Nizami Gəncəvinin təkəbbür anlayışı
"Yeddi gözəl" məsnəvisinin
"Bəhramın öz kənizi ilə
dastanı"
adlı
bölməsinin
şərhi
- ağıllı,
cəsur, çalışqan, gözəl türk qızı Fitnə
təkəbbürlü
Bəhram
şahı necə
məğlub etdi?
Birinci giriş
Şeyx
Nizami Gəncəvi
"Yeddi gözəl"
("Bəhramnamə") adlı dördüncü
məsnəvisində ardıcıllıqla
bu məsələlərə
yer verdi:
- Sözə Allahın adı ilə başladı, əlli səkkiz beytlik tövhid bölməsi yazdı, Allahın bir sıra sifətlərini
açıqladı, Onun
təkliyinin dəlillərini
göstərdi, Ona təslim
oldu, Ondan yardım istədi, dedi ki, əlimdən tut, məni Allahdan başqa kimsəyə möhtac etmə, Sən mənimlə olsan, bütün dünya mənim olar;
- otuz üç beytlik nət yazdı, Allah Rəsulunu tanıtdı, Qurani-Kərimdən
çıxış edərək
Ona "kərim/əkrəm
Elçi" dedi, Elçinin təbliğ etdiyi tövhid, azadlıq, ədalət, axirət, mərhəmət,
barış, elm adlı
dəyərlər insanlığın
ortaq nemətləridir
ölçüsünü qoydu, onlara "təzə xurma" adını verdi;
- "Yeddi gözəl"
("Bəhramnamə") məsnəvisinin yazılma
səbəblərini açıqladı,
yetmiş beş beytlik bölmədə dedi ki, bu məsnəvini
böyük əməklə
yazmışam, zəhmətsiz
rəhmət yoxdur, sözüm bakirədir,
"qışı olmayan
bahardır", o, iş
üslubunu tanıtdı,
sələflərinə münasibət
bildirdi;
- Nizami səksən səkkiz beytlik "Səadətli padşah Əlaəddin Körpə
Arslana dua" adlı bölmədə
"Yeddi gözəl"
məsnəvisinin yazılmasının
dörd səbəbini
göstərdi: tövhid
inancının, Allaha
təslimiyyətin əsaslarını
açıqlamaq, Allah Rəsulunu
tanıtmaq, şaha sevgisini bildirmək, dövlət idarəçiliyinin
ölçülərini - fəthin yollarını bildirmək;
- yetmiş səkkiz beytlik "Şaha təzim xitabı" adlı bölmədə dövlət anlayışını
- Səlcuqluların dövlət
nizamını izah etdi, dövlətin imanı, hüzurun qaynağı elm, mərhəmət,
ədalətdir, - dedi,
Azərbaycanın qədim
mərkəzi Marağanı
tanıtdı, "Yeddi
gözəl" yeddi
ədviyya ilə bişirilmiş ruzidir, rəngi yaşıldır
- tövhidin, hüzurun,
barışın, rifahın,
sevginin, mərhəmətin,
ədalətin, yeniliyin
daşıyıcısıdır buyurdu;
- yüz altmış üç beytlik "Sözə sitayiş, tövsiyə və nəsihət" adlı
bölmədə sözün
dəyərini göstərdi,
cahilin, cəhalətin
əlamətlərini saydı,
alimi, mərifət elmini, imanın dəyərini, qəlbi, ağılı, sosial ədaləti tanıtdı,
insana hədəf verdi, öz halından şikayət etdi, bədii irsini iki mərhələyə
ayırdı: öncə
qora (kal üzüm) idim, sonra şirin üzüm oldum, Nizami xalis qızıl,
usta zərgərdir,
o, saxta şairlərin
sözün dəyərini
öldürdüyünü, istedadlı insanlara dəyər verməməyin
zülm olduğunu söylədi, köləlikdən
qurtuluşun, əbədi
səadəti qazanmağın
yollarını bir-bir
saydı;
- yetmiş üç beytlik "Oğlum Məhəmmədə nəsihət"
adlı bölmədə
övlad tərbiyəsinin
əsaslarını, üsul
və metodlarını
açıqladı, bildirdi
ki, gözəl tərbiyə
axirət azuqəsidir,
elm ruzidir;
- Nizami addım-addım Bəhramın kimliyini inşa etdi, şah olacaq insana ciddi tərbiyə
verilməlidir ölçüsünü
qoydu;
- Bəhramın atasını
tanıtdı, onun zülmünü önə
çıxartdı ki, barış,
ədalət, mərhəmət
adlı dəyərlərin
xeyri anlaşılsın;
- Xəvərnəq qəsrinin
gözəlliyinin təsvirinə
geniş yer verdi;
- Bəhramın elm, din, dillər,
savaş sənəti
öyrəndiyini açıqladı,
ovçuluq məharətini
təsvir etdi, onun əjdahanı öldürməsinə, xəzinə
tapmasına ayrıca yer verdi;
- Bəhramın atasının
ölümü ilə
İranda yeni siyasi vəziyyət ortaya çıxdı, Nizami bu məsələ ilə bağlı dörd bölmə yazdı, Bəhramın siyasi ağlını, diplomatik bacarığını,
hərbi gücünü,
sarsılmaz iradəsini
təsvir etdi;
- Nizami cəsarət anlayışının inşası
üçün iyirmi
səkkiz beytlik "Bəhramın iki şir arasından tacı götürməsi"
adlı bölmə yazdı, şah ağıllı, cəsur
olmalıdır ölçüsünü
addım-addım açıqladı;
- seçilmişlik, müjdə,
ümid anlayışlarına
yer verdi, "ağıl və cəsarət Allahın yardımına yol açar" mesajı göndərdi, bu məqsədlə on yeddi beytlik "Bəhramın atanın yerinə taxta əyləşməsi"
adlı bölmə yazdı;
- Nizami dövlətin imanı, şahlığın
əsası ədalətdir,
mərhəmətdir ölçüsünün
şərhi üçün
iyirmi iki beytlik "Bəhramın ədalət xütbəsi"
adlı bölməyə
yer verdi;
- qırx bir beytlik
"Bəhram Gurun padşahlığı" adlı
bölmədə dövlət
idarəçiliyinin dayaqlarını
bir-bir izah etdi;
- Şeyx Nizami mərhəmət anlayışını
şahın, şahlığın
- dövlət idarəçiliyinin
mayasına yerləşdirdi,
sosial dövlətin kimliyini açıqladı,
mərhəməti quran,
qurtaran - qurtarıcı
olan, dövlətlə
xalqı bir-birinə bağlayan, sevgiyə, barışa, sosial ədalətə, inkişafa,
ilahi rizaya yol açan dəyər kimi tanıtdı, bu məqsədlə əlli
iki beytlik "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti"
adlı bölmə yazdı.
İkinci giriş
Şeyx
Nizami Gəncəvi Bəhram şahın insani, siyasi kimliyinin inşasına davam edir, təkəbbür
anlayışına yer
verir, təkəbbürü
sadəcə bir insanın fitrətindən
uzaqlaşması nəticəsində
ortaya çıxmış
mənəvi-ruhi xəstəlik
kimi tanıtmır. Təkəbbürlə şah,
təkəbbürlə dövlət
idarəçiliyi, təkəbbürlə
şöhrət, sərvət,
siyasi güc, təkəbbürlü şahla,
dövlətlə xalq
arasında bağ qurur, təkəbbürün
insanlararası münasibətə,
əxlaqa, siyasətə
təsirini göstərir,
bu nəticəyə gəlir: təkəbbür
pozur, qoparır, ayırır, nifrətə,
çöküşə, zülmə yol açır, insanın, şahın, siyasətin, dövlətin fitrətini
- mayasını çürüdür,
onları insanlardan, xalqdan, mərhəmətdən,
sevgidən, barışdan
uzaqlaşdırır, ruhi,
sosial, siyasi xəstəliklərə yol
açır, barış
gedir, yerinə savaş gəlir, sevginin yerini nifrət tutur, təkəbbürlü şah
və dövlət zülm vasitəsinə çevrilir.
Nizami təkəbbür anlayışının
tanıdılması, onun
siyasi, əxlaqi, sosial nəticələrinin
təhlili üçün
"Bəhramın öz
kənizi ilə dastanı" adlı bölmə yazır, səbəbi də budur: sağlam, elmli, dindar, siyasəti, savaş sənətini dərindən
öyrənmiş, bir
neçə dil bilən, mahir ovçu Bəhram dərin ağlı, usta siyasəti, diplomatik bacarığı,
cəsarəti ilə
zalım atasının
ölümündən sonra
İranda hakimiyyəti
ələ keçirmiş
siyasi gücləri savaşmadan, qan tökmədən məğlub
edir, İran imperatorluğunu
siyasi, iqtisadi, sosial böhrandan, çöküşdən qurtarır,
ədalətli dövlət
qurur, mərhəməti
ilə qıtlığın,
yoxsulluğun, siyasi zülmün əlində
can verən xalqı ölümün pəncəsindən
xilas edir, hakimiyyətinin zirvəsinə
çatır, böyük
siyasi, hərbi, iqtisadi güc, xalq dəstəyi qazanır.
Bu nəticə xeyirlərə
yol açdığı
kimi, bir də insani, siyasi təkəbbürün
ortaya çıxmasına
şərait hazırlayır,
şah artıq təkəbbür adlı
qorxunc düşmənlə
üz-üzədir, siyasi
rəqiblərini böyük
ağlı, sarsılmaz
cəsarəti ilə
məğlub edən Bəhram mənəvi düşmənini - nəfsini,
təkəbbürü məğlub
edə biləcəkmi?
Siyasi güclə mənəvi gücün savaşında kim qalib gələcək, siyasi gücün təhlükəsindən, təkəbbürün
bəlasından qorunmağın
yolu, imkanı varmı, siyasi rəqiblər daha qorxuludur, yoxsa mənəvi rəqiblər?
Şeyx Nizami "Bəhramın öz kənizi ilə dastanı" adlı bölmədə bu suallara cavab verir.
"Bəhramın öz kənizi ilə dastanı" adlı bölmə istifadə etdiyimiz orijinal nüsxədə səksən
altı, sətri tərcümədə səksən
səkkiz beytdir. Bölmənin başlığı
da orijinala uyğun tərcümə edilməyib,
belə ki, orijinalda
"kənizək", tərcümədə
"kəniz" sözü
var. Sözün sonundakı
"ək" şəkilçisi
kiçildir, "cavanlaşdırır",
sözə cavan/gənc qız qulluqçu anlamını
yükləyir - "Bəhramın
öz gənc kənizi ilə dastanı".
Şeyx
Nizami mətndəki hər sözün, şəkilçinin, bədii
vasitənin haqqını
verən sənətkardır.
Onun kənizin məhz gənc olmasını istəməsinin
səbəbləri var: birincisi,
cavan cəsur olar, danışarkən, çox zaman məsələnin
bütün yönlərini
düşünməz, Bəhram
bir imperatordur, ona etiraz etmək
hər adamın işi deyil, qulluqçu yaşlı, təcrübəli olsa idi, əsla Bəhrama qarşı çıxmazdı. Nizami
cavandır, beyni qandır ölçüsü
ilə hərəkət
etmiş, bu yolla da etirazın inandırıcılığını ortaya qoymuşdur (o qız sonra deyir ki, məni şeytan yoldan çıxartdı), ikincisi,
Bəhramın ən önəmli özəlliklərindən
biri cəsur olmasıdır - Nizami cəsarəti cəsarətlə
məğlub etmişdir,
üçüncüsü, Nizami insani, siyasi təkəbbür anlayışını tanıdır,
zəfərlər qazanmış
Bəhramda təkəbbür
əlamətləri var, şair
təkəbbür cəsarətlə
qırılar ölçüsü
qoymuşdur, dördüncüsü,
təkəbbürlü insan
etirazı əsla qəbul etməz, o, hər zaman haqlıdır,
bu halda, ona ancaq cavan,
təcrübəsiz qız
qulluqçu qarşı
çıxa bilər,
beşincisi, Nizami oğlan deyil, məhz cavan qız qulluqçu seçmiş, təkəbbürlü
Bəhrama onun əli, cəsarəti ilə dərs vermişdir, altıncısı,
Bəhramın usta olduğu işlərdən
biri ovçuluqdur, o, təkəbbürlüdür, "mənim kimi ovçu yoxdur", deyir, cavan qız
qulluqçu da şahın
məhz ovçuluq yönünə etiraz edir, Bəhramın təkəbbür duyğusunu
körükləyən tabusunu
sındırır - tabu (şan,
şöhrət, təkəbbür,
inanc...) toxunulmazdır,
sınmasa, xəstəlik
sağalmaz, tabuya köləlik bitməz, yeddincisi, Nizami cavan qız qulluqçuya Bəhrama söz demək imkanı vermək üçün bölmənin
başlığına "öz" ("xiş")
əvəzliyini artırmışdır,
yaxınlığı ifadə
edir (o, şahı müşayiət edir, çox zaman onun yanındadır), yaxınlıq
Bəhramı "adiləşdirir",
qızın cəsarətini
artırır. Səkkizincisi,
Nizami cavan qız qulluqçunu Bəhramın qəzəbindən
qorumaq, (təkəbbür
olan yerdə qəzəb də var), ölümdən xilas etmək üçün deyir ki, o, çox gənc və gözəl idi, "təzə cənnət baharı kimi üzü təzə-tər",
"çəmən yelləri
kimi xuraman yerişli", "kərə
yağla qarışmış
bir bal" idi, şah ona
məftun idi. Doqquzuncusu, cavan qız qulluqçunu ölümdən qurtaran bir vasitə də var: o, bacarıqlı,
istedadlıdır, gözəl
səsi var, rud çalır, rəqs edir, "rudun naləsini göyə qaldıranda quşları
havadan endirərdi",
şah məclislərdə,
ovda onun nəğməsini dinləyərdi,
şahın hüzur qaynağı idi, Bəhram ona heyran olmuşdu. Onuncusu, o cavan qız qulluqçunu ölümdən xilas edən bir vasitə
də var, Bəhram qadın öldürməyi
"aslan kişilərin
işi saymır, qadın döyüşçü
deyil", on birincisi, Nizami o cavan qız qulluqçunu ölümdən qurtaran bir yol da açır:
Bəhram ordu başçısına deyir
ki, bu qızı sən öldür, ancaq cəsur əsgərin "peşəsi
ədalətdir", qızın
ağıllı təkliflərini
qəbul edir, onu qoruyur, nəticədə,
onun cavan və qız olması, ağlı, bacarığı, gözəlliyi,
istedadı, cəsarəti,
günahsızlığı, şah yanındakı dəyəri, ordu başçısının ədaləti
xilasına yol açır, məsnəvinin
süjet xəttinin inkişafı təmin olunur, Bəhrama dərs verilir, təkəbbürün zərəri,
onu məğlub etməyin yolları, müalicə üsulları
göstərilir.
Şeyx
Nizami o cavan qız qulluqçunun adını niyə Fitnə qoymuşdur? Dedik ki, Nizamidə təsadüfi söz olmur, bir vasitə
seçirsə, ona mütləq bir anlam yükləyir, məsnəvinin məzmunu,
ideyası ilə bağlayır.
"Fitnə" sözü ərəbcədir, "f-t-n" kökündəndir, eyni kökdən törəyən
sözlərin bu mənaları var: "imtahan
etmək", "pislik
etmək", "əzab
etmək", "uzaqlaşdırmaq",
"azdırıcı", "dəlilik", "təzyiq",
"qarışıqlıq", "çarə" (bağlamına
görə "günah",
"şeytanın hiyləsi,
tələsi", "şeytanın
zəif ruhlu insanlara aşıladığı
batil inanc, vəsvəsə", "nifaq",
"sıxıntı", "rüsvayçılıq", "ələ salmaq",
"oyuncaq olmaq").
"Fitnə" sözünün
əsl anlamı sağlamın çürükdən
seçilməsi, təmizlənməsi
üçün qızılın
oda/atəşə atılmasıdır, bu yolla qızıl sınanır, həqiqi qızıl olub-olmadığı
öyrənilir - fitnə
seçici, ayırıcı
vasitədir.
"Fitnə" sözü
"bəla", "şiddət"
mənalarını da daşıyır,
ağır sınaqdır,
elə bir sınaqdır ki, insanın
dəyərini ortaya çıxarır, qızıl
atəşə atılmasa,
saflıq dərəcəsi
bilinməz, insan çətin sınaqdan keçməsə, gerçək
kimliyi üzə çıxmaz - imtahan seçir, öyrədir, üstün qılır.
"Fitnə" sözünün
bu anlamları işığında deyə
bilərik ki, sərvət,
şəhvət, şöhrət,
övlad, hakimiyyət
- bir sözlə, insanın sınandığı
hər şey fitnə, imtahandır, Onun dəyərini müəyyən edir.
Allah buyurur ki, bu dünya imtahan yeridir, insan hər an sınanır, imtahanın işləri
var: öyrədir, seçir,
sınaqdan keçənləri
böyüdür. Hər
imtahanda həm acı, həm də fürsət var, acıları fürsətə
çevirmək insanın
əlindədir.
Nizami cavan qız qulluqçuya içində
imtahan mənası daşıyan Fitnə adı qoyur ki, böyük siyasi, iqtisadi, hərbi güc əldə etmiş, hakimiyyətinin zirvəsində olan Bəhramı onun vasitəsi ilə sınasın, test etsin, göstərsin ki, insanın
bu qədər gücü idarə etmək imkanı varmı? Ölçü
qoysun: böyük siyasi, iqtisadi, hərbi güc - sınırsız hakimiyyət
təkəbbürə, təkəbbür
həqiqəti görmək
imkanının itirilməsinə,
o da zülmə, məğlubiyyətə,
dəyərsizləşməyə yol açar.
Məsnəvinin süjet xəttinin
bu bölməsinin adı "Bəhramın
öz cavan kənizi ilə dastanı"dır, adda bədii
təzad var: imperator Bəhram
- qulluqçu qız,
güclü - zəif,
kişi - qadın, yaşlı - cavan, zəngin-yoxsul, Nizami bədii təzadla deyir ki, hər xəstəlik ziddi ilə sağalar, təkəbbür qorxulu xəstəlikdir, siyasi təkəbbür isə daha qorxuludur, belə ki, nəticəsi bir insana deyil,
xalqa təsir göstərir, ziddi təvazödür, bu xəstəliyi ağıl,
cəsarət, mərhəmət,
tənqidlə məğlub
edə bilərsən.
Məsnəvinin süjet xəttinin
mərhələlərini belə
sıralaya bilərik:
- Bəhram ov etməyi çox sevir, usta ovçudur,
gur ovlayır, bir gün ova çıxır - Nizami mesajı Bəhramın ən gözəl bacardığı iş üzərindən verir, Bəhramda belə bir fikir var idi
ki, onun kimi ovçu yoxdur;
- Bəhramın ovçuluq
məharəti incəlikləri
ilə təsvir olunur ki, təkəbbürün
qaynağı ortaya çıxsın;
- Bəhramın Fitnə adlı cavan qız qulluqçusu tanıdılır, o, şahın
yanındadır, çox
gözəl, bacarıqlı,
çevikdir, şah ona aşiqdir - bu özəlliklər ona şaha etiraz
imkanı verir;
- şahın Fitnəyə
münasibəti açıqlanır,
şah ən çox onun nəğməsini dinləyir,
ona məftundur - bu ölçü də təkəbbürü
tanıtmaq imkanı verir, o elə qorxulu xəstəlikdir ki,
insanı çox sevdiyinin ölüm fərmanını verməyə
də yönəldə
bilər;
- Fitnə ağıllıdır,
sınır qoyur, şahın ovçuluq məharətini tərifləmir,
susur, bu yolla şahı qızışdırır, istəyir
ki, Bəhram daha böyük ustalıq göstərsin, məharətinin
zirvə nöqtəsində
onu tənqid etsin ki, sözünün təsiri artsın, təkəbbür bütün
gücü, qəzəbi,
atəşi ilə üzə çıxsın;
- Bəhram Fitnənin tələsinə düşür,
narahat olur, onu sancır, tərifini eşitmək üçün (narsist tərifsiz yaşaya bilməz) daha böyük ustalıq göstərmək qərarına
gəlir, deyir ki, guru necə ovlamağımı
istəyirsənsə, de, o biçimdə ovlayım.
Fitnə şahın bir oxla gurun
başını dırnağına
tikməsini istəyir;
- şah böyük ustalıqla bu istəyi yerinə yetirir, çox sevdiyi Fitnədən tərif gözləyir,
"əlimin hünərinə
nə deyirsən?"
- deyə sual verir, ancaq ondan
təhqir saydığı
cavab eşidir, belə ki, Fitnə Bəhramın bu məharətini onun gücünə deyil, vərdişə bağlayır;
- bu cavab şahın
psixoloji tarazlığını
pozur, qəlbini kinlə doldurur, o, Fitnəni öldürmək
qərarına gəlir,
ancaq qadını öldürməyi "aslan
kişiliyinə" sığışdırmır;
- şaha sadiq, ədalətli, "şir
kimi zəhmli" ordu başçısına
əmr edir ki, Fitnəni öldürsün;
- Fitnə nə qədər ağıllı
olduğunu göstərir,
ordu başçısının
şahın buyruğunu
yerinə yetirməməsi
üçün dəlillər
sıralayır: qısa
zamanda şah peşman olacaq, belə ki, məni çox sevir, Fitnəni öldürən
ordu başçısı
şahın gözündən
düşəcək, bir
neçə gün gözlə, şaha məni öldürdüyünü
söylə, bu xəbər onu sevindirsə, məni öldürərsən, qanım
sənə halal olsun,
kədərləndirsə, iki nəticə qazanacaqsan: şah məni öldürmədiyini
biləndə sənə
cəza verməyəcək,
əksinə, mükafatlandıracaq,
axirətdə də bu məsələ ilə bağlı Allahın sorğu-sualından
qurtulacaqsan, əmin ol ki, şaha çox yaxın olacaq, bir gün
yaxşılığının əvəzini ödəyəcəyəm;
- Fitnə bir addım da atır, ordu başçısının
qarşısına yeddi
ləli olan boyunbağı qoyur - hərəsi bir ölkənin xəracı
idi;
- Fitnənin ağıllı,
məntiqli təklifləri
ordu başçısını
inandırır, o, Fitnəni
öldürmür;
- şah Fitnənin ölüm xəbərini
eşidəndə ağlayır,
ordu başçısının
qəlbi hüzura qovuşur;
- Fitnə ordu başçısının uzaq
kənddəki köşkündə
yaşayır, bu köşkün altımış
pilləli bir eyvanı var, o, hər gün iki gün
öncə doğmuş
inəyin balasını
çiynində altımış
pilləli köşkün
damına qaldırır,
bu işi altı il təkrar edir, buzov öküz
olsa da, adətindən
əl çəkmir;
- Fitnənin məqsədi Bəhrama dərs verməkdir, o, şahın
silahından istifadə
edərək vərdişə
çevrilmiş bir işin ustalıq olmadığını ortaya
qoyur, bu yolla da təkəbbürün
insanı həqiqətdən
uzaqlaşdırdığını, yanlış qərarlara, zülmə yönəltdiyini,
məğlubiyyətə sürüklədiyini,
şahı xalqdan ayırdığını, ilahi
cəzaya səbəb
olduğunu göstərir.
Birinci beytin şərhi:
Şah ova həvəs göstərdi
Şah bir gün şikara
həvəs göstərib,
Alçaq düzəngahlara, yüksək
dağlara (üz qoyub).
Şeyx
Nizami təkəbbür
xəstəliyi ilə
bağlı mesajlarını
Bəhramın ovçuluq
məharəti üzərindən
verir, ondakı təkəbbür əlamətlərini
bir-bir sayır. O, uşaqlıqdan ov etməyi çox sevdi, bu işi
ustalarından öyrəndi,
təcrübə qazandı,
gur ovlaması ilə tanındı, Bəhram Gur oldu, onda belə bir düşüncə formalaşdı ki, ovçuluqda
kimsə Bəhramla yarışa bilməz, müqayisə olunmaz.
Nizami məsnəvinin süjet xəttini hərəkətə
keçirmək üçün
Bəhramı ova çıxarır,
onu adı ilə deyil, titulu ilə tanıdır, şah deyir. Şair "Yeddi gözəl" məsnəvisinin təkəbbürlə
bağlı səksən
səkkiz (orijinalda səksən altı) beytlik bu bölməsində
Bəhramı tanıdarkən
on dörd dəfə
"şah", iki dəfə də "şəhriyar" sözünə
yer vermişdir, istisna yoxdur, əsla Bəhram adından istifadə etməmişdir. Səbəbi
də budur: "şah" sözünün
təkəbbürü tanıtmaq
imkanı daha çoxdur, rəqiblərini
ağılı, məntiqi,
gücü, diplomatiyası,
cəsarəti ilə
məğlub etmiş,
İran adlı imperatorluğu
dağılmaqdan, xalqı
zülmün, qıtlığın
ortaya çıxardığı
ölümün pəncəsindən
qurtarmış, siyasi,
hərbi, iqtisadi gücə, xalqın sevgisinə qovuşmuş
bir şah var. Bu sıraladığımız göstəricilər
onda təkəbbürə
yol açmışdır.
Nizami
"şah" sözünü
birinci sıraya qoyur, misranı bu sözlə başlayır, ova həvəs
göstərən məhz
şahdır, yəni
ova getməyi kimsə
təklif etmir, edə bilmir, şahın canı nə istəyirsə, o olur, nə zaman istəyirsə, onda olur, seçən, təyin odur. Şair təkəbbür
xəstəliyi ilə
bağlı mesajlarını
şahlığa - dövlət
idarəçiliyinə aid məsələlər üzərindən
vermir, verməz, belə ki, bu məsələdə hələlik
bir qüsur yoxdur, olsa da, kimsə şahı tənqid edə bilməz, cəsarəti çatmaz. Elə buna görə də təkəbbürlə bağlı
mesajın təqdimi üçün ən uyğun imkan ovçuluqdadır. Bu məsələdə
də şaha etiraz edən bir dövlət məmuru deyil, olmaz, bir cavan
qızdır, qulluqçudur,
şahın onu çox sevməsi qızı cəsarətləndirir,
şaha etiraz imkanı verir, bir də ölümdən
qurtarır, təkəbbürlə
bağlı ölçünün
təqdiminə yol açır.
Beytdəki təkəbbür əlamətinin
daşıyıcılarından biri də budur:
ov etmək qərarını şah verir, kimsə ilə məsləhətləşmir,
fikir soruşmur, bu məntiqə uyğun olaraq da beytin xəbəri üçüncü şəxsin
təkindədir, ona -
şaha aiddir ("kərd" etdi, həvəs etdi).
Nizami məhz "həvəs etdi" / "bəyəndi",
"həvəs göstərdi"
feilini seçir, bu, planlaşdırılmış,
müzakirə olunmuş
iş deyil, şahın canı nə istəyirsə, onu edir, təkəbbürlü
insan/şah müzakirəyə ehtiyac
duymaz, fərqli fikir istəməz, o hər şeyi hamıdan yaxşı bilər, canı nəyi çəkərsə,
onu edər.
Misrada şahın təkəbbürünü
göstərən bir
əlamət də
var, Nizami "ruzi"
deyir, "bir gün", "hər hansı bir gün", ov etməyin zamanını
da şah müəyyən
edir, özəl plan, gün, vaxt yoxdur, şah nə zaman istəyirsə,
onda olur - təkəbbür xəstəliyinin
ən önəmli əlamətlərindən biri
zaman israfıdır.
Nizami şaha ov məkanı
seçir: alçaq
- dümdüz düzəngah/səhra, biyaban (tərcümədə "düzəngah"
sözü cəmdə
verilmişdir, doğru
deyil), uca dağ (tərcümədə
"dağ" sözü
cəmdədir), "səhra",
"dağ" sözləri
arasındakı "və"
bağlayıcısı sıralayır,
məkanı, əslində,
şahı böyüdür,
onu məqsədin tələbinə uyğunlaşdırır.
Məkan şahın adına, təkəbbürünə
uyğundur, çox genişdir, ucadır, şah ovçuluq məharətini bütün
incəlikləri ilə
hər məkanda göstərmək istəyir
- təkəbbür anlayışında
göstəriş, görünmək,
tərif eşitmək
istəyi var.
İkinci beytin şərhi:
Gur vuruldu
Gur dırnaqlı kəhərini
səhraya çapdı,
O qızışmışdı, gur vururdu.
Nizami təkəbbür anlayışının
tanıdılması məqsədinə
uyğun olaraq yeni vasitələr seçir,
Bəhramın atını
təsvir edir, o, ov atıdır, iki özəlliyi var: əşqər atdır,
"əşqər" sözü
"kəhər" kimi
tərcümə edilib
(kəhər - açıq-şabalıdı
rəngli atdır), ancaq fars dilinin
izahlı lüğətlərində
bu sözün yalı, quyruğu qırmızı at mənası
var. Şahın atının
ikinci özəlliyi
"gur dırnaqlı"
olmasıdır, güclü
dırnaqları silah kimidir, əşqər gurun üzərinə atılır, onu dırnaqları ilə vurub öldürür. Bu,
özəl atdır, ancaq şaha aiddir, onu başqalarından
seçir, üstün
qılır, güclü,
fərqli göstərir.
Şah atını səhraya çapdı, yavaş-yavaş
getmədi, məhz çapdı, ovçuluq
tutqusu duyğularını
oynatdı, məharətini
göstərməyə, alqışlanmağa
tələsdi.
"Şur mikərd" - coşurdu, qızışırdı,
cuşa gəlirdi, ehtirası artırdı, tərcümədə bu feil "qızmışdı"
kimi verilib, dəqiq deyil, belə ki, feil orijinalda keçmiş davamedici zamandadır, davamlılığı göstərir,
şah ov etdikcə ehtirası da artır, bitmiş hal yoxdur, davamlı
artan, çoxalan hal var: qızışırdı,
coşurdu, ehtirasa gəlirdi. Bizim tərcüməmiz bir də, sıradakı - ikinci misranın sonundakı feilə uyğundur, belə ki, o feil də davamlılığı
bildirir - keçmiş
davamedici zamandadır:
"gur miəndaxt"
- gur vururdu/ovlayırdı, şah qızışır, gur vurur, gur vurduqca
ehtirası, coşqusu
da artırdı.
Şah ov halındadır, o hala təslim olmuşdur, gözü başqa bir şey görmür, bildiyi, bacardığı,
sevdiyi iş - gur ovu ruhunu
oxşayır, ona üstünlük duyğusu
yaşadırdı.
"Qızışırdı", "vururdu" feilləri arasındakı "və"
bağlayıcısı da sıralayır, çoxaldır,
davamlılığı ifadə
edir, getdikcə coşan bir şah var.
Beytdə
davamlı hərəkət
anlamı daşıyan
bir vasitə də var, belə ki, Nizami üç hərəkət, hal feilinə yer vermişdir: "çapdı",
"qızışırdı",
"vururdu" - gur ovlamaq hərəkətdir,
hərəkət halında
gur vurmaq məharətdir, məharət
üstünlük duyğusu
yaşadan nemətdir,
şah üçün
fərqi yoxdur, dağda da, səhrada da ovlayır, gurun usta ovçudan qaçış imkanı
yoxdur.
Üçüncü beytin şərhi:
Müştəriyə yönəldi
Müştərinin mənzili Qövsdür,
Onun qövsü Müştəriyə
yönəldi.
Nizami Bəhram şahın ovçuluq məharətini,
gur ovlayarkən yaşadığı həzzi,
sevinc, qürur duyğusunu, "mənim kimi ovçu yoxdur" anlayışını
təqdim etmək üçün yeni vasitələr
seçir:
- Astronomiya ilə bağlı dərin bilgisindən istifadə edir, Müştəri planetinin adını çəkir, onun bir adı da Yupiterdir, bu özəllikləri var: Günəş
sisteminin ən böyük planetidir, içinə 1320 Yer planeti sığar, Günəş sisteminin şahıdır, Günəşlə
arasında 758 milyon kilometr məsafə var, parlaqdır, cazibə imkanı çox böyükdür, gücü
təmsil edir, sirlərlə doludur...;
- Nizami yazır ki, Müştəri Qövs bürcündə yer tutmuşdu - tərcümədə
deyilir ki, Müştərinin
mənzili Qövsdür,
bu, mənanı dəqiq ifadə etmir, belə ki, Müştərinin davamlı
mənzili yoxdur, şair vurğulayır
ki, Bəhram ov edərkən Müştəri
Qövs bürcündə
idi;
- Qövs bürcünün
bir adı da Yaydır, Müştəri
- Yupiter ilə Qövs-Yay bürcü arasında bağ var, belə ki, Yay bürcünün
himayəçisi /idarəçisi
Müştəridir. Yay bürcündə
doğulanların bu özəllikləri var: atəş
qrupundandırlar, müsbət
enerjilidirlər, onlar varsa, hüzn, kədər, çarəsizlik
yoxdur, səxavətlidirlər,
dostlarına dəyər
verirlər, cazibəlidirlər,
elmi, fəlsəfəni
sevirlər, yeniliyə
açıqdırlar, kəşfə
maraqlıdırlar, enerjili,
azad, risk edən, dərin zəkalı, ümidli, sevinc dolu, iradəli, özünə güvənən,
açıqgözlü, şöhrətpərəst,
idarəçi insanlardır,
onları doğru tanıdan iki açar söz var: ümid, müdriklik...;
- Nizami deyir ki, Müştəri (Yupiter) Qövs (Yay) bürcündə
idi, Müştəri
Qövs bürcünə
yerləşəndə ən
parlaq, nurlu dönəmini yaşayır.
Nur sevincin, fərəhin,
coşqunun rəmzidir,
yəni şah gur ovlamağı çox sevirdi, ov zamanı hüzur, həzz, sevinc içində olurdu, özünü dünyanın ən xoşbəxt insanı sayırdı;
- "Onun qövsü Müştəriyə yönəldi"
(onunla razılaşdı,
müqavilə/peyman bağladı) - Nizami
"qövs" və
"Müştəri" sözlərinin omonimliyindən
yararlanır, birinci misrada "qövs" sözünün Yay bürcü
mənasından, ikinci
misrada isə "kaman", "yay" (oxun
yayı) anlamından istifadə edir. Şahın kamanı / yayı, qövsü oxunu Müştəriyə
tərəf atdı, yönəltdi ki, bu ov ona uğur,
xoşbəxtlik, sevinc
gətirsin, Müştəri
Qövs bürcündə
olarkən özünü
necə xoşbəxt
hiss edirsə, şah
da o dərəcədə xoşbəxt
olsun, oxları hədəflərə dəysin,
bu da şahı coşdursun, duyğularını
oxşasın;
- Nizami şahın gur ovlamağı bu dərəcədə sevməsini, ovla yaşamasını, ovçuluq
məharətini, ovçuluğun
onun həzz qaynağı olmasını
ona görə bu qədər önə çıxarır
ki, təkəbbür anlayışını
inşa etsin: ova bu qədər bağlı olan, ovla nəfəs alan, ovçuluq məharəti ilə qürur duyan bir şah var, bir cavan qulluqçu
qız da ona etiraz edir, edəcək,
şahın ovçuluq
məharətini vərdişə
bağlayır, nəticədə,
şahın özünə
aşiq olduğu, təkəbbür xəstəliyinə
tutulduğu üzə
çıxır - yox
deməsən, sınır
qoymasan, etiraz etməsən, gerçək
kimlik bilinməz.
Dördüncü beytin şərhi:
Şaha tərəf qovurdular
Səhrada süvarilər dairə
bağlayıb,
Bir sürü guru şaha tərəf qovurdular.
Ov səhnəsinin təsviri
davam edir, Nizami şahın ov tutqusunu çoxluq
və genişlik anlayışları ilə
tanıdır, uyğun
vasitələr seçir:
- "Süvari" ("atlı")
sözünü cəmdə
işlədir, sayı
artırır ki, ovun əzəməti üzə
çıxsın, hər
iş şahın ovçuluq ustalığının
görünməsinə uyğun
qurulub;
- "Pərre bəste" -
"pərre" sözünün
bu mənaları var:
"ləçək", "gül yarpağı",
"dilim", "qanad"
- süvarilər gülün
ləçəkləri kimi
iç-içə, çox,
sıx idilər ki, gurların ov məkanından qaçmaq
imkanı olmasın;
- ov məkanı səhradır, çox genişdir, "dəşt"dir,
çöldür, süvarilər
səhrada gülün
ləçəkləri kimi
dairə biçimində
bir-birinə bağlanmışdılar,
ov etməyin qaydası-üsulu belə
idi ki, süvarilər
dağı və səhranı dairəyə
alırdılar, yavaş-yavaş
bu dairəni daraldırdılar ki, gurlar
şaha doğru getsin, o da ovlasın;
- Nizami çoxluğun ifadəsi üçün
bir vasitə də seçir, "rəme", sürü deyir, gur sürüsü,
şah atlıların
çevrələdiyi geniş
məkanda doyunca ov edəcək, ustalığının əlamətlərini,
incəliklərini bir-bir
göstərəcək;
- atlıların işi gur sürüsünü
(tərcümədəki kimi
"bir sürü gur" deyil, gur sürüsüdür)
şaha doğru qovmaq, yönəltməkdir.
Beşinci beytin şərhi:
Pusquda durmuşdu
Şah aslan kimi pusquda
durmuşdu,
Kəhər at onun altında
oynayırdı.
Nizami şahın ov istəyini, həzzini, tutqusunu, ov məkanını,
atını, ovlamaq biçimini təsvir etdi, sıra şahın ovçuluq məharətinin incəliklərini
açıqlamağa çatdı
- bunlar olmasa, təkəbbürün qaynağı
görünməz:
- Nizami yenə şah deyir, bu sözə ikinci dəfə yer verir, onu
misranın başına
yerləşdirir, Bəhramın
gücünü, əzəmətini
göstərir - o, ovçuların,
ovçuluq işinin şahıdır;
- ustalığın əlamətlərindən
biri də budur: hər şey planlı olacaq, ölçülüb-biçiləcək,
şah harada, necə dayanacağını
bilir;
- şair bu anlamın
ifadəsi üçün
məhz "mətrəh"
sözünü seçir
(tərcümədə "pusqu" kimi verilib, "pusqu" bu sözün dolayı, bağlama görə mənasıdır,
şahın məharətinin
göstərilməsinə gücü çatmır):
"tərh" sözü
ərəbcədir, "ta-ra-he" kökündəndir, eyni kökdən törəmiş
sözlər bu mənaları daşıyır:
"plan", "layihə", "sxem", "bir şeyi atıb uzaqlaşdırmaq", "uzaq
yer", "mətrəh"
sözü müzakirə
olunmuş, düşünülmüş,
ölçülüb-biçilmiş işin/məsələnin
özəlliyidir;
- şah ustadır hökmünün dəlili
var: o harada, hansı məsafədə, necə
dayanacağını dəqiq
bilir - "mətrəh"
sözü bu anlamların hamısını
əhatə edir;
- şah mətrəhdə
- doğru müəyyənləşdirdiyi
yerdə şir kimi dayanmışdı, misradakı "şir"
sözü gücü,
səbri, ayıqlığı
ifadə edir, o, səbirlə ovunu gözləyir, hər an hücuma hazırdır, vaxtı çatanda sürətlə hərəkət
edəcək;
- Nizami şahın ova hazırlıq biçimini
təsvir edərkən
onun atını ikinci dəfə tanıdır, "əşqər"
deyir (quyruğu, yalı qırmızı
at), bu sözün sonuna "əş" bitişən əvəzliyini
artırır, "atı"
- şahın atı,
mənsubluq qəlibi bunları deyir: şahın hər şeyi özəldir, ancaq/yalnız onun belə bir atı var, o, ov atıdır, təcrübəlidir, ov işini əla bilir, sahibi ilə
birgə savaşır;
- "Əşqərəş" - şahın atı rəqs edirdi, bu feil atın
halını gözəl
tanıdır, o, təcrübəli
ov atıdır, sahibinin duyğularından
xəbərdardır, ovun
ətrini almış,
coşmuşdur, sevinir,
ayaqları oynayır,
cilov gəmirir, şahın arzusunu yerinə yetirməyə
can atır;
- şahın altında rəqs edir, onun güvənini artırır, ümid, cəsarət verir, halı ilə müjdələyir ki, ov çox uğurlu olacaq, hər kəs şahın ustalığına şahidlik
edəcək;
- Bəhramın atı da təkəbbürlüdür, əşqər
atdır - quyruğu, yalı qırmızıdır,
gur dırnaqlıdır,
davranışları ilə
deyir ki, fərqliyəm,
sahibim şahdır, seçilmişəm, o, ova ancaq
mənimlə gedir, mən də bir gur ovçusuyam,
təcrübəliyəm, şaha
ümid, güvən,
cəsarət verir, yardım göstərirəm.
Altıncı beytin şərhi:
Ox doldururdu
Onun əli yaydan dürr saçırdı,
Kirişi
boşaldıb, ox doldururdu.
Nizami şahın ovçuluq məharətini göstərmək
üçün yeni vasitələr
seçir, bacarıq,
sürət, çoxluq
anlayışlarını önə
çıxarır:
- "Dəstəş" - onun
əli deyir, şahın bacarıqlı
əlini təsvir edir, bu əl
yaydan - yayın ipindən ("zeh" sözünün bu mənaları var: "sim", "tel", "bağırsaq",
bir də "afərin", "mərhəba");
- sonra bacarıq və çoxluğu göstərmək üçün
"nesar" sözünə
yer verir - "bəxşiş", "hədiyyə",
"nəzir", "qurban",
"səpmə", "tökmə", onu "kərdən" feili ilə birləşdirir;
- bu feili keçmiş
davamedici zamanda işlədir, fasiləsizliyi,
çoxluğu göstərir,
şahın əli o dərəcədə sürətli
hərəkət edir
ki, onu görmək olmur, "nesar mikərd", səpirdi, tökürdü, ox atmırdı,
oxu səpirdi;
- Nizami birinci misrada "ox" sözünün
yerinə "dürr"
qəlibini, "atmaq"
feilinin yerinə də bəxşiş/hədiyyə etmək, səpmək, tökmək
feilini işlədir, şahın əli (bu usta əl
ancaq onda var) yayın ipindən (gurların başına) dürr səpirdi, tez hərəkət edir, çox ox atır, hər biri də hədəfə
dəyirdi, "gurları
sevindirirdi".
İkinci
misrada ustalıq, sürət, çoxluq mənalarını daşıyan
bu bədii vasitələr var:
- Nizami yuyurdu, təmizləyirdi, boşaldırdı
deyir - şahın əli oxu yayın
ipindən yuyurdu / boşaldırdı, o dərəcədə
sürətlə/tez,
çox ox atırdı
ki...;
- sonra da "boşaldırdı"
feilinin antonimi olan "doldururdu" feilindən istifadə edir (ikinci misrada
bir feil var, ancaq bağlamına görə həm "boşalmaq", həm də "doldurmaq" anlamını yüklənir),
yayın ipi boşalırdı, dolurdu;
- aradakı "və" bağlayıcısı da mesaja
xidmət edir, sıralayır, fasiləsizliyi,
çoxluğu, ustalığı
ifadə edir - davamlı çalışan,
atdığı hər
oxu hədəfinə
vuran bir əl var;
- beytdə çoxluq, fasiləsizlik, məharət
anlamını daşıyan
bir vasitə də var, "mikərd"
feili rədifdir, keçmiş davamedici zamandadır, şahın bacarıqlı əli gurların başına dürr səpir, tökür, oxun ipi boşalır, dolurdu;
- bu gün dilimizdə
"tüfəng boşaltmaq",
"tüfəng doldurmaq"
ifadələri var, Nizami
bu ifadələrin dövrə uyğun biçimlərindən yararlanmışdır:
"ox boşaltmaq", "ox doldurmaq";
Yeddinci beytin şərhi:
Alov
yağdırırdı
Onun yüksək cövhərli
dəmir oxları yerə,
Gah alov yağdırırdı,
gah da şikar.
İran adlı imperatorluğun xilaskar şahı olmaq, xalqın sevgisini qazanmaq, şahlıq məqamı,
ovçuluq məharəti,
geniş məkan, uca dağ, gur
dırnaqlı, qırmızı
yallı, qırmızı
quyruqlu at, Müştəri
planetinin Qövs bürcünə yerləşməsi,
atlıların dağı,
səhranı gül ləçəyi kimi çevrələməsi - dairəni
addım-addım daraltması,
gurun çoxluğu, şahın aslan kimi duruşu, atının - əşqərinin
altında oynaması,
sehrli əli, dürr (ox) səpilməsi,
yayın ipinin oxdan boşalıb, oxla dolması, qafiyələr, rədiflər,
şəkilçilər, bağlayıcılar
- bu vasitələr təkəbbür anlayışının
inşasına xidmət
edir, Nizami mətni boş qoymur, hər vasitəni məqsədə
yönəldir.
Şair
bu beytdə yeni vasitələrə yer verir, şahın oxunu tanıdır, onun oxu da "təkəbbürlüdür", özünə oxşayır,
fərqlidir, seçilmişdir,
üstündür, şaha
layiqdir:
- Nizami şahın oxunu tanıtmaq üçün "bəlarək"
sözündən yararlanır,
bu sözün
"hind qılıncı" (hind dəmirindən olan qılınc), "hind poladı"
mənaları var, tərcümədə
"yüksək cövhərli
dəmir" kimi verilmişdir, mənanı
dəqiq ifadə etmir;
- onun bu özəl
dəmirdən/poladdan
hazırlanmış oxu
yer üzərinə...;
- Nizami bu məqamda
ustalığı, fasiləsizliyi,
çoxluğu ifadə
etmək üçün
beş vasitədən
istifadə edir, birincisi, "gah", "gah da" ("qahi", "gəh" biçimində, "qahi"
sözünün "vaxt",
"bəzən" mənaları
da var) bölüşdürmə bağlayıcısına yer
verir, bu bağlayıcı sıralayır,
növbələşdirir, çoxaldır, ikincisi,
"əfkəndən" feilindən yararlanır
("fekənd" biçimində),
feilin "atmaq",
"salmaq" mənaları
var, bağlamına görə
"yağdırmaq", "tökmək" anlamlarını
yüklənmişdir, keçmiş
davamedici zamanı bildirir - biçiminə görə elə olmasa da - davamlılığı,
çoxluğu, ustalığı
göstərir, üçüncüsü,
sırası ilə yer üzünə iki şey yağdırır,
tökür: atəş/od,
bir də "nəxcir", bu sözün "ov",
"quş", "ov
quşları", "dağ
keçisi" mənaları
var - yer üzü (ov məkanı) atəş və ovla dolu idi,
burada "gur" sözünün yerinə
"nəxcir" qəlibinin
işlənməsi ovun
çeşidinin çoxaldılması
kimi də oxuna bilər, dördüncüsü, beytdə
mübaliğə var - yer
üzünə (ov yerinə) atəş yağır, beşincisi, Nizami "və" bağlayıcısını da mətnə yerləşdirir,
bu yolla sıralayır, çoxaldır,
ustalığı göstərir;
- beytin qafiyəsi
"ox", "ov" ("tir", "nəxcir")
sözləridir, şahın
hind poladından hazırlanmış
oxunu tanıdır, gücünü, hədəfini
göstərir, atılan
hər ox guru ova çevirir.
Səkkizinci beytin şərhi:
Od lazımdır
Gurun budu ilə saf
şərab olan yerdə,
Kabab üçün od lazımdır.
Bu, öncəki beytin davamıdır, Nizami dedi ki, şahın hind poladından hazırlanmış
oxu yerə od yağdırırdı,
ov məkanına od ələnirdi. Yemək bişirmək üçün oda/atəşə ehtiyac var.
Bəhrama aid olan hər şey fərqlidir, od qalamaq üçün başqa vasitələrdən deyil,
oxundan istifadə edir, oxu dəydiyi
yeri yandırır.
Birinci misranın başındakı
"çun" - "elə",
"çünki", "ona görə", "kimi" qəlibi iki beyti bir-birinə
bağlayır, oda ehtiyacın səbəbini
açıqlayır:
- Şahın yeməyi də fərqlidir, o, gurun bud ətinin kababını yeyir, bu ətin kababının
ləzzəti ayrıdır;
- şahın içkisi də seçilir, o, xalis, saf, təmiz
şərab ("nab") içir,
bud əti ilə saf şərab arasında "və"
bağlayıcısı var, ikisini bir-birinə bağlayır, harada kabab varsa, orada şərab
da var, iki həzz qaynağı bir yerdədir, şaha hüzur vermək üçündür, kabab məclisi
bir də tərif məclisidir, şahın məharətini
göylərə qaldıracaqlar;
- kababla, şərabla ləzzət məclisinin qurulması üçün
atəşə ehtiyac
var idi, elə buna görə də şahın özəl oxları yerə od yağdırırdı;
- beytin qafiyəsi
"nab" (saf şərab),
"kabab" sözləridir, şahın özəl yeməyini, içkisini göz önündə tutur, deyir ki, təkəbbür insanın
seçilmək, üstün
olmaq duyğusunu körükləyir.
Doqquzuncu beytin şərhi:
Odlandırırdı
Gurların qanını tökən
şah peykanı,
Elə bil onun üçün
(hər yeri) odlandırırdı.
Bu beyt də Bəhramın
oxunu tanıdır, səbəbləri var: ox ovçuluğun
əsasıdır, şahın
ustalığını, təkəbbürünü
ifadə imkanı verir, onu seçir,
üstün qılır...
Nizami öncə, Bəhramın
oxatma biçimini təsvir etdi: "əli yaydan dürr saçırdı",
"yayın ipini oxdan boşaldıb oxla doldururdu", sonra dedi ki, Bəhramın oxu hind poladından hazırlanmışdı,
bu oxlar alov yağdırırdı,
ovun oxdan qaçmaq imkanı yox idi.
Şair
məqsədin ifadəsi
üçün oxun imkanlarını artırır,
yeni vasitələr seçir:
- "Yasec" sözünə
yer verir (tərcümədə "peykan"
kimi verilib), "yasec"in özəllikləri
bunlardır: bu oxun metaldan olan
iti ucu (peykanı) var, şahlara aiddir, onlar adlarını
bu oxların üzərinə yazdırırdılar
- şərəf, üstünlük
ölçüsü sayılırdı,
"yasec" türkcə
sözdür, türklər
savaşçı olduqlarından
oxları, ox atmaları
ilə tanınırdılar
- Bəhram bir türk kimi ox atır mənası yüklənir;
- Nizami "yasec"in dərəcəsini göstərmək
üçün onu misranın başına yerləşdirir: açıq
görünməsini, bilinməsini
istəyir;
- şair "yasec"in dərəcəsini artırmaq
üçün - bu yolla şahın üstünlüyü vurğulanır
- bir vasitəyə də yer verir,
"şahın yaseci"
deyir - ancaq şaha aiddir, onun şanına layiqdir - təkəbbür
fərqlənmə, seçilmə,
üstün olma duyğusunu mayalayır;
- Şeyx Nizami "yasec"in dəyərini artırmağa davam edir, "şahın yasec"i ifadəsindən
sonra "ke" qəlibinə yer verir, diqqəti özəl oxun üzərinə yönəldir,
o ox ki, o oxu göstərirəm
ki, elə bir oxdur ki...;
- sonra "yasec"in işini açıqlayır:
ox gurların - söz
cəmdədir, oxun və şahın gücünü göstərir
- qanını tökdü,
əslində, bağlama
görə tökürdü;
- Nizami "yasec"i tanıdarkən məhz
"tökmək" ("qan tökmək") feilini seçir, tökürdü, tökdü
feili bu mənaları daşıyır:
savaş - ox gurlarla savaşır, çoxluq,
fasiləsizlik;
- "Məgər" sözü
də yaseci tanıdır - "sən
demə", "gör
nə edir", "heyrət", "təəccüb"
mənalarını yüklənir,
qeyri-adiliyi bildirir:
"yasec" sadəcə
gurların qanını
tökmür, bir də od qalayırdı,
qaladı, "atəş
əngixt";
- "Yasec" bu odu onun/şah
üçün qaladı,
ona sadiqdir, ona itaət edir, yalnız onun üçün çalışır - üstündə
onun adı var, yazılmışdır;
- Beytin qafiyəsi feildir - "tökdü",
qaladı/yandırdı/qızışdırdı, təhrik
etdi, "yasec"i tanıdır, işini, şah üçün fədakarlığını ifadə
edir.
Onuncu beytin şərhi:
Bişirirdi
Onun alovlu oxu öz
zorba zərbəsi ilə
Öldürdüyü hər (guru) bişirirdi.
Nizami Bəhramın ov alətlərini tanıtmağa
davam edir, təkəbbür anlayışını
onlar üzərindən
inşa edir, sıra "naçex"ə
çatır, bu söz tərcümədə
"ox" kimi verilib,
beytin mənası təhrif olunub.
"Naçex" baltaya oxşayan ov/savaş silahıdır, şah ov zamanı
oxdan, qılıncdan,
naçexdən istifadə
edir. Nizam naçexi bu özəlliklərlə
tanıdır:
- "Onun naçexi" ("naçexəş") deyir,
silaha özəl dərəcə qazandırır
- şaha aiddir, başqasında yoxdur;
- atəşli naçexdir,
oxu/yaseci kimi alov saçır,
yerə, ova od yağdırırdı;
- bu atəşli naçexin zorba, güclü/böyük, yara açan ("yara"/"zəxm" sözü də tərcümədə ixtisar
olunub, naçexin təsir gücü azalıb) zərbəsi
var - şahın elə
bir qol gücü
var ki, o dərəcədə sərrast atırdı ki,
naçex guru yaralayırdı;
- naçex hansı guru ki öldürürdü, onu
odu ilə bişirirdi, atəşli naçex yaralayır, öldürür, bişirir;
- beytdə iki feil var, ikisi də keçmiş davamedici zamandadır, öldürürdü, bişirirdi,
naçexi tanıdır,
çoxluğu, fasiləsizliyi
bildirir, davamlı iş başında olan bir alovlu
naçex var, sahibinin
əmrlərini yerinə
yetirir, onu böyüdür, güclü
göstərir, təkəbbür
duyğusunu körükləyir;
- Nizami təkəbbür anlayışının inşasında
mübaliğədən çox
istifadə edir.
(Ardı var)
Siracəddin HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.16-18.