Ədəbi körpü memarı Alla Axundova
Azərbaycan SSR Dövlət mükafatı
laureatı (1971), Azərbaycanın
Əməkdar incəsənət
xadimi (1988), Azərbaycan
Respublikasının Prezident
təqaüdçüsü (2004), tanınmış şairə,
nasir, tərcüməçi,
kinodramaturq Alla Axundova uzun illərdir
ki, Azərbaycan və
Rusiya ədəbiyyatları
arasında canlı ədəbi körpünün
yaradılması kimi nəcib bir missiyanı ləyaqətlə
yerinə yetirir, sözün həqiqi mənasında, bu çətin, lakin vacib inşanın istedadlı memarı rolunu məharətlə yerinə yetirir.
Həyatı. Alla Axundova 27 oktyabr 1939-cu ildə Moskva şəhərində qulluqçu
ailəsində anadan olmuşdur. Əslən Şahbuz rayonundan olan atası Nuru kişi yol mühəndisi ixtisasına yiyələnmiş,
uzun müddət Moskvada və Azərbaycanda müxtəlif
dövlət qulluğunda
işləmişdir. Şairənin
anası Moskvanın adlı-sanlı şirniyyatçıları
Filipovlar nəslindən
olmuşdur. Nuru Axundov Böyük Vətən müharibəsi
(1941-1945) zamanı dövlət
imtiyazından istifadə
edərək müharibəyə
çağırılmamış, ailəsini təhlükədən
uzaqlaşdırmaq naminə
Azərbaycana köçürməyə
icazə ala bilmişdir.
Alla məktəbəqədər
uşaqlıq illərini
Bakıda yaşamışdır.
Hafizəsində dərin
izlər buraxmış
həmin dövrün
təəssüratları sonralar
sənətkarın onlarca
şeirinin, bir neçə nəsr əsərinin və kinossenarilərinin bədii
materialını təşkil
etmişlər. 1946-cı ildə
yenidən Moskvaya qayıdan Alla Axundova taleyini həmişəlik bu şəhərlə bağlamış,
orta təhsil aldıqdan sonra
1959-1964-cü illərdə SSRİ Yazıçılar İttifaqının
A.M.Qorki adına Ədəbiyyat İnstitutunun
tərcüməçilik fakültəsində ali təhsilə yiyələnmişdir.
Tələbəlik illərində
poeziya və bədii tərcümə
ilə yanaşı ssenarilər yazmağa da xüsusi maraq göstərmiş, bu sahədə daha ciddi çalışmaq üçün ali təhsilini başa vurduğu 1964-cü ildə
dərhal ÜİDKİ-nin
(VQİK) ali ssenari kurslarına daxil olmuş, üç il şöhrətli kinorejissor
və ssenariçi
Lev Aleksandroviç Kulicanovun
(1924-2002) yaradıcılıq emalatxanasında kino sənətinin
sirlərini mənimsəmişdir.
Alla Axundova şeir yazmağa erkən yaşlarından başlamış,
lakin uzun müddət yazdıqlarını
üzə çıxarmağa
cəsarət etməmişdir.
Böyük qardaşı
Fikrətin təkidilə
yalnız 18 yaşında
uşaqlar üçün
yazdığı bir şeirini mətbuata göndərmiş və onun ilk şeiri 1957-ci ildə "Moskovskiy komsomolets" qəzetində
dərc edilmişdir. Bundan sonra gənc
şairə Moskvanın
müxtəlif qəzet
və jurnallarında,
almanaxlarında tez-tez
dərc olunmağa başlamış, imzasını
ədəbi mühitdə
layiqincə tanıtmağa
səy göstərmişdir.
Uşaqlar üçün
şeirlər toplusundan
ibarət 24 səhifəlik
"Şən atlar"
adlı ilk kitabını
isə 1969-cu ildə Moskvanın "Detskaya literatura" nəşriyyatında
çap etdirməyə
nail olmuşdur.
Hələ 1960-cı illərin əvvəllərində
məşhur rus şairəsi Anna Axmatova
(1889-1966) onun ilk yaradıcılıq
nümunələrinə diqqət
yetirmiş, gənc şairənin poetik istedada malik olduğunu, gələcək uğurlarına
inandığını söyləmiş,
"məşəqqətli" yaradıcılıq zəhmətinə
qatlaşmasını tövsiyə
etmişdir. Alla ustad şairənin gümanını gerçəkləşdirmiş,
bütün ömrü
boyu rəsmi olaraq heç bir işdə çalışmamış, yalnız
yaradıcılıqla məşğul
olmuşdur. Daha sonralar Vasili Belov (1932-2012), Boris Vasilyev
(1924-2013), Lev Ozerov (1914-1996), Tatyana Bek (1949-2005), Alla Marçenko (1932), Henrix Mitin (1931) və digər tanınmış
rusiyalı yazıçı
və tənqidçilər
onun yaradıcılığını
yüksək qiymətləndirmiş,
şairənin şeirlərindəki
poetik vüsəti, fəlsəfi dərinliyi,
səmimiyyəti iki mədəniyyətin simbiozundan
yaranmış məziyyətlər
kimi şərh etmiş, bütövlükdə
Alla Axundovanın ədəbi fəaliyyətini
mədəniyyətlərin dialoqu, Azərbaycan və rus xalqları
arasında etibarlı,
canlı körpü adlandırmışlar.
Hazırda Alla Axundova
30-dan çox orijinal poetik və nəsr kitablarının müəllifidir, rus dilində işıq üzü görmüş
irili-xırdalı 40-a yaxın
tərcümə topluları
şairənin gərgin
və məhsuldar yaradıcı əməyinin
bəhrəsidir. Ana kitabımız
olan "Kitabi-Dədə
Qorqud" eposunun rus dilinə ilk bədii tərcüməsi
də Alla Axundovaya məxsusdur. Onun ssenariləri əsasında 10 bədii tammetrajlı, 3 animasiya
filmi lentə alınmışdır.
Şairə 1969-cu ildə
SSRİ Yazıçılar İttifaqının, 1971-ci ildə
isə SSRİ Kinematoqrafçılar
İttifaqının üzvü
olmuşdur.
Yaradıcılığı: Poeziyası. Sürətlə qloballaşan
müasir dünyada müxtəlif xalqların
yaratdığı ədəbiyyatların
dialoqu məsələsi
son vaxtlar xüsusi kəskinliklə qaçılmaz
zəruriyyətə çevrilmişdir.
Transmilli iqtisadi qazanc, mənfəət uğrunda, daha çox maddiyyət əldə etmək naminə aparılan çəkişmələrdə qalaqlanan mənfi emosiyalar yığınının
külünü göyə
sovurmaqda, insanlar arasında qarşılıqlı
anlaşmanın yaranmasında,
geniş pərvəriş
tapmasında məhz ədəbiyyat həlledici
rol oynaya bilər. Mədəniyyətlərin
dialoqu, xüsusən də, dünya xalqlarının zəngin
ədəbiyyatlarının qarşılıqlı təması
bəşəriyyəti xaosdan,
qəddarlıq və
məhv olmaqdan xilas edə bilər...
Müqayisəli ədəbiyyatşünaslığın
- komparativistikanın vəzifəsi
müxtəlif milli ədəbiyyatlarda
tipoloji oxşar halların müqayisəsilə
bərabər, həm
də vahid dünya ədəbi prosesinin ümumi tendensiyalarının axtarılıb
tapılmasıdır. Rusiyalı
tanınmış tənqidçi,
ədəbiyyatşünas, "Voprosı literaturı"
jurnalının baş
redaktoru, professor İqor
Şaytanov (1947) haqlı
olaraq müasir komparativistikanın əsasını
üç amillə əlaqələndirir: "qloballaşma,
intertekst, mədəniyyətlərin
dialoqu" (İ.O.Şaytanov.
Triada sovremennoy komparativistiki: qlobalizaüiə
- intertekst - dialoq kulğtur. Moskva, 2005, jurnal
"Voprosı literaturı"
№6. S.130. 130-137 s.).
Məşhur filosof-estet, professor Vladislav Kellenin (1920-2010) fikrincə,
qloballaşma "qarşılıqlı
tanışlıq və
mədəniyyətlərin yaxınlaşması üçün
çox geniş imkanlar açır, bu isə qarşıdurma
və antaqonist münasibətləri aradan
qaldırır" (V.J.Kelle.
Znanie. Ponimanie. Umenie: Proüessı qlobalizaüii i dinamika kulğturı.
Moskva, 2005, №1. İzd-vo Moskovskoqo
qumanitarnoqo universiteta
(Soüium) S.70. 69-70 s.).
Mübaliğəsiz demək olar ki, Azərbaycan ədəbiyyatı bütövlükdə
mədəniyyətlərarası dialoqun örnəyidir, qarşılıqlı zənginləşmənin
genişlənməsi sahəsində,
mədəni-mənəvi əlaqələrin
inkişafında böyük
bir missiya yerinə yetirmiş və yetirməkdədir.
Milli ədəbiyyatlar yalnız
ümumdünya ədəbi
prosesi kontekstində mükəmməl inkişaf
edərək, bir-birlərini
qarşılıqlı şəkildə
zənginləşdirə bilər.
Yazılı Azərbaycan
ədəbiyyatı tarixi
taleyin hökmü və həmçinin şəraitdən asılı
olaraq, sanki yarandığı andan çoxdilli olub və mədəniyyətlərin
dialoqu funksiyasını
yerinə yetirməyə
başlayıb. Azərbaycan
ədəbiyyatı heç
vaxt özünü lokal düşünməyib,
özünün müstəsnalığına
qapanmayıb, əksinə,
Şərq, Qərb, daha sonralar isə
həm də Rusiya mədəniyyəti
ilə əlaqədə
olub. Moskvalı Azərbaycan yazıçılarının
yaradıcılığı milli mədəniyyəti monoloq
deyil, dialoq formasında parlaq əks etdirir. O, Azərbaycan və rus ədəbiyyatları arasında vasitəçidir,
çünki hər iki mədəni kontekstə məxsusdur:
"Heç bir mülahizə, fikir nə birinci və nə də sonuncu ola bilər. O, yalnız silsilənin bir həlqəsidir və bu silsilə xaricində öyrənilə
bilməz" (M.M.Baxtin.
Gstetika slovesnoqo tvorçestva. Moskva, "İskusstvo",
1979. S.370. 390 s.).
Moskvada yaşayan Azərbaycan yazıçıları mənşələrinə,
milli mentalitetlərinə görə
rus mədəniyyətinə
aid deyillər və bu mədəniyyətlə
qarşılıqlı əlaqəyə
girərkən onlar bu dialoqa öz
daxili-mənəvi mühitlərini
gətirirlər: milli mentalitet,
milli folklor, milli kolorit,
ailə mifologiyası,
adət-ənənələr, vərdişlər, xatirələr,
mənəvi dəyərlər,
dini təsəvvürlər
və s. Nəticədə,
"inoetnoteks" - "əcnəbi
etnomətn" termini ilə
ifadə edilən bir ədəbiyyat yaradırlar, rus mentallığı mühitində
öz mədəniyyətlərinin
təmsilçiləri kimi
çıxış edirlər
və eyni zamanda onlar mədəniyyətlər
arasındakı dialoqun
bilavasitə iştirakçılarına
çevrilirlər.
Moskvalı azərbaycanlı yazıçılar
tərəfindən yaradılan
ədəbiyyat Şərq,
Qərb və Rusiya arasında uzaq keçmişdən başlayan mədəni dialoqun qovuşuğunda meydana çıxır.
Bu mənəvi qaynaqdan
bəhrələnmə həmişə
öz müsbət təsirilə diqqətçəkən
olmuşdur. Moskvalı
müəlliflər tərəfindən
yaradılan Azərbaycan
ədəbiyyatı milli ədəbiyyatın
ənənələrini davam
etdirməklə yanaşı,
rus ədəbiyyatı
ilə də dialoq kontekstinə daxil olur. Rus dilində yazan milli yazıçıların yaradıcılığını
"milli köklərdən ayrılmış" kimi
deyil, mədəniyyətlərin
dialoqu, dünyanın
dil mənzərəsi
və estetik sistemlər vasitəsilə
milli mədəniyyətin çərçivələrinin
genişləndirilməsi kimi
təhlil etmək lazımdır. Özgədilli
mədəni mühitdə
milli bədii ədəbiyyatın
yaranması məsələsinin
araşdırılması ədəbi
prosesin tədqiqində
ən aktual istiqamətlərdən biridir.
Öz əsərləri
ilə nəinki milli,
həm də rus mədəniyyətini zənginləşdirən qüdrətli
və çoxsaylı
azərbaycanlı müəlliflər
üçün Rusiya
və rus dili xarici mədəni
mühit olmuşdur. Burada iş təkcə dillə bitmir, məsələ daha çox mədəniyyətlərin qarşılıqlı
nüfuzetmə prosesində
paradoksal şəkildə
həm özünü,
həm də təmasda olduğu mədəniyyəti inkişaf
etdirmək və zənginləşdirmək üçün
digər mədəniyyətlə
dialoqda öz identikliyini üzə çıxaran ədəbiyyatla
əlaqədardır. Bu prosesdə
yazıçı transmədəni
identiklik əldə edir, həm özününkünü, həm
də başqa mədəniyyəti yeni dərketmə
səviyyəsinə qaldırır.
Moskvada yaranmış Azərbaycan
ədəbiyyatı bütövlükdə
milli mədəniyyətimizin bir hissəsi, eləcə də rus ədəbiyyatının
bədii faktı kimi qəbul olunmalıdır. Bu ədəbi
hadisə çoxmədəniyyətli
bir fenomendir və bu zaman dialoq axtarışındakı
mədəniyyətlərin hər birinin özəllikləri bütövlükdə
açıq-aşkar bəlli
olur. Alla Axundovanın zəngin və çoxşaxəli
yaradıcılığı bütövlükdə iki
böyük mədəniyyətin
- Azərbaycan və rus mədəniyyətlərinin
üzvi surətdə
qovuşmasından yaranmış,
ədəbiyyatların dialoquna
parlaq nümunə ola
biləcək ədəbi
faktdır. Alla Axundovanın yaradıcılığında
uşaq şeirləri
başlıca yer tutur. O, Moskva ədəbi mühitində incə və lirik uşaq
poeziyasının "canlı
klassiki" kimi məşhurdur. Onun adı hələ sovet dönəmindən Rusiyada şöhrət qazanmış uşaq ədəbiyyatının məşhur
simaları Aqniya Barto (1901-1981), Sergey Mixalkov
(1913-2009), Boris Zaxoder (1918-2000), Valentin Berestov (1928-1998), İrina Tokmakova
(1929-2018), Eduard Uspenski (1937-2018), Yunna Moris (1937-2024), Yuri Entin (1935) və digərlərilə eyni cərgədə yer almışdır. Şairəyə
şöhrət qazandıran
uşaq şeirlərinin
toplandığı əsas
kitabları bunlardır:
"Baltasız odunçu"
(Alla Axundova. Drovosek bez topora. Priskazka-nebıliüa. Stixi
dlə doşkolğnoqo
vozrasta. Moskva, "Detskaə
literatura", 1970. 12 s.); "Ağ, qırmızı, sarı alma" (Alla Axundova. Beloe, krasnoe, jeltoe əbloko. Stixi dlə detey s azerbaydjanskim koloritom.
Moskva, "Detskaə literatura",
1977. 24 s.); "Zümzüməçi qızcığaz" (Alla
Axundova. Devoçka-pripevoçka.
Stixi dlə doşkolğnoqo vozrasta.
Moskva, "Detskaə literatura",
1978. 16 s.); "Niyə olur?"
(Alla Axundova. Poçemu bıvaet? Stixi dlə doşkolğnoqo vozrasta.
Moskva, "Detskaə literatura",
1982. 24 s.); "Nərdivanlar" (Alla Axundova. Stupenğki. Stixi i skazki dlə
doşkolğnoqo vozrasta.
Moskva, "Detskaə literatura",
1989. 112 s.); "Zınqırov oyuncağı" (Alla Axundova. Poqremuşka. Stixi dlə çteniə vzroslımi
detəm. Moskva, "Samovar", 2004. 44 s.)
və s.
Alla Axundovanın əksər uşaq şeirlərinin mayalanıb araya-ərsəyə
gəlməsində həmişə
iki aparıcı qaynaq mühüm rol oynamışdır: zəngin Azərbaycan folklorunun əbədiyaşar
nəzm, nəsr inciləri və müəllifin kiçik yaşlı uşaqların
psixologiyasına dərindən
bələdliyi. Şairə
təkcə uşaqlar
üçün yazdığı
şeirlər, mənzum
nağıllar, kiçik
həcmli poemalarında
deyil, bütöv yaradıcılığında milli folklorumuzdan gen-bol bəhrələnmiş, şifahi
söz xəzinəmizin
motivləri, süjetləri
əsasında rus dilində yüksək vətənpərvərlik və
qürur hisslərilə
təqdim edilən, oxucularda rəğbət oyadan mükəmməl bədii sənət nümunələri yaratmışdır.
"Ağ, qırmızı,
sarı alma" kitabının
məlumat səhifəsindən
toplunun bütövlükdə
"Azərbaycan koloritli
uşaq şeirləri"
qeydindən hər şey aydınlaşır.
"Ağ, qırmızı,
sarı alma" şeirilə
açılan kitab sona
qədər milli folklorumuzdan
qaynaqlanan poetik nümunələrdən ibarətdir:
Esli tri əbloka s neba upalo,
Krepko derji to, çto v ruki popalo.
Kuşayte, sluşaə skazku
za skazkoy,
Əbloko
s priskazkoy azerbaydjanskoy
(S.3)
Sətri
tərcümə:
Əgər göydən üç
alma düşsə,
Əlinə düşəni möhkəmcə
saxla.
Yeyin nağıllara qulaq asa-asa,
Azərbaycanın nağıllı almasını.
(Sətri tərcümələr
məqalə müəllifinindir).
"Musiqili ölkə" şeirində müəllifin
qürur hissi, vətən sevgisi zirvə nöqtəyə
qalxır:
...Vsə strana - kak muzıkalğnıy
instrument
Vse poöt, a ne poöhix prosto net!
Plaçet muzıka, smeetsə,
qovorit,
Slovo skazannoe muzıkoy zvuçit.
Mejdu nebom i zemleö
mnoqo stran.
No takaə lişğ odna - Azerbaydjan (S.12.)
Sətri
tərcümə:
...Bütün ölkə - musiqi aləti kimidir
Hamı
oxuyur, oxumayan heç yoxdur!
Musiqi ağlayır, gülür,
danışır,
Deyilən hər söz musiqitək səslənir.
Yer arasında çox ölkələr var.
Ancaq bu cür tək
bircədir - Azərbaycan!
Şairənin uşaqlar üçün
yazdığı şeirlərdə
dəcəl oyunlardan ciddi, fəlsəfi mövzulara asan keçidlər edilir. İncə psixoloq olan Alla Axundova
uşaq lirikasında oğlanların gözəl
qızlara qarşı
nadinclikləri kimi gülməli davranış
paradokslarına ironik çalar verir, "Gözəl qız" adlı süjetli şeirində uşaqlarda
yüksək əxlaqi-mənəvi
məziyyətlərin yaranmasına
çalışır, böyüyəndə
onlara ciddi və zərif məxluqlar olan qızlarla, qadınlarla ehtiramla, məsuliyyətlə
davranmağı təlqin
edir:
Nu çto mne delatğ? Kak mne bıtğ?
Terpetğ - nevınosimo!
Nu ne moqu je ə s ney drujitğ?
Pridetsə, vidno, otlupitğ,
Çtob
ne bıla krasivoy!
(Alla Axundova. Poqremuşka. Stixi dlə çteniə vzroslımi detəm.
Moskva, "Samovar", 2004. S.43. 44 s.)
Sətri
tərcümə:
Bəs mən nə edim? Neyləyim?
Dözmək mümkün deyil!
Mən onunla dostluq edə bilmərəm ki,
Görünür, əzişdirmək lazım gələcək
onu,
Qoy heç gözəl olmasın o!
Moskvanın tanınmış tənqidçisi
Stanislav Lesnevskinin (1930-2014) məşhur kəlamı
var: "Rusiyanın qadın
poeziyası üç
"Ax"-dan ibarətdir: Axmatova, Axmadulina, Axundova" (Alla Axundova. Poqremuşka. Stixi dlə çteniə vzroslımi
detəm. Moskva, "Samovar", 2004. S.43.
44 s.).
Alla Axundovanın poeziyasında
vətənpərvərlik və fəlsəfi lirika əhəmiyyətli
yer tutur. Onun mükəmməl lirik əsərləri bir neçə sanballı kitabda toplanmış və müxtəlif illərdə
oxuculara təqdim olunmuşdur: "Ağ işıq" (Alla Axundova. Belıy svet. Stixi. Baku, "Qəndjlik", 1971. 136 s.), "Bazar günü bağçası"
(Alla Axundova. Voskresnıy sad. Kniqa stixotvoreniy. Moskva, "Sovetskiy
pisatelğ", 1982. 158 s.), "Görüntülü açıqcalar"
(Alla Axundova. Otkrıtki s vidami. Stixotvoreniə. Moskva, "Stilistika",
1999. 112 s.), "Quş" (Alla Axundova. Ptiüa. Kniqa stixotvoreniy. Moskva, "İzoqrafC",
2005. 127 s.), "Şam" (Alla Axundova. Sveça. Stixi. Baku, "Azerneşr", 2007. 192 s.), "Karnaval" (Alla Axundova. Karnaval. Stixotvoreniə, pogmı.
Moskva, "AATRONİK", 2009. 133 s.), "Yeddi
kitab: seçilmiş əsərləri"
(Alla Axundova. Semiknijie: izbrannıe proizvedeniə v 7-mi kniqax. Moskva,
"AATRONİK", 2009.) və s.
Şairə heç zaman doğma
Azərbaycanda baş verən vacib hadisələrə biganə
qalmamış, dərhal
vətənpərvərlik qeyrəti nümayiş etdirmiş, poetik səsini var gücü ilə ucaltmışdır.
"İordaniyada müqəddəs
suyaçəkmə bayramı"
adlı üsyankar ruhlu vətənpərvər
şeirində etiqadca
özü xristian dininin daşıyıcısı
olan Alla Axundova Sovet tanklarının Bakıya
daxil olduğu
1990-cı ilin "Qara
yanvar"ını özünəməxsus
şəkildə mənalandırır,
xristian İlahisindən
haqq-hesab tələb edir:
...Qospodi! Tı bıl v Azerbaydjane
Devətnadüatoqo ənvarə?
V svetlıy prazdnik Tvoeqo Kreheniə.
Kak je Tı pozvolil ubivatğ?!
(Alla Axundova. "Sveça". Stixi. Baku,
"Azerneşr", 2007. S. 62. 192 s.)
Sətri
tərcümə:
...İlahi! Sən Azərbaycanda idin
On doqquzu yanvarda?
Sənin
müqəddəs Xaç
bayramında.
Bəs necə Sən qətlə izn verdin?!
Şairə xristianlığın hər şeyi bağışlamaq haqqındakı
mərhəmət qanununu
pozaraq, Azərbaycan xalqına qarşı törədilən ağır
cinayətin bağışlanmasının
qeyri-mümkünlüyündən söz açır:
Qospodi! Prosti mne preqreşenğe
-
Vse prohaə, gto ne prohatğ.
(Yenə orada. S.62.)
Sətri
tərcümə:
İlahi!
Bağışla mənim
günahlarımı -
Hər şeyi bağışlayarkən,
bunu bağışlama.
Alla Axundovanın lirikasında
doğma xalqının
taleyi haqqında düşüncələr şərti
olaraq "Şərq"
obrazlarında təzahür
edir. "Üzüm"
şeirində bu meyvə canlı obraz kimi mənalandırılır,
insan xarakterilə müqayisə olunur, yaşam, dözüm və mətanət simvoluna çevrilir, Azərbaycan xalqına xas səciyyəvi cizgilərlə təqdim edilir:
Vı loktəmi tak porabotayte,
Kak rabotaet vinoqrad!
Protiv vetra probitğsə poprobuyte,
Zavedə
oba loktə nazad...
V kajdoy pleti - po sotne vıvixov,
V kajdoy pleti - po sto loktey.
Vot poprobuy, kak gtot,
vımaxay,
Ne slomav po puti kostey...
(Yenə orada. S. 37.)
Sətri
tərcümə:
Siz dirsəklərinizlə elə
işləyin ki,
Üzüm əlləşən kimi!
Küləyə qarşı getməyi
sınayın,
Hər iki dirsəyinizi tutaraq geri...
Hər bir budaqda - yüz
çıxıq yeri
Hər bir gövdədə - yüz dirsək.
Bir yoxla, bunun kimi
boy at,
Yolda sümüklərini sındırmadan...
Moskvalı tərcüməçi və ədəbi tənqidçi Lüdmila
Lavrova (1946) yazır
ki, Alla Axundovanın poeziya və nəsri üçün vasitəçilik, mədəniyyətlərarası
moderatorluq səciyyəvidir:
"Allanın bu və ya digər
şəkildə doğma
Azərbaycanla, onun mədəniyyəti, məişəti,
tarixi, həyatı ilə bağlı olan şeirlərinin mütaliəsi rus oxucusunu özünə cəlb edir, tamamilə əsrarəngiz
uzaq bir aləmə çəkib
aparır, lakin bu aləmin xarakterik cizgilərinə diqqətlə nəzər
salarkən, gözlənilmədən
sən orada özünə məxsus olanları da görürsən..."
(Lödmila Lavrova.
"Axundova Alla - pogt, dramaturq, süenarist").
Moskvalı azərbaycanlı şairə
Alla Axundovanın yaradıcılığı, heç
şübhəsiz ki, özlüyündə
bizim doğma ədəbiyyatımızda önəmli
poetik hadisədir, onun yüksək siqlətli bədii nümunələri iki zəngin, rəngarəng mədəniyyətin qarşılıqlı
yaradıcı potensialının
üzə çıxmasına
yardım edir, eləcə də rus və Azərbaycan
ədəbiyyatlarının bir-birini anlamalarına və dialoquna şərait yaradır. Müasir Azərbaycan ədəbiyyatında belə
yüksək istedada
malik, vətən sevgisilə
yaşayan, dəyərli
əsərlər yaradan
"ikiqanlı" bir
ədibimiz var. O, artıq
yetmiş ilə yaxındır ki, ruh yüksəkliyi ilə
"rus qızlarının
gümültülərini və
Asiya qızlarının
şən nəğmələri"ni
oxuyur və çəkinmədən bu
barədə öz şeirlərində fəxrlə
deyir:
Ni dvuəzıkoy, ni dvukrovkoy
Ə nazıvatğsə ne boösğ...
Ujelğ
boösğ, çto
çernoy korkoy
Ə k xlebu belomu leplösğ?
(Alla Axundova. "Sveça". Stixi. Baku,
"Azerneşr", 2007. S.28. 192 s.)
Sətri
tərcümə:
Nə ikidilli, nə ikiqanlı
Adlanmaqdan
qorxmuram...
Məgər qorxaram ki, qara qazmağımla
Mən ağ çörəyə
yapışam?
Alla Axundova Azərbaycan dilinin daşıyıcısı
deyil, onun dil bilgisi şairəyə
doğma dilimizdə poetik nümunələr yaratmaq imkanı vermir. Lakin o, Azərbaycan dilini fəal istifadəçi səviyyəsində
yetərincə öyrənib.
Rus dilində təhsil
alsa da, yaradıcılıq
prosesində ədibin
təxəyyülündə doğma yurdun, xalqın folkloru, realiləri dolaşır,
yeri gəldikcə bunlar şüuraltı qatdan süzülüb yazı dilinə müdaxilə edirlər. Məhz belə yaradıcılıq təzahürünü
"şüuraltı bilinqvizm"
adlandırmaq olar. Alla Axundovanın poeziyasında "müləmmə"
xarakterli bilinqv örnəklər arasında
"Xoş gördük"
şeiri orta əsrlərdə rast gəlinən mənzum lüğətlərə bənzəyir.
Orta əsrlərdə
Yaxın Şərqdə,
həmçinin Azərbaycanda
uşaqlara xarici dili daha asan
öyrətmək üçün
nəzmlə yazılmış
mənzum lüğətlərdən
istifadə edilib. Bu
zaman şeiri əzbərləyən
uşaq həm xarici dildəki sözləri, həm də onların doğma dildəki qarşılığını asanlıqla yadda saxlayırdı.
Alla Axundova da özünün Vətən
sevgisini məhz bu cür "bilinqv lüğətin"
köməyi ilə izhar etmişdir:
Zdravstvuy,
qora - "daq",
Zdravstvuy,
reka - "çay",
Zdravstvuy,
vetka - "budaq",
...Slışitsə v slove -
"yol"?
"Yol" - gto znaçit putğ,
"Yol" - gto znaçit budğ.
"Yol" - gto znaçit vseqda...
(Alla Axundova. Otkrıtki s vidami. Stixotvoreniə. Moskva, "Stilistika",
1999. S. 20. 112 s.)
Şeirin
ilk misraları tam bir mənzum lüğət təsiri bağışlayır
və müəllif salamlaşdığı "dağ",
"çay", "budaq"
sözlərinin rusca tərcüməsini - qarşılığını
da verir. Son bənd də qüvvətli vətənpərvərlik notları
ilə yadda qalır və müəllifin duyğularının səmimiliyinə
şübhə yeri qoymur:
O net, ne zabıla ə,
Çto
gta zemlə - moə,
Çto
gto otvet: "ay djan!",
Çto
gto Azerbaydjan!"
(Yenə orada. S.210.)
Sətri
tərcüməsi:
Ey, yox, unutmadım mən,
Ki bu torpaq -mənimdir,
Ki bu cavab: "hay candır!",
Ki bu Azərbaycandır!
Alla Axundovanın yaradıcılığında
yer adlarının şəxsləndirilməsi yolu
ilə "coğrafi
bilinqvizm"lər də
yaradılmış və
onların bəlli sətiraltı mənalarının
assosiativ anlamları şairənin vətənpərvərlik
hisslərinin ifadəsinə
çevrilmişdir. "Doğma
dilə tərcümələr"
(Yenə orada. S.30) şeirində müəllif
Krımla bağlı
təəssüratlarını ifadə edir, hər hansı coğrafi obyektin adının başqa dilə tərcüməsini
özgələşmə, yadlaşma, qəribsəmə
kimi mənalandırır:
"Qaradağ"ı - "Çernoqorye", "Qara
dəniz"i - "Çernomorye"
adlandırmağın əleyhinə
çıxır, bununla
yerlərin identikliyinə
xələl gəldiyi,
azadlıqlarının, özgürlüklərinin
əllərindən alındığı
fikrini irəli sürür. Müəllifə
görə, yüz illər boyu "tatar"ca danışan Qara dənizi anlamaq üçün onun dilini bilmək
gərəkdir...
Nəsri.
İndiyəcən Alla
Axundovanın üç
nəsr kitabı nəşr olunub: "Şərikli çörək"
(Alla Axundova. Xleb porovnu. Rasskazı
i povesti. Baku, "Əzıçı", 1984. 236 s.), "Üzün ifadəsi"
(Alla Axundova. Vırajenie liüa. Pətğ povestey. Moskva,
"Sovetskiy pisatelğ",
1984. 334 s.), "Böyük Arişa" (Alla Axundova. Bolğşaə Arişa. Povesti. Moskva,
"AATRONİK", 2009. 202 s.). "Şərikli
çörək" kitabında
toplanmış hekayə
və povestlərin bədii materialını əsasən müəllifin
Böyük Vətən
müharibəsi illərindəki
uşaqlıq təəssüratları
təşkil edir. Bu əsərlərdə həm
də müharibədən
dərhal sonra başlanan nəhəng bərpa dövründə
Bakıda cərəyan
edən bir sıra maraqlı hadisələrin təsviri
də yer almışdır. "Üzün
ifadəsi" kitabındakı
povestlər nasirin uzunmüddətli həyatı
müşahidələrindən rişələnərək onun
ətraf aləmə,
tez-tez rastlaşdığı
müasirlərinə, onu
əhatə edən sosial mühitə diqqətli baxışını
əks etdirən fəlsəfi-psixoloji yönümlü
hekayətlərdən ibarətdir.
Alla Axundovanın nəsr dili rəvanlığı, səlistliyi,
lakonikliyi, dolğun fikir tutumluluğu və poetik nəfəsi ilə diqqəti cəlb edir, bu əsərlərin
birnəfəsə oxunuşunu
şərtləndirir. Hər
iki kitabdakı nəsr nümunələrinin
milli kolorit və tolerantlıq tarazlığı
baxımından da maraqlı
və özünəməxsus
cəhətləri mövcuddur.
(Davamı gələn sayımızda)
Abuzər BAĞIROV
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.10-11.