyə
versən, qalib gələcəksən. Onun dediyi kimi elədim,
uddum, hər iki ev özümdə qaldı.
- Erməninin
sayəsində qalib gəlmisiniz.
- Hə.
O deməsəydi, dördüncü mikrorayondakı evi təhvil
verəcəkdim.
- O vaxt
“Azdrama”da erməni aktyorlar var idi?
- Mən
sizə başqa fakt deyim. 1964-cü ildə İrəvana
qastrola getmişdik. Mən “Vaqif” tamaşasında
Arşakı oynayıram, Mövsüm Sənani də
Eldarı. Orda bir yer var, Mövsüm Sənani səhnədə
arxası tamaşaçıya dağlara baxır, mən
içəri daxil olan kimi deyir ki, Arşak, bir gəl yanan dərələrə
bax. Mən də düşüb baxmaq istəyəndə
tamaşaçı əl çalmağa başladı.
İndi əl çalırlar, əl çalırlar,
Mövsümü qoymurlar sözünü desin. Axırda məcbur
olub səhnəyə çöndü, jestlə işarə
elədi ki, sakit olun, tamaşamızı oynayaq. Onlar daha da gur
əl çalmağa başladılar.
- Ermənilər?
- Ermənilər.
İndi epizod qurtarıb, pərdə bağlanıb, səhnədən
çıxmışıq, Mövsüm qaşının
birini qaldırıb üstümə acıqlanır ki, ayə
nə oyun çıxarırsan? Dedim, nə oyun
çıxarıram? Qayıtdı ki, o nə əl
çalmaqdır? Ermənilərin də Acemiyan adlı məşhur
rejissoru vardı. O gördü ki, Mövsüm Sənani mənimlə
höcətləşir, gəlib onu sakitləşdirdi ki,
Mövsüm qardaş, bu ermənini oynayır, ona görə
əl çalırlar.
- Ermənilər
onda bizim tamaşalara baxır, bəyənirdilər?
- Hə, əlbəttə.
O vaxtı o cür milli ayrı-seçkilik yox idi.
- Bakıda
da ermənilərlə azərbaycanlıların arasında
milli ayrı-seçkilik yox idi?
- Yox. Mənim
o qədər rus, erməni yoldaşlarım olub.
- Mən
eşitmişəm ki, ermənilərlə məhəllə-məhəlləyə
davalar olurmuş.
- Məhəllə-məhəlləyə
bizim də davalarımız olurdu. Mən Vidadi küçəsində,
Cuhudlar məhəlləsində yaşayırdım. O qədər
davalar olub. Amma bunlar heç biri milli zəmində baş verməyib.
- Demədiniz
axı, “Azdrama”da erməni aktyor işləmirdi?
- Mən
görməmişəm. Mənim Damğa Satirik Teatrım
vardı. “Azərnəşr”in binasında tamaşalar göstərirdik.
Direktor Nersisyan adlı erməni idi. Onunla bir dəfə də
olsun problem yaşamamışdım. Özüm İrəvanda
Frunzik Mkrtçyanla, Karen Abramyanla banketdə olmuşam. Azərbaycan
rəqslərini elə oynayırdılar. Heç kənardan
baxan deməzdi ermənidirlər. Yəni o dövrdə millətçilik
yox idi.
- Azərbaycanlıları
sıxışdırmaq, qeyri-millətlərə
üstünlük vermək halları da olmurdu?
- Bəlkə
də kimsə qarşılaşıb, amma mən görməmişəm.
Mən özüm kasıbçılıqla
böyümüşəm. Sabunçuda pasaj deyilən yer
vardı.
- Mən
Sabunçuda böyümüşəm, pasaj yadıma gəlir.
- Atam
oranın anbarında işləyirdi. Zuğulbadakı
“Bağırovski daça”dan bütün mer-meyvə ora gəlirdi,
ordan da xəstəxanalara, pioner düşərgələrinə,
uşaq evlərinə, istirahət evlərinə
paylanırdı. Nələr yetişmirdi orda! Balon-balon xar tut
kompotları gəlirdi...
- O
mer-meyvə Bağırovun bağında onun üçün
yetişdirilirdi?
- Aha. Orda
yetişirdi, özləri nə yeyirdilər-yeyirdilər,
qalanı da yeşiklərlə gəlirdi atamın
anbarına.
- Siz
özünüz Bağırovu görmüsünüz, yeri gəlmişkən?
-
(Qeyri-ixtiyari səsi qısılır, elə bil, o illərin
xofu canında oyanır) necə?
-
Bağırovu görmüsünüz?
- (Eyni
astalıqla) əlbəttə, görmüşəm.
-
Harada?
- (Səsi
yüksəlir) paradda görmüşəm.
-
Uzaqdan?
- Yox e,
yaxından.
- Məhkəməsi
yadınızdadır?
- O
vaxtı uşaq idim, amma qəzetlərdə yazırdılar,
ondan-bundan eşidirdik. Demişdi ki, məni öldürmək
yox, məni şaqqalamaq lazımdır. Bizim o vaxt çox elə
ağlımız kəsmirdi.
Rza
şahın atamın dükanına borcu varmış
- Siz
dediniz atanız Sabunçudakı pasajda işləyib.
Müharibədən sonra olub bunlar?
- Mənim
atam lap əvvəl İranda işləyib. Orada 18 il
yaşayıb. Dükanı var imiş. Rza şahı
görüb. Onda hələ şah deyilmiş, atamın
dükanına borcu da var imiş. Nənəm Xorasanda rəhmətə
gedəndən sonra atam Bakıya gəlib.
-
Atanız əslən buralı idi?
- Əlbəttə.
Atam Bakıya gələndən sonra böyük əmim onu
qayıtmağa qoymayıb. O da burada evlənib. 1934-cü ildə
Maarif adlı bir oğlu olub, tez rəhmətə gedib,
görməmişəm. 1935-ci ildə böyük
qardaşım Arif, 38-ci ildə də mən anadan oldum. Atam mənim
adımı Tofiq qoyub. Anamın bir xalası oğlu vardı,
leninçi, düzgün partiyaçı adam idi. Atama deyib
ki, sən nə edirsən, başın xarabdır, oğluna
Tofiq Paşanın (Osmanlı imperiyasının sonuncu sədrəzəmi
Əhməd Tofiq Paşa – M.A.) adını qoymusan? Özü
də repressiya dövrü. Nə isə atamı qorxudub. O da
adımı dəyişib Rafiq qoyub. Sonra 48-ci ildə başqa
bir qardaşım dünyaya gəldi, atam ağrısı
ürəyində qalmasın deyə ona Tofiq adını
verdi. Hə, deməyim odur ki, atam müharibəyə gedəndə
elə Sabunçuda işləyirdi, onu anamın xalası
oğlu işə düzəltmişdi. 41-ci ildə
müharibəyə getdi, 47-ci ildə müharibədən
qayıtdı, eyni işə bərpa olundu.
- Niyə
elə gec qayıtmışdı?
- Nə
bilim? Anamgil falçıya kimi gedib baxdırmışdılar.
Mənim böyük əmim oğlundan qara kağız gəlmişdi,
üçkünc məktub, o yadımdadır. Həsənağa
adlı uzaq qohumumuz vardı, bizim həyətdə
yaşayırdı, elə öz məhəlləmizdən
nişanlanıb müharibəyə getmişdi. Əminə
adlı həmən qız da bir zabitlə evlənmişdi, Həsənağanı
gözləməmişdi. Nişanlısı əsgərlikdə
ola-ola başqasına ərə getdiyinə görə, məhəllədən
keçəndə hamı onun üzünə
tüpürürdü, dindirmirdilər.
- Siz də
Əminəyə pis baxırdınız?
- Biz də
uşaq idik də, əlbəttə. O da ərinin qoluna girib
forsla yanımızdan keçirdi.
- Çingiz
Aytmatovun “Cəmilə” povestinə bənzədi.
-
(Gülür) hə. Həsənağa müharibədən gəldi.
Bibisindən soruşdu ki, Əminə nətərdi?
Hamımız susub gözləyirdik, görək nə olacaq.
Birdən bibi qayıtdı ki, Allah onun belini
sındırsın, sındırdı bizim belimizi. Sən
inanırsan ki, o Həsənağanın saçları iki dəqiqə
içində ağardı. Özü də ali savadlı
idi, müharibədən gələndən sonra vəzifə
verdilər.
- Əminəyə,
yaxud zabitə heç nə eləmədi?
- Yox. Nə
edəcək? Sonra başqası ilə evləndi.
Sinif rəhbərimiz
qayçı ilə saçımı kəsdi, ondan sonra bu
müəllimdən zəhləm getdi
- Rafiq
müəllim, danışırsınız sizə
baxıram. Yəqin belə bir sual versəm, inciməzsiniz.
- Rahat ol,
sözünü de.
- Saçlarınız
həmişə belə uzun olub, yoxsa sonradan
uzatmısınız?
- Mən
uşaqlıqdan uzun saç saxlamağı sevmişəm. Bu
mənə tamaşada uzun saçlı rolları oynamağa
kömək edir. Bax (yaradıcılığına həsr
olunmuş qalın bir kitabı açıb oradakı şəkilləri
göstərir), görürsən? “Xurşudbanu Natəvan”
tamaşasındandır, saqqal taxıram, saçlar kömək
olur. Bu da “Baş” tamaşası.
- Rol
üçün saçlarınızı kəsərsiniz?
- Yox, qətiyyən.
Mən məktəbdə oxuyanda uzun saç saxlamağa
qoymurdular, mən isə höcət edirdim, uzun
saxlayırdım. Hətta bir dəfə Şəfiqə
adlı sinif rəhbərimiz qayçı gətirdi,
saçımı burdan (əli ilə göstərir) kəsdi.
Heç bir şey eləmək olmazdı, ya gərək
şapka qoyaydım, ya da keçəl qırxdıraydım.
Mən də
getdim acıqca keçəl qırxdırdım. Bu,
aşağı siniflərdə olub. Ondan sonra bu müəllimdən
zəhləm getdi. Sonra yenə saxladım. İnstituta daxil
olanda da saçlarım var idi.
- Bilirsiniz
niyə soruşuram? Ötən əsrin 60-70-ci illərində
SSRİ-yə hippi mədəniyyətinin gəlişi ilə
uzun saç dəbə mindi. Dedim bəlkə siz də o təsirə
düşmüşünüz.
- Mən
o vaxtları rəqs meydançalarına getməyi çox
sevirdim. Qızlarla rəqs edim. O qızların çoxu da rus
olurdu.
- Azərbaycanlı
qızlar, deyəsən, elə yerlərə çox getmirdilər.
- Yox, azərbaycanlı
qızların rəqs meydançalarına gəlməyinə
pis baxırdılar. Ora gələn qızların əksəriyyəti
ya rus, ya da qeyri-müsəlman millətlərin nümayəndələri
olurdu.
-
Qızlarla tanış ola bilirdiniz?
- Məlum
məsələdir. Görüş təyin edirdik
(gülür). Qabaq hərdən bir bu sualları mənə
yoldaşım verirdi. Mən də gizlətmirdim. Cavan
uşaqlardıq, yığışırdıq gedirdik.
Zirzəmidə
yaşayırdıq, ikinci mərtəbədəki erməni
ayaqlarını döyə-döyə gəzirdi
- Elə
bil sovetlərin müharibədən sonrakı illəri nisbətən
firavanlıq olub.
-
Aclıq olsa da, camaat xoşbəxt idi. Atam əsgərlikdən
gələndən sonra bizim ailənin
dolanışığı bir balaca başqalarından fərqləndi.
Camaatda yeməyə nəsə olmayanda bizim evə mer-meyvə
gəlirdi, qohum-əqrəbaya da paylayırdıq.
- Hərənin
bir dənə kostyumu vardı, amma...
- Nə
kostyum, kostyum nədir? Bu ondan paltar alıb geyinirdi, o bundan. Bu
onun ayaqqabısını geyinirdi, o bunun ayaqqabısını
geyinirdi.
- Atam
danışır ki, qardaşı ilə ikisinə bir dənə
çəkmələri var imiş, qardaşı məktəbdən
gələndə yolda dəyişirmişlər, atam geyinib
ikinci növbə dərsə gedirmiş.
- Hə,
eləydi. Heç kəs də utanmırdı. Xəcalət
çəkmirdi. Bizim məhəllədə cuhud var idi. Onun
uşaqlarının üçtəkər velosipedi vardı,
biz ona həsrətlə baxırdıq. Hə, onların
yaşayışı bizimkindən nisbətən
yaxşı idi. Amma qalanlar heç bizdən seçilmirdilər.
Özü də biz zirzəmidə yaşayırdıq, ikinci
mərtəbədə arvadı və qızı ilə bir təyyarəçi
qalırdı, əməlli-başlı faşist idilər.
Onlar evdə çəkmə ilə ayaqlarını döyə-döyə
gəzəndə biz aşağıdan tavana “şvabra” ilə
vurardıq ki, bəsdirin.
- Niyə
elə gəzirdilər?
- Bizi
incitmək üçün. Azərbaycanlı olduğumuza
görə edirdilər. Kişi erməni, arvadı rus idi, amma
şovinistindən. Bir az qızı mülayim idi, pilləkəndə
filan görəndə salam verirdi.
Havasızlığı
bəhanə edib Rafiq müəllimə bayıra
çıxmağı təklif edirəm. Fotoqrafımız
üçün də özünü sınamaq imkanı
olsun, yaxşı şəkillər çəksin.
Fağır dar-dalış otaqda nə qədər ora-bura hərlənəsidir?
Xülasə, qrim otağından çıxıb teatrın
arxasındakı həyətə gəlmişik. Burada gəzişə-gəzişə
söhbətimizə davam edirik.
Şurik
məni görən kimi qayıdasan ki, bay, bay, bay,
öz-özümə dedim, bu məni hardan tanıyır?
-
İstər teatrda, istər kinoda saysız-hesabsız
rollarınızın olmasına baxmayaraq, sizi həmişə
görənlər ilk növbədə “Yeddi oğul istərəm”
filmindəki Şahsuvar rolunuzu xatırlayır. Elə bilirəm
bir əsərinin, bir rolunun hədsiz sevilməsi müəyyən
dövrdən sonra yazıçını, aktyoru, sənətkarı
qıcıqlandırır. Siz necə
düşünürsünüz?
- Nə
bilim? Məni bu rola görə çox sevirlər.
- Siz
özünüz bundan razısınız?
- Vallah
razıyam, ona görə ki, mənim çəkildiyim ilk film
“Lenfilm”in istehsalı olub. O da təsadüfdür. Teatra məşqə
gəlirdim, bax, burdan keçirdim (dayandığı yeri
göstərir), gördüm bir qadın mənə
yaxınlaşdı. Məndən soruşdu ki, filmdə
çəkilmək istəyərəm?
Dedim, hə.
O məndən xahiş etdi ki, kinostudiyaya yaxınlaşım.
Nə isə ora getdim. Dəhlizdən keçirdim,
gördüm həmən arvad qapıdan çıxdı, mənim
qoluma girdi, otağa apardı. Otaqda beş-altı nəfər
vardı. Birdən qayıtdı ki, bu da bizim Əli dayı.
Sonra mənə ssenarini verdilər. Ssenarini oxuyandan sonra “Azərbaycan”
mehmanxanasına getdim. Orada rejissorla görüşəsiydim. Əminə
Yusifqızı da mənim arvadım rolunda çəkilirdi.
- Allah
rəhmət eləsin.
- Ölməyib
ki, ölüb?
- Hə,
qırxı təzə çıxıb.
- Hə,
hə.
- Xəbəriniz
olmayıb?
- Oldu. Sadəcə
yasına gedə bilmədim. Hə. Ssenarini oxuyandan sonra Əminəyə
dedim ki, gəl rejissorla görüşə bir yerdə gedək,
pay-parça da alarıq. Nə isə onun işi
çıxdı, özüm iki butulka kəmşirin alıb
“Azərbaycan” mehmanxanasına getdim. Qapını
döydüm. Rejissor məni qarşıladı. Gördüm
bir nəfər də ayağını uzadıb pəncərədən
baxır. Bu qayıtdı ki, Saşa, tanış ol. Saşa
döndü. Gördüm Şurik, “Operasiya I”dakı
Şurik. Məni görən kimi qayıdasan ki, bay, bay, bay.
Öz-özümə dedim, bu məni hardan tanıyır? Demə
əlimdəki çaxırı görüb sevinibmiş.
Çaxırı əlimdən alıb açdı,
süzdü, tanışlığımızın şərəfinə
içdik.
- Filmdə
Şurik də çəkiləcəkdi?
-
Şurik də çəkiləcəkdi, Ludmila Qurçenko da.
Film müharibə vaxtı Bakıda ruslarla azərbaycanlıların
münasibətindən bəhs edirdi. Çəkilişdə
üç-dörd yaşında bir uşaq lazım idi. Mənim
böyük oğlum Eldarı çəkdilər. İndi
altmış yaşı var.
- Hə,
bilirəm, deyəsən, gömrük sahəsində
çalışır.
- Haradan
bilirsən?
- Oğlunuz
vəzifəyə təyin olunanda saytlar yazmışdılar.
- Hə,
olar. Dördüncü mikrorayonda olan evi Eldara, doqquzdakı evi
isə kiçik oğluma verdim. Yoldaşımla özüm
birotaqlı evə gəldim. Divar qonşum da rəhmətlik Qənirə
Paşayeva idi. Bir dəfə dəm qazından zəhərləndim.
Yoldaşım yıxılmağımı eşitməsəydi,
ölmüşdüm. Xəbər tutdular. Rəhmətlik Qənirə
xanım da gəlmişdi. Ondan sonra mənə Prezident ev
verdi.
İki
aktrisanın etirazına görə “Əməkdar artist”
siyahısından adımı pozublar
- Deməli,
sizə sovet dövründə iki dəfə, müstəqillik
dövründə də bir dəfə ev verilib.
- Bəli.
Birinci dəfə mənə ev verilməsi necə oldu?
1964-cü ildə Səadət Sarayında toyum oldu. Toy da nə
toy, Həsən Seyidbəyli tamada idi. Barat Şəkinskaya, Əliağa
Ağayev, Həsən Məmmədov - başqaları iştirak
edirdilər. İçərişəhərdə atamgillə,
qardaşımla bir yerdə qalırdıq. Mənə bir otaq
vermişdilər. Onda Tofiq Kazımov mənə demişdi ki,
teatra ev gəlsə, birinci sən alacaqsan. Elə də oldu,
66-cı ildə mənə dördüncü mikrorayonda ev
verildi.
- Siz Əməkdar
artist adını teatrda təxminən 20 il fəaliyyət
göstərəndən sonra almısınız, niyə belə
gec?
- Əslində
mənə Əməkdar artist adı 1974-cü ildə
teatrın 100 illiyi vaxtı verilməli idi. Özü də həmin
ərəfədə Moskvada tədbir keçirilirdi. Mənim
adım da “Əməkdar artist”ə təqdim edilmişdi.
İki aktrisa olub, onların etirazına görə mənim
adımı pozublar. Biri deyib ki, ondan qabaq Rafiq Əzimov ad alsa,
nöyüt töküb özünü yandıracaq.
- Kimi
idi o?
- Demək
istəmirəm... Olan olub, keçən keçib.
- Hər
halda tarix üçün maraqlıdır, deyin.
- Biri
Mehdi Məmmədovun arvadı Şəfiqə Məmmədova
idi, o biri də Səfurə İbrahimova.
- Şəfiqə
xanım deyibmiş üstünə nöyüt tökəcək?
- Yox, onu Səfurə
demişdi. Şəfiqə xanım nə deyib, bilmirəm.
Amma Mehdi Məmmədov biz Moskvaya qastrola gedəndə Mərkəzi
Komitə ilə danışıb Şəfiqənin
adını siyahıya saldırıbmış. Halbuki
siyahı düz qəzetə yollanana qədər mənim
adım orda var imiş. Bir də 1982-ci ildə ad aldım.
- Xalq
artisti adını da gec almısınız, 2000-ci ildə.
- Onda
Teatrın müdirləri dəyişdi, mənim adımın
üstündən xətt çəkdilər. İstər Həsənağa
Turabov, istərsə də Əlabbas Qədirov gələndə.
- Siz
deyəsən nə Turabovla, nə də Əlabbasla yola
getmisiniz.
- Bilirsən,
üzdə göstərmirdilər, amma dərində intriqa
var idi. Bax, olan faktları deyirəm. Kinostudiyada “Yeddi oğul
istərəm”ə çəkildim, heç nəsiz. Gəray
bəy rolunda da Həsənağa Turabovdan qabaq Adil İsgəndrov
oynamalı idi. Çünki filmi əvvəl Kamil Rüstəmbəyov
çəkməli idi. O isə gənc aktyorları dəvət
edirdi.
Mirpaşa
roluna Eldəniz Zeynalov təsdiq olunmuşdu
- Mehdi
Məmmədovun da oğlu Elçini də Kamil Rüstəmbəyov
dəvət etmişdi?
- Onu
sonradan daxil elədilər.
- Deyirəm
yəni onu da Mehdi Məmmədov çəkilişə
saldırmışdı?
- Yox. Mirpaşa roluna Eldəniz
Zeynalov təsdiq olunmuşdu. Biz cıdıra gedib at sürməyi
öyrənirdik. Hamımız at sürməyi öyrənirdik,
bircə Eldəniz minmirdi, deyirdi, çəkilişdə
sürəcək. Bir də gördük söhbətlər gəzir
ki, Kamil Rüstəmbəyovun torbasını tikiblər,
Moskvaya, Mərkəzi Komitəyə yazıblar ki, bəy
oğlu bəy əleyhinə film çəkə bilməz.
Ondan sonra filmi Kamildən alıb Tofiq Tağızadəyə
verirlər. O da bir gün cıdıra gəldi. Biz artıq
birinci dərəcəli atsürənlər kimi sürə
bilirik. Tofiq Tağızadə dedi ki, Eldəniz, sən də
qalx, sür. Eldəniz nəm-nüm elədi ki, Tofiq müəllim,
mən orda sürərəm. Onda bildik ki, Eldəniz atdan
qorxur. Bundan sonra Tofiq Eldənizi çıxardı, onun yerinə
Elçini dəvət elədi. Elçin də bizdə
teatrda rəssam idi.
- Tofiq
onu Mehdi ilə tanışlığa görə
çağırmışdı?
-Onu bilmədik.
Amma Elçin ondan sonra başqa filmlərə də çəkildi.
-
Elçinlə münasibətiniz var idi?
- Əlbəttə,
çox yaxşı münasibətimiz var idi.
-
İndi bu yeddi oğuldan bir siz qalmısınız, bir də
Şeyx Əbdül, Ənvər Həsənov isə təzəlikcə
öldü.
- Bəli,
ikimiz qalmışıq. Bax, sizə indi bir söz deyəcəm,
bu yaxınlara qədər bunu heç yerdə deməmişəm.
“Uşaqlığın son gecəsi”ndə Ənvərin
obrazını kim səsləndirib?
- Bilmirəm,
kim?
-
Heç kəs bilmirdi. Mən səsləndirmişəm.
- Nə
əcəb?
- Mən
o filmdə balaca epizoda çəkilmişdim. Dublyaj
studiyasına da aktiv şəkildə gedirdim. Ənvərin səsi
rola oturmurdu. Mən Ənvərin obrazını bir az səsləndirdim,
hamısı valeh oldu, elə də qaldı. Söhbət
düşüb, deyirəm. Həsənağa Turabov Adil
İsgəndərovla çox yaxın idi. 1974-cü ildə
Oqtay Mirqasımovun Rəşid Behbudov haqqında çəkdiyi
“1001-ci qastrol” filmində Qaqaş dayı roluna təsdiq
olunmuşdum. O filmdə mənim çox gözəl səhnələrim
var idi, Gürcüstanda da çəkilişlər
olmuşdu. Səsləndirməyə gəlmişəm,
görürəm filmdə mən yoxam. Adil İsgəndərov
da Həsənağa Turabova tapşırıb, Oqtay
Mirqasımovun birinci bədii filmidir, ona montajda kömək eləsin.
Həsənağa da montajda mənim bütün səhnələrimi
kəsir.
Yeganə
aktyoram ki, 63 ildir bir teatrda işləyirəm
- Bəlkə
yaxşı oynamamısınız deyə kəsib? Ola bilər?
Siz də axı hər şeyi yaxşı oynaya bilməzsiniz.
- Mən
sənə olan şeyi deyirəm. Oqtay da ölməyib,
sağdır. Səsləndirməyə gəlmişəm,
gözləyirəm çəkildiyim yerlər gəlsin, səsləndirim.
Səsyazmanı da Həsənağa aparır. Görürəm
mənim səhnələrim yoxdur. Döndüm Oqtaya
baxdım, Oqtay əli ilə işarə elədi ki, mən
ölüm dinmə, onda mənim üçün aydın
oldu, Həsənağa özü kəsib.
-
Aranızda nə problem var idi?
- Quran
haqqı, deyə bilmərəm. Həmişə də
tamaşalarda, dərnəklərdə bir yerdə
oynamışıq, neçə-neçə tamaşada tərəf
müqabili olmuşuq.
- Belə
başa düşürəm “Azdrama”nın mayası belə
yoğurulub deyə indi də qalmaqallar, intriqalar səngimir.
- Var, məndən
qabaq da olub, yenə olacaq. Cəfər Cabbarlının “Almaz” əsərində
Aftil obrazı var. Çuğuldur. O vaxtdan “Aftil gəldi”
deyimi aktyorların dilinə düşüb.
İki-üç nəfər aktyor söhbət edir, çuğul
aktyor gələndə o dəqiqə hansısa deyir ki, Aftil gəldi,
yəni söhbəti dəyiş.
- Aftillər
indi də teatrda var?
- Deyir,
meşə çaqqalsız olmaz. Var. Mən yeganə aktyoram
ki, 63 ildir bir teatrda işləyirəm.
-
Özü də deyəsən hazırda teatrımızın
ən yaşlı aktyorusunuz.
- Bəli.
- Bu
yaşda səhnəyə çıxmaq, rolun sözlərini,
oyunu yadda saxlamaq çətin olmur?
- Qətiyyən. Repertuarda
“Xurşudbanu Natəvan” var. Mən orda Natəvanın müəllimi
Mirzə Ruhullanı oynayıram. Elçin rəhmətliyin
“Baş” əsərində oyanıram, “Ölülər”də
Məşədi Orucu oynayıram.
- Yəni
heç bir rolunuzun sözlərini unutmursunuz.
- İstəyirsən
bu saat “Qılınc və qələm”in monoloqunu deyim.
- Yox,
sizi də, özümü də yormayım (gülürəm).
- 72-ci ildə
oynamışam, Xacə Mərcan rolunu. Hələ də monoloqu
yadımdadır.
- Rafiq
müəllim, xaraktercə həmişə sakit adam olmusunuz,
yoxsa indi beləsiniz?
- Rola
baxır.
- Rolu
demirəm, həyatda necəsiniz?
- Mən
səhnədə öz üzərimdə çox işləmişəm.
- Səhnəni
demirəm, həyatda necəsiniz?
- Bilirsən,
mən haqsızlığı sevmirəm. Burda da
haqsızlıq görəndə sakit dayana bilmirəm.
- Dediniz
ki, Həsən Turabovun, Əlabbas Qədirovun vaxtında yola
getməmisiz.
- Əlabbasla
bir binada qalırdıq. Oğlunun toyu oldu, məni
çağırmadı, qonşunu çağırdı, məni
çağırmadı.
-
Gözü götürmürdü?
- Bir Allah
bilir, haqq dünyasındadır. Bədii rəhbər
olduğu vaxt bir dəfə burdan keçirdi, qapı
açıq idi, mən də sizin yerinizdə oturmuşam
(yadımdan çıxdı deyim, təzədən otağa
qayıtmışıq). O keçib gedəndə dedim:
“Yeddiii”. Ona eşitdirirdim.
- Yeddi
nə deməkdir?
- Elə
sənin kimi o da qayıtdı ki, o nə deməkdir? Dedim, sən
gələndən sonra yeddi tamaşa hazırlanıb,
heç birində mən yoxam.
- Deməli
yola getməmisiniz.
-
Başqa məsələlər də var, danışmaq istəmirəm,
mənim tərəf müqabillərimin çoxu indi haqq
dünyasındadırlar. Ona görə danışmaq
yaxşı düşməz. Sadəcə məni
çoxlarının o vaxtı gözləri
götürmürdü ki, partiya təşkilatının
katibiyəm, məni nazirlik təltif edir, məni katib
tanıyır. Bu vaxta kimi bir adam deyə bilməz ki, mən
onun barəsində şeytanlıq eləmişəm.
Mən
Mehriban Ələkbərzadədən pislik görməmişəm
- Sözümün
canı odur, teatrın hazırkı rəhbərliyi, Mehriban Ələkbərzadə
ilə münasibətiniz necədir? Bu qədər qalmaqallar
olur. Siz bu qalmaqalların harasındasınız?
- Mənimlə
münasibəti çox yaxşıdır. Birinci dəfə
burda tamaşa hazırlananda rol verdi, ikinci dəfə
tamaşa hazırlayanda rol verdi. Deyim sizə ki, əvvəllər
heç tanışlığımız yox idi. Mən ondan
pislik görməmişəm.
- Bəs
bu qalmaqallara necə baxırsınız?
- Bu
qalmaqalların bəzilərini mən efirdən eşitdim.
Heç birinin şahidi olmamışam. Bilirsən, məsələ
necədir? Bəyənmir məni, rol vermir. Mən gedib dava
salmalı deyiləm.
-
(Zarafata salıram) siz özünüz rol vermədiyinə
görə, Əlabbas Qədirovla
düşünüşmüş adamsınız, kimə
deyirsiniz?
-
Yaxşı, mən aktyoram, bu teatrda işləyirəm. Məni
Tofiq Kazımov bəyənirdi, Mehdi Məmmədov bəyənirdi,
Adil İsgəndərov bəyənirdi, Bəhram Osmanov bəyənirdi,
o niyə bəyənmirdi?
- Deməli,
rejissor aktyora rol verməyəndə düşmən olurlar?
-
Düşmən deyəndə ki, yeddi tamaşa qoymusan, mənə
bir rol verməmisənsə, deməli bəyənməmisən.
Halbuki Əlabbasdan qabaq mən teatrda nə qədər rol
oynamışdım (kitabı götürüb vərəqləyir,
rollarının siyahısı olduğu hissəni
açır). Burda rollarım ayrıca yazılıb. 1965-ci
“Çelkaş” televiziya tamaşasına çəkilmişəm,
67-ci ildə “Dədə Günəş əfsanəsi”nə,
81-ci ildə “Göz həkimi”nə, “Topal Teymur”a 83-cü ildə,
“Astana”ya 86-cı ildə və sair və ilaxır. Yəni bu
qədər teatr tamaşalarında, filmlərdə çəkilmişəm.
Necə oldu, bu qədər rejissor məni bəyəndi, Əlabbas
bəyənmədi?
-
Aktyorlar arasındakı küskünlüklər səhnədə
tərəf müqabili olduğu zaman özünü göstərir?
- Yox e, nə
danışırsan. Onsuz mən evdən çıxanda həmən
gün oynayacağım rolumun ovqatında oluram.
- Həsənağa
Turabovla şəklinizi gördüm, onun üçün
dedim.
- Bu
dediyim məsələlər çox dərində baş
verir, gündəlik ünsiyyətdə özünü
büruzə vermir, yalnız lazımi məqamda üzə
çıxır.
(Yenidən
oynadığı rolları sadalayır).
- Rafiq
müəllim, kitabda rollarınızın siyahısına
baxıram. Nəzərə alsaq ki, kitab çıxandan sonra
da neçə-neçə tamaşaya çəkilmisiniz,
belə çıxır, yüzə yaxın tamaşada
oynamısınız.
- Bəli.
1962-ci ildən səhnədəyəm. Elə bir il olmayıb
ki, mən boş qalım.
Otağın
küncündəki əsaya gözüm sataşır,
götürüb baxıram.
- Bu əsa
hardandır? Tamaşa üçündür?
- 2023-ci
ildə Lənkərana qastrola getmişdik. Orada tamaşadan
sonra məclisdə oynayanda yıxıldım, ombam
sındı. Məni gecəylə Bakıya gətirdilər,
həkimlər dedi, mütləq əməliyyat olunmalısan.
Əməliyyatdan sonra oğlum mənim üçün bu əsanı
aldı. Yeriyəndə azacıq axsadığım
üçün arada istifadə edirəm. Amma səhnədə
ehtiyacım olmur.
Dövlətin
qayğısından artıqlaması ilə razıyam
- Bu
yaşda, bu cür ağır əməliyyat keçirmisiniz
və yenə səhnəyə çıxırsınız?
- Əlbəttə.
Mən teatrsız, səhnəsiz yaşaya bilmərəm.
- Rafiq
müəllim, hər zaman dövlətin nəzərində
olmusunuz. Üç dəfə ev verilib, ad verilib, orden verilib.
Daha nə arzunuz, nə istəyiniz var? Dövlətdənmi
deyim, Allahdanmı deyim, səhnədənmi deyim?
- Mən
Allahımı çox sevirəm. Mənim gözəl ailəm
var. Əgər yoldaşım olmasaydı, mən bu gün həyatda
olmazdım. Dörd yaş məndən kiçikdir, amma hər
zaman yanımdadır. Bir az aritmiyası var, onun üstündə
əsirəm. Onu həkimə aparmalıyam. Səhər o mənim
təzyiqimi ölçüb dərmanlarımı verir,
axşam mən evə gedəndə onun təzyiqini
ölçürəm, dərmanını verirəm.
- Elə
yoldaşınızla ikiniz yaşayırsınız?
- Hə.
İki oğlum, nəvələrim var, ayrı
yaşayırlar.
-
Yolunuzu davam etdirən var?
- Yox,
başqa-başqa sahədədirlər.
-
Xülaseyi-kəlam, Allahdan nə istəyirsiniz?
- Mən
Allahdan can sağlığı istəyirəm. Dövlətimdən
narazı deyiləm, sağ olsunlar, məni həmişə
görüb, qayğımı çəkiblər, həmişə
dayaq olublar.
-
Xahiş edirəm, sualımı səhv başa düşməyin.
Jurnalist kimi tez-tez tanınmış Xalq artistləri, yaxud
onların ailə üzvləri ilə ünsiyyətimiz olur,
içlərində sanki bir Fəxri xiyaban nisgili hiss edilir.
Bir də görürsən, məşhur adam ölür, ailəsi
basdırmaq yerinə oturub gözləyir ki, bəlkə Fəxri
xiyabanda bir yer təklif etdilər? Sizin kimi nüfuzlu sənət
adamında belə bir arzu varmı?
- Mən
nə almışamsa, Ulu Öndərin imzası ilə
almışam, prezident təqaüdünü cənab Prezident
İlham Əliyevin imzası ilə almışam. Mənə
“Şöhrət” ordeni verilib. Yəni dövlətin mənə
qayğısından artıqlaması ilə razıyam. Ora
düşmək üçün isə gərək “Şərəf”,
“İstiqlal” ordenlərin, dövlət mükafatın olsun
(gülür). “Şərəf”im olsaydı, ola bilərdi.
- Yəni,
hələ ki Fəxri xiyabanla bağlı istək və
gözləntiniz yoxdur?
- Mənim
hələ ölmək fikrim yoxdur!
Müsahibəni
apardı:
Mirmehdi
Ağaoğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.4-6.