Burovestnik
Fortunanın,
o tale ilahəsinin
hamıya
əli çatır,
gah səadət bəxş edir insana,
gah atır qoynuna fırtınanın,
budur təsəllisi fəlsəfənin.
Fırtına -
Tale kitabının əlifbasıdır,
həyatın ibtidasıdır,
bətnində fırtına böyüdən
sükutun övladıyam mən,
başıma sığal çəkib
Bakı
küləyi,
yeriməyi öyrədib qumsal
təpələr,
laylamı çalıb gümüşü
ləpələr,
mən öz taleyimin Burovestnikiyəm.
Əhatə
dairəsindən kənarda
Naməlum
adamlar meşəsində
bir ədəbi zəvvar
pomadalı dodaqlardan çıxan
siqaret tüstüsünü əliylə
qovub
yol açır özünə,
sırğalı oğlanlar dəyir
gözünə,
bu cinsi transformasiya
salır
zəvvarı qorxuya,
Apokalipsis
qoxusu gəlir bu meşədən,
baş açmır bu işdən
zavallı zəvvar...
daraşır canına qorxular,
yox, o, somnambul deyil,
debil deyil,
zəvvardı, zəvvar!
Nədənsə evakuator onu
səhv
ünvana aparır,
telefonundakı naviqator
məkanı qarışıq salır...
bura dezinformasiya bataqlığıdır,
smartfonların əhatəsində
xoşbəxt yaşayan naməlum
adamlar
nə qədər süni, nə qədər bayağıdır...
O modern zəvvaradır sözüm:
Söndür telefonunu,
xilas ol şüalanmadan,
qaç
buralardan - dayanmadan,
vaxtı
vermə boşa,
qalan ömrünü
əhatə dairəsindən kənarda
yaşa.
***
Uşaqdım,
ağlım kəsmirdi,
bir gün dilimdən
bir söz çıxdı:
mən yazıçı olacağam.
Odu-budu,
ürəyim dilimin
bəlasına düşdü...
Smartfon
erasından əvvəl
Smartfonlar
dünyasında
çanaq antennaları
qürub
çağını yaşayır,
DVD-lər istifadəsiz qalıb
evlərin bir küncündə,
üstünü töz basıb,
planşetlər televizorları
küncə qoyub,
bütün suallarına cavabı
süni
intellekt verir indi.
Neyləyirsən kitabı?
Ye yağlı kababı,
üstündən iç "Sirab"ı,
sonra
Chat GPT-dan soruş ki,
"mən necə arıqlayım?"
Özünüzə yaxşı bir dietoloq soraqlayın.
Biz smartfon erasından
əvvəlki dövrün uşaqlarıyıq,
repetitorsuz böyüdük,
kamal attestatı alıb kamala
yetdik,
çörək növbələrində keçdi uşaqlığımız,
gəncliyimizi barıt qoxulu
səngərlərə verdik.
"Lamborghini"
ilə şütümədik
Bakının küçələrində,
illər
oldu ki,
atamın
nimdaş paltosu ilə
çıxdım qışdan,
göynədi ayaqlarım
ayaqqabım su buraxanda,
kasıblıq əl çəkmirdi
yaxamdan,
dibçək gülü kimi
heç
boy atmadı ümidlərim,
bir köhnə "Jiquli"
yadigar qaldı atamdan,
bir gün altını vurdum Həyat prospektində,
Tale şossesində...
Onda kameralar daxil olmamışdı
həyatımıza, həyətimizə,
şütüyürdü "avtoş"lar
radarsız küçələrin azadlığında.
Mənim
Universitetim qatarlar oldu,
mən qatarlarda oxudum dünya ədəbiyyatını,
vaqonlarda
dolaşan qocanın
peraşkisində duydum həyatın
dadını,
bir də köşklərdən
aldığım qəzetləri
qoltuğuma vurub ölçdüm
hərarətimi,
evdə
saatımız yox idi,
mən Günəş saatı düzəltmişdim,
Günəşlə ölçürdüm
zamanın boyunu,
vaxtı
düz hesablamamışdım,
ol səbəbdən nə atam, nə anam gördü toyumu...
nə
e-mail ünvanım vardı,
nə yaşayış ünvanım,
nə noutbukum,
nə sosial şəbəkə
hesabım...
Vardı
96 vərəqlik dəftərim,
qələmim, bir də
kənd
kitabxanasından götürdüyüm
kitabım,
yaşamaq üçün daha
nə lazım?!
Biz filmlərə kinoteatrlarda
baxan
sonuncu nəsilik,
"İnternetsiz dünya"
kitabının
sonuncu fəsliyik...
Sükutun
əlifbası
Sükutum
Tərk-silah etdi rəqibi,
Ney kimi gözdən aldım nəfəs,
Anladım ki, nəfsin ilanı
Zəhərini yeridəndə cana,
Zəhər işləyəndə qana,
Sükut
imiş dərmanı,
Arzu-istək pətəyinin
Sükutla doludur şanı.
Ey Xaqaniyə
xaqan ola
bilməyən sükut,
Mənim
xəzinədarım ol,
Zənginə çevir
Fəqir
bir insanı.
***
Qəlbən
uşaq,
bədəncə gənc,
ruhən
ixtiyar
və
zehncə ölüyük artıq
diri üzlər kölgəsində...
Bütün simvollar qarışmış
bir-birinə,
amma qovuşmaq üçün
öncə dirilmək lazım,
bu haqda yenidən
düşünmək lazım...
köhnə nə varsa, yıpranmış,
daşlar
yerindən oynamış,
dünyanın təməli sarsılmış...
zərurətdən yorğuncasına
böyüyürük bu həngamədə,
hər şey göz qapaqlarımızın
yumulmasına bəndmiş,
hər şey uyuyunca unudulsa,
unudulsa...
Qoca
Ravinin sualları
Ey
Orfey!
Bəşər övladı,
Məcnunun əcdadı,
niyə
susub nəğmələrin?
Yoxsa qovuşmusan Evridikaya?
Əhsən bu "evrika"ya!
Ey Məcnun!
Təkcə sən uğramadın
dekonstruksiyaya -
çün ruhun yenilməzdi,
"saliki rahi
həqiqət"
eşqə biət etmiş
əlbət...
Siz ey əfsanədən çıxıb gələnlər -
Orfey və Qeys -
Eşqin
qəhrəmanları,
açın bu əsrarı
Miflər
diyarından
Loqos məmləkətinə
necə
keçdiniz?!
Unudulmuş
mahnıya remeyk
Üfüqlərdə
görünən
yorğun
gəminin
yükü buludlardı,
sahillərdə gəzişən
yorğun
adamın
yükü umudlardı...
Sən umudlara sığın,
buludlar gəldi-gedərdi...
Quyu
dibində unudulmuş Məlikməmməd
Taleyinin
üfüqündə
yorğun
bir umud işarır,
sənsə abajurun kövrək
işığında
umuddan təsbeh düzəldirsən,
aynaya baxınca
gözünün boşluğuna düşürsən,
güzgüdə ipini kəsən
umuddu,
Tale yenə Məlikməmmədi
Quyu dibində unutdu...
***
Şaxtaların
soyuğunu
daşıyan külək hələ
çox
uzaqlardadır,
hələ
səssizliyin fleytasında
Ay işığının həzin
musiqisi səslənir,
odamda isə
qürurlu tənhalığın
bayrağı yellənir...
Səbrin
qönçəsi
Oldu Leyla
eşqinə könlüm vətən,
Açdı səbrin qönçəsi,
güldü çəmən.
Gördülər
avarəyəm, sərgərdanam,
Tutdular bu aşiqi Məcnuna
tən.
Eşqinin
dərsində oldum biqərar,
İmtahanından kəsildim, bəs
nədən?
Gərçi
oldu məskənim səhra mənim,
İtdi
cismim, can seçilməz
kölgədən.
Rəhmi
gəldi aşiqə öz yarının,
Sürgün oldum Yusifi-Kənana
mən.
Rəngidir
Üzdə
xəfif qızartı utanmağın rəngidir,
Saçda tək-tük ağartı
usanmağın rəngidir.
Gözdə
qəmin, məlalın ayrılıqla savaşdır,
Vüsal
görən xəyalın
inanmağın rəngidir.
Dodağın
qənd misalı, səhər şirin çay olar,
Axşam
sevgi masalı can
almağın rəngidir.
Sevda yeli
bir əsim, əsib keçər içimdən,
Gül qoxulu nəfəsin oyanmağın rəngidir.
Misirdə
sultan ola Yusifi-Kənan yenə,
Yarə
itaət qıla, qul olmağın rəngidir.
Retrospektiv
qəzəl
Dəniz
həmin dənizdir, məndən əsər qalmayıb,
Şəhər həmin şəhərdir,
kənddən əsər qalmayıb.
Şıltaq
dalğalar yenə dil çıxarır Günəşə,
Deyib-gülür sevənlər, dərddən
əsər qalmayıb.
Sahildə
bir qoca var, gün isitmir canını,
Külək vurub söndürüb,
şəmdən əsər qalmayıb.
Gəncliyini
axtarır, hər gözəlin gözündə,
Amma odlu-alovlu qəlbdən əsər qalmayıb.
Laübalı
baxışlar parçalayır ruhunu,
Ehtirasdan,
sevgidən, kefdən əsər qalmayıb.
Hər
dildə dastan olan Yusifi-Kənan idi,
Züleyxadan, Yusifdən, eşqdən
əsər qalmayıb.
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.19.